Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
ANAR. BİTMİŞ ÖMRÜN BİTMƏMİŞ YADİGARI
Yusifin son kitabı barədə
Deyirlər ki, Yusif Səmədoğlu az yazıb. Bu, doğrudur. Yusifin cəmi-cümlətanı on beş, ya on altı hekayəsi, bir romanı nəşr olunub. Üç tammetrajlı bədii filmin və bir neçə sənədli filmin ssenari müəllifidir. Daha bir romanın başlanğıcını kompüterdə yaza bilib. Nə yazıq ki, əcəl əsəri bitirməyə macal vermədi. Bütün bunları bir kitabda toplamaq olar. Çox gənc yaşlarından yazmağa başlamış, Moskvada Ədəbiyyat İnstitutunda Konstantin Paustovski kimi görkəmli rus nasirinin sinfində təhsil aldığı illərdə ilk qələm təcrübələrini çap etdirmiş və ömrünün altmış üçüncü ilində dünyayla vidalaşmış yazıçı üçün bu, azdır. Həqiqətən, belədir. Amma daha böyük bir həqiqət də var: Yusif Səmədoğlu XX əsr Azərbaycan nəsrinin ən görkəmli simalarındandır. “Soyuq daş”, “Fotofantaziya”, “İncə dərəsində yaz çağı”, “Bayatı-Şiraz”, “Astana” klassik hekayə örnəkləridir. “Qətl günü” çağdaş romançılığımızın zirvələrindən, ədəbiyyatımızın şah əsərlərindəndir.
Yusifin bir neçə hekayəsi, “Qətl günü” və bitirilməmiş romanı bir kitabda – yazıçının son və ən dolğun kitabında toplanmışdır. Əgər bura ilk qələm təcrübələrindən olan və ilk mətbu hekayəsi “Qanlı çörək” hekayəsi, “Yeddi oğul istərəm” və “Səmt küləyi” ədəbi ssenariləri, məqalələri, çıxışları, müsahibələri də daxil edilsəydi, yenə də bir cild alınardı. Amma bu bir cildin bədii çəkisi bir çox başqa yazıçıların, yaxud özlərini yazıçı hesab edənlərin cild-cild kitablarından, içinə bolluca su hopdurulmuş qalın-qalın romanlarından ağır gələrdi. Çünki Yusif həqiqi yazıçı idi. Nadir istedada malik təkrarsız nasir idi. Yazıb qoyduqları da kəmiyyətcə deyil, keyfiyyətcə Böyük Ədəbiyyatdır.
“Soyuq daş”ın şairanə lirik təhkiyəsi, “Fotofantaziya”nın sərt realizmi, “Bayatı-Şiraz”ın, “İncə dərəsində yaz çağı”nın həzin, kədərli ovqatı, “Astana”nın psixoloji və ictimai siqləti 60-70-ci illərdə nəsrimizin keyfiyyətcə axtarışlarından soraq verirdi. Yusif Səmədoğlunun da, ümumən yeni nəsrimizin də zirvə əsəri – “Qətl günü” romanı oldu. Dildən-dilə çevrilən, eldən-elə gəzən bu romanı Yusif Səmədoğluna Azərbaycandan çox uzaqlarda da geniş şöhrət gətirdi. Roman “Azərbaycan” jurnalında dərc edilərkən onun haqqında ilk resenziyanı mən yazdım. Sonralar istər Azərbaycan tənqidində, istərsə də Moskva mətbuatında, xarici ölkələrdə bu əsər təhlil və təqdir edildi, ekranlaşdırıldı, səhnələşdirildi, mükafatlar qazandı. “Qətl günü” haqqında ətraflı yazdığım üçün burda dediklərimi yenidən təkrar etməyəcəyəm. “Həqiqət günü” adlı məqalənin yalnız son cümləsini bura köçürürəm: “Mənim fikrimcə, bu romanın meydana çıxması ədəbi fakt çərçivəsindən qat-qat böyük əhəmiyyətə malikdir. “Qətl günü” – müasir ədəbiyyatımızın həqiqət günüdür”.
Son bir neçə ildə Yusif yeni roman üzərində işlədiyini deyirdi, hətta romana seçdiyi adı da söyləyirdi. “Deyilənlər gəldi başa”. Hər dəfə soruşanda: “Romanın necə oldu, haçan bitirirsən?” – “İşləyirəm, işləyirəm, ciddi işləyirəm, sağlıq olsun”, – deyə qeyri-müəyyən cavab verərdi. Milli Məclisdə yanaşı otururduq və iclaslardan birində: “Roman işlədiyimə inanmırdın, – dedi və kompüterdə yazılmış kağızları göstərdi, – inandın?” “Ver oxuyum” dedim. “Bitirim, mütləq verəcəm”.
Bitirə bilmədi. Mənə göstərdiyi əlyazmasına (bilmirəm kompüterdə yazılmış mətn haqqında “əlyazması” demək olarmı) yeni səhifələr əlavə edilibmi? Bunu da bilmirəm. Hər halda indi 85 səhifəlik bir mətn qarşımdadır. Birinci səhifəsində “Yusif Səmədoğlu. “Deyilənlər gəldi başa”. Roman” sözləri yazılıb. Bu mətn mənə çatanda qəribə bir həyəcan keçirdim. Bu hiss səkkiz ay bundan qabaq – Yusifin sağalmaz xəstəliyə düçar olduğunu bildiyim vaxt keçirdiyim duyğulara bənzəyirdi. Əlbəttə, canlı insanı, həm də çox yaxın ürək dostunu, həmdəmini qaçılmaz bir qismətlə itirəcəyindən doğan dözülməz ağrını mətnin, əsərin yarımçıq qalmasından duyduğun təəssüf hissiylə müqayisə etmək olmaz. İnsan insandır, əsər – nə qədər parlaq əsər olsa da – əsər. Ancaq “Yusifin sağalacağına heç bir ümid yoxdur” sözlərini eşidəndə keçirdiyim sarsıntıyla bu mətnin bitirilməmiş və daha heç vaxt bitirilməyəcək bir roman olduğunu dərk etdiyim dəqiqələrin kədəri hardasa eyni nisgilin, eyni dərdin müxtəlif ölçülü, müxtəlif dərəcəli bəlirləri idi.
Yusif “Bu romanda son illərin hadisələri haqqında bütün demək istədiklərimi deyəcəm, ürəyimi boşaldacam” deyirdi. Niyyətini nə dərəcədə həyata keçirə bilib, demək istədiklərinin nə qədərini deməyə ömür möhlət verib, ürəyini qismən də olsa boşalda bilibmi?
Gecə yarısı romanı bu düşüncələrlə, bu duyğularla oxumağa başladım. Və tez-tez mətni vərəqləyib sonuncu 85-ci səhifəyə nə qədər qaldığını bir də, bir də yoxlayırdım. 50 səhifə qaldı, 30 səhifə, 10 səhifə... Son iki-üç vərəq keçəcək və Yusifin bu yarımçıq qalmış əsəriylə, – yazıçının ömrü əsərləridirsə, – yarımçıq bitmiş ömrüylə vidalaşacam. Yusifdən bir də heç bir yeni söz eşitməyəcəm. Yaradıcılığının heç bir yeni cəhətini tanımaq sevincim olmayacaq. Yusif nə demək istəyibsə, bu romanda ancaq bu qədər – 85 vərəqlik bir mətnlə deməyə əcəl aman verib.
Acgözlüklə səhifələri bir-bir keçirəm. Yusif istedadına xas olan təfərrüat dəqiqliyi, sənin öz gözünlə görürsənmiş kimi təsvir olunmuş və danışıqları öz qulağınla eşidirsənmiş kimi canlandırılmış personajlar. 85-ci ildə başlamış və sonrası görünməmiş sarsıntılarla, ictimai zəlzələlərlə, siyasi tufanlarla, faciələrlə, qanla, göz yaşlarıyla nəticələnmiş hadisələrin ilk hənirtisi, ilk işartıları. Sanki aləmi tarmar edəcək, silib-süpürəcək güclü bir selin hələ çox uzaqlardan eşidilən uğultusu...
Yusifin son əsərlərindəki (“Astana” hekayəsində, “Qətl günü” romanında) mistik motivlər, ümumən yazıçının mistisizmə, irrealizmə meyli “Deyilənlər gəldi başa” romanının ilk səhifələrindən açıq-aşkar sezilir. Sanki “Qətl günü”ndə Baba Kahadan əsən qara rüzgar indi də gəlib bu yeni romanın, onun iştirakçılarının başının üstündə bir kabus kimi dolaşır.
Romanda Yusif nəsrinə xas olan ikinci bir üslub gözəlliyi də var: bir yandan mətnin mistik, sehrli-əfsunlu qatı, hal anasıyla ünsiyyətdə olan, yaşı naməlum qeyri-real bir varlıq kimi təsvir edilən lal-kar Səməndərin xətti, hamının “öldü” saydığı, amma hansı irrasional müstəvidəsə diri qalmış insanların sərgüzəştləri, “Sarı hamam” rəmzi ətrafında qruplaşan süjet, o biri yandan da sırf realist boyalarla, canlı psixoloji ayrıntılarla təqdim edilən raykom katibi Cavadov, onun arvadı, sürücüsü və digər ətli-qanlı obrazlar...
Təbii ki, roman ilk növbədə müəllifin bədii fantaziyasından, təxəyyülündən doğur, amma yazıçının real həyatda gördüklərinin, yaşadıqlarının, duyduqlarının, real təəssüratlarının da bu yaradıcılıq prosesində çox önəmli payı var. “Deyilənlər gəldi başa” romanını oxuduqca Yusiflə keçirdiyimiz bəzi günlərin, saatların xatirələri canlanırdı gözlərim qarşısında: Moskva günlərimiz, Dərbənd səfərimiz, Misirə getməyimiz.
Dərbənd çox qədim tarixə malik olmaqla bərabər, həm də hansı mənadasa mistik təsir buraxan bir şəhərdir. Narınqalanın əzəməti, müasir memarlıq örnəklərinin arasında əski qala divarları, çağdaş məhəllələrin içində birdən-birə qarşına çıxan qəbiristanlıqlar, qəbiristanlıqdakı azman oğuz qəbirləri və bütün bunlarla bağlı çeşidli əfsanələr, çeşidli əhvalatlar... Dərbəndin Qırxlar qəbiristanlığı, burda başları kəsilmiş qırx islam şəhidinin basdırılması haqqında rəvayətlər və xüsusilə də bu başları kəsilmiş şəhidlərin at belində öz cənazələriyüklənmiş arabanın qarşısında çapa-çapa getmələri haqqında rəvayət Yusifə çox təsir etmişdi. “Romanın başlanğıcını burda tapdım” deyirdi. Doğrudan da, “Deyilənlər gəldi başa” romanının mətnində Dərbənd səfərimizin bəzi təəssüratları öz əksini tapıb.
Romanın mistik boyalarla aşılanmış birinci fəsli “Sarı hamam” adlanır. Bu fəsil bitirilmişdir, “Luksor” adlanan ikinci fəsil isə yarımçıq qalmışdır. Romanın yazılmamış mətni məhz burda qırılır. Əsərin birinci fəslində lal-kar və yarımistik bir obraz kimi təqdim olunan Uçqunlu Səməndər “Luksor” fəslində tamam başqa qiyafədə görünür. Nə laldır, nə kar, kənddə deyil, şəhərdə yaşayır, indi də Moskvaya gəlib, ordan Misirə uçmağa hazırlaşır. “Luksor” fəslindəki Səməndərlə “Sarı hamam”dakı adaşının nə əlaqəsi var? Bunlar eyni, ya ayrı-ayrı adamlardır? Bəlkə müəllif fantaziyasıyla bu iki (yaxud bir) Səməndər nə şəkildəsə bir-birini tamamlayırmış? Daha heç vaxt bunları bilə bilməyəcəyik. Çünki Yusif son romanının bütün memarlıq planını, süjet ardıcıllığını, bədii və fəlsəfi niyyətini öz beynində qəbrə apardı. Biz yalnız mətnin kağızda həkk olunub qalanlarına qane olmalıyıq. “Luksor” fəsli tam realist səpkidə başlayır, amma yadımdadır, Misirdə Yusiflə Luksor şəhərinin xarabalıqlarını dolaşarkən bu qədim insan məskənində fironların heykəlləri, sütunlar, qala divarlarında əcaib məxluqların təsviri Yusifə vaxtilə Dərbənddə gördükləri kimi təsir etmişdi. Və Səməndər Uçqunlunu Luksora gətirib çıxaran müəllif, yəqin, personajına orda özünün keçirdiyi hissləri aşılayacaqdı. Nə yazıq, nə yazıq ki, amansız ölüm Yusifi bizdən ayırdı, ədəbiyyatımız başlanğıcı belə maraqlı şəkildə yazılmış dəyərli bir romandan məhrum oldu. Nə etməli? Olacağa çarə yoxdur.
Böyük italyan bəstəkarı Cakomo Puççiniyə həsr olunmuş bir televiziya filmi var. Film belə bir epizodla bitir: teatr səhnəsində Puççininin son operası oynanılır. Birdən hadisələrin gərgin və musiqinin ən şirin yerində orkestr dirijorun işarəsiylə susur, səhnədəkilər yerlərində durub qalır. Dirijor üzünü tamaşaçı salonuna tutaraq deyir: Partituranın bu yerində qələm maestro Puççininin əlindən düşmüş, o, vəfat etmiş və opera yarımçıq qalmışdır.
Yusifin kompüterində saxlanmış yarımçıq romanının son – 85-ci səhifəsindəki axırıncı cümlə belədir: “Bütün bu bəlalara, ağrıya, zillətə tab gətirmiş adama daha bundan sonra Tanrı pisinə heç nə qıymaz”.
Bu yerdə Yusif Səmədoğlu kompüterində üç nöqtə qoymuş və illərlə beynində, qəlbində gəzdirdiyi son əsərinə daha bir kəlmə də əlavə edə bilməmişdir.
Müdrik insanlardan biri demişdir: “Ölümsüz işlər görən adamların ölümləri həmişə vaxtsız ölümdür”.
Vaxtsız ölüm Yusifi aramızdan apardı. Şərəfli, mənalı, dolğun və xalqımız, ədəbiyyatımız üçün son dərəcə faydalı bir ömür sürmüş Yusif Səmədoğlunun bitmiş ömründən bitirilməmiş bir yadigar qalan “Deyilənlər gəldi başa” romanı ilk dəfə olaraq oxuculara təqdim edilir.
Allah sənə rəhmət eləsin, Yusif, qəbrin nurla dolsun.
(3 dekabr, 1998)
“Ədəbiyyat və incəsənət”
(29.07.2025)