Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Şuşada keçirilən Vaqif Poeziya Günlərinin açılış mərasimində çıxış edib Featured

22 İyul, 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Şuşada ənənəvi olaraq keçirilən Vaqif Poeziya Günlərinin açılış mərasimində çıxış edib.

 

“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, tədbirdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, dövlət və hökumət qurumlarının nümayəndələri, tanınmış elm və mədəniyyət xadimləri, ədəbiyyat və incəsənət nümayəndələri, həmçinin ictimaiyyətin görkəmli simaları iştirak ediblər.

Şuşanın ruhunu yaşadan “Vaqif Poeziya Günləri”nin açılışında çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, bu müqəddəs torpaqlarda sözün, sənətin və mənəviyyatın bayramına çevrilən tədbirin əhəmiyyətini vurğulayıb. O, Fondun türk dünyasının dahi şəxsiyyətlərinin, memarlığının, maddi və qeyri-maddi irsinin təbliği istiqamətində həyata keçirdiyi layihələrdən, nəşr edilən kitablardan bəhs edərək bildirib ki, Şuşanın mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi naminə həyata keçirilən təşəbbüslər ortaq türk kimliyinin yaşadır və beynəlxalq arenada təbliğinə töhfə verir.

Nitqinin davamında bu torpaqlarda həmişə musiqinin səslənməsini, sözün yaşamasını və mədəniyyətin çiçəklənməsini diləyən Fondun prezidenti, çıxışının sonunda bütün mətbuat işçilərini Azərbaycan Mətbuatının 150 illiyi münasibətilə təbrik edib, onlara peşəkar fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirin açılış mərasimində, həmçinin Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycandakı Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, filologiya üzrə fəlsəfə doktoru, yazıçı Ramil Əhməd çıxışlar edərək tədbirin önəminə toxunublar.

Çıxışlardan sonra “Vaqifə məktub” esse müsabiqəsinin qalibləri mükafatlandırılıb. Aktotı Raimkulova, ikinci yerin qalibinə diplom təqdim edib.

 

“Ədəbiyyat və incəsənət”

(23.07.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.