
Super User
Müəllim peşəsi şərəfli peşədir
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bəzi ziyalılar var ki, adları unudulubdur. Xüsusən təhsil və elm adamları arasında belələri çoxluq təşkil edir. Hər dəfə təqvimdə belə ziyalılarımızın da adlarını salıram, bunu özümə mənəvi borc hesab edirəm.
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əlvan Əliyev barədə danışacağam. O, 1947-ci ilin 25 iyulunda Ağcabədi rayonunun Salmanbəyli kəndində doğulub. İlk təhsilini Salmanbəyli kənd yeddiillik məktəbində alıb. 1964-cü ildə Ağcabədi şəhər 2 nömrəli onbirillik məktəbini bitirib.1964-cü ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinə daxil olub və oranı fərqlənmə diplomu ilə bitirib. Dövlət təyinatı ilə Kirovabad Dövlət Pedaqoji İnstitutuna (indiki Gəncə Dövlət Universiteti) müəllim göndərilib.
1968-ci ilin noyabrından 1969-cu ilin dekabrınadək Sovet ordusu sıralarında hərbi xidmətdə olub. BDU-nun fəlsəfə elmləri üzrə əyani aspiranturasında təhsil alıb və H. Zərdabi adına KDPİ-yə (indiki GDU) qayıdıb. Rostov Dövlət Universitetində (Rusiya Federasiyası) ixtisasartırma kursu keçib. Ömrünün sonuna kimi Gəncə Dövlət Universitetinin sosial fənlər kafedrasında baş müəllim vəzifəsində çalışıb.
İnstitut partiya komitəsi katibinin müavini və Xalq Nəzarəti Qrupunun sədri vəzifəsində çalışıb. 1990-cı ildə Gəncə şəhər Xalq Deputatları Sovetinin deputatı seçilib. Gəncə şəhər Nizami rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb
Bir kitabın, 42 elmi məqalənin və yüzlərlə elmi – populyar məqalənin müəllifidir
İctimai-siyasi fəaliyyəti
1975-ci ildən qəzet və jurnallarda elmi, elmi-publisist və publisist yazılarla çıxış edib. 1988-ci ilin fevralından etibarən bu sahədə fəaliyyəti daha intensiv şəkil alıb. "Mərhəmət", "İnsan və qanun" və "Ruzigar" jurnallarının, "Gəncənin səsi", "Novosti Qyandji", "Gəncəbasar" və "Ruzigar" qəzetlərinin redaksiya heyətinin üzvü olub.
"Azərbaycan Respublikasının qabaqçıl təhsil işçisi" döş nişanı ilə təltif olunub.
O, 3 mart 2014-cü ildə 66 yaşında vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(25.07.2025)
Bu günün adı – MİRZƏ ƏLƏKBƏR SABİR
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
“Mən yeni-yeni yazmağa başladığım zamanlarda əlimə M.Ə.Sabirin “Hophopnamə”si düşdü. Onu bir neçə dəfə oxudum. Bu əsər mənə böyük təsir bağışladı. Bundan sonra mən də Sabir kimi... gizli imzalar ilə satirik şeirlər yazmağa başladım.”
Məşhur özbək şairi Qafur Qulam
Azərbaycan ədəbiyyatının, ictimai-fikrinin, maarifçiliyinin ən görkəmli şəxsiyyətləri sırasında özünə əbədi yer etmiş bir şəxsdir Mirzə Ələkbər Sabir!
30 may 1862-ci ildə Azərbaycanın Şirvan bölgəsinə daxil olan Şamaxı şəhərində anadan olan Sabirin əsl adı Ələkbər Tahirzadədir. "Sabir" sözü "səbr edən" mənasını verir, "Mirzə" isə oxuyub-yazmağı bacaran, təhsil almış şəxslərə hörmət və ehtiram məqsədilə istifadə olunan müraciət formasıdır. Mirzə Ələkbər Sabirin valideynləri Hacı Məşədi Zeynalabdin və Səltənət xanımdır.
12 yaşına çatdıqda, Azərbaycan maarifçiliyinin görkəmli nümayəndələrindən olan Seyid Əzim Şirvani tərəfindən açılmış "Üsuli-Cədid" məktəbində təhsil almağa başlayır. Bu məktəbdə Sabir yalnız dini təhsil deyil, eyni zamanda dünyəvi elmlərlə də tanış olmuşdur. Burada Azərbaycan türkcəsi, fars dili, ərəb dili, rus dili, təbiət elmləri, tarix, coğrafiya, hesab, şəriət və klassik ədəbiyyat üzrə dərslər almışdır.
Sabirin ədəbi istedadı məhz bu məktəbdə üzə çıxır. Müəllimi Seyid Əzim Şirvani onun şeirlərinə maraq göstərərək, ədəbiyyata olan marağını artırmaq üçün əlavə tapşırıqlar verirdi. Sabir ilk dəfə fars dilindən Sədi Şirazinin "Gülüstan" əsərindən manzum hekayələri tərcümə etməklə yaradıcılıq fəaliyyətinə başlamışdır. Şeirlərinə görə Seyid Əzim onun bacarığını yüksək qiymətləndirir və ona Nizaminin "Xəmsə"toplusunu hədiyyə edir. Sabir bu əsərə xüsusi önəm vermiş və sonralar ondan tərcümələr etmişdir.
Mirzə Ələkbər Sabir, ədəbiyyat tarixində əsasən satirik şair kimi tanınmasına baxmayaraq, yaradıcılığının ilk mərhələsində klassik şeir ənənələri çərçivəsində qəzəllər qələmə almışdır. Bu səbəbdən professor, ədəbiyyatşünas Cəfər Xəndan Sabirin bədii irsini tematik və üslubi xüsusiyyətlərinə əsaslanaraq iki əsas dövrə bölmüşdür:
1905-ci il rus inqilabına qədərki dövr
1905-ci il rus inqilabından sonrakı dövr
Mirzə Ələkbər Sabirin yaradıcılığında dil məsələsi mühüm yer tutur. Şair ana dilin qorunmasına, düzgün istifadəsinə və təhsildə tətbiqinə xüsusi diqqət yetirmişdir. O, ana dilində təhsili milli şüurun formalaşması baxımından vacib hesab etmiş, ictimai məzmunlu şeirlərini sadə və anlaşıqlı dillə qələmə almışdır.
“Yaz günləri” şeirində Sabir təbiət gözəlliklərini uşaqların baxış bucağından təqdim edərək, onların estetik dünyagörüşünün formalaşmasına yardım edir. Burada uşaq poetikasına xas olan ritm, ahəng və sadəlik qorunmuş, mövzu isə fəslin poetik təəssüratları üzərində qurulmuşdur. “Artıq alıb əskik satan tacir” şeirində Sabir uşaqların tərbiyəsində ailənin, xüsusilə valideyn nümunəsinin mühüm rol oynadığını önə çəkir. Şeirdə atasından ədalətsiz davranışlar öyrənən bir uşağın timsalında mənfi sosial vərdişlərin nəsildən-nəslə ötürülməsinin təhlükələri göstərilir və uşaqların düzgün tərbiyəsi üçün valideynlərin məsuliyyətinə diqqət yetirilir.
Sabirin tərcümə etdiyi və Ezopun məşhur təmsillərindən biri olan “Qarğa və tülkü” əsərində uşaqlara hər kəsə inanmağın doğru olmadığı izah edilir. Sabir bu şeirdə həm əyləndirici, həm də öyrədici funksiyanı birləşdirərək təmsil janrının imkanlarından məharətlə istifadə etmişdir. “Məktəbə tərğib” şeirində isə şair uşaqlara məktəbə getməyi tövsiyə edir, təhsilin cəmiyyətin tərəqqisi üçün mühüm olduğunu vurğulayır. Sabirin bu mövzularda yazdığı şeirlər yeni tipli məktəblərin genişləndirilməsinin tərəfdarı olduğunu göstərir və bu ideyalarına görə dövrünün bəzi dairələri tərəfindən tənqid və təqiblərə məruz qalmışdır.
Şairin "Ə.Sabir Tahirzadə” adlı bir çox imzası ilə “Məktəb şagirdlərinə töhfə”, “Ə.Sabir Tahirzadə” imzası ilə “Təbib ilə xəstə” yaxud “Ə.S.” imzası ilə “Molla Nəsrəddinin yorğanı”, yenə də “Ə.S.” imzası ilə “Molla Nəsrəddin və oğru”, “Ə.S.” “Yalançı çoban” mənzum hekayələrini ancaq və ancaq valideynlərə kömək kimi uşaqların tərbiyəsinin formalaşmasına həsr etmişdir.
“Kim nə deyər bizdə olan qeyrətə?” şeirində isə xalqın zahiri qəhrəmanlığının içi boş olduğu ironik tərzdə təqdim olunur. Sabir “iş görəcək yerdə söz əzbərləmək”, “boş söhbətə aşiq olmaq”, “yay gəlməmiş qızmaq” kimi davranış nümunələri ilə milli xarakteri satirik şəkildə təsvir edir. O, bu şeirdə xalqı yaxşı tanıdığını və ona layiq olduğu qiyməti verdiyini göstərir.
Mir Cəlalın «Mirzə Ələkbər Sabirin sənət dünyası» əsərində isə şairin yaradıcılıq metodları və sənətkarlığı dərindən təhlil edilir. Əli Akifin «Mirzə Ələkbər Sabirin satira sənətkarlığı» kitabı isə onun satira janrındakı ustalığını ön plana çıxarır. Həmçinin Rafael Hüseynovun «Şirvan şairləri» monoqrafiyasında Sabir Şirvan bölgəsinin ədəbi mühitində formalaşmış görkəmli şairlərdən biri kimi təqdim olunur.
1962-ci ildə Muxtar Dadaşov tərəfindən Mirzə Ələkbər Sabirin anadan olmasının 100 illiyinə Sabir adlı qısametrajlı sənədli film həsr edilmişdir.
Böyük saritik şair 25 iyul 1911-ci il tarixində vəfat etmişdir.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(25.07.2025)
VƏTƏN MARŞI - Bəxtiyar Vahabzadə poeziyasından bir vərəq
Şəhla Rəvan,
Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbnin direktoru, filoloq, şair. “Ədəbiyyat və incəsənət” üçün.
Azərbaycanın Xalq şairi mərhum Bəxtiyar Vahabzadənin (1925-2009) xatirəsini əziz tutmaq və 100 illik yubileyinə ədəbi töhfə olaraq onun poeziya nümunələrindən biri barədə qısa ədəbi təhlillərimi qələmə almaq və onu B.Vahabzadə poeziyasının heyranları ilə bölüşmək istəyirəm...
VƏTƏN MARŞI
Ey Vətən oğlu, düşün, bil ki, sənindir bu Vətən,
Sabahın, həm bu günün, həm dünənindir bu Vətən.
Sənin öz dövlətin, öz millətin, öz cəddin var
Vətən uğrunda ölənlər ölümündən doğular.
Biz Vətən məcnunu, el aşiqi, sülh əsgəriyik
Biz Vətən naminə ölsək, dirilərdən diriyik.
Mənim öz ulduzumu bağrına basmış hilalım,
Dedi öndər: "Yönü bayraqdakı üç rəngdən alım"
Sən bu gül bayrağm altında məramınca yaşa,
Qoyma düşmən nəfəsindən ona çirkab bulaşa.
Sənin öz bayrağınm kölgəsi cənnətdi sənə,
Günəş hər gün doğur ancaq içimizdən Vətənə.
Bizim iqbalımızı yazdı qılıncın kəsəri,
Bizi biz etdi Dədəm Qorqud oğuznamələri.
Ey Azərbaycanımız, türkün oğuzlar Vətəni,
Ər oğullar, ər igidlər, kişi - qızlar Vətəni,
Sənin haqqındır azadlıq, sənin eşqindir iman,
Tapmar haqqa və insanlığa haqqdan doğulan.
Bəşərin dərdini öz dərdi bilib millətimiz.
Bizim öz niyyətimizdən doğub hürriyyətimiz.
Gecələr yatmadan əvvəl sor özündən ki:
"Bu gün mən nə etdim məni yurddaş edən öz yurdum üçün?!
Bəxtiyar Vahabzadə
Şeirin təhlili:
"Vətən marşı" şeiri Bəxtiyar Vahabzadənin vətənpərvərlik ruhunu, milli kimliyə bağlılığını və xalqa ünvanladığı müraciətləri özündə əks etdirən güclü bir əsərdir.
Şeir həm lirik, həm də didaktik xüsusiyyətlər daşıyır, oxucunu vətən sevgisi, milli şüur və fədakarlıq hisslərinə səsləyir.
Şeirin ideyası
Məzmun və ideya
Vətən mülkiyyəti və şəxsi məsuliyyət:
Şeir "Ey Vətən oğlu, düşün, bil ki, sənindir bu Vətən" misrası ilə başlayaraq, vətənin hər bir fərdin şəxsi mülkü olduğunu vurğulayır. Bu, sadəcə hüquqi yox, həm də mənəvi bir sahiblik hissini aşılayır. Vətənin dünəni, bu günü və sabahı ilə insanın ayrılmaz bağlılığı qeyd olunur.
Milli kimlik və tarixi kök: "Sənin öz dövlətin, öz millətin, öz cəddin var" misrası ilə Azərbaycan xalqının zəngin tarixi, dövlətçilik ənənələri və milli kimliyi önə çəkilir. Bu, gənc nəsillərə öz köklərini bilmələri və onlarla qürur duymaları çağırışıdır.
Fədakarlıq və ölümsüzlük: "Vətən uğrunda ölənlər ölümündən doğular" və "Biz Vətən naminə ölsək, dirilərdən diriyik" misraları vətən yolunda şəhidliyin müqəddəsliyini və ölümsüzlüyünü ifadə edir. Bu, fədakarlıq ruhunun zirvəsidir.
Sevgi və sülh: "Biz Vətən məcnunu, el aşiqi, sülh əsgəriyik" ifadəsi vətən sevgisinin bir "məcnunluq" səviyyəsində olduğunu, eyni zamanda sülhə bağlılığı göstərir. Vətən sevgisi eyni zamanda xalq sevgisidir.
Bayraq və müsdəqillik: Azərbaycan bayrağı, onun rəngləri və "üç rəngdən alım" ifadəsi ilə milli dövlətçilik, müstəqillik və gələcəyə yönələn ideallar simvollaşdırılır. Bayrağın "kölgəsi cənnətdi" sənə misrası vətən torpağının müqəddəsliyini və sığınacaq olduğunu vurğulayır. "Qoyma düşmən nəfəsindən ona çirkab bulaşa" misrası ilə bayrağın və vətənin müdafiəsi, düşmən qüvvələrdən qorunması çağırışı edilir.
Tarixi yaddaş və qəhrəmanlıq: "Bizim iqbalımızı yazdı qılıncın kəsəri, Bizi biz etdi Dədəm Qorqud oğuznamələri" misraları Azərbaycan xalqının qəhrəmanlıq ruhunu, tarixinə qılıncın və Dədə Qorqud dastanlarının təsirini vurğulayır. Bu, milli ruhun formalaşmasında tarixi qəhrəmanlıqların rolunu göstərir.
Azadlıq, iman və insanpərvərlik: "Sənin haqqındır azadlıq, sənin eşqindir iman" misraları azadlığın fundamental haqq olduğunu və imanın vətən sevgisi ilə sıx bağlılığını göstərir.
"Tapmar haqqa və insanlığa haqqdan doğulan" ifadəsi, insanlığın və haqqın ilahi bir qaynaqdan gəldiyini ifadə edir.
"Bəşərin dərdini öz dərdi bilib millətimiz" misrası Azərbaycan xalqının humanistik dəyərlərə, başqalarının dərdinə şərik olmaq qabiliyyətinə malik olduğunu göstərir.
Hürriyyət və niyyət: "Bizim öz niyyətimizdən doğub hürriyyətimiz" ifadəsi, xalqın azadlıq arzusunun, niyyətinin hürriyyətin əsas qaynağı olduğunu vurğulayır.
Şeir "Gecələr yatmadan əvvəl sor özündən ki: "Bu gün mən nə etdim məni yurddaş edən öz yurdum üçün?!" sualı ilə bitir. Bu sual hər bir fərdə özünüqiymətləndirmə və məsuliyyət hissi aşılayır. Vətən sevgisinin sadəcə sözdə deyil, əməldə də özünü göstərməsi vacibliyi vurğulanır.
Bədii xüsusiyyətlər:
Şeirin bədii xüsusiyyətləri mövzusunda aşağıdakıları qeyd etmək olar:
1. Ritm və ahəng; Şeir marş xarakteri daşıdığı üçün yüksək ritm və ahəngə malikdir. Bu, oxucunun ruhuna təsir etmək və onu coşdurmaq üçün vacibdir. Qafiyə və vəznin düzgün seçimi şeirin musiqili olmasına kömək edir.
2. Təkrar və inversiya; Bəzi misralarda və söz birləşmələrində təkrarlar müşahidə olunur ki, bu da ifadənin təsir gücünü artırır ("Vətən", "sənindir", "öz"). Bəzən inversiyadan (cümlə üzvlərinin yerini dəyişməsi) istifadə olunur ki, bu da şeirə bədiilik qatır.
3. Metafor və simvollar;
Vətən məcnunu: Vətən sevgisinin dərinliyini ifadə edən metafora.
Sülh əsgəri: Sülhsevərliyi və vətən sevgisini birləşdirən simvol.
Bayraq: Müstəqillik, dövlətçilik, milli kimlik simvolu.
Günəş hər gün doğur ancaq içimizdən vətənə "Günəş hər gün doğur ancaq içimizdən Vətənə": Vətənin daxili gücünü, daimi yenilənməsini ifadə edən metafora.
Qılıncın kəsəri: Qəhrəmanlıq, güc, mübarizə simvolu.
4. Nida və xitablar; "Ey Vətən oğlu" və "Ey Azərbaycanımız" kimi xitablar şeirə emosionallıq və canlılıq qatır, oxucuya birbaşa müraciət hissi yaradır.
5. Vəzn və qafiyə; Şeir heca vəznində yazılmışdır. Qafiyələr şeirə musiqilik verir və yadda qalmasını asanlaşdırır.
Üslub və dil
Şeirin ülub və dilinə gəlincə aşağıdakıları qeyd etmək olar:
1. Sadə anlaşıqlı dil; Şeir sadə, anlaşıqlı və təsirli bir dildə yazılmışdır. Bu, onun geniş kütlələr tərəfindən qəbul olunmasına və oxucuya asanlıqla çatmasına imkan verir.
2. Patetik və həyəcanlı üslub; Şeirin ümumi üslubu patetik və həyəcanlıdır. Bu, vətənpərvərlik hisslərini gücləndirmək və oxucunu ruhlandırmaq üçün istifadə olunan bir üslubdur.
Şeirdə bəlağətli ifadələr, məntiqi ardıcıllıq və güclü arqumentasiya mövcuddur.
Nəticə:
Bəxtiyar Vahabzadənin "Vətən marşı" şeiri Azərbaycan ədəbiyyatında vətənpərvərlik mövzusunda yazılmış ən parlaq əsərlərdən biridir. O, xalqa öz vətəninə sahib çıxmaq, onu qorumaq, tarixinə hörmətlə yanaşmaq və hər zaman vətən üçün fədakarlıq etməyə hazır olmaq kimi mühüm mesajları çatdırır.
Şeir həm milli ruhu yüksəldən, həm də fərdi məsuliyyəti xatırladan bir himn xarakteri daşıyır. Bu şeir Vahabzadənin milli şair kimi mövqeyini bir daha təsdiq edir.
“Ədəbiyyat və incəsənət”
(25.07.2025)
Xalq artisti, professor Məmməd Səfa – mənalı ömrün akkordları
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Teatr və kinomuza onlarla istedad qazandıran bir şəxsin - Azərbaycan Respublikasının xalq artisti Məmməd Səfanın bu gün doğum günüdür. O, 25 iyul 1960-cı ildə Şabran rayonunda (keçmiş Dəvəçi) anadan olub. Şabran şəhər 2 nömrəli tam orta məktəbində təhsil alıb. 1977–1980-ci illərdə Bakı mədəni-maarif texnikumunuda özfəaliyyət teatr kollektivi rəhbəri ixtisası üzrə Əfrasiyab Məmmədovdan dərs alıb. Buranı fərqlənmə Diploma ilə bitirib.
Texnikumu bitirdikdən sonra təyinatla Şabran Mədəniyyət Evində işləyib. 1980-ci ildə Azərbaycan Dövlət İncəsənət İstitutunun Dram və Kino aktyorluğu fakültəsinə daxil olub. 1980–1984-cü illərdə M. A. Əliyev adına ADİİ-nin aktyorluq fakültəsində Nəsir Sadıqzadə, Fuad Hacıyev və Zəminə Hacıyeva kimi sənətkarlardan dərs alıb.
Fəaliyyətini 1985-ci ildən görkəmli teatr xadimi Vaqif İbrahimoğlunun yanında Tədris Teatrında davam etdirib. Burada Mirzə Fətəli Axundovun "Müsyö Jordan və Dərviş Məstəli şah" (Şahbaz bəy), Fridrix Şillerin "Qaçaqlar" (Şpigelberq), Stoyan Boyaqiyevin "Avtobus" (ər), Mar Bayciyevin "Duel", Qriqori Qorinin "Herostratı unudun" əsərlərinin tamaşalarında oynayıb.
Vaqif İbrahimoğlu 1988-ci ildə eksperimantal studiya yaradanda Məmməd Səfa da gənclərdən ibarət truppaya daxil olub. Bu kollektivin bazasında 1991-ci ildə "Yuğ" Dövlət teatrı yaradılıb. Həmin ildən indiyə qədər Yuğ Teatrının aktyorudur. Aktyorun yaradıcılıq bioqrafiyasında xeyli mürəkkəb və maraqlı rollar var.
Mədəniyyət və İncəsənət Universitetində bitirdiyi gündən indiyə kimi işləyir. 1988-ci ildə müəllim, 2002-ci ildə dosent, 2018-ci ildə professor adına layiq görülüb. Hal-hazırda aktyor sənətindən dərs deyir, "Səhnə Danışığı" kafedrasının müdiridir.
Teatr səhnəsindəki rolları
1. Qarapaltar — "Salam" (Məhəmmədhüseyn Şəhriyar)
2. Bamsı Beyrək — "Oğul" ("Kitabi-Dədə Qorqud"un "Bamsı Beyrək boyu" əsasında)
3. Şah İsmayıl — "Dəhnamə" (Şah İsmayıl Xətai)
4. İsa peyğəmbər — "Açar" (Nizami Gəncəvinin "Sirlər xəzinəsi" poeması əsasında)
5. Nağılçı İbrahim — "Yuxu" (Hacı Zeynalabdin Marağayi)
6. Alkiviyan — "Afinalı Timon" (Uliyam Şekspir)
7. Kişi — "Ov" (Çoxelli Qoderzi)
8. Füzuli — "Dad" (Məhəmməd Füzuli)
9. Qara Rəng — "Rənglər" (Rəsul Rza)
10. Naqqal — "Acı həqiqət" (Baba Pünhan)
Filmoqrafiya
- Allaha Salam
- Ümid
- Məhbus
- Gizlindəkinin göynərtisi
- Leyli və Məcnun
- Fatehlərin divanı
- Ovsunçu
- Cavid ömrü
- Dovşanın ölümü
- Günaydın, mələyim!
- Hökmdarın taleyi
- Sahə
- Tərsinə çevrilən dünya
- Mayak
- Sübhün səfiri
- Dolu
- Üçüncü günün adamı
- "Hilal" filmi
Mükafatları
2004-cü ildə Azərbaycanda teatr sənətinin inkişafında fəal iştirakına görə ona "Qızıl Dərviş" mükafatı verilib.
2009-cu ildə Azərbaycanın Əməkdar, 2018-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.
12 dəfə prezident mükafatına layiq görülüb. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalı təltif olunub. 19 fevral 2023-cü ildə "Altın Güneş Ödülleri 2023" mükafatı təltif olunub
6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. 2023-cü ildə Elm və Təhsil Nazirliyinin təsis etdiyi "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilib.
Allah xeyirli ömür nəsib etsin!
“Ədəbiyyat və incəsənət”
(25.07.2025)
“Uşaqların sosial hüquqları və suverenlik” adlı tövsiyə biblioqrafiyası təqdim edilib
Suveren dövlət olaraq Azərbaycan Respublikasında uşaq hüquqları Konstitusiya, müvaqif qanunvericilik aktları və beynəlxalq normalarla qorunur. Ölkəmizdə 2025-ci il Konstitusiya və Suverenlik ili kimi qeyd olunur, bu da uşaq hüquqlarının təbliğinə xüsusi önəm verir. Bu məqsədlə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Ölkəşünaslıq və Milli Ədəbiyyatın Təbliği şöbəsi “Uşaqların sosial hüquqları və suverenlik” mövzusunda tövsiyə biblioqrafiyası hazırlayaraq virtual oxucuların istifadəsinə təqdim edib.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, biblioqrafik vəsaitdə uşaq hüquqlarının mahiyyəti, respublikamızda bu hüquqların qorunması sahəsində mövcud vəziyyət, beynəlxalq və yerli rəsmi sənədlər, qanunvericilikdə əks olunmuş müddəalar və bu istiqamətdəki çağırışlar əhatə olunub. Həmçinin 8 adda kitab və 18 adda dövri mətbuat materialının biblioqrafik və tam mətnli təsvirləri sistemləşdirilmiş şəkildə təqdim edilib. Əsas məqsəd uşaqların sosial hüquqlarına dair maarifləndirmə aparmaq, onların hüquqi biliklərini artırmaq və bu sahədə mövcud resursları sistemli şəkildə təqdim etməkdir.
Biblioqrafik mənbə ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
“Ədəbiyyat və incəsənət”
(24.07.2025)
Nasıl başlar bu yeşil ve mavi yolculuk?
Manşet
Qızıl alma
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Türkiyə şairi Adnan Yücel.
Zamanlar dəyişir, nəsillər dəyişir, onunsa şeirləri yenə də oxunur, yenə də dəbdən düşmür.
Bu gün qardaş Türkiyədə ədəbiyyat ocaqları onun anım mərasimlərini keçirir, biz də qərara gəldik ki, haqqında sizləri bilgiləndirək.
Adnan Yücel 27 mart 1953-cü il tarixində Elazığda dünyaya göz açıb. Diyarbəkir Təhsil İnstitutunun Türk Dili və Ədəbiyyatı fakültəsi və Ankara Universitetinin İncəsənət fakültəsini bitirib. Bir müddət müxtəlif orta təhsil müəssisələrində müəllim olaraq işlədikdən sonra Çukurova Universitetində müəllim olaraq işləyib.
Şeirləri "Ədəbiyyat 81", "Universal Mədəniyyət", "Pətək", İncəsənət Əməyi, "Somut", "Söyləm", "Yapıt" və "Yeni Hadisə" kimi jurnallarda nəşr olunub. Döyüşlərə deyilən sevgi, masamdakı kaval səs, bir həsrət, bir şeir, ağrılara səbəb olmur, yer sevginin üzü olanadək, küləklə bir, od və günəşin uşaqları, Çukurova diversifikasiyası, sular şahiddir eşqimizə, ağrının rəngidir, acıya kurşun işlemez, ayın işığında şeir kitablarının müəllifidir.
24 iyul 2002ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
Bu isə onun ən məşhur şeirlərindəndir:
İnsanlar kaybedilirken ey çocuk
İnsanlık adına
Nasıl başlar bu yeşil ve mavi yolculuk
Hangi gemi kalkar bu ülke limanlarından
Hangi mavilikler karşılar seni
Kıyılar zincir olmuş bileklerde
Dalgalar yargısız infaz
Al kalemi eline ey çocuk
Yeşilin ve mavinin şiirini yeniden yaz.
“Ədəbiyyat və incəsənət”
(24.07.2025)
Londonda üçüncü "YAŞAT" yay məktəbi başlayıb
“YAŞAT” Fondunun təşkilatçılığı, “NEQSOL Holding”in, “Norm” ASC-nin və “Bakcell”in sponsorluğu, "Azərbaycan Hava Yolları” QSC-nin tərəfdaşlığı ilə Birləşmiş Krallığın paytaxtı Londonda üçüncü "YAŞAT" yay məktəbi başlayıb.
“Ədəbiyyat və incəsənət” portalına fnddan verilən məlumata görə, 20 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan yay məktəbinin iştirakçıları yola düşüblər. 14 gün davam edəcək “YAŞAT” yay məktəbinin əsas məqsədi şəhid övladlarının dünyagörüşünü, dil biliklərini və bacarıqlarını artırmaq, mədəniyyət mübadiləsində aktiv iştiraklarını təmin etmək, vaxtlarını səmərəli keçirmələrinə, yeni tanışlıqlar və dostluqlar əldə etmələrinə dəstək olmaqdır. 20 iyul-3 avqust tarixini əhatə edən yay məktəbi “Konstitusiya və Suverenlik İli” çərçivəsində reallaşdırılır və London Universitet Kollecində (University College London – UCL) keçirilir. Proqram müddətində iştirakçılar gündəlik 3 saatlıq ingilis dili dərslərində, şəhər ekskursiyasında, tarixi abidələr və muzey gəzintisində iştirak edəcəklər. Yay məktəbinin iştirakçıları ölkəmizdə 9-cu sinif üzrə buraxılış imtahanında ən uğurlu nəticə əldə etmiş 10 şəhid övladını əhatə edir.
“Ədəbiyyat və incəsənət”
(24.07.2025)
Təyyarəsi sularda qərq olan pilot
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan Hərbi Hava Qüvvələrinin Şəhid pilotu Rəşad Atakişiyev! Bu gün qürurla və fəxrlə onun adını anırıq. Çünki bu gün onun şəhadətinin növbəti ildönümüdür.
Rəşid Atakişiyev 1985-ci il yanvar ayının 7-də Şəmkir rayonunun Pravda (hazırkı Qılıncbəyli) kəndində anadan olub. Ailədə üç qardaş olublar. O, ilk təhsilini Şəmkir rayonunun Şöhrət Hüseynov adına Qılıncbəyli kənd tam orta məktəbində, daha sonra Samux rayonunun Alabaşlı kənd orta məktəbində alıb. Oxuduğu müddətdə təlim-tərbiyəsi, bilik və bacarığı ilə seçilib. Orta məktəbi yüksək qiymətlərlə bitirən Rəşad, ali təhsil almaq arzusu ilə 2002-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik məktəbinə üz tutub.
O, 2006-cı ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini "Uçuş Mühəndisi" ixtisasına yiyələnərək yüksək nəticələrlə başa vurub. İkinci kursda oxuyan zaman ilk dəfə ixtisaslaşma tətbiq olunub və aviasiyaya sənəd vermiş 200 nəfər arasında Rəşad da olub. Seçilmiş 35 nəfərlə birgə təhsil alan Atakişiyev diplom alan cəmi 5 nəfərdən biri olmağı bacarıb.
O, 2001-ci ildən pilot kimi fəaliyyətə başlayıb, əldə etdiyi bilik və bacarıqları sayəsində polkovnik-leytenant rütbəsinə qədər yüksəlib. Aprel döyüşlərinin qəhrəman iştirakçılarından biridir. Qısa zaman ərzində təcrübəli pilotlar sırasına və hərbi hissə komandirinin müavini vəzifəsinə yüksələn Rəşad Atakişiyev 2018-ci ilin oktyabrında Real TV-də yayımlanan "Şahinlər" filmində iştirak edərək, havada ən çətin, təhlükəli manevrlərin öhdəsindən gəlib.
Həmçinin Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı keçirilən paradda səmada bacarıqlarını göstərib. Ayrıca Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin "Turaz Qartalı" devizi altında keçirilən birgə taktiki-uçuş təlimlərində iştirak edib.
2019-cu il, Bakı vaxtı ilə iyul ayının 24-ü saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.
Təyyarənin axtarış ərazisinin təxmini sahəsi 600 kvadrat kilometr, dərinliyi 40 metrə qədər olub. Təyyarə və pilotun axtarışları üçün Türkiyə və Rusiyadan mütəxəssis və avadanlıqlar cəlb olunub. Azərbaycan Müdafiə Nazirliyinin avqustun 19-da verdiyi məlumata görə təyyarənin qara qutusu, 20 avqust tarixində isə pilotun nəşi tapılıb.
21 avqust tarixində Rəşad Atakişiyevin nəşi ikinci Fəxri xiyabanda dəfn edilib. 07.05.2021-ci ildə Hərbi Pilot Polkovnik Leytenant Rəşad Atakişiyevə Şəhid statusu verilib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(24.07.2025)
Böyük mətbuat ənənələri olan şəhər
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Sumqayıtda Milli Mətbuatın 150 illik yubileyi münasibətilə tədbir keçirilib
Sumqayıt Şəhər İcra Hakimiyyəti və Sumqayıt Bələdiyyəsinin birgə təşkilatçılığı ilə 22 iyul – Milli Mətbuat Günü və Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov çıxış edərək bildirib ki, milli mətbuatımız son 150 ildə çətin, eyni zamanda şərəfli bir yol keçib və bu gün dövlətin və xalqın maraqlarına xidmət edən mühüm ictimai institutlardan birinə çevrilib. O, jurnalistlərin cəmiyyətin maarifləndirilməsində və ictimai rəyə təsir göstərməkdə böyük rol oynadığını qeyd edib.
Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatov isə öz çıxışında şəhərdə fəaliyyət göstərən media qurumlarının ictimai-siyasi və sosial-mədəni həyatın inkişafında fəal iştirak etdiklərini vurğulayıb. O əlavə edib ki, media ilə yerli özünüidarə orqanları arasında əməkdaşlığın gücləndirilməsi ictimai maraqların qorunmasına xidmət edir.
Digər çıxışçılar – tanınmış media nümayəndələri, ictimai xadimlər və veteran təşkilatlarının təmsilçiləri çıxış edərək bildiriblər ki, milli mətbuat cəmiyyətin formalaşmasında, milli-mənəvi dəyərlərin təbliğində və informasiya təhlükəsizliyinin təminində mühüm rol oynayır. Qeyd olunub ki, Azərbaycan jurnalistləri bu gün informasiya müharibəsində ön cəbhədə yer alır, vətənpərvərlik ruhunun gücləndirilməsinə töhfə verirlər. Çıxışlarda, həmçinin, mətbuatın inkişafında dövlətin göstərdiyi diqqət və qayğı, jurnalistlərin fəxri adlarla təltif olunması və sosial müdafiəsinin gücləndirilməsi yüksək qiymətləndirilib.
Sonda Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Sumqayıt Bələdiyyəsinin fəxri fərmanları və hədiyyələri tədbir iştirakçılarına təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(24.07.2025)
Yadınızdadırmı, bir vaxtlar Toylar Kralımız var idi...
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bəli, bir vaxtlar Toylar Kralımız var idi – Səməd Səmədov. İfasına, səsinə peşəkar musiqiçilər, musiqi tənqidçıləri əksərən ağız büzsələr də, o, ən çox toy aparır, ən çx pul qazanana müğənni statusunu qoruyub saxlayırdı...
Azərbaycan xalq artisti Səməd Səmədov!
Hətta na xalq artisti adı veriləndə belə bir hal da baş vermişdi. Müğənni fəxri ad alması barədə fərmanı oxuyan kimi sevincini Xalq artisti, kamança ustası, baməzəliyi ilə tanınan Habil Əliyevlə bölüşmək istəmişdi. Aralarında belə bir dialoq olmuşdu:
-Habil müəllim, indicə mənə Xalq artisti adını verdilər.
-Onlar verirdi verirdi. Sən niyə götürürdün?
Estrada müğənnisi Səməd Səmədov 1946-cı il sentyabrın 17-də Aşqabadda anadan olub. 1948-ci ildə zəlzələ nəticəsində ailəsi ilə birlikdə Bakıya, İçərişəhər məhəlləsinə köçüb. Müslüm Maqomayev, Fərhad Bədəlbəyli, Polad Bülbüloğlu kimi musiqi xadimləri ilə birgə Bülbül adına musiqi məktəbində oxuyub, məktıbin kripka sinfini bitirdikdən sonra A.Zeynallı adına Musiqi Məktəbinin nəzəriyyə sinfinə daxil olub.
1988-ci ildən Səməd Səmədov toylarda çıxış edib. Müğənniyə əsas popularlıq 1992-ci il tarixdə, Eldar Mansurovun Piruz Dilənçinin "Qızlar" adlı şerinə bəstələdiyi mahnını ifa etdikdən sonra gəlib.
2000-ci ildə əhali arasında aparılan sorğunun nəticələrinə görə Səməd Səmədov rəsmi olaraq "Toylar Kralı" adını qazanıb. Ona bu adı Azərbaycan estradasının korifeyi Mirzə Babayev verib. Səməd Səmədov xalqın məhəbbətini özünün ən böyük uğuru hesab edib. O, Müstəqil 'Qrant' Milli İctimai Mükafatının ikiqat sahibi, 150 müxtəlif mahnının, 5 albomun, 20 klipin ifaçısıdır.
Qeyd etmək lazımdır ki, Səməd Səmədov ötən onilliyin ən yaxşı toy müğənnisidir. 2001-ci il sentyabrın 17-də Eldar Bağırbəyovun baş prodüser olduğu Ulduzlar Bağında Səməd Səmədovun ad ulduzu qoyulub.
Müğənni 12 sentyabr 2011-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.
Məşhur mahnıları
1. Qızlar
2. Bu dünyanın üzünə bax!
3. Bakılı balasıyam
4. Sensiz qalan dünya
5. Sevgimiz
6. Taleyimə qurban olum
7. Yenə görüşərik
Filmoqrafiya
- Yanmış körpülər
- El içində
Səməd Səmədov 24 iyul 2021-ci ildə 74 yaşında sepsis və septik şok diaqnozu səbəbindən vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(24.07.2025)