
Super User
Londonda üçüncü "YAŞAT" yay məktəbi başlayıb
“YAŞAT” Fondunun təşkilatçılığı, “NEQSOL Holding”in, “Norm” ASC-nin və “Bakcell”in sponsorluğu, "Azərbaycan Hava Yolları” QSC-nin tərəfdaşlığı ilə Birləşmiş Krallığın paytaxtı Londonda üçüncü "YAŞAT" yay məktəbi başlayıb.
“Ədəbiyyat və incəsənət” portalına fnddan verilən məlumata görə, 20 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan yay məktəbinin iştirakçıları yola düşüblər. 14 gün davam edəcək “YAŞAT” yay məktəbinin əsas məqsədi şəhid övladlarının dünyagörüşünü, dil biliklərini və bacarıqlarını artırmaq, mədəniyyət mübadiləsində aktiv iştiraklarını təmin etmək, vaxtlarını səmərəli keçirmələrinə, yeni tanışlıqlar və dostluqlar əldə etmələrinə dəstək olmaqdır. 20 iyul-3 avqust tarixini əhatə edən yay məktəbi “Konstitusiya və Suverenlik İli” çərçivəsində reallaşdırılır və London Universitet Kollecində (University College London – UCL) keçirilir. Proqram müddətində iştirakçılar gündəlik 3 saatlıq ingilis dili dərslərində, şəhər ekskursiyasında, tarixi abidələr və muzey gəzintisində iştirak edəcəklər. Yay məktəbinin iştirakçıları ölkəmizdə 9-cu sinif üzrə buraxılış imtahanında ən uğurlu nəticə əldə etmiş 10 şəhid övladını əhatə edir.
“Ədəbiyyat və incəsənət”
(24.07.2025)
Təyyarəsi sularda qərq olan pilot
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan Hərbi Hava Qüvvələrinin Şəhid pilotu Rəşad Atakişiyev! Bu gün qürurla və fəxrlə onun adını anırıq. Çünki bu gün onun şəhadətinin növbəti ildönümüdür.
Rəşid Atakişiyev 1985-ci il yanvar ayının 7-də Şəmkir rayonunun Pravda (hazırkı Qılıncbəyli) kəndində anadan olub. Ailədə üç qardaş olublar. O, ilk təhsilini Şəmkir rayonunun Şöhrət Hüseynov adına Qılıncbəyli kənd tam orta məktəbində, daha sonra Samux rayonunun Alabaşlı kənd orta məktəbində alıb. Oxuduğu müddətdə təlim-tərbiyəsi, bilik və bacarığı ilə seçilib. Orta məktəbi yüksək qiymətlərlə bitirən Rəşad, ali təhsil almaq arzusu ilə 2002-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik məktəbinə üz tutub.
O, 2006-cı ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini "Uçuş Mühəndisi" ixtisasına yiyələnərək yüksək nəticələrlə başa vurub. İkinci kursda oxuyan zaman ilk dəfə ixtisaslaşma tətbiq olunub və aviasiyaya sənəd vermiş 200 nəfər arasında Rəşad da olub. Seçilmiş 35 nəfərlə birgə təhsil alan Atakişiyev diplom alan cəmi 5 nəfərdən biri olmağı bacarıb.
O, 2001-ci ildən pilot kimi fəaliyyətə başlayıb, əldə etdiyi bilik və bacarıqları sayəsində polkovnik-leytenant rütbəsinə qədər yüksəlib. Aprel döyüşlərinin qəhrəman iştirakçılarından biridir. Qısa zaman ərzində təcrübəli pilotlar sırasına və hərbi hissə komandirinin müavini vəzifəsinə yüksələn Rəşad Atakişiyev 2018-ci ilin oktyabrında Real TV-də yayımlanan "Şahinlər" filmində iştirak edərək, havada ən çətin, təhlükəli manevrlərin öhdəsindən gəlib.
Həmçinin Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı keçirilən paradda səmada bacarıqlarını göstərib. Ayrıca Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin "Turaz Qartalı" devizi altında keçirilən birgə taktiki-uçuş təlimlərində iştirak edib.
2019-cu il, Bakı vaxtı ilə iyul ayının 24-ü saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.
Təyyarənin axtarış ərazisinin təxmini sahəsi 600 kvadrat kilometr, dərinliyi 40 metrə qədər olub. Təyyarə və pilotun axtarışları üçün Türkiyə və Rusiyadan mütəxəssis və avadanlıqlar cəlb olunub. Azərbaycan Müdafiə Nazirliyinin avqustun 19-da verdiyi məlumata görə təyyarənin qara qutusu, 20 avqust tarixində isə pilotun nəşi tapılıb.
21 avqust tarixində Rəşad Atakişiyevin nəşi ikinci Fəxri xiyabanda dəfn edilib. 07.05.2021-ci ildə Hərbi Pilot Polkovnik Leytenant Rəşad Atakişiyevə Şəhid statusu verilib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(24.07.2025)
Böyük mətbuat ənənələri olan şəhər
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Sumqayıtda Milli Mətbuatın 150 illik yubileyi münasibətilə tədbir keçirilib
Sumqayıt Şəhər İcra Hakimiyyəti və Sumqayıt Bələdiyyəsinin birgə təşkilatçılığı ilə 22 iyul – Milli Mətbuat Günü və Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov çıxış edərək bildirib ki, milli mətbuatımız son 150 ildə çətin, eyni zamanda şərəfli bir yol keçib və bu gün dövlətin və xalqın maraqlarına xidmət edən mühüm ictimai institutlardan birinə çevrilib. O, jurnalistlərin cəmiyyətin maarifləndirilməsində və ictimai rəyə təsir göstərməkdə böyük rol oynadığını qeyd edib.
Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatov isə öz çıxışında şəhərdə fəaliyyət göstərən media qurumlarının ictimai-siyasi və sosial-mədəni həyatın inkişafında fəal iştirak etdiklərini vurğulayıb. O əlavə edib ki, media ilə yerli özünüidarə orqanları arasında əməkdaşlığın gücləndirilməsi ictimai maraqların qorunmasına xidmət edir.
Digər çıxışçılar – tanınmış media nümayəndələri, ictimai xadimlər və veteran təşkilatlarının təmsilçiləri çıxış edərək bildiriblər ki, milli mətbuat cəmiyyətin formalaşmasında, milli-mənəvi dəyərlərin təbliğində və informasiya təhlükəsizliyinin təminində mühüm rol oynayır. Qeyd olunub ki, Azərbaycan jurnalistləri bu gün informasiya müharibəsində ön cəbhədə yer alır, vətənpərvərlik ruhunun gücləndirilməsinə töhfə verirlər. Çıxışlarda, həmçinin, mətbuatın inkişafında dövlətin göstərdiyi diqqət və qayğı, jurnalistlərin fəxri adlarla təltif olunması və sosial müdafiəsinin gücləndirilməsi yüksək qiymətləndirilib.
Sonda Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Sumqayıt Bələdiyyəsinin fəxri fərmanları və hədiyyələri tədbir iştirakçılarına təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(24.07.2025)
Yadınızdadırmı, bir vaxtlar Toylar Kralımız var idi...
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bəli, bir vaxtlar Toylar Kralımız var idi – Səməd Səmədov. İfasına, səsinə peşəkar musiqiçilər, musiqi tənqidçıləri əksərən ağız büzsələr də, o, ən çox toy aparır, ən çx pul qazanana müğənni statusunu qoruyub saxlayırdı...
Azərbaycan xalq artisti Səməd Səmədov!
Hətta na xalq artisti adı veriləndə belə bir hal da baş vermişdi. Müğənni fəxri ad alması barədə fərmanı oxuyan kimi sevincini Xalq artisti, kamança ustası, baməzəliyi ilə tanınan Habil Əliyevlə bölüşmək istəmişdi. Aralarında belə bir dialoq olmuşdu:
-Habil müəllim, indicə mənə Xalq artisti adını verdilər.
-Onlar verirdi verirdi. Sən niyə götürürdün?
Estrada müğənnisi Səməd Səmədov 1946-cı il sentyabrın 17-də Aşqabadda anadan olub. 1948-ci ildə zəlzələ nəticəsində ailəsi ilə birlikdə Bakıya, İçərişəhər məhəlləsinə köçüb. Müslüm Maqomayev, Fərhad Bədəlbəyli, Polad Bülbüloğlu kimi musiqi xadimləri ilə birgə Bülbül adına musiqi məktəbində oxuyub, məktıbin kripka sinfini bitirdikdən sonra A.Zeynallı adına Musiqi Məktəbinin nəzəriyyə sinfinə daxil olub.
1988-ci ildən Səməd Səmədov toylarda çıxış edib. Müğənniyə əsas popularlıq 1992-ci il tarixdə, Eldar Mansurovun Piruz Dilənçinin "Qızlar" adlı şerinə bəstələdiyi mahnını ifa etdikdən sonra gəlib.
2000-ci ildə əhali arasında aparılan sorğunun nəticələrinə görə Səməd Səmədov rəsmi olaraq "Toylar Kralı" adını qazanıb. Ona bu adı Azərbaycan estradasının korifeyi Mirzə Babayev verib. Səməd Səmədov xalqın məhəbbətini özünün ən böyük uğuru hesab edib. O, Müstəqil 'Qrant' Milli İctimai Mükafatının ikiqat sahibi, 150 müxtəlif mahnının, 5 albomun, 20 klipin ifaçısıdır.
Qeyd etmək lazımdır ki, Səməd Səmədov ötən onilliyin ən yaxşı toy müğənnisidir. 2001-ci il sentyabrın 17-də Eldar Bağırbəyovun baş prodüser olduğu Ulduzlar Bağında Səməd Səmədovun ad ulduzu qoyulub.
Müğənni 12 sentyabr 2011-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.
Məşhur mahnıları
1. Qızlar
2. Bu dünyanın üzünə bax!
3. Bakılı balasıyam
4. Sensiz qalan dünya
5. Sevgimiz
6. Taleyimə qurban olum
7. Yenə görüşərik
Filmoqrafiya
- Yanmış körpülər
- El içində
Səməd Səmədov 24 iyul 2021-ci ildə 74 yaşında sepsis və septik şok diaqnozu səbəbindən vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(24.07.2025)
Ədəbiyyat Fondu Şuşada Anarın yeni kitabını təqdim edib
Şuşada Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və Yazıçılar Birliyinin təşkilatçılığı ilə təşkil edilmiş Vaqif Poeziya Günləri çərçivəsində iyulun 23-də Azərbaycan Ədəbiyyat Fondu Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabının təqdimat mərasimini keçirib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Ədəbiyyat Fondu tərəfindən fəaliyyəti bərpa edilmiş “Yazıçı” nəşriyyatında, Fondun layihəsi olaraq nəşr edilmiş “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” kitabı Azərbaycan ədəbiyyatına 7 xalq şairi və yazıçısı bəxş etmiş iki ailənin – Səməd Vurğun və Rəsul Rza ailəsinin üzvləri, onların amansız Stalin repressiyası, növbəti kommunist diktaturası buxovları şəraitində fəaliyyətlərinə işıq tutur, ədəbiyyat tariximiz barədə çox unikal bir nəşr olaraq diqqət çəkir.
Nəfis tərtibatlı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəslə həsr olunub. Bu nəşr onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
Kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək, ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edib.
Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın, mədəniyyət nazirinin müavini Fərid Cəfərovun, mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlunun, ölkənin tanınmış ədəbiyyat və mədəniyyət xadimlərinin qatıldığı tədbiri Ədəbiyyat Fondunun baş direktoru Varis açaraq Vaqif Poeziya Günlərinin ədəbiyyatsevərləri bir araya gətirən mühüm mədəni hadisə olduğunu vurğuladı. Bildirdi ki, bu gün Şuşada poeziya təkcə oxunmur, həm də hiss olunur, yaşayır, yaddaşlara köçür. Poeziyanın beşiyi sayılan Şuşada belə tədbirlərin keçirilməsi xalqımızın ədəbi-mədəni həyatında xüsusi əhəmiyyət daşıyır.
Kitaba Anarla müsahibəsi daxil edilmiş yazıçı, “Qobustan” jurnalının baş redaktoru Pərvin Nurəliyeva, Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli, Yazıçılar Birliyinin Bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin sədri Əsəd Cahangir çıxış edərək bildiriblər ki, bu əsər təkcə ailə salnaməsi deyil, bütövlükdə Azərbaycan ədəbiyyatının müxtəlif dövrlərini birləşdirən ədəbi körpüdür. Kitabda yer alan yazıçılar və şairlər Azərbaycanın söz sənətində iz qoymuş, cəmiyyətin mənəvi həyatına yön vermiş nəhəng şəxsiyyətlərdir.
Natiqlər vurğulayıblar ki, Anar bu əsəri ilə həm tarixi faktları sənətkarlıqla təqdim edib, həm də ədəbi nəsillər arasında görünməz, lakin möhkəm bir bağ yaradıb.
Yalnız ideya-məzmunca deyil, struktur-formaca da son dərəcə orijinal, cəlbedici olan “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” əsərində Anar qəhrəmanlarının hər birinin obrazlarını müxtəlif illərdə və müxtəlif ədəbi üsullarda yaratmış olsa da, kitab o qədər bütöv, bitkin və ardıcıldır ki, tarixi fərqlər əsla duyulmur.
Diqqətə çatdırılıb ki, kitabın başqa bir məziyyəti isə ora Anarın şeirlər toplusunun daxil edilməsidir. Müxtəlif illərdə hərdən yazıçının şeir yaradıcılığından da xəbərdar olurduq, amma bu dəfə bu şeirlər bir kitabda toplanıb.
Daha sonra Xalq yazıçısı Anar çıxış edərək kitabın yazılma səbəblərini aşkarlayıb, illər boyu Səməd Vurğun və Rəsul Rza ailələri barədə yaranmış əsassız miflərin, tənqidlərin real faktlarla, sənəd və dəlillərlə vurulmasının ədəbiyyat tariximiz üçün necə vacib olduğunu vurğulayıb, kitabın məhz Şuşada, Məhz Vaqif poeziya günləri çərçivəsində təqdim edilməsini isə sevindirici bir hadisə olmasını qeyd edib. Axı Rəsul Rza ailəsi Şuşa ilə tarixən bağlı olublar, Səməd Vurğun isə Molla Pənah Vaqiflə eyni kənddə - Qazax mahalının Yuxarı Salahlı kəndində doğulublar.
Qeyd edək ki, 608 səhifəlik bu kitab Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondu tərəfindən fəaliyyəti bərpa edilmiş “Yazıçı” nəşriyyatının məhsuludur.
Kitaba “Ön söz”ü akademik Nizami Cəfərov yazıb. Kitabın nəşriyyat redaktoru Varisdir.
Qeyd edək ki, kitabın çapına “Qazax Xeyriyyə” İctimai Birliyi maliyyə dəstəyi göstərmişdir.
“Ədəbiyyat və incəsənət”
(24.07.2025)
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Şuşada keçirilən Vaqif Poeziya Günlərinin açılış mərasimində çıxış edib
22 İyul, 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Şuşada ənənəvi olaraq keçirilən Vaqif Poeziya Günlərinin açılış mərasimində çıxış edib.
“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, tədbirdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, dövlət və hökumət qurumlarının nümayəndələri, tanınmış elm və mədəniyyət xadimləri, ədəbiyyat və incəsənət nümayəndələri, həmçinin ictimaiyyətin görkəmli simaları iştirak ediblər.
Şuşanın ruhunu yaşadan “Vaqif Poeziya Günləri”nin açılışında çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, bu müqəddəs torpaqlarda sözün, sənətin və mənəviyyatın bayramına çevrilən tədbirin əhəmiyyətini vurğulayıb. O, Fondun türk dünyasının dahi şəxsiyyətlərinin, memarlığının, maddi və qeyri-maddi irsinin təbliği istiqamətində həyata keçirdiyi layihələrdən, nəşr edilən kitablardan bəhs edərək bildirib ki, Şuşanın mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi naminə həyata keçirilən təşəbbüslər ortaq türk kimliyinin yaşadır və beynəlxalq arenada təbliğinə töhfə verir.
Nitqinin davamında bu torpaqlarda həmişə musiqinin səslənməsini, sözün yaşamasını və mədəniyyətin çiçəklənməsini diləyən Fondun prezidenti, çıxışının sonunda bütün mətbuat işçilərini Azərbaycan Mətbuatının 150 illiyi münasibətilə təbrik edib, onlara peşəkar fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirin açılış mərasimində, həmçinin Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycandakı Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, filologiya üzrə fəlsəfə doktoru, yazıçı Ramil Əhməd çıxışlar edərək tədbirin önəminə toxunublar.
Çıxışlardan sonra “Vaqifə məktub” esse müsabiqəsinin qalibləri mükafatlandırılıb. Aktotı Raimkulova, ikinci yerin qalibinə diplom təqdim edib.
“Ədəbiyyat və incəsənət”
(23.07.2025)
Hər bir xalq öz dəyərli ovladları ilə güclü olur...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
İyirmi altı ildir ki, mətbuatda çalışır. Gözəl dəsti xətti var, istedadlı qələm adamıdır. Onu bir şəxsiyyət kimi xarakterizə edəndə, təvazökar, daha çox ətrafdakıları düşünən, necə deyərlər, hamının işinə yarıyan insan kimi göz önündə canlanır...
Haqqında söhbət açamq istədiyim Xanoglan Əhmədov 24 iyul 1961-ci ildə Yardımlı rayonunun Şiləvəngə kəndində dünyaya gəlib. Orta təhsilini doğma kənddə başa vurduqdan sonra indiki BDU-da ali təhsilə yiyələnib. 1982-1997-ci illərdə Yardımlı rayon MKS-da direktor müavini, Yardımlı rayon Komsomol Komitəsinin katibi, Yardımlı rayon İcra Hakimiyyətində şöbə müdiri, Yardımlı rayon Mədəniyyət şöbəsində inspektor vəzifələrində çalışıb. 1999-cu ildən 2016-cı ilə kimi “Ekspress” qəzetində müxbir, “Geopolitika XXI əsr” qəzetində baş redaktor işləyib. “Media və Mülki Cəmiyyət” İctimai Birliyinin təsisçisi və sədridir. 2017-ci ildən "ilkxeber.org" saytının təsisçisi və baş redaktorudur. "ilkxeber.org" saytı Azərbaycan Mətbuat Şurasının, “Media və Mülki Cəmiyyət” İctimai Birliyi isə Azərbaycan Milli QHT Forumu, Azərbaycan Mətbuat Şurası, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi və Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının üzvüdür...
Çox qürurludur, amma insanlıq naminə özünü fəda etməyə daim hazırdır. Bu üzdən çox fədakarlıqlar göstərib, neçə-neçə çətinliklərə dözərək ətrafındakı insanlara yardım əlini uzada bilib.
Bütün fəaliyyəti göz önündə olub. Artıq onun imzası keşməkeşli inkişaf yolu keçən mətbuatımızın müstəqilliyimizin bərpasından ötən dövrə aid tarixinin rəmzlərindən birinə çevrilib. Media cameəsində və ümumiyyətlə, cəmiyyətdə qazandığı hörmət və rəğbət onun öz işinə peşəkar və vicdanlı münasibətinin məntiqi nəticəsidir...
Dostluqda sədaqətlidir. Parlaq düşüncəyə, iti zəkaya malikdir. Zəhməti, çalışmağı çox sevir. Daim öz üzərində işləməyi bacarır. Hadisələri dolğun təhlil etmək, düzgün qərar vermək qabiliyyəti var. Siyasi savadlıdır. Ruhu gözəl olduğundan niyyəti də safdır. Ona söykənmək, ona etibar etmək olar...
Onun mətbuatdakı fəaliyyəti zamanı üstünlük verdiyi cəhətlərdən ən başlıcası, peşə etikasını hər zaman yüksək tutması, yetişən gənc jurnalistlərə də bunu hər zaman təlqin etməsidir. Onun öz qələminə və prinsiplərinə sədaqəti isə həqiqətən də, çoxlarına örnək olacaq səviyyədədir. Cəmiyyətdə ona olan səmimi münasibətlər Xanoğlan Əhmədovun qazandığı rəğbətin özünəməxsus göstəricisidir...
Onun fəaliyyəti sadəcə, yazmaqla, ictimaiyyəti narahat edən problemləri və onlardan çıxış yollarını göstərməklə, məhdudlaşmır. Medianın nəzəri problemlərinin araşdırılmasına da ciddi yanaşan Xanoğlan Əhmədov “Media və Mülki Cəmiyyət” İctimai Birliyinin sədri və “ilkxeber.org” saytının baş redaktoru olaraq, mətbuatın cəmiyyət həyatının müxtəlif istiqamətlərində rolunun müəyyənləşdirilməsinə dair vacib tədqiqatların da müəllifidir...
Hər bir xalq öz dəyərli ovladları ilə güclü olur. Bəli, Xanoğlan Əhmədov xalqımızın dəyərli oğullarından biridir…
İyulun 24-ü Xanoğlanın doğum günüdür, növbəti ad gününü qeyd edəcək. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram. Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(24.07.2025)
PORTAL AKADEMİYASINDA - Liderlik qanunları, nömrə 13
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Liderliyin xüsusi qanunları hansılardır?
«Seminarların və kitabların köməyi ilə uzun illər liderlik öyrətdiyim yuz minlərlə insana və özündə liderlik keyfiyyətlərini inkişaf etdirmək istəyən şəxs, sənə ithaf olunur. Bütün yüksəliş və enmələr liderliyin sayəsində baş verir» sözləri ilə başlayan «Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.
Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər.
Beləliklə, 21 qanundan növbətisi:
13.Yetişdirmə qanunu (Zakon vosproizvodstva).
«Lider yetişdirmək üçün lider lazımdır»
Con Maksvel liderlik məsələləri ilə bağlı seminarlarda sorğu keçirərək insanları lider olmağa nəyin təhrik etdiyini öyrənməyə çalışıb. Nəticə belə olub:
Krizisə görə – 5 faiz.
Anadangəlmə qabiliyyətinə görə – 10 faiz
Başqa liderin təsiri altında – 85 faiz.
Bütün rəyi soruşulanların 85 faizinin başqa liderlərin təsiri altında lider olmaları məhz bu qanuna əsaslanır: lider yetişdirmək üçün lider lazımdır.
Con Maksvel özü öz liderlik istəyini atası – əsl lider olan Melvin Maksvellin hesabına yarandığını bəyan edir. Atası ona şəxsiyyətin inkişaf prioritetlərini, insanlarla münasibətləri birbaşa öyrədirdi. Çox şeyi də o, atasının yanında olduğundan, onu müşahidə edərək öyrənirdi. Ona görə də artıq kollecə qəbul olunanda Con liderlik məsələlərini hamıdan gözəl bilir, gözəl intuisiyası ilə qürrələnirdi.
Liderlər özləri lider yetişdirməyin qeydinə qalmalıdırlar. Bilməlidirlər ki, onların idarələri, işləri orada işləyən işçilərin arasından yeni liderlər yetişdirməkdən çox asılıdır. Daha çox güclü lider yetişdirilsə ümumi nəticədə idarənin uğur şansı da yüksək olacaq. Bütün potensial liderləri prosesə cəlb etmək, liderliyə yüksəlmək lazımdır.
«Ceneral elektrik» korporasiyası öz sahəsində dünya üzrə birinci olmaqla yanaşı, həm də lider ardınca lider yetişdirməklə məşhurdur. Bu gün onlarca kompaniyalara başçılıq edən çox güclü liderlər (Uilyam Anders, Larri Bossidi, Stenli Qoutt, Fred Qarri, Klayd Kiton, Alva O.Uey, Rodcer Şipka, Corc Cskofild və s.) «Ceneral elektrik»də yetişmişlər. Lider yetişdirmək bu kompaniyanın ən yüksək prioritetindən sayılır, hər il də kompaniya bu məqsəd üçün 500 milyon dollar xərcləyir. Kompaniyanın özünün başında isə böyük lider Cek Uelç dayanır.
Yetişdirmə qanununun məğzi çox sadədir: Konkret bir insan başqa birisini tanımalı, ona vacib olan hər şeyi öyrənməli, onu tərbiyələndirməlidir.
“Ədəbiyyat və incəsənət”
(24.07.2025)
“İsa və Məryəm” - Leyla Səfərovanın hekayəsi
“Ədəbiyyat və incəsənət” portalı Hekayə saatında bu gün sizlərə Leyla Səfərovanın “İsa və Məryəm” hekayəsini təqdim edir.
Qeyd: Hekayədəki adların dinlə əlaqəsi yoxdur. Təsadüfi seçilmiş adlardır.
Xəyallar və həyatlar... Bir-birinə bağlı iki dünya və bu iki dünyanı bir-birindən ayırmağı bacarmayan insanlar. Və bir də... Və bir də bu dünyaları yaradanlar.
Keçmiş zamanlarda, hər kəsin dərdinin bir quru çörək olduğu dönəmlərdə bir adam varmış. Hansı ki, heybəti yeri, duası göyü sarsacaq adam. Və bir də, o adamın yar bildiyi bir qadın... İsa, göylərdə yaşayan bir mələk. Hər kəsin ruhunda, hər kəsin mənliyində yaşayırdı o. Lakin necə də qəribədir ki, tək bir ruha, tək bir bədənə sahib olmağa doymur, bütün varlığıyla istəyir, sevirdi onu. Məryəm... Adı qədər gözəl qadın.
İllər öncə İsa yer üzünə enərkən ona bir mələk göndərildiyi, onu taparsa, körpücüyündən öpərsə yerə göyə sahib olacağı deyilər. Hər yerə hökm etmək fikri ilə İsa heç bilmədiyi, heç görmədiyi bu qadının arxasından gedərmiş. Başqa bir dünyada əsrlər keçib, lakin hər şey sanki sadəcə 5-10 ilmiş kimi davam edib insanlar üçün.
Səyahət, axtarış anbaan davam edir o günədək. O gün bir körpü başında ilk baxışdan vurulur bir qıza İsa. Bu dünyaya gəliş səbəbini, hökmranlığı unudur və o qızın gözlərində əsir qalmağı arzu edir bir ömürlük. Lakin bilmirdi ki, bu məhz axtardığı qadın, axtardığı eşqdir.
Küləkdə saçları dalğalanan Məryəm ayırmır gözlərini İsanın qara gözlərindən. İlk baxışdan sevə bilərmi insan insanı? Tanımadan, bilmədən. İlk dəfə gördüyü insana həsrət duyarmı? Duyarmış. Məryəmin illərlə bilmədiyi, varlığından xəbərsiz olduğu İsaya duyduğu həsrətin nə tərifi varmış, nə də izahı.
Məgər İsanın nə çox yarası varmış? Sarılıb Məryəmə. Dörd qolla, illərdir axtardığını bir anda itirməkdən qorxurcasına sarılıb və bir də buraxmayıb bu zərif qadını. Aylar keçib, İsa Məryəmi "Qəlbimin Kəpənəyi" deyə səsləyib hər gün, hər saat. Məryəm sarıb İsanın qollarındakı, üzündəki yaraları. Məryəm tutub İsanın gözündən düşən yaşları. Sarılaraq isidib ruhundakı soyuqluğu. Sadəcə İsa. Sadəcə onun varlığına sığınıb. Hər yerə hökm etmək istəyən İsa isə Məryəmin varlığıyla unudub bütün cahanı. Bəlkə də bu imiş əsl varlıq. Bəlkə də sevgi imiş. İsanın qollarındakı yaraları mərhəm, ruhundakı yaraları Məryəm sarıb hər gün, hər gecə...
Bəs sən tapdınmı ki öz Məryəmini? Tapdığın Adəmin Həvvasıdırsa necə yar olsun sənə?
Bu gün dərin düşüncələrlə qarşı-qarşıya qalmışam. Nədir sevgi? Nədir xoşbəxtlik? Keçmişdən bugünə hərkəsin yazdığı, yazdırdığı sevgi həqiqətən məlhəm olarmı yaralara? Bəlkə də xoşbəxtlik bir az da özünü fəda etməyi bacaranın idi. Özünü, ruhunu qurban verməyi bacaranların idi.
Cəsurlar bir dəfə, qorxaqlar min dəfə ölər deyiblər. Bu həyatda cəsarət olmayan hər şey, hər duyğu yarım qalmağa məhkumdur, deyəsən. Məryəmi axtarmayan, axtarıb tapdıqda yanında qalmayan hər İsa yarım qalacaq, yaralı qalacaq. Amma bəlkə də bu, Məryəmlərin xoşbəxtliyi olacaq, kim bilə bilər ki? Bəzən hekayələr yarım qalmalı, xoşbəxtliklər yarım qalmasın deyə.
Və sən... Hər kimsənsə, bilmirəm, amma inanıram. Qorxaqlığın qarşısında onu qorumaq üçün cəsurca dimdik duran ruhun qalib gələcək bu savaşda da, əminəm. Özünə yaxşı bax. Qəlbinin kəpənəyi getməsin səndən heç vaxt.
“Ədəbiyyat və incəsənət”
(24.07.2025)
İdeoloji oxudan mədəni sorğuya doğru: tarix, təfəkkür və türkün intellektual keçidi
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” portalının redaktoru
(Fazil Mustafanın “Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” kitabı üzərinə bir neçə söz)
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hüquqşünas, fəlsəfə doktoru Fazil Mustafanın yeni kitabı – “Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” – bir düşüncə toplusu olmaqla yanaşı, həm də milli-ideoloji durumun, tarix bilincinin və dini-təfəkkür vərdişlərinin köklü sorğulanmasıdır. Belə sorğulama kimimizə xoş gələr, kimimizə xoş gəlməz - bu da normal hal sayılmalıdır. Biz bir fikir adamının kitabında bizi qane etməyən məqamları top-tüfənglə qarşılamamalıyıq.
Adıkeçən kitabın redaktoru olmaq surətiylə ilk dəfəydi Fazil bəylə belə dərin yaradıcı fikir alış-verişində bulunurduq; məmnuniyyət və qədirşünaslıqla vurğulamalıyam ki, mənim redaktor olaraq irad, tənqid və önərilərimdən bir çoxunu qəbul etdi və qəbul etmədiklərinə də müəllif özünüsavunma modunda deyil, təmkin və anlayışla yanaşdı. Ona görə, belə hesab edirəm, oxucuların bir sıra polemik məqamları olan bu kitaba dair konstruktiv fikirləri ümumi işin xeyrinə ola bilər.
Kitab çağdaş Azərbaycan türklüyünün nəyi itirib, nəyi mənimsədiyini, nəyə sarılıb, nəyi yanlış davam etdirdiyini cəsarətli şəkildə düşüncə dartışmasına çıxarır. Tərifdən çox mədəni-diaqnoz, tərənnümdən çox tənqidi metodologiya ilə… Oxucu da bu kitabın mövzusu üzrə rutin dəyişikliyinə xor yox, xoş baxmaqla heç nə itirməz.
Ritorik suallar fonunda tarix fəlsəfəsi
Kitabın əsas fəlsəfi konstruksiyası beş ritorik sual çevrəsində qurulub. “Ey Türk!” xitabı ilə açılan bu suallar müəllifin düşüncə polemikası üçün açdığı meydandır. Bu suallar nə qədər ritorikdirsə, o qədər də radikal seçim tələb edir:
“bilgisiz inanc, yoxsa bilginin dəyişkən inancı?”, “ideoloji məmnunluq, yoxsa faydalı niyyət?”…
Fazil Mustafa “türk” deyərkən yalnız etnik etalonu yox, mədəni məsuliyyət daşıyan, ictimai faydası olan subyekti nəzərdə tutur.
Əsər boyunca müəllifin başlıca tənqidi mövqeyi budur: türkün tarixi şüuru təhrif olunub – o, əsasən mifə, xurafata, dini və ideoloji qəliblərə söykənir. Bu isə milli bərpa sürəcini gecikdirir - nəinki gecikdirir, hətta yönsüzləşdirir.
Tarixə münasibət:
keçmişə yox, gələcəyə köklənmiş baxış
Kitabın əsas iddialarından biri də budur ki, biz – Azərbaycan türkləri – XIX yüzildən bəri bioloji keçmişdən mədəni tarixə addım atmış xalqıq; amma bu keçid baş verməklə yetinmir; keçidi dərk etməyin və bilincləndirməyin gərəkliliyi önə çıxarılır. Müəllifə görə, bizim milli yaddaşımız “fövqəltarixi” və “mifoloji” xarakter daşıyır. Bu isə gerçəkçi tarixi, yəni tərəqqi doğuran keçmişi, təkrarçı keçmişlə əvəzləyir.
Kitab bu anlamda, necə deyərlər, postkolonial bir manifestdir: Rusiya işğalının nəticəsində formalaşan “avropalaşma zəmini” bir şans olaraq təqdim edilir. Bu yanaşma müəyyən ziddiyyətlər doğura bilər – işğalı tərəqqiyə aparan yol kimi görmək milli təfəkkürdə kontrast doğurur; amma müəllifin vurğusu ideallaşdırmaya deyil, məcburi çağdaşlaşdırma ortamında formalaşan milli özünüdərkin gerçəkliyinə yönəlir.
Dinə yanaşma: tənqid və sekulyarizm çağırışı
Fazil Mustafanın tənqid vektorunun mərkəzində İslamın yanlış təfsirinə və ideoloji din modelinə baxış dayanır. O, fərqli dönəmlərdə dini təlimlərin əslində düşüncəni yox, itaəti təşviq etdiyini göstərir. Din – təfəkkürə yox, qoruyucu davranış modelinə çevrildikdə, toplum passivləşir. Bu baxış mədəniyyətin fəlsəfi xəritəsində çox önəmli yer tutur.
Müəllifin əsas arqumenti odur ki, İslamın qabaqcıl irsi (Mötəzili gələnək) davam etdirilsəydi, biz bu gün dini yaşamı zehni sekulyarizm müstəvisində yaşayardıq. Məsələ dinə qarşı çıxmaq deyil, əlbəttə – bir növ onu zehni dənətimdən çıxarmaqdır – bu, toplumun düşüncə enerjisini azad edir. Bu fikir, özəlliklə Doğu toplumlarında dinin siyasi alətə çevrildiyi tarixi kontekstdə daha da önəmlidir.
Simvolların tənqidi: kultun de(konstruksiyası)
Əsərin ən bariz və tənqidi cəhətlərindən biri də tarixi simvolların funksional baxışla yenidən qiymətləndirilməsidir. Dövlətçiliyimizin imperiya irsinin bu qədər sərt və açıq şəkildə tənqid olunması bəlkə ideoloji doqmaların qəlibini sındırmaqdır, bəlkə də bir başqa dəyərləndirməni haqq edir. Ümumiyyətlə, ideallaşdırılmış keçmiş qəhrəmanları bu kitabda sanki “funksional yoxlama”dan keçir.
Fazil Mustafaya görə, Səfəvilər Azərbaycan dövlətçiliyinin əsası yox, İran İslam Respublikası ideologiyasının mirasçısıdır. Bu fikrə razılaşmaq da olar, etiraz etmək… Mən şəxsən belə fikirləşmirəm - hesab edirəm, Qacarlar vaxtı Azərbaycan parçalanmasaydı yaxud daha öncəki dönəmdə Nadir Şah sui-qəsdə uğramasaydı, milli və imperiya coğrafiyamızın qədəri tamam başqa cür olacaqdı. Əlbəttə, bizim coğrafiyadan və mədəniyyət uqlimindən, ruhi gücdən ən azı bir neçə qabaqcıl şəxsiyyət doğacaqdı və dünyəvi dövlətə keçid edəcəkdi. Bu, bizim xalqın fitrətindədir - Çar Rusiyasından Sovetlərə keçid aralığında Xalq Cümhuriyyəti qurmağa macal tapan zehniyyətin bənzəri ya Nadir Afşardan Qacarlara qismən və Qacarlardan bir başqa Azərbaycan dövlətinə daha böyük ölçüdə dünyəvi keçid edəcəkdi. 1925-ci ildən bəri - Şah İranı yaxud İslam Cümhuriyyəti İranı olsun - yüzillik boyunca çoxsaylı soydaşımızın öldürülüb, asılıb-kəsilib, həbs edilməsinə, əl-qolunun bağlanmasına və didərgin salınmasına baxmayaraq, yenə bir çox İLKi İrana soydaşlarımız yaşadıb; ən başlıcası, məktəbsiz, kitab-dəftərsiz buraxılmasına - taleyin umuduna buraxılmasına baxmayaraq, milli ruh ölməyib. Arazın bu tayı - Azərbaycanın Quzeyi də işğaldan, ayrı-seçkilikdən, repressiyadan, iki Dünya müharibəsindən “nəsib”ini alıb. Buna baxmayaraq, yaradıb, İLKlərə imza atıb, qurub-yaradıb… Yalnız bir məqama diqqət edək: 1941-45-ci il müharibəsində 3 milyon əhalisi olan respublikamızın ən azı 600 min başıpapaq, əli silah tutan insanı öncəbhəyə göndərilib; onların yarısı həlak olub, hələ ömürlük şikəst qalanları demirəm. - Təsəvvür edin, Azərbaycan parçalanmamış olsaydı, belə böyük sayda soydaşımızın enerjisi, fəaliyyəti elmin, mədəniyyətin, dövlətçiliyin inkişafında necə xidmətlərlə müşahidə olunardı - elə deyilmi?
Lakin onu da danmayaq ki, burada müəllifin əsas məqsədi, milli kimlik kontekstində “kimi miras bilmək”, “kimin dəyərini daşımaq” suallarını çılpaq və cavabsız buraxmamaqdır. Yaxşı ki, müəllif məhz Dədə Qorqud irsinə üstünlük verir və Nadir Şahın qabaqcıl dini baxışlarını təqdirlə vurğulayır.
Zəkanın yönü:
intellektual aristokratiya və elmi təfəkkür
Kitabın geniş fəlsəfi və kulturoloji incələmə müstəvisi düşüncə aristokratiyası ilə xalq kütləsi arasındakı boşluğu araşdırır. Burada Baltacıoğlu, Orteqa y Qasset və Ziya Göyalp kimi düşüncə ustadlarının ideyaları əsasında sual qoyulur: aydınlar xalqdan qıraqda qalmalı, yoxsa xalqın içində dərinləşməlidir?
Bu, eyni zamanda aydınların məsuliyyətinə, funksionallığına və faydasına təxirəsalınmaz çağırışdır. Tənqid aydınların vətəndaş qarşısında, tarix qarşısında daşımalı olduğu intellektual və mənəvi borcun ifadəsidir. - Müəllifin qənaəti belə ümumiləşdirilə bilər.
Azərbaycançılıq və türkçülük:
coğrafi yoxsa mədəni seçim?
Kitabda Azərbaycan kimliyi ilə türk kimliyi arasında müəyyən qədər gerilimli dinamika müşahidə olunur. Müəllif “azərbaycanlı” kimliyini formal-identik kateqoriya, “türk” kimliyini isə mədəni-mental özək kimi görür. Bu yanaşma təkcə etnik kimlik yox, həm də mədəni yönəliş məsələsidir: biz hansı dəyərləri daşıyırıq və hansı yönə baxırıq?
Müəllifə görə, bu seçimdə əsas şərt – millilik yox, yenilənmə ruhudur. Bu ideya, klassik etnosentrik yanaşmadan fərqli olaraq, mədəni dinamizmi önə çıxarır.
Tənqidi şüurun mədəni platforması
Fazil Mustafanın bu əsəri tarixə, dinə, kimliyə, milli yaddaşa və çağdaşlığın anlamına yalnız ideoloji deyil, həm də kulturoloji-fəlsəfi baxışla yanaşmanın örnəyidir. Kitabın elmi gücü – onun retrospektiv incələmədən çox perspektiv təfəkkürə yönəlməsindədir. O, keçmişə boylanaraq, bugünü təftiş edib, gələcəyə düşüncə yolu çəkmə cəhdidir.
Əsərin ən dəyərli cəhəti isə susqunluğun tabu olduğu sahələrdə düşüncə qapılarını açması, rutin dəyişiminə çalışmaqdır –
tənqidə cəsarət,
çağdaşlığa iradə,
kimliyə yenidən baxış ehtiyacı…
Bu səbəbdən də “Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” – müəllifin fərdi çağırışlarının yanıbaşında, bütövlükdə çağdaş türk düşüncəsinin aydınlıq çağırışı kimi yorumlana bilər.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(24.07.2025)