Unudulmaz ziyalımız Buludxan Xəlilov Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu gün publisist və dilşünas Buludxan Xəlilovun doğum günüdür. Yaşasa idi, 59 yaşını qeyd edəcəkdi.  O, həm əməkdar müəllim, həm də yazıçı idi. Gəlin, onu yaxından tanıyaq.

 

Buludxan Xəlilov 1966-cı il iyulun 25-də Qərbi Azərbaycanda Amasiya rayonunun Ellərkənd kəndində anadan olub. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil alıb. Ordu sıralarında Uzaq Şərqdə hərbi xidməti borcunu yerinə yetiib.

 

Əmək fəaliyyətinə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili kafedrasında laborant kimi başlayıb. Namizədlik, doktorluq dissertasiyası müdafiə edib.  Müasir Azərbaycan dili kafedrasında müəllim, dosent, professor və­zifəsində çalışıb. Xəlilov  Azərbaycan Dövlət Pedaqoji Universitetində yeni yaradılmış Dədə Qorqud elmi-tədqiqat la­bo­ratoriyasına rəhbərlik edib. Filologiya fakültəsinin dekanı seçilib.  Müasir Azərbaycan dili kafed­rasının müdiri vəzifəsində çalışıb.

 

 "Filologiya məsələlərinə dair tematik toplu"nun redaktoru olub. Müasir ədəbi-tənqidi fikrin, ədəbi irsin araşdırılmasında öz dəst-xətti ilə seçilib. M.F.Körpülünün "Azəri" əsərini transliterasiya edib ön söz və şərhlərlə çap etdirib. Ədəbi dilin tədqiqinə dair bir sıra monoqrafik əsərin müəllifidir. XX əsrin 90-cı illərindən dövri mətbuatda elmi, elmi-kütləvi məqalələrlə çıxış edib.

 

Xəlilovun elmi fəaliyyəti çoxsahəli, geniş və əhatəlidir. Onun 400-dən çox elmi, elmi-publisistik əsəri çap edilib. Bunlar­dan 45-i mono­qrafiya, dərslik və dərs vəsaiti­dir. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Yazıçılar Birliyindəki İrs komissi­ya­sının üzvü, Ali Attestasiya Komissiyasının Filologiya ixtisası üzrə Ekspert şurasının üzvü olub.

 

 Azərbaycanda təhsil sisteminin inkişafındakı xid­mətlərinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif olunub. Buludxan Xəlilov 2001-ci ildə İlin alimi no­minasiyasının, 2003-cü ildə Vektor Beynəlxalq Elm Mərkəzi Mükafat Ko­mis­siyasının qərarı ilə Azərbaycanın gənc alimləri Beynəlxalq layi­həsinin qalibi olub. O, Azad Qələmlər Cəmiyyəti tərə­findən Azərbaycan dili, ədəbiyyatı və türkologiya elmlərinin tədqiqi-təbliği sa­hə­sindəki xidmətlərinə görə Qızıl qələm fəxri mükafatı laureatı seçilib, 2006-cı ildə XXI əsrin ziyalısı adına layiq görülüb.

 

İki dəfə 1999-cu və 2004-cü illərdə Nəsimi rayonu bələdiyyəsinə üzv seçilib, Sosial məsələlər daimi komissiyasına sədrlik edib. 2015-ci ilin aprel ayında Türk dünyası araşdırmaları uluslararası elmlər akademiyasının akademiki seçilib. 2015-ci ilin 19 mayında “Beynəlxalq Rəsul Rza” mükafatına layiq görülüb.

 

2017-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə “Bakıdan türk dünyasına” adlı layihə çərçi­vəsində tədbirlərə verdiyi dəstəyə görə “Onur bəlgəsi” ilə, azərbaycanlı şair Molla Pənah Vaqifin anadan olmasının 300 illiyinə həsr olunan tədbirdə TÜRKSOY Genel Sekreteri Düsen Kaseinov tərəfindən “Molla Pənah Vaqif” medalı və 2018-ci ildə ADPU-nun Filologiya fakültəsinin inkişafında xidmətlərinə görə rektorluq tərəfindən fəxri fərmanla təltif edilib.

 

Kitabları

 

1. Azərbaycan dilində təkhecalı fellərin əsasında duran ilkin köklərin fonosemantik inkişafı

2. Azərbaycan dilində ikihecalı fellərin fonosemantik inkişafı

3. Fellərin ilkin kökləri

4. Birinci Beynəlxalq Türkoloji qurultay

5. Müasir Azərbaycan dilinin morfologiyası (I hissə)

6. Müasir Azərbaycan dilinin morfologiyası (II hissə)

7. Azərbaycan dili: dünən, bu gün»

8. Türkologiyaya giriş

9. Müasir Azərbaycan dilinin leksikologiyası

10. Türkün hikmət xəzinəsi: Xoca Əhməd Yəsəvi

11. 224 qədim türk sözü

 

Məqalələri

 

- “Bədii dilimizə aid izahlı lüğət”

- Buludxan Xəlilov. "Onun şeirləri həqiqətən doğulur"

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü Buludxan Xəlilov 2021-ci il sentyabrın 27-də uzun sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(25.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.