Ruhu yaşıl, səsi ağdır... -PORTRET Featured

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Gəlin əvvəlcə onun tərcümeyi-halını söyləyim, sonra mətləbə keçərəm. Əliyev Arif Rauf oğlu 6 sentyabr 1972-ci ildə Bakının Buzovna kəndində anadan olub. Onu Arif Buzovnalı kimi də tanıyırlar. 1979–1989-cu illərdə Buzovna qəsəbəsindəki 26 saylı məktəbdə orta təhsilə yiyələnib. 1990-1992-ci illərdə hərbi xidmətdə olub. 1993-cü ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetə qəbul olunsa da, ali təhsil almaqdan imtina edib və könüllü olaraq birinci Qarabağ müharibəsinə qatılıb və Əzizbəyov adına könüllülər batalyonunda döyüşüb. Hazırda AYB-nin Xəzər (Bakı) bölməsinin sədridir...

 Bütün ömrü boyu mükəmməllik axtarışında olub və detallara olan diqqəti ilə seçilir. Fitrətdən gələn təbii analitik bacarıqlara malikdir. Hər bir vəziyyəti dərinliklə təhlil edərək, ən yaxşı qərarı qəbul etməyi bacarır. Həm də çalışqan və məsuliyyətli adamdır. Hər zaman öz üzərlərinə düşən vəzifələri yerinə yetirmək üçün səy göstərir. O, eyni zmanda planlı təşkilatçılıq qabiliyyəti ilə tanınır. Həyatda nizam-intizamı sevir və hər şeyi müəyyən bir qayda ilə etməyə səy göstərir. Ətraflarındakı kiçik detalların belə fərqinə varır və bunları diqqətlə nəzərdən keçirir, bu da onun həm işdə, həm də şəxsi həyatda çox vaxt uğurlu edir...

 Müsahibələrinin birində deyir ki:- “Bir dəfə rəhmətlik Vaqif İbrahimoğlu tamaşadan sonra fikrimizi soruşdu. Dedim, Vaqif müəllim, bir gün siz dünyada olmayanda yolunuzu davam etdirən, anladığınızı, həyata keçirmək istədiyinizi bilməyəcək. Və siz əcaib bir teatrın əsasını qoymuş olacaqsız. Çox bəsit dünya görüşünə malik insanlar da o yoldan istifadə edib özlərini rejissor, aktyor kimi qələmə verəcəklər. Siz bunu bilib edirsiz, onlar bilmədən edəcəklər. Alim Qasımovu misal çəkə bilərəm. O, əlnən-qolnan oxuyur, ürəkdən oxuyur, halda oxuyur, başqası da Alimə baxıb onu təqlid edir, amma əslində o deyil. Qərb ədəbiyyatına münasibət də elədir. Məsələn, Rəsul Rza sərbəst şeir yazırdı. Oxuyanda görürsən ki, şeirdə hər şey qaydasındadır, şeir onda belə gəlir, quraşdırmır. Başqa misallar da var. Amma ondan sonra yazan bir çox şair qurub-düzəldib. Yəni, yaradıcılıq adamın içindən gəlməlidir...”

   O, problemləri tez bir zamanda müəyyənləşdirə və bu problemləri həll etmək üçün effektiv yollar tapa bilir. Həmçinin, səmimi və etibarlı dostdur. Başqalarına kömək etməkdən xoşlanır və bu səbəbdən də etibarlı məsləhətçi kimi tanınır. Onun özünütəkmilləşdirmə və öyrənmə arzusu böyükdür. Yeni biliklər əldə etmək və öz bacarıqlarını inkişaf etdirmək üçün daim çalışır. Onun özünəməxsus dünyagörüşü var...

 “Günlərin bir günü müştərilərin arasına çıxdım, bəyəndilər. Mənə təklif elədilər ki, meyxana yarışında münsif olum, amma razılaşmadım, dedim meyxanaçılarla bacarmaram. Bir müddət sonra Xırdalan məscidinin axundu Azər Sami yenidən zəng vurdu, dedi, əruzu bu xalqa yenidən çatdırmaq üçün sən lazımsan. Beləliklə, mən razılaşdım. Fikirləşdim ki, gənclərə qəzəli yenidən təqdim edim. Və mən efirdə qəzəl deyəndən sonra, sevilməyə başladım...”- söyləyir.

 Ciddi və ləyaqətlidir. Təvazökarlıq onun xarakterinin ən gözəl xüsusiyyətidir. Çox gözəl davranış qaydaları var. Özünü məclislərdə və cəmiyyət qarşısında alicənab kimi aparır. Onu aldatmaq mümkün deyil, yaxşı olar ki, onunla ünsiyyətdə özünüzü səmimi, olduğunuz kimi aparın. Yalanı, qeyri-səmimiliyi sevmir. Onun xoşuna gəlmək üçün hisslərlə yox, ağılla hərəkət edin. Ona göstərin ki, siz praktikliyi, düzgünlüyü həyatda hər şeydən üstün tutursunuz...

 Ədəbi fəaliyyətə erkən yaşlarından başlayıb. İlk şeiri  1987-ci ildə 1991-ci ildə, on doqquz yaşında ikən "Azərbaycan Gəncləri" qəzetində çap olunub. Bakıda və Abşeron yarmadasında fəaliyyət göstərən müxtəlif ədəbi məclislərin, o cümlədən "Füzuli" və "Məcməüş-şüəra" məclislərinin üzvü olub. Mütəmadi olaraq dövrü mətbuatda- "Azərbaycan Gəncləri", "Kaspi", "İki sahil", "Yol", "Olaylar", "Ədəbiyyat qəzeti", "Tək səbir", "Nəbz", "Şəhriyar" və başqa qəzetlərdə, o cümlədən "Hikmət", "Kəlam", "Ulduz", "Karvan", “Azərbaycan” jurnallarında bədii əsərləri və müxtəlif mövzulu məqalələri ilə çıxış edib. 2003-cü ildə Təbrizdə keçirilən "Şeri-tənz" beynəlxalq şeir müsabiqəsinin qalibi olub. 2010-cu ildə Urmiyyədə keçirilən "Rəzəvi" beynəlxalq şeir festivalının qalibi seçilib, 2011-ci ildən 2016-cı ilə qədər həmin festivalın türkdilli şeir üzrə münsifi, 2018–2019-cu illərdə isə 1-ci və 2-ci "Nəsimi- Şeir, incəsənət, mənəviyyat" festivalı çərçivəsində "Nəsimi məclisi" və "Bir qəzəlin şərhi" proyektlərinin müəllifi və aparıcısı olub. Şeirləri xarici dillərə tərcümə edilib və müxtəlif ölkələrin mətbuatında çap olunub. Yeddi kitab müəllifidir və bir sıra tərcümələri var...

 Deyir ki:- “Əruz da muğam kimi şah sarayından gəlmədir. Həmişə yüksək yerdə olub, xalqın yanında olmayıb. Füzuli xalqın yanında oldu nə gün gördü, amma Bahar Şirvanini Nəsrəddin Şah ailəsi ilə birgə saraya dəvət etdi, onun üçün maaş kəsdi. Əruz elitar şeirdir. Mənə elə gəlir, müasir gənclər iki qola bölünüb. Bir tərəf ifrat dərəcədə Qərbə meyllidir, digər tərəf də Şərqə meyllidir, amma utanır, özünü göstərmək istəmir, gizlənir. Sanki “Bizə ikinci dərəcəli şair kimi baxırsız” deyə onlar da görünmürlər. Sizə deyim ki, eyni şeyi mən də öz üzərimdə hiss eləmişəm, mənə də nə vaxtsa ikinci dərəcəli şair kimi baxıblar. Bu gün artıq diqqət var, dünənə qədər yox idi. Mən düşünürəm ki, əruza münasibət dəyişəcək...”

 Onunla görüş təyin edibsinizsə, hökmən vaxtında gedin. Onun aləmində görüşə gecikmək yarımçıq adamların işidir. Bəzən çox tələbkar və tənqidçi ola bilər. Onun mükəmməllik axtarışı, bəzən həddindən artıq sərt olmasına səbəb olur. Qüsurlara çox diqqət yetirir. Bundan əlavə, o, həyatdakı cılız insanlarla barışa bilmir. Bu da onda narahatlıq və stres yaradır. Riski xoşlamır və həmişə çalışır ki, riskli məsələlərdən uzaq olsun...

 “İrfani məclislər Azərbaycanda həmişə olub. Bu məclisləri adətən dünya ilə əlaqəsi olan tacirlər, imkanlı adamlar keçiriblər. Çünki həm məclis təşkil etməlidir, həm gələn şairlərə, müğənnilərə müəyyən məbləğ ödəməlidir. Sovet dövründə qarşısı alındığı üçün Qumri məclisləri keçirilirdi. Camaat evlərə yığılıb Qumrinin şeirlərini oxuyurdu. Onun İmam Hüseyn haqqında iki külliyyatı var. Bakıda, Lənkəranda möminlər bu məclisləri təşkil edib Qumrinin mərsiyələrini oxuyurdular. Bu məclislər irfani məclisin oxşarı idi. İndi bəzi yerlərdə irfani məclislər bərpa olunub. Məqsəd nədir? Bir neçə saatlıq dünya və dünyada olanlardan azad olub dincəlməkdir.”- söyləyir.

 Xülasə, haqqında söhbət açdığım Arif Buzovnalı dərin adamdır- Arifdir, müdrikdir, dərvişdir, sirri pünhandır. Bir sözlə- Ruhu yaşıl, səsi ağdır. Bunu ariflər üçün dedim...

 ...Bəli, təfəkkürün inkişafında təhsilin rolu olsa da, kökü İlahidən gəlir. Hətta alimin də təfəkkürü zəifdirsə Allahı, dünyanı dərk edə bilməz. Nəsimi deyirdi ki:

 

"Ey könül, həqq səndədir, həqq səndədir,

Söylə həqqi kim, ənəlhəq səndədir,

Nuri-mütləq, zati-mütləq səndədir.

Müshəfin hərfi mühəqqəq səndədir..."

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.