“Ədəbiyyat və incəsənət” portalı 3 gün dalbadal Təranə Dəmirin 11 yeni şeirini sizlərə təqdim edir.
1.
Bir zamanlar başı buxara papaqlı,
ayağı çarıqlı, əli əsalı kişilər vardı,
Üst-başları tütün qoxuyardı,
Ovucları qabar-qabardı.
Doqqazın başına yığışardılar hər gecə,
Biz də onların başına.
Onlar davadan, frontdan danışardılar,
Biz də daş üstündə oturub qulaq asardıq
bu şirin nağıllara, yuxu gözümüzdən tökülüncə.
Yayın istisində də başlarından çıxarmazdılar papağı,
Addım səslərindən tanıyardılar gələn qonağı...
Onlarçun çörək Tanrıdan irəliydi,
Hərəsi bir evin dirəyiydi
mən tanıyan kişilər,
Torpaqla, daşla,
əkinlə, xışla oynayan kişilər.
Saçımızı sığalsız, gecəmizi nağılsız qoymazdılar,
Səhərlər mala, heyvana durardılar,
Oğula, uşağa qıymazdılar.
Sonra illər göz qırpımında uçub getdi,
Doqqaz ağzına yığışan kişilər yavaş-yavaş bu dünyadan köç etdi –
Başında papaq, ayağında çarıq, əlində çəlik.
Yavaş-yavaş yollar yiyəsiz qaldı, sonra kənd,
Sonra hasarlar böyüdü, sonra adamlar.
Sonra qapılardan kilid, ürəklərdən daş asıldı,
Uçulub dağıldı söykəndiyimiz divarlar,
Köhnə nağıllar pozuldu,
Təzə nağıllar yazıldı –
İçində həsrət, ayrılıq, xəyanət, göz yaşı, minnət.
İnternet sevdalar doğuldu boşluğun içində –
Rəngsiz, ürəksiz, qolsuz, qanadsız, şikəst...
Məhəbbət dolu məktublar yazılmadı daha,
Ürək döyüntüsündən keçmədi boğazdan yuxarı mesajlar,
Söz verib söz almadı heç kəs,
Heç kim tələsmədi görüş yerinə,
Sabaha çıxmadı bu gün doğulan xəyallar…
Nöqtələr, nidalar, suallar!!
…Bir zamanlar başı buxara papaqlı, ayağı çarıqlı, əli əsalı kişilər vardı.
Üst-başları tütün qoxuyardı,
Əlləri qabar-qabardı...
2.
Qaranlığı yenə pusur adamı,
Qılınclayır, asıb, kəsir adamı,
Gözlərinin fəhmi basır adamı,
Vaxt da keçmir bu gecənin baxtından.
Hamı səndən bir yuxuycan uzaqdı,
Dünya yatıb, bircə dərdlər oyaqdı,
Kim duyacaq harayını bu vaxtı,
Kim salacaq bu gecəni atından?
Ağrıların hücum çəkir üstünə,
Həsrət adlı zülmət çökür üstünə,
Qaramatın yenə tökür üstünə,
Hünərin var çıx gecənin altından.
3.
Nənəmizin ətəyindən,
anamızın kötəyindən tutub yeriyən qızlardıq.
İncinincə bir ovuc sığala,
bir şirin qoğala kiriyən qızlardıq.
Yayda torpağa, qışda palçığa batardıq,
Nağıl-nağıl, noğul-noğul boy atardıq.
Vətən kəndimizdi,
Kür qırağıydı, bərəmiz, bəndimizdi.
Güyümlə su daşıyardı,
İnək sağardı, nehrə çalxayardı
Başı yaylıqlı qadınlar,
Biz də dallarıyca düşərduk,
Yerlə, Göylə əlləşərdik.
Yanaqlarımızı öpüş,
Dodaqlarımızı gülüş aparardı,
Bir qucaq sevgimiz vardı.
Ürkək idik, qorxaq idik,
Uşaq idik.
Gözümüzdə qəhrəman idi odun yaran, yer belləyən atalar.
Nə çörək dərdimiz vardı,nə paltar.
Daşa, divara dırmaşardıq,
Bir ovuc ərik üstə
hasar-hasar dalaşardıq.
Bantımızdan tanıyardıq bir-birimizi
uzaqdan,
Qorxmazdıq qardan, sazaqdan.
Dostumuzdu İtlər, pişiklər,
Toyuqlar, cücələr,
Ağaclar, sərçələr..
Dincliyimiz yoxdu,
nə olsun ki, topumuz, gəlinciyimiz yoxdu,
Bəxtəvərdik,
Ən çox Novruzda sevinərdik...
...Sonra bir gün ...
Sonra bir gün qonşunun oğlu qonşunun qızına vuruldu ..
və bir göz qırpımında uçulub dağıldı uşaqlığımız,
qırıldıq...
Sonra yollar boşaldı,
Sonra hasar başı.
Əvvəlcə ayrılıqlar başladı,
sonra göz yaşı,
Sonra bütün bütlər çiliklənib töküldü,
Sonra xəyanətlər başladı hər addımbaşı,
Yekəldik…
...Sonra gəlin köçdü, ana oldu bütün hörüklü qızlar,
Yaxası tut ləkəli, ovucu ərikli qızlar –
Ürəklərində həsrət, gözlərində bulud, çiyinlərində əzab, baxışlarında intizar ...
...Nənəmizin ətəyindən,
Anamızın kötəyindən tutub yeriyən qızlardıq...
İncinincə bir ovuc sığala, bir şirin qoğala kiriyən qızlardıq...
Bir nağıla aldandıq…
4.
Qorxma, bu hələ son deyil,
Hələ bir az yolumuz var.
Gedirik qonşuya acıq,
Sağımız var, solumuz var.
Göydə Odu, Yerdə bizik,
Xeyirdə O, şərdə bizik,
Bir nağıldı, bir də bizik,
Şahımız var, qulumuz var.
Dünya bizi çəkir hələ,
Dizimizi bükür hələ,
Buna da min şükür, hələ
Danışmağa dilimiz var.
Haqq yoxdusa, hesab nədi?
Sevgi varsa, əzab nədi,
Hər işimiz tərsinədi,
Ağıllımız, dəlimiz var.
Heç kəs düşünmür sabahı,
Hər baş götürmür papağı,
Yoxdu şeytanın günahı,
Hər bəlada əlimiz var.
“Ədəbiyyat və incəsənət”
(29.07.2025)