Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Qarabağın qədim torpaqlarında – Ağdərə rayonunun Vəngli kəndində, Xaçınçayın sol sahilində yerləşən Gəncəsər monastırı (Qandzasar) Azərbaycanın qədim dövlətlərindən biri olan Qafqaz Albaniyasının dini-mədəni mərkəzlərindən sayılır. XIII əsrə aid edilən bu abidə həm memarlıq özəllikləri, həm də daşıdığı tarixi-etnik izlər baxımından böyük əhəmiyyət daşıyır.
Monastırın baş kilsəsi – Müqəddəs İohann Kilsəsi, Xaçın knyazı Həsən Cəlal Dəvlənin göstərişi ilə, daha əvvəlki bir kilsənin yerində inşa edilmişdir. Tikinti işləri 1216-cı ildə başlanmış, 1238-ci ildə tamamlanmışdır. Kilsənin inşasına dair məlumatlar daş üzərindəki epiqrafik yazılarda yer almış və bu abidənin Həsən Cəlalın anası Xorişə Xatunla birlikdə inşa etdirdiyi təsdiqlənmişdir.
Kilsə xaçvari-günbəzli kompozisiyaya malik olub, səliqəli kəsmə daşlardan tikilmişdir. Mərkəzdə ucaldılmış hündür barabanlı günbəz, 4 iri və 4 kiçik pəncərə vasitəsilə interyeri işıqlandırır. Kilsənin çöldən və içəridən örtüyü kirəmit plitələrlə tamamlanıb. Salonun qərb tərəfinə birləşdirilmiş kvadrat planlı iri zal və onun üstündəki səkkiz sütunlu rotonda isə memarlıq baxımından diqqətçəkici detallardır. Stalaktitli tağ-nervyurlar və çətirvari dam örtüyü monastırın incəliklə işlənmiş üslubunu nümayiş etdirir.
Memarlıq bəzəklərində mifoloji simvollar, oyma naxışlar, heyvan və quş fiqurları, eləcə də Elxani dövrünə aid ornamentlərə rast gəlinir. Qərb divarındakı iri xaçda İsa fiquru Turani tipdə, monqol hörükləri ilə, ətrafındakı apostollar isə türk-monqol papaqları ilə təsvir olunmuşdur. Bu detal Elxanilər dövrünün təsirini göstərməklə yanaşı, Gəncəsərin türk-müsəlman təsir mühitindən qidalandığını sübut edir.
Monastırın ətrafında Həsən Cəlal və onun nəslindən olan Alban hökmdarlarının, ruhanilərinin qəbirləri yerləşir. Lakin XIX əsrdən başlayaraq bu alban abidəsi erməni qriqoryan kilsəsi kimi təqdim edilməyə çalışılıb. 1836-cı ildə çar I Nikolayın fərmanı ilə Alban Apostol Kilsəsinin ləğv olunması, onun erməni qriqoryan kilsəsinə tabe etdirilməsi bu prosesin əsasını qoydu.
Tarixçilər bildirirlər ki, 1828-ci il Türkmənçay və 1829-cu il Ədirnə müqavilələrindən sonra ermənilərin Qarabağa köçürülməsi ilə erməniləşdirmə prosesi başlandı. Bu abidələr üzərindəki epiqrafik yazılar silinib, yerinə erməni dilində uydurma yazılar və xaçdaşlar əlavə edilib. Halbuki Gəncəsər alban memarlığının özünəməxsus elementlərini – türklərə məxsus qurbangah əsası, yerli ornamentlər və memarlıq texnikası ilə bu saxtakarlığı inkar edir.
Azərbaycan tarixçiləri qeyd edirlər ki, Gəncəsər təkcə dini ibadətgah deyil, həm də qədim türk tayfalarının mədəni irsidir. Gələcəkdə bu abidələrin tarixi-mədəni statusu bərpa edilməli, turizm və tədqiqat mərkəzinə çevrilməlidir. Çünki bu tikililər artıq sadəcə məbəd deyil – xalq yaddaşının, milli kimliyin daşlaşmış salnaməsidir.
“Ədəbiyyat və incəsənət”
(29.07.2025)