Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
(Səxavət Qədirovun dedikləri və Yaşar Quluzadənin qələmə aldığı real əhvalat)
Eyvazxanbəyli hadisələrindən: Qarabağın Soruşma adlı madyanı və balası
1993-cü il iyul ayının 9-u idi. Ağdam uğrunda amansız döyüşlər gedirdi. Göytəpə kəndində, Eyvazxanbəylidə artıq nə qadın, nə qız-gəlin, nə də yaşlı insan qalmışdı. Hamısı təhlükəsizlik məqsədilə arxaya köçürülmüşdü. Kənddə yalnız kişilər qalırdı.
Həmin gün biz Ağdam Atçılıq Zavoduna məxsus Qarabağ atlarından ibarət ilxını otarmaq üçün Tərnöyüt kəndi ərazisinə aparmışdıq. Bu kənd Eyvazxanbəyliyə yaxın idi. Gözlənilmədən erməni artilleriyası tərəfindən biz olan yer atəşə tutuldu. İlk mərmi başımın üstündən keçdi və qarşıdakı 7-8 nəfərin arasına düşdü. Təəssüf ki, bir kənd sakini həlak oldu. Hamı yerindən qalxıb hər kəs bir tərəfə səpələndi. Artilleriya atəşi şahmat taxtası kimi, dəqiqliklə Qarabağ atlarını hədəfə almışdı. Düşmən bu taktikanı işlədirdi ki, biz ilxını qoyub qaçaq. Amma həç kəsin ağlındanbu keçmirdi. Düşdüyümüz vəziyyətlə əliboş silahsız çarpışma başladı. İlxı atəşin şiddətindən çaxnaşma içində ətrafa dağıldı. Biz atlarımıza minib ilxını bir yerə toplamağa başladıq. Bu, son dərəcə təhlükəli və çətin iş idi, mərmilər fasiləsiz başımızın üstündən ətrafa yağırdı.
Nəhayət, ilxının başında olan əsas madyan evinə tərəf istiqamət götürdü və onun ardınca bütün madyanlar, dayçalar Eyvazxanbəyliyə tərəf çapmağa başladılar. Qarabağ atları dördnala çapırdı. Mən ilxının arxasınca gedirdim. Elə bu zaman Soruşma adlı madyanın yerdə uzanmış vəziyyətdə hərəkətsiz qaldığını gördüm. O, artilleriya atəşinin altında tərpənmirdi. Atımı ona tərəf sürdüm. Yaxınlaşanda gördüm ki, Soruşma doğur. Heç nə edə bilməzdim, bu səbəbdən atımı geri döndərib ilxının ardınca çapdım. Bir müddət sonra biz bütün madyanları, dayçaları kəndimizə, onların öz yerlərinə Ağdam Atçılıq Zavoduna çatdırdıq.
Zavoda çatdıqdan sonra atama və oradakılara Soruşmanın Tərnöyüt örüşündə doğduğunu və balası ilə tək qaldığını dedim. Bildirdim ki, onu mütləq gedib gətirəcəyəm. Məni bu fikrimdən daşındırmağa çalışdılar. Dedilər ki, düşmənin harada olduğu bəlli deyil, atəş səsləri yaxınlıqdan gəlir, geri qayıtmaq çox təhlükəlidir. Amma mən artıq qərarımı vermişdim. Heç kimdən qorxmurdum.
"Soruşmanın düşmən əlinə keçməsinə razı ola bilmirdim..."
Səhər tezdən atımı yəhərlədim və Eyvazxanbəylidən Tərnöyüt istiqamətində yola düşdüm. Örüş sahəsinə çatanda ətrafı diqqətlə axtarmağa başladım. Uzaqda günəş altında sarı madyanı gördüm, tanıdım ki, bu Soruşmadır. Atı ora sürdüm, Soruşmanın yanında artıq addımlamağa başlayan, ayaq üstə möhkəm dayanan balası vardı. O da bizə yaxınlaşdı.
Atımı sürdüm, onları kəndimizə tərəf aparmağa başladım. Yol boyu təhlükə ehtimalı olsa da, atlar sakit və arxayın şəkildə hərəkət edirdi. Bir müddət sonra Soruşma və onun bir günlük balası Ağdam Atçılıq Zavodunun həyətinə daxil oldular.
***
Sonrasını isə öyrənəndə ayağımızın altından yer qaçdı.
Çox təəssüf ki, düşmən əlindən canımız bahasına xilas etdiyimiz, 1993-cü ildə Bakıya təxliyə edilmiş Qarabağ atlarının 70 başı Bakı Dövlət Cıdır Meydanında acından ölmüşdü. Bu itki Qarabağ atları tarixində ən böyük tiki hesab olunur. Təəssüflə deməliyəm ki, bu acı həqiqətdir.
Çox şükür bu günə ki, Ali baş Komandanın rəhbərliyi ilə Qarabağımız-Ağdamımız düşmənn tapdağından azad edildi. Bu gün Eyvazxanbəylidə Qarabağ Atçılıq Zavodu yenidən inşa edilir. Qaçqın Qarabağ atlarının öz yurduna qayıdacağı gün uzaqda deyil.
“Ədəbiyyat və incəsənət”
(25.07.2025)