ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

 

 28 May – Müstəqillik Günü münasibətilə Kanadanın paytaxtı Ottavada ölkə parlamentinin binası önündə Azərbaycan bayrağı ucaldılıb. Mərasim "Vətən" Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi və Kanada Azərbaycan Evinin birgə təşkilatçılığı ilə baş tutub.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbirdə Ottava, Toronto, Monreal və digər şəhərlərdə yaşayan Azərbaycan icmasının nümayəndələri, diaspor təşkilatlarının rəhbərləri və fəalları, Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Vasif Abutalıbov, Türkiyə Cümhuriyyətinin Kanadadakı səfiri Can Dizdar və Kanada parlamentinin ilk türk əsilli deputatı Sima Acan iştirak edib.

Kanada Azərbaycan Evinin təmsilçisi Sevinc Quliyeva, deputat Sima Acan, səfir Can Dizdar və müvəqqəti işlər vəkili Vasif Abutalıbov Azərbaycan xalqını bu əlamətdar gün münasibətilə təbrik edib, ölkəmizin müstəqillik tarixindən və onun əhəmiyyətindən danışıblar.

Tədbir bədii proqramla davam edib. “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdləri Azərbaycan rəqsləri və nağara ritmləri ilə çıxış ediblər. Ottavada fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili məktəbinin şagirdləri isə vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Qeyd edək ki, 2023-cü ildə fəaliyyətə başlayan Kanada Azərbaycan Evi xaricdə mədəniyyətimizin, tariximizin, milli dəyərlərimizin yaşadılması və tanıdılması istiqamətində işlər görür.

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2025)

 

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Murad Gözəlova həsr edilmiş şeirlə tanış olacaqsınız.

  

MURAD ZABİL OĞLU GÖZƏLOV

(12.05.1995.-05.11.2020.)

 

Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olmuş, Həsənabad qəsəbə orta məktəbinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdindəki Bakı Neft-Energetika Kollecinin məzunu, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi.

Şəhid olduğu yer:  Qubadlı rayonu.

Dəfn yeri:  Neftçala rayonu.

 

 

DÜŞMƏNİ TARİMAR EYLƏDİ MURAD

 

-İntizarla bitə bilməz ömrümüz,

Daha bəsdir, tükənibdir səbrimiz,

Qoy verilsin, “Get irəli!” əmrimiz,

Yad əllərdə torpaq eyləyir fəryad,

Döyüşə hazıram, -söylədi Murad.

 

 

Yox olsun fitnəni yaradanları,

Anlada bilmədik, kor nadanları,

Torpağa tökülən şəhid qanları,

Qisasa çağırır, ürək deyil şad,

Döyüşə hazıram, -söylədi Murad.

 

O torpaqda var min illik izimiz,

Şükür, hələ bükülməyib dizimiz,

Nələr gördü neçə ildə gözümüz,

Bəsdir daha, şəhid olubdur Polad,

Döyüşə hazıram, -söylədi Murad.

 

Neftçalada, Həsənabadda doğuldu,

Görənlər deyirdi,-Əhsən, oğuldu,

Kolleci bitirdi, mühəndis oldu,

İnsanı ucaldır yaxşı əməl, ad,

Döyüşə hazıram, -söylədi Murad.

 

Qəlbində nə qədər arzusu vardı,

ADNSU-ya girəndə çox bəxtiyardı,

Bilirdi, hər şeydən öncə diyardı,

At oynada bilməz torpağımda yad,

Döyüşə hazıram, -söylədi Murad.

          

 II

Geyindi, yenə də hərbi libasın,

Başlatdı kafirin matəmin, yasın,

Hüseyn əmisinin aldı qisasın,

Yurd azad olduqca ruhlar olur şad,

Düşməni tarimar eylədi Murad.

 

Əzizdir Vətənin qayası, daşı,

Bunu anlayammaz kütbeyin naşı,

Oldu Vətən oğlu, yurd vətəndaşı,

Əbədi yaşayan, qeyrətli övlad,

Düşməni tarimar eylədi Murad.

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2025)

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

  

“Mən yeni-yeni yazmağa başladığım zamanlarda əlimə M.Ə.Sabirin “Hophopnamə”si düşdü. Onu bir neçə dəfə oxudum. Bu əsər mənə böyük təsir bağışladı. Bundan sonra mən də Sabir kimi... gizli imzalar ilə satirik şeirlər yazmağa başladım.”

           Məşhur özbək şairi Qafur Qulam

 

Mirzə Ələkbər Sabir 1862-ci ilin 30 mayında Azərbaycanın Şirvan bölgəsinə daxil olan Şamaxı şəhərində anadan olub. Sabirin əsl adı-soyadı Ələkbər Tahirzadədir. "Sabir" sözü "səbr edən" mənasını verir, "Mirzə" isə oxuyub-yazmağı bacaran, təhsil almış şəxslərə hörmət və ehtiram məqsədilə istifadə olunan müraciət formasıdır. Mirzə Ələkbər Sabirin valideynləri Hacı Məşədi Zeynalabdin və Səltənət xanımdır. 

 

12 yaşına çatdıqda, Azərbaycan maarifçiliyinin görkəmli nümayəndələrindən olan Seyid Əzim Şirvani tərəfindən açılmış "Üsuli-Cədid" məktəbində təhsil almağa başlayır. Bu məktəbdə Sabir yalnız dini təhsil deyil, eyni zamanda dünyəvi elmlərlə də tanış olmuşdur. Burada Azərbaycan türkcəsi, fars dili, ərəb dili, rus dili, təbiət elmləri, tarix, coğrafiya, hesab, şəriət və klassik ədəbiyyat üzrə dərslər almışdır.

 

Sabirin ədəbi istedadı məhz bu məktəbdə üzə çıxır. Müəllimi Seyid Əzim Şirvani onun şeirlərinə maraq göstərərək, ədəbiyyata olan marağını artırmaq üçün əlavə tapşırıqlar verirdi. Sabir ilk dəfə fars dilindən Sədi Şirazinin "Gülüstan" əsərindən mənzum hekayələri tərcümə etməklə yaradıcılıq fəaliyyətinə başlamışdır. Şeirlərinə görə Seyid Əzim onun bacarığını yüksək qiymətləndirir və ona Nizaminin "Xəmsə" toplusunu hədiyyə edir. Sabir bu əsərə xüsusi önəm vermiş və sonralar ondan tərcümələr etmişdir.

 

Mirzə Ələkbər Sabir, ədəbiyyat tarixində əsasən satirik şair kimi tanınmasına baxmayaraq, yaradıcılığının ilk mərhələsində klassik şeir ənənələri çərçivəsində qəzəllər qələmə almışdır. Bu səbəbdən professor, ədəbiyyatşünas Cəfər Xəndan Sabirin bədii irsini tematik və üslubi xüsusiyyətlərinə əsaslanaraq iki əsas dövrə bölmüşdür:

 

1905-ci il rus inqilabına qədərki dövr

1905-ci il rus inqilabından sonrakı dövr

 

Mirzə Ələkbər Sabirin yaradıcılığında dil məsələsi mühüm yer tutur. Şair ana dilin qorunmasına, düzgün istifadəsinə və təhsildə tətbiqinə xüsusi diqqət yetirmişdir. O, ana dilində təhsili milli şüurun formalaşması baxımından vacib hesab etmiş, ictimai məzmunlu şeirlərini sadə və anlaşıqlı dillə qələmə almışdır.

 

“Yaz günləri” şeirində Sabir təbiət gözəlliklərini uşaqların baxış bucağından təqdim edərək, onların estetik dünyagörüşünün formalaşmasına yardım edir. Burada uşaq poetikasına xas olan ritm, ahəng və sadəlik qorunmuş, mövzu isə fəslin poetik təəssüratları üzərində qurulmuşdur. “Artıq alıb əskik satan tacir” şeirində Sabir uşaqların tərbiyəsində ailənin, xüsusilə valideyn nümunəsinin mühüm rol oynadığını önə çəkir. Şeirdə atasından ədalətsiz davranışlar öyrənən bir uşağın timsalında mənfi sosial vərdişlərin nəsildən-nəslə ötürülməsinin təhlükələri göstərilir və uşaqların düzgün tərbiyəsi üçün valideynlərin məsuliyyətinə diqqət yetirilir.

 

Sabirin tərcümə etdiyi və Ezopun məşhur təmsillərindən biri olan “Qarğa və tülkü” əsərində uşaqlara hər kəsə inanmağın doğru olmadığı izah edilir. Sabir bu şeirdə həm əyləndirici, həm də öyrədici funksiyanı birləşdirərək təmsil janrının imkanlarından məharətlə istifadə etmişdir. “Məktəbə tərğib” şeirində isə şair uşaqlara məktəbə getməyi tövsiyə edir, təhsilin cəmiyyətin tərəqqisi üçün mühüm olduğunu vurğulayır. Sabirin bu mövzularda yazdığı şeirlər yeni tipli məktəblərin genişləndirilməsinin tərəfdarı olduğunu göstərir və bu ideyalarına görə dövrünün bəzi dairələri tərəfindən tənqid və təqiblərə məruz qalmışdır.

 

Şairin "Ə.Sabir Tahirzadə” adlı bir çox imzası ilə “Məktəb şagirdlərinə töhfə”, “Ə.Sabir Tahirzadə” imzası ilə “Təbib ilə xəstə” yaxud “Ə.S.” imzası ilə “Molla Nəsrəddinin yorğanı”, yenə də “Ə.S.” imzası ilə “Molla Nəsrəddin və oğru”, “Ə.S.” “Yalançı çoban” mənzum hekayələrini ancaq və ancaq valideynlərə kömək kimi uşaqların tərbiyəsinin formalaşmasına həsr etmişdir.

 

“Kim nə deyər bizdə olan qeyrətə?” şeirində isə xalqın zahiri qəhrəmanlığının içi boş olduğu ironik tərzdə təqdim olunur. Sabir “iş görəcək yerdə söz əzbərləmək”, “boş söhbətə aşiq olmaq”, “yay gəlməmiş qızmaq” kimi davranış nümunələri ilə milli xarakteri satirik şəkildə təsvir edir. O, bu şeirdə xalqı yaxşı tanıdığını və ona layiq olduğu qiyməti verdiyini göstərir.

 

Görkəmli şair 25 iyul 1911ci ildə vəfat etmişdir.

Amma xatirəsi əbədiləşmiş, adı dillərdə əzbər olaraq qalmışdır. Sabirabad rayonu, İstiqlal küçəsindəki abidəsi, cild-cild kitabları…

Mir Cəlalın «Mirzə Ələkbər Sabirin sənət dünyası» əsərində şairin yaradıcılıq metodları və sənətkarlığı dərindən təhlil edilir. Əli Akifin «Mirzə Ələkbər Sabirin satira sənətkarlığı» kitabı isə onun satira janrındakı ustalığını ön plana çıxarır. Həmçinin Rafael Hüseynovun «Şirvan şairləri» monoqrafiyasında Sabir Şirvan bölgəsinin ədəbi mühitində formalaşmış görkəmli şairlərdən biri kimi təqdim olunur. 

1962-ci ildə Muxtar Dadaşov tərəfindən Mirzə Ələkbər Sabirin anadan olmasının 100 illiyinə Sabir adlı qısametrajlı sənədli film həsr edilmişdir.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2025)

 

 

 “Ədəbiyyat və incəsənət” portalı Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə keçirilən Zirvə görüşü barədə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovun fikrini almışdır.

 

Laçındakı Zirvə görüşü dövlətimizin tarixi uğuru, Azərbaycan-Türkiyə-Pakistan dostluğunun təntənəsidir. Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Zirvə görüşünün keçirilməsi mühüm mətləblərdən xəbər verir:

Laçında üç qardaş dövlətin liderlərinin iştirakı ilə Zirvə görüşünün keçirilməsi sadəcə Azərbaycan üçün deyil, həm də Türkiyə və Pakistan üçün olduqca mühüm hadisədir. Bu, hər şeydən öncə hər üç dövlətin bütün dünyaya birlik, həmrəylik mesajıdır. Bu Zirvə görüşü bir daha təsdiq etdi ki, Azərbaycan, Türkiyə və Pakistan qardaşlığı əzəli və əbədidir. Zirvə görüşündə liderlərin verdiyi mesajlar, səsləndirdiyi bəyanatlar da bir daha bunu sübut etdi. Zirvə görüşünün Laçında – erməni işğalından azad edilən tarixi torpağımızda keçirilməsi də olduqca böyük məna kəsb edirdi. Azərbaycan Laçındakı bu möhtəşəm tədbirlə, hər şeydən əvvəl, işğaldan azad edilmiş ərazilərimizdə qısa zaman ərzində həyata keçirdiyi böyük abadlıq-quruculuq işlərini bütün dünyaya nümayiş etdirdi. 

Laçında gerçəkləşən Zirvə görüşü, eyni zamanda, beynəlxalq ictimaiyyətə, qlobal güclərə, Ermənistan və onun himayədarlarına bu torpaqların hüquqi-tarixi sahibinin Azərbaycan olduğunu bir daha xatırlatmış oldu. Azərbaycan həm Zirvə görüşü, həm də Laçın Beynəlxalq Hava Limanının açılışı ilə sübut etdi ki, xalqımız, dövlətimiz erməni faşizminin xarabalığa çevirdiyi yurd yerlərini qısa zamanda dirçəltməyə, bu torpaqları yenidən cənnətə çevirməyə qadirdir. Mən Laçında keçirilən bu cür möhtəşəm beynəlxalq tədbirə görə hər bir vətəndaşımızı təbrik edir, Prezidentimizə, dövlətimizə uğurlar arzulayıram. Əminəm ki, biz zaman-zaman işğaldan azad edilən digər torpaqlarımızda da oxşar tədbirlərə şahid olacaq, tarixi Zəfərimizi, tərəqqimizi, mübarizə və inkişaf əzmimizi əks etdirən tədbirlərlə bütün dünyanı heyrətləndirməkdə davam edəcəyik.

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2025)

 

 

 

 

ABŞ-nin George Mason (Corc Meyson) Universitetinin tələbəsi, universitetin Təhlükəsizlik Siyasəti Araşdırmaları Mərkəzinin (Center for Security Policy Studies) redaktoru Əli Məmmədovun həmin ölkənin mətbuatında məqaləsi işıq üzü görüb.

 

“ABŞ-nin Cənubi Qafqaza yanaşmasını tənzimləməyin vaxtı çatıb” (“Time to adjust the US approach to the South Caucasus”) adlı məqalədə müəllif ABŞ-nin Cənubi Qafqaz siyasətinə yenidən baxmasının zəruriliyini vurğulayıb.

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş uzrə Dövlət Komitəsindən verilən məlumata görə, müəllif bölgədə dəyişən güc balansının təhlilini verərək ABŞ-nin regiona daha aktiv və məqsədyönlü yanaşmasının vacibliyini qeyd edib. Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyanın təsirinin zəiflədiyini, İranın isə bölgədə rolunu artırmağa çalışdığını bildirib. Bu şəraitdə ABŞ-nin iştirakının sabitliyə və strateji tarazlığa töhfə verə biləcəyini diqqətə çatdırıb.

Müəllif İkinci Qarabağ Müharibəsi və onun nəticələrinə də toxunub. Azərbaycanın ərazi bütövlüyünün bərpası, Türkiyənin dəstəyi və Rusiyanın passivliyinin regionda siyasi və təhlükəsizlik baxımından yeni vəziyyət yaratdığını bildirib. İranın isə Ermənistanla əlaqələrini gücləndirərək Azərbaycan-Türkiyə-İsrail yaxınlaşmasına qarşı ehtiyatlı mövqe tutduğunu vurğulayıb.

Məqalədə Ermənistan-Azərbaycan sülh prosesi region üçün çox mühüm fürsət kimi qiymətləndirilir. ABŞ bu prosesi dəstəkləməklə yanaşı, Gürcüstan da daxil olmaqla üç ölkə arasında iqtisadi və nəqliyyat əməkdaşlığının genişləndirilməsini təşviq etməlidir. Bu yanaşmanın formal ittifaqlardan fərqli olaraq çevik diplomatiya və regional təşəbbüslərin dəstəklənməsi ilə həyata keçirilə biləcəyi diqqətə çatdırılıb.

Həmçinin ABŞ-nin Türkiyə və Avropa İttifaqı ilə əməkdaşlığı, enerji və nəqliyyat layihələrinə dəstəyi, Mərkəzi Asiya ilə əlaqələrin inkişafı üçün Cənubi Qafqazda şərq-qərb dəhlizlərinin əhəmiyyəti vurğulanıb. Müəllifin fikrincə, Vaşinqtonun formalaşmaqda olan yeni yanaşması – ikitərəfli əməkdaşlıq, infrastruktur əsaslı siyasət və enerji təhlükəsizliyinə fokuslanma həm regionun dayanıqlığını gücləndirə, həm də ABŞ-nin strateji maraqlarını təmin edə bilər.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.atlanticcouncil.org/blogs/turkeysource/time-to-adjust-the-us-approach-to-the-south-caucasus/

Qeyd edək ki, Əli Məmmədov 2022-ci ildə Şuşada keçirilən Diaspor Gənclərinin III Yay Düşərgəsinin və 2024-cü ildə Amerika Azərbaycan Gənclər Forumunun iştirakçısıdır.

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2025)

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Aslanov Əbülfət Şəmməd oğlu 1913-cü ildə Oğuz (keçmiş Vartaşen) rayonun Muxas kəndində anadan olmuşdu. Orta təhsilini tamamladıqdan sonra əvvəlcə Şəki Pedaqoji Texnikumunda, sonra isə keçmiş APİ-nin (indiki ADPU-nun) filologiya fakültəsində təhsil almışdı.

 

Pedaqoji fəaliyyətə texnikumu bitirdikdən sonra başlamışdı. Bir müddət məktəb direktorü və keçmiş rayon partiya komitəsində məsul vəzifədə işləmişdi.

1951-ci ildə Vartaşen Rayon Xalq Maarif Şöbəsinə (RXMŞ-nə) müdir təyin olunmuşdur. 28 il bu vəzifədə işləmişdir.

Pedaqogika üzrə fəlsəfə doktoru ADPU-nun Şəki filialının direktorunun elmi işlər üzrə müavini Nuralı Çələbiyev deyir ki, mən Əbülfət müəllimin zamanında işləməmişəm. Ancaq haqqında çox müsbət fikirlər eşitmişəm. Hamı onu təhsil təşkilatçısı, rəhbər işçi kimi çox tələbkar, qurucu, fədakar bir insan kimi tanıyır. Xatirəsi indi də qədirbilən insanların qəlbində yaşayır. 

Ə.Aslanovun rəhbərliyə ilə Oğuzda təhsilin inkişaf etdirilməsinin uğurlu dövrü başlanmışdır. Artıq 50-ci illərin sonunda rayonda ibtidai, ümumi orta və orta məktəb olmaqla 34 məktəb mövcud idi. Bu məktəblərdə 3536 nəfər şagird təhsil alırdı. Orta məktəbdə oxuyanlar bütün şagirdlərin 51,2 %-ni təşkil edirdi. Bu illərdə onlarla yeni təhsil müəssisələri açılmış, yeni sinif otaqları tikilmiş, maddi-texniki baza xeyli yaxşılaşdırılmışdı. Məsələn, 1959-cu ildə məktəblərdə cəmi 10 fizika, 4 kimya, 4 biologiya kabineti vardısa, 1976-cı ildə məktəblərdə 26 fizika, 27 biologiya, 27 kimya, 22 dil-ədəbiyyat, 15 riyaziyyat, 23 tarix, 20 coğrafiya və 7 xarici dil kabinet və laboratoriyaları fəaliyyət göstərirdi və s. Ə.Aslanov hələ  keçmiş “Lenin bayrağı” (indiki “Oğuz yurdu”) qəzetinin 01 sentyabr 1973-cü il tarixli sayında dərc olunmuş “Vəzifələrimiz aydındır” adlı məqaləsində yazırdı: “İndi 13 orta və 13 səkkizillik məktəblərdə hər cür əyani vəsait və avadanlıqla təmin olunmuş yaraşıqlı divar çkafları olan kimya-biologiya, fizika, dil-ədəbiyyat, riyaziyyat, tarix-coğrafiya və s. fənn kabinetləri yaradılmışdır… məktəblərdə kifayət qədər texniki vəsait vardır. Müəllimlərimiz maqnitofon, filmskop, televizor, elektrofon və s. texniki vəsaitlərdən səmərəli istifadə edə biləcəklər”.

Əbülfət müəllimin bu illərdəki fəaliyyəti onun bacarıqlı, qabiliyyətli əsil təhsil təşkilatçısı, gözəl müəllim, səmimi və xeyirxah insan olduğunu sübut edir. Oğuzun tanınmış ziyalılarından Emin Əzimli öz xatirələrində qeyd edir ki,Əbülfət Şəmməd oğlu Aslanov Oğuz təhsilinə öz möhürünü vurmuş müəllimlərdən, səriştəli rəhbərlərdən idi. Onun maarif naziri Mehdizadə ilə isti münasibətləri rayonda təhsilin inkişafına layiqli töhfəsini vermişdi. Əbülfət müəllim sözünü deməyi bacaran, sözü eşidilən kişilərdən idi. Onun rəhbərlik etdiyi dövrdə təhsilimiz respublikada qabaqcıllar sırasında olmuş, dəfələrlə kecici qırmızı bayraqlara, pul mükafatlarına layiq görülmüşdü. Yeri cənnət olsun”. 1977-ci ildə Maarif naziri M.Mehdizadənin Oğuza gəlməsi, rayonun təhsili və onun problemləri ilə maraqlanması, Oğuz şəhərində tikilməkdə olan 1176 yerlik məktəb binasında işlərin gedişi ilə tanış olması da həmin səmimi və işgüzar münasibətlər sayəsində baş tutmuşdu.

1977-1978-ci illərdə rayonda hamılıqla orta təhsilin, demək olar ki, başa çatdırılması da Əbülfət müəllimin rəhbərliyi və təşkilatçılığı ilə reallaşmışdı. Həmin illərdə Oğuz məktəblərinin bütün dərəcələr üzrə artım respublika səviyyəsinə yaxın olmuş, hətta bəzi göstəricilərə görə onu ötüb keçmişdi.

Əbülfət müəllim məktəblərin ixtisaslı kadrlarla təmin edilməsini təlim-tərbiyənin keyfiyyətinin yüksəldilməsində əsas amillərdən hesab edirdi. Onunla eyni dövrdə işləmiş, tanınmış təhsil işçilərindən olan K.Əhmədov söyləyir ki, o çox maarifpərvər adam idi. Mənim işə qəbul əmrimi də Əbülfət müəllim verib. O vaxt kənd yerində işləyən müəllimləri hərbi xidmətə aparmırdılar. Lakin mən ərizə ilə müraciət etdim məni şəhər məktəbinə dəyişin ki, hərbi xidmətə gedim. Mənə zarafatla dedi ki, ay oğul, orada (Calud kəndində) işləmək hərbi xidmətdə olmaq kimi bir şeydi, get işlə.

Ə.Aslanov təhsil işçilərinə xüsusi diqqət və qayğı ilə yanaşar, həmişə onların problemlərinin həllinə  kömək göstərərdi. Keçmiş təhsil işçisi, AYB-nin üzvü, şair-tədqiqatçı R.Rza(yev) həmin günləri xatırlayaraq yazır: “Əbülfət Aslanovu hörmətlə xatırlayıram. Qayğıkeş, alicənab, sözükeçərli, təşkilatçı, nüfuzlu bir insan,pedaqoq, şəxsiyyət idi. 1974-cü ilin sonunda mən APİ-nin filologiya fakültəsinin birinci kursunda qiyabi oxuyanda Rayon Xalq Maarif Şöbəsində filmoteka müdiri vəzifəsi boşalmışdı. Orda işləmək üçün Rayon Partiya Komitəsinin lll katibinə müraciət etdim. Katib: “Qəti olmaz”,- dedi. Dedi ki, qiyabiçi tələbə üçüncü kursu qurtarandan sonra dərs deyə bilər, filmoteka müdirliyi isə heç olmaz, o, məsul vəzifədir. Boynumu burub RXMŞ-ın qabağında durmuşdum. Dedilər ki, Əbülfət müəllimlə görüş. Görüşdüm,  fikrimi bildirdim. Əbülfət müəllim telefonda lll katiblə yarım saat mübahisə etdi. O dedi olmaz, bu dedi olar, yetim oğlandı, şagirdim olub, kömək edəcəyik, işləyəcək. Katibin son "olmaz" sözündən sonra, Əbülfət müəllim telefon dəstəyini qoyub bir dəqiqə xəyala daldı. Sonra dedi ki, oğul, get ərizəni yaz ver katibəyə, əmrini al, təhvil-təslim olsun, işlə... Hamı məəttəl qalmışdı ki, mən necə işə düzəlmişəm... 5 il Əbülfət müəllimlə işlədim. Həmişə qayğıma qalırdı. Mənə pionerlər evində dərnək, qiyabi məktəbdə yarım ştat dərs, internatda qalmağa otaq (o vaxt hər gün kəndimizə gedib gəlirdim) da verdirdi. O, tək mənə yox, bütün müəllimlərə dayaq durar, qayğıkeşlik edərdi. Onun dövründə heç bir müəllim milisə, prokurorluğa düşməzdi, nüfuzu, sözü keçərli idi... Allah Əbülfət müəllimə rəhmət eləsin! Məkanı cənnət olsun!”

Onun pedaqoji sahədə səmərəli fəaliyyəti həmişə yüksək qiymətləndirilmişdir. Əbülfət müəllim Əməkdar müəllim fəxri adına, “SSRİ Maarif Əlaçısı” döş nişanına layiq görülmüş, respublika və ümumittifaq müəllimlər qurultayının nümayəndəsi olmuşdur.

Ə.Aslanovun müdir olduğu illərdə RXMŞ-si dəfələrlə fəxri fərman, diplom, pul mükafatı, keçici Qırmızı bayraq almışdır.

Ə.Aslanov 1979-cu ildə vəfat etmişdir. Onun xatirəsi bu gün də qədirbilən oğuzlular və Oğuz müəllimləri tərəfindən hörmət və ehtiramla yad olunur.

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

  

Bu gün şair, publisist, ssenari müəllifi, satirik Fikrət Sadığın doğum günüdür.

Fikrət Sadıq 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olmuşdur. Burada ibtidai, Kürdəmirdə orta təhsil aldıqdan sonra Bakıda sənət məktəbini bitirmişdir. 1955-ci ildə Kürdəmirdə elektrik montyoru işlədiyi vaxt axşam məktəbini bitirmişdir. Sonra ADU-nun Filologiya fakültəsində təhsil almışdır (1956–1961).

 

Ədəbi fəaliyyətə tələbəlik illərində universitet nəşriyyatının buraxdığı "Gənclik nəğmələri" almanaxında dərc etdirdiyi "Artist" və "Ana əli" şeirləri ilə başlamışdır. Poetik yaradıcılığında bədii tərcürməyə də meyil etmişdir. "Yumaq top", "Bir parça vətən", "Oğul" pyesləri, "Xırdaca gəlin", "Daş balkon", "İlk məhəbbət haqqında daha bir hekayə" və s. onun qələminin bəhrəsidir.

 

Tümen, Perm, Novosibirsk və Altay vilayətlərində keçirilən ədəbiyyat günlərində iştirak etmişdir. Macarıstan Xalq Respublikasına yaradıcılıq təşkilatlarının təcrübə mübadiləsi müşavirəsinə göndərilən sovet yazıçıları nümayəndə heyətinin tərkibində olmuşdur.

Azərbaycan yazıçılarının VII–VIII qurultaylarında Azərbaycan Yazıçıları İttifaqı təftiş komissiyasının sədri, IX qurultayında idarə heyətinin üzvü, qəbul komissiyasının və Şirvan filialının sədri seçilmişdir. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, "Əməkdə igidliyə görə" medalı ilə (1986) təltif olunmuşdur. Azərbaycan Yazıçılar Birliyində poeziya üzrə məsləhətçi işləmişdir (1975-ci ildən). 2002-ci ildən prezident təqaüdçüsü olub.

 

Əsərləri 

 

1. Cığır

2. Ömrün bir günü

3. Dəniz küçəmizə gəlir

4. Cırtdan hara getmişdir?

5. Bala kirpi

6. İşığın yaşı

7. Göydə nə var

8. Ağ cığır

9. Yerdən göyə ümid

10. Göydən alma düşmədi

 

Filmoqrafiya 

 

1. Cırtdanın yeni sərgüzəşti

2. Fransa qəhrəmanı 

3. Naxçıvan-50 

4. Süleyman Rüstəm 

5. İçəri Şəhər

 

Fikrət Sadıq 16 noyabr 2016-cı ildə 86 yaşında Bakıda vəfat etmişdir.

Allah rəhmət eləsin!

 

Sənətkar barədə həmkarım Elman Eldaroğlunun daha geniş yazını gün ərzində sizlərə təqdim edəcəyik.

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2025)

 

“Ədəbiyyat və incəsənət” portalının TRİBUNA-sında bu gün Nəsibə Nəsibdir, mövzu isə siyasətdir.

 

“…Laçınlılar alimlərdir, şairlərdir, ziyalılardır. Laçın rayonu həm təbiətinə, həm insanlarına görə Azərbaycanın ən dəyərli guşələrindən biridir. Şuşanın, Laçının Azərbaycan torpağı, respublikamız, xalqımız üçün nə qədər qiymətli və əziz olduğunu sübut etməyə ehtiyac yoxdur. İndi Ermənistan sərhədinin içərisində olan torpaqların bir hissəsi də dövri qədimdən Azərbaycan torpağı, Azərbaycan diyarı olub. Göyçə mahalı da, Zəngəzur mahalı da, başqaları da... Arxayın ola bilərsiniz ki, bütün problemlərin, xüsusən Laçın, Şuşa probleminin həll olunması üçün mən bundan sonra öz səylərimi əsirgəməyəcəm”. - 

 

Ümummilli lider Heydər Əliyev bu dəyərli sözləri 1996-cı il mayın 6-da deyib.

Bəli, sözünü dedi və öz diqqət-qayğısını əsirgəmədi! Elə bir oğul yetişdirdi ki, o oğul həm atasının, həm də xalqının arzusunu gerçəyə çevirdi. O, yalnız siyasi lider deyil, Azərbaycan torpaqlarının ruhi energetikası ilə yaşayan bir müzəffər liderdir!

 

Budur – 28 May 2025-ci il – Prezident İlham Heydər oğlu Əliyev Laçın rayonunun Qorçu kəndindən, dəniz səviyyəsindən 1700 metr yüksəklikdən xalqı salamladı. Bu, sıradan bir çıxış deyildi – ata vəsiyyətinin yerinə yetirilməsinin verdiyi qürurla səslənən tarix idi. Prezident, Laçın Hava Limanının rəmzi açarını qəbul etdi – bu, sadəcə bir obyektin deyil, Laçının səmasının, Azərbaycanın gələcəyinin açarı idi.

 

O açarın təntənəsində Türkiyə və Pakistan dövlət başçıları da iştirak edirdi. 1918-ci ildə qurulmuş Azərbaycan Cümhuriyyətinin 1991-ci ildə bərpa edilən dövlət müstəqilliyini ilk tanıyan bu iki dost-qardaş dövlətin indi də Azərbaycanın yanında olması təsadüf deyil. Bu, bütün dünyaya ünvanlanan açıq ismarıcdır: eşidin və bilin - Azərbaycan təkcə bölgə deyil, böyük geosiyasi platformada öz çəkisi və sözü olan dövlətdir.

 

2025-ci il – Konstitusiyamızın qəbul edilməsinin 30, Vətən müharibəsində tarixi Zəfərimizin 5-ci ildönümüdür. Bu il respublikamızda “Konstitusiya və Suverenlik İli” elan olunub. Öncə ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdik, indi isə dünyaya yeni imzalar atırıq.

 

Millətlərin və dövlətlərin bir-biri ilə üz-üzə gəldiyi, insan hüquqlarının pozulduğu, müharibələrin şəhərləri və kəndləri viran qoyduğu dünyada biz sülh imzası atmağı bacardıq. Azərbaycanın dostluq toxumları bu gün dünyanın hər yerində cücərir.

 

Azərbaycanın ürəyi olan Laçın və Şuşa ilə bağlı Heydər Əliyevin arzuları çiçək açır. Bu yerdə Nəbi Xəzrinin misraları düşüncələrə hopur:

 

Bu gün heç bilmirəm nə üçün, nədən?

Səma da mavidir, torpaq da mavi…

Görürəm dünyanı başqa rəngdə mən —

Ağac da mavidir, yarpaq da mavi…

 

İndi Azərbaycan Laçının masmavi səmasında buludları yara-yara sülh cığırı açır. Bu cığır – haqqın cığırıdır. Bu cığır – xalqın iç səsidir. Və o xalq ki, bir yumruq kimi birləşdi, indi göyüzündə yeni yollar salır.

 

28 May 2025-ci ildə – Cümhuriyyətin doğum günündə, 1918-ci ilin “İstiqlaliyyət Bəyannaməsi” bir daha həyat tapdı. Bu sənədə görə, Azərbaycan qonşu dövlətlərlə dostluq münasibətləri qurmalı idi. Bu gün Azərbaycan sadəcə dostluq təklif etmir – dostluğu yaşadır və nümayiş etdirir. Artıq Qafqaz “problemlər bölgəsi” deyil, böyük əməkdaşlıq layihələrinin, qlobal zirvələrin mərkəzidir.

 

“Böyük Qayıdış” davam edir. Bu gün – 29 May 2025-ci ildə – Laçın rayonunun yenidən qurulan Bəylik kəndinə köç karvanı yola düşdü. Bu karvan sadəcə köç deyil, gələcəyə doğru atılan inamlı addımdır, əlbəttə.

 

Dünən Avropa türklərə salam dedi, bu gün Laçınlılar bütün dünyaya: “Biz buradayıq!” – deyir. Sabah isə Şəhriyarlar, Vətənin hər yerindən

“Heydər Babaya salam” hayqıracaq! -

 

Heydərbaba, igid əmək itirməz,

Ömür keçər, əfsus bəhrə bitirməz,

Namərd olan ömrü başa yetirməz,

 

Biz də vallah, unutmarıq sizləri,

Görəmməsək, halal edin bizləri.

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2025)

 

 

Xəbər verdiyimiz kimi, Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti xanım Aktotı Raimkulova Səmərqənd şəhərinə İslam Dünyasının Mədəniyyət Paytaxtı statusunun verilməsi münasibətilə keçirilən mərasimdə iştirak məqsədli rəsmi səfər edib. Səfər çərçivəsində o, ISESCO-nun Baş direktoru cənab Salim bin Məhəmməd əl-Malik ilə ikitərəfli görüş keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə edib və mədəniyyət, təhsil, eləcə də tarixi və mədəni irsin qorunması sahələrində birgə təşəbbüslərin həyata keçirilməsində qarşılıqlı maraqlarını ifadə ediblər. Görüşün yekunu olaraq, Fond və ISESCO arasında Anlaşma və Əməkdaşlıq Memorandumunun hazırlanması və imzalanması barədə razılıq əldə olunub.

Aktotı Raimkulova, Səmərqəndə İslam Dünyasının Mədəniyyət Paytaxtı statusunun verilməsi münasibətilə Baş direktoru təbrik edib və bu təşəbbüsün təkcə Özbəkistan deyil, həm də bütün İslam və Türk dünyası üçün əhəmiyyətini vurğulayıb. Fondun Prezidenti, ISESCO-nun mədəni irsin qorunması və təbliği sahəsindəki səylərinə tam dəstəyini bildirib.

Görüş zamanı xanım Aktotı Raimkulova, türk ölkələrindəki tarixi və mədəni abidələrin bərpası və qorunması ilə bağlı sistemli və elmi yanaşmanın vacibliyini qeyd edərək, bu sahədə çoxcildli metodik vəsaitin birgə hazırlanmasını da təklif edib.

Bundan əlavə, muzey işçilərinin ixtisasartırması, xüsusi təlim proqramlarının təşkili, birgə forumlar və mədəniyyət müəssisələrinin peşəkar potensialının artırılmasına yönəlmiş tədqiqat layihələri də müzakirə olunub.

Görüş zamanı əldə edilən razılaşmalar Türk Mədəniyyəti və İrsi Fondu ilə ISESCO arasında uzunmüddətli əməkdaşlıq üçün möhkəm zəmin yaradır və Türk və İslam dünyasının zəngin mədəni irsinin qorunması və təbliğini hədəfləyir.

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2025)

 

Kanadanın Niaqara şəlaləsi  28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın Dövlət Bayrağının rəngləri ilə işıqlandırılıb.

İşıqlandırma mərasimi Kanadada fəaliyyət göstərən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin, Kanada Azərbaycan Evinin və Amerika Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) birgə təşkilatçılığı ilə baş tutub.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Kanadada yaşayan Azərbaycan icması, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların nümayəndələri mərasimi böyük sevinc və coşğu ilə izləyiblər. Onlar “Azərbaycan”, “Xudayar təsnifi” və digər bir sıra musiqilərin sədaları altında rəqs ediblər.

Bundan əlavə, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin və Kanada Azərbaycan Evinin təşkilatçılığı ilə Torontodan Niaqara Fols şəhərinə avtoyürüş də keçirilib.

Hadisə ərazidə olan yerli sakinlərin və turistlərin diqqətini cəlb edib. Aksiya ilə maraqlananlara Azərbaycanın Müstəqillik Günü haqqında ətraflı məlumat verilib.

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2025)

4 -dən səhifə 2222

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.