ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

 

“Ədəbiyyat və incəsənət” portalı QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsində sizlər üçün  yağı əlində olan o ellərimizlə bağlı şeirləri

təqdim edir.

 

 

 

Həsən MİRZƏYEV

DƏRƏLƏYƏZ

 

Ey ana torpağım, ey can diyarım,

Hanı o səndəki el, Dərələyəz?!

Ey cənnət məkanım, ey dağ vüqarım,

Pərən-pərən olub el, Dərələyəz!

 

Yaram göz-göz olub, bil, Dərələyəz!

Düşmən əlindəsən, gələ bilmirəm,

Axan göz yaşını silə bilmirəm,

Dərd məni öldürür, ölə bilmirəm,

Aylarım olubdu il, Dərələyəz!

 

Sənsiz lal olubdu dil, Dərələyəz!

Ömür sarayımı sökür həsrətin,

Qəddi-qamətimi bükür həsrətin.

Həsrətdən ağarıb tel, Dərələyəz!

Dərdindən yay olub bel, Dərələyəz!

 

Sənsiz qışa dönüb baharım, yazım,

Susubdur kamanım, dillənmir sazım,

Həsənəm, bu dərdi, de, necə yazım?

Didərgin olubdu el, Dərələyəz!

Göz yaşım olubdu sel, Dərələyəz!

 

“Ədəbiyyat və incəsənət”

(25.07.2025)

 

 

 

 

 

 

Çinin Suçjou şəhərində “Qlobal inkişaf üçün gənclərin potensialının açılması” şüarı altında “Gənclərin İnkişafı Qlobal Forumu–2025”in açılışı keçirilib. 100-dən çox ölkə və 17 beynəlxalq təşkilatdan 500-ə yaxın şəxsin, o cümlədən gənc nazirlərin, liderlərin və müxtəlif təşkilatların nümayəndələrinin iştirak etdiyi forumda Azərbaycan da təmsil olunub.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, forum BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinə və Çinin inkişaf, təhlükəsizlik və sivilizasiya sahəsində gənclərin beynəlxalq əməkdaşlığına töhfə verməyi hədəfləyib.

Tədbirdə “Gənclərin İnkişafı üzrə 2025-ci il Qlobal Fəaliyyət Planı” çərçivəsində 100 layihə təqdim olunub, yaşıl istehlak, texnoloji innovasiyalar, süni intellekt və mədəni irsin qorunması mövzularında sessiyalar təşkil edilib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə tədbir çərçivəsində “İpək Yolu Gənc Sahibkarlar” adlı forum keçirilib. Afrika, Asiya və Avropadan 35 ölkədən 37 gəncin qatıldığı tədbirdə sahibkarlıq, innovasiya və qlobal çağırışlar mövzusunda panel müzakirələr aparılıb.

“İpək Yolu Gənc Sahibkarlar” forumunun açılış mərasimində Çin Gənclər Federasiyasının Baş Katibinin müavini Liu Kai və “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Prezidenti Aytən Əliyeva çıxış ediblər. Xanım Liu Kai çıxışında gənclər arasında sahibkarlıq və əməkdaşlığın əhəmiyyətindən, “Böyük İpək Yolu” Gənclər İttifaqı ilə birgə əldə olunan uğurlardan və “Bir Yol, Bir Kəmər” təşəbbüsü çərçivəsində görülən işlərdən danışıb. Aytən Əliyeva tədbirin məqsədinin İpək Yolu ölkələrindən gəncləri bir araya gətirmək və sahibkarlar şəbəkəsi yaratmaq olduğunu bildirib. Çin Gənclər Federasiyasına ev sahibliyinə, Diasporla İş üzrə Dövlət Komitəsinə işə göstərdiyi dəstək üçün təşəkkür edib.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Beynəlxalq Əlaqələr və Dayanıqlı İnkişaf Departamentinin rəhbəri Afət Məmmədova forumun moderatoru kimi çıxış edib. Onun ingilis və çin dillərində apardığı sessiyalar yüksək qiymətləndirilib.

“Gənclərin Səsi: İpək Yolu İnnovatorları” adlı sessiyada Pakistan, Türkiyə, Seneqal, Misir, Qazaxıstan və digər ölkələrdən olan gənc startapçılar innovativ layihələrini təqdim ediblər. Panel müzakirələrdə gənclərin innovasiyalar vasitəsilə qlobal problemlərə cavab verməsi və davamlı inkişaf məqsədlərinə töhfəsi müzakirə olunub.

Forumun sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Daha sonra iştirakçıların Şanxay, Çanşa və Sian şəhərlərinə işgüzar səfəri baş tutub.

 

“Ədəbiyyat və incəsənət”

(25.07.2025)

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

ANAR, ”ƏDƏBİYYATIMIZIN HƏQİQƏT GÜNÜ”

(Yusif Səmədoğlunun ilk romanı barədə)

 

İstər təbiətdə, istər ictimai həyatda elə hadisələr, elə vaqeələr olur ki, onlar yaddaşlarda uzun zaman yaşayır, hafizələrə iz salır, şüurlara hakim kəsilirlər. İncəsənətin, ədəbiyyatın da belə hadisələri, belə vaqeələri var. Mötəbər ədəbi məclislər, təntənəli yubileylər, başqa tədbirlər mədəni həyatın əlamətdar mərhələləridir. Amma sənətin, ədəbiyyatın ən mühüm hadisəsi – böyük təsir gücünə malik yeni bədii əsərin yaranmasıdır. Belə əsərlər, şübhəsiz, hər gün, ya günaşırı yaranmır, odur ki, onların dünyaya gəlməsini xüsusi qeyd etməyə dəyər. “Azərbaycan” jurnalının builki dördüncü nömrəsində Yusif Səmədoğlunun “Qətl günü” adlı romanı dərc olunmuşdur. Mən bu romanı ədəbi hadisə hesab edirəm.

Bəzən sadə mətləblərdən bəhs edən sadə, hətta bəsit əsərlər meydana çıxır. Bəzən mürəkkəb, qəliz mətləblərə həsr olunmuş, amma formaca çox sadə, asan qavranılan, yüngül dərk olunan əsərlərlə rastlaşırıq, bəzənsə qəliz mətləbləri, mürəkkəb məzmunu ifadə etməkçün ancaq və ancaq qəliz, mürəkkəb, çətin qavranılan forma tələb olunur. Bu formanı məzmunun özü müəyyənləşdirir. Elə hisslər, fikirlər, elə həyat materialları var ki, onları yalnız xüsusi bədii vasitələrlə ifadə etmək mümkündür.

“Qətl günü” çətin əsərdir. Daha doğrusu, qavranışı çətinlik törədən əsərdir. Roman ilk oxunuşdan bəlkə də tam dərk olunmur. Dərin müəllif qayəsi yüngül, asan oxunuşla açılmır. Bunu öz təcrübəmlə təsdiq edə bilərəm. Romanla ilk dəfə əlyazması şəklində tanış oldum. Əsər dərhal məni tutdu, qüvvətli təsiri altına aldı. Amma yalnız əsəri ikinci dəfə jurnal səhifələrində mütaliə edəndə gördüm ki, ilk oxunuşda çox şeyi bütün dərinliyiylə duya bilməmişəm. Bəlkə haçansa əsəri yenidən oxumalı olsam, onun yeni-yeni qatları açılacaq, həqiqi bədii əsərin xüsusiyyətlərindən biri də elə bu – pünhanlıq, mübhəmlik deyilmi? O, bütün sirlərini birdən-birə açmır, bizi uzun müddət ərzində, ömrümüzün müxtəlif məqamlarında təzədən ovsunlayır.

60-cı illərdə Fransada başlamış ədəbi mübahisənin əks-sədası hər tərəfə yayıldı – söhbət romanın süqutundan gedirdi; roman bir janr kimi öləcəkmi, qalacaqmı? Romanı basdırmağa çalışanların yanıldıqları qısa bir müddətdən sonra hamıya, hətta bu iddiada olanların özünə də aşkar oldu. Roman qaldı, roman qalacaq və insanın bədii sözə, tarix haqqında, bugün haqqında, keçmiş və gələcək haqqında, zaman haqqında geniş ümumiləşdirmələr, həyatın yerli-yataqlı nəsr təsvirinə ehtiyacı durduqca, müxtəlif talelərin, xarakterin toqquşmasına marağı sönmədikcə – roman janrı da yaşayacaq. Amma bu mübahisələr də hər halda göydəndüşmə deyildi. Roman məhv olmurdu, roman bir janr kimi dəyişirdi, yeniləşirdi və həmin mübahisələr də bu təbəddülat, başqalaşma ərəfəsində meydana çıxmışdı. İyirminci yüzilliyin məhz elə bu çağında keyfiyyətcə yeni olan roman forması geniş şöhrət tapdı. Daha doğrusu, forması yox, formaları, çünki ənənəvi janr xüsusiyyətinə bir yandan sırf fantastik və tam realistik ünsürlərin qəribə calağından bəhər gətirmiş, folklordan, əsatirdən, qədim aldanış və inanclardan qidalanmış, cilovsuz müəllif təxəyyülüylə bəzənmiş roman meydan oxuyurdusa, digər tərəfdən çılpaq, yalın, sərt faktoqrafiyaya əsaslanan sənədlərdən, həqiqətən olmuş hadisələrdən təsirlənən yazılar ona rəqib çıxırdı. Avropada başlanmış bu mübahisəni roman janrının xeyrinə həll edən əsərlər başqa qitələrdə, uzaq ölkələrdə ortaya çıxdılar. Sovet nəsri, Latın Amerikası ədəbiyyatı, müasir yapon yazıçıları romanın yeni, gözlənilməz və qeyri-adi formalarını nümayiş etdirdilər. Bir tərəfdən Bulqakovun çox illər qabaq yazılmış, amma məhz bu dövrdə oxuculara çatdırılmış “Usta və Marqarita” romanı, Markesin “Yüz ilin tənhalığı” əsəri, Aytmatovun povestləri, o biri tərəfdən D.Qranin və A.Adamoviçin “Blokada kitabı”, T.Kapotenin “Adi cinayət” adlı sənədli yazısı iri nəsr janrlarının tamamilə yeni və tükənməz imkanlarını göstərirdilər.

Klassik Avropa roman ənənəsi müəyyən durğunluq, yaxud bəhrəsiz eksperiment dövrü keçirirdisə, müxtəlif iqlimlərdə, bəzən bir-birindən çox uzaq qaynaqlardan qidalanan dünya romanı keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyurdu. Miflə, əsatirlə, folklorla qaynayıb-qarışan, həyata, tarixə, insan taleyinə qeyri-adi görüm nöqtəsindən baxan bu romanda real vaxt anlayışı, zaman ardıcıllığı başqalaşdı, tamamilə yeni ölçülər kəsb etdi. Real vaxt axarı bədii vaxt dolaşıqlığıyla əvəz olundu. “Gün var əsrə bərabər” – bu qədim və müdrik deyim Aytmatov romanının bədii zaman ölçüsü oldu. Yeni roman formalarının mayası müxtəlif janr ünsürlərindən, rəngarəng ifadə səpgilərindən yoğrulurdu.

Çağdaş romançılıq axtarışlarının uğurlu nəticələrini “Qətl günü”ndə də görmək olar. Bu əsər Azərbaycan tarixiylə, ictimai həyatımızın həm iki yüz ili, həm əlli-altmış il bundan qabaqkı, həm də bugünkü dövrləriylə bağlıdır. Romanda uzaq və yaxın keçmişimizin, müasir yaşayışımızın, taleyimizin, milli mənəviyyatımızın bir çox mühüm məsələləri qaldırılır. “Qətl günü” bütün bu problemləri içəridən bilən və dərindən duyan, bu məsələlər haqqında ciddi, ağrılı fikirlərə dalan müəllifin qələm məhsulu, qəlbinin səsidir. Müəllif cəmiyyətin tarixi inkişaf yollarını da izləyə bilir, ən sadə adamların adi məişət, həyat qayğılarına da bələddir. Hardasa XVIII əsr Qarabağ xanlığının tarixi, Qacar basqını, Molla Pənah Vaqif taleyilə səsləşən, amma heç vəchlə bu hadisələrin real salnaməsi olmayan səhnələrdə də, müasir kənd feldşeri Mahmudun, tatar Temirin güzəranını təsvir edən, dəmiryol stansiyası bufetinin koloritini canlandıran epizodlarda da dəqiq yazıçı müşahidəsi, plastik ifadə ustalığı var, personajlar müəyyən tezislərin tərcümanı kimi deyil, canlı, ətli-qanlı, diri nəfəsli insanlar kimi durub-oturur, davranır, danışırlar. Həm də hərə öz real varlığına, yaşadığı dövrə, mənsub olduğu zümrəyə, aldığı təhsil və təlim xüsusiyyətinə uyğun olaraq danışır. Şübhəsiz ki, dialoqlardakı bu leksik zənginlik, dürüstlük romanın mühüm məziyyətlərindəndir.

Xalq həyatının, psixologiyasının, dilinin incəliklərini üzvi surətdə mənimsəmiş yazıçı dünya ədəbiyyatının müxtəlif istiqamətlərindən də agahdır, müasir nəsr texnikasından, ayrı-ayrı roman axtarışlarının ifadə əlvanlığından bacarıqla istifadə edə bilir. “Qətl günü” bir daha təsdiq edir ki, heç vaxt ədəbi bilikləri, peşəkar hazırlığı, kitablardan, mütaliədən, savaddan gələn xüsusiyyətləri xəlqiliyə qarşı qoymaq olmaz. Bu süni dilemmanı, qarşılaşdırmanı ortaya atanlar iddia edirlər ki, yazıçı ya xəlqi olmalıdır, ya savadlı. Əgər savadlıdırsa, deməli, xəlqi deyil. Mən heç cür başa düşə bilmirəm ki, nəyə görə kəmsavadlıq xəlqiliq əlaməti olmalıdır. Təbiidir ki, xalq özü də bu sayaq yarımçıqlığı qəbul etmir və “dad yarımçıq əlindən” deyir.

“Qətl günü” yüksək humanist pafosla yazılmış əsərdir. Burda zorakılığın, ölümün hər hansı şəklinə qarşı, insan mənliyini tapdayan, mənəviyyatını əzən hər hansı cəbrə qarşı acı bir etiraz var. “Qətl günü” müəyyən tarixi hadisələri əks etdirən, real ictimai faktordan doğulmuş, konkret zaman aşırımlarıyla bağlı əsərdir. Amma romanda bir əbədilik havası, zamanın fövqündə yaşayan bir ruh var ki, ötən əsrləri, illəri, günləri, situasiyaları, xarakterləri nə isə ümumbəşəri, əzəli mövqedən seyr etmək imkanı yaradır. XVIII əsrin hadisələri də müəyyən və dəqiq müəllif mövqelərindən təqdim olunur.

Əsərin humanist pafosu insana qahmar durmaq, insan dəyərlərini qorumaq, hifz etmək əzmidir. İnsanı alçaldan, onu sıxma-boğmaya salan, təkləyən, pisikdirən – hər şey müəllifin qəzəbinə keçir.

Romanda müxtəlif dövrlərdə ömür sürmüş real və xəyali personajlardan başqa bir məşum obraz da var – hadisələrin başı üstündə duran bu obrazı Tale adlandırmaq olar. Ona “qismət”, “aqibət”, “qəzavü-qədər” də demək olar. Taleyin gücünü, əzəmətini, qaçılmazlığını təcəssüm etdirən bu obraz müxtəlif rəmzlər, təşbehlər, şərti ifadə vasitələrilə təqdim olunur. Bu rəmzlərin, təşbehlərin içində ən görümlüsü Baba Kaha, daha doğrusu, Baba Kahanın gizlin, qaranlıq mağaralarında yatan, ya da yatmayıb pusquda duran, məqamını gözləyən qəfil külək, gözlənilməz qasırğa, amansız rüzgardır. Tarixin hansı günündəsə, insan ömrünün hansı saatındasa bu rüzgar qəfil qara yel kimi “kahadan bayıra sıçrayır, rastına nə çıxırsa yıxıb dağıdır, “ikiayaqlılar”, “bəni-Adəmin” zalımını da, məzlumunu da, fatehini də, əsirini də, qalibini də, məğlubunu da haqlayır, kəmənd olub boğazlara dolanır, taleyin əfvsiz qətl hökmünü yerinə yetirir. Müxtəlif taleli insanların və müxtəlif dövrlərin insanlarının ölüm ayağında duyduqları buz soyuqluğu – romanın başqa bir şərti, rəmzi obrazıyla – Zirzəmi obrazıyla bağlıdır. O zirzəmiylə ki, neçə ölkəyə qan uddurmuş XVIII əsrin fatehi də öz əcəlinə belə bir rütubətli zindanın buzlu şaxtasında qovuşur. Romanda şər qüvvələr, yamanlığa, qara yelə, ölüm şaxtasına, suyu qurumuş çayın məşum məcrasına qarşı duran dəyərlər hansılardır? Xeyir, Yaxşılıq, Ümid çırağının işığı hardan süzülüb gəlir? Həyat, Xeyir, Ümid çırağının daşıyıcıları müxtəlif dövrlərin yanar zəka sahibləri, münəvvərlər, sadə, namuslu, saf adamlardır, öz ləyaqətini, dəyanətini, mənəvi bütövlüyünü hər hansı şəraitdə qoruyub saxlamağı bacaran insanlardır. Məhz bu insanların ilıq nəfəsləri qorxulardan, vahimələrdən buz bağlamış qəlblərin, beyinlərin buzunu əridir, donunu açır. Roman səhifələrində doğma qalasının hərbi sirlərini işğalçı sərkərdəyə satan, ənam əvəzinə öz yurdunun ən məşhur şairinin başını istəyən XVIII əsr “əhli-qələmləri” varsa, paxıllığa, biganəliyə qarşı sinə gərənlər də var. Əbədi həqiqətləri, dəyişməz bəşəri dəyərləri XVIII əsrin sonunda məşhur şair yaşadırsa, ondan yüz əlli il sonra Sədi Əfəndi də böyük ziyalı missiyasına sədaqətini saxlayır. Romanda təsvir olunan Sədi Əfəndinin təbiəti sakit, xasiyyəti mülayim, ruhu isə əyilməzdir.

“Usta və Marqarita” romanında çox vacib bir fikir ifadə olunub: əlyazmanı oda atırlar, alışmır. Demə, əlyazmalar yanmırlarmış. Bu fikir “Qətl günü”nün də təməl fikirlərindəndir. XVIII əsrdə məğrur şairin boynu vurulur, amma şairin həqiqi qiymətini və dəhşətli aqibətini bilən saray təlxəyi Üfləmə Qasım onun əlyazmalarını hifz eləyir, arabanın içində, otun-ələfin altında gizlədir, işğal olunmuş yurdundan uzaqlara qaçırdır.

Taleyin bütün keşməkeşlərinə baxmayaraq, Sədi Əfəndinin yazdığı roman da məhv olmur. “Qətl günü” adlanan bu tarixi romanın əlyazması uzaq bir yerdən tapılır, doğrudan da, əlyazmalar yanmırmış, itmirmiş, batmırmış. Həqiqətən, ədalətin, sənətin sönməz çırağı estafet kimi nəsildən-nəslə, əsrdən-əsrə keçirmiş. Mənəvi dəyərlər ölümsüzdür. İnsan ləyaqəti bütün qasırğalardan, qara yellərdən güclüdür. İnsanların dövranların başı üzərindən bir-birlərinə göndərdikləri ismarışları hökmən ünvana çatası, mənzilə yetəsidir. Oxucunun romandan çıxardığı nikbin, ümidli, həyatı təsdiqedici nəticə belədir.

Romanda ağır, faciəvi söhbətlər var. Finalı da yalançı, saxta gümrahlıqdan uzaqdır. Amma “Qətl günü” bir oxucu kimi məndə ən işıqlı, ən xoş duyğular oyatdı, fikrimə yeni təkan verdi, düşüncələrimi arıtladı, durultdu. Hisslərimi, mülahizələrimi yalnız əsər müəllifiylə deyil, başqalarıyla bölüşmək istədim.

Bəzən biz ürəyimizi açan, döşümüzə yatan əsər oxuyanda gözləyirik ki, təsadüfən küçədə müəllifinə rast gələk, ona xoş sözlər deyək. Bəzən ətalətimizi üstələyib telefonla zəng vurur, təbrik edirik. Ərinməsək, hətta məktub da yazıb rəyimizi bildiririk. Xoş sözlə də, xeyirxah telefon zəngi də, səmimi məktub da çox yaxşıdır. Amma şəxsi rəyimizin geniş ədəbi ictimaiyyətə çatdırılmasının ən səmərəli şəkli mətbuatdır. Odur ki, mən Yusif Səmədoğlunun yeni və ən böyük əsəri haqqında fikrimi qəzet vasitəsilə ifadə etməyə çalışdım.

 “Ədəbiyyat və incəsənət” qəzeti

21 iyul 1984

 

“Ədəbiyyat və incəsənət”

(25.07.2025)

 

Ağalar İdrisoğlu, Əməkdar incəsənət xadimi. “Ədəbiyyat və incəsənət” üçün

 

Xalqımız həqiqətən də çox istedadlı  və dərin kökləri olan xalqdır. Sadəcə biz,  bu xalqı, onun mədəniyyətini, ədəbiyyatını, incəsənətini, elmini, təhsilini, səhiyyəsini, mətbuatını və onlarca lazımlı sahələrini dünya səviyyəsində lazım olan kimi təbliğ etmirik. Bu, əlbəttə tarixlər boyu belə olub və yəqin ki, bundan sonra  da belə olacaq.

 

Bunun ən böyük səbəbi isə daxilimizdə olan həsəd, paxıllıq, tayfabazlıq, yerlibazlıq  və mən deyərdim ki, ən əsası isə cahillikdir. Çünki təxminən yüz ildən bir qədər çoxdur ki, biz heç vaxt istəmirik ətrafımızda olan istedadlı həmvətənlərimizi təbliğ edək. Çünki yuxarıda dediyim kimi daxilimizdə yerlibazlıq, tayfabazlıq, icma psixalogiyası dərin kök salıb.  Amma keçmişimizə baxanda, keçmiş tariximizi, ədəbiyyatımızı  vərəqləyəndə  elə uzağı getməyək, 150-200 il əvvələ boylananda görürük ki, bizim necə böyük ziyayılarımız, maarfipərvər insanlarımız olub ki, bütövlükdə həyatını, var-dövlətini  millətin inkişafına həsr edib. Bu milləti işıqlı yola çıxarmaq üçün hətta bütün var- yoxundan, canından belə keçiblər. Məgər biz həmin insanların davamçıları deyilikmi? Bəs biz niyə belə  cılızlaşdıq? Bu pis xislət bizdə haradan yarandı?..

Bax, uzun illərdir bu suallara  çoxlu ziyalılarımız kimi mən də cavab tapa bilmirəm. Amma bircə ona təsəlli tapıram ki, bizim belə ulu babalarımız olub. Əgər biz də onların yolunu təmənnasız aparsaydıq, yerlipərəstlik xislətinə tutulmasaydıq, püşvət xəstəliyi bizi öz qoynuna almasaydı, məddahlıqdan uzaq olsaydıq, inhisarçılıq daxilimizdə  kök salmasaydı  bu son yüz ildə böyük klassiklərimizi dümya səviyyəsinə çıxarıb, onların gözəl əsərlərini dünya xalqlarının dilində çap etdirib  və dahilərimizi  Yer kürəsində layiqincə tanıdardıq. Bax, onda Yer kürəsində olan  həmin millətlər bizə həsəd aparardılar...

Onların sayı yüzlərlədir.  Belə dahi insanlarımızdan biri də Həsən bəy Zərdabi olub. Onun təkcə 1873-cü ildə Milli Teatrımızın yaranmasında başda olması və iki il sonra isə Milli Mətbuatımızı yaratması artıq bəs edir ki, bu insana biz qızıldan heykəl qoyaq. Amma və çox əfsus ki, biz bu insanı yaddan çıxartmışdıq. Hətta bir müddət sümüklərinin belə hansı qəbistanlıqda olduğunu belə unutmuşduq. Çox sağ olsun ki, böyük alimimiz Abbas Zamanov və ətrafında olan bir  neçə ziyalımız onun sümüklərini tapdı. Bu sümüklər isə uzun illər dahi insanın evində qorunub saxlanıldı... Axır ki, Fəxri xiyabanda dəfn olundu...

Bizim millətimizin biganəliyinə bu, tam tutarlı bir sübutdur. Nə isə... Dərdlərimiz çoxdur. Problemlərimiz isə ondan da çoxdur. Çox əfsus ki, yenə də mətbuat, teatr  sahəsində bir balaca vəzifəsi olanlar, hər bayram gələndə öz yaxınlarını siyahılara “soxuşdurur” və Prezidentə təqdim ediblər. Həmişə olduğu kimi bu dəfə də belə oldu... Mən tam əminəm  ki, gələn bayramlara da belə olacaq... Çünki mən, ömrümün 60 ilini mətbuata, ədəbiyyata və 50 ilini peşəkar teatr sənətinə həsr edən insan kimi bunu həmişə belə görmüşəm... Ona görə də qətiyyətlə deyirəm: “Vallah, biz düzələn xalq deyilik”...

Ən əsası isə Milli Mətbuatımızın 150 ili tamam oldu və biz bu bayramı da qeyd elədik. Bu bayramlardan biri də Milli Mətbuatımızın 150 illiyi  günlərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqının birlikdə keçirdiyi   “AZƏRBAYCAN MİLLİ MƏTBUATI – 150” tədbiri oldu. Belə ki, Azərbaycan Teatr Xadimləri Ittifaqında iyul ayının 21-də mədəniyyəti, o cümlədən teatr sənətini təbliğ edən jurnlistlərlə keçirilən görüş 150 illik bir ənənənin davamı kimi çox xarakterik və maraqlı idi. Orada bir daha vurğulandı ki, hələ 1873-cü ildə gələcək “Əkinçi”nin yaradıcısı, ideya müəllifi  Həsən bəy Zərdabi və gimnaziyada onun şagirdləri - 19 yaşlı Nəcəf bəy Vəzirov başda olmaqla, onların  təşəbbüsü ilə Bakıda Mirzə Fətəli Axundzadənin iki komediyası “Sərgüzəşti-vəziri-xani  Lənkəran” və “Hacı Qara-mərdi xəsis” komediyaları səhnələşdirilib.  Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində bu tamaşalarla  peşəkar teatrın təməli qoyulub. Elə buna görə də mətbuat təmsilçiləri Teatr Xadimləri Ittiaqına özlərinin  doğma ünvanı kimi təşrif gətirmişdilər.

Səmimi ovqatda keçən görüşdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri- Xalq artisti, Dövlət mükafatı laureatı, Prezidentin Fərdi Təqaüdçüsü Hacı İsmayılov jurnalistləri salamlayıb, mətbuatla teatrın sıx bağlılığından bəhs edərək, maraqlı fikirlər deyib, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin 1875-ci ildə “Əkinçi”nin nəşrini ilk alqışlayan, ona xeyir-dua verən və maraqlı  məsləhətini bildirənlərdən olduğunu xatırlayıb. Həmin mətbuatın da bu gün teatrla  əlaqələrinin daha da dərinləşdiyini vurğulayıb və bunu ilk növbədə görüşə toplaşmış jurnalistlərin xidməti kimi dəyərləndirib.

Hacı İsmayılov və müavinləri – “Şöhrət” ordenli Xalq artisti, Dövlət mükafatı laureatı, professor, Prezidentin Fərdi Təqaüdçüsü İlham Namiq Kamal, Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, Əməkdar artist Azad Şükürov başlıca mövzusu mədəniyyət olan mətbuat nümayəndələrinə ən xoş arzularını bildiriblər. Sonra  aşağıda adları qeyd dolunan teatr işçilərinə, bir qrup jurnalistlərə,  ““İttifaqın dostu”  diplomlarını  verdilər.

 

Bunlar-  Azərbaycan Televiziyası Mədəniyyət Kanalının bədii rəhbəri, Əməkdar mədəniyyət işçisi Rövnəq Həsənzadə,

Trend Beynəlxalq İnformasiya Agentliyi Mədəniyyət şobəsinin rəhbəri

Vüqar İmanov,

Real Təhlil İnformasiya Mərkəzinin Proqram Departamentinin rəhbəri

Kamran Qasımov,

Azərbaycan Dövlət İnformasiya Agentliyinin redaktoru Suvar İbadov (Abdulla Suvar),

“Xalq” qəzetinin  Humanitar siyasət şöbəsinin müdiri, Əməkdar jurnalist , şair

Əli Nəcəfxanlı,

İKİ SAHİL.AZ  xəbər portalı üzrə şöbə müdiri

Qvami Rəsulov,

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin

105 FM radiosunun rejissoru, jurnalist Vəfa xanım Sərdar (Qədirova),

Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, yazıçı, daramaturq, jurnalist, publisist,  Dövlət Milli Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru, “Azad Azərbaycan” qəzetinin redaktoru Ağalar İdrisoğlu (Mehdiyev),

Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri

Fidan xanım Əlizadə,

“VƏTƏN SƏSİ” saytının müxbiri Mina xanım Rəşid (Şıxova),

Jurnalist Şəlalə xanım Camal,

Mədəni tədbirlərin təşkilatçısı Sevda xanım Əliyeva,

PRESSKLUB. AZ saytının redaktoru Ramilə xanım Qurbanlı,

Aşağıda adları yazılanlar “Fəxri fərmanla” təltif olunublar:

Azərbaycan Televiziyası Mədəniyyət Kanalı “Min maska” layihəsinin rəhbəri

Həmid Əsədzadə,

Azərbaycan Televiziyası Mədəniyyət kanalı Mədəniyyət xəbərləri redaksiyasının müxbiri Məmməd Məmmədli,

M. F. Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin təşkilatçısı

Sələmə xanım Məhərrəmova,

M. F. Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin bədii rəhbəri

Elvin Nüsrətoğlu (Abdulxalıqov),

Jurnalist-dramaturq Ülviyyə xanım Heydərova,

Jurnalist-dramaturq Cavid Zeynallı.

Bu insanlar isə “Teatr fədaisi” medalı ilə  təltif olundular:

Gülcahan xanım Mirməmməd,

Həmidə xanım Rüstəmova,

Samirə  xanım  Behbudqızı.

 

Çıxış edənlər onu da vurğuladılar ki, Azərbaycan Teatr Xadimləri İttifaqının məsul katibi Aida xanım Qafarova burada keçirilən tədbirlərlə bağlı maraqlı məlumatları onlara göndərir və hər tədbirə də onları dəvət edir.

Beləliklə, bir tarixi gün də arxada qaldı. Və həmin gün çəkilər fotoşəkillər də teatrımızın və jurnalistikamızın tarixində zaman-zaman işıqlanacaq. Ən əsası isə həmin tədbirə toplaşanlar bir qürur hissi keçirtdilər ki, xalqımızın belə bir dahi övladı olub. Baxmayarq ki, uzun illər biz onu yaddan çıxartsaq da, amma o, yaşadığı keşməkeşli dövrdə bizi yaddan çıxartmayıb və xalqımız üçün peşəkar teatrı  və peşəkar mətbuatı yadigar qotub gedik. Çox yaxşı olar ki, biz də bir millət olaraq, xalqımızı dünyada tanıtmağa qadir olan bu sahələrə çox üstünlük verək. Teatrlarımıza lazım olan şərait yaradaq ki, dünyada tanınsın. Azad mətbuata lazım olan kimi şərait yaradaq ki, millətimizi dünyada təbliğ edə bilsin. Büna görə də ilk öncə hər birimizdə böyük ürək olmalı, obyüktiv tənqiddən inciməməli, ziyalılarımıza yaxşı şərait yaratmalı, milləti özümüzdən çox sevməliyik. Hər yaradıcı insanın da layiqli  qiymətini vaxtında verməliyik.  Əgər bunaları bacara bilsək, biz dünyada öz sözü, öz imzası olan ən aparıcı millətlərdən biri ola bilərik. Axı biz millət  olaraq çox istedadlıyıq. Belə istedad da Yer kürəsində olan hər millətə verilməyib. Bunu sübut etmək üçün təkcə bir faktı deməyimiz və dünyada təbliğ etməyimiz kifayətdir. Biz bir millət olaraq intibah dövrünə XII əsrdə başlamışıq. Avropa xalqları isə intibah dövrünə XV əsrdə başlayıblar.

 

“Ədəbiyyat və incəsənət”

(25.07.2025)

 

 

 

 

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

(Səxavət Qədirovun dedikləri və Yaşar Quluzadənin qələmə aldığı real əhvalat)

 

Eyvazxanbəyli hadisələrindənQarabağın Soruşma adlı madyanı  və balası

 

1993-cü il iyul ayının 9-u idi. Ağdam uğrunda amansız döyüşlər gedirdi. Göytəpə kəndində, Eyvazxanbəylidə artıq nə qadın, nə qız-gəlin, nə də yaşlı insan qalmışdı. Hamısı təhlükəsizlik məqsədilə arxaya köçürülmüşdü. Kənddə yalnız kişilər qalırdı.

Həmin gün biz Ağdam Atçılıq Zavoduna məxsus Qarabağ atlarından ibarət ilxını otarmaq üçün Tərnöyüt kəndi ərazisinə aparmışdıq. Bu kənd Eyvazxanbəyliyə yaxın idi. Gözlənilmədən erməni artilleriyası tərəfindən biz olan yer atəşə tutuldu. İlk mərmi başımın üstündən keçdi və qarşıdakı 7-8 nəfərin arasına düşdü. Təəssüf ki, bir kənd sakini həlak oldu. Hamı yerindən qalxıb hər kəs bir tərəfə səpələndi. Artilleriya atəşi şahmat taxtası kimi, dəqiqliklə Qarabağ atlarını hədəfə almışdı. Düşmən bu taktikanı işlədirdi ki, biz ilxını qoyub qaçaq. Amma həç kəsin ağlındanbu keçmirdi. Düşdüyümüz vəziyyətlə əliboş silahsız çarpışma başladı. İlxı atəşin şiddətindən çaxnaşma içində ətrafa dağıldı. Biz atlarımıza minib ilxını bir yerə toplamağa başladıq. Bu, son dərəcə təhlükəli və çətin iş idi, mərmilər fasiləsiz başımızın üstündən ətrafa yağırdı.

Nəhayət, ilxının başında olan əsas madyan evinə tərəf istiqamət götürdü və onun ardınca bütün madyanlar, dayçalar Eyvazxanbəyliyə tərəf çapmağa başladılar. Qarabağ atları dördnala çapırdı. Mən ilxının arxasınca gedirdim. Elə bu zaman Soruşma adlı madyanın yerdə uzanmış vəziyyətdə hərəkətsiz qaldığını gördüm. O, artilleriya atəşinin altında tərpənmirdi. Atımı ona tərəf sürdüm. Yaxınlaşanda gördüm ki, Soruşma doğur. Heç nə edə bilməzdim, bu səbəbdən atımı geri döndərib ilxının ardınca çapdım. Bir müddət sonra biz bütün madyanları, dayçaları kəndimizə, onların öz yerlərinə Ağdam Atçılıq Zavoduna çatdırdıq.

Zavoda çatdıqdan sonra atama və oradakılara Soruşmanın Tərnöyüt örüşündə doğduğunu və balası ilə tək qaldığını dedim. Bildirdim ki, onu mütləq gedib gətirəcəyəm. Məni bu fikrimdən daşındırmağa çalışdılar. Dedilər ki, düşmənin harada olduğu bəlli deyil, atəş səsləri yaxınlıqdan gəlir, geri qayıtmaq çox təhlükəlidir. Amma mən artıq qərarımı vermişdim. Heç kimdən qorxmurdum.

 

"Soruşmanın düşmən əlinə keçməsinə razı ola bilmirdim..."

 

Səhər tezdən atımı yəhərlədim və Eyvazxanbəylidən Tərnöyüt istiqamətində yola düşdüm. Örüş sahəsinə çatanda ətrafı diqqətlə axtarmağa başladım. Uzaqda günəş altında sarı madyanı gördüm, tanıdım ki, bu Soruşmadır. Atı ora sürdüm, Soruşmanın yanında artıq addımlamağa başlayan, ayaq üstə möhkəm dayanan balası vardı. O da bizə yaxınlaşdı.

Atımı sürdüm, onları kəndimizə tərəf aparmağa başladım. Yol boyu təhlükə ehtimalı olsa da, atlar sakit və arxayın şəkildə hərəkət edirdi. Bir müddət sonra Soruşma və onun bir günlük balası Ağdam Atçılıq Zavodunun həyətinə daxil oldular. 

 

 

***

Sonrasını isə öyrənəndə ayağımızın altından yer qaçdı.

Çox təəssüf ki, düşmən əlindən canımız bahasına xilas etdiyimiz, 1993-cü ildə Bakıya təxliyə edilmiş Qarabağ atlarının 70 başı Bakı Dövlət Cıdır Meydanında acından ölmüşdü. Bu itki Qarabağ atları tarixində ən böyük tiki hesab olunur. Təəssüflə deməliyəm ki, bu acı həqiqətdir.

Çox şükür bu günə ki, Ali baş Komandanın rəhbərliyi ilə Qarabağımız-Ağdamımız düşmənn tapdağından azad edildi. Bu gün Eyvazxanbəylidə Qarabağ Atçılıq Zavodu yenidən inşa edilir. Qaçqın Qarabağ atlarının öz yurduna qayıdacağı gün uzaqda deyil.

 

“Ədəbiyyat və incəsənət”

(25.07.2025)

Cümə, 25 İyul 2025 13:37

Acılar da xoşbəxtliyə apararmış…

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Yaşadığım acının məni xoşbəxtliyə aparacağını heç düşünməmişdim. Bəzən ağrının şiddəti bütün vücuduna yayılmağa başlayanda, heç gözləmədiyin anda xoşbəxtlik serum kimi damarlarına axıb, bütün ağrını yoxa çıxarır.

 

Xoşbəxtlik ağrıya üstün gəlir və ağrını artıq səni incitməyəcək şəkildə sarıyır. Hər acı mütləq ki, insanın içində bir boşluq yaradır. Bu boşluq bəzən bir şəkildə doldurula bilir, bəzən də bir ömür səninlə birlikdə yaşayır.

Xatırladıqca sızlayar, yalnız hiss etdirər, amma əvvəlki kimi ağrı verməz. Çünki ora xoşbəxtlik toxunmuşdur — insana var olduğunu xatırladan, həyata tutunduran bir hiss. Və səni həyata bağlayan bir səbəbə çevrilir — xoşbəxtlik.

Ağrısız həyat deyilən bir şey yoxdur. Amma xoşbəxtlik, ağrını da mənimsəyə bilməkdir. Çünki əsl güc — acı ilə yaşayıb, yenə də gülümsəyə bilməkdir. Və xoşbəxtlik bəzən sadəcə budur: artıq ağrının səni idarə etmədiyini anladığın o sakit an.

 

“Ədəbiyyat və incəsənət”

(25.07.2025)

 

Cümə, 25 İyul 2025 13:03

Unudulmaz ziyalımız Buludxan Xəlilov

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu gün publisist və dilşünas Buludxan Xəlilovun doğum günüdür. Yaşasa idi, 59 yaşını qeyd edəcəkdi.  O, həm əməkdar müəllim, həm də yazıçı idi. Gəlin, onu yaxından tanıyaq.

 

Buludxan Xəlilov 1966-cı il iyulun 25-də Qərbi Azərbaycanda Amasiya rayonunun Ellərkənd kəndində anadan olub. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil alıb. Ordu sıralarında Uzaq Şərqdə hərbi xidməti borcunu yerinə yetiib.

 

Əmək fəaliyyətinə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili kafedrasında laborant kimi başlayıb. Namizədlik, doktorluq dissertasiyası müdafiə edib.  Müasir Azərbaycan dili kafedrasında müəllim, dosent, professor və­zifəsində çalışıb. Xəlilov  Azərbaycan Dövlət Pedaqoji Universitetində yeni yaradılmış Dədə Qorqud elmi-tədqiqat la­bo­ratoriyasına rəhbərlik edib. Filologiya fakültəsinin dekanı seçilib.  Müasir Azərbaycan dili kafed­rasının müdiri vəzifəsində çalışıb.

 

 "Filologiya məsələlərinə dair tematik toplu"nun redaktoru olub. Müasir ədəbi-tənqidi fikrin, ədəbi irsin araşdırılmasında öz dəst-xətti ilə seçilib. M.F.Körpülünün "Azəri" əsərini transliterasiya edib ön söz və şərhlərlə çap etdirib. Ədəbi dilin tədqiqinə dair bir sıra monoqrafik əsərin müəllifidir. XX əsrin 90-cı illərindən dövri mətbuatda elmi, elmi-kütləvi məqalələrlə çıxış edib.

 

Xəlilovun elmi fəaliyyəti çoxsahəli, geniş və əhatəlidir. Onun 400-dən çox elmi, elmi-publisistik əsəri çap edilib. Bunlar­dan 45-i mono­qrafiya, dərslik və dərs vəsaiti­dir. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Yazıçılar Birliyindəki İrs komissi­ya­sının üzvü, Ali Attestasiya Komissiyasının Filologiya ixtisası üzrə Ekspert şurasının üzvü olub.

 

 Azərbaycanda təhsil sisteminin inkişafındakı xid­mətlərinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif olunub. Buludxan Xəlilov 2001-ci ildə İlin alimi no­minasiyasının, 2003-cü ildə Vektor Beynəlxalq Elm Mərkəzi Mükafat Ko­mis­siyasının qərarı ilə Azərbaycanın gənc alimləri Beynəlxalq layi­həsinin qalibi olub. O, Azad Qələmlər Cəmiyyəti tərə­findən Azərbaycan dili, ədəbiyyatı və türkologiya elmlərinin tədqiqi-təbliği sa­hə­sindəki xidmətlərinə görə Qızıl qələm fəxri mükafatı laureatı seçilib, 2006-cı ildə XXI əsrin ziyalısı adına layiq görülüb.

 

İki dəfə 1999-cu və 2004-cü illərdə Nəsimi rayonu bələdiyyəsinə üzv seçilib, Sosial məsələlər daimi komissiyasına sədrlik edib. 2015-ci ilin aprel ayında Türk dünyası araşdırmaları uluslararası elmlər akademiyasının akademiki seçilib. 2015-ci ilin 19 mayında “Beynəlxalq Rəsul Rza” mükafatına layiq görülüb.

 

2017-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə “Bakıdan türk dünyasına” adlı layihə çərçi­vəsində tədbirlərə verdiyi dəstəyə görə “Onur bəlgəsi” ilə, azərbaycanlı şair Molla Pənah Vaqifin anadan olmasının 300 illiyinə həsr olunan tədbirdə TÜRKSOY Genel Sekreteri Düsen Kaseinov tərəfindən “Molla Pənah Vaqif” medalı və 2018-ci ildə ADPU-nun Filologiya fakültəsinin inkişafında xidmətlərinə görə rektorluq tərəfindən fəxri fərmanla təltif edilib.

 

Kitabları

 

1. Azərbaycan dilində təkhecalı fellərin əsasında duran ilkin köklərin fonosemantik inkişafı

2. Azərbaycan dilində ikihecalı fellərin fonosemantik inkişafı

3. Fellərin ilkin kökləri

4. Birinci Beynəlxalq Türkoloji qurultay

5. Müasir Azərbaycan dilinin morfologiyası (I hissə)

6. Müasir Azərbaycan dilinin morfologiyası (II hissə)

7. Azərbaycan dili: dünən, bu gün»

8. Türkologiyaya giriş

9. Müasir Azərbaycan dilinin leksikologiyası

10. Türkün hikmət xəzinəsi: Xoca Əhməd Yəsəvi

11. 224 qədim türk sözü

 

Məqalələri

 

- “Bədii dilimizə aid izahlı lüğət”

- Buludxan Xəlilov. "Onun şeirləri həqiqətən doğulur"

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü Buludxan Xəlilov 2021-ci il sentyabrın 27-də uzun sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(25.07.2025)

 

 

 

ElmanEldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

Müsahibələrindən birində deyir ki:- “Doğrusu uşaqlıqda gah yol polisi, gah da bir çox peşələrin sahibi olmaq istəmişəm. Sadəcə, tale belə gətirdi ki, aktyor oldum. Bu peşəni mənə sevdirən isə ədəbiyyat müəllimim Müslüm müəllim olub. Bununla bağlı maraqlı bir fakt var. Bir gün sinfimizin qapısı döyüldü və atam içəri girdi. Müəllimdən icazə aldı, gedib arxada əyləşdi. Mən də tez kitabı qarşıma çəkib açdım. Bunu Müslüm müəllim gördü və başa düşdü ki, mən dərsə hazır deyiləm. Əvvəlki gün dərsə cavab vermişdim, əmin idim ki, bu gün məndən soruşmayacaq. Bir neçə uşaqla sual-cavab elədi, o müddətdə mən də kitab oxuyurdum. Qəfil məndən soruşdu ki, hazırsan? Dedim, bəli. Tapşırıq Cəfər Cabbarlının dramaturgiyası ilə bağlı idi. Dərsi danışdım, sonra atam getdi. O gedəndən sonra Müslüm müəllim məni sinifdə saxladı. Dedi ki, ədəbiyyat bu millətin, xalqın, tarixin işıqlı, gözəl dəyərlərindən biridir. Əgər sən buna ötəri baxırsansa, mən inanmıram ki, sən normal vətəndaş ola biləsən. Mən də uşaq idim, çox anlamırdım. Amma bu sözlərdən sonra elə bil başımdan qaynar su töküldü. Çünki mən müəllimimi çox istəyirdim. Bu söhbətdən sonra məndə ədəbiyyata, dramaturgiyaya qarşı böyük həvəs yarandı. Elə o vaxtdan qəlbimin gizli yerində aktyorluğa maraq oyandı. Amma aktyor olmaq asan deyil. Yəni, mən özümü hələ də tam aktyor hesab etmirəm. Düşünmürəm ki, artıq bu peşəyə tam yiyələnmişəm...”

 

O, 25 iyul 1960-cı ildə Şabran rayonunda dünyaya gəlib. 1967-1977-ci illərdə Şabran şəhər 2 nömrəli tam orta məktəbində təhsil alıb. 1977-1980-ci illərdə Bakı mədəni-maarif texnikumunuda özfəaliyyət teatr kollektivi rəhbəri ixtisası üzrə Əfrasiyab Məmmədovdan dərs alaraq, buranı fərqlənmə diplomu ilə bitirib. Texnikumu bitirdikdən sonra təyinatla Şabran Mədəniyyət Evində çalışıb. 1980-ci ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və Kino aktyorluğu fakültəsinə daxil olub. 1980-1984-cü illərdə oranın aktyorluq fakültəsində Nəsir Sadıqzadə, Fuad Hacıyev və Zəminə Hacıyeva kimi sənətkarlardan dərs alıb. Sonra bir müddət görkəmli teatr xadimi Vaqif İbrahimoğlunun yanında- Tədris Teatrında fəaliyyətini davam etdirib. 1988-ci ildə eksperimantal studiya yarananda bu truppaya daxil olub. 1991-ci ildə bu studiyanın bazasında “Yuğ” Dövlət Teatrı yaradılıb. O vaxtdan bu günədək “Yuğ” teatrının aktyorudur... Aktyorun yaradıcılıq bioqrafiyasında xeyli mürəkkəb və maraqlı rollar var. Eyni zamanda Mədəniyyət və İncəsənət Universitetində də çalışır. 1988-ci ildə müəllim, 2002-ci ildə dosent, 2018-ci ildə professor elmi adını alıb. Hal-hazırda orada aktyor sənətindən dərs deyir, Səhnə danışığı kafedrasının müdiridir...

 

“Mən hesab edirəm ki, aktyor sənəti çox çətin, mürəkkəb bir sənətdir. Hər bir peşənin öz silahı, öz aləti var. Aktyor sənətinin aləti isə insanın ruhudur, qəlbidir, varlığıdır. Bu mənada insan özünü dərk etməli, anlamalı, ətrafını başa düşməli, qarşı tərəfi dinləyib, ona dəyər verməyi bacarmalıdır. Qeyri-adi, çətin bir peşədir. İnsanın sağlamlığına, dünyagörüşünə, mütaliəsinə, dünyaya baxışına söykənən bir peşədir. Ona görə də hesab edirəm ki, bu peşəyə gəlmək istəyən, məşğul olmaq istəyən insan öz üzərində ciddi şəkildə işləməlidir. Bütün bu proseslərə hazır olmalıdır. Sabah elə müştərək işlər, filmlər, tamaşalar hazırlanar ki, bizim hər hansı bir aktyorumuz, - istər tələbələrimiz, istərsə peşəkarlarımız digər aktyor məktəbləri ilə üz-üzə dayana bilər. Bu çox məsuliyyətli bir işdir. Mən və ya hər hansı bir aktyor birinci növbədə bu məmləkəti, vətəni, xalqı təmsil edir. Xalqın, vətənin isə arxasında onun adətləri, keçmişi, indisi dayanır. Mən hesab edirəm ki, bu peşədə hərbi nizam-intizam dərəcəsində qayda-qanun olmalıdır. Bəzən deyirlər ki, aktyorun istedadı kifayət edir. Elə deyil, aktyor daim öz üzərində işləməlidir. Həm bədii baxımdan, həm də fiziki...”- söyləyir...

 

2004-cü ildə ona Azərbaycan teatr sənətininin inkişafında fəal iştirakına görə "Qızıl Dərviş" mükafatı verilib. 2009-cu ildə “Əməkdar artist” fəxri adına layiq görülüb. 2018-ci ildən “Xalq artisti”dir. 2021-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Sənətkar” medalına layiq görülüb. 2023-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü alır. Sinəsini “Qabaqcıl təhsil işçisi” döş nişanı bəzəyir... 

 

Deyir ki:- “Hələ oynayacağım rollar qarşıdadır. İndiyədək ifa etdiyim rolları bir məşq hesab edirəm. Bəlkə də, bundan sonra bir rol qismət olmayacaq. Çünki obraz bir qismət, taledir. Təkcə biz istəməklə deyil. Lazım olanda özü gəlib bizi tapacaq. Amma yəqin ki, böyük işlər, rollar hələ qarşıdadır. Çünki bizim müharibə səhifəmiz tam açılmayıb. Bu mənada o səhifələr hələ çox vərəqlənəcək. Orada elə nüanslar var ki, onlar çox önəmlidir və orada olan bizim mövzularımız, qəhrəmanlarımız, iç dünyamız var. Bütün bunlar dünyaya göstərilməlidir...”

 

2024-cü ildə onun "Teatr… Kino… Aktyor" adlı dərs vəsaiti çap olunub. Bu kitabda teatr sənətində nəzəriyyə və təlimlər, Konstantin Stanislavski, Li Strasberq və Vaqif İbrahimoğlu kimi nəzəriyyəçi və rejissorların metod və təcrübəsi yer alıb.

 

“Mənim peşəmlə ədəbiyyat müəllimi peşəsi arasında fərq çox böyükdür. Aktyorluq nizam-intizam çərçivəsində inkişaf edir. Məsələn, indiyə qədər heç kimi gözlətməmişəm. Söz verib, tutmadığım hal da olmayıb. Çünki müəllimlərimdən belə görmüşəm. Mən Vaqif İbrahimoğludan, Əfrasiyab müəllimdən, Fuad müəllimdən, Zəminə xanımdan, Faiq müəllimdən, Nəsir müəllimdən dərs almışam, onlardan bu nizam-intizamı öyrənmişəm. Yəni, mənim qrupumda birinci tələbim budur, ikinci tələbim isə qızlarımıza, qadınlarımıza hörmət. Çünki onlar bizim başımızın tacıdır. Yəqin, insan zamanla özündə nələrisə formalaşdırır. Amma belə düşünürəm ki, bu, qanla gələn bir şeydir. Mənim həyata öz baxışım, münasibətim, qaydalara, yazılmayan qanunlarım var. Yazılmayan qanunlarıma daha çox üstünlük verirəm, nəinki yazılan qaydalara. Yazılan qaydalara hamı sözsüz əməl etməlidir. Məsələn, yol qaydalarına kimliyindən asılı olmayaraq, əməl olunmalıdır. Amma yolda qaydanı pozan bir insana mən də qaydanı pozub yol verə bilərəm. Bu yazılmayan qanundur. Bəzən yazılmayan qanunlara da əməl etmək lazımdır.”- söyləyir...

 

İlk baxışda sakit, təmkinli və şən görünsə də, inanmayın. Bu zahiri görkəmin arxasında daimi həyəcan, dərin düşüncə, ciddi bir şəxsiyyət gizlənir. Onun böyüklüyünü aşkara çıxarmaq üçün uzun zaman tələb olunmur. Onunla bir neçə dəfə ünsiyyətdə olmaq kifayətdir ki, sinəsində gəzdirdiyi böyük ürəyi kəşf edəsiniz. Əsəbiliyini, narahatlığını heç vaxt gizlətməyə çalışmır. Dost məclislərini xoşlayır və məmnuniyyətlə onlarla fikir mübadiləsi aparır. Amma dedi-qodudan, qeybətdən uzaq adamdır. Ehtiyatlıdır, öz qayğılarını çox vaxt gizlədir, eyni zamanda gələcəkdən daim nigarandır. Təxəyyülü çox inkişaf edib. O, həm də gözəl tənqidçidir. Məsələlərə obyektiv yanaşma tərzi var. Məsləhətlərinə qulaq assanız pis olmaz. Təmizliyi, səliqə-səhmanı xoşlayır, başladığı işlərdə, hətta uğursuzluğa düçar olsa belə, axıradək getmək qabiliyyətinə malikdir. Xoşbəxt adamdır, həyatının üçüncü hissəsi daha firavan keçəcək və qocalığını istənilən qədər sakit yaşayacaq...

 

Yəqin soruşacaqsınız ki, söhbət kimdən gedir? Əlbəttə ki, çoxmuzun sevimli aktyorlarından biri- Xalq artisti Məmməd Səfadan.

Öncəki yazıda əməkdaşımız qeyd etdiyi kimi bu gün - iyulun 25-ionun 65 yaşı tamamolur, yubileyidir. Yübileyi münasibətilə Məmməd müəllimi təbrik edir, möhkəm can sağlığı, yeni-yeni yaddaqalan rollar arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(25.07.2025)

 

 

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

 Səhər deyilsə, niyə qalxmışam?

Zəng çalmayıb, içim çalır. İçimdə bir qəribə səs var, deyir "dur, yoxsa çökəcəksən." Dururam. Amma niyə dururam, onu da bilmirəm. Ayaqqabımı geyinmək istəmirəm, çünki ayağım getmək istəmir. Əlim telefona gedir, amma baxmağa nəfəsim çatmır. Dünya çox danışır. Mən susuram.

 

 

 Siqaret yandırmıram, çünki siqaret artıq mənə təsir eləmir. İçki içmirəm, çünki sərxoş olmaq üçün gərək içində bir şey qalsın. Mən içimdə qalmamışam. Yəni nə deyim? Hər şeyi yaşamışam demirəm, amma yaşamaq nədi onu sorğulaya-sorğulaya yaşayıram. Bir az yorulmuşam. Amma tənbəllik deyil bu. Bu, qəzəbin yuxusudu. Həyat deyir "plan qur."lan qururam. Amma həyat planı silir. Sifətimdə eyni ifadə. Nə hirslənirəm, nə barışıram. Sadəcə baxıram.  İndi nə vaxt kimsə gülür, içimdə nəsə öskürür.

Bəzən qışqırmaq istəyirəm. Amma qonşular oyanar deyə yox.. özümə səsimi tanıtmaqdan qorxuram. Dostlar var, qardaş deyirlər. Amma çörək bölmək yerinə, status bölürlər. Kimsə darıxır, amma qürurunu bölə bilmir. Kimsə yazır, amma özünə yazmır. Mən hardayam. Bilmirəm. Amma sənin də harda olduğunu hiss edirəm. Sən də mənim kimisən. Qısa deyim.. Bu şəhər danışır. Mən dinləyirəm. Və bəzən elə olur ki ...danışan şəhərdən daha doluyam.

Bəzən də elə olur ki, insan səhər oyananda insan dünyanı dəyişmək istəyir… Amma sonra yadına düşür ki, kredit kartı boşdu. Və sən robot deyilsən. Yəni hələlik deyilsən. Çünki bu həyat o qədər təkrarlanır ki, elə bil sənə "mürgülə" düyməsini basmaqdan başqa seçim vermirlər. Qapını açırsan, nəfəs alırsan və… heç nə dəyişmir. Eyni küçə, eyni nəfəs, eyni insanlar. Sadəcə bəzilərinin yeni saç düzümü, bəzilərinin isə yenilənmiş ürək ağrısı var.

 Bəzən motivasiya videoları açırsan, deyir.  "Sən bacararsan!" amma sən artıq nə etdiyini də bilmirsən. Öz-özünə deyirsən, "əşşi, nə edim ki, edə bilim?" Mən hələ kim olduğumu bilmirəm. Belə baxanda, bəlkə də heç var olmamışam. Sadəcə biri səhvən mənim "start" düyməmə basıb. Amma, bax, burası maraqlıdı. Bu qədər absurdluğun içində yenə də bir az yaşamaq istəyirsən. Niyə? Bilmirəm. Bəlkə də axmaq bir ümiddir. Bəlkə növbəti gün metroda sənə yer verən birinin gözlərində nə iləsə rastlaşacaqsan. Ya da köhnə dostdan gələn səsli mesajın içindəki xırıltılı gülüş sənə hələ də insan olduğunu xatırladacaq. Və birdən anlayırsan, sən bezmisən, bəli. Amma bu bezginliyin içində qəribə bir dirəniş var. Çünki sən ölməmisən. Sən hələ də gülə bilirsən. Hələ də əsəbləşə bilirsən. Və sən hələ də yazırsan. Deməli, sən hələ də varsan. Və bu var olmaq bəzən "dünya gözəldi" demək deyil. Bəzən sadəcə "qurtarsın da bu növbə, ayaqlarım ağrıyır" deməkdir. Bəzən də "niyə yaşayıram?" sualının cavabını yazmaq əvəzinə, onu sual kimi saxlamaqdır. Çünki bəlkə də cavab deyil, elə sualın özü səni yaşadır.

 Mənə tez-tez deyirlər ki, "gülümsə, həyat gözəldir". Əzizim, həyat bəzən o qədər gözəldir ki, adamın başını divara çırpmaq istəyir. Gülmək demişkən, bəzən elə gülürəm ki, dişim düşməkdən qorxur, amma içimdəki yorğunluq, göz qapaqlarımın altında əsgərlik çəkir. Gözümün altında kölgə deyil o, birbaşa kapitalizmin izidir. Ətrafa baxıram, hamı motivasiya danışır,n"Erkən dur, limonlu su iç, 6 səhifə oxu, 8 səhifə yaz, qaçış et, nəfəs al, nəfəs ver, məhsuldar ol!" Ay bala, mənim məqsədim bu gün də sağ qalmaqdır. Bu da az şey deyil. Həmin o motivasiya videoları var e, səni qışqırtmaqla uğura aparacağını düşünən o qızğın videolar. Musiqi fonunda birisi "never give up!" deyir. Mən isə bir stəkan çayla “maybe give up” arasında pendir kimi əriyirəm. İndi çıx deyirlər, "öz potensialını aş". A kişi, mən ayağa qalxanda belə başım fırlanır, hələ potensial nədir? Axşam işdən gələndə corabımı çıxarıb yerə atma enerjisini güclə tapıram. Amma hər dəfə düşünürəm, "Sabah başqa olacaq." Sabah gəlir, yenə eyni mənzərə. Zəngli saat, baş ağrısı, kitablar, bir az depressiya və yenidən iş.

 Bəziləri deyir "şükür elə". Elə edirəm. Amma şükürlə gün keçmir axı. İnsan təkcə dua ilə tox olmur. Akademik kreditim ödənməlidir, benzin bahalaşıb və gündəlik sual, “Bu ay necə dolanacam?” Məni tək Allaha buraxmayın, bir az da sistem kömək etsin... Ətrafımda elə insanlar var ki, danışanda elə bil TEDx çıxışıdır. Deyirlər "mən hər səhər 5-də dururam, soyuq duş alıram, sonra meditasiya". Mən isə hər səhər 6 da durub həyatla dialoqa girirəm, "Yenə sən?”, "Yenə mən." Əgər bu gün də sağ çıxa bilsəm, deməli, mən hələ də döyüşürəm. Bilirəm, bu sistem bizi siçan yarışına salıb. Hamı qaçır, amma heç kim hara qaçdığını bilmir. Mənimsə artıq qaçmağa gücüm yoxdur. Mən qaçmıram, sürünürəm. Bəlkə də bu daha çox irəlilədir. Bəzi yerlərə yalnız sürünə-sürünə çatmaq olur. Amma yenə də içimdə bir axmaq ümid var. Bilirsən o nədir? Deyir ki, "bir gün hər şey düzələcək." Nəyə əsaslanır? Heç nəyə. Amma inanıram. Çünki bəzən insanı ayaqda saxlayan tək şey, səbəbsiz bir inamdır...

 

“Ədəbiyyat və incəsənət”

(25.07.2025)

 

 

Harun Soltanov

 

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, "Ədəbiyyat və incəsənət"  portalının Cənub təmsilçisi

 

“Ədəbiyyat və incəsənət” portalı oxucularına "Qələm tutan incə əllər" layihəsində  Cəlilabad ədəbi mühitinin xanım yazarları təqdim edir. Bu dəfə növbədə Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndəsi, AYB-nin üzvü, pedaqoq və şair Sevil Gül Nur xanımdır. Onun lirik, sevgi şeirləri çox sevilir və mən əminəm ki təqdim edəcəyim parçalara heç kəs biganə qalmayacaq.

 

Qısa təqdimat:

Məmmədova Sevil Gülverdi qızı (Sevil Gül Nur): 1982-ci ilin yanvar ayının 4-də Bakı şəhərində dünyaya göz açıb. Orta təhsilini Cəlilabad rayonunun Privolnoye kəndində Elnur Hüseynov adına 1 saylı tam orta məktəbdə alıb. 2002-ci ildə Bakı Sənaye - Pedaqoji Kollecinin ibtidai təhsil fakültəsinə daxil olub. Oranı bitirdikdən sonra ədəbi fəaliyyətlə məşğul olub. İlk şeirləri 2006-cı ildə "Ədalət və Həqiqət" qəzetində dərc olunub. O vaxtdan mütəmadi olaraq yerli və xarici mətbuatda, eləcə də müxtəlif internet portallarında dərc olunur.

İlk şeirlər kitabı olan "Sən və mən" 2006-cı ildə çapdan çıxıb. 2018-ci ildə Qarabağ savaşının milli qəhrəmanları haqqında bədii - publisistik "Şəhadət sarayı" adlı kitabı işıq üzü görüb. Kitabın təqdimatı ölkə daxilində geniş miqyasda təşkil olunub. Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Cəlilabad və Bakı şəhərlərində keçirilən təqdimatda şəhid ailələri, qazilər, qələm əhli və mətbuat işçiləri iştirak edib. Bundan əlavə, Bakı şəhərində bir neçə məktəb və kitabxanalarda da, bu kitabın təqdimatı təşkil olunub.

Məktəblilərin iştirakı etdiyi bu təqdimatda müəllifin vətənpərvərlik şeirləri şagirdlərin ifasında səslənib, kompozisiyalar hazırlanıb. Bu kitabların elektron variantı Azərbaycan Milli Kitabxanasına yerləşdirilib.

2020-ci il Vətən Müharibəsi dövründə Cəlilabaddan olan şəhid ailələri ilə görüşüb, şəhidlər haqqında məqalə yazaraq müxtəlif saytlar, qəzetlər və jurnallarda dərc etdirib. Eləcə də Biləsuvar, Naxçıvan, Yardımlı və Bakıdan olan şəhidlər haqqında şeir və məqalələr yazıb.

2021-ci Biləsuvardan olan şəhid kapitan Nihad Babayevdən bəhs edən "Qələbə eşqi ilə böyüyən kapitan", 2022-ci ildə isə Naxçıvandan olan şəhid Saday Məmmədəliyevə həsr edilmiş "Şuşa qartalı" adlı povesti dərc olunub. Təqdimatlar şəhid ailələri, qazilər və yerli icra nümayəndələrinin iştirakı ilə Bakı və Biləsuvar şəhərlərində keçirilib.

2023-cü ildə Yardımlı rayonundan olan Vətən Müharibəsi şəhidləri haqqında "Zəfər şahinləri" adlı kitabı çap olunub. Kitabın təqdimatı Bakıda və Yardımlı rayonunda, eləcə də Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) keçirilib.

2023-cü ildə daha bir kitabı - "Darıxmağın dadı" adlı şeirlər kitabı dərc olunub. Bu kitabın təqdimatı söz adamları, oxucular, şəhid ailələri və məktəblilərin iştirakı ilə Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda keçirilib. Eyni zamanda, "Darıxmağın dadı" adlı kitabı qardaş Türkiyədə türk dilində çap olunaraq oxucuların ixtiyarına verilib.

Sevil Gül Nur bir çox ədəbi mükafatlara layiq görülmüş və bir çox təşəkkürnamələrlə təltif olunmuşdur. Ədəbi fəaliyyəti dövründə daim şəhid ailələrinin yanında olub, bir çox şəhidlərə həsr olunmuş tədbirlərdə iştirak etmişdir. Eləcə də hərbi hissələrdə təşkil olunmuş dövlət tədbirlərində iştirak etməkdən imtina etməyib.

Yaradıcılığının böyük hissəsini vətən və şəhid mövzularına həsr edən yazar xanım 2022-ci ildə "İlin vətənpərvər şairi" mükafatına layiq görülüb. O, həm də onlarla kitabın redaktor və korrektorudur.

Hal-hazırda ölkənin "Zərif kölgələr" saytının redaktoru kimi fəaliyyət göstərir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2019-cu ildən Bakı şəhərində məktəblərin birində müəllim vəzifəsində çalışır. Ailəlidir, üç övladı var.

 

Bədii ədəbiyyat nümunələri:

 

"Səkkiz dəqiqə"

 

Atasan qürurunu, keçəsən inadından,

İncik olduğunu da çıxarasan yadından,

Boylanıb ümidlərin gündoğan tərəfinə

Ona məktub yazasan bu gecə öz adından.

 

Yazasan ki, susaraq həsrətimə alışma,

Gedişimə üsyan et, unutmağa çalışma,

Aş bütün əngəlləri, sərhədləri qırıb tök,

Aramıza sədd çəkən ayrılıqla barışma.

 

Yazasan ki, bir addım məsafədə dayanma,

Vüsal uzaq olsa da, çox yaxındır yol amma.

Hər dönüş bir ümiddir, hər ümid bir başlanğıc,

Ömür gözləmək üçün çox qısadır, yubanma.

 

Yazasan, tənhalığın ağrısı da səngimir,

Sənsiz şeirlərim də dəyişib ahəngini,

Ürəyim qəm bağlayıb adını söyləməkdən,

Gözlərim yuyulmaqdan itirib öz rəngini.

 

Yazasan ki, bilmirsən, yoxluğuna əsirəm,

Səndən incimirəm e, mən özümdən küsürəm.

Acığımı çıxıram sən sevdiyin hər şeydən -

Dodağımı didirəm, saçlarımı kəsirəm.

 

Yazasan ki, getməklə öz evimi yıxmışam,

Sonra giley edəsən: Nə tez yaddan çıxmışam...

Göz yaşın ləkə sala yazdığın sətirlərə,

Kağızın sol küncünə yazasan: darıxmışam...

 

Yazasan ki, sənin də qəlbinə qəm yığılsa,

Gecələrin qoynunda ruhun qəfil sıxılsa,

Desən ki, "darıxıram, qurban olum, qayıt, gəl",

Allah haqqı, gələrəm, lap dünya da dağılsa...

 

Ya da dəli şeytanın dediyinə uyasan,

Səhərlərin birində qapısını döyəsən.

Səkkizcə dəqiqəyə sığdırıb hisslərini,

Bir şeir oxuyasan, "gəl barışaq" deyəsən...

 

 

"Dönmərəm"

 

Gəlişilə gerçəkləşmiş yalan yuxum,

Cana gəlmiş can vermədə olan duyğum,

Nəfəsilə isinmədə bütün ruhum,

Donmaram ki...

 

Buraxmaz ki, çulğadısa bu eşq kimi,

Ruhlandıran bir hiss varmı saf eşq kimi?

Bütün dünya qarşı çıxa, öz eşqimi

Danmaram ki...

 

Dağ səbrimi döndərərəm aya, ilə,

Həsrətindən külə dönmək olsa belə,

Ağrıları gətirmərəm əsla dilə,

Dinmərəm ki...

 

Yüz min tikə qoparalar bu tənimdən,

Ya dərimi sıyıralar bədənimdən,

Xeyri yoxdur, "Eşq" adlanan bu dinimdən

Dönmərəm ki...

 

Son olaraq doğma elimizin tanınmış şairi Sevil Gül Nur xanıma uzun, sağlam, mənalı-məsud ömür, yaradıcılıq sahəsində yeni-yeni nailiyyətlər arzulayıram!

 

“Ədəbiyyat və incəsənət”

(25.07.2025)

15 -dən səhifə 2343

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.