
Super User
Unutmadığım Hacı Səfiyar əmi...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Yaşasaydı, bu ay Hacı Səfiyar kişinin 91 yaşını qeyd edəcəkdik. Əslində, Hacı Səfiyar kimi insanlara şamil etdiyimiz “yaşasaydı” kəlməsi, sadəcə aramızda olmadıqlarına bir işarə və bu boşluğun ürək yanğısı ilə ifadəsidir. Çünki hələ uzun illər Hacı əzizlərinin, doğmalarının, onu tanıyan insanların ürəklərində, xatirələrində yaşayacaq, var olacaq. Hələ neçə nəsillər Hacının yaşadığı mənalı və şərəfli həyat yolundan dərs alacaq, onun ibratamiz nəsihətləri ilə tərbiyələnəcək...
Rəhmətlik Hacı Səfiyar kişinin çox geniş təqdimata ehtiyacı yoxdur. Bu ad özü-özlüyündə ağsaqqalığın, dürüstlüyün, ədalətli olmağın, hörmətin təqdimatıdır. Hacı Səfiyar Əzizxan oğlu Rəsulov 1934-cü ilin iyul ayında Yardımlı rayonunun Telavar kəndində anadan olmuşdu. Uşaq yaşlarından atasını itirəndən sonra, 1959-cü ildən Sumqayıt şəhərinə üz tutmuşdu. Çox qısa vaxt ərzində işlədiyi kollektiv, yaşadığı yerdə qonşular arasında hörmət qazanmışdı. Gənc yaşlarından halal zəhməti, doğru əməlləri ilə bir çoxlarına örnək idi. Hələ cavanlığından kimsəsizlərə dayaq durmağı, imkansızların əlindən tutmağı bacaran Hacı Səfiyar illər keçdikcə, yaşa dolduqca böyük bir elin, böyük bir nəslin ağsaqqalına çevrildi...
Bu gün Hacı Səfiyarın bir çox qohumları, eloğulları onun sədaqətli olmağından, darda olanlara əl uzatmağından və bir çox gözəl xüsusiyyətlərindən danışa bilərlər. Hacı Səfiyar o insanlardandır ki, həqiqətən də gözəl keyfiyyətlərini saymaqla bitirmir. Gözəl ailə başçısı, qayğıkeş ata idi. Çox şadam ki, indi onun övladları əməlləri, təhsili və tərbiyəsi ilə cəmiyyətdə sayılıb-seçilən insanlardır. Qeyd edək ki, Hacı Səfiyarın 6 övladı, 20-dən çox nəvəsi, xeyli nəticəsi var...
Ömrünün sonlarına qədər ibadətindən, xeyir əməllərindən əl çəkməyən Hacı Allah qarşısında da sevilən imanlı bəndələrdən idi. Məşhəd, Kərbəla, Həcc ziyarətlərində olmaq ona nəsib olub. İnanıram ki, hörmət və ehtiramla, sevilə-sevilə insanların qəlbində yaşayan və xatirələrdə məğrur, yaraşıqlı görkəmi, işıqlı üzü, dərin mənalı baxışları ilə yadda qalan Hacı Səfiyar məclislərdə ən başda oturan, xeyir-dualarını verən bir ağsaqqal kimi, hələ uzun illər insanların yaddaşında xoş xatirələrdə yaşayacaq. Onun o dünyası da, bu dünyası kimi həmişə nurlu olacaq...
Xatırladım ki, vəfa borcuma sadiq qalım...
Allah rəhəmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(30.07.2025)
AYBƏNİZ FAZİLİN “QƏRİB BƏNÖVŞƏ” KİTABI ÇAP OLUNUB
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
İstedadlı şairə, əslən Zaqataladan olan, hazırda Rusiyada yaşayan və yaradan Aybəniz Fazilin ilk kitabı – “Qərib bənövşə” kitabı çapdan çıxmışdır. Kitabın redaktorü şair publisist Sakit Şəkili Məmmədov, ön sözün müəllifləri isə şairlər Yusif Rza və Mayıl Asiman Məmmədlidir. Kitab “Füyuzat” nəşriyyatı tərəfindən çap edilib.
“Qərib bənövşə” kitabına Vətəndən uzaqda yaşayan müəllifin kövrək, ürkək, hisslərlə, həsrət dolu, incə, poetik ruhlu şeirləri daxil edilib.
Allahverdiyeva Aybəniz Fazil qızı 30 dekabr 1961-ci ildə Azərbaycan Respublikasının Balakən rayonunun Katex kəndində ziyalı ailəsində anadan olub.
1979-cu ildə Zaqatala rayonunun Mazıx kənd orta məktəbini əla qiymətlərlə bitirib.
1987-ci ildə Zaqatala rayon Kənd Təsərrüfatı Texnikomunun aqronomluq fakultəsini qırmızı diplomla bitirib. Mazıx kənd "Şəfəq" kolxozunda "aqronom meliorator", Zaqatala rayonunun Statistika idarǝsində operator, sonralar isə Mazıx kənd ərazisində bələdiyyə üzvü seçilərək, müəyyən müddət Bələdiyyə sədrinin müavini vəzifəsində çalışıb.
0 ildən yuxarıdır ki, Rusiyada – Moskva şəhərində yaşayır. Ailəlidir, iki övladı var.
Aybəniz xanım doğma vətəndən uzaqda yaşasa da, milli dəyərlərimizi, adət və ənənələrimizi hər zaman qorumağa çalışıb. Çoxsaylı millətlər arasında azərbaycanlı olduğu üçün qürur duyub.
Gənc yaşlarından şeir və ədəbiyyata olan marağından yaranan yazdığı bəzi şeirlər bir çox jurnal, qazet və almanaxlarda dərc olunub.
"Nətavan", "Onur Belgəsi", "Qızıl Qələm" Media Mükafatı Laureatı, Azərbaycan ordusunun qəhrəmanlıqlarına həsr etdiyi şeirlərə görə “İlin Vətənpərvər Şairi" adını almışdır.
Beş ildən çoxdur ki, sosial şəbəkələrdə Aybəniz Fazil təxəllüsü ilə tanınır.
Bu kitab Aybəniz xanımın oxucuları ilə ilk görüşüdür. İnşaallah, ardı gələr.
İndi isə oxucularımıza Aybəniz xanımın bir şeirini təqdim edirik .
Vurğunam
Zaqatala adlı bir rayondanam,
Qışda doğulsam da, yaza vurğunam.
Məni anlamazsan, naşısan, adam,
Ellər gözəliyəm, naza vurğunam.
Həyatım keçsə də zillət içində,
Ömrü keçirmədim minnət içində.
Sevgi qazanmışam millət içində,
Şeirə, sənətə, saza vurğunam.
Aybəniz Faziləm, xəyala daldım,
Keçən günlərimi yadıma saldım.
İlhamı Allaha sevgidən aldım,
Ömrün çoxu gedib, aza vurğunam.
“Ədəbiyyat və incəsənət”
(30.07.2025)
Onun söylədiyi dastanlar Azərbaycan Televiziyasının “qızıl fondu”nda saxlanılır.
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Aşıq musiqisi xalqın min illər əqdəmki genetik kodlarına yazılıbdır, onda türkçülüyün ilk rüşeymləri vardır. Bu səbəbdən də hər birimiz üçün aşıq musiqisi dəyərlidir, əzizdir.
Haqqında danışacağım aşıq Azərbaycanın aşıqlar diyarı, söz-sənət ocağı Göyçənin yetirməsidir. Bu gün onun anəım günüdür.
Bəli, bu gün Əməkdar mədəniyyət işçisi Aşıq Mahmud Məmmədovun anım günüdür.
O, 22 may 1935-ci ildə Göyçə mahalının Ağbulaq kəndində dünyaya göz açıb. 1946-cı ildə ailəliklə Tovuz rayonunun Bozalqanlı kəndinə köçüblər və hazırda mərhum aşığın övladları, qohumları həmin kənddə yaşamaqdadır. Tovuzda 7 illik təhsilini başa vurandan sonra aşıq sənətinə ciddi maraq göstərib və o vaxtlar Tovuz-Gəncəbasar bölgəsində böyük nüfuzu olan ustad aşıq Vəli Qaraxanlının yanına şəyirdliyə verilib. Bir il ustadın yanında qalandan sonra 1950-ci ildən əmisi oğlu Aşıq İmran Həsənovdan təxminən 12 ilə yaxın sənət dərsi alıb.
1957-ci ildən başlayaraq ustadı İmran Həsənov, Əkbər Cəfərov, balaban ustası Abbas İsmayılovla birlikdə dövlət tədbirlərində iştirak etməyə dəvət olunub. Elə həmin ildə gənc aşıq Bakıda keçirilən folklor festivalında birinci dərəcəli diploma layiq görülüb. Bir müddət sonra isə ümumittifaq və ümumdünya festivallarında laureat adını qazanıb. Ustad aşıq Mahmud Məmmədovun Azərbaycan teleradiosundakı mütəmadi çıxış və konsertləri, xüsusən də Azərbaycan Telefilm Birliyinin tamaşaçılara təqdim etdiyi “Abbas-Gülgəz” dastanı ona böyük şöhrət gətirib.
Dövlət tədbirlərində, xarici ölkələrdə keçirilən incəsənət görüşlərində fəal iştirak edib, ifaçılığına görə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunub. Aşıqların III, IV, V və VI qurultaylarının iştirakçısı olub. Onun söylədiyi “Koroğlu” və “Abbas və Gülgəz” dastanları Azərbaycan Televiziyasının “qızıl fondu”nda saxlanılır. 1992-ci ildə Türkiyənin Konya şəhərində keçirilən folklor festivalında Atatürk qızıl medalına layiq görülüb.
2007-ci ildə “Hörmət olan yerdə, məhəbbət olar” adlı şeirlər kitabı çap olunub. Kitabda aşığın müxtəlif illərdə qələmə aldığı divanilər, gəraylılar, qoşmalar, deyişmələr, müxəmməslər, xatirə-rəvayətlər və aşığa həsr olunan şeirlər toplanıb. Dəfələrlə beynəlxalq folklor və aşıq festivallarının laureatı oub. Fransa, Avstriya, Rusiya, Türkiyə, İran və başqa ölkələrdə qastrol səfərlərində olub və Azərbaycan aşıq sənətini ləyaqətlə təmsil edib. 2008-ci ildən Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü olub. Anadan olmasının 70, 75 və 80 illiyi təntənəli şəkildə qeyd edilib.
Kitabları
- “Hörmət olan yerdə, məhəbbət olar”
- “Allah qəlbə görə verir”
Ustad Aşıq 30 iyul 2020-ci ildə, 85 yaşında dünyasını dəyişib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(30.07.2025)
VAXT AZALIR - Mədəniyyət Nazirliyinin qeyri-hökumət təşkilatları üçün 2025-ci il üzrə elan etdiyi qrant müsabiqəsi barədə
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi qeyri-hökumət təşkilatları üçün 2025-ci il üzrə qrant müsabiqələri – “Mədəniyyət sahələri üzrə ümumi qrant müsabiqəsi” və “Mədəni və yaradıcı sənayelər üzrə xüsusi qrant müsabiqəsi” çərçivəsində layihə təkliflərinin qəbulunu açıq elan edib.
Hər müsabiqə çərçivəsində layihələr “Kiçik qrant” (20.000 manatadək) və “Böyük qrant” (50.000 manatadək) kateqoriyaları üzrə qəbul olunur.
Vaxt daralır deyə təkrarən müsabiqə barədə məlumatı paylaşırıq.
Layihə təkliflərinə dair sənədlərin qəbulu 21 iyul – 4 avqust 2025-ci il müddətində mygrant.culture.az veb-səhifəsi üzərindən elektron formada həyata keçirilir. Qeydiyyat üçün müraciət mygrant.culture.az veb-səhifəsindən avtomatik olaraq myculture kabinetinə yönləndirildikdən sonra kabinetdə müracətlər bölməsindən müvafiq müsabiqənin adını seçməklə layihələr təqdim olunmalıdır.
Müsabiqəyə müraciət üçün son tarix 4 avqust 2025-ci il, saat 18:00 müəyyən edilmişdir. Müraciətlərin qəbulu bitdikdən sonra, QHT-lərdən toplanmış layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək.
Qrant müsabiqəsi ilə bağlı suallarla
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
elektron ünvanına və ya Mədəniyyət Nazirliyin qaynar xəttinə (tel: 147) müraciət etmək mümkündür.
Mədəniyyət sahələri üzrə ümumi qrant müsabiqəsinin mövzuları
Azərbaycan Respublikasının mədəniyyət siyasətinin və prioritet sahələrinin həyata keçirilməsinə dəstək olmaq üçün innovativ, dayanıqlı və çoxtərəfli əməkdaşlıqları özündə ehtiva edən, müasir dövrün çağırışlarına cavab verən layihələrin həyata keçirilməsi, bu prosesdə vətəndaş cəmiyyəti təşkilatlarının rolunun artırılması, eləcə də mədəni irsin qorunmasında cəmiyyətin və fərdin iştirakçılığının artırılması məqsədilə keçirilən müsabiqə aşağıdakı prioritet mövzuları əhatə edir:
1. Mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi (Azərbaycanın mədəni, ədəbi irsinin, incəsənət nümunələrinin və milli mənəvi dəyərlərin təbliği istiqamətində təşəbbüslər; Mədəniyyət sahəsində dövlət və özəl sektor arasında əməkdaşlığın qurulması təşəbbüsləri; Azərbaycan mədəniyyətinin rəqəmsal alətlər vasitəsi ilə təbliği üzrə təşəbbüslər; Tarixi və mədəniyyət abidələrin rəqəmsal məlumat bazalarının yaradılmasına dəstək);
2. İşğaldan azad olunmuş ərazilərə mədəniyyətin qayıdışı (İşğaldan azad olunmuş ərazilərin mədəni irsi, işğal dövründə mədəni irsə dəymiş ziyan haqqında məlumatlandırıcı rəqəmsal resursların yaradılması üzrə təşəbbüslər; Qayıdışa hazırlaşan gənclər və uşaqlar üçün işğaldan azad olunmuş ərazilərə işğaldan öncəki mədəni həyat haqqında məlumatlandırılması);
3. Mədəniyyət sahəsində könüllülük fəaliyyətinin təşkili (Ölkə ərazisində mədəniyyət müəssisələrində könüllülük fəaliyyətinin təşkili; Gənclər arasında davranış mədəniyyətinin təbliği; Könüllülər tərəfindən mədəniyyətin həyat tərzinin ayrılmaz parçası kimi təşviqi; Könüllülərin iştirakı ilə mədəniyyətin müxtəlif sahələrinin və mədəni irsimizin tədqiqi, qorunması, inkişafı və təbliği istiqamətindəki fəaliyyətlərin təşkili)
4. Qərbi Azərbaycanın tarixi-mədəni irsinin öyrənilməsi, tədqiqi, təbliği, arxiv irsinə dəstək
5. Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təşviqi (Azərbaycan mədəniyyətinin, eləcə də Qarabağın və Zəngəzurun zəngin mədəni irsinin xarici mediada, sosial şəbəkələrdə, beynəlxalq onlayn platformalarda və ensiklopedik resurslarda təmsil olunması əmsalının yüksəldilməsi üçün təşəbbüslər);
6. Beynəlxalq mədəni əməkdaşlığın genişləndirilməsi (“Bakı Prosesi” çərçivəsində mədəniyyətlərarası dialoqun təbliği və təşkili üzrə təşəbbüslər; Azərbaycanının “İqlim naminə Mədəniyyət” təşəbbüsü çərçivəsində fəaliyyətlərin təşkili; Azərbaycanın “Mədəniyyət naminə Sülh” təşəbbüsü çərçivəsində fəaliyyətlərin təşkili);
7. Davranış mədəniyyətinin inkişafı (Mütaliə mədəniyyətinin inkişafı və stimullaşdırılması; Rəqəmsal kitabxana xidmətlərin yaradılması və ya təkmilləşdirilməsi; Uşaq və gənclərdə azərbaycanlı milli kimliyinin və mədəni dəyərlərin formalaşdırılması üzrə təşəbbüslər; Dövlət və mədəniyyət müəssisələrində çalışanların bilik və bacarıqlarının artırılması).
Mədəni və yaradıcı sənayelərin təşviqi üzrə xüsusi qrant müsabiqəsinin mövzuları
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının icrası istiqamətində mədəni və yaradıcı sənayelərin, həmçinin mədəni və innovativ cəmiyyətin inkişafı üçün müasir, dayanıqlı və çoxtərəfli əməkdaşlıqları özündə ehtiva edən, müasir dövrün çağırışlarına cavab verən layihələrin həyata keçirilməsi və bu prosesdə vətəndaş cəmiyyəti təşkilatlarının rolunun artırılması məqsədilə keçirilən müsabiqə aşağıdakı prioritet istiqamətləri əhatə edir:
1. Mədəni və yaradıcı sənayelərin inkişafına dair layihələr
(Mədəni və yaradıcı sənayelərlə bağlı audio-video podkast layihələrinin hazırlanması; Milli yaradıcı sənaye məhsullarının istehsalı (interaktiv tamaşalar, suvenir və əl işləri, geyim kolleksiyaları, foto və audio-video kontent və s.);
2. Mədəniyyət sahəsində rəqəmsal həllərə dair layihələr
(Mədəni və yaradıcı sənayelər sahəsində innovativ texnologiyaların (süni intellektin, VR, AR, Aİ, Open data, Open APİ) tətbiqi; Mədəni irs (maddi və qeyri-maddi) obyektlərinin rəqəmsallaşdırılması; Mədəni xidmətlərin və yaradıcı məhsulların satışı, eləcə də ixracı üçün rəqəmsal platformaların yaradılması və ya mövcud platformaların inkişaf etdirilməsi);
3. Kino, animasiya və oyun sənayesinin inkişafını təşviq edən layihələr (Mədəniyyətlərarası birgə istehsal layihələrinin həyata keçirilməsi; Filmlərin və multimedia materiallarının dublyajı; Birgə istehsal və əməkdaşlıq bacarıqlarını inkişaf etdirməyə yönəlmiş təlim-tədris proqramlarının təşkili);
4. Mədəni və yaradıcı sənayelərin inkişafını təşviq edən yerli və beynəlxalq tədbirlərin təşkilinə dair layihələr (Paytaxt və regionlarda mədəniyyət və yaradıcılıq sahələrində bacarıqların inkişafını təşviq edən tədbirlərin, o cümlədən maarifləndirici təşəbbüslərin həyata keçirilməsi; Ölkə daxilində mədəni və yaradıcı sənayelər üzrə yerli və beynəlxalq tədbirlərin təşkili; (kino, animasiya, cultech, dizayn, oyun sənayesi, musiqi) klasteri üzrə layihələr prioritet sayılır).
Qrant müsabiqəsinin iştirakçılarına dair tələblər:
1. Müsabiqə iştirakçısı Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatı olmalıdır;
2. Müsabiqə iştirakçısı olan qeyri-hökumət təşkilatının mədəniyyət sahəsində layihələrin icrası və tədbirlərin təşkili ilə bağlı müvafiq təcrübəsi olmalıdır;
3. “Böyük qrant” kateqoriyası üzrə müraciət edən qeyri-hökumət təşkilatlarının nizamnamə məqsəd və vəzifələri mədəniyyət sahəsində fəaliyyəti əhatə etməli, faktiki fəaliyyətinin ən azı 80%-i mədəniyyət sahəsi ilə bağlı olmalıdır. Eyni zamanda, donor tərəfindən əlavə olaraq, bu kateqoriya üzrə müraciət edən qeyri-hökumət təşkilatından 1 respublika səviyyəli mədəniyyət müəssisəsindən dəstək məktubunun təqdim edilməsi tələb oluna bilər;
4. Mədəniyyət Nazirliyindən əvvəllər qrant almış, lakin qrant müqaviləsinin yekunlaşmasına baxmayaraq müqavilə üzrə öhdəliklərini qrant müsabiqəsinin başlamasına qədər tam yerinə yetirməyən qeyri-hökumət təşkilatları müsabiqədə iştirak edə bilməz;
5. Eyni qeyri-hökumət təşkilatı tərəfindən qrant müsabiqəsinə birdən artıq layihə təqdim edilə bilməz.
Qrant müsabiqəsində iştirak edən qeyri-hökumət təşkilatları aşağıdakı sənədləri təqdim etməlidir:
● Dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin əslinin elektron surəti;
● Hüquqi Şəxslərin Dövlət Reyestrindən çıxarışın əslinin elektron surəti;
● Nizamnamənin əslinin elektron surəti;
● Qeyri-hökumət təşkilatının VÖEN-in surəti
Qrant müsabiqəsinə təqdim olunan layihə təkliflərinə dair tələblər:
1. Layihə təklifinin müddəti minimum 3 ay olmaqla, maksimum 6 ayadək müddəti əhatə etməlidir.
2. Azərbaycan Respublikasının ərazisində həyata keçirilən layihələrə üstünlük verilir.
3. Mədəniyyət sahələri üzrə ümumi qrant müsabiqəsində Heydər Əliyev Mərkəzlərinin fəaliyyətinin və imkanlarının genişləndirilməsinə yönəlik dayanıqlı layihələrə üstünlük verilir.
4. Beynəlxalq tədbirlərin (və ya fəaliyyətlərin) həyata keçirilməsini nəzərdə tutan layihələrdə beynəlxalq tərəfdaşa dair sənədin əlavə olunmasına üstünlük verilir.
5. Qrant müsabiqəsinə təqdim olunan layihələrin məzmunu Azərbaycan Respublikasının Konstitusiyası, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında”, “Nəşriyyat işi haqqında”, “Kinematoqrafiya haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Kitabxana işi haqqında”, “Muzeylər haqqında”, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Media haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları ilə ziddiyyət təşkil etməməlidir.
Qrant müsabiqəsinə təqdim olunan layihə təkliflərinin qiymətləndirilmə meyarları:
■ Layihənin məqsədinin aydınlığı;
■ Layihənin innovativliyi;
■ Layihənin icra müddətinin əsaslandırılması və davamlılığı;
■ Layihənin büdcəsinin qrant məbləğinə uyğun olması;
■ QHT-nin və işçi heyətin müvafiq layihə mövzusuna uyğun təcrübəsi;
■ Layihə üzrə risklərin təhlili;
■ Layihə üzrə benefisiarların düzgün müəyyən edilməsi;
■ Layihənin icrası zamanı müvafiq tərəfdaşlarla və media ilə əməkdaşlıq;
■ QHT-nin təqdim etdiyi layihə mövzusunun nizamnamə məqsədlərinə uyğunluğu;
■ Layihədən gözlənilən nəticələr;
■ Təqdim olunan sənədlərin və sənədlərdə məlumatların tələblərə uyğunluğu.
Müsabiqəyə müraciət üçün tələb olunan sənəd formaları:
● Layihənin icra planı
● Layihənin xərclər smetası
“Ədəbiyyat və incəsənət”
(30.07.2025)
"Zəngəzur dəhlizi: müasirlik tarixi kontekstdə” mövzusunda dəyirmi masa təşkil edilib
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Savalan” Tarixi Araşdırmalar İctimai Birliyi “Zəngəzur dəhlizi: müasirlik tarixi kontekstdə” mövzusunda dəyirmi masa təşkil edilib.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, tədbirdə “Savalan” Tarixi Araşdırmalar İctimai Birliyinin sədri, layihənin rəhbəri tarix elmləri doktoru Kamran İsmayılov, fəlsəfə elmləri doktoru, professor Rafail Əhmədli, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərov, filologiya üzrə fəlsəfə doktoru, Füzulişünas alim, dosent, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda aparıcı elmi işçisi Zəkulla Bayramlı, Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin elmi işçisi Yaşar Bəhrəmov və başqaları iştirak edib.
Dəyirmi masada həyata keçirilən layihənin aktuallığı, “Zəngəzur dəhlizi” məsələsinin tarixi aspektləri, XIX əsrdə və XX əsrin əvvəllərində Zəngəzur qəzasında cərəyan edən proseslər, ermənilərin bu ərazilərə köçürülməsi, Zəngəzur dəhlizinin Azərbaycan və Türk dünyası üçün strateji bir məsələ olması kimi mövzular müzakirə edilib. Bundan əlavə layihə çərçivəsində çap edilən özündə bir sıra dəyərli faktları və maraqlı məlumatları əks etdirən “Zəngəzur dəhlizi” məsələsi tarixi-siyasi kontekstdə” adlı kitabın ərsəyə gəlməsindən, Azərbaycan və dünya ictimaiyyətinə təqdim edilməsi məsələsindən də danışılıb.
Sonda müəllif Kamran İsmayilov “Zəngəzur dəhlizi” məsələsi tarixi-siyasi kontekstdə” adlı kitabını Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına hədiyyə edərək, tədbirin təşkilinə görə əməyi keçən hər bir kəsə öz dərin təşəkkürünü bildirib.
“Ədəbiyyat və incəsənət”
(29.07.2025)
Balakəndə 5 ildə ASANlaşan 700 mindən çox müraciət
Balakən regional “ASAN xidmət” mərkəzi Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə 29 iyul 2020-ci il tarixində açılıb. 17 avqust 2020-ci il tarixindən fəaliyyətə başlayan mərkəz Balakən, Zaqatala, Qax rayonlarında qeydiyyatda olan 284000-ə yaxın vətəndaşla yanaşı ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərir.
“Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən verilən məlumata görə, mərkəzdə dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 400-ə yaxın xidmət göstərilir.
Fəaliyyət göstərdiyi müddət ərzində Balakən regional “ASAN xidmət” mərkəzinə 712 minə yaxın vətəndaş müraciəti qeydə alınıb.
Mərkəzdə vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş “ASAN kafe”, uşaqlar üçün əyləncə guşəsi də mövcuddur.
Fəaliyyət göstərdiyi müddət ərzində mərkəzdə 400-ə yaxın könüllü məzun olub.
Hazırda 28 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 7-si Bakı şəhərində, 2-si Gəncədə, 2-si Sumqayıtda olmaqla digərləri Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən, Salyan, Naxçıvan, Lənkəran və Şuşadadır.
Bu günədək “ASAN xidmət” mərkəzlərinə 9 milyon 79 mindən çox vətəndaşın 88 milyondan çox müraciəti daxil olub.
Rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,9 % təşkil edir.
“Ədəbiyyat və incəsənət”
(29.07.2025)
Türk dünyasının zəngin mədəni irsinin qorunması və tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyan TƏDBİR
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova mədəni irs obyektlərinin ICESCO-nun siyahılarına daxil edilməsi üçün nominasiya dosyelərinin hazırlanmasına həsr olunmuş ilk seminarının açılışından çıxış edib
28 İyul, 2025-ci il tarixində, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova İslam Dünyası ELM, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Bakıdakı regional ofisində mədəni irs obyektlərinin ICESCO-nun siyahılarına daxil edilməsi üçün nominasiya dosyelərinin hazırlanmasına həsr olunmuş ilk seminarının açılışında çıxış edib.
“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, fondun prezidenti tədbirin İslam, həmçinin Türk dünyasının zəngin mədəni irsinin qorunması və tanıdılması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, seminarın məhsuldar müzakirələr və təcrübə mübadiləsi üçün faydalı platforma olacağına əminliyini ifadə edib.
Çıxışında Aktotı Raimkulova Türk Mədəniyyəti və İrsi Fondunun ICESCO ilə sıx əməkdaşlıq etdiyini və bu istiqamətdə birgə layihələrin, o cümlədən, Qırğızıstanda İssık-Kul gölü sahilində keçiriləcək “Ruh Sanat” beynəlxalq mədəni forumun həyata keçirildiyini qeyd edib. Fondun prezidenti Səmərqəndin İslam Dünyasının Mədəniyyət Paytaxtı elan olunması çərçivəsində ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə məhsuldar görüşü və Fond ilə ICESCO arasında Anlaşma Memorandumunun imzalanması istiqamətində əldə olunan razılaşmalar barədə də məlumat verib.
Açılış mərasimində, həmçinin ICESCO-nun Bakı regional ofisinin direktoru Əbdülhəkim əs-Sənan, ICESCO-nun Beynəlxalq Əməkdaşlıq Sektorunun rəhbəri Anar Kərimov, direktor müavini Məryəm Qafar-zadə və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi sədrinin müavini Rüfət Mahmud çıxış edərək seminarın əhəmiyyətinə toxunub, iştirakçılara uğurlar arzulayıblar.
Seminar çərçivəsində təlim sessiyalarına da start verilib. Bu sessiyalarda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan nümayəndə və ekspertlər iştirak edirlər. Sessiyalarda ICESCO-nun nominasiyalar siyahısına təqdim olunması üçün sənədlərin hazırlanması ilə bağlı nəzəri və praktik biliklər paylaşılır.
Qeyd etmək lazımdır ki, seminarda Türk Mədəniyyəti və İrsi Fondunun heyəti də iştirak edir.
“Ədəbiyyat və incəsənət”
(29.07.2025)
Keçib gedənlər - Orxan İsmayılov, HEKAYƏ
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Orxan İsmayılovun hekayəsi təqdim edilir.
Gənc ikən (indi də qocalmamışam) öz arzularımın və meyillərimin əsirinə çevrilmişdim. Bunlarısa şəhər həyatının vüsətində reallaşdırmaq daha asandır, nəinki kənddə. Etiraf edirəm ki, yay tətillərində kəndə gedəndə dözülməz dərəcədə darıxırdım. Əslində, kəndə sevinə-sevinə gedirdim, amma bir müddətdən sonra oranın yeknəsək həyatı məni yorur, cizgiləri gözlərimə boz və tutqun görünürdü. Kənd camaatı da - qonşularım, qohumlarım - nə isə xüsusi, inadcıl, adamayovuşmaz idilər; onlarla olan münasibətim qısa və quru dialoqlarla məhdudlaşırdı. Onlar (cod saqqallı, arıq üzlü kişilər) mənimlə təşnələşəndə qaşqabaqlı halda: "Bir işin qulpundan yapış", "Tez oyan" deyirdilər. Özümlə apardığım kitabların hamısını tezliklə oxuyub qurtarırdım. Mənim üçün orada artıq bircə məşğələ qalırdı: balıq tutmaq. Deyim ki, balıq tutmaq olduqca orijinal bir işdir. Səni sakitləşdirir də, əsəbiləşdirir də. Çəmənin kənarında boy verən qarağacın altında oturub həm qırmağına balıq düşməsini gözləyirsən, həm də ot-ələfin, gəncliyin, həyatla bağlı olan qorxularının rayihəsi ilə ciyərlərini doldurursan. Düşünürsən, düşünürsən, sakit-sakit düşünürsən. Bəzənsə qarmağına suyun üzüylə axıb-gedən şax-şəvəldən, zir-zibildən savayı heç nə düşmür və bu anlarda balıqçılığa olan münasibətində qərəz yaranır; bu qərəz elə həddə çatır ki, ümidsizlikdən tamam başını itirirsən.
Mən qəlbimi də tez-tez bəxş edirdim. Adətən qısaömürlü olan məhəbbət macəralarından əlahiddə zövq alırdım. Qızlara bəslədiyim münasibət isə kübar mühitdə qəbul olunmuş qaydalardan, zahiri utancaqlıq pərdəsinə bürünmüş əlamətlərdən uzaq idi; mən dəniz qamışı kimi tez alışır, adətən istəyimə tez çatır və tez də sönürdüm.
Lakin mən kənddə bir dəfə ciddi aşiq olmuşdum. Ürəyimi çalan həmin qızı toyda görmüşdüm. Bu əhvalat belə olmuşdu: birinci kursu bitirib yay tətilində kəndə qayıtmışdım. Qonşuluqda toy vardı, yollandım ora. Kürəyimi stulun söykənəcəyinə dayayıb yenicə oturmuşdum ki, birdən gözüm dikdaban tuflilərdə üzərinə xalça sərilmiş uzun pilləkənin pillələriylə gümrah addımlarla enən tünd qara saçlı, qonur gözlü, gülümsər çöhrəli, qədd-qamətli qıza sataşdı. Bu, qonşumun nəvəsi - Səbinə idi, uşaqkən birlikdə o qədər cırcırama tutmuşuq ki... Heyranlıq və utancaqlıq ifadə edən baxışlarla bir xeyli süzdüm onu, başımda saysız-hesabsız fikirlər cilvələndi.
Evə gələn kimi oturdum, üzümü tutub elə hey onun barəsində fikirləşdim. Onunla elə burada, bu kənddə uzun və xoşbəxt bir insan ömrü yaşaya bilərdim. Bir çox adamların yaşadığı kimi... Evimizdəki hər kəsi öz inadımla dalana dirədim. Dedim, ya universitetdən imtina edib əsgərliyə gedəcəyəm, ya da o qızı mənə alın. Bu düşüncə canıma-qanıma işlədi, beynimdə bunun üçün onlarla vadaredici səbəb kök saldı. İnadkar və usandırıcı təkidlərimə baxmayaraq, razılıq vermədilər. İki-üç gün ac qaldım. Qayıtdım Bakıya. Zəng vurdum evə ki, bəs, universitetin qabağındayam, qızgilə getməsəniz, ərizəmi yazıb çıxacağam. Məndən bir az vaxt istədilər, razılaşdım.
Aylar keçdi, dərs başlandı. Öz təbiətim və vərdişim etibarilə unutqan olmağım həsədimin bütün hüdudları aşmasına əngəl törədir və bunun nəticəsi olaraq mən zamanla qızı tamam unutdum.
Şəhərdəsə başqa bir qız mənə aşiq olmuşdu. Buna tam əmin idim. O, dolu bədənli, mehriban baxışlı bir qız idi, adı Zərintacdı, uzun hörüklərlə əhatələnmiş xoş cizgili sifəti vardı; hər məni görəndə qızarırdı, nə vaxt əlindən tutsam, əli əsirdi, baxışlarımız çarpazlaşanda gözlərini yerə dikirdi, bəzən isə nazlanaraq dodağımdan ona qarşı xoş sözlər qopmasını gözləyirdi. Mən isə özümdənrazı halda onun qulağına "Səni sevirəm" deyə pıçıldamışdım. İstəyirdim ki, o, mənə tez isinişsin, heç nədən çəkinməsin, mənim onu oxşayıb-sığalladığım kimi, o da sıxılıb-utanmadan mənə cavab versin. Ancaq o, utancaq idi, mənim çox da irəli getməyimə mane olurdu. Hiss edirdim ki, o, məndən yalnız pak, təmiz nəvazişlər, mehriban, amma şəhvətsiz oxşamalar istəyir, istəyir ki, bu yaxınlığın sonu izdivacla nəticələnsin, əvvəl ruhumuz, sonra da taleyimiz birləşsin. Hətta mənə elə gəlirdi ki, qız səbirsizliklə bizim toyumuzu gözləyir, mənim isti nəvazişlərimdən daha çox bu təhər şeyləri xəyal etməkdən zövq alır. Qız məni əməlli-başlı çıxılmaz vəziyyətə salmışdı. Bu, həqiqətən də, çıxılmaz vəziyyət idi və ola bilsin ki, məhz buna görə mən laqeydlik göstərərək bu məsələnin dərinliyinə getmədim. Mən öz ehtirasımı cilovlamaqdan yorulmuşdum, anlaşılmaz taqətsizlik əldən salmışdı məni. Elə hey dərindən köks ötürürdüm. Nəhayət, başa düşdüm ki, bu yorğunluğun, köks ötürmələrin səbəbi - mənim səbirsizliyimdir. Bundan sonra da istəyimə çatmaq üçün səbir təşnəsinə çevrilə bilməzdim, ona görə də, ən yaxşısı ondan qaçmaq, bacardıqca uzaqlaşmaq idi. Bunu isə ona yadlaşdığımı göstərə-göstərə, qəlbində özümə yer tuta bilmədiyimi anlada-anlada, axmaq davranışlarımla onun rəğbətini qazana bilmədiyimi sübut etməyə çalışa-çalışa etdim. Amma mən heç də uzun, hüznlü və tənha günlər keçirmədim, yeni münasibətlərə can atdım, yeni başlanğıclara həvəsləndim. Bəli, məni bu baxımdan tam mənasilə bəxti gətirən adam adlandırmaq olardı. Lakin bununla bərabər, mən, həmişə həyatımda nəyinsə çatmadığını hiss edirdim. Nədənsə elə zənn edirdim ki, təkəm, bir kimsəm yoxdur. Bilaixtiyar tez-tez düşünürdüm ki, yanımda mənə həyan olacaq, əzizləyəcək heç kəsim yoxdur. İstəyirdim ki, həyatımda elə bir adam olsun ki, onunla daha sadə və daha dostcasına əlaqələr quraq. Birlikdə olanda özünün, şəxsən özünün nə istədiyi, nəyin xəyalı ilə yaşadığı haqda müfəssəl sorğu-suala tutam onu. O isə hər şeyi açıqdan-açığa danışa, nəyisə etiraf etməyə çəkinməyə.
Mənimlə münasibət quran qızlar çox qısa müddətdə xarakterimin sabitsizliyinin nə demək olduğunu öyrənirdilər. İkicə həftəlik yox olanda və bundan sonrakı ilk görüşdə bizim söhbətimiz çox uğursuz olurdu. Qızlar açıq və kobudcasına mənim məsuliyyətsiz olduğumu deyir, bu münasibətin ömrünün uzun olacağına inanmadıqlarını bəyan edirdilər. Mən bununla razılaşmağa məcbur qalsam da, nə heyrətlənir, nə də kədərlənirdim. Əksinə, bir andaca onlar üçün yad və uzaq bir adama çevrilirdim. Çünki mən qızlarla adətim üzrə, sadəcə, öz başımı qarışdırmaq, əylənmək üçün söhbət edir, "sevgi-sevgi oynayırdım". Ayrıldığım qızlar isə məni unuda bilmirdi. Məndən hər nə qədər uzaq olurdularsa da, bir o qədər məni görmək arzusu ilə yanırdılar.
Amma bir gün elə bir şey oldu ki, bu, həyatımın bundan sonrakı dəqiqələrini zəhərləmək gücündəydi. Bu hadisə bir payız günü, günorta baş verdi.
Elmlər Akademiyasının qarşısındakı insan qaraltılarıyla dolu parkda veyil-veyil dolaşırdım. Hava həm sərin, eyni zamanda qar havası kimi təmiz idi. Günəş şəhərin qərb qurtaracağı üzərində dayanmışdı, yerdə uzun kölgələr sürünürdü. Oturacaqlarda oturan bir dəstə bekar adam ötüb keçənlərə göz qoymaqda idi. Bir də baxdım ki, incə, zərif boyunlu, qəşəng, qonur gözlü bir qız yumşaq addımlarla, quş kimi süzən yerişlə parkda gəzinir. Başladım quzu güdən canavar kimi ona göz qoymağa. Amma bir neçə addım atıb onu daha yaxından görəndə heyrətimdən çaşıb qaldım. O, mənim kənddə aşiq olduğum qız - Səbinə idi. Mən onu tamam yadımdan çıxarmışdım və bir də görəcəyimi (özü də şəhərdə) güman etmirdim. Geridə qalan illər ərzində heç dəyişməmişdi, hətta saçlarının daranışı da o vaxtkı kimi idi. O, nəhayət, boş skamya tapıb əyləşdi. Əyləşən kimi də başladı telefonuyla əlləşməyə. Ürəyimdə dedim: "Görəsən, o məni tanıyacaq? Əgər tanımasa, kim olduğumu mütləq ona deməliyəm. Hətta bir neçə il bundan qabaq ona bir andaca dəli kimi aşiq olduğumu da bildirməli, fürsət tapıb bunu ona deyə bilmədiyim üçün üzr də istəməliyəm". Bu fikir canıma-qanıma işlədi və onun nə dərəcədə uğurlu olacağını indi, məhz indi yoxlamaq istədim. Yeriyib düz Səbinənin yanında oturdum və oturan kimi də nəzərlərimi ona yeritdim. Onun parıltılı qara saçları səliqə ilə arxaya daranıb hamarlanmışdı (sonuncu dəfə görəndə də belə idi). Göyümtül sviteri sinəsini şux tuturdu. Sol biləyində zərif əl işi olan bilərzik, üzərində isə kiçicik, dairəvi saat vardı. Zərif barmaqlarının yüngül hərəkətiylə telefonda qurdalanır, gözünün ucuyla da mənə baxmırdı. Özümü itirdim, bilmədim nə edim, başladım əsnəməyə. O qədər əsnədim ki, lap ağzım aralı qaldı. Gördüm yox, onun diqqətini cəlb edə bilmirəm, bəm səslə yanıqlı-yanıqlı fit çaldım. Yenə bir nəticəsi olmadı. Bu dəfə başladım öskürməyə, boğazımdan ard-arda quru, xışıltılı öskürək qopdu. Bu da yetkin sifəti ehtiraslı və gözəl olan Səbinənin eyninə olmadı. Nəhayət, əzabverici utancaqlıqla "Deyəsən, tələbəsiniz?" - deyə soruşdum. Gözlərini telefondan ayırmadan həvəssizcəsinə "Aha" - dedi. Dilim açıldı. Dedim, mən də tələbəyəm. Səbinə dinmədi, iri, qara gözlərini yuxarı qaldırıb gülümsündü və təzədən başını aşağı saldı. Yox, o, məni tanımamışdı. Mən özümdə güc tapıb adımın Orxan olduğunu deyəndə də bu ad ona xüsusi gəlmədi və o, sükutunu pozmadı. Artıq başa düşdüm: o, ümumiyyətlə məni görməzdən gəlirdi! Birdən telefonunda nəsə oxudu və bu zaman onun gözlərinin parıltısı ən qiymətli ləl-cəvahirat parıltısını üstələdi, yanaqları çiçək kimi açıldı və o, cəld ayağa qalxdı. Titrəyən səsimlə "M-mən, bilirsiniz, h-hansı Orrxanam..." dedikdə isə arxasını mənə tərəf çevirib sözümü ağzımda qoydu. Tələsik və vüqarlı addımlarla üzü metroya yol tutdu. Damağıma bir siqaret qoyub tərəddüdsüz onu təqib etdim. O yeridikcə arxadan onun yaraşıqlı vücudunu seyr edirdim. Səki boyu irəliləyib metronun xəyalət kimi ucalan ön fasadının qarşısında dayandı. Burada oynaq gözlü, cılız, kəkilli, seyrək sarışın saqqalı uzunsov sifətinə bir az da eybəcərlik qatan bir oğlan onu qarşıladı. Hərarətlə qucaqlaşıb görüşdülər. Oğlan boz paltosunun döş cibindən rəngli kağız bükülüsü çıxarıb Səbinəyə uzatdı. Sevincindən çılğına dönən qız yerindən sıçrayaraq oğlanın əlləri arasına aldığı eybəcər sifətini öpüşlərə qərq etdi. Onlar bəxtiyar halda qol-qola girib yolun o biri tərəfinə keçdilər və burada nəyisə gözlədilər. İki-üç dəqiqədən sonra əl-ələ tutub gələn oğlanla qız onlara yanaşdı. Qızlar öpüşərək, oğlanlar isə əllə görüşdülər. Yeni gələn qızın cizgilərini tam görəndə məni elə bil ildırım vurdu. Yerimdə quruyub qaldım. O, bir vaxtlar məni sarsılmaz məhəbbətlə sevən qız - Zərintac idi. Onun əlindən tutan oğlanın görünüşü isə əsl gicbəsər görünüşü idi. O, uğultulu-cingiltili səsiylə "Tələsməliyik, yoxsa gecikəcəyik", dedi və bir neçə addım atıb yolun kənarında dayanmış taksiyə yaxınlaşdı. Başını sürücü tərəfdəki açıq pəncərədən içəri doğru uzadıb nəsə danışdı, yəqin gedəcəkləri yeri söylədi və qiyməti öyrəndi. Ardından əl işarəsiylə yoldaşlarını çağırdı. Özü qabaqda oturdu, Zərintac, Səbinə və kəkilli oğlan isə arxada əyləşdilər. Maşın tərpəndi.
Ah, nə böyük məyusluq! Bir anlıq sinəmdə kəskin ağrı duydum, sanki ürəyimə iynələr sancıldı. "Sən bir işə bax!" deyə mızıldandım. Sarsılmış, ruhdan düşmüş mən, labüd fəlakəti dəhşətlə gözləyən adamlarsayaq yerimdə vurnuxdum. Ya taleyin bu oyununa inana bilmədiyim, ya da pərt olduğum üçün bir anlığa qorxudulmuş küçük kimi inildədim. Üzümü çevirəndə gözlərim dayanacağın yanında qoyulmuş zibilqabına sataşdı. Nədənsə elə hiss etdim ki, zibilqabı ağzını geniş açıb mənə gülür, göz vurur, "zavallı" deyir. Özümü saxlaya bilmədim, yaxınlaşıb tutarlı bir təpik ilişdirdim ona. Baxmayaraq ki, ayağım ağrıdı, birdən-birə içimdəki qəzəb soyudu və sakitliklə əvəz olundu. Sanki zibilqabına vurduğum zərbə güclü bir sakitləşdirici kimi dərhal öz təsirini göstərdi. Damağımda yanıb qurtaran siqaretin kötüyünü yerə tullayıb, qranit pilləkənlərlə qalxdım, metroya girdim.
Aprel, 2025-ci il
“Ədəbiyyat və incəsənət”
(29.07.2025)
Yaşamaq gözəldir, qardaşım!
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Elə biliridm ki, yaşda məndən kiçikdir. Sən demə, beş il, beş ay məndən qabaq dünyaya gəlib. Maşallah yaşından xeyli cavan görünür. Uzaqbaşı ona 50-55 yaş vermək olar. Onu çoxdan tanıyıram. Aramızda salam-əleyk var. Xoşbət adamdır, Allah ondan çox şeyləri əsirgəməyib. Anadangəlmə liderdir və öz cazibəsi sayəsində ətrafına onlarla insan toplaya bilir. Açıq qəlbli, inamlı və enerjilidir. O, kifayət qədər iddialıdır və qərar verəndə, ona nail olmaq əzmindədir. Həyəcanlanarsa edə biləcəyi işlərin heç bir həddi-hüdudu olmur və inanılmaz dərəcədə səxavətli, sadiq və şərəflidir. Yoldaşlıqda, dostluqda heç vaxt əlini cibinə salmaqdan çəkinmir, məmnuniyyətlə dostların hesabını verir. Hər hansı bir qərara gəldisə, onu fikrindən döndərmək mümkün deyil, çünki o, həmişə haqlı olduğuna əmindir. Özünə çox arxayındır, inamlı üslubu ilə tanınır. Mehriban davranışı ilə yanaşı, dostlar arasında məşhur olan bir xarakterə də malikdir- Qürurludur...
O, 1960-cı ilin iyul ayının 22-də Naxçıvan MR Şərur rayonunun Şəhriyar kəndində anadan olub. 1977-1982-ci illərdə Bakı 2 №-li tibb texnikumuna təhsil alıb. Təhsil arası- 1978-1980-ci illərdə Sevostopol şəhərində əsgəri xidmət keçib. 1983-1988-ci illərdə Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsilə yiyələnib. 1985-ci ildə Şərur rayon Komsomol komitəsinin nəzdində yaradılmış "Dan yeri" ədəbi birliyinə rəhbər təyin edilib. 1988-ci ildə "Yazıçı" nəşriyyatı tərəfindən «Bir yol başlamışam» adlı ilk şeirlər kitabı dövlət planına salınaraq, 1989-cu ildə Naxçıvan Muxtar Respublikası üzrə 29 yaşında şeirlər kitabı dövlət tərəfindən çap olunan ilk qələm sahibidir. 1990-cı ilin əvvəllərindən başlayan Sədərək döyüşlərinin fəal iştirakçısı olub. 1991-ci ildə Şərur rayon Sovetinə deputat seçilib. 1991-ci ildə Şərur rayon Uşaq-Gənclər Şahmat məktəbində direktor işləyib. 1997-ci ildə Sumqayıt şəhər "Cırtdan" uşaq kino-teatrının direktoru təyin olunub, eyni zamanda "Dünyanın səsi" qəzetində redaktor kimi fəaliyyətini davam etdirib. "Gəncliyin səsi" qəzetində məsul katib, "Dəlidağ" qəzetində baş redaktor vəzifələrini icra edib. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 2003-cü ildən Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədridir. 2005-ci ildən 2008-ci ilin əvvəllərinə qədər "Şaman" ictimai-siyasi, ədəbi-bədii qəzetin təsisçisi və baş redaktoru olub. 2008-ci ilin əvvəllərindən bu günə qədər "Möhtəşəm Azərbaycan" ictimai-siyasi, ədəbi-bədii qəzetin təsisçisi və baş redaktorudur. 2008-ci ilin oktyabr ayından 2010-cu ilin may ayına kimi eyni zamanda "Azərikimya" Dövlət Şirkətinin mətbu orqanı olan "Azərbaycan kimyaçısı" qəzetinin baş redaktoru işləyib. Ölkə başçısının müvafiq Sərəncamı ilə "Azərikimya" Dövlət Şirkəti SOCAR-ın tabeçiliyinə veriləndən sonra, fəaliyyətini "Azərikimya" İstehsalat Birliyinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsində davam etdirir. 2014-cü ildə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb...
Sinəsini irəli tutaraq inamla yeriyir. Müsbət xüsusiyyətləri arasında ən əhəmiyyətli xüsusiyyəti- saf niyyətli olmasıdır. Hər kəsə kömək etmək istəyir və hər an yardımçı olmağa hazırdır. Güclü, cəsarətli və qorxmazdır. Uğursuzluqdan və ya rədd edilməkdən qorxmur. Çünki onun üçün hər hansı bir problemi həll etmək, necə deyərlər, iki vur ikidir. Çətinliklərdən heç vaxt geri çəkilmir...
Müsahibələrinin birində deyir ki:- “Mən ədəbi yaradıcılığa təxminən 80-ci illərdə başlamışam və həmin vaxtlar şeirlərimi Rafiq Bayram imzası ilə yazırdım. İlk şeirim bu imza ilə 1983-cü ildə dərc olundu və 1988-1989-cu illərə qədər də məhz Bayram təxəllüsü ilə şeirlər yazdım. 1988-ci ildə, 28 yaşım olmağına baxmayaraq, yaxşı mənada risk elədim, şeirlərimi topladım və nəşriyyata üz tutdum. O vaxt bilirsiniz ki, kitabda, qəzetdə şeir və ya məqalə dərc etdirmək böyük bir inqilab sayılırdı və kimin ki, şeirləri dərc olunurdu, hamısı 30-40 yaşlarında idilər. Bir söz də deyim ki, əgər nəşriyyatda nə isə dərc elətdirmək istəyirdinsə, mütləq ona iki müsbət rəy verilməli idi. Mən bir il gözləməli oldum, 1989-cu ildə mənə müsbət cavab gəldi və məni nəşriyyata dəvət elədilər. Kitabımın adı "Bir yol başlamışam” oldu və kitab artıq çap olunmağa başladı. Nəşriyyatın baş redaktoru İslam Türkay zəng edib dedi ki, sənin soyadın ilə Tofiq Bayramın soyadı qulaqda eyni şəkildə qafiyələnir. Bəlkə başqa bir təxəllüs seçəsən özünə. Mən əslən Naxçıvanın Şərur rayonunun Şəhriyar kəndindən olduğum üçün hətta təklif də etdilər ki, təxəllüsün Şəhriyar olsun. Qeyd edim ki, kəndin adının Məhəmməd Hüseyn Şəhriyarın adı ilə əlaqəsi yoxdur. Lakin bu, mənim üçün çox əhəmiyyətli idi, çünki bundan sonra Allah qismət edərsə, bütün yaradıcılığım boyu eyni təxəllüs ilə yazılarım, şeirlərim dərc olunacaqdı. Buna görə də mən üç gün möhlət istədim və üç təxəllüs ilə nəşriyyata müraciət etdim. Onların içərisindən həm özümün, həm də ki, ölməz şairimiz Xəlil Rza Ulutürkün də bəyəndiyi Oday təxəllüsünü seçdim və mən bu təxəllüs ilə şeirlər yazmağa başladım. Onu da qeyd edim ki, Naxçıvan şəhəri üzrə 29 yaşında, dövlət xətti ilə şeirləri dərc olunan ilk şair mən olmuşam. Çoxları məndən soruşur ki, sən Türkiyə türküsən bəyəm, Oday təxəllüsü ilə şeirlər yazırsan?! Lakin Oday təxəllüsünün əslində dilimizdəki iki sadə sözdən- "Od” və "Ay” sözlərindən əmələ gəldiyini çoxu bilmir. Buradakı "Od” sözü odlar yurdu olan Azərbaycanı, "Ay” sözü isə bayrağımızdakı ayı təmsil edir...”
Bəli, bu dəfə sizə şair, publisist, yurnalist Rafiq Odaydan danışıram. Dünya malında gözü olmayan, dostcanlı, ləyaqətli qardaşımız Rafiqdən. Çox inadkardır. Ədalətli olduğunu bildiyi işin sonadək ardıyca gedir. Fərqli fikirlərə hörmətlə yanaşması var. Amma qarşı tərəfin fikirləri dürüst olmadısa qəbul etmir. İş həyatında çalışqandır. İdarəetmə və təşkilati işlərdə mahirdir. Müxtəlif mühitlərə girməkdən və orada sərbəst olmaqdan zövq alır. Və bu vəziyyət onun üçün vazkeçilməzdir...
“Türkiyə türkcəsi ilə bizim dilimiz eyni kökdən əmələ gəlib və bu dillər arasında 90 faiz oxşarlıq var. Bəzi sözlər var ki, onların dilimizdə işlənməyinin əleyhinəyəm. Eynilə Türkiyə türkcəsində işlənən və əleyhinə olduğum sözlər də var. Amma deyərdim ki, onların işlətdiyi sözlərin hamısının bizim dildə qarşılığını tapmaq mümkündür. Hətta Türkiyənin elə kəndləri var ki, onlar danışanda bizim sözlərdən çox istifadə edirlər. Ümumiyətlə, Azərbaycan dili türk dilləri içərisində ən gözəl, ən şirin, ifadə vasitəsinə görə ən yüksək səviyyədə olan dildir. Gələcəkdə türk xalqlarının ortaq dilini yaratsalar, mən inanıram ki, sözlərin 60-70 faizi sırf bizim dildən götürləcək.”- söyləyir.
Onun ilk məqalələri orta məktəbdə oxuyarkən rayonda nəşr olunan "İşıqlı yol" qəzetində çap olunub. "Vətən gəz" adlı ilk şeri isə 1983-cü ildə "Sovet Naxçıvanı" ("Şərq qapısı") qəzetində dərc edilib. Rayonda nəşr olunan "İşıqlı yol" qəzetində ictimai əsaslarla "Xalq yaradıcılığı və incəsənət" şöbəsinin müdiri də işləyib. Xələc kənd məktəbindəki fəaliyyəti dövründə "Şaman" folklor dərnəyi və eyniadlı ansambl yaradaraq, bir neçə il kəndbəkənd gəzib və olduğu kəndlərdə folklor nümunələrini toplayaraq, onları mütəmadi olaraq rayon qəzetində çap etdirib. Sonradan bu yazıları bir araya gətirərək "Şərur folkloru-Rafiq Odayın təqdimatında" adlı kitabını ərsəyə gətirib. Bundan əlavə o, "Bir yol başlamışam", "Gecələr içimə göyüzü yağar", "Ömür gedir öz köçündə", "Qarabağ şikəstəsi", "Xatirələr işığında", "3 Aprel günəşi", "Əlli min də qayğısı var əllimin", "Ədəbi-tənqidi məqalələr", "Həyatın yaşama düsturu" və "Qərib ruhların nəğməsi" kitabları işıq üzü görüb. “Həsən Bəy Zərdabi”, "Qafqaz - Media" və "Qızıl qələm" mükafatları laureatıdır. 20 kitabın tərtibçisi, 200-dən artıq kitabın redaktoru olub. 100-ə yaxın kitaba ön söz yazıb...
Deyir ki:- “Mənim fikrimcə, adam həyatında üç şeyə əməl etsə, daim uğur qazanacaq və hörməti olacaq: Birincisi, yalan danışma! Çünki sən yalanı bir, iki və uzağı, üç dəfə danışa bilərsən, sonra qarşındakı sənə inanmayacaq və artıq onun gözündə etimadını itirəcəksən. İkincisi, heç vaxt gecikmə! Mən həmişə çalışmışam ki, dəvət olunduğum yerə gecikməyim. Çünki gecikmək "mənim kitabım”da yoxdur. Üçüncüsü isə yalan yerə vəd vermə! Bir işi ki, yerinə yetirməyəcəksən, yalandan camaatı aldatmağın yeri yoxdur. Ya söz vermərəm, ya da ki, canımla qanımla sözümün arxasında durmağa çalışaram. Düşünürəm ki, uğurlarımı bu üç prinsipə əməl etməyimə görə qazanmışam...”
Bir sözlə, o, çox punktual və aktiv adamdır. Özündə nəciblik, mərdlik, cəsarət, nəzakət və s. bunlara bənzər xüsusiyyətləri ehtiva edir...
Zarafat etmirəm, bu günə kimi elə bilirdim ki, uzaqbaşı onun 55 yaşı var, sən demə, iyulun 22-də 65 yaşı tamam olub. 65 yaşlı kişiyə nə arzulayarlar? Yalnız yaşamaq! Yaşamaq gözəldir, qardaşım!
“Ədəbiyyat və incəsənət”
(29.07.2025)
Çərkəzlərin etnik təmizlənməsi və davam edən iztirabları
Aida Eyvazlı Göytürk,
“İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İB-nin sədri. “Ədəbiyyat və incəsənət” portalının redaktoru
“...Mən heç zaman Novorossiysk buxtasında dəniz sahilində bir yerə yığılıb soyuqdan donan və ölən 17 min nəfərə yaxın dağlıları unutmayacağam. Qışın bu çovğunlu və qarlı çağında onları ac-yalavac, dənizin sahilinə sıxışdırmışdılar. Yaşamaq üçün heç bir ehtiyatları yox idi. Buralarda açıq havada aclıq və səfalət üzündən yayılan tif, ospa xəstəliyi də onların sayını ildırım sürəti ilə azaldırdı. İnsanlar əlacsız idilər... Nəm torpağın üstündə iki körpə uşağı da yanında əynindəki nazik nimdaş köynəkdə uzanılı qalmış bir gənc çərkəz qadınının cansız bədənin görəndə dəhşətə gəldim. Körpələrdən biri son nəfəsini verirdi, həyatla ölüm arasında mübarizə aparır, çabalayırdıdı. Digər körpə isə anasının döşünü axtarırdı ki, əmsin...”. Bu sətirlər XIX əsrinhərb tarixçisi Berje Adın “Dağlıların Qafqazdan köçürülməsi” (Берже Ад. П . Выселение горцев с Кавказа. // Русская старина. 1882. Т. 33.Книга 2. Стр. 362-363) kitabındandır. Bu xatirə Çərkəz xalqının iztirablarının kiçik bir epizodudur. Şimali Qafqazın avtoxtonsakinləri – qədim adı “adıq” olan çərkəzlər böyük məşəqqətlər çəkib.
Hələ I Pyotr dövründən çərkəzlərin tale üzünə gülmür. 1857-ci ildə Çar II Aleksandrın “Qafqazda rus kazak əhalisinin yerləşdirilməsi və yerli tayfaların bir hissəsinin köçürülməsi vasitələri haqqında” fərmanı çərkəzlərin etnik təmizlənməsini gücləndirir. İvan Drozdov adlı rus zabiti 1863-64-cü ildə baş verən hadisələri, çərkəzlərin başına gətirilən müsibəti belə qeyd edirdi: “Fevralın sonunda ordu dağlıların köçürülməsinə nəzarət etmək üçün Marte çayının sahilinə çatdı, etiraz edənlərə güc tətbiq edirdilər... Yollarda iyrənc bir mənzərə var idi... hər yerdə qadınların, uşaqların, qocaların itlər, vəhşi heyvanlar tərəfindən parçalanmış meyiti səpələnmişdi... Quduzlaşmış ac heyvanlar acından taqəti qalmayan insanların üstünə cumur, onları diri-diri parçalayırdılar... Yəqin ki, insanlıq yaranan gündən bu qədər insanın ölüb yollarda qaldığı olmamışdı... Dağların sakinləri qırılmış, ölmüşdülər. İndi Kuban vilayətində həmin o insanların əvəzinə dağlarda ancaq ayı, it, canavar görünürdü... Qara dənizin şimal-şərq sahili meyitlərlə dolu idi... (И. Дроздов. Последняя борьба с горцами на Западном Кавказе // Кавказский сборник. 1877. Т. 2. С. 548).
Çar Rusiyasının qanlı fərmanı ilə öz yurdlarından didərgin salınmış, öz doğma yurdlarına bağlı, dağlarına yaxından bələd olan çərkəzlər təslim olmurdular. Onlar dağlara, kahalara çəkilib rus ordusuna hücum edirdi. Bu isə çar komandanlığını çox hiddətləndirirdi. Dağlıların qanına susamış çar hakimiyyətinə mənsub mundirli çinovniklər və kazaklardan ibarət olan dəstələr Qara dəniz sahilini boşaltmaq üçün burada yaşayan avtoxton xalqı məhv etmək planını qəddarlıqla həyata keçirirdi.
1929-cu ildə Qafqazşünas akademik Simon Canaşi 1863-cü ildən başlayan çərkəz soyqırımının şahidi olmuş 91 yaşlı şahid Napasau Yabarakhu Qansakxunun şahid ifadəsini belə qələmə almışdı: “Məcburi köçürülmə zamanı dənizdə ölənlərin bədənlərini su sahilə atırdı. Sahildə insan sümükləri və insan kəllələrindən zolaq yaranmışdı. Düşmənimə də belə mənzərəni görməyi arzulamıram (Сим. Джанашиа, Труды, Т.IV.Тб, 1968, стр.124).
Çərkəzlərin deportasiyası 1853-cü ildə başladı və 1910-cu ilə qədər davam etdirildi.
Çərkəzlərin deportasiyası zamanı yollarda ölənlərin sayı haqqında Çar Rusiyasının Trapezundakı konsulu A.N.Moşin yazırdı: “Deportasiyanın ilk günlərində Trapezuna və ətraf əyalətlərə 247 min nəfər adam gətirildi. Onlardan 19 000 nəfəri ölüb, 63290 adam sağdır, gətirilənlər arasında hər gün 180-250 adam ölür. İnsanların arasında tif xəstəliyi yayılıb... 1863-cü ilin noyabr-dekabr ayları ərzində Tarpezuna 100 nəfər köçəri gəlib, Konstantinopola və Varnaya 4650 adam göndərmişik. Onların arasında da hər gün 40-60 adam ölür. Trapezunda hələ 2050 nəfər adam gözləyir” (Берже А. Я. Выселение горцев с Кавказа. — Русская старина. 1882, Т. XXXIII, с. 176. Цит. по: Ф. Бадерхан. «Северокавказская диаспора в Турции, Сирии и Иордании (вторая половина XIX — первая половина XXвека)».. М.: Институтвостоковедения РАН, 2001. стр. 40.).
1867-ci ildə Osmanlıda rəsmi məlumatlara görə, Osmanlı İmperiyası ərazisində sürgün edilən çərkəzlərin sayı (öldürülənlər istisna olmaqla) 595 min nəfər idi." (А.В. Кушхабиев. Рецензия на статью Д. Сыромятникова «Война как средство конструирования нации».).
Mühacirətin çətinliyini öz gözləri ilə görən türk ordusunun çərkəz zabiti Nuri sonralar həmin dəhşətli hadisələri belə xatırlayırdı: “...Yelkənli qayıqlarda dalğalar və küləklər bizi it kimi o baş-bu başa atırdı. Kimisi suya düşüb boğulur, kimisi aclıqdan ölürdü. Hamının əyin başı cırıq-cırıq paltarda idi. Xəstələnənlər ümidlərini üzmüşdülər, ölümü ən gözəl nemət və qonaq kimi gözləyirdilər. Nə hamilələr, nə qocalar, nə də uşaqlar xilas ola bilmirdilər. Bizim son sığınacaq yerimiz dənizin suları idi...”.
Çərkəzlərin deportasiyası və soyqırımı ilə bağlı söhbət etdiyim həmsöhbətlərim İsraildə yaşayan qafqazşünas, tarixçi alim və jurnalist, Çərkəz Şurasının müşaviri Avraam Şumleviç, Türkiyədən Çərkəz İcmasının nümayəndəsi Selcuk Ulutaş, çərkəz irsini araşdıran gürcüstanlı professor Merab Çuxua, “Çərkəzlərin Milli Hərəkatı”nın Avropa üzrə nümayəndəsi İbrahim Yaqanov onu da dedilər ki, XIX əsrin ortalarından başlayaraq məcburi soyqırım və köçürülmə siyasəti nəticəsində 1.5 milyon çərkəz öldürülüb. Bu, əsl soyqırımdır. Çərkəzlərin say artımı daha çox Türkiyədə baş verib. Çünki Osmanlı Türkiyəsi həmin vaxt çərkəzlərə, kabarda balkarlarına sahib çıxıb, sayları 6 milyonu keçib. Bundan əlavə isə çərkəzlər həm də, İordaniyada, İsraildə, Misirdə, Amerikada ,Avropada məskunlaşıblar. Həmin çərkəzlər isə bu gün də öz doğma və tarixi yurdlarına qayıtmaq üçün mübarizə aparırlar. Və əgər 1863-cü ildən başlayaraq 1 milyon 500 mindən artıq çərkəz rus çarının fərmanı ilə öldürülməsəydi, onların sayı bu gün 20-30 milyonu ötüb keçməliydi.
Dünyadakı mühacir çərkəzlər və adıqlar 1992-ci ildə Gürcüstan Parlamentində, 2025-ci ildə isə Ukrayna Parlamentində Çərkəz Soyqırımı haqqında beynəlxalq sənədi qəbul ediblər. İndi isə onlar Litva Respublikasının seymində həmin qanunu qəbul etdirmək üçün çalışırlar.
Çar Rusiyasından qalma “Parçala, hökm et” siyasətinin acı nəticəsidir ki, Rusiyada bu gün də çərkəzlər əsasən Kabarda-Balkar, Adıgey, Qaraçay-Çərkəz respublikalarının ərazinə səpələniblər. Hazırda Rusiyada yaşayan çərkəzlərin ümumi sayı təəssüf ki, 1 milyon nəfər belə deyil. Və bu 1 milyon nəfər olmayan çərkəzlərin öz dillərində cəmiyyətdə yaşayıb, inkişaf etməsinə də rus hakimiyyəti maneçilik edir. Vətən dil olmayan yerdə qurtarır. Xoşbəxt o xalqlardır ki, öz dillərini qoruyur və ya onun uğrunda mübarizə aparmağı bacarırlar.
Tarixi faktlara əsaslanmış bu məqaləni “xalqlar həbsxanası” olan Rusiyada soyqırıma uğrayan bütün xalqların əziz xatirəsinə ehtiram olaraq qələmə aldım.
“Ədəbiyyat və incəsənət”
(29.07.2025)