İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Aşıq musiqisi xalqın min illər əqdəmki genetik kodlarına yazılıbdır, onda türkçülüyün ilk rüşeymləri vardır. Bu səbəbdən də hər birimiz üçün aşıq musiqisi dəyərlidir, əzizdir.
Haqqında danışacağım aşıq Azərbaycanın aşıqlar diyarı, söz-sənət ocağı Göyçənin yetirməsidir. Bu gün onun anəım günüdür.
Bəli, bu gün Əməkdar mədəniyyət işçisi Aşıq Mahmud Məmmədovun anım günüdür.
O, 22 may 1935-ci ildə Göyçə mahalının Ağbulaq kəndində dünyaya göz açıb. 1946-cı ildə ailəliklə Tovuz rayonunun Bozalqanlı kəndinə köçüblər və hazırda mərhum aşığın övladları, qohumları həmin kənddə yaşamaqdadır. Tovuzda 7 illik təhsilini başa vurandan sonra aşıq sənətinə ciddi maraq göstərib və o vaxtlar Tovuz-Gəncəbasar bölgəsində böyük nüfuzu olan ustad aşıq Vəli Qaraxanlının yanına şəyirdliyə verilib. Bir il ustadın yanında qalandan sonra 1950-ci ildən əmisi oğlu Aşıq İmran Həsənovdan təxminən 12 ilə yaxın sənət dərsi alıb.
1957-ci ildən başlayaraq ustadı İmran Həsənov, Əkbər Cəfərov, balaban ustası Abbas İsmayılovla birlikdə dövlət tədbirlərində iştirak etməyə dəvət olunub. Elə həmin ildə gənc aşıq Bakıda keçirilən folklor festivalında birinci dərəcəli diploma layiq görülüb. Bir müddət sonra isə ümumittifaq və ümumdünya festivallarında laureat adını qazanıb. Ustad aşıq Mahmud Məmmədovun Azərbaycan teleradiosundakı mütəmadi çıxış və konsertləri, xüsusən də Azərbaycan Telefilm Birliyinin tamaşaçılara təqdim etdiyi “Abbas-Gülgəz” dastanı ona böyük şöhrət gətirib.
Dövlət tədbirlərində, xarici ölkələrdə keçirilən incəsənət görüşlərində fəal iştirak edib, ifaçılığına görə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunub. Aşıqların III, IV, V və VI qurultaylarının iştirakçısı olub. Onun söylədiyi “Koroğlu” və “Abbas və Gülgəz” dastanları Azərbaycan Televiziyasının “qızıl fondu”nda saxlanılır. 1992-ci ildə Türkiyənin Konya şəhərində keçirilən folklor festivalında Atatürk qızıl medalına layiq görülüb.
2007-ci ildə “Hörmət olan yerdə, məhəbbət olar” adlı şeirlər kitabı çap olunub. Kitabda aşığın müxtəlif illərdə qələmə aldığı divanilər, gəraylılar, qoşmalar, deyişmələr, müxəmməslər, xatirə-rəvayətlər və aşığa həsr olunan şeirlər toplanıb. Dəfələrlə beynəlxalq folklor və aşıq festivallarının laureatı oub. Fransa, Avstriya, Rusiya, Türkiyə, İran və başqa ölkələrdə qastrol səfərlərində olub və Azərbaycan aşıq sənətini ləyaqətlə təmsil edib. 2008-ci ildən Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü olub. Anadan olmasının 70, 75 və 80 illiyi təntənəli şəkildə qeyd edilib.
Kitabları
- “Hörmət olan yerdə, məhəbbət olar”
- “Allah qəlbə görə verir”
Ustad Aşıq 30 iyul 2020-ci ildə, 85 yaşında dünyasını dəyişib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(30.07.2025)