Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Elə biliridm ki, yaşda məndən kiçikdir. Sən demə, beş il, beş ay məndən qabaq dünyaya gəlib. Maşallah yaşından xeyli cavan görünür. Uzaqbaşı ona 50-55 yaş vermək olar. Onu çoxdan tanıyıram. Aramızda salam-əleyk var. Xoşbət adamdır, Allah ondan çox şeyləri əsirgəməyib. Anadangəlmə liderdir və öz cazibəsi sayəsində ətrafına onlarla insan toplaya bilir. Açıq qəlbli, inamlı və enerjilidir. O, kifayət qədər iddialıdır və qərar verəndə, ona nail olmaq əzmindədir. Həyəcanlanarsa edə biləcəyi işlərin heç bir həddi-hüdudu olmur və inanılmaz dərəcədə səxavətli, sadiq və şərəflidir. Yoldaşlıqda, dostluqda heç vaxt əlini cibinə salmaqdan çəkinmir, məmnuniyyətlə dostların hesabını verir. Hər hansı bir qərara gəldisə, onu fikrindən döndərmək mümkün deyil, çünki o, həmişə haqlı olduğuna əmindir. Özünə çox arxayındır, inamlı üslubu ilə tanınır. Mehriban davranışı ilə yanaşı, dostlar arasında məşhur olan bir xarakterə də malikdir- Qürurludur...
O, 1960-cı ilin iyul ayının 22-də Naxçıvan MR Şərur rayonunun Şəhriyar kəndində anadan olub. 1977-1982-ci illərdə Bakı 2 №-li tibb texnikumuna təhsil alıb. Təhsil arası- 1978-1980-ci illərdə Sevostopol şəhərində əsgəri xidmət keçib. 1983-1988-ci illərdə Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsilə yiyələnib. 1985-ci ildə Şərur rayon Komsomol komitəsinin nəzdində yaradılmış "Dan yeri" ədəbi birliyinə rəhbər təyin edilib. 1988-ci ildə "Yazıçı" nəşriyyatı tərəfindən «Bir yol başlamışam» adlı ilk şeirlər kitabı dövlət planına salınaraq, 1989-cu ildə Naxçıvan Muxtar Respublikası üzrə 29 yaşında şeirlər kitabı dövlət tərəfindən çap olunan ilk qələm sahibidir. 1990-cı ilin əvvəllərindən başlayan Sədərək döyüşlərinin fəal iştirakçısı olub. 1991-ci ildə Şərur rayon Sovetinə deputat seçilib. 1991-ci ildə Şərur rayon Uşaq-Gənclər Şahmat məktəbində direktor işləyib. 1997-ci ildə Sumqayıt şəhər "Cırtdan" uşaq kino-teatrının direktoru təyin olunub, eyni zamanda "Dünyanın səsi" qəzetində redaktor kimi fəaliyyətini davam etdirib. "Gəncliyin səsi" qəzetində məsul katib, "Dəlidağ" qəzetində baş redaktor vəzifələrini icra edib. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 2003-cü ildən Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədridir. 2005-ci ildən 2008-ci ilin əvvəllərinə qədər "Şaman" ictimai-siyasi, ədəbi-bədii qəzetin təsisçisi və baş redaktoru olub. 2008-ci ilin əvvəllərindən bu günə qədər "Möhtəşəm Azərbaycan" ictimai-siyasi, ədəbi-bədii qəzetin təsisçisi və baş redaktorudur. 2008-ci ilin oktyabr ayından 2010-cu ilin may ayına kimi eyni zamanda "Azərikimya" Dövlət Şirkətinin mətbu orqanı olan "Azərbaycan kimyaçısı" qəzetinin baş redaktoru işləyib. Ölkə başçısının müvafiq Sərəncamı ilə "Azərikimya" Dövlət Şirkəti SOCAR-ın tabeçiliyinə veriləndən sonra, fəaliyyətini "Azərikimya" İstehsalat Birliyinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsində davam etdirir. 2014-cü ildə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb...
Sinəsini irəli tutaraq inamla yeriyir. Müsbət xüsusiyyətləri arasında ən əhəmiyyətli xüsusiyyəti- saf niyyətli olmasıdır. Hər kəsə kömək etmək istəyir və hər an yardımçı olmağa hazırdır. Güclü, cəsarətli və qorxmazdır. Uğursuzluqdan və ya rədd edilməkdən qorxmur. Çünki onun üçün hər hansı bir problemi həll etmək, necə deyərlər, iki vur ikidir. Çətinliklərdən heç vaxt geri çəkilmir...
Müsahibələrinin birində deyir ki:- “Mən ədəbi yaradıcılığa təxminən 80-ci illərdə başlamışam və həmin vaxtlar şeirlərimi Rafiq Bayram imzası ilə yazırdım. İlk şeirim bu imza ilə 1983-cü ildə dərc olundu və 1988-1989-cu illərə qədər də məhz Bayram təxəllüsü ilə şeirlər yazdım. 1988-ci ildə, 28 yaşım olmağına baxmayaraq, yaxşı mənada risk elədim, şeirlərimi topladım və nəşriyyata üz tutdum. O vaxt bilirsiniz ki, kitabda, qəzetdə şeir və ya məqalə dərc etdirmək böyük bir inqilab sayılırdı və kimin ki, şeirləri dərc olunurdu, hamısı 30-40 yaşlarında idilər. Bir söz də deyim ki, əgər nəşriyyatda nə isə dərc elətdirmək istəyirdinsə, mütləq ona iki müsbət rəy verilməli idi. Mən bir il gözləməli oldum, 1989-cu ildə mənə müsbət cavab gəldi və məni nəşriyyata dəvət elədilər. Kitabımın adı "Bir yol başlamışam” oldu və kitab artıq çap olunmağa başladı. Nəşriyyatın baş redaktoru İslam Türkay zəng edib dedi ki, sənin soyadın ilə Tofiq Bayramın soyadı qulaqda eyni şəkildə qafiyələnir. Bəlkə başqa bir təxəllüs seçəsən özünə. Mən əslən Naxçıvanın Şərur rayonunun Şəhriyar kəndindən olduğum üçün hətta təklif də etdilər ki, təxəllüsün Şəhriyar olsun. Qeyd edim ki, kəndin adının Məhəmməd Hüseyn Şəhriyarın adı ilə əlaqəsi yoxdur. Lakin bu, mənim üçün çox əhəmiyyətli idi, çünki bundan sonra Allah qismət edərsə, bütün yaradıcılığım boyu eyni təxəllüs ilə yazılarım, şeirlərim dərc olunacaqdı. Buna görə də mən üç gün möhlət istədim və üç təxəllüs ilə nəşriyyata müraciət etdim. Onların içərisindən həm özümün, həm də ki, ölməz şairimiz Xəlil Rza Ulutürkün də bəyəndiyi Oday təxəllüsünü seçdim və mən bu təxəllüs ilə şeirlər yazmağa başladım. Onu da qeyd edim ki, Naxçıvan şəhəri üzrə 29 yaşında, dövlət xətti ilə şeirləri dərc olunan ilk şair mən olmuşam. Çoxları məndən soruşur ki, sən Türkiyə türküsən bəyəm, Oday təxəllüsü ilə şeirlər yazırsan?! Lakin Oday təxəllüsünün əslində dilimizdəki iki sadə sözdən- "Od” və "Ay” sözlərindən əmələ gəldiyini çoxu bilmir. Buradakı "Od” sözü odlar yurdu olan Azərbaycanı, "Ay” sözü isə bayrağımızdakı ayı təmsil edir...”
Bəli, bu dəfə sizə şair, publisist, yurnalist Rafiq Odaydan danışıram. Dünya malında gözü olmayan, dostcanlı, ləyaqətli qardaşımız Rafiqdən. Çox inadkardır. Ədalətli olduğunu bildiyi işin sonadək ardıyca gedir. Fərqli fikirlərə hörmətlə yanaşması var. Amma qarşı tərəfin fikirləri dürüst olmadısa qəbul etmir. İş həyatında çalışqandır. İdarəetmə və təşkilati işlərdə mahirdir. Müxtəlif mühitlərə girməkdən və orada sərbəst olmaqdan zövq alır. Və bu vəziyyət onun üçün vazkeçilməzdir...
“Türkiyə türkcəsi ilə bizim dilimiz eyni kökdən əmələ gəlib və bu dillər arasında 90 faiz oxşarlıq var. Bəzi sözlər var ki, onların dilimizdə işlənməyinin əleyhinəyəm. Eynilə Türkiyə türkcəsində işlənən və əleyhinə olduğum sözlər də var. Amma deyərdim ki, onların işlətdiyi sözlərin hamısının bizim dildə qarşılığını tapmaq mümkündür. Hətta Türkiyənin elə kəndləri var ki, onlar danışanda bizim sözlərdən çox istifadə edirlər. Ümumiyətlə, Azərbaycan dili türk dilləri içərisində ən gözəl, ən şirin, ifadə vasitəsinə görə ən yüksək səviyyədə olan dildir. Gələcəkdə türk xalqlarının ortaq dilini yaratsalar, mən inanıram ki, sözlərin 60-70 faizi sırf bizim dildən götürləcək.”- söyləyir.
Onun ilk məqalələri orta məktəbdə oxuyarkən rayonda nəşr olunan "İşıqlı yol" qəzetində çap olunub. "Vətən gəz" adlı ilk şeri isə 1983-cü ildə "Sovet Naxçıvanı" ("Şərq qapısı") qəzetində dərc edilib. Rayonda nəşr olunan "İşıqlı yol" qəzetində ictimai əsaslarla "Xalq yaradıcılığı və incəsənət" şöbəsinin müdiri də işləyib. Xələc kənd məktəbindəki fəaliyyəti dövründə "Şaman" folklor dərnəyi və eyniadlı ansambl yaradaraq, bir neçə il kəndbəkənd gəzib və olduğu kəndlərdə folklor nümunələrini toplayaraq, onları mütəmadi olaraq rayon qəzetində çap etdirib. Sonradan bu yazıları bir araya gətirərək "Şərur folkloru-Rafiq Odayın təqdimatında" adlı kitabını ərsəyə gətirib. Bundan əlavə o, "Bir yol başlamışam", "Gecələr içimə göyüzü yağar", "Ömür gedir öz köçündə", "Qarabağ şikəstəsi", "Xatirələr işığında", "3 Aprel günəşi", "Əlli min də qayğısı var əllimin", "Ədəbi-tənqidi məqalələr", "Həyatın yaşama düsturu" və "Qərib ruhların nəğməsi" kitabları işıq üzü görüb. “Həsən Bəy Zərdabi”, "Qafqaz - Media" və "Qızıl qələm" mükafatları laureatıdır. 20 kitabın tərtibçisi, 200-dən artıq kitabın redaktoru olub. 100-ə yaxın kitaba ön söz yazıb...
Deyir ki:- “Mənim fikrimcə, adam həyatında üç şeyə əməl etsə, daim uğur qazanacaq və hörməti olacaq: Birincisi, yalan danışma! Çünki sən yalanı bir, iki və uzağı, üç dəfə danışa bilərsən, sonra qarşındakı sənə inanmayacaq və artıq onun gözündə etimadını itirəcəksən. İkincisi, heç vaxt gecikmə! Mən həmişə çalışmışam ki, dəvət olunduğum yerə gecikməyim. Çünki gecikmək "mənim kitabım”da yoxdur. Üçüncüsü isə yalan yerə vəd vermə! Bir işi ki, yerinə yetirməyəcəksən, yalandan camaatı aldatmağın yeri yoxdur. Ya söz vermərəm, ya da ki, canımla qanımla sözümün arxasında durmağa çalışaram. Düşünürəm ki, uğurlarımı bu üç prinsipə əməl etməyimə görə qazanmışam...”
Bir sözlə, o, çox punktual və aktiv adamdır. Özündə nəciblik, mərdlik, cəsarət, nəzakət və s. bunlara bənzər xüsusiyyətləri ehtiva edir...
Zarafat etmirəm, bu günə kimi elə bilirdim ki, uzaqbaşı onun 55 yaşı var, sən demə, iyulun 22-də 65 yaşı tamam olub. 65 yaşlı kişiyə nə arzulayarlar? Yalnız yaşamaq! Yaşamaq gözəldir, qardaşım!
“Ədəbiyyat və incəsənət”
(29.07.2025)