Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Yaşasaydı, bu ay Hacı Səfiyar kişinin 91 yaşını qeyd edəcəkdik. Əslində, Hacı Səfiyar kimi insanlara şamil etdiyimiz “yaşasaydı” kəlməsi, sadəcə aramızda olmadıqlarına bir işarə və bu boşluğun ürək yanğısı ilə ifadəsidir. Çünki hələ uzun illər Hacı əzizlərinin, doğmalarının, onu tanıyan insanların ürəklərində, xatirələrində yaşayacaq, var olacaq. Hələ neçə nəsillər Hacının yaşadığı mənalı və şərəfli həyat yolundan dərs alacaq, onun ibratamiz nəsihətləri ilə tərbiyələnəcək...
Rəhmətlik Hacı Səfiyar kişinin çox geniş təqdimata ehtiyacı yoxdur. Bu ad özü-özlüyündə ağsaqqalığın, dürüstlüyün, ədalətli olmağın, hörmətin təqdimatıdır. Hacı Səfiyar Əzizxan oğlu Rəsulov 1934-cü ilin iyul ayında Yardımlı rayonunun Telavar kəndində anadan olmuşdu. Uşaq yaşlarından atasını itirəndən sonra, 1959-cü ildən Sumqayıt şəhərinə üz tutmuşdu. Çox qısa vaxt ərzində işlədiyi kollektiv, yaşadığı yerdə qonşular arasında hörmət qazanmışdı. Gənc yaşlarından halal zəhməti, doğru əməlləri ilə bir çoxlarına örnək idi. Hələ cavanlığından kimsəsizlərə dayaq durmağı, imkansızların əlindən tutmağı bacaran Hacı Səfiyar illər keçdikcə, yaşa dolduqca böyük bir elin, böyük bir nəslin ağsaqqalına çevrildi...
Bu gün Hacı Səfiyarın bir çox qohumları, eloğulları onun sədaqətli olmağından, darda olanlara əl uzatmağından və bir çox gözəl xüsusiyyətlərindən danışa bilərlər. Hacı Səfiyar o insanlardandır ki, həqiqətən də gözəl keyfiyyətlərini saymaqla bitirmir. Gözəl ailə başçısı, qayğıkeş ata idi. Çox şadam ki, indi onun övladları əməlləri, təhsili və tərbiyəsi ilə cəmiyyətdə sayılıb-seçilən insanlardır. Qeyd edək ki, Hacı Səfiyarın 6 övladı, 20-dən çox nəvəsi, xeyli nəticəsi var...
Ömrünün sonlarına qədər ibadətindən, xeyir əməllərindən əl çəkməyən Hacı Allah qarşısında da sevilən imanlı bəndələrdən idi. Məşhəd, Kərbəla, Həcc ziyarətlərində olmaq ona nəsib olub. İnanıram ki, hörmət və ehtiramla, sevilə-sevilə insanların qəlbində yaşayan və xatirələrdə məğrur, yaraşıqlı görkəmi, işıqlı üzü, dərin mənalı baxışları ilə yadda qalan Hacı Səfiyar məclislərdə ən başda oturan, xeyir-dualarını verən bir ağsaqqal kimi, hələ uzun illər insanların yaddaşında xoş xatirələrdə yaşayacaq. Onun o dünyası da, bu dünyası kimi həmişə nurlu olacaq...
Xatırladım ki, vəfa borcuma sadiq qalım...
Allah rəhəmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(30.07.2025)