Rəssam valideyinlərin aktyor övladı Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Evin kişisi və qadını rəssamdır, övladın da incəsənətə marağı var. Demək ki, rəssamlığı seçəcək. Amma xeyir. Haqqında danışacağım əhvalat tam fərqlidir.

 

Azərbaycan Respublikasının Əməkdar Artisti Əli Haqverdiyev barədə danışacağam.  O, 29 iyul 1939-cu ildə Bakıda rəssam Həsən Haqverdiyev və Güllü Mustafayevanın ailəsində anadan olub. 1955-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin qrafika şöbəsinə daxil olub. 1958-ci ildə eyni zamanda Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə qəbul edilib.

 

İstisna hal kimi Əli Haqverdiyevə hər iki məktəbdə paralel oxumaq imkanı verilib. 1961-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsinə daxil olub, Şövkət Məmmədovanın tələbəsi olub. 1962-ci ildə o zamanlar Akademik Opera və Balet Teatrına rəhbərlik edən Niyazi Ə. Haqverdiyevə qulaq asıb, teatra işə qəbul edib.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub. Əli Haqverdiyev bir müddət Leninqrad Malıy Opera teatrında təcrübə də keçib. O, Üzeyir Hacıbəyovun "Koroğlu" və "Leyli və Məcnun" operalarında Həsən xanın, Nofəlin partiyalarını ifa edib. "Arşın mal alan" musiqili komediyasının qrammofon valına yazılışında (1973) Soltan bəyin partiyasını oxuyub. Əli Haqverdiyevin ən yaddaqalan obrazı "Dədə Qorqud" filmindəki Yalıncıq obrazıdır.

Azərbaycan Rəssamlar İttifaqının və Teatr Xadimləri İttifaqının üzvü olub. Teatrda işləməklə yanaşı Ə. Haqverdiyev 1981-ci ildən etibarən Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsində müəllim kimi çalışıb.

 

Filmoqrafiya

- Dədə Qorqud

- Şir evdən getdi

- Üzeyir ömrü

- Özgə ömür

 

Teatr rolları

1. Üzeyir Hacıbəyov — "Arşın mal alan" — Sultan bəy

2. Şarl Quno — "Faust" — Mefistofel

3. Cüzeppe Verdi — "Riqoletto" — Riqoletto

4. Cüzeppe Verdi — "Otello" — Yaqo

5. Cakomo Puççini — "Toska" — Skarpio

6. Aleksandr Borodin — "Knyaz İqor" — Qalitski

7. Jorj Bize — "Karmen" — Eskamilyo

8. Cüzeppe Verdi — "Trubadur" — Fernando

 

Əli Haqverdiyev 1992-ci ilin sentyabrın 14-ü dənizdə yüksək gərginlikli cərəyana qapılması nəticəsində həlak olub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.