ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Şəhla Rəvan,

Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbnin direktoru, filoloq, şair. “Ədəbiyyat və incəsənət” üçün

 

Məlum olduğu kimi, 2025-ci il Odlar Yurdu Azərbaycanımızın görkəmli şairi Bəxtiyar Vahabzadənin (1925-2009) 100 illik yubileyi qeyd edilir. Ölkə Başçısıİlham Əliyevin də bununla bağlı xüsusi sərəncamı vardır.

Dahi şairimizin xatirəsini əziz tutmaq və poeziya fəlsəfəsini təbliğ etmək hədəfi ilə bu fürsətdə onun şeirlərindən biri ilə tanış olacaq, eyni halda şeirin ədəbi təhlili təqdim ediləcəkdir.

 

 

BƏXTİYAR VAHABZADƏ

AZƏRBAYCAN-TÜRKİYƏ

 

Bir millətik, iki dövlət

Eyni arzu, eyni niyyət

Hər ikisi Cümhuriyyət

Azərbaycan-Türkiyə.

 

Bir ananın iki oğlu

Bir ağacın iki qolu

O da ulu, bu da ulu

Azərbaycan-Türkiyə.

 

Ana yurdda yuva qurdum

Ata yurda könül verdim

Ana yurdum, ata yurdum

Azərbaycan-Türkiyə.

 

Birdir bizim hər halımız

Diləyimiz, amalımız

Bayraqlarda hilalımız

Azərbaycan-Türkiyə.

 

Dinimiz bir, dilimiz bir

Ayımız bir, ilimiz bir

Eşqimiz bir, yolumuz bir

Azərbaycan-Türkiyə.

 

ŞEİRİN TƏHLİLİ

Görkəmli şair Bəxtiyar Vahabzadənin "Azərbaycan-Türkiyə" adlı əsəri Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq, birlik və eyni kökdən gəlmə hisslərini çox güclü şəkildə ifadə edir. Şeir hər bəndi ilə bu mövzunu müxtəlif aspektlərdən işıqlandırır.

Şeir Azərbaycan və Türkiyə arasındakı dərin tarixi, mədəni və mənəvi bağları vurğulayan klassik bir əsərdir. Hər bir misra iki ölkənin bir-birinə nə qədər yaxın olduğunu, eyni idealları və dəyərləri paylaşdığını poetik bir dildə təqdim edir.

 

"Bir millətik, iki dövlət"

Şeir birbaşa və ən əsas mesajı ilə başlayır: Azərbaycan və Türkiyə iki ayrı dövlət olsa da, əslində bir millətdir. Bu, ortaq etnik köklərə, mədəniyyətə və tarixə işarə edir.

"Eyni arzu, eyni niyyət" ifadəsi iki ölkənin xarici siyasətdə, milli maraqlarda və gələcəyə baxışda eyni hədəfləri olduğunu göstərir.

"Hər ikisi Cümhuriyyət" deməklə isə, hər iki ölkənin müstəqilliyə, demokratiyaya və respublika dəyərlərinə sadiqliyi vurğulanır.

 

"Bir ananın iki oğlu"

Bu bənddə ana metaforası ilə Azərbaycan və Türkiyənin eyni kökdən gəlməsi ifadə olunur. "Bir ağacın iki qolu" misrası bu birliyi daha da gücləndirir. Hər iki ölkənin bir ağacın müxtəlif qolları kimi ayrılmaz hissələr olduğu vurğulanır. "O da ulu, bu da ulu" ifadəsi həm Azərbaycanın, həm də Türkiyənin qədim və şanlı tarixə, zəngin mədəniyyətə malik olduğunu göstərir, eyni zamanda onların dəyər və əhəmiyyətlərinin bərabər olduğunu ifadə edir.

 

"Ana yurdda yuva qurdum, Ata yurda könül verdim"

Bu bənd şairin şəxsi hissləri ilə bu birliyi daha da dərinləşdirir. Azərbaycanı "ana yurd", Türkiyəni isə "ata yurd" adlandırması hər iki ölkəyə qarşı bəslədiyi sonsuz məhəbbəti və bağlılığı ifadə edir. Bu, iki ölkənin bir-birini tamamlayan, doğma və əziz yerlər olduğunu göstərir.

 

"Birdir bizim hər halımız"

Bu bənd iki xalqın məişətindən tutmuş, mənəvi dəyərlərinə qədər hər sahədə bənzərliyini vurğulayır. "Diləyimiz, amalımız" eyni məqsədlərə çatmaq istəyini ifadə edir. "Bayraqlarda hilalımız" isə ortaq İslam dəyərlərinə və bu simvolun hər iki ölkənin bayrağında mövcud olmasına işarədir.

 

"Dinimiz bir, dilimiz bir"

Şeirin son bəndi birliyin ən təməl elementlərini bir daha sadalayır. Ortaq din (İslam) və ortaq dil (Türk dili) iki xalqı bir-birinə bağlayan ən güclü amillərdəndir.

"Ayımız bir, ilimiz bir" ifadəsi ortaq təqvim, ortaq bayramlar və yaşam ritmlərinin olduğunu göstərir. "Eşqimiz bir, yolumuz bir" misraları isə ortaq sevgiləri, idealları və gələcəyə doğru birlikdə addımlamaq əzmini ifadə edir.

Bütövlükdə, Bəxtiyar Vahabzadə bu şeirində Azərbaycan və Türkiyə arasındakı qardaşlıq bağlarını çox sadə, lakin təsirli bir dillə oxucuya çatdırır.

Şeir vətənpərvərlik hisslərini gücləndirir və iki xalqın birliyinin əbədiliyini tərənnüm edir. Şeirdə istifadə olunan dilin sadəliyi və axıcılığı onun geniş kütlələr tərəfindən asanlıqla qəbul edilməsini təmin edir.

Şeir Azərbaycanda və Türkiyədə "bir millət, iki dövlət" şüarının poetik təcəssümü hesab olunur.

 

“Ədəbiyyat və incəsənət”

(23.07.2025)

 

 

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

 

Şəhid Vüqar Ələkbərov

 

 Vüqar Ələkbərov 1994-cü il noyabrın 16-da Ucar rayonunun Qazyan kəndində anadan olub. 2001-2010-cu illərdə Qazyan kənd 2 nömrəli tam orta məktəbində təhsil alıb. 2010-2014-cü illərdə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində "Avtomobilin təmiri və servisi" üzrə təhsil alıb.

2014-cü ilin iyul ayında Ucar rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırıldı. 2014-2016-cı illərdə Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "N" saylı hərbi hissəsində xidmət edib. Hərbi xidməti zamanı fərqləndiyinə görə "baş əsgər" hərbi rütbəsi alıb.

Hərbi xidmətini başa vurduğdan sonra Vüqar Ələkbərov 2016-cı ilin yanvarından Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bərdə rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətə başlyıb. 2017-ci ilin yanvar ayında Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində (XTD) xidmətini davam etdirib. Həmin ilin fevral ayında isə xidmətini Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində davam etdi. 2017-ci il mayın 29-da nümunəvi xidmətinə görə "kiçik gizir" hərbi rütbəsi alaraq İriçaplı Pulemyot Yarımqrupunun Komandiri vəzifəsinə təyin edilib.

Vüqar Ələkbərov 2018-ci ildə "gizir" hərbi rütbəsi aldı və bir il sonra, 2019-cu ildə Xüsusi Təyinatlı Dəstənin zirehli maşınlar üzrə rəhbəri vəzifəsinə təyin edilib.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri olan Vüqar Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağı istiqamətində gedən döyüşlərdə, həmçinin CəbrayılınHadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Füzuli istiqamətində strateji əhəmiyyətə sahib olan mövqelərin azad edilməsində, o cümlədən Ermənistan Ordusunun canlı qüvvəsinin məhv edilməsində fərqlənib. Vüqar Ələkbərov oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhid olub. Ucar rayonunun Qazyan kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Ələkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Ələkbərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüqar Ələkbərov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

AdınVüqar, vətənin

Vüqarısan, şəhidim!

Azadlığın, zəfərin

Nübarısan, şəhidim!

 

Şəhidsən, bumillətin

And yeri, aman yeri!

Nə qədər ki, zaman var

Andığı zaman yeri.

 

Havalar soyuq keçir,

Necəsən, şanlı şəhid?

Nişan üzüyün hanı,

Hanı, nişanlı şəhid?

 

Bir qızın barmağında

Bir üzüyün izisən.

Vətənin sinəsində,

İgidliyin özüsən.

 

İndi sənin adından

Vətən güc alır, şəhid!

Şuşada, Cəbrayılda

Bayraq ucalır, şəhid!

 

Sən vətənə borcunu

Qaytarmısan, vermisən,

Şəhidlik meyvəsini

Cənnətindən dərmisən.

 

İndi bizim borcumuz

Səni yaşatmaq olsun,

Hamımız fəda olaq,

Təki Vətən sağ olsun!

 

 “Ədəbiyyat və incəsənət”

(23.07.2025)

 

 

Ebru Bayramova Naxçıvan Dövlət Universitetinin Filologiya ixtisası üzrə III kurs tələbəsidir, “Gənc Yazarlar və Ədəbiyyatşünaslar” klubunun üzvüdür. “Ədəbiyyat və incəsənət” portalının Tələbə yaradıcılığı rubrikasında təzəlikcə uğurlu debüt edibdir, yazısı bəyənilibdir.

Bu dəfə mövzusu edam cəzası barədə olan bədii əsərlərdir.

 

EBRU BAYRAMOVA

“EDAM”

 

Bir çox dövrlərdə edam cəzasını tənqid edən əsərlər yazılmışdır.
Bunlardan ən məşhur olanı Viktor Hüqonun “Bir edam məhkumunun son günü” adlı əsəridir. Bu əsərdə həmin məhkumun nə üçün cəzalandırıldığından kitabda bəhs edilməyib. Sadəcə edam cəzası aldığı qeyd edilir. Mənim fikrimcə, yazar burada bu cəzanı düşünməyi bizim üzərimizə buraxmışdır. Çünkü konkret bir suç desə, biz də konkret şəkildə deyə biləcəkdik ki, o cəzanı haqq edir, ya haqq etmir. Buna görə də, yazıçı əsərin əsas hissəsini düşməyi bizə buraxmışdır. 100 illərdən bəri hər oxucu əsəri oxuyanda, cəzanın nə olduğunu düşünür. Əsər bizi düşünməyə vadar edir. Görəsən həqiqətən də o, edam cəzasını haqq edirdimi? Onun günahı nə idi?
Bütün oxucuların ağlında sadəcə bu suallar qalır. Amma heç kəs konkret bir cavab deyə bilməz.


Eləcə də, edam cəzası haqqında olan əsərlərdən biri də Frans Kafkanın “Cəza koloniyası” əsəridir. Amma burada “Bir edam məhkumunun son günü” əsərindən fərqli olaraq, məhkumum nə üçün cəza aldığı deyilir. Və mən o hissəni oxuyan kimi öz-özümə dedim ki, belə bir şey üçün ölüm cəzası vermək ədalətli deyil. Sonra öz-özümə dedim: Ədalət? İndi də keçmişdə də ədalət deyilən bir şey yoxdur. Əvvələr ədalətsiz şəkildə günahsız insanlar edam edilirdi, indi isə yenə ədalətsizlik olur, amma, bu dəfə ədalətsizlik ondadır ki, cəza çəkməli olanlara cəza verilmir.
Amma “Bir edam məhkumunun son günü” nü oxuyarkən “Cəza koloniyası” nda düşündüklərimi düşünə bilmədim. Çünkü nə üçün cəza aldığı, suçunun nə olduğu bilinmir. Və bu məni düşünməyə vadar edir. Görəsən günahı nə idi? Həqiqətən də o cəzanı haqq edir? Ya “Cəza koloniyası” ndakı kimi ədalətsiz şəkildə cəza alıb?
Hər iki əsəri də oxuyanda, əsər insanı öz içinə o qədər çəkir ki, tam kitabın atmosferinə daxil olursan. Əsər boyu düşünmək, gərginlik, həyəcan kimi bir çox hisslər keçiririk.
Eləcə də, indiki dövrümüzə baxanda, düşünürəm ki, kaş indi də edam hökmü olardı. Bu hissələri oxuyanda, bəlkə də, vicdansız, duyğusuz biri olduğumu düşünəcəksiniz. Bəs neçə-neçə qadını öldürmək, uşaqları öldürmək, öz ailəsinin canına qıymaq vicdandandır?
Hələ də, bu günümüzdə belə hər gün onlarca qadın, kiçik uşaq, öldürülür. Və onların qatilləri rahatca cəmiyyətdə dolana bilir. Niyə? Bəs aldıqları canın cavabını kim verəcək? Elə bütün bunlara görə, edam cəzası olmalı idi ki, bütün bu hər kəs bütün bu etdiklərinin cəzasını çəksin.
Və unutmayaq ki “Bütün insanlar, günü bilinməyən bir edama məhkumdur”

 

“Ədəbiyyat və incəsənət”

(23.07.2025)


 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 Qısa ömründə uzun-uzadı işlər görməyə müvəffəq olan bir kəs - ədəbiyyatşünas Abdulla Sur barədə danışmaq istəyirəm.

O, 1882-ci ilin bu günündə Gəncədə anadan olub. İlk təhsilini Gəncədəki Xeyriyyə Məktəbində alıb, burada müxtəlif dünyəvi elmlərlə yanaşı ərəb və fars dillərini də öyrənib. Çox gənc yaşda – 1899-da, təhsil aldığı məktəbin müəllimi olaraq işləməyə başlayıb.

 

1906-cı ildə İstanbula gedib və İstanbul Universitetində təhsil alıb. Dərin savadı, ədəbi zövqü və geniş mühakiməsiylə çox qısa zamanda bütün Gəncə ziyalıları arasında tanınıb.

İlk məqalələri 1903-cü ildə Tiflisdə nəşrə başlayan "Şərqi-rus" qəzetində çap olunub. Həmin ildə Tiflisə köçərək, bu qəzetin təsisçisi işləyib. Onun yazıları qəzetin hər sayında yer alıb. Abdulla Surun 1903-cü ildə başlayan mətbuat həyatı, qəzetçilik fəaliyyəti onun qısa ömrünün sonuna qədər davam edib.

 

O, Qafqazın müxtəlif mətbuat orqanlarına A. Sur, Məhəmmədzadə, Qafqasiyalı, A. Tofiq, Gəncəli, Abdulla Məhəmmədzadə, Bir Adam və başqa imzalarla məqalələr yazıb. "Şərqi-rus" bağlandıqdan sonra yenidən Gəncəyə qayıdan Abdulla Sur burada müəllimlik fəaliyyətini davam etdirib, eyni zamanda "Həyat" və "İrşad" qəzetlərinə ədəbiyyat və mədəniyyət mövzularında məqalələr yazıb.

 

1906-cl ildə Abdulla Sur İstanbula gedib. İki il yarım burada yaşayaraq, İstanbul Darülfununda (Universitetində) ədəbiyyat müəllimi kimi çalışıb. Türk qəzetlərində məqalələri çap olunub. Həyatının İstanbul vaxtında ən böyük və ən önəmli əsərini "Türk ədəbiyyatına bir baxış" kitabını yazmağa başlayıb. Həcmi min səhifədən artıq olan bu kitabı bitirsə də, çap etdirib. Əlyazma halındakı kitabın çox hissəsi itib, yalnız ayrı-ayrı parçaları qalıb.

 

İstanbulda 1908-ci ilin noyabr ayına qədər yaşayan Abdulla Sur burada Osmanlı ədəbiyyatı haqda araşdırmalar aparıb, İbrahim Şinasinin "Şair evlənməsi" əsərini Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə çevirib. Rus dilində yazılmış olan coğrafiyaya dair bir kitabı da türkcəyə çevirib. Bütün bunlardan əlavə üç cildlik bir antalogiya hazırlamağa başlayıb.

 

1912-ci il may ayının 8-də ağır bir xəstəlikdən sonra Tiflis xəstəxanasında dünyasını dəyişib və Gəncə Səbiskar qəbiristanlığıda dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(23.07.2025)

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Ədəbi-tənqidçi, professor Vaqif Yusifli onun haqqında yazır:- “Aida Adıgözəldən oxuduğum şeirlərin bir qismi məhz payıza bürünmüş – payızlaşmış xəzəlləşmiş duyğuların əksidir. İnsan ömrünün ekvator xəttinə çatanda təkliyə, tənhalığa alışır və payız fəsli yarpaqları saralmış, xəzəlləşmiş, küləkləşmiş, yağışlaşmış dərdi ilə ürəyə yol tapır. Və burada insanın payızlaşmağı təbii bir prosesə çevrilir. İnsan “İçində nə varsa, uçub dağılan, bütün xarabalığı, kədəri, qəmi… payız dərdini götürüb, beləcə ayrılır öz budağından”. Yox, payızı təkcə saralmış yarpaqlarıyla, xəzəliylə, dəli küləyiylə tanınmır, bəlkə, daha artıq düşüncə fəslidir, yəni insanın qışa doğru yol alan ömrünün ağıl, idrak, beyin məşqlərinin düşüncəyə tabe olmasıdır. Aida Adıgözəl- müasir şeirimizin bu kürdəmirli xanımı həyatın, gerçəkliyin, olumun və ölümün serenadalarını poetik lövhələrə çevirir, bəzən mənasızlıqda məna axtarır, peşmançılığın rəsmini çəkir, kölgələrin rəqsini, gedənlərin göynəyən yerini, ağlayan şəkilləri, yanan körpüləri düşüncə sferasına daxil edir.”

 

Haqqında söhbət açılan Aida Tərlan qızı Adıgözəl- 1971-ci il iyulun 20-də Kürdəmir rayonunun Mollakənd kəndində dünyaya gəlib. Orta təhsillidir, subaydır. AYB-nin üzvü, Prezident təqaüdçüsüdür, Üç şeir kitabının müəllifidir. On ilə yaxındır ki, dövrü mətbuatda çap olunur...

 

Professor Vaqif Yusifli daha sonra yazır: “Aida Adıgözəli sevgi şairi kimi də təqdim edərdim. Amma onun sevgi şeirlərində ənənəvi motivlərə ənənəvi qayıdış yoxdu, “ayrılıq-dar ağacı”, “həsrət seli”, “ölürəm səndən ötəri” etirafları səslənmir, təzadların və ayrılıqların mənbəyinə, mahiyyətinə çəkib aparan bir xətt var. Sevgini və sevgidən doğan təzadı, ayrılığı əksər şairlər, xüsusilə də, zərif cinsdən olan şairlər bəzən eyni tempdə, eyni ahəngdə təsvir edirlər. Aida Adıgözəldə isə bir qədər fərqlidir. Onun şair fərdiyyəti, özünəməxsusluğu barədə nə demək istərdim? Şairliyə aidiyyəti olan bir sıra əsas xüsusiyyətlər var ki, o, bunları qədərincə bilir və şeirlərində də apaydın göstərir. Birincisi və ən ümdəsi budur ki, Aida Adıgözəl vərdişlə şeir yazmır, şeir misra-misra, sətirbəsətir içinə, ruhuna köklənəndə yazır. Sadəcə, içini boşaltmaq “əməliyyatı” yox, içini bəyan etmək prosesi… İkincisi, Aida Adıgözəl metaforalarla işləməyi çox sevir. Bu gün metafora müasir şeirimizin qanına, canına hopub. Hərçənd ki, uğursuz cəhdlərlə də çox qarşılaşırıq. Aida Adıgözəl “ölmüş şeirlər”də sırf metafora yolu ilə gedir.”

 

Xoşbəxt olduğu zaman məntiqli, həssas, emosional və mehriban olur. O, həmçinin fədakar, istedadlı, bilikli, xeyriyyəçi və əyləncəli bir şəxsdir. Lakin, özünü yaxşı hiss etmədiyi vaxtlar pessimist və rəqabətçi ola bilər. O, ailə üzvü kimi dəyərli və xüsusi bir yerə sahibdir, çünki başqalarının xoşbəxtliyi üçün hər şeylərini qurban verə bilər. Çox mülayim və qayğıkeşdir, həmişə başqalarının rahatlığını özünkündən üstün tutaraq, öz xoşbəxtliyini başqalarına sərf edə bilir. O, kifayət qədər ağıllıdır və hadisələrə mühakimə yürütməyi sevmir. Mübahisələrə nifrət edir və sakit bir həyat tərzini üstün tutur. Bəzən qeyri-sabit və qərarsız ola bilər. Hisslərindəki ani dəyişikliklər ətrafındakılara güvənsizlik hissi yarada bilər. Onun çox mülayim və yaxşı dinləyici olması, amma “yox” deməkdə çətinlik çəkməsi, bəzən özünü qəzəbləndirməsinə səbəb olur. Utancaq olduğu üçün cəmiyyətdə fərqlənmək istəmir və əksər hallarda geri planda qalmağa üstünlük verir. Yarımçıq işlərlə maraqlanmır və gördüyü hər bir işi ən yaxşı şəkildə tamamlamağı xoşlayır. Tənqid olunmağı sevmir və səbirli, inadkar bir xarakterə sahibdir. Onun altıncı hissi çox güclüdür və həyatında qarşılaşdığı hər çətinlikdən, intuisiya ilə həll yolunu tapmağı bacarır...

 

Deyir ki:- “Bizdə bir söz var, gəlin ocağa çəkər. İndi anlayıram ki, mənim feyzbuk dostlarımın 89.9.7%-i iyul ayında doğulub xərçəng bürcünə məxsusdular. Əgər, o biri aylarda günə uzağı üç təbrik yazırdımsa, indi maşallah günə on təbrik yazıram, yenə də qutarmır. Sən demə, bu iyul ayı məhsuldar ayimiş. Sanki hamı istəyib ki, balası gözəl və zəki olsun, hesablarını buna görə götürüblər. Mənim bu ayda doğulmağıma, əkib bükdüklərinə səbəb olduqlarına görə, atama rəhmət, anama sağlıq diləyirəm. Yaxşı ki elə iyul balasıyam...”

 

Bəli, iyulun 20-si şair Aida Adıgözəlin növbəti ad günü qeyd etdi, yeni yaşa adladı. Onu möhkəm cansağlığı və yaradıcılıq uğurları arzulayırıq.

Sonda onun “Sənə” adlı bir şeirini sizə təqdim edərək, söhbətimi yekunlaşdırıram:

 

Səndən bir şey istəyəcəm, 

amma söz ver, gülmə, gülmə. 

Arada yuxuna gəlim, 

sən də guya bilmə, bilmə.

 

Darıxanda mesaj yazsam, 

"oxunmayıb" oxun atsan, 

mən də cavabçın ağlasam, 

mesajımı silmə, silmə.

 

Bir gün eşitsən ölmüşəm,-

səndən izinsiz köçmüşəm,

xəbər göndər, - "incimisən", 

ağla, amma gəlmə, gəlmə.

 

Hər gün mənə şeirlər yaz, 

şəklimi sətirlərə qaz, 

hərdən çox yox, elə bir az, 

darıx, amma ölmə, ölmə...

 

 

“Ədəbiyyat və incəsənət”

(23.07.2025)

 

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

 Bəziləri illərlə yaşadıqları küçənin adının nə anlam daşıdığını bilmirlər. Məsələn, Mehdi Hüseyn küçəsində işləyən, Akademik Həsən Əliyev küçəsində yaşayan tanışlarım var ki, hələ də Mehdi Hüseynin və Həsən Əliyevin kim olduqlarını bilmirlər. Amma mən, onlardan fərqli olaraq, Maştağa qəsəbəsində yaşadığım küçəyə adı verilmiş Mirəli Mirəliyevin kim olduğunu gözəl bilirəm.

 

 Unutmamalıyıq ki, 2-ci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan igidlərimiz kimi, 1-ci Qarabağ müharibəsində də texniki çətinliklərə, ağır dövrün şəraitinə baxmayaraq, öz gücünə, cəsarətinə və iradəsinə güvənərək döyüşən, qəhrəmanlıq göstərən, şəhid olan igidlərimiz olub. Onlardan biri də Mirəli Mirəliyevdir. Bu günlərdə şəhidimizin növbəti doöum günü oldu. Mən də özümə borc bildim ki, onun doğum günü münasibətilə belə bir yazı hazırlayım.

 

2-ci Qarabağ müharibəsində şəhid olanların demək olar ki, hər biri haqqında Wikipediada və ya müxtəlif saytlar, sosial şəbəkələr vasitəsilə məlumat əldə edə bilirik. Təəssüf ki, 1-ci Qarabağ müharibəsində şəhid olanların bir çoxu haqqında belə ətraflı bilgilər tapmaq çətindir. Bunun səbəblərindən biri də həmin dövrün qarışıq ictimai-siyasi şəraiti və sosial şəbəkələrin, internetin olmamasıdır. 

Hətta bəzi hallarda ailələrin belə şəhidin döyüş yolu barədə geniş bilgisi olmayıb. Çünki o qədər çətin, qarışıq dövr idi ki, elə taborlar olub ki, oradan olan əsgərlərin demək olar hamısı şəhid olub.

Bu yazı təkcə Mirəli Mirəliyev üçün deyil, eyni zamanda digər 1-ci Qarabağ müharibəsi şəhidləri üçün də bir ehtiramdır. Bəli, çoxlarının valideynləri, yaxınları  artıq həyatda deyil. Lakin hansı qəhrəman haqqında az da olsa məlumat tapa biliriksə, onu daha çox kəsə çatdırıb, sübut etməliyik ki, bizim üçün bütün şəhidlər eynidir! Hər biri var gücü ilə vətən üçün savaşıb, canını vətən, el yolunda fəda edib.  Bir sözlə, haqqında az-çox məlumat olan şəhidlərimizi unutmayaq, mövcud məlumatları genişləndirək, xatirələrini yaşadaq.

Onların hər biri bizim qəhrəmanımızdır və hər birini xatırlamaq bizim borcumuzdur. İndi isə keçək qəhrəmanımız haqqında məqalənin təqdimatına: "Mirəli Mirəliyev – Qanlı Qarabağdan Zəfərə"

 

20 iyul 1973-cü il tarixində dünyaya gələn Mirəli Mirəliyev Vaqif oğlu qısa, lakin mənalı və iz buraxan bir ömür yaşayıb. O, gənc yaşlarından etibarən həm ailəsində, həm də doğulub boya-başa çatdığı Maştağa qəsəbəsində öz insani xüsusiyyətləri, alicənablığı və zəhmətsevərliyi ilə tanınırdı. Xarratlığa çox həvəsi vardı. Taxta üzərində gözəl naxışlar çəkərdi, işləyərdi. Taxta üzərində çəkdiyi naxışlar kimi, həyatında da dərin izlər buraxmağı bacardı.

 

Mirəli çox vətənpərvər, insanpərvər, köməksevər idi.

17 yanvar 1992-ci il tarixində Milli Ordu sıralarına çağırılıb. Daxili İşlər Nazirliyinin II tabor, III bölüyündə bölmə komandiri olub. Onun rəhbərlik etdiyi taborun əsgərləri də vətənpərvərliyi ilə seçilirdi.

24 mart 1993-cü il tarixində Ağdərə istiqamətində gedən döyüşlərdə düşmən qayalıq mövqedən hücuma keçən bölməni atəşə tutub. Bu çətin şəraitdə Mirəli komandir kimi irəli atılıb – belinə ip bağlayaraq önə keçib, yaralıları xilas etməyə çalışıb. Əsgərlərə tapşırıb ki, heç bir yaralı, şəhid döyüş meydanında qalmasın – ip vasitəsilə onları geriyə çəksinlər. Anasının sözlərinə görə, Əbülfəz adlı əsgər başından güllə yarası alır.  Bu mənzərəyə biganə qala bilməyən Mirəli bir ipi ona, bir ipi isə özünə bağlayır ki, onu çəksin. Amma bu zaman özü də ürəyindən vurularaq əbədiyyətə qovuşur.  Qubadlıdan başlayan döyüş yolu Ağdərədə  Paprəvənd kəndində bitir.

Mirəli Mirəliyev – 20 iyul 1973 – 24 mart 1993.

Bu iki tarix arasına bir ömür deyil, bir fədakarlıq dastanı sığır.  Qəhrəmanımız Maştağada dəfn edilib.

Allah rəhmət etsin".

 

“Ədəbiyyat və incəsənət”

(23.07.2025)

Çərşənbə, 23 İyul 2025 08:07

“Ata ocağı” serialının Nəsibəsi

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Təqvimdə iyulun 23-dür. Bu gün doğum günü olan mədəniyyət xadimlərinin adlarını arayanda ilk olaraq gözümə teatr aktrisası Ləman İmanova gəldi. Və mən də qərara aldım ki, onun barəsində sizlərə ətraflı bilgi verim.

 

Ləman İmanova 23 iyul 1979-cu ildə Bakı şəhərində anadan olub. Təbii ki. İncəsənətə, teatra lap uşaq yaşlarından maraq göstərib.

2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivinin rejissoru fakültəsini bitirib. Bakı Bələdiyyə Teatrında aktrisa kimi fəaliyyət göstərib. Özünü doğrultmağı bacarıb.

Ləman İmanova 24 fevral 2005-ci ildən Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib.

8 may 2025-ci ildə Prezident Mükafatına layiq görülüb.

Təbii ki, teatrla kinonun yolları mütləq qovuşur. Aktrisa film və seiallarda da bir neçə rola alıb, məşhur “Ata ocağı” serialında çəkilməsi, Nəsibə obrazının öhtəsindən bacarıqla gəlməsi isə onun karyerasında əsas dönüş olub.

 

 

Teatr səhnəsindəki rolları

 

- Bakı Bələdiyyə Teatrı

 

1. Elektra ("Elektra", Sofokl)

2. İradə ("Daşa dönmüş ürəklər", X. Əlimirzəyev)

3. Cadə ("Xəyanətin müsibəti", İ. Kərimov)

4. Arzu ("Oğul", Aqşin Babayev)

 

- Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı

 

1. Mariya ("Ağlasığmaz qətl", Alber Kamü)

2. Dinarə ("Başdanayağa oyun")

3. Qəndab ("Ölüləri qəbiristanlıqda basdırın", İsmayıl Şıxlı)

4. Liza ("Mesenat", Əli Əmirli)

5. Sənəm ("İkinci səs", Bəxtiyar Vahabzadə)

6. Madmuazel ("Dirilən adam", Mir Cəlal)

7. Əsmər ("Füzuli və Əsmər", Mirmehdi Seyidzadə)

 

Filmoqrafiya

 

- Oyya — Mükafat (film)

- Qonşu — Gürzə (film)

- Vəfa — Bacanaqlar (serial)

- Sənubər — Ünvansız eşq (serial)

- Aytən — Bir Ailəm var (serial)

- Tutu — Tufanlı səma (serial)

- Həkim — Həyat sən nə qəribəsən (serial)

- Nəsibə — Ata ocağı (serial)

 

“Ədəbiyyat və incəsənət”

(23.07.2025)

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Musiqi xəzinəmizə öz təkrarsız səsi ilə ən gözəl incilər bəxş etmiş Flora xanımın Azərbaycan Respublikasının Xalq artisti Flora Kərimovanın bu gün doğum günüdür.

Xüsusən 80-ci illərdə Flora xanım öz məşhurluğunun pikini yaşayıb. İnternetsiz, mobil telefonsuz, cəmi 2 telekanalı olan milyonlarla gəncin sevə-sevə izlədiyi “Səni axtarıram” trilogiyasında ifa etdiyi “Səndən xəbərsiz”, “Bağışla” və “Ağlamasın salxım söyüd” mahnıları dillər əzbəri oldu.

 

Flora Kərimova 1941-ci il iyulun 23-də Bakıda anadan olub. Fəaliyyətini 13 yaşından bədii özfəaliyyət kollektivlərində başlayan Flora Kərimova həmin tarixdən Azərbaycan Dövlət Filarmoniyasında və digər mədəniyyət saraylarında, dövlət tədbirlərində çıxış edib. 1950-ci illərdən Azərbaycan Dövlət Tibb İnstitutunun "Çinar" rəqs ansamblında, 1960-cı illərdə Azərbaycan Teleradio Verilişləri Şirkətinin və Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.

 

1964-cü ildə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunu (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) bitirib. 1971-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu müalicə işi üztə tam kursu bitirib, həkim ixtisasına yiyələnib. 1977-ci ildə Bakı Musiqi Akademiyası vokal sinfini bitirib.

 

Yaradıcılığında klassik opera (nümunə üçün "Qaynana" filmində Sevil operasından Dilbərin Ariyası), milli opera (1965-ci ildə Leyli və Məcnun" operasında Leyli), xalq mahnıları, romanslar, bəstəkar mahnıları və estrada janrlarına yüzlərlə nümunələrin yer aldığı sənətkar, Azərbaycan Estrada janrının üç banisindən biridir (Rəşid Behbudov, Mirzə Babayev və Flora Kərimova).

 

İlk bəstəkarı şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundova olub. Azərbaycan Dövlət Opera və Balet Teatrında ("Leyli və Məcnun", Üzeyir Hacıbəyov) çıxış edib,  "Qanun naminə" bədii filmində çəkilib.

Flora Kərimova səsi dörd (4-cü) oktavanı aşan müğənnilərdəndir.

Flora Kərimova nəinki 4-cü oktavada vokaliz etməklə yanaşı , hətta bu yüksək notlarda oxuya da bilir. Onun səsi 4 oktavanı bütövlükdə əhatə edir (Kontraalt, Mezzo-soprano, Soprano, Koloratur soprano) və bundan əlavə o, həmçinin, muğam ifa edib.

"Qızıl Fond"-da ən çox sayda əsərlər Flora Kərimovanın adı ilə bağlıdır.

 

1960-cı illərin sonunda Süleyman Rəhimovun Saçlı romanı radio-tamaşaya qoyulub və tamaşanın mahnılarını Fikrət Əmirov Flora Kərimovaya həvalə edib. Daha sonra, 1962-ci ildə Böyük dayaq (film) filmində Pərişanın mahnısı, 1963-cu ildə Mehdi Hüseynin "Cavanşir" piesinə "gözləri yolda qalan yar" (Mən səni araram) nəğməsini Flora Kərimovaya həvalə edib.

 

Şəfiqə Axundovanın Cəfər Cabbarlının "Aydın" əsərinə (1965-ci il premyerası) Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı üçün yazdığı mahnın ifaçısı da Flora Kərimova olunub.

1972-ci ildə Şəfiqə Axundova yazıçı Süleyman Rəhimovun eyni adlı povesti əsasında İsgəndər Coşqunun librettosu üzrə muğam-opera janrında Gəlin qayası operasını yazmaqla şərqin ilk opera yazan qadın bəstəkarı kimi tarixə düşüb. Adı gedən operanın ilk radio-tamaşası qoyulduqda ilk ifaçısı Rübabə Muradova "Sənəm", Flora Kərimova "Gülbahar" rollarında iştirak ediblər.

Opera səhnəyə qoyulduğu (premyerası 1974-cü il) zaman isə Flora Kərimovaya oxumağa icazə verilməyib. Ümumən, başı çox çəkib Flora xanımın. Taleyinə mühacirətə getmək. Müxalifətçi olmaq kimi dönəmlər də yazılıb.

 

Mahnı ifa etdiyi filmlər

 

- Böyük dayaq

- Payız konserti

- Qanun naminə

- Azərbaycan elmi

- Mənim universitetim

- İntizar

- Toyda görüş

- Abşeron ritmləri

 

Çəkildiyi filmlər

 

- Qanun naminə

- Toyda görüş

- Həyat bizi sınayır

- Yollar görüşəndə...

- Arşın mal alan

- Qayınana

 

- Payız konserti

- Abşeron ritmləri

- Toyda görüş

- Konsert proqramı

- Mahnı qanadlarında

- Payız melodiyaları

- Nəğməkar torpaq

 

Bu gün canlı əfsanə olan korifey sənətçinin 84 yaşı tamam olur. Gələn il = yubileydə görüşənədək.

 

 

“Ədəbiyyat və incəsənət”

(23.07.2025)

 

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

22 iyul 2025-ci il tarixdə Ağdam Rayon Heydər Əliyev mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Milli Mətbuatın yaranmasının 150 illiyinə  həsr olunmuş tədbir keçirilib. Ağdam Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, idarə, müəssisə, təşkilatların rəhbərləri, media nümayəndələri və rayon ziyalıları iştirak etmişlər. 

İştirakçılar əvvəlcə Ümummilli lider Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzərək  xatirəsini ehtiramla anıblar. Tədbirin əvvəlində Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının, mətbuat nümayəndələrinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilmişdir. Daha sonra çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı  22 iyul tarixinin 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunmasından, Ulu öndər Heydər Əliyevin hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirməsindən, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirməsindən, ümummilli liderin mətbuatın problemlərinin həlli ilə bağlı imzaladığı sərəncam və fərmanlardan, Prezident İlham Əliyevin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılmasından, “Media haqqında” yeni qanun layihəsi hazırlanmasından, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin yaradılmasından, ölkə başçısının Azərbaycan milli mətbuatının 150 illik yubileyinin ölkəmizdə geniş şəkildə qeyd olunması ilə bağlı verdiyi 25 aprel 2025-cil tarixli Sərəncamından  bəhs etmişlər. Tədbirin sonunda bir qrup media nümayəndəsi Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov tərəfindən mükafatlandırılmışdır.

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2025)

Çərşənbə axşamı, 22 İyul 2025 13:28

Gələcək çox tez gələcək… - ŞƏMİL SADİQ YAZIR

“Ədəbiyyat və incəsənət” portalı tanınmış yazar, pedaqoq, ictimai xadim Şəmil Sadiqin Kitab bələdçisi rubrikasında Türkiyədə yaşayan tanınmış jurnalist İbrahim Nəbioğlunun “Gələcək çox tez gələcək” kitabı barədə qeydlərini diqqətinizə çatdırır.

 

Əziz dostum, dəyərli ziyalımız – milli təfəkkürün, elmi düşüncənin və ana dilimizə marağın inkişafı naminə böyük fədakarlıq göstərən İbrahim Nəbioğlunun kitabını uzun zamandır oxumağı planlaşdırırdım. Vaxt imkan vermirdi, nəhayət ki, əldə etdim.

Düzdür, kitabda yer alan bəzi yazılarla sosial şəbəkələr və mətbuat vasitəsilə tanış idim. Ancaq bu dəfə sistemli şəkildə və düşünərək oxuyacağam. İbrahim bəylə ortaq baxışlarımız çoxdur. Düşünürəm ki, bunların içində ən vacibi – Azərbaycan dili məsələsinə olan həssas münasibətimizdir. Əslində, bu məsələ hər bir azərbaycanlının ortaq qayəsi olmalıdır. Təəssüf ki, bəzən buna şahid olmuruq.

İbrahim bəyin yazıları nə qədər dərin, zəngin və maraqlıdırsa, şəxsiyyəti ondan da artıqdır. Onun dili rəvan, ifadələri dəqiq, tərzi isə sərrast və oxunaqlıdır. Şirin ibarələri, baməzə yanaşmaları və fikir incəliyi ilə oxucunu düşünməyə və təbəssümə sövq edir.

O, həm bir insan, həm də müəllif olaraq sözünə və özünə dəyər verən ziyalıdır. Bu kitabın da necə böyük diqqət hazırlandığının canlı şahidiyəm. Bir neçə il əvvəl bu kitabın çapını biz də təklif etmişdik, amma qismət olmadı. O zaman da demişdi: “Üzərində işləyirəm…” Və doğrudan da işinə hörmətlə yanaşan bir müəllif kimi səbr və səliqə ilə ortaya nümunəvi bir əsər çıxarıb.

Kitab yüksək səviyyədə hazırlanıb – başlıqlar, bölmələr və ümumi tərtibat son dərəcə dəqiq və zövqlüdür. Oxumağa başladım. Özü də harada? Təbiətin qoynunda – Quba, Qusar, Xaçmazda – “Zəfərin Uşaqları ilə Oxu Marafonu” layihəsi çərçivəsində şimal bölgəmizdəyik. Məqsədimiz Azərbaycan dilli ədəbiyyatın təbliği və tanıdılmasıdır.

Elə bu yolda “Gələcək çox tez gələcək” kitabı mənim sadiq yol yoldaşıma çevrildi.

Təbrik edir və təşəkkür edirəm, İbrahim bəy! Var olun!

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2025)

21 -dən səhifə 2344

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.