
Super User
QƏRBİ AZƏRBAYCAN ŞEİRLƏRİ – Samir Mustafayev, “Nazlı nənə”
“Ədəbiyyat və incəsənət” portalı QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsində sizlər üçün yağı əlində olan o ellərimizlə bağlı şeirləri
təqdim edir.
Samir MUSTAFAYEV
NAZLI NƏNƏ
Dərələyəz Mahalının ağbirçək anası Nazlı nənənin əziz xatirəsinə.
El ağlayır, el yanır
Bu ayrılıq, bu köçə.
Torpağa nur apardı,
Nazlı nənə gör necə.
Bayatıydı əhvalı,
Urvatıydı yun şalı.
Dərələyəz mahalı
Duasıydı hər gecə.
Sözü qəlbə hopardı,
Ürəyində apardı.
İnsan hüzur tapardı
Nazlı nənə dinincə.
Ömrü dərdlə sürmüşdü,
Hər telin ağ hörmüşdü.
Çətin günlər görmüşdü,
Ağlayardı gizlicə.
Kimin gözdə nəmi var,
Ocağında qurudar...
Dərdli, qəmi unudar,
Qərq olardı sevincə.
Kölgə salan söyütdü,
Dili hikmət, öyütdü.
Ər oğullar böyütdü,
Oğlu, qızı könlüncə.
Uca gəldi sorağı,
İşıq saçdı çırağı.
"Həsən Mirzə" ocağı,
Vermədi ömrü heçə.
“Ədəbiyyat və incəsənət”
(21.07.2024)
“Murad futbola baxırdı” – NAZİLƏ GÜLTAC
“Ədəbiyyat və incəsənət” portalı Nazilə Gültacın hekayələrinin təqdimini davam edir. İkinci oxuyacağınınz hekayə “Murad futbola baxırdı” adlanır.
MURAD FUTBOLA BAXIRDI
Vəssalam! Hər şey bura qədərmiş. Pal-paltarını çantasına yığıb dəhlizdəki dolabın yanına qoydu. İnamsızlıq onu yormuşdu. Son zamanlar bütün bədbəxtliklərin inamsızlığa bağlı olduğunu yəqinləşdirmiş, bildiyi, gördüyü həqiqəti kimlərəsə inandıra bilmədiyi üçün zaman keçdikcə, özü də başqalarına qarşı inamını itirməyə başlamışdı. Və əslində, inanmamağın faciəsini bildiyi üçün bu illər ərzində çox şeylərə göz yummuşdu. Son vaxtlar ərinə qarşı içində bir şübhəbaş qaldırmışdı. Ərinin bəzən evə gec gəlməsi, qayğılı və soyuq rəftarı qəlbinə kölgə salırdı Mədinənin. Nə illah edirdisə, şübhələri başından çıxara bilmir, özünü danlayır, içindəki narahatlığı boğmağa çalışırdı.
Murada olan inamsızlığının səbəbini ilk vaxtlar özündə axtarmağa başladı. Bəlkə də, bunlar uşaqlıq illərində baş verənlərlə bağlıydı. Hərdən nəinki səsini, ətrini də duyurdu xatirələrin, hissi, duyğusu o qoxuya bələnirdi. Zamanın xəlbirindən keçən bəzi xatirələr ilişib qalmışdı yaddaşında, keçməyənlər isə qəlbinin dərinliyinə gömülmüşdü.
Yeddi-səkkiz yaşı olardı, əmisi Rusiyadan öz qızına bir cüt qəşəng əlcək almışdı. Mavi rəngli əlcəklər Mədinənin də xoşuna gəlmişdi. Əmisigillə onların evini bir çəpər ayırırdı.
Qarlı günlərin birində əmisiqızı əlcəklərini taxıb,həyətdə qardan dovşan, şaxtababa düzəltdi, sonra onlara gələndə əlcəklərini unudub getdi. Mədinə dərhal əlcəkləri əlinə keçirdi. Əlində əlcək sevinə-sevinə evdə gəzişir, əlcəyin yumşaq tüklərini, ilmələrini sığallayırdı. Sonra onları çıxarıb döşəyin altına qoydu ki, heç olmasa bir gecə onun yanında qalsın əlcəklər.
Səhərin gözü açılar-açılmaz əmisi arvadı qaranəfəs gəldi ki, bəs qızın əlcəyi itib, hardasa qoyub, ağlayıb özünü öldürür.
Mədinə tez əlcəkləri döşəyin altından çıxarıb əmisi arvadına verdi: “Axşam bizdə unudub, mən də saxladım ki, itməsin”. Arvad bərk qəzəblənmışdı: “Niyə oğurlamısan?!!”
Onun qınağından qızcığaz çox pərt olmuş, əmisi arvadını öz sözünə heç cür inandıra bilmədiyi üçün ağlamışdı. Əmisindən də ilk dəfə onda qırıldı. Ürəyində dedi ki, nə olardı, mənə də alaydı... Daha nələr olmuşdu, yadında deyil. Anasınn vurduğu şillənin yeri ağrıyırdı hələ də qəlbində. Ürəyində əmisi və əmisi arvadıyla heç vaxt barışmadı.
Bu hadisənin acı təsiri onu uzun müddət tərk etməyərək, adamayovuşmaz eləmişdi. Daha nə əmisigilə gedir, nə də əmisi qızıyla evcik-evcik oynayırdı. İllər keçsə də, əmisigillə onun arasındakı soyuqluq isinməmişdi. Uşaqlıq dünyasına elə bil raket atmışdın, nələrsə sınmış, dağılmışdı. O, əmisi ilə atasını müqayisə eləyir, öz kasıb atasının necə səxavətli olduğunu yaxşı görürdü. Çünki atası konfet alanda belə bölüb qardaşı uşaqlarına da verirdi. Amma əmisi elə deyildi. Bütün bunlar onun uşaq dünyasını yaralayırdı.
Zaman keçdikcə gözüylə gördüklərini qəlbinin aynasına tutmağı öyrəndi Mədinə. Bir də baxdı ki, qəlbinin aynasında çirkin ürəklər daha aydın görünməyə başlayıb. Amma heç vaxt haqlı olduğunu isbatlaya bilmədi. Bunun üçün dəridən-qabıqdan çıxmağa da cəhd etmədi heç.
Bir dəfə yayda anası onları dağ kəndində yaşayan qohumlarıgilə aparmışdı. Qohumunun qızı Rəna sözə baxmayan və yalançı idi. Mədinəni daim ağıllı bir qız kimi tərifləyir, ona nümunə göstərirdilər. Rəna paxıllıqdan yola getmirdi onunla. Ondan gen gəzən Mədinə öz aləminə dalıb, həyətdə qara kömürlə rəsmlər çəkməyə başlamışdı. Gülləri, bir də quşları çəkməyi çox sevirdi. Bir gün başı rəsm çəkməyə necə qarışmışdısa, evində qaldığı qohumunun yaxınlaşdığını duymamışdı. Qəfildən qadın onun yaxasından dartaraq, yuxarı qaldırmış və üzünə tüpürmüşdü: “Biz də buna ağıllı deyirik, o nə şəkillərdi divara çəkmisən?”
Çaşıb qalan qızcığaz ağlamışdı, elə bilmişdi, gül şəkilləriylə divarı korladığı üçün danlanır. Qadın onu darta-darta evin arxasına gətirmişdi. Evin arxa divarına öpüşən qız-oğlan rəsmi çəkilmişdi. Bunun Mədinənin işi olduğunu söyləyibmiş qohumunun qızı. Yenə də inandıra blmədi ki, bu mənim işim deyil. Axı kömür onun əlində idi. Göz yaşlarına boğulan Mədinənin gözləri birdən Rənaya sataşdı. Qız bic-bic gülürdü. Mədinə başa düşdü ki, bu onun işidir. Daha onlara da getmədi...
Həmişə danışanda deyirdi ki, mənim xatirələrim ilin qış fəsli kimidir. Həm də deyirdi ki, mənim xatirələrim yarımçıq filmdi...
Hər şey keçmiş qonşusu Rəbiyə ilə qarşılaşandan sonra baş verdi. Qadınla görüşəndən sonra illərlə qaysaq bağlamış yarası yenidən göynəməyə başladı. O gün eşitdikləri Mədinəni odsuz-ocaqsız yandırdı. Yenidən o əzablı, məşəqqətli günlərə qayıtdı. Hər şeyi unutmuşdu az qala, ərini belə ürəyində bağışılamışdı. Amma bax, budur, yenidən qəzəb varlığını bürüdü, qovurdu. Nə qədər özünü ələ almağa çalışsa da, danlasa da, xeyri olmadı ki, olmadı.
Gör bir qonşu qadın necə dedi; – O arvad yenə də sənə qarğış tökür. Gözü sənin ərində qalıb. Deyir ki, mərdimazar Mədinə iki sevəni ayırdı.
Dəli olmadımı! Bəlkə də, o qarğışlara görə səkkiz ildir ki, ailə quran oğlu övlad üzünə həsrət qalıb. Hər şeyin unudulduğunu zənn etmişdi. Sən demə, boşuna ümidlənib, heç nə unudulmayıbmış. Əgər belədirsə, demək, əri də hələ o qadını sevir. Unutmur! Çünki heç vaxt onunla qarşı-qarşıya səmimi söhbət etməyib. Bu illər ərzində yataqları da ayrı olub. Əvvəl-əvvəl o incidiyini göstərmək üçün yatağını başqa çarpayıda saldı. İlk vaxtlar davam edən bu küsülülük yerini sülhə versə də, o gün-bu gün ayrılan yataqlar bir daha birləşmədi.
Keçib arxa otaqda yana-yana, için-için ağladı. Ömrünə, yalanla dolu həyatına acıdı.
Sonra qonaq otağına keçdi. Əri televizora baxırdı. Mədinənin nə vaxt içəri keçməsindən heç xəbəri belə olmadı. “Bir buna bax!”, – deyə təsirləndi. “Mənim varlığımı duymur. Amma bəlkə də, o qadını səbirsizliklə gözləyərdi”. Çox kədərləndi. Heç bir şey demədən iti addımlarla mətbəxə keçdi, çaynikin altını hikkə ilə yandırdı. Qazanı qəsdən əlindən yerə saldı, soyugucunun qapısını bərkdən çırpdı. Əri otaqdan səsləndi ki, nə haray salmısan, bir az asta iş gör, futbola baxıram. Mənə çay gətir.
Əvvəllər deyirdi ki, bir quru qaraltısı da bəsdi ərinin, amma indi yanıldığını anladı. Neynirəm onun qaraltısını?! Ömrü mətbəxlə iş yeri arasındakı yollarda keçdi. Nə bir xoş rəftar, nə də bir qayğı gördü... Dörd uşaq böyütdü. Bu acı həqiqət onu xeyli düşündürdü, qəlbini cırmaqlayıb qanatdı ötüb keçənlər.
Əri Muradla ana tərəfdən qohum idilər. Muraddanuşaqlıqdan xoşu gəlirdi. Elə sanmışdı ki, Muradın da ondan xoşu gəlir. Muradın atası rəhmətə getməsəydi, qardaşı balalarına himayədarlıq edən əmisi onlara elçi gələrdimi, görəsən? Toyu da Muradın əmisi elədi. Ailə qurandan sonra şəhərə köçdülər.
Murad həm işləyir, həm də oxuyurdu. Mədinə çox təkid elədikdən sonra ailə büdcəsinə kömək üçün mağazaya satıcı düzəlməyə ərini razı sala bildi. Dalbadal iki övladı dünyaya gəldi. Beləcə, illər keçdi...
Murad institutu bitirdi, zavoda mühəndis düzəldi. Mədinə həmişə evin, uşaqların qayğısının çox hissəsini öz üzərinə götürürdü ki, əri yorulmasın, yeməyin ən yaxşı yerindən ona pay saxlayırdı, pərvanə kimi onun başına dolanırdı.
Özünə bahalı paltar almır, deyirdi ki, Murad, sən özünə kostyum al, mühəndissən.
Muradı şöbə müdiri keçirmişdilər, dolanışıqları get-gedə yaxşılaşırdı. Son vaxtlar Murad evə çox gec-gec gəlməyə başlamışdı. Gələndə də lal-dinməz yemək yeyir, televizora baxırdı. Qadın yenə də onun qayğısına qalır, işinin ağır olduğunu düşünür, qara fikirləri özündən uzaqlaşdırır, evin bir çox problemlərini ona açıb demir, hər şeyi özü təkbaşına həll edirdi.
Bir gün evdə paltar yuyurdu. Qapı qəfil döyüldü. Açanda kandarda bərli-bəzəkli bir qadın gördü. Qadın onu başdan-ayağa ikrahla süzdü:
– Muradın yoldaşı sənsənmi? – deyə soruşdu.
O, ətri bütün evə yayılan qadından – Bəli, nə lazımdır? – deyə soruşdu.
Çağırılmamış qonaq dəvət gözləmədən içəri keçdi. Gözlərini hirslə ona bərəldərək: – Sən Murada yaraşmırsan. O, məni, mən də onu sevirəm. Boşan ondan. Əl çək Muraddan, – deyərək qışqırdı.
Mədinə sarsıldı.
– Sən kimsən ki, belə sözlər deyirsən?! Yalan deyirsən. Onun üç uşağı var. Ailəli kişidən sən əl çək, əxlaqsız! – deyə hönkürdü.
Qadının irəli keçib, Mədinəyə şillə vurmasıyla Muradın otağa girməsi bir oldu. Gördüyü mənzərədən dəliyə döndü Murad. Qadını itələyib bayıra çıxardı. – Rədd ol, bir də bu qapıya gəlmə, – dedi.
Qadın çaşdı, özünü itirdi. Ani sükutdan sonra iti addımlarla çıxıb getdi. Mədinə isə hələ də ağlayırdı. Dünyası qaralmışdı.
O gün, bu gün Murad o qadından ayrıldı. And-aman elədi, Mədinədən dönə-dönə üzr istədi. Sonralar Mədinə qonşu qadından öyrəndi ki, sən demə, əri həmin qadınla düz beş ildir ki, bir ailə kimi imiş.
Muradın qadından uzaq durduğunu görən Mədinə də çox dərinə getmədi. Hər kişi büdrəyər, deyib, uşaqlarını düşündü. İnsafən Murad da çox dəyişdi, onu heç vaxt acılayıb incitmədi, amma əzizləmədi də. Murad öz övladlarını çox istəyirdi. Yaşadıqları yerdən başqa yerə köçdülər.
Murad iş yerini dəyişdi, yavaş-yavaş yağışlar yağdı, çatlar örtüldü, yaralar qaysaqlandı. İndi budur, təsadüfən küçədə rastlaşdığı keçmiş qonşusu yarasının qaysağını qopardı, onu təzədən iyirmi beş il əvvələ qaytardı. Bir andaca bu iyirmi beş ildə yalan bir ömür yaşadığını fərq elədi Mədinə. Belə çıxır ki, o, Murada ancaq qulluqçuluq eləmişdi. Uşaqlar böyümüş, qızları köçürmüş, oğlanlarını evləndirmişdilər. Artıq övladlarının ona ehtiyacları qalmamışdı. Onun bəbəklərində əri tərəfindən aldadılan, sevilməyən, sevilmədiyi üçün əzab çəkən bir qadın mənliyinin son damla yaşı parladı.
Otaqda çay içə-içə televizora baxan ərinə sarı boylandı, ona elə gəldi ki, Muradın gözləri televizora baxsa da, fikri başqa yerdədir, bəlkə də, o gözəlçənin yanındadır. Düşündü ki, doğrudan da, Murad bu illər ərzində evdə bir kölgə kimi dolaşmışdı. Həmişə evdə istilik yaratmaq üçün özünün neçə çabaladağı gəldi gözünün önünə, birdən-birə Murad yadlaşdı gözündə.
Artıq əri ilə bir dam altında qalmaq mümkünsüz idi. Getmək, bu evdən, bu insandan, bir ömürlük aldanışdan uzaqlaşmaq fikri onu xeyli yüngülləşdirdi...
Dəhlizə qoyduğu çantasını da götürüb, səssiz addımlarla evdən çıxdı. Kəndə – atadanqalma evlərinə getməyə qərarlıydı. Kiçik bir zərf qoydu yastığın üstünə. “Güvənə bilmədiyim yalan ömürdən gerçək həyata gedirəm. Əlvida!”
Murad televizorda futbola baxır, çay gözləyirdi.
“Ədəbiyyat və incəsənət”
(23.07.2025)
Hər kəsin yanında olan xalq artisti...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Onunla həyatda cəmi bir dəfə üz-üzə gəlmişik. İllər öncə, Mir Şahin Ağayevin mərhum qardaşının yasında. Amma, televiziyadakı müsahibələrini, o cümlədən ifasını çox izləmişəm. Yalan danışa bilmərəm, olduqca gözəl səsi var. Estrada janrında bu səs, Azərbaycanda nadir səslərdən biridir.
O, 1971-ci ilin dekabr ayının 29-da Bakıda, əslən Astaradan olan Balağa kişinin ailəsində dünyaya gəlib. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirib. Səhnəyə isə 1988-ci ildə, 17 yaşında olarkən gəlib. Həmin il "Bakı Payızı-88" respublika müsabiqəsinin qalibi olub. Bu müsabiqədən sonra, "Qızıl Payız-89" respublika müsabiqəsində, Beynəlxalq "Vitebsk-90" müsabiqəsində, Beynəlxalq "Yalta-92" televiziya müsabiqəsində də diplomant olaraq, hələ tələbə ikən peşəkar ifaçı kimi ad qazanıb. Universiteti bitirdikdən sonra Klavdiya Şuljenko adına "Xarkov-95" Beynəlxalq Retro mahnılar müsabiqəsində və "Qızıl Şlyager"- Mogilyov-96 Beynəlxalq müsabiqəsinin qalibi olub. 1996-cı ildən AzTv-nin solistidir. Həmçinin, 2012–2013-cü illərdə Dövlət Muğam Teatrının solisti kimi çalışıb. 1995-ci ildə müğənninin "Ola bilməz" adlı ilk albomu çıxıb. Bu albomdan sonra 1996-cı ildə çıxan "Səni əvəz eləmir", 1998-ci ildə çıxan "Vəfasızım", 2000-ci ildə buraxılan "Faiq Ağayev- Seçmələr", 2000-ci ildə çıxan "Minilliyin sonu…", 2004-cü ildə işıq üzü görən "Tam məxfi" və 2006-cı ildə dərc olunan "Faiq Agayev- Albom Kolleksiyası" albomları ilə müğənni öz diskoqrafiyasını davam etdirir. 1998-ci ildə üçgünlük "10 il Sizinlə" solo konsertinə, "İlin konserti" nominasiyasına, 1999-cu ildə isə "Dəşti" klipinə görə "İlin klipi" nominasiyasına görə Humay milli mükafatının sahibi olub. Həmçinin 1999-cu ildə o, "İlin müğənnisi" nominasiyasında "Grand" milli mükafatını qazanıb. 2000-ci il oktyabrın 28-də Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. Elə həmin il "İlin müğənnisi" nominasiyasında "Qızıl Mikrofon" milli mükafatını qazanıb. 2001-ci ildə isə "İlin müğənnisi", "İlin albomu" və "İlin konserti" nominasiyalarında "Grand" milli mükafatının sahibi olub. 2008-ci ildən xalq artistidir...
Nəzakətli, hörmətcil, ifrat dərəcədə prinsipialdır. Ona inanmaq, etibar etmək olar. Heç vaxt dostlarını satmır və heç zaman aldatmağa çalışmır. İnsanlara çox etibar ediyindən tez inanan və sülhsevərdir. Dostu az olsa da, fəqət dostluğu ömrüboyu qoruyub saxlaya bilir. Necə deyərlər, dost yolunda böyük qurbanlar verməyə qabildir. Çox diqqətlidir, xüsusən xoşuna gələn adamlara qarşı bunu daha çox nümayiş etdirir...
Deyir ki:- “Əslində mən həkim olmalı idim. Tibb Universitetinə daxil olmuşdum, özü də məhz cərrah olacaqdım. Sonra bu fikrimdən yayındım. Amma yenə də təbibliyimdə qalmışam. Həkimlər bədənləri xəstəlikdən xilas edirlərsə, mən insanların əzilmiş ruhlarının müalicəsinə kömək edirəm...”
Hədiyyə verməyi və kiçik şənliklər düzəltməyi xoşlayır. Necə deyərlər, diribaşdır, lakin davakarlıqla işi yoxdur. Haqlı olsa da mübahisədən qaçmaq üçün hər cür güzəştlərə hazırdır. Özünü həmişə vicdanlı və əməksevər insan kimi göstərir. Həssaslığı sayəsində məşğul olduğu incəsənət növündə həmişə uğur qazana bilir. Maddi nöqteyi-nəzərdən onun dolanışığı heç zaman pis ola bilməz, dolanmaq üçün nə lazımdırsa, özü onu tapır. Bunun üçün böyük səy göstərməsinə ehtiyac yoxdur. Ondan sui-istifadə edənlər də var. Son dərəcə səmimidir, bu səmimiliyi ilə o, bütün şübhələri tamamilə aradan qaldıra bilir, necə deyərlər, əleyhdarlarının əl-qolunu bağlayır. Həqiqətpərəsdir, ancaq son dərəcə zəruri hallarda yalan danışır. Ağıllı olsa da, zərrə qədər hiyləgərliyi yoxdur. Çox ciddidir və nadir hallarda güzəştə gedir. Dediklərinə həmişə inanır və sözünü sübuta yetirmək üçün dəlillərə söykənməyi bacarır...
“Hüquqi dövlətdə yaşayırıq, burada hər şey qanunlarla tənzimlənir. Yaradıcılıq azadlığı var. Kimlərsə bayağı oxusalar da, mahnıları qadağan edilmir. Əslində, bunu media, televiziya və radiolar həll etməlidir. Məsələn, bayağı oxuyanları dəvət etməməlidirlər. Əlbəttə, anlayıram, xeyli reytinq gətirir, amma mümkün olan tək mübarizə yolu budur.”- söyləyir.
Şən adamdır. Özünü elit aparmağı bacarır. Nadir hallarda danışır, amma hərdən olur ki, ürəyini birdən boşaldır, sözünü qurtarmayınca heç kim onu dayandıra bilməz. İntellektualdır. Biliyə, öyrənməyə güclü həvəsi var. Fərqinə varmadan çoxlu mütaliə edir. Materialistdir, gözəl yaşamaq onun arzusudur. Mülayim görkəminə aldanmayın, bunun arxasında böyük iradə və hətta ötkəmlik gizlənir...
Deyir ki:- “Mən ümumiləşdirmənin əleyhinəyəm. Bir qisim insanın kimdənsə xoşu gəlmirsə, bu, o demək deyil ki, hamı ona qarşıdır. Elmi araşdırmalara görə, okeanda ən səs-küylü canlı krevetkadır. Kiməsə haqsız olaraq irad bildirənlər mənimçün okeanda səs salan krevetkalardır. İnsanların çoxu məlumatsızdır, adamları tanımadan, bilmədən, nə gəldi, necə gəldi danışırlar. Adicə bir xəbər çıxır, başlığı oxuyurlar, məqalənin içindəkilərinə baxmadan söyürlər, lağ edirlər. Məsələn, xəbər çıxıb ki, “Faiq Ağayevə sərt qadağa: Toyu tam oxumayacaq”. Girib, məqaləni oxumayacaqlar ki, bu qadağanın səbəbi nədir, niyə belə edir Faiq Ağayev? Əslində, indi məclislərdə ancaq yarım saat oxuyuram. Çünki irimiqyaslı layihəyə hazırlaşıram, səsimi qorumalıyam...”
Bəli, bu dəfə sizə xalq artisti Faiq Ağayev haqqında danışıram. O, şöhrətpərəst kimi görünsə də, qarşısına nə kimi vəzifələr və məqsədlər qoyursa, öz borcunu var qüvvəsi ilə yerinə yetirir. Daxili qüvvəsi böyükdür və heç kəs ona qarşı durmaq iqtidarında deyil. Hər hansı qərar qəbul etdikdə, heç kim onu dayandıra bilməz. Lakin bir qərar qəbul etməzdən əvvəl o, xeyli ölçüb-biçəcək- belə təsir oyana bilər ki, guya tərəddüd edir və nə istədiyini bilmir. O isə, nə etməli olduğunu əla bilir, sadəcə çətinliklərdən qaçmaq üçün uzun müddət fikirləşməli olur...
“Mən rus bölməsini bitirmişəm, məktəb, universitet zamanı Azərbaycan dilində olan ədəbiyyata maraq göstərməmişəm. Ancaq 25 yaşdan sonra oxumuşam onları. Ordubadidən tutmuş Ramiz Rövşənə, Anara, Cəlil Cavanşirə, Qan Turalıya, rus dilində yazan Nərminə Məmmədzadəyə qədər. Bu gün əsasən xoşuma gələn müəlliflərin yazılarını sosial şəbəkələrdən oxuyuram. Bir az pis səslənsə də, üzdə olanları oxuyuram. Amma şadam ki, yeni format yaranıb ədəbiyyatda. Qəbul etdiklərim və etmədiklərim var.”- söyləyir.
Xülasə, XXI əsrin bitməsinə hələ 75 il zaman qalır. XX əsrin öz böyük sənətkarları olduğu kimi, yəqin ki, XXI əsrin də öz mahir ifaçıları olacaq. İnanıram ki, bu sırada xalq artisti Faiq Ağayevin də adı hallanacaq. Kim onu bir insan kimi necə qəbul edirsə qoy etsin, özü bilər. Mən isə xalq artisti Faiq Ağayevin ifasını sevə-sevə izləyirəm...
Deyir ki:- “Mən “Xalq artisti” adını “xalqın artisti” kimi qəbul edirəm. “Əsl sənətkar əlçatmaz olar” fikrini qəbul etmirəm. Bir dəfə kimsə demişdi ki, həyətə çıxmıram ki, birdən məni görərlər. Mən əzəldən mağazaya da gedirəm, kiçikmiqyaslı salonlarda da çıxış edirəm. Mənim üçün hər yer səhnədir- Rusiyada çıxış etdiyim 45 min yerlik Olimpiya stadionu da, Bakıda 50 nəfərlik məclis də. Bu mənada əlçatan olmağa çalışıram. “Facebook” dostlarımın ad günü olanda təbrik edirəm. Sosial şəbəkələr sənətkarın insanlara yaxınlaşması üçün xidmət göstərir. Doğrudur, səhnədə olanda mənə çox adam yaxınlaşa bilmir, amma mən hər kəsin yanındayam...”
...Deyirlər, Dostoyevski bir insan kimi qumarbaz, arvadbaz və ipə-sapa yatmayan olub. Bunun kimə nə dəxli var? Mənə Dostoyevskinin şəxsi həyatı yox, yaradıcılığı maraqlıdır...
“Ədəbiyyat və incəsənət”
(23.07.2025)
ƏN YAXŞI MÜSAHİBƏLƏR - “Süleyman Rüstəm dedi, sənin şeirini evdə arvad da əzbərdən bilir”
“Ədəbiyyat və incəsənət” portalının “Şənbə qonağı” rubrikasında İntiqam Yaşarın Sumqayıt şəhərində yaşayıb yaradan ustad şair Əşrəf Veysəlli ilə müsahibəsi Ən yaxşı müsahibələr rubrikasında sizlərə təqdim edilir. Müsahibənin götürülmə tarixinin üç yaşı var.
-Salam Əşrəf müəllim, əhvalınız necədir?
-Demək olar ki, yavaş-yavaş yaxşılığa doğru gedir. Bir balaca xəstələnmişdim, indi hiss edirəm ki, həyat get-gedə gözəlləşir. Doğrudur, çəkişmələr, dünyəvi hadisələr, insan psixologiyasına mənfi mənada təsir edə biləcək hadisələrlə doludur dünya, amma Azərbaycanın son vaxtlar əldə edə bildiyi uğurları görəndə, xüsusilə Qarabağ torpaqlarının, itirilmiş torpaqların geri qaytarıldığını görəndə adam yaşamaq istəyir. Adam Qarabağın gələcəyini görmək istəyir, Qarabağın gözəlliyini görmək istəyirsən. Amma əldən gedənlərçün də təəssüflənirsən, indi ele şeylər gedib ki, onları geri qaytarmaq qeyri-mümkündür. Məsələn, ola bilər ki, bizim kəndimizdən də gözəl kənd tikəcəklər, Qarabağdan da gözəl Qarabağ yaradacaqlar, amma Qarabağ olmayacaq, ovaxtki gördüklərimiz olmayacaq. Yeni bir psixologiya yaranacaq, yeni bir nəsil yaranacaq, amma adam yenə də görmək istəyir, yenilikləri görmək istəyir, xalqını, dövlətini görmək istəyir, biləsən ki, sən doğrudan da qədim dövlətə və dövlətçiliyə malik olan bir xalqsan və bu gün həmin o möhkəm özüllər üzərində dövlətini yarada bilmisən, qoruya bilirsən. Bu mənada adam Azərbaycan ordusunda xidmət göstərən oğulları, xüsusilə Şuşanın geri qaytarılmasında xidmət edən oğulları, qollarına ildırımları dolayıb hücuma keçən oğulları bağrına basıb öpmək istəyir. Şəhidlərimizin ruhu şad olsun. Azərbaycan övladları canlarından keçdi və elə bilirəm ki, siyasi mənada da Xalq və İqtidar birliyi yarandı. Əgər yaranmasa idi, əgər türkləşmə getməsə idi, Türkiyə dövləti kimi bir dövlət Azərbaycana mən burdayam deməsə idi, bəlkə də bizim işlərimiz yenə də yaxşı getməzdi. Çox şükür həyat bu mənada gözəlləşir və adam istəyir hey yaşasın.
-Sizin ana vətəniniz Füzuli azad olundu, 30 ilin həsrəti bitdi. Ağsaqqal yazar kimi azad olunmuş torpaqlarımızın bundan sonrakı mədəni həyatını necə görmək istərdiniz?
-Füzuli torpağı bilirsiniz də Muğam Mərkəzi olub. Seyid Şuşinski Füzulidəndir, Zülfü Adıgözəlov Füzulidəndir, Ağabala Abdullayev Füzulidəndir, yəni muğamatın, muğamın özəyinin Qarabağ torpağında olması bir daha deyir ki, buranın gələcəyi var. O gələcək Allahın köməkliyi ilə olacaq. Yüksək mədəni dəyərlər yenidən yaranacaq, yenidən Füzulidə o mədəniyyət ocaqları yarancaq. Füzilidə böyük mədəniyyət evi var idi, görüşlər keçirilərdi, İslam Rzayev və başqaları gələrdi. Mənim heç yadımdan çıxmaz, orada poeziya gecəsi keçirilirdi, mən məxmər pencəyimi Çingiz Əlioğluna saxlaması üçün verdim, girdim poeziya gecəsinə, qulaq asdım. Elə günlər olub, Füzulinin o cür coşub çağlayan günləri olub. O vaxtlar yenidən başlayacaq. Füzilidə də, Ağdamda da, Şuşada da Allahın köməkliyi ilə həyat yenidən qaynayacaq. Kəlbəcər kimi gözəl bir yer, Laçın kimi dağların zirvəsində yerləşən, dağların tacına bənzəyən yer düşmən tapdağında qala bilməzdi. Doğrudan da, Ulu Öndər Heydər Əliyev çox gözəl qeyd etmişdi, “Biz ora qayıdacayıq, hökmən qayıdacayıq”. Və xoş ki biz yenidən Şuşanı ala bildik, biz yenidən itən torpaqları qaytara bildik, adam kövrəlir bunları danışdıqca, gördükcə, hiss etdikcə, Allahin izni ilə işıqlı və çox gözəl görürəm gələcəyimizi. (kövrəlir -red.)
-Haqqınızda yazılan yazıların hər birində həsrət qaldığınız kəndə qovuşmaq arzusunu dilə gətirirdi müəlliflər. O arzuların çin olacağına inamınız necə idi?
-Arada mən o inamı itirmişdim.
Öldü kəndim,arxam gümanım öldü,
Ey Vətən, torpağın, daşın sağ olsun.
Mənim yaşamağa inamım öldü,
Heç deyən olmadı, başın sağ olsun.
Elə bil yaşamağa inamım ölmüşdü, çünki inandığım hər şey əldən getmişdi. Birdən-birə elə bil ki, bəlkə, Allahın möcüzəsi idi, bəlkə də Azərbaycan oğullarının təpəri idi, o yenidən ruhun dirçəlməsi forması idi, yenidən özünə qayıtdı. Və onda mənim arzularım çox böyük oldu ki, biz yenidən torpaqlarımıza qayıdacağıq, torpaqlarımızı görəcəyik. Və gördük uzaqdan da olsa, gördük (gülür -red.). Sevindim ki, mənə Şuşadan su göndərdilər, Veysəllidən su göndərdilər mənə. Açığı, eşitdim ki, qəbiristanlıqları dağıdıblar. Ona görə getmirəm ki, atamın qəbrinin dağıdıldığını görsəm, elə orda da qalasıyam. İnanırsan, yada salanda adamın tükləri qalxır ayağa, bu vicdansızlar bizə nələr ediblər. Çörəyimizi yemisiniz də, a bədxahlar, a çörəkləri dizinin üstə olanlar, biz sizə neyləmişik axı? Qonşuluq etmişik, evinizdə heç nəyiniz olmayıb, bizdən sizə pay gedib, insan sifətinə məxsus olmayan bütün keyfiyyətlər bunlarda var. Hətta, cəngəllikdə yaşayan vəhşilər belə etməz. Yenə min şükür, Azərbaycanın Milli Ordusu, Azərbaycanın apardığı dövlət siyasəti, Xalq-İqtidar birliyi və Cənab Prezidentin - Ali Baş Komandanın apardığı siyasət, əvvəldən axıra qədər “Qarabağ Azərbaycandır” deməyi, həm dildə şüara çevirildi, həm də əməldə özünü doğrultmağa başladı. Hər şey ona xidmət etdi ki, Qarabağ Azərbaycandır! Bizim olmalı idi, bizim özümüzündür, öz torpağımızdır.
-80-i keçmiş bir yazar kimi ədəbiyyatımızın saysız-hesabsız böyük sənətkarları ilə ünsiyyətiniz olub. Xatirələriniz çoxdur təbii ki.
- Yaxşı məqama toxundunuz. Ədəbiyyat haqqında fikirləşəndə, korifeylərimiz haqqında düşünəndə mən çox möhtərəm adamlarla görüşmüşəm. Çox zəngin, mənəviyyatı zəngin insanlarla görüşmüşəm. Məsələn, mən Mehdi Hüseyn haqqında kiçik bir xatirə deyim sizə. Deməli, o vaxtları dəbdə idi, hamımız Arazı tənqid edirdik, Araz ilandır, Araz cəlladdır, hərə bir şeir yazırdı, az qalmışdıq hamımız Arazı boğazından asaq (gülür –red.). Mənim də bir yazım var idi.
Torpağı yandırıb, yaxır Araz,
Arazdı bir qəlbi ikiyə parçalayan.
Parçalanmış qəlbimin, qanıdır Araz.
Bu şeirimi oxuyurdum, Osman Sarıvəllinin otağında, Gənclər günündə. Bu vaxt Mehdi Hüseyn girdi içəri, belə baxdı, dedi: ”Cavan oğlan, ürəyin də o qədər qanı olar?” Dedim, o boyda ürəyin qanı da o boyda olar. Azərbaycan boyda ürəyin qanı da Araz qədər olar. Güldü, dedi: ”Osman, bu, aşıq olmağına aşıqdır”. Elə orda mənim şeirlərimi çap etdilər.
Çox böyük nasirimiz Fərman Kərimzadə, həm də rəssam idi. Ədəbi aləmə gəlirdi, hekayələrini oxuyurdu, amma o qədər utancaq idi, heç yerə getmirdi .Mən girdim onun qoluna, gətirdim Əbülhəsən Ələkbərzadənin yanına. Dedim, böyük yazıçıdır, xahiş edirəm dinləyin və yazılarını çap edin. Üç böyük hekayəsini “Azərbaycan” jurnalında çap etdilər. ”Sonuncu eksponat” və.s. Bu hekayə çap olunanda, məni əsgərliyə göndərdilər. Sonradan Əbülhəsən dedi ki, sən deyən hekayələr, çap olundu.
Xəlil Rza Ulutürk ilə bağlı, Süleyman Rüstəm ilə bağlı da xatirələrim var. Süleyman Rüstəm çox xeyirxah adam idi. Mən deyim ki, bir yazı oxudum. Lirik poema, “Bir gecəlik ayrılıq” adında, xoşlarına gəldi. O vaxt Tofıq Bayram “Ulduz”jurnalında işləyirdi və Tofiq Bayramdan yazı keçirmək mümkün deyildi. Çox tələbkar yazar idi, o qoymazdı, pis yazı getsin “Ulduz”jurnalında. Mənim poemam xoşlarına gəldi. Tofiq Bayram dedi: ”Əşrəf, gəl belə edək, mən də yazaram bunun haqqında, amma istəmirəm. İstəyirəm ki, xalq yazıçısı yazsın sənin haqqında”. Dedim, hə nə olar. O götürdü və təqdim etdi Süleyman Rüstəmə. Az keçdi, bir də gördüm “Azərbaycan Gəncləri“ həmin poemamı verib, Süleyman Rüstəmin uğurlu yolu ilə. Orda Süleyman Rüstəm yazmışdı ki, Azərbaycanın bütün mətbuat orqanlarının qapısı bu gəncin üzünə açıq olmalıdır. Özünün 70-dən yuxarı yaşı vardı, 6-cı mərtəbədə yerləşirdi “Azərbaycan Gənclər”jurnalı, özü oraya qalxıb yazını təqdim etmişdi. Mən onunla əyani şəkildə görüşə bilmədim, telefonla zəng vurdum, təşəkkür etdim. Dedi, , sənin şeirini evdə arvad da əzbərdən bilir.
Maraqlı hadisələr çoxdur, hamısın danışsam qurtarmaz. Əli Kərimlə də yaxın ünsiyyətdə olmuşuq. O vaxtlar mənim “Ulduz “jurnalında şeirlərim çap olunmuşdu, “Səadət”, bir də, “Küknar haqqında ballada” şeirlərim. O şeirləri oxumuşdu və xoşuna gəlmişdi. Təbrik elədi məni. Əli çox incə yumora, incə zarafata və çox poetik tutuma malik olan dünyaya sahib idi. Onun ilk efir yazısı da Sumqayıtdan gedib. Sumqayıtda Feyzi Mustafayev yaşayırdı, Əli Kərim haqqında “Dinmə, ey kədər “ kitabını ilk Feyzi Mustafayev yazıb. Feyzigildə Əli Kərimlini dindirmişik, bizə şeirlər oxuyub. ”Zoya kimi”,”Qaytar ana borcunu“, “İlk Sevgi” - bax bu şeirləri öz ifasında səsləndirib. Bu şeirlər radioda gedib, o vaxt Feyzi Mustafayev təqdim edib. Əli Kərim Sumqayıtla bilavasitə əlaqədə idi, həm də Əli Kərimin bir əsəri var idi, istəyirdi ki, Sumqayıt Teatrında tamaşaya qoyulsun. Şəkidə qoymuşdular, adı “Ürək güzgüsü” idi. Maraqlı mövzu idi. Belə ki, hər kəs öz ürəyinin təmizliyindən danışır, hamı deyir mənim ürəyim təmizdir. Bir nəfər ürək güzgüsü adlı aparat kəşf edir. Deyir, kimin ürəyi təmizdirsə, gəlsin baxaq. Heç kim yaxın getmir (gülür –red.). Əli Kərim Sumqayıtda yaşayarkən tez-tez poeziya görüşlərində olurdu. Əli Kərim görüşlərin birində dedi ki, mən arzu edirəm, Sumqayıtda poeziya klubu və ya poeziya teatrı yaransın. Bu, Əlinin arzusuydu. Uzun müddət biz mübarizə apardıq ki, ”Əli Kərim” Poeziya klubu yaransın. Poeziya klubu yarandı, ancaq Əli Kərimin adın vermirdilər. O vaxt Əli Kərimi başqa cür tanıyırdılar. Onda deyirdilər, Səməd Vurğunun adını vermək lazımdır. Mən etiraz etdim. Əyani şəkildə etiraz etdim və sübut etdim ki, Əli Kərim də Əli Kərimdir. Səməd Vurğun sevimli şairimizdir, Xalq şairimizdir, adına çox şeylər var. Kitabxanamız var, küçəmiz var, ən böyük Mədəniyyət ssarayı onun adınadır, ancaq Əli Kərim adına heç nəyimiz yoxdur. Ondan sonra razılaşıb Əli Kərimin adın təsdiqlədilər. ”Əli Kərim” Poeziya evi beləcə yarandı. Min şükür, hal-hazırda həmin poeziya evi çox böyük və çox gözəldir. Sumqayıtın bir ədəbiyyat ocağına çevirilib. Əli Kərim heç vaxt yaddan çıxmayan, sözün əsl mənasında poeziya adamı idi, şeir adamı idi. Çox böyük sənətkar idi.
-Sumqayıt özünəməxsus ədəbi mühiti ilə fərqli bir şəhərdir. Bakı ilə iç-içə olduğu qədər də, fərqli abu-havası da var. Necə analiz edərdiniz bu özəlliyi?
-Çox düzdür. Əvvəla, bir şey deyim ki, Sumqayıtda ilk dəfə SSRİ Yazıçılar Birliyinin üzvü mən olmuşam. Məndən əvvəl bir nəfər olub, ancaq o, azərbaycanlı deyildi. Mən Sumqayıta gələndə, gördüm burada ədəbi mühit var. Xasay Cahangirov ədəbi birliyə rəhbərlik edirdi. Sonra Qulam Feyzullayev var idi. Qəzəllər müəllifiydi, əruzda yazanlardan idi. Yəni, baxırdın ki, burada ədəbi mühit var, ancaq o səviyyədə deyil ki, burada böyük görüşlər keçirilsin. Vaqif İbrahimin poeziya evinə rəhbərliyi ilə, Sumqayıtda ciddi mənada ədəbiyyata gəliş, ədəbiyyata ciddi münasibət başladı.Və deyim ki, hər şey münasibətdən asılıdır. Kim nə deyir, desin, hər şey münasibətlərdən asılıdır. O vaxt mən işsiz idim. Sumqayıtda mədəniyyət şöbəsinin müdiri bilirsən kim olub? Erməni. Ticarət şöbəsinin müdiri, bilirsən kim olub? Erməni.Tamara var idi, Rəsulova Tamara. Bizim mədəniyyətin rəhbəri o idi. Onun atası azərbaycanlı idi, anası erməni idi. O da şeirlər yazırdı, ancaq rusca yazırdı. Elə oldu ki, Vaqif bir fənd işlətdi, dedi: “Əşrəf, sən işsizsən, Tamara xanımın şeirlərindən, bir-ikisini Azərbaycan dilinə tərcümə et, o sənə bir ştat versin”. Mən də onun şeirlərindən bir-iki bənd tərcümə etdim, elə-belə tərcümə etdim, boğazdan yuxarı (gülür –red). Tamara xanımın xoşuna gəldi, dedi yaxşıdır və mənə iş verdi. Beləcə, Sumqayıtın mədəniyyət şöbəsinin müdiri olan erməni qadına kəf gəldik. Mənə nə iş verdi? Şahmat klubunun direktoru işini (gülür –red.). Halbuki, mən ömrümdə şahmat oynamamışam. Şahmat nədir, bilmirəm, dama nədir bilmirəm. Şeirimdə də var:
Gör məni hayana atdı günlərim,
Nə çalım fəryadı qırıq simlə mən,
Piyada qaldılar, atlı günlərim,
Şahmat oynayıram, taleyimlə mən.
Mən oldum şahmat klubunun direktoru. Elə oldu ki, yavaş -yavaş poeziya klubu ilə şahmat klubu cütləşdi, eyni binada yerləşdirildi. Birinci mərtəbə şahmat klubu oldu, ikinci mərtəbə poeziya klubu oldu. Axırda gördülər mən ədəbiyyat adamıyam, məni verdilər poeziya klubuna direktor. Ancaq poeziya klubunun yaranma təşəbbüskarlığı, dediyim kimi, Əli Kərimdən gəlmişdi. Çox görüşlər keçirmişik orada. Bunu xatirə kimi deyirəm. Mən universitetdə oxuyurdum, universitetdən çıxıb gələndə bir beşmərtəbəli binanın qabağında çay evi var idi, yanında bir söyüd ağacı var idi, həmin söyüd ağacının yanında Əli Soltan mənim qarşımı kəsdi. Mən onu tanıyırdım, o məni tanımırdı. Mən ondan yaşda balaca idim, o isə yazıçı, şair kimi tanınırdı. Kəsdi qarşımı, dedi, ‘Mən Sumqayıta gedirəm, mənim yol pulum yoxdur. Bacımgilə gedirəm, mənə yol pulu ver”. İnanırsan? Mənim də cibimdə cəmi 50 qəpik pulum vardı, çıxardıb verdim. Dedim, buyur. Olan pulum budur, verirəm sənə. 50qəpiyi aldı, dedi, “Ola bilər ki,bu pulu mən sənə qaytarım, ola bilər ki, qaytarmayım. Ancaq bir şeir demək istəyirəm“. Dedim ki, de. Dedi :
Bəzən düşünürəm, fikrə dalaraq,
Kaş çata bilərdim, yoldaşlarıma.
İllərlə su kimi içdiyim araq,
Bu gün çevrilibdi, göz yaşlarıma.
50 qəpiyə almışam mən bu şeiri ondan. Mən nə etdim? Mən cavan oğlan idim, getdim elektrik qatarına mindim, pulsuz evə gəldim (gülür –red.).
-Bu günlərdə yenə möhtəşəm Vaqif poeziya günləri Şuşada baş tutdu. Ədəbiyyat aurasında Şuşa necə görünür?
-Şuşa haqqında son dövrlərdə xeyli əsərlər yarandı. Hətta, zəfərimiz haqqında “Zəfər dastanı”,”Qələbə yolları” və s. şeirlər yazdılar. Xalq şairi Nəriman Həsənzadədən tutmuş, Şəki ədəbi mühitinin rəhbəri Vaqif Aslana kimi Şuşa haqqında yazılar getdi. Müəyyən mənada özüm oxumuşam, özüm oxuya bilmədiklərimi də nəvəmə demişəm, o oxuyub. Şuşanın itirilməsi, Azərbaycanın papağının itməsi demək idi. Azərbaycan papağını, bayrağını itirmişdi. Dünyada dağlar çoxdu, amma heç bir dağlar nəğmə oxumur. Bizdə isə dağlarımız Şuşa nəğməsi oxuyur və mən o nəğməni görmək istəyirdim, duymaq istəyirdim yazılarda. Və bəzi uğurlu yazılar da var, amma mən deyən səviyyədə, yüksək səviyyədə olan yazılara mən rast gəlməmişəm. Orada Azərbaycan əsgərinin şücaətindən bəhs edə bilən, onların qəhramanlıqlarını heç olmasa ifadə edə bilən şeirlər səslənməlidir. Bilirsiniz, Azərbaycan qadını müharibə dövründə şəhid tabutunun altına girib, aparıb dəfn etməyə. Qurban olum sənə, bu poeziyadır, biz hələ şeirdə bunu ifadə edə bilməmişik. Yəni, bizim Xalq daha böyük əsərlərə layiqdir, daha qiymətli qəhramanlıqlara layiqdir ədəbiyyatda. Mən vaxtı ilə Şuşa əldən gedəndə Şuşa haqqında bir şeir yazmışdım.
Ay Əşrəf, gülünclər qoy bizə gülsün,
Sızlayan ürəyin yansın, tökülsün.
Başına daş düşsün, yıxılsın, ölsün,
Kimin ki əlindən Şuşası getdi.
Şuşanı itirmək olmaz. Biz Şuşanı qazanmışıq, itirmək ağrılarını yaşadıq, ancaq qazandığımız qələbənin şərafətini, qazandığımız qələbənin hisslərini hələ ədəbiyyatda verə bilməmişik, amma verəcəyik. Bir vaxt burada - Sumqayıtda Nizaminin heykəli olan yerdə bir xatirə qoymuşdular, Rusiya ilə birləşməyimizin (yəni Rusiya tərəfindən işğal olunmağımızın – red.) 150 illiyi ilə əlaqədar. Üzərinə də yazmışdılar, "150illik". Şairlərdən biri baxıb demişdi: ”Bəh-bəh, yüz əlli illik, bəzi şairlərə mövzu verib, düz əlli illik”. İndi 150 il yazasan bizim qələbəmiz barədə, 150 il yetməz. Kaş bu qəhramanlıqlara layiq əsər yaza bilək.
-Düşünürəm ki, bu cür ənənəsi olan ədəbi etkinliklərin çox ciddi təsir imkanları olur cəmiyyətə. 40 illik ənənəyə söykənən Vaqif poeziya günlərindən mühitin canlanması baxımından nə kimi gözləntiləriniz var?
-Elə bil ki, əvvəla Vaqifin məqbərəsi olan yer ən böyük tribunadır. O, Azərbaycanın ən böyük tribunasıdır. Çox maraqlı bir fakt dedilər ki, o gün orada dərədə olan hava sıxlığı ilə, zirvədə olan hava sıxlığı eynidir və dünyanın yeganə yeridir ki, Şuşa dərəsindəki hava ilə, zirvəsindəki hava eynidir. Möcüzədir bu. Elə bilirəm ki, Şuşanın özü, yeri, iqlimi möcüzə olan kimi, onun ədəbi aləmə xidmətləri də Allahın köməkliyi ilə möcüzələrlə nəticələnəcək, gələcəkdə. Çox uğurlu gələcəyini görürəm Şuşanın. Hələ o qədər ora qonaqlar gəlib, gedəcəklər. Bizi vəhşi adlandıranların simaları üzə çıxacaq, başa düşəcəklər ki, dünyanın ən vəhşi milləti ermənilər imiş, sən demə.
-Ustad, Sumqayıtda yazmaq, həm də 50 il, necə görünür ötən illər?
-Bilirsən,Sumqayıtda ədəbi mühit formalaşdı. Var ədəbi mühit, nəticələri də var. Gözəl şairlər var Sumqayıtda.Yəqin, hamısını tanıyırsan cavanlarından tutmuş Sabir Yusifoğluna kimi hamısı yaxşı şairlərdir. Sumqayıtın özündə həyat qaynayır, həmişə də belə olub. Bax, Sovet dönəmində də müxtəlif yerlərdən axıb gələn insanlar var ki, Sumqayıtda yaşayırlar, onların aralarında poetik mənada, ədəbi mənada, ədəbi əlaqələr yaranıb. Burada Həmzə Səfərov yaşayırdı. Sənin yadına gəlməz Həmzə Səfərov çox gözəl rus dilini bilirdi və rus poeziyasını Azərbaycan dilinə tərcümə edirdi. Onun bir şeiri var idi, bir bəndini deyim. Deyir:
Məhəbbətin yollarında qüssədən ,
Səadətdir saçlarıma düşsə, dən.
Məhəbbətsiz ömr eyləyən kimsədən,
Bir aşiqin məzar daşı yaxşıdır.
Həmzə Səfərovun şeiridir. Görürsən nə qədər gözəldir. O gün televizorda qulaq asıram, bizim Seyran çıxış edir. Bir şeir dedi.
Keçmə şairindən, muğənnisindən,
Könlümü o yerə bağlar deyirlər.
Döysən Qarabağda bir uşağı sən,
Muğamat üstündə ağlar deyirlər.
Seyran dedi, əfsuslar olsun ki, bu şeirin müəllifi kimdir, bilmirəm. Amma mən bilirəm, bunun müəllifi Fikrət Cavadovdur. Fikrət deyirdi:
Mən qardaş itirmişəm,ay qardaşı olanlar ,
Mən qardaş itirmişəm,ay qardaşsız qalanlar.
Mən gəlin itirmişəm, hərisi alınmayıb,
Mən beşik itirmişəm, laylası çalınmayıb.
Nə gözəldir. Yəni, Sumqayıt ədəbi mühiti var, poeziyası var. Yəqin, Gülbala Mehdinin yaradıcılığı ilə tanışsan, çox gözəl və inandırıram sizi ki, haqqında ürək dolusu danışıla bilinəcək bir şairdir. Yəni, çoxdur Sumqayıtda yaxşı şairlər. Ədəbi mühitin özünün formalaşmasında burada ləyaqətli insanların yaşaması vacib amildir. Mən burda bir adam tanıyırdım, daha doğrusu gənclik illərimdə qollarımdan yapışan, mənə dayaq duran insanlardan biriydi, Zəbi Abdullayev. Çox zəngin bir kişi idi. Uzun müddət ikinci katib işləmişdi Xızıda. Ələkbər Cavadov var idi, Qubanın birinci katibi işləyirdi, Mircəfər Bağırovun dövründə. Yəni, deyirəm bunlar zəngin adamlar idi. Zəbi ilə nə hər adam ədəbiyyatdan danışa bilərdi, nə də dini söhbətlər etmək olardı. Çox savadlı adam idi, Zəbi Abdullayev. O, həmişə Füzulidən misallar gətirirdi. Klassik ədəbiyyatı gözəl bilirdi. Bizim bəxtimiz elə gətirdi ki, biz tədbirlərdə onları gördük. Sonra elə oldu ki, bizim Sumqayıtda ədəbi məclisə Süleyman Rüstəm, poeziya evinə isə Rəsul Rza rəhbərlik etdi. Yəni, Azərbaycan Xalq şairləri bir növ bağlanmışdılar Sumqayıta. Həm ədəbi-bədii tədbirlər, həm ədəbi-bədii gecələr, kitab müzakirələri bol olurdu, ümumiyyətlə, canlanırdı həyat.”Canlanır hər qarış yer Sumqayıtda” - bu sözlər həqiqətən də həqiqətə uyğun sözlər idi. Ona görə də Sumqayıtda yaxşı yazarlar çoxdu.
-Əşrəf müəllim, yaş baxımından yanaşsaq, nəsildaslarınızla müqayisədə kitablarınız elə də çox çap olunmayıb. Bunun səbəbi nədədir?
-Açığı deyim sənə, gənclik illərində hələ universitetdə oxuyurdum, mən Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda bir poema oxudum. “Anama oxşayır bu torpaq” adlı poema idi. O vaxt tədbirə Cəlil Əlibəyov rəhbərlik edirdi. Cabir Novruz, Nəriman Həsənzadə, Xəlil Rza Ulutürk və s. şairlər hamısı qalxdılar və müdafiə etdilər ki, çox gözəl poemadır və qərara gəldilər ki, poema çap olunsun, “Azərbaycan Gəncləri” qəzetində. Apardılar çap etməyə, mən də gözü yolda, kənddən gəlmiş uşaq, inanın, onlar aparan yeganə nüsxə idi. Əsgərlikdə yazmışdım həmin poemanı. Poemanın məzmunu belə ki, əsgərlikdə silahlara qulluq edən bir adamdır, gecə-gündüz silahları təmizləyir, amma kənddə anasını qoşa lülədən açılan güllə öldürüb. Bir növ, silahlanmanın əleyhinə gedən əsər idi.15 gün sonra gəldilər ki, bəs Əşrəf, yazını itirmişik yeni variantını ver. Sən təsəvvür et, mən necə olaram? Təxminən səkkiz yüz, min misranı mən necə bərpa edim? O qədər acığım tutdu, ədəbiyyatdan küsdüm.15 il əlimə qələm götürmədim, yazmadım. Sonra fikirləşdim, kimə nə edirəm? Özümə pislik edirəm. Yenidən başladım yazmağa. Həm də mən çox yazmağın da tərəfdarı deyiləm. Səksən şeir kitabı olar? Şeir kitabı olar 3 ədəd, uzağı 5 ədəd, səksən şeir kitabı nəyə lazımdır? Həm də, mən özümə qarşı çox tələbkaram, hər şeyi qələmə almaq istəmirəm. İlham yapışır yaxamdan, buraxmır ha, yaz məni deyir, bax onda istəyirəm yazam. Ona görə də azdır şeirlərimin sayı.
-Yeni şeirlər varmı?
-Bəli, var yeni şeirlər. Ancaq belədir ki, əzbər yadımda qalmır. İstəsən, oğlum göndərər.
-Bilirəm ki, ədəbi mətbuatı diqqətlə izləyirsiniz. Yeni nəsil yazarlar haqda düşüncələriniz maraqlıdır.
- Onu bilirəm ki, çox istedadlı gənclər var. Fərid Hüseyn, Şəhriyar del Gerani, Aqşin Yenisey - bu yazarlar mənim diqqətimi çəkən yazarlardı. Neftçalada bir şair var, Elnur Abdıyev. Sosial şəbəkələrdə oxuyuram onun yazılarını, “Ədəbiyyat”da oxuyuram, Azər Turan tez-tez verir yazılarını. İstedadlı gənclər çoxdur. Gəncədən tutmuş Lerikə qədər. Xanlar Həmid var , eşitmiş olarsan, Lerikdə yaşayır, “Avestanı” Azərbaycan dilinə tərcümə edib. İndi ikinci hissə üzərində işləyir. Mənim Əli Kərim adına Poeziya evinə rəhbərlik etdiyim zamanlarda yanıma gəlib-gedərdi. Bu dəqiqə də mənə ustad deyə müraciət edir. Eləcə də Aybəniz Əlyar çox yaxşı şairədir. Gəncədə gənc yazarlar var, yaxşı yazarlar var, İnqilab İsaq, Sahib İbrahimov, yaxşı yazarlar çoxdur. Hamısını əzbər yadda saxlamaq olmur, yaşımın da o vaxtı deyil, hamısı yadımda qalmır (gülür –red.). Amma oxuduğum yazarlar içərisində baxıram ki, istedadlıları var. Həm də fəxr edə biləcəyim, o cümlədən sənin özün, Əkbər, yəni, çoxdur yazarlar, Allah canların saxlasın.
-Təşəkkür edirəm maraqlı söhbət üçün.
-Mən də təşəkkür edirəm, xoş gəldin bizim Sumqayıta.
“Ədəbiyyat və incəsənət”
(23.07.2025)
Yusif Səmədoğlunun “Soyuq daş” hekayəsi
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
YUSİF SƏMƏDOĞLU
SOYUQ DAŞ
Hekayə
Cığırın qırağındakı, üstünə işıq düşəndə gümüşdən tökülmüş kimi görünən bu hamar daş vaxtilə dağların başından axıb çağlaya-çağlaya bu yerlərdən keçən böyük bir çaydan yadigar qalmışdı.
Havalar yaxşı keçəndə, yağış, duman olmayanda, oğlan hər gecə meşəyə gəlir, bu daşın üstündə oturub papiros yandırır, düşünür, meşənin hənirtisinə qulaq asır.
Ona elə gəlir ki, göydən otların, yarpaqların üstünə görünməz damlalar düşür, parçalanıb cingildəyir.
Bu cingilti ona yuxuda eşitdiyi musiqini andırır. O, həmişə yuxuda musiqi eşidir və qəribə-qəribə rənglər görür. Səhərlər bu musiqini, rəngləri yadına salmaq istəyir, lakin heç bir şey xatırlaya bilməyib əzab çəkir...
Qız xırda və səssiz addımlarla ağacların arasından çıxıb oğlana yanaşanda o, yerindən qalxır, salam vermədən, dinməz-söyləməz pencəyini çıxarıb qızın çiyninə salır. Qız həmişə bilə-bilə nazik paltarda gəlir ki, oğlanın pencəyinə bürünsün.
Bu gecə qız gecikir, ay lap yuxarı qalxanda, ağacların kölgələri qısalanda gəlir. Gəlir və uzaqda dayanır. Oğlan durur, pencəyinin düymələrini aça-aça qıza yanaşır… Qızın əynindəki ağ yun jaketi görüb pencəyini çıxarmır, nəsə demək istəyir, ancaq demir, geri dönüb daşın üstündə oturur. Və birdən ona elə gəlir ki, eynilə yuxuda gördüyü kimi, indicə ağacların arasından qara bir duman qıvrıla-qıvrıla axıb qızı aparacaq, o isə heç bir müqavimət göstərə bilməyib oturduğu yerdəcə çapalayacaq.
Xeyli keçir. Qız ağaca söykənib budaqların arasından göyə baxır. Oğlan başını aşağı salıb papirosunu çəkir.
Sakitlikdir. Hardasa uzaqlarda qurbağalar boşboğazlıq edirlər. Ayın işığı qocaman palıdların arasından süzülüb sanki oğlanın ayaqları altına ağ tül sərmişdir. Tez-tez koldan-kola sıçrayan xırdaca gecə kəpənəklərinin ağ qanadları işıldayır. Oğlana elə gəlir ki, bunlar ayın şüalarından qopub ovuc-ovuc havaya səpələnən mirvari dənələridir. Deyəsən, birdən meh əsir, yuxarıda, oğlanın başı üstündə yarpaqlar xışıldaşır. Yarpaqlar tez də susurlar.
Qız pıçıldayır:
– Ulduz axdı...
Oğlan başa düşür ki, qız bu sözləri elə-belə, yalnız aradakı gərgin və darıxdırıcı sükutu pozmaq üçün deyir. Dünən gecə də o, əvvəlcə ulduzdan başlamışdı, sonra oğlanın cavab vermədiyini, başını aşağı salıb hey papiros çəkdiyini görüb yersiz-yersiz gülmüş və gedənə kimi qonaqlarından danışmışdı. Beş-altı gün bundan qabaq atası Mədət müəllimin köhnə dostunun oğlu onlara qonaq gəlmişdi. Qızın dediyinə görə, cavan qonaq bu yaxınlarda dünya səyahətindən qayıtmışdı. Hər gün ev yiyələrini başına toplayıb qəribə-qəribə söhbətlər eləyirdi...
Qız yaxına gəlib oğlanla üzbəüz dayanır.
– Niyə dinmirsən?
Oğlan başını qaldırır.
– Heç… Sən danış görək, qonağınız nə deyir.
– Çox şey. Dünyanı dolanıb gəlib. Elə şeylər danışır ki...
Oğlan qızın sözlərini yox, səsini dinləyir. O, həmişə belə edir. Bu səsə qulaq asa-asa gözlərini yumur, xəyalında qızın sifətinə baxır. Onun nazik qara qaşları var. Gözləri həmişə bir rəngdə olmur, səhərlər tutqun görünür, axşamlar isə elə bil mavi işıq saçır. Oğlana elə gəlir ki, qızın gözləri içində bir-birinin ardınca saysız-hesabsız ulduzlar axır. Danışanda əlini çənəsinə aparır, şəhadət barmağını qatlayıb alt dodağının ortasına qoyur, tez-tez gülümsünür. Nədən söhbət edirsə-etsin, elə bilirsən ki, nağıl danışır...
– Yenə mənə qulaq asmırsan? – deyə qız soruşur.
– Qulağım səndədir. – Oğlan gözlərini açır. – Nə deyir qonağınız?
– İtaliyadan çox danışır. Deyir ki, italyan qızları çox gözəldilər, lap mələk kimi. Bütün günü kafedə oturub limonad içirlər. Deyir ki, Romada qəribə restoranlar var, lüt arvadlar oynayırlar...
– Elə şey ola bilməz, – deyə oğlan başını bulayır. – Qonağınız yalan danışır.
Qız səsini ucaldıb nədənsə hirsli-hirsli cavab verir:
– Yalan-zad demir. Özün bizdə olsaydın, eşidərdin. Eh, əlqərəz, bütün dedikləri nağıla bənzəyir.
– Bizim nağıllarda mən nə restorana rast gəlmişəm, nə də lüt arvadlara.
– Mən ümumiyyətlə deyirəm.
Qız kəsik-kəsik nəfəs alır. Oğlan bircə anlığa onu çılpaq təsəvvür etmək istəyir.
Lakin ona elə gəlir ki, utandığından qulaqlarının ucu da qızarır.
Qız soruşur:
– Sən istərdinmi İtaliyaya gedəsən?
– Mənim İtaliyada nə işim var?
– Elə-belə. Gəzməyə.
– Niyə istəməzdim, pis olmazdı.
Qız gəzişməyə başlayır. Onun ayaqları altında qalıb əzilən yarpaqların xışıltısından yaxındakı ağacın budaqları arasından bir quş pırıltı ilə qalxıb o dəqiqə də yox olur, elə bil qaranlığa daş atırlar.
Oğlan düşünür ki, çox zaman belə olur. Görürsən ki, yad bir nəfəs, sakitliyini, rahatlığını pozan gözlənilməz və yeni bir səs səni yuxudan eləyir, yuvandan didərgin salır, bu balaca quş kimi budağından qopub qaranlıqda yoxa çıxırsan.
– Niyə oturmursan? – deyə oğlan təzə papiros çıxarıb yandırır. Kibritin zəif işığı altında daş bircə anlığa parıldayır. Sanki bu soyuq parıltı oğlandan soruşur ki, qızın yeri niyə boşdur? Oğlan qıza baxır. – Gəl əyləş.
Qız cavab verir:
– Daş soyuqdur.
Oğlan fikirləşir ki, əvvəllər qız saatlarla daşın üstündə oturub başını onun çiyninə söykərdi. Deyərdi ki, bu bizim daşımızdır.
– Qonağınız çox qalacaq?
– Allah bilir...
– Niyə gəliblər ki?
Qız irəli yeriyib yenə oğlanla üzbəüz dayanır.
– Anası deyir ki, oğlum evlənmək fikrinə düşüb. Özü də rayon yerindən qız almaq istəyir.
– Şəhərdə qız qəhətdir?
– Deyir, şəhər qızları ərə getməmişdən min fırıldaqdan çıxırlar.
– Qələt eləyir!
– Qələt-zad eləmir. Düz deyir. – Qız geri dönür, yenə gəzişməyə başlayır, sonra bayaq durub göyə baxdığı yerdə dayanaraq ağaca söykənir və soruşur:
– Bilmirəm sənin niyə ondan xoşun gəlmir.
– Mən dedim ki, xoşum gəlmir?
Qız cavab vermir. Oğlan papirosunu yerə tullayır, tapdalayıb söndürür. Soruşur:
– Gözaltısı varmı?
– Allah bilir...
Susurlar. Ayın qabağından bulud keçir. Ətraf qaranlıqlaşır. Palıdların işıldayan gövdələri görünməz olur. Yarpaqların torpağın üstünə naxışlar vurmuş kölgələri elə bil buxarlanıb havaya qalxır. Yenə meh əsir, ancaq bu dəfə meh elə bil ötüb keçmir, ağacların budaqlarına ilişib qalır.
Hava sərinləşir. Oğlan qalxıb pencəyini qıza vermək istəyir. Ancaq birdən yadına düşür ki, qızın əynində yun jaketi var.
– Yaxşı, qonağınız nə sənətin sahibidir? – deyə bir azdan oğlan sükutu pozur.
– Elmlər namizədidir. Maşını da var...
– Sənətini soruşuram.
– Dedim də. Elmlər namizədi… – Qızın səsi birdən-birə dəyişir, elə bil batmışdı, indi açılır. O, başını qaldırıb yenə budaqların arasından göyə baxır və davam edir. – Oxuyanda eynək taxır… Qalın-qalın kitablar oxuyur. Hər gün üzünü qırxır. Çox mədəni adamdır… Bir dəfə bizim çayxanaya getmişdi, elə-belə, yolu düşmüşdü. Qayıdanda dedi ki, sizin rayonun kişilərində mədəniyyət-zad yoxdur. Əllərini də yumurlar, hamısının əli kirdən qapqara qaralıb. Deyir...
Oğlan özünü saxlaya bilmir, qızın sözünü ağzında qoyur:
– Qonağınıza de ki, o əllərdəki kir deyil, torpağın rəngidir, – deyir və özü öz səsinə heyrət edir. O, ömründə qızla belə sərt danışmamışdı.
Qız danışmır, deyəsən, oğlandan qorxur. Oğlan isə yenə başını aşağı salıb ürəyindəki yanğını tüstü ilə söndürmək istəyirmiş kimi, papirosunu dərindən sümürür. Tüstü boğazını dalayıb içəri dolanda o, ciyərlərində xoşagəlməz bir istilik hiss edir. Nəfəsi kəsilə-kəsilə öskürür. Həmişə olduğu kimi, indi də qızın tələsik addımlarla yaxına gələcəyini gözləyir. Ancaq qız yerindən tərpənmir. Elə bil bu boğuq öskürəyi heç eşitmir də...
Oğlan güclə sezilən bir istehza ilə soruşur:
– Qonağınız papiros çəkirmi?
– Yox.
– Niyə?
– Niyəsi yoxdur ki!.. Kişi canının qədrini bilir də.
Yenə susurlar.
Meh get-gedə güclənir. Yarpaqların xışıltısı yeknəsəq uğultuya çevrilir. Oğlanın burnuna nəmli və tanış bir iy dolur. Bu, meşənin qurtaracağında axan çayın sağ sahilinə yaxın, yarıya qədər suya batmış nəhəng qayaların yan-yörəsindən sallanan yosunların iyidir. “Sabah yağış olacaq”, – deyə oğlan düşünür. Çünki bu külək yenə də uzaqlardan, üfüq boyu uzanan qarlı dağların arxasından nəhəng, kömür kimi qara buludları gətirəcək, yağış ən azı iki gün şırhaşır tökəcək, meşənin bu yerində palçıq dizə çıxacaqdır.
Qız evdə oturub yenə şəhərli qonağın İtaliyadan, Yunanıstandan etdiyi söhbətləri dinləyəcək, o isə səhər alaqaranlıqda durub işə gedəcək, dərsini deyib, şər qarışan vaxtı yorğun-arğın evə qayıdacaq, səhərdən qalıb soyumuş çaydan bircə stəkan içib üzüqoylu çarpayıya səriləcəkdir. Həmişə olduğu kimi, yenə də o, küləyin hiddətlə pəncərənin tutqun şüşələrinə çırpdığı iri yağış damlalarının boğuq tappıltısına qulaq asacaq, qıllı boynundan sallanıb xəşil kimi yumşaq torpağın üstündə ilansayağı qıvrılan uzun, paslı zəncirini sürüyə-sürüyə, daşa-kəsəyə vura-vura, darvazanın, hasarın əyri mıxlarına ilişdirə-ilişdirə evin həndəvərində dolanan, yazıq-yazıq ulayan qoca köpəyin səsi onu əsəbiləşdirəcəkdir. Hər şeyi qatı dumana bürüyən yağışlı havanın rütubəti onun da balaca otağına dolub yorğan-döşəyi soyudacaq, küncdə mis qazanın içindəki çörəyi yumşaldacaqdır. O, yalnız gecə rahat olacaqdır. Yuxuda yenə musiqi eşidəcək, qəribə-qəribə rənglər görəcəkdir. Gün çıxıb ətrafı isidəndə, yolların, cığırların palçığı qaysaqlanıb quruyanda, meşədən yenə otların şirin qoxusu qalxanda, görəsən, onlar bir də görüşəcəklərmi?..
Oğlan papiros yandırır, kibriti kənara tullayır. Kibrit yanar böcək kimi bir müddət otların arasında parladıqdan sonra sönür. Oğlan nədənsə gülümsünür. Soruşur:
– Demək, bizim rayon qonağımızın xoşuna gəlmir, hə?
– Niyə gəlmir?.. Deyir, çox səfalı yerdir. İtaliyada bir ada var, lap ora oxşayır…
Qız başından yaylığını açıb saçlarını düzəldir. Ayın işığı onun üstünə düşür.
Oğlana elə gəlir ki, qızın saçlarına saysız-hesabsız qığılcımlar tökülür.
Qız yaylığını başına bağlayıb güclə eşidiləcək bir halda köksünü ötürür və dillənir:
– Atam deyir ki, ömründə belə ağıllı oğlan görməyib. Anam da onu yaman tərifləyir.
Oğlan yerindən qalxır, ancaq bircə addım qabağa atıb dayanır. Hansı bir qüvvəsə onu qıza yaxınlaşmağa qoymur. Soruşur:
– Sənin necə, xoşuna gəlirmi?
– Kim?
– Şəhər uşağı.
– Nə bilim… – Qız birdən sözünü kəsir. Çünki hardasa, lap yaxınlıqda it hürür. Oğlan hiss edir ki, söhbətin bu məqamında itin hürməsi qızı sevindirir. Oğlan geri dönüb təzədən oturur və başını aşağı salır.
Ürəyi tanış vurğu ilə döyünməyə başlayır. Atasının cəbhədən qara xəbəri gələndə onun ürəyi eynilə belə döyünmüşdü. Lakin o zaman dərddən, ağır itkidən, kimsəsizlikdən döyünürdü, bəs indi nədən?.. Oğlan heç bir şey başa düşmür. Yalnız sövq-təbii hiss edir ki, indicə nə isə ciddi bir hadisə baş verəcək, dolan bulud boşalacaq. O, başını qaldırıb qıza baxır. Küt bir ürək ağrısı ilə düşünür ki, indi onların arasında ən azı min illik bir məsafə var.
– Niyə oturmursan?
– Dedim də… Daş soyuqdur.
Oğlan yalnız indi hiss edir ki, doğrudan da, daş soyuqdur. Bu soyuqluqdan onun bədəni od tutub yanır.
Qız yaxına gəlir.
– Yaman yorulmuşam, mən gedim.
– Niyə yorulmusan?
Qız nəsə deyir, oğlan heç bir şey eşitmir.
Külək yuxarıda, ağacların üstündə boğuq-boğuq uğuldayır. “Sabah mütləq yağış olacaq”, – deyə oğlan düşünür. Yağış daşın ətrafındakı torpağı yumşaldacaq, xırda otların çoxunu kökündən çıxarıb aparacaq, onun da, qızın da ləpirlərini yuyub yox edəcəkdir. Bu dumanlı-çiskinli havada təsadüfən yolu meşədən düşmüş yolçular bəlkə də bu yerdə ayaq saxlayıb düşünəcəklər ki, bu daşın üstündə hələ heç kəs oturmayıb. Çünki həftələrlə yağışın altında qalan daş yaman soyuq olur.
“Ədəbiyyat və incəsənət”
(23.07.2025)
GAP Antologiyasında Sevər Şəhabinin “Cəhənnəm-cəhənnəm” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Sevər Şəhabidir.
Sevər Şəhabi
Təbriz
CƏHƏNNƏM - CƏHƏNNƏM
Pambıqları təpməmişdən,
Qulağıma yalan qoyun.
Altıma əqrəb döşəyin,
Üstümə də ilan qoyun.
Yalanlara alışmışam,
Zəhər ilə qarışmışam,
Taleyimlə barışmışam,
Baş altıma saman qoyun.
Burada minlər endilər,
Nədənsə çox sevindilər!
Bəlkə orda da mindilər!
Kürəyimə palan qoyun.
“Ədəbiyyat və incəsənət”
(23.07.2025)
Bu gün unudulmaz xanəndə Sabir Mirzəyevin anım günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycanın musiqi sənətində təkrarsız səsi ilə seçilirdi. Milli musiqimizin, xalq mahnılarının, muğam və təsniflərin misilsiz ifaçısıydı. Amma nədənsə, yalnız 64 yaşında Əməkdar artist adına layiq görüldü, Xalq artisti adını haqq edirdi, amma 68 yaşında vəfat etdi.
Bu gün onun anım günüdür…
Söhbət Azərbaycanın əməkdar artisti Sabir Mirzəyevdən gedir. O, 1943-cü ildə Cəlilabad rayonunda anadan olub. Azərbaycan incəsənətinin tanınmış xadimləri sırasında S. Mirzəyevin layiqli yeri vardır. O, əmək fəaliyyətinə 1960-cı ildə başlamışdır və 40 il ərzində Dövlət Filarmoniyasında, "Azərkonsert" birliyində, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şərkətində öz sənəti ilə xalqa xidmət edib.
Tanınmış sənətkarların ifaçılıq ənənələrini ləyaqətlə qoruyub yaşadan S. Mirzəyev eyni zamanda, özünəməxsus ifa üslubu ilə milli musiqi sənətimizi daha da inkişaf etdirib.
Onun ifa etdiyi "Qarabağın maralı", "Şuşanın dağları", "Nazlana-nazlana", "Gülə-gülə", "Aşıqəm" xalq mahnıları, "Cahargah" və "Rast" muğamları qızıl fondunda saxlanılır.
O, Prezident təqaüdçüsü olub. 2007-ci ildə Əməkdar artist adını alıb. 23 iyul 2011-ci ildə Təbrizdəki xəstəxanada vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(23.07.2025)
BİRİ İKİSNDƏ Ulucay Akifin şeirləri ilə
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində sizlər əardıcıl gənc şairlərin şeirləri təqdim edilir. Bu gün Ulucay Akifin şeirləri ilə tanış olacaqsınız.
Məmmədov Ulucay Akif oğlu (Ulucay Akif) 14 may 1995-ci ildə Bakı şəhərində anadan olub. 2013-2019-cu illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində (bakalavr və magistratura) təhsil alıb. “Günəşə atılan mərmilər”, “Gizlənpaç”, “Adını unutduğum qadınlar” və “Bayılda axşamçağı” kitablarının müəllifidir. “Günəşə atılan mərmilər” kitabı Təbrizdə də çap olunub. Şeirləri və hekayələri bir sıra xarici dillərə tərcümə olunub və o ölkələrin mətbu orqanlarında dərc edilib.
2024-cü ildə Prezidentin Sərəncamı ilə gənc yazıçı kimi Gənclər Mükafatına layiq görülüb. 2021-ci ildən Kulis.az ədəbiyyat və mədəniyyət portalının Baş redaktorudur.
BAYILDA AXŞAMÇAĞI
Adın dodağımda çiçəkləyər hər axşamçağı,
hər axşamçağı sən yadıma düşərsən,
günəş qürub edəndə dağların arxasında…
hər axşamçağı sən yadıma düşərsən –
dəniz qoxusu neft qoxusuna qarışanda.
Hər axşamçağı
adamlar ötüb keçəndə yanımdan,
ağaclar ötüb keçəndə yanımdan,
dəniz ötüb keçəndə yanımdan,
sən yadıma düşərsən.
Bibiheybət məscidindən azan səsi
yayılar dağlara,
dalğalara,
yayılar ağaclara,
dənizə,
üzümü tutaram göylərə:
"Ya Rəbb, mən də Sizin bəndənizəm".
Adın dodağımda çiçəkləyər hər axşamçağı,
hər axşamçağı sən yadıma düşərsən.
Salam verərəm tanımadığım balıqçılara,
onlar da alar salamını tanımadıqları bu adamın.
Hər axşamçağı
xəbərsiz gələn bir kədər
çökər şəhərin üstünə,
çökər adamların, dağların,
dənizlərin üstünə.
Və hər axşamçağı
adın çiçəkləyər dodağımda,
hardan gəldiyini bilmədiyim
bir ümid cücərər içimdə.
Ya Rəbb, nə yaxşı ki,
bu şəhərin, ağacların,
bu dənizin, dalğaların,
bu balıqçıların, balıqların
ümidi kədərindən az deyil.
ÖMRÜN XIRMANI
Şərtini şumda kəsmədiyimiz ömrün xırmanındayıq...
Bundan sonra günəş çıxmasa da, olar,
yağış yağsa da, olar...
İndi ömrümün iyirmi yeddi rəfində hamı yerbəyerdi,
bundan sonra dost itirməsəm də, olar,
düşmən qazansam da, olar...
Küləklər sığal çəkər şəhərin səssizliyinə,
daha gündüzlər uzanmasa da, olar,
gecələr qısalsa da, olar...
Mən elə bilirdim,
hamının Allahı var bu Yer üzündə,
daha Allah heç kimin olmasa da, olar,
hamının olsa da, olar...
KÖLGƏ
bu qədər savaş və qanın
ölümlər və yalanın içində
əlimin tərsiylə itələyib bu yumru dünyanı
masamın üstündən
şeir yazmaq istəyirəm sənə,
şeir yazmaq – bacardığım ən gözəl biçimdə...
şeir yazmaq istəyirəm sənə –
üçüncü minilliyin iyirminci ilində
şeir yazmaq –
Adəmin Həvva ilə danışması kimi –
insanoğlunun birinci dilində...
ey sən,
bütün uzaqları özünə məskən bilən!
hansı şəhərin yollarını xoşbəxt edir indi ayaq izlərin?
gündüzlər hansı küçələrdə rəqs edir kölgən,
gecələr hansı otaqlarda gizlənir?
ey sən,
bütün uzaqları özünə məskən bilən!
mən tanıyıram sən yaşayan küçəni də,
şəhəri də, ölkəni də,
tanıyıram səni isidən günəşi də,
səni üşüdən küləyi də,
tanıyıram səmanda uçan quşları,
tanıyıram bütün səndə unudulmuşları...
demirəm ki, o günəşi, quşları,
o küləyi, o küçəni, şəhəri,
demirəm ki, mənə ölkəni göndər...
heç olmasa, heç olmasa hərdənbir,
heç olmasa, heç olmasa gecələr,
heç olmasa mənə kölgəni göndər.
ADINI BİLMƏDİYİM ŞEİR
mən müharibə görməmişəm,
vuruşmamışam Stalinqrad uğrunda,
Berlin divarının qarşısında
qurban getməmişəm bir mərmiyə,
ya da bir at belində,
qılınc-qalxanım əlimdə
atılmamışam döyüş meydanına,
amma bilirəm –
barmaqlar həmişə düşmən olub çəkilən tətiyə...
boğuşmamışam aslanlarla Afrika çöllərində,
hücum etməyib mənə yekədişli bir timsah
Nil çayının sahilində,
heç köpək balığı da görməmişəm,
amma üzmüşəm onlarla bir sularda –
Ağ dənizdə, Qara dənizdə,
qərar verə bilməmişəm heç vaxt,
əsmərlər daha gözəldi, sarışınlar, ya kürənlər?..
çox axtarmışam sevgini ağ bənizdə, qara bənizdə,
güllərin adlarını da bilməmişəm,
amma çox sevmişəm qoxularını,
fərqi nə – adı Bənövşədi, Nərgiz, ya Lalə?
sərxoş olub ayaqyalın gəzmişəm dəniz sahilində,
çox içmişəm eşq şərabından
gecələr dolub, boşalıb piyaləm –
heç küləkləri də tanımamışam,
bilməmişəm adlarını,
hansı xəzridi, hansı gilavar?
amma sevmişəm onları da,
ona görə
pis günlərə yox,
gözəl günlərə “bir külək idi, əsib keçdi” demişəm.
bir külək kimi əsib keçib
adını unutduğum
qadınlar ömrümdən.
heç vaxt görməmişəm,
eşitməmişəm Allahı,
amma həmişə sevmişəm,
ümidlə gözləmişəm O gələcək sabahı...
dua etmişəm İstanbulda məsciddə
Tiflisdə bir kilsədə,
Piterdə sinaqoqda,
həəə, indi yadıma düşdü,
mən eşitmişəm
mən görmüşəm Allahı!
GİZLƏNPAÇ
ucuz ətin şorbası ilə bayram keçirən ailələr
şükür etməyi öyrətdi uşaqlara
bizim balaca məhəllənin
kiçik evlərində...
o uşaqları
nə atalar sözləri aldada bildi,
nə də qorxuda bildi kapitalizmin qəddar marşları...
və beləcə,
kasıb ailələrin uşaqları da
yavaş-yavaş böyüməyə başladı...
O uşaqlar ki,
küçə davalarında
nə döyülənə lağ etdi,
nə döyəni alqışladı,
kin saxlamadı ürəyində.
O uşaqlar ki,
düzəltdiyi ilk oyuncaq
taxtadan silahlar oldu,
müharibənin nəfəsini
hiss etdi kürəyində.
O uşaqlar ki,
bacı, qardaş sözlərinin
qan bağı ilə yaranmadığını bildi;
dost dediklərimiz də
ailəmiz qədər bizdəndi.
Və biz
gizlənpaç oynayanda da
dostlarımızın tapa biləcəyi yerdə gizləndik.
NƏ YAXŞI Kİ...
Nə yaxşı ki, tez gəldin,
iyirmi yaş əladı.
gecikə də bilərdin,
gəlməyə də bilərdin.
bir az da geciksəydin,
yəqin, nişan pozardım.
Otuzumda, bəlkə də,
bezərdim, boşanardım.
qırxda gəlsən, qızımdan
üzr də istəyərdim.
həyat yoldaşıma da
özümü pisləyərdim.
əllidə gəlsən, yəqin,
məşuqluq eyləyərdik,
altmışımda gəlsəydin,
bilmirəm, neyləyərdik?
nə yaxşı ki, tez gəldin,
iyirmi yaş əladı.
gecikə də bilərdin,
gəlməyə də bilərdin.
***
Mərmər döşəməli zallarda
yüksək səslə,
ya da
yaşıl çəmənliklərdə astaca
özündən danışırmış kimi şeir demək
alqış sədaları altında.
Soyuq əlli, isti ürəkli
qadınlara şeir yazmaq
təsəlli taparcasına,
ya da
sevdiyin mahnını
zümzümə etmək
yoluna çıxan hər daş parçasına.
KÜÇƏ LAMPALARI
Küçə lampaları kimi söndü gülüşün
bir-bir, asta-asta, həm də
səhərə yaxın...
İndi sən də
günəşi, sadəcə, görürsən,
istisini hiss etmirsən...
Bilirəm, bilirsən...
indi sən
yazdığım ən gözəl,
yaşadığım ən sevdalı şeir kimisən,
gülüşünü itirmisən...
Yəni
səni tərk edəndən gedə bilmirsənsə,
deməli, ayaqlarının
istifadə müddətini bitirmisən...
çağırıram, gəlmirsən...
Və bir gün
bədənindəki bütün ağrılar xatirəyə,
qəlbindəki ağrılar isə xəritəyə çevrilir...
Sənə heç nə demirəm, eşidirsən?
TARİX KİTABI
Bir tarix kitabı səhifələdim –
üç min il yol getdim bir anda...
Milyonlarla əsgər öldü –
qılınc yarasından, ox yarasından.
Milyonlarla əsgər öldü
adını bilmədiyim,
yaşını bilmədiyim...
Üç min il yol getdim bir anda,
türklər Konstantinopolu fəth etdilər,
adını İstanbul qoydular.
Milyonlarla adam öldü
qalanın o yanında, bu yanında –
adını bilmədiyim,
yaşını bilmədiyim.
Üç min il yol getdim bir anda
İskəndər Hindistana,
Teymurləng Qafqaza,
Napoleon Rusiyaya hücum elədi.
Milyonlarla adam öldü
at belində, fil üstündə –
adını bilmədiyim,
yaşını bilmədiyim.
Bir tarix kitabı səhifələdim,
üç min il yol getdim bir anda
beş-on ad qaldı yadımda –
hamısı hökmdar, sərkərdə və sultan.
Amma milyonlarla adam öldü kitabda –
adını bilmədiyim,
yaşını bilmədiyim.
DARIXMAQ ADLI DİKTATOR
Əllərim yarsa bu gecəni,
yarsa bu dənizləri – Musanın əsasıdır,
bu gecənin ortasında
səni düşünmək – sevginin əsasıdır.
Bu gecənin ortasında
sənə yazmaq –
səhralara düşmüş Məcnuna
bir qurtum sudur.
Bu gecənin ortasında
yazdığım hər söz, hər hərf
darıxmaq adlı diktatorun ordusudur.
Bu gecənin ortasında
əllərim havada
təslim oluram "eşq" adlı quldura,
elə bilmə ki, bu, ölüm qorxusudur...
“Ədəbiyyat və incəsənət”
(23.07.2025)
“Sənə olduğun kimi nifrət etmələri olmadığın kimi sevmələrindən yaxşıdır” – ANDRE JİD
“Ədəbiyyat və incəsənət” portalı Ədəbiyyat üzrə Nobel mükafatçılarının təqdimatını davam etdirir. Rubrikanı İlham Abbasov aparır.
1947-сi ilin ədəbiyyat üzrə Nobel mükafatına namizədlər siyahısında qarşıdakı illərin bir sıra laureatları, o cümlədən bu mükafatı 1948-ci ildə alacaq ingilis yazıçısı Tomas Eliot, 1954-cü ilin Nobel mükafatçısı, ABŞ təmsilçisi Ernest Heminquey, 1958-ci ilin laureatı -- sovet yazıçısı Boris Pasternak kimi görkəmli ədiblər olduğu halda, Nobel Komitəsinin qərarı ilə mükafat “insan probleminin, həqiqətən, qorxusuz sevgi və dərin psixoloji hisslərlə əks etdirildiyi yüksək mənalı bədii əsərlərinə gorə” o dövrdə çox da tanınmayan, yəhudi əsilli Fransa yazıçısı Andre Jidə verildi. Bir insan və şəxsiyyət olaraq son dərəcə ziddiyyətli, bir yazıçı kimi mürəkkəb həyat yolu keçmiş A.Jid özünün bənzərsiz əsərləri ilə ədəbiyyatda gedən yeniləşmə prosesinə güclü təsir göstərmişdi.
Sizə Andre Jid aforizmlərindən seçmələr təqdim edirik.
–İncəsənət və təbiət Yer üzündə rəqib kimi mövcuddur.
– Böyük sənətkar odur ki, qarşısına çıxan maneələrdən tramplin kimi istifadə edə bilir.
– Məxluq nə qədər zəifdirsə, onun üçün dəyişikliklər bir o qədər qorxuludur.
– Təhsil ancaq güclülər üçün faydalıdır.
– İnsan başqa şəxslərin təsirindən qaça bilməz; nə qədər özümüzü qorusaq da, nə qədər ətrafımıza çəpər çəksək də, təsirə məruz qalırıq.
– İnsan öz varlığının bir çox cəhətlərini aça bilmur; yalnız o cəhətləri açır ki, onları izah edə bilir.
– Sənə olduğun kimi nifrət etmələri olmadığın kimi sevmələrindən yaxşıdır.
– İncəsənət sıxıntılar hesabına yaşayır, sərbəstlikdən isə məhv olur.
– Allah qorxusu bitən yerdən müdriklik başlayır.
– Atasının kim olduğunu bilməməsi insanı ona oxşamaqdan xilas edir.
– İnsan xarakterinin səfalətini yalnız uzun sürən ünsiyyətdən sonra anlamaq olur.
– Çox zaman qadın öz sevgisini kişinin boynuna asılqan kimi asır.
– Həyatda o qədər gözəl şeylər var ki, zövqsüzlüyümüz onları görməyə mane olur.
– Başqasının səndən yaxşı edə biləcəyi bir işi heç zaman eləmə.
– İnsanın yaratdıqlarının ən yaxşıları mütləq qəm-kədər ifadə edir.
– Həyatda ən çətin şey nəyə isə uzun müddət ciddi münasibət bəsləməkdir.
– Əlindən xeyir iş gəlmirsə, həyata nə ilə bağlana bilərsən?!
– Hamının əyriliklə yaşadığı dünyada düz adam şarlatan kimi görünür.
– Bizim öz iradəmiz adlandırdığımız şey Allahıln bizi hərəkətə gətirmək üçün istifadə etdiyi ipdir.
– Qadının ağlını dəyərləndirməmək kişilərin ən böyük səhvidir.
– Axşama günün ölümü kimi baxırıq, əslində isə o, yeni günün doğuluşudur.
– Qəlbimiz dini təsəvvürlərə uyduqca real həyat öz mənasını itirir.
– Adi insanın Allahın səsini eşitmək qabiliyyəti yoxdur, qulağımıza həmişə yalnız şeytanın səsi gəlir...
“Ədəbiyyat və incəsənət”
(23.07.2025)
Türk geyim mədəniyyəti: simvolizm və funksionallıq
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portal ilə birgə layihəsində bugünkü mövzumuz türk geyim mədəniyyətidir. Əlbəttə ki, olduqca maraqlı və rəngarəng mövzudur.
Geyim, yalnız örtük deyil, ruhun sükutla danışan səsidir. Qədim türk dünyasında isə bu səs həm simvolik, həm də funksional şəkildə bədənə bürünmüşdür. Türk geyimi çöldə yaşamağın, savaşda ayaqda qalmağın, toyda özünü tanıtmağın dili olmuşdur. Bu yazıda türk geyimlərinin estetikası ilə yanaşı, onun nə üçün və necə geyildiyi məsələlərinə, yəni funksionallığına və simvolik mənasına toxunacağıq.
Qədim türklərdə baş geyimi təkcə soyuqdan qorunmaq üçün deyildi. Baş Tanrıya ən yaxın nöqtə idi – oraya qoyulan hər simvol bir inancı daşıyırdı. Hökmdarlar və bəylər “börk” və “külah” taxırdı. Börk üzərinə tülkü, maral və ya at tükü əlavə edilərdi – bu, sahibinin cəsurluğunu və mənəvi gücünü simvolizə edirdi. Məsələn, qırmızı tük döyüşçü rütbəsi, ağ tük isə ağsaqqallıq nişanəsi idi.
Türk xalqları, xüsusilə köçəri həyat sürənlər üçün geyim sadəcə estetik element deyildi. İqlimlə, coğrafiya ilə uyğunluq vacib idi. Qalın keçədən və dəridən hazırlanan çapanlar, tumanlar və kürklər qışda soyuğa qarşı qalxan idi. Yay aylarında isə ipək, kətan və nazik parçadan olan geyimlər təravət bəxş edirdi.
Ən maraqlısı odur ki, döyüş üçün tikilən geyimlər də xüsusi funksional idi – dizə qədər olan uzunluq at sürmək üçün idealdır, bəziləri isə gizli bıçaq cibinə malik idi.
Türk geyimlərinin üstündəki hər bir naxış, hər bir tikiş müəyyən bir mənanı ifadə edirdi. Geyim üzərində işlənmiş ok (ox), ay, quşvəat təsvirləri insanın hansı tayfadan olduğunu, hansı statusda durduğunu bildirirdi. Özəlliklə qadın geyimlərindəki simvollar həm estetik, həm də mənəvi dəyər daşıyırdı.
Məsələn, quş fiquru qadının ailəyə bərəkət gətirəcəyinə inanıldığı üçün tikilirdi. Ay simvolu uşaq sahibi olmaq istəyən qadınların seçimi idi. Qızıl sapla tikilmiş naxışlar isə varlı ailələrə məxsus olurdu.
Türk geyim mədəniyyətində atla insanın birliyi diqqətçəkicidir. At sürmək türk kimliyinin ayrılmaz hissəsi olduğuna görə geyim də bu funksiyaya uyğun idi. Uzun çapanlar, qalın dizliklər, dəri kəmərlər və kəmərin üstündəki metal bəzəklər – həm qoruyucu, həm də güc simvolu idi. Belə deyərdik: "Geyim təkcə bədəni qorumur, kimliyi daşıyırdı."
Türk geyimlərində rənglər təsadüfi deyildi. Ağ – saflıq və Tanrıya yaxınlıq, qara – güc və müdriklik, qırmızı – enerji və döyüş, mavi – göy və sonsuzluq, yaşıl – təbiət və din simvolu idi.
Məsələn, türk xaqanları bəzən mavi börk taxardı – bu, Göy Tanrının himayəsində olduqlarının simvolu idi. Qadınların toylarda geyindiyi qırmızı yaylıqlar ailəyə sevinc və məhsuldarlıq gətirməsi arzusu ilə seçilirdi.
Bu gün Türk dünyasının müxtəlif bölgələrində hələ də bu geyim kodları yaşayır. Azərbaycanın milli geyimləri, Qazaxıstanın “şapan”ı, Qırğızıstanın “kalpak”ı, Anadolu türklərinin “zeybək” və “efə” geyimləri – hamısı keçmişin izlərini daşıyır. Festival və toylar zamanı geyilən milli paltarlar təkcə keçmişə ehtiram deyil, həm də bu gün kim olduğumuzu xatırladan dilsiz yaddaşdır.
Türk geyimi nəinki fiziki ehtiyacdan doğmuşdur, o, eyni zamanda ruhun və düşüncənin ifadəsidir. Geyim türk üçün yalnız geyinmək deyil, danışmaq, göstərmək, inanmaq və yaşamaq forması olmuşdur. Onun içində həm tarix, həm mif, həm də gələcək var. Geyimə baxan sadəcə bədən görməz – o, bir xalqın yaddaşını, fəlsəfəsini və şəxsiyyətini oxuyar.
“Ədəbiyyat və incəsənət”
(23.07.2025)