ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Cümə axşamı, 24 İyul 2025 13:00

BİRİ İKİSİNDƏ Ülvi Bahadırın şeirləri ilə

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində sizlər əardıcıl gənc şairlərin şeirləri təqdim edilir. Bu gün Ülvi Bahadırın şeirləri ilə tanış olacaqsınız.

 

Ülvi Bahadır 1994-cü ildə Azərbaycan Respublikasının İsmayıllı rayonunda anadan olub. 2012-2016-cı illərdə ADPU-nun filologiya fakültəsində təhsil alıb. Hazırda Kulis.az mədəniyyət portalında çalışır.

  

Qırmızı yuxu

 

Başımız üstündə qırmızı bulud,
qırmızı-qırmızı baxır bizlərə…
çiyələk qoxulu qırmızı külək…
…sevgimi paylayır sevgisizlərə?..

Qırmızı yarpaqlar bəzəyir yeri…
…gedir sonsuzluğa bir qırmızı yol…
Qırmızı yanaqlı bir qız oxuyur...
"Mən səndən küssəm də, sən yanımda ol…”

Qırmızı bir qarğa neçə saatdır
üzümə durubdu qızıl-qırmızı…
Qırmızı sahildə oğlan nə vaxtdır…
…qırmızı dodağa qalıb tamarzı…

Qırmızı ay çıxır qaranlıqlardan…
səssizlik mahnısı zümzümə edir...
"Bir cavan oğlanın nəmli qisməti…
…bir qızın qızarmış qismətindədir”.

Qulaq as… qulaq as, qırmızı ruhum,
daha burda qalma, sonsuzluğa uç…
– A bala, qan yuyub aparır səni!
– Alo...
– Alo! 103?..

 

Bir gün...

 

Gün keçdikcə...
... sevdiklərinə daha çox sarılmaq istəyir insan –
Bərk-bərk... bərk-bərk...
Ayaqlarına düşüb yalvarmaq istəyir:
“Ölmədiyinizə çox sağ olun”...
Tez-tez ayaqqabılarına baxar – görüm həminki yerindədirlərmi?
Tez-tez paltarlarını qoxlayar – görüm əvvəlki ətrindədirlərmi?
Bəzən ayaqlarından əvvəl ayaqqabıların ölər, çünki
Bəzən ruhundan qabaq ətrin çatar Tanrıya...
Və ya...
...gün keçdikcə daha çox yorulmaq istəyir insan...
o qədər yorulmaq ki...
...yorulmaq əlindən bezib atsın özünü kimsəsiz körpülərdən...
o qədər yorulmaq ki...
...əllərin səndən xəbərsiz rədd olub getsin bu şəhərdən...
Bir də... hərdən
...gün keçdikcə daha çox vurulmaq istəyir insan...
cavabsız zənglərə...
zəhərli balınclara...
bağlı qapılara...
qutsal yollara...
Bəzən də...
...dünyanın ən unudulmuş dağına çıxıb qışqırmaq istəyir insan:
Tanrım, sən hara... bura hara?..

Empatiya

 

Qaşıdığım divarlar
Üstümə gəlir, eyvah.
Tavanda bir ağ dovşan
Üzümə gülür, eyvah.
Səhərdəndi bir xanım
Məğrur qəhqəhə ilə
Gülür televizordan
Deyəsən, bilir, eyvah.
Ölür... ölür...görürəm
teldəki sərçələr də...
Öpür...öpür...görürəm
Şimal küləklərini...
Bax, mən də beləcəyəm
Ayağımı sallayıb bir yalquzaq küləkdən... sərçətək oturmuşam
Sonra birdən, qəflətən
Saçımdan-ayağıma...
Gözümdən-dodağıma,
Yaşımdan-yanağıma...sənsiz-sənsiz olmuşam...
Yaxınların yorğunu bir uzaq tanıyıram...
Barmağımın ucunda...
Saçımın arasında...
Dizimin yarasında...
Gözlərimin içində...
Dünyanın axırında... kimsənin bilmədiyi... alatoran evimdə...
Uzaqların adamı yalquzaq tanıyıram...
Uçurumun sonuncu... daşından asır özünü
Ağzı ilişir budaqlara... dişindən asır özünü...
Sonra heç yoxmuşcasına... yetim bir ilğım kimi kiçilir gözlərimdə...
Tanrı hiyləgərcəsinə, qiyamətin vaxtını...
...savadsız uşaqlar kimi...köçürür gözlərimdən...
Deyəsən, bilir, eyvah
Gülür televizordan
Məğrur qəhqəhə ilə
Səhərdəndi bir xanım
Üzümə gülür, eyvah
Tavandakı ağ dovşan.
Üstümə gəlir, eyvah
Qaşıdığım divarlar.

 

Boy at

 

Süpürgəçi qarılar küçələrdən süpürəndə ulduzları...
Ulduzlar axın edir pəncərələrə...
Sənsə...
...sənsə, kim bilir, indi hansı nağılın baş qəhrəmanısan yuxularında...
Bəzən günəş elə barmağının ucundadı...
...sənsə küyə düşüb səmaya baxırsan...
Alatoran küçələrin birində...
Bir balaca uşaq var...əlində bir parça boyat çörək...
Arxasınca quduz itlər hürüşür...
Uşaq qaçır... itlər qaçır...
İtlər qaçır... uşaq qaçır...
Sonra itlər yorulur... ləhləyir... dayanır...
...amma uşaq qaçır... qaçır... qaçır...
...əlindəki boyat çörəyi dişləyə-dişləyə...
Sonra həmin uşaq ilişib ağzı üstə yıxılır çörək mağazasının qabağına...
Durur üst-başını təmizləyir...ağzının qanını çirkli paltarıyla silir uşaq...
Qəlbində mələklərin orkestri...
...dünyanın ən qədim musiqisini pıçıldayır uşağın qulaqlarına...
Yavaş-yavaş gedir uşaq... sübhün qoynuna
Sonra birdən günəşə ilişib yıxılır.

Təqib

 

Nəfəsimdən asılan bir gecə...
Mavi sonsuzluqlar qırmızı ləçəklərə dönərkən...
Saçlarımın ucundan yeni bir günün rüzgarı əsərkən...
Bədənimdə... ruhumda... ən dərinlərimdə...
Dünənin yadigarı...
Sərxoşluqdan qalan dəli bir gülümsəmə...
Rüzgar avarını çəkir sonsuzluq okeanında...
Yoxluğa məhkum olmuş ay işığı kirpiklərindən ağarır...
Hər şeydən xəbərsiz günəş...
...şəfəqlərini axtarır qarderobundan...
Qədim bir meşə... sonsuz bir dəniz...
Və xəfif bir arzu kimi...
Məndən...
gecədən...
qaranlıqdan...
Aydan...
ulduzlardan...
Mənə aid olan nə varsa...hər şeydən
...uzaqsan... uzaqsan... uzaqsan...
Cəhənnəm atəşinə yaxınlaşarcasına...
Közərən taleyimlə axınlaşarcasına...
Bir ümidin iziylə...
Bir nəğmənin səsiylə...
Bir ocağın hisiylə...
Qızılı sonsuzluqda quzğunlaşarcasına...
Uçuram...uçuram...uçuram
Və...
...sən gəlirsən ardımca... Tanrının nəfəsində...

Şərt

 

Sübh çağının qutsal sükutunu çəkirəm nəfəsimə...
Dünyanın ən qədim məbədində...
İnsanlığın ilk nəğməsini pıçıldayıram...
əllərim süd qoxuyan ətcəbalalar kimi uzanıb Tanrıya...
hardasa min il var...
...məni sevməməyin üçün dua eləyirəm...
Sən elə yağışı da sevirdin bir zaman...
...amma öldürdün onu alabəzək çətirlərində...
De görüm... de görüm heç saçlarına yazığın gəlmədi?..
Gözlərinə... əllərinə... dodaqlarına
Sən elə küləyi də sevirdin bir zaman...
Bəs niyə arxa çevirdin... güvənsiz dostlar kimi...
Bağladın pəncərələrini... örtdün qapılarını...
Dağılışdı bütün kəpənəklər...
Uçdu getdi bütün qaranquşlar o kimsəsiz küçədən...
Sən elə günəşi də sevirdin bir zaman...
Söylə görüm rahatsanmı... o daxmanın kölgəsində?..
Alın yazın silinməyib qaranlığın əllərində?..
Sən günəşə çıxsan indi, əriyərsən... çürüyərsən...
Boz torpağın yaddaşında səssiz-səssiz yürüyərsən...
Ən yaxşısı, yavaş-yavaş dinlə məni...
Yağışlarda qaça-qaça arınıb gəl...
Küləklərə uça-uça sarınıb gəl...
Günəşlərdə saça-saça daranıb gəl...
Sonra gəl qon kirpiyimə...
...sev məni...

Arxaik

 

küçələr vardı haa...
dopdolu küçələr...
Bir qadının göz yaşıyla axıb getdi uzaqlara...
İndi burda park salınıb...
Balaca yelləncəklərdə...
Uşaqlar yellədirlər öz bədbəxt analarını...
Bir də gördün...
Bir əl çıxır torpağın altından göz yaşı formasında...
Dartıb aparmaq istəyir... o ətcəbalaları...
Bir də gördün...
Bir səs gəlir ayağının altından...başının üstündən...
Ayaqlarının tozunu silir... göz yaşıyla...
Saçlarını darayır... nəfəsiylə...
Ağacların köklərindən su qalxır ən ucdakı yarpağına...
ağaclar parçalanıb, çevrilib beşik olur...
beşiklər birləşib, çevrilib kəfən olur...
kəfənlər çürüyüb, çevrilib torpaq olur...
torpağın arasında bir ovuc qabırğa nəfəs alır min ildi...

 

 

Yad daş haqqında 

Bəzən elə susur həyat,
Bəzən elə susur zaman,
Kirpiklərin bir ucdan tökülür əllərinə.
Dodaqların karıxır,
Gözlərin bina kimi uçulur ən dərinə.
Bəzən elə susur həyat,
Bəzən elə susur zaman,
Ağaclar un kimi ovulub tökülür öz içinə.
Yarpaqlar qalır havada.
İldırımların altında,
Qızıl qanların üstündə
İnsanlar savaşıb ölür,
Torpaqlar qalır havada.
Bəzən elə susur həyat,
Bəzən elə susur zaman,
Küləklərin hıçqırtısı gözlərinə nəm salır.
Utancaq əlsizliyin,
Yorğun qucaqsızlığın
Kiflənmiş yaddaşına həzin “sevirəm” salır.
“Sevirəm” dediyimiz adamlar
Heç Allah da bilmir ki,
Hansı gözlərdə quruyur,
Hansı dodaqlarda alçalır.

Axtarış

 

Əlimdə ayaq izlərin,
Səni axtarıram tanımadığım küçələrdə:
Hər tərəf saçlarla dolu…
Hər tərəf gözlərlə dolu…
Hər tərəf qoxularla dolu…
Səpə-səpə gedirəm ayaq izlərini.
Sən ki tükü tükdən seçənim,
Sən ki kəm gözlərdən keçənim,
Sən ki bütün qutsal qoxuları şərab kimi içənim!
Gör və gəl ardımca!
Arzuları boş ver.
Xəyalları unut.
O bədəni soyun!
…yapyalnız unudulmuş o sərsəri ümidə
gülə-gülə görün, gəl!
Sonuncu ayaq izin dilimin ucundadı.
Gecə duası
Küçəsində it ulayan
Bir yetim, əyyaş şəhərəm.
Gözlərimə sovurduğun
Külümü tapa bilmirəm.

Bəzən insan çəkinir
Alnıaçıq gəzməkdən,
Qorxur ki, oğurlayarlar
Alın yazısını da...

Olur ki, gələcəyin də
Keçmişinin tulasıdı.
Saçlarını tumarlayan
Bir kor pişik balasıdı.

Gündüz eyni, gecə eyni...
Otaq eyni, yataq eyni...
Eyni... eyni...
Qucaq eyni...
Bölük-bölük...
Xıncım-xıncım...
Sönük-sönük...
Bəzən çarəsiz xəstəlik olur
Təsadüfsüzlük...

Sonsuz durna qatarında
Gözündən vurulan durna
Uğursuz qəhrəman kimi
Düşdü Tanrının toruna,

Bəzən istəsən də, bilməzsən
gülüş
Ölümdü, ya qalımdı,
Ona görə də gülməzsən.
Hardan biləsən ki,
Unutmaq üçün doğulmamaq lazımdı.

 

Senti(men)tal

Bilirsən, indi nə haldayam, cənab psixoloq,
Elə bil ayaqlarımın yerində minlərlə qaranquş var...
əllərimin yerində kəpənək ordusu...
Ona görə yaz aylarında özümə qapanıram… keyiyirəm.
O gün sevgilim dizimin üstündə yatmaq istədi...
Qorxdum, cənab psixoloq, qorxdum,
Qorxdum ki... qorxdum ki, qaranquşlar duyuq düşər,
Həm ayaqsız qalaram... həm də ürəksiz
Ancaq həm də istəyirəm...
Qaranquşsuz bir dünyada sevgili nəyə lazımdı ki?
Çarəsizliyimi danışa bilmirəm Tanrıya, cənab psixoloq,..
Ancaq danışacam...
Mütləq danışacam...
Çünki istəyirəm qollarımı qaldıranda dünya kəpənəkləşsin...
Eybi yox, qoy mən qolsuz qalım...
Cənab psixoloq, o qədər yorğunam ki,..
İndicə bir ac quş...
qoy gəlib didsin məni...
Hər gün bir tikə aparsın...
...o ağacın budağındakı
günəşi hələ yarım görən ətcəbalalarına...
Quşlarsız bir dünyada yaşasam, nə olacaq ki?
Bilmirəm, bəlkə də, heç nə olmayacaq...
Bəlkə də, olacaq...
Olacaq...
Olmayacaq...
Ola...
Yeri gəlmişkən,
Siz “Başsız atlı” romanını oxumusunuz?..

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2025)

 

 

 

Cümə axşamı, 24 İyul 2025 12:34

Yazıb yaratmaq eşqi hələ də coşub daşır...

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Bu gün sizə dünyanın ən gözəl insanlarından biri haqqında söhbət açmaq istəyirəm. El arasında kiminsə haqqında söz düşəndə- filankəs sinəsində böyük ürək gəzdirir- deyirlər. Mənim qəhrəmanımı isə, sinəsindəki böyük ürək yaşadır. Onu şəxsən tanıyıram, namuslu, qeyrətli, təəssübkeş və təvazökar kişilərdəndir. Xaraktercə nəzakətlidir. Dərin duyğulu, fədakar, intuitiv, başqalarının ehtiyaclarına həssaslıqla yanaşan insanlardandır. Son dərəcə kövrək, münasibətdə etibarlı və sədaqətə önəm verən birisidir. Mehribanlığına da söz ola bilməz...

 

Deyir ki:- “Mən ali təhsil alandan sonra bir müddət kənddə müəllim kimi fəaliyyət göstərmişəm. Uzun illərdir oradan ayrılsam da, bu günədək yuxularımda həmin məktəbi görürəm. Bu da sonradan ona gətirdi ki, mən ali məktəbin nəzdində lisey yaradlıması təşəbbüsü ilə çıxış elədim və bu gün də çox sevinirəm ki, dostlarımın dəstəyi ilə bu məktəbin fəaliyyətini davam elətdirirəm. Bu məktəb artıq böyük bir kompleksə çevrilib. Məktəbdə olan hər bir uşağın özü də mənim üçün bir məktəbdir. Məktəb doğrudan da böyük bir fəlsəfədir. Həyatın dərk olunması da buradan başlayır. Yaponlar əbəs yerə demirlər ki: “Tərəqqinin, inkişafın üç səbəbi var: təhsil, təhsil və yenə də təhsil”. Sokratın bir ifadəsi var: “Yalnız bir Tanrı var, o da bilikdir, yalnız bir şeytan var, o da nadanlıqdır.” Hesab edirəm ki, keçid dövrünü üstələdiyimiz bu məqamlarda bizə təhsildən vacib heç nə yoxdur. Hesab edirəm ki, biz düzgün yoldayıq. Başqa sahələrə sərf edəcəyim enerjini məktəbdə sərf eləməyi özümün vəzifə borcum hesab edirəm və bununla fəxr edirəm. Aspirantlara, magistrlərə dərs desəm də, orta məktəbdə işləməyi özüm üçün Allahın lütfü, xoş qisməti hesab edirəm.”

 

İş həyatında son dərəcə tələbkar və diqqətlidir. Eyni zamanda kökə, ailəyə bağlı adamdır. Uşaq kimi yumşaq, emosional, sentimant quruluşdur. Nostalji hisslərlə hərəkət etməyi xoşlayır və sevdiklərini çox qoruyur, ürəyində onlar üçün xüsusi bir yer verir. Düşdüyü vəziyyət nə qədər çətin olsa da, münasibətlərində qətiyyət göstərə bilir. Necə deyərlər, fırtınalı məqamlarda çox səbrlidir...

 

“Təvazökarlıqdan uzaq olsa da qeyd edim ki, həm müəllim, həm naşir, həm tərcüməçi, həm alim kimi çox işlərə baş vurmuşam və artıq konkret hansı işləri görməli olduğumu müəyyənləşdirmişəm. Bu yaşdan sonra insan dərk eləyir ki, hansı dəyərlərin üstünə getməlidir, həyatda əsas nədir, ötəri olan nədir? Bu mənada hesab edirəm ki, düzgün yol seçmişəm və başa düşürəm ki, artıq geriyə dönüş yoxdur.”- söyləyir.

 

Zahirən sərt görünsə də, həssas və mühafizəkar bir təbiətə sahibdir. Düşüncələrini necə ortaya qoyacağını yaxşı bilir. İntuisiyasını məharətlə ifadə etməyi bacarır. Romantik adamdır. Hisslərinə həddindən artıq bel bağlayır. Bu səbəbdən də ayaqüstə möhkəm dayanıb...

 

Deyir ki:- “Ötən əsrin 90-cı illərində həm dünya ədəbiyyatından bizim dilə, həm də Azərbaycancadan digər dillərə tərcümədə doğrudan da çətinliklər, problemlər var idi. Jurnalın təsisindən etibarən, biz “Mütərcim” olaraq hələ Azərbaycan oxucusuna məlum olmayan müəllifləri- Coysdan başlamış rus ədəbiyyatından indiyədək Azərbaycan oxucusuna məlum olmayan əsərləri, əcnəbi müəllifləri seçib tərcümə edirdik. Ətrafımızda da çox yaxşı bir kollektiv vardı. Təbii ki, indi həmin enerji ilə bu gün davam edə bilməsək də, konkret olaraq hədəflərimizi müəyyənləşdirmişik. Jurnalımızın yönümünü daha çox rus ədəbiyyatının tərcüməsinə istiqamətləndirmişik. Məsələn, biz Dostoyevskinin “Yoxsul insanlar” əsərinin tərcüməsini vermişik. Çünki həmin roman da Azərbaycan dilinə tərcümə olunmamışdı. Hədəflərimizə doğru irəliləyirik, gələcəkdə də bunu davam etdirəcəyik. Gələcək göstərər. Tərcümə sahəsində işlərimiz əla gedir. Latın qrafikalı nəşrlər çap olunur, Yazıçılar Birliyinin orqanlarında, elə təkcə “Azərbaycan” jurnalının hər sayında xeyli sanballı tərcümələr gedir. 150 cildlik dünya ədəbiyyatı kitabxanasından tərcümə nəşrləri davam edir. Sankt-Peterburqda dünya tərcüməçilərinin dünya simpoziumunda iştirak eləmişdim. Oraya özümlə nəşrlər aparıb təqdim elədim, nəşrlər haqqında danışanda hamı təəccübləndi ki, ola bilməz ki, Azərbaycan kimi balaca bir ölkədə yüksək səviyyədə bu qədər kitab nəşr olunsun. Pessimistlərdən fərqli olaraq tərcümə sahəsi haqqında nikbin fikirdəyəm. Allaha şükür, artıq bizdə tərcümə işi normal səviyyədədir...”

 

Xeyli elmi-filoloji, bədii tərcümələri var. Adı Dostoyevskinin “Karamazov qardaşları” ilə assosiasiya olunur. Əsasən Dostoyevskinin tərcümə etməsinin səbəbini isə belə izah edir:- “Dostoyevski insan qəlbinin çırpıntılarını, insanı həyatda izləyən məşəqqətləri çox ustalıqla təsvir edir. Dostoyevskidə insan həyatının tarixçəsini öyrənmək, ona təsir eləmək, onda işıqlı nələrsə görmək var. Dostoyevski fenomenal bir hadisədir. “Karamazov qardaşları” dünya nəsrinin şah əsəridir. O əsəri mən Həştərxan Universitetində Filologiya fakültəsinin tələbəsi olarkən oxumuşdum. Amma onda dərk eləməmişdim. Yəni o əsərin dərinliklərinə varmaq o vaxt mənə bir az çətin olmuşdu. Deyək ki, “Cinayət və cəza”, lap elə “İdiot”un özünü də qavramaq mənə asan idi. Amma “Karamazov qardaşları”nı axıra qədər dərk eləyə bilməmişdim. Bəlkə də həcmi qorxutmuşdu məni. Sonralar, 2004-cü ildə Yazıçılar Birliyinin qurultayında Anar müəllim məclisə müraciət elədi ki, bizim ədəbiyyatımızın çatışmayan cəhətlərindən biri də odur ki, dünya nəsrinin şah əsəri “Karamazov qardaşları” dilimizə tərcümə olunmayıb. Sanki bu fikir, bu təklif ağlıma, düşüncəmə təkan verdi ki, əsəri dilimizə tərcümə edim. Əslində o ideya tələbəlikdən başımda oturmuşdu. O tərcümədə mənim sevimli müəllimim, professor Məmməd Qocayevin də zəhməti çoxdur. Çünki o da məni buna istiqamətləndirdi. Çox sevinirəm ki, biz bu tərcüməni eləyə bildik. Bu tərcümə bizim ədəbiyyatşünaslığımızda prinsipial məsələdir. Çünki indi tərcüməyə müxtəlif baxışlar mövcuddur: Hərfi tərcümə, sərbəst tərcümə, yaxud da sərbəst və hərfi tərcümənin ortaq bir nöqtəsini taparaq bədii tərcüməni həyata keçirmək mövqeyi... Dostoyevski elə bir müəllifdir ki, orada sərbəstliyə yol vermək qeyri-mümkündür. Onun öz sintaksisi, öz dili, öz intonasiyası, mətnin dinamikası, arxitektonikası var. Yəni Dostoyevskini başqa cür vermək olmaz. Sanki onun mətnləri bir vəhy kimi Dostoyevskiyə gəlib, o mətni, onun dinamikasını dağıtmaq, onun gərginliyini başqa cür ikinci dilə ötürmək olmaz. Ona görə doğrudan da bu tərcümə çətin oldu. Ondan sonra Tolstoyu tərcümə elədim, gördüm ki, bu daha asandır. Asanlıq və çətinlik obyektə, predmetə münasibətdən, məsuliyyətdən də irəli gəlir. Tərcümə edəndə “babam mənə kor dedi, gəlib gedənə vur dedi” deyib də yox, məsuliyyəti dərk edərək məsələyə yanaşmaq lazımdır. “Karamazov qardaşları”nı 4 il ərzində, bu məsuliyyəti dərk eləyərək tərcümə etmişəm. Düzdür, mətni sadələşdirmək də, asan dillə, qırıq cümlələrlə də vermək olardı, sintaksisi də dəyişmək olardı, amma burada qeyri-mümkün idi. Onda Dostoyevski yox, başqa müəllif alınardı. Bunu da əlavə etmək istəyirəm: Dostoyevski Azərbaycana nə üçün lazımdır? Bizim tanıdığımız Dostoyevski “Cinayət və cəza”nın, “Karamazov qardaşları”nın, “İdiot”un, “Alçaldılmış və təhqirolunmuşlar”ın, “Şeytanlar”ın müəllifi deyil təkcə. Rus nəzəriyyəçi ailmlərinin, Avrasiyaçıların mənəvi atasıdır. Burada hər şey Dostoyevskiyə söykənir. Dostoyevski sadəcə yazıçı yox, rus filosofudur, mütəfəkkiridir. Həm keçmiş, həm də indiki rus fəlsəfəsi tanınmış filosoflarının etiraf etdikləri kimi Dostoyevskidən qidalanır.”

 

Haqqında sevə-sevə danışdığım Telman Həmzağa oğlu Cəfərov (Vəlixanlı) 1963-cü ildə Yardımlı rayonunun Vəlixanlı kəndində dünyaya gəlib. Ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra üç il doğma kəndində rus dili və ədəbiyyatı fənnini tədris edib. 1988-ci ildə indiki Bakı Slavyan əyani aspiranturasına daxil olub və 1992-ci ildə “M.Y.Lermontovun nəsri Azərbaycan ədəbiyyatşünaslığı və tərcümələrində” adlı namizədlik dissertasiyası müdafiə edib. 2004-cü ildə isə “Qədim rus ədəbiyyatında slavyan-türk əlaqələri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, filologiya elmləri doktoru adına layiq görülb. 1992-ci ildə BSU-nun rus ədəbiyyatı və onun tədrisi metodikası kafedrasında laborant vəzifəsinə qəbul edilən Telman Cəfərov hazırda Slavyan xalqları ədəbiyyatı kafedrasının müdrüdür. Ötən müddət ərzində universitetin tədris işləri üzrə prorektoru vəzifəsində də çalışıb. Bütün bunlardan əlavə o, 1993-cü ildə yaradılmış “Mütərcim” Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzinin təsisçisidir. 1996-cı ildə elmi, ədəbi-bədii və tərcümə jurnalı kimi fəaliyyətə başlamış və hazırda Azərbaycan Yazıçılar Birliyi və Bakı Slavyan Universitetinin həmtəsisçiliyi ilə buraxılan “Mütərcim” dərgisinin baş redaktoru və naşiridir. Müstəqil Azərbaycanda nəşr və tərcümə işinin inkişafına xidmət göstərən ziyalılarımızdandır. Onun təşəbbüsü ilə təsis və təşkil olunmuş "Turan" liseyi ölkəmizdə fəaliyyətə başlayan ilk yeni tipli orta ümumtəhsil müəssisələrindən biri idi. 2016-cı ildə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. Bir sıra kitabların müəllifi və bir çox əsərlərin tərcüməçisidir...

 

Yaşı 62-ni haqlasa da yazıb yaratmaq eşqi gəncliyində olduğu kimi coşub daşır. Arzuları çoxdur. Gələcəyə ümidlərlə boylanır...

 

Deyir ki:- “Təbii ki, ilk növbədə arzum cansağlığıdır. Sonra da ən böyük arzu Allahın bizə verdiyi qabiliyyətə müvafiq olaraq planlaşdırdığımız işləri həyata keçirməkdir. Yaxşı ədəbi və elmi mühit olmalıdır ətrafda, mənim işlədiyim kollektivdə- Slavyan Universitetində bu var. Bizim jurnalımız da Yazıçılar Birliyinin və Slavyan Universitetini birgə dəstəyi ilə buraxılır. O dəstəyi hiss eləyirəm. Ətrafımda yaxşı dostlar var. Azərbaycanda hər şeyi görürlər, əsl zəhməti qiymətləndirirlər, dəstək verirlər. Çox təəssüf ki, bəzi insanlar isə sadəcə gileylənməklə məşğuldurlar. Giley Allah yanında da pis qəbul olunur. Giley yaxşı olan hər şeyi məhv eləməkdi, görməməzlikdən gəlməkdi. Həmişə şükür etmək lazımdır. Hazırda məşğuliyyətimə gəlincə, bir pedaqoq ki, gənc nəslin maariflənməsi ilə məşğulam. Ötən əsrin oxucusu ilə bugünkü oxucunu müqayisə eləmək olmaz. Dəyərlər, münasibətlər çox dəyişib. Xeyli görüləsi işlər var. Ən ümdə vəzifəm məktəbdə fəaliyyətimi davam elətdirməkdi. Arzum budur ki, qüvvəm, enerjim olsun, hər bir şagirdimə fərdi yanaşa bilim. Bədii tərcüməyə gəlincə, bu sahədə də yorulmadan çalışıram. İnsanlar bilməlidirlər ki, dünyanı yaşadan dəyərlər, dünyanı üstündə saxlayan sütunlar var. Fikrimcə, bunları həmişə insanların yadına salmaq lazımdır ki, yollarından sapmasınlar, doğru yolu seçsinlər...”

 

Bu günlər Əməkdar müəllim, filologiya elmləri doktoru, professor Telman Vəlixanlının 62 yaşı tamam oldu. Ona həyatda möhkəm can sağlığı, fəaliyyətində isə yeni-yeni uğurlar arzulayırıq. Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2025)

 

 

Cümə axşamı, 24 İyul 2025 12:03

Heyif səndən, Vüqar!

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Onu çox erkən itirdik. Cəmi 28 il ömür sürdü. Və onu itirəndə hər kəsin dilində bir nida var idi, “heyif səndən, Vüqar!”

 

Qrosmeyster Vüqar Həşimov 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olmuşdu. Şahmatdan başqa məharətlə pianinoda da ifa edirdi. Poeziyanı sevirdi. Boş vaxtlarında futbol və böyük tennislə məşğul olurdu. Fenomen yaddaşı ilə dünya tarixini, coğrafiyasını, musiqisini, idmanını və 7-dən çox xarici dili mükəmməl bilirdi.

Əfsus ki, belə fitri istedadlar çox yaşamırlar.

 

Amma əsas uğurları şahmatla bağlı idi. Ona hər kəs dünya çempionluğu vəd edirdi...

2009-cu ildə komandalar arasında Avropa Çempionatında Azərbaycan yığmasının heyətində yer aldı və yığmaməz dünyanı heyrətləndirərək qızıl medala sahib oldu. 2011-ci ildə Rusiyanın Xanti-Maysiysk şəhərində təşkil olunan Dünya Kubokunda 1/4 final mərhələsində qədər irəliləyib orada mübarizəni dayandırdı. Həmin ilin noyabrında Yunanıstanın Porto Karras şəhərində keçirilən komandalar arasında Avropa Çempionatında Azərbaycan yığmasının heyətində yer aldı və yığmamız Vüqarın parlaq çıxışı sayəsində yarışı gümüş medalla başa vurdu.

Avropa Çempionatından təxminən bir ay sonra, dekabr ayında Vüqar Çinin paytaxtı Pekində keçirilən "SportAccord" Dünya İntellektual Oyunlarında iştirak etdi. Bu oyunlarda rapid növündə gümüş medal qazanan Vüqar gözübağlı sürətli növdə bürünc medala sahib çıxdı. Yarışın rəsmi saytı bütün iştirakçıların oxşarlarını açıqladıqları siyahıda Vüqar Həşimovun xasiyyətinə görə əfsanəvi Ceki Çana oxşadığını qeyd etmişdilər...

Uğur xronologiyasına diqqət edək:

 

Xronologiya

 

1. 1996/2000/2002-ci il – Ukrayna, Aluşta, İspaniya, Minorka dünya çempionatının vitse çempionu

2. 1997-ci il – İstanbul "Zafer Haftesi" open turnirin qalibi

3. 1999-cu il – Rusiya, Moskva "Kasparov Kubokunun" qalibi

4. 1999-cu il – Beynəlxalq Usta dərəcəsi

5. 2000-ci il – Ukrayna şahmat olimpiadasının qalibi

6. 2002-ci il – "Trip Lite və Best Comp Qrup" kubokunun qalibi

7. 2002-ci il – Qrosmeyster dərəcəsi

8. 2004-cü il – Heydər Əliyevin xatirəsinə həsr edilmiş Sürətli şahmat turnirinin qalibi

9. 2005/2007/2008-ci il – Türkiyə, İstanbul şahmat festivalının qalibi

10. 2006/2007/2008-ci il – Fransa Kapella la Qrand open turnirinin qalibi

11. 2007-ci il – İspaniya, Barselona, Sanxenxo beynəlxalq turnirin qalibi

 

Vüqar Həşimov 2002, 2004, 2006 və 2008-ci illərin Şahmat Olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış edib. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanıb. Dəfələrlə 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub.

2009-cu ildə məhz Qrosmeyster Vüqar Həşimov Azərbaycan Şahmat yığmasını Avropa çempionu edib. 2009-cu ildə Çinin paytaxtı Pekində keçirilən Dünya İntellektual oyunlarının Rapid növündə gümüş medal, gözübağlı sürətli şahmat növündə isə bürünc medala sahib çıxıb.

2008-ci ildə Bakıda keçirilən Planetin I Qran Piri mərhələsində qızıl medala sahib olub. 27 dəfə Azərbaycan bayrağını dünya və avropa şahmat arenalarında yüksəkliklərdə dalğalandırıb.

 

Amma 2013-cü ildə onda xərçəng xəstəliyi aşkar olunub.

 11 yanvar 2014-cü ildə müalicə olunduğu Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişib.14 yanvar 2014-cü ildə mərhumla vida mərasimi Respublika Şahmat Mərkəzində təşkil olunub. O, həmin gün II Fəxri Xiyabanda dəfn edilib. 2014-cü ilin aprel ayında, Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq şahmat turniri təşkil edilib.

 

Turnirdə dünya ulduzları - Maqnus Karlsen, Fabiano Karuana, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Sergey Karyakin, Hikaru Nakamura, Etiyen Bakrot, Vang Hao, Rauf Məmmmədov, Qədir Hüseynov, Pavel Elcanov, Rodoslav Voytaşek, Aleksander Motilev, Eltac Səfərli, Nicat Abbasov və Vasif Durarbəyli kimi şahmatçılar iştirak edib. Növbəti illərdə də bu turnir ənənəvi olaraq keçirilməyə davam edir.

 2016-cı ildə Bakıda Qrosmeyster Vüqar Həşimov Şahmat Akademiyası fəaliyyətə başlayıb.

 

Allah rəhmət eləsin!

O heç vaxt unudulmayacaq.

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2025)

 

Cümə axşamı, 24 İyul 2025 10:13

Şəhidlər barədə şeirlər - Sübhi Mürsəliyev

 

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

Şəhid Sübhi Mürsəliyev

 

Sübhi Mürsəliyev 1979-cu il dekabrın 28-də İsmayıllı rayonunda anadan olub.

Azərbaycan Ordusunun mayoru olan Sübhi Mürsəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sentyabrın 30-da Suqovuşan döyüşləri zamanı şəhid olub. İsmayıllı rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhi Mürsəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərdiyi, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhi Mürsəliyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

 

Bu vətənin, torpağın

Üzərində yeriyən,

Hər kəsinin şəhidi!

Kəndinin, şəhərinin,

Ölkəsinin şəhidi!

 

Necəsən, yoldaş mayor?

Vətənə sirdaş mayor!

Hamıya ata oldun,

Hamıya qardaş, mayor!

 

İndi sən yaşayırsan

Vətənin hər yerində:

Dağda, daşda, dənizdə,

Deyim sənə, biləsən,

Qələbə qazanmışıq

Biz sizin sayənizdə.

 

Qazanmışıq Şuşanı,

Laçını, Kəlbəcəri.

Sizlər bizə yaşatdız

Bu tarixi qələbə,

Bu tarixi zəfəri.

 

Rahat uyu, rahat yat,

İgidliyi tarixə,

Yazılmış kitab mayor.

Sən daha çevrilmisən

Vətənə, cənab mayor!

 

Çevrilmisən müqəddəs

Sözlərin hamısına,

Hamımız baş əyirik

Şəhid daşından baxan

Üzlərin hamısına.

 

Sağ ol, görüşəcəyik,

İnsan yenə doğulur,

Ruhlar bətnə gəlir.

Bir də ki, cənab mayor,

Dur, atanı qarşıla,

Ziyarətinə gəlir.

 

 “Ədəbiyyat və incəsənət”

(24.07.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Aida Eyvazlının Saxa Yakutiya Respublikasından olan tanınmış yazar Nikolay Luginov ilə müsahibəsi

 

“... Qədimlərdə böyük türk xaqanlığı var idi. Burada çoxlu tayfalar yaşayırdı!... Nədənsə bu xaqanlıq zamanın tufanlarına baş gətirə bilmədi. Bəlkə elə o dövrün də öz insanlarının günahı idi... Bəlkə onlar da öz oturduqları ağacın budağını kəsmişdilər...

Belə insanlara ən gözəl və firavan həyat versən də, yenə narazı olacaqlar, başqa həyat tələb edəcəklər... Lakin nə istədiklərini bilməyəcəklər... - Timurçin öz tənhalığını, tək uçuşna belə acı düşüncələrlə təskinlik verirdi. Bəzən də öz-özünə deyirdi: -Bəlkə mən də Carıqıday dədə kimi çıxıb gedim bu insanlrdan,

gedib dəmirçilik edim?

O öz düşüncələrinə gülməyə başladı. Yox belə olmaz. Geriyə yol yoxdur”.

 

Bu fikirlər Nikolay Luginovun üçcildlik “ Çingizxanın hökmü ilə...” kitabından götürülüb. Onun yaradıcılığının son 20 ili Böyük Asiyanın tarixi ilə bağlıdır. Görəsən onu bu tarixə bağlayan nədir axı?

Nikolay Alekseyeviç Luginov 1948-ci ildə Lena çayının sahilində - Kobyay ulusunun Tıayu aymakında doğulub. Deyir ki, Lenanın geniş sinəsinə baxanda sevinirəm. Sağıma baxıram Lena, soluma baxıram Lena. Çayın başlandığı yerdən Göy Səma da başlayır. Elə bil ki, Göy səmanın ətəyindən axır çay. Sonra elə bil ki, Daş burundan qalxıb, yerə enir, Taas Tumasdan keçib əylənir... Möcüzədir, möcüzə... Sonra da göyün şimalına qovuşur. Bir də baxırsan ki, dağın arxasından qalxan Günəşin əlvan şəfəqləri altında bərq vurur, naz edən gəlin kimi Sanki kənardan ona baxan sevgilisinə naz satır.

Bəzən də elə bilirsən ki, Günəş də odunu Lenanın üzərindəki parlaqlıqdan alır. Yakutlar ona “Sirrləri bilən adam” deyirlər. Onun dünyası bir başqadır. Çünki o, daha böyük toyonlar və sərkərdələrlə, Çingiz xanla, Əmir Teymurun ruhu ilə danışa bilir. Onun aləmində Saxa mifik bir insandır. Onun nitqi də o qədər gözəldir ki, o danışanda dinləyicinin gözlərinin önündə Avrasiya meqapolisi canlanır. Onun dediyi, yazdığı hər söz, hər söhbət, hər hekayət yenidir, ənənəvidir, millidir, dünyəvidir. Onun yazdığı əsərləri, danışdığı söhbətləri hansı dilə çevirsən, gözəldir, qəbulolunandır, onun sözü yaddaqalan və ibrətamizdir. Onun yazıçılıq taleyinin qəhrəmanları hunlar ölkəsindən gəlir. Mən onunla 2019-cu ildə Saxa Yakutiya Respublikasında Platon Oyunskinin Azərbaycan dilinə uyğunladırdığım “Qırmızı şaman” kitabının təqdimatında tanış olmuşdum. O, həm də Platon Oyunksi adına Ədəbiyyat Muzeyinin direktorudur.

Bunun özünün də bir rəmzi mənası vardır. Çünki Lugionov Oyunski yolunun və ideyalarının davamçısıdır. O da sələfləri kimi öz xalqının ədəbiyyatını yığıb tədqiq edir, qoruyur, bu ədəbiyyatı daha dərindən öyrənmək üçün gəncləri ətrafına cəlb edir.

Siz heç, muzeyin giriş zalında gələn qonaqlar üçün süfrə açıldığını, ziyafət verildiyini görmüsünüzmü? Mən görmüşəm. Nikolay Luginov ölkəsinə gələn qonaqlarının hamısını elə bu muzeydə qarşılayır. Deyir ki, Platon Oyunski özü də belə qonaqpərvər olub. Ədəbiyyat Muzeyi bütün xalqların nümayəndələrinin və ədəbiyyat, mədəniyyət xadimlərinin görüş yeridir. Ölkədə və dünyada baş verən qolbal və mühüm hadisələr də burada müzakirə olunur. Və buraya gələn qonaqlar Ədəbiyyat Muzeyindəki eksponatlar və nadir əlyazmaları ilə tanış olmaqla, bərabər, həm də mütləq Nikolay Luginovun süfrəsində çörək kəsirlər. Onun süfrəsi həmişə naz-nemətlə dolu olur. Naz-nemətlərlərlə dolu süfrə açmaq onun xobbisidir.

Süfrəsində olan balıq və ət yeməklərini isə bazardan almır. Özünün ovladığı heyvanların ətindən və tutduğu balıqlardan hazırlayır. Hələ bu azmış kimi, qonaqların özünə də ayrıca ov payı verir.

Onu tanıyanlar deyirlər ki, Nikolayın ruhu Kulikovskinin, Oyunskun ruhu ilə doğmalaşıb.

Haqqında danışdığım məşhur yakut yazıçısı Nikolay Luginov Yakutsk Dövlət Universitetinin fizika-riyaziyyat fakultəsini 1972-ci ildə bitirib. Ancaq texniki elmlər adamı, günlərin bir günündə anlayıb ki, riyaziyyat öz yerində, onu daha çox qələm və tarix çəkir. Yuxularına Yakut dini inanclarının və məişətinin Toyon obrazı olan Çingizxan gəlib. Yuxularının birində ona söz verib ki, kitabını, həyatını yazacaq. 17 il Çingizxan sevdası başından çıxmayıb. Hara gedibsə, onu axtarıb. 1999-cu ildə isə Çingizxanın iqamətgahı yerləşən Karakoruma ilk səfərini edib. Söhbətə elə bu səfərdən başladıq.

 

-Həmin səfəri necə xatırlayırsınız?

 

-Yaxın dostlarımla Yakutiyadan Monqolustanın Karakorum vilayətinə olan 400 kilometrlik yolu qət etdik. Yol boyu heç birimiz yatmadıq. Bizi könlümüzdə tutduğumuz yolun həyəcanı bürümüşdü. Bizim Yakutiyanın da çölləri, meşələri, ormanları çox geniş ərazilərdədir. Uzandıqca uzanır. Buradakı təbiətin də başqa cazibəsi var. Mənə elə gəldi ki, bu cazibəni yaradan da elə Çingizxanın özüdür. Siz bilirsiniz, bizim inancımıza görə Çingizxanın ruhu Saxa torpaqlarına hakimdir. O bizi qoruyur. Ölkəmizin ad sahibi olan, şərəfli adamları da onun ruhunun razılığı ilə şərəflənirlər.

Səhərin alatoranında Zöhrə ulduzunun doğuşunda çatdıq Karakorum səhralarına. Çingiz xanın İmperiya iqamətgahına. Bu həmin Zöhrə ulduzu idi ki, nə vaxtsa bu yollarda Nikolay Konstantinoviç Rerixi qarşılamışdı. Bundan sonra o, bütün Asiya ölkələrini səyahət etdi. Türk tarixini əbədiləşdirdi. Bu Zöhrə ulduzu bir neçə yüz il bundan əvvəl Çingizxanı və onun ordusunu da müşayiət etmişdi. Mən bu sonsuz səhralarda göy üzünə baxanda anladım ki, Yakutiyada ulduzlar bizə bu qədər yaxın deyillər. Lakin onların şəfəqi, soyuğu və işığı eynidir. Elə bil ki, ulduzlar göy üzündə giləmeyvə idilər. Əlini bir az yuxarıya qaldırıb, tərpətsən, hamısı yerə töküləcəkdi. Moğollar bu yerin adını Xar Xorum adlandırırlar. 1899-cu ildə bu sirli səhranın itmiş yolunu bizim üçün, türk dünyası üçün məşhur Sibir tədiqatçısı, ictimai xadim Nikolay Yadrintsev açıb. Karakorumu uyğurların hakimiyyəti dağıldıqdan sonra, ikinci dəfə 1220-ci ildə Çingizxan Orxon çayının yuxarı axarında Monqol İmperiyasının paytaxtı kimi elan edib. Burada Ugedey xanın sarayı olub. Və həmin sarayın qalıqları üzərində tarixi məkan yenidən bərpa edilib. Bu şəhər haqqında avropalı səyyahlar, sərkərdələr öz əsərlərində yazıblar. Bu yerlər ona görə də müqəddəsdir.

Biz bu müqəddəs məkanda dünyanı lərzəyə gətirən o müqəddəs Çingiz xanın sirli məzarını axtarırıq. Mən bu yerlərdə gəzməsəydim, “Çingiz xanın hökmü ilə” romanını yaza bilməzdim. Karakorumda olduğum günlərdə, hamı yatarkən mən Zöhrə ulduğunun doğuşu ilə bərabər yatağımdan durub o yerləri gəzirdim, havasını, küləyini, yovşan ətrini sinəmə çəkirdim. Sonra da elə oradaca, oturub qeydlərimi aparır, Çingiz xanın mənə çatdırdıqlarını yazırdım. Böyük şəxsiyyətlər haqqında yazanda, bu işi bir gün də yarımçıq qoymaq olmaz, yoxsa fikirlərin muncuq kimi dağılacaq... Mən də ömrümün 10 ilə yaxın hissəsini bax beləcə işlədim. Bu kitabı yazanda özümü o böyük sərkərdənin əsgəri hiss edirdim. Onun mənim üçün qoyduğu qaydalardan bir dəqiqə də kənara çıxmadım. Nizam-intizama əməl etdim. Üçcildlik kitabım dünyanın bir çox dillərinə tərcümə olunub. Kitabım əsasında ən çox baxılan “Çingizxan” filmi çəkilib.

 

- Hər bir yakut üçün Olonxo hər şeyin məhvərdir. Siz həm də doğma yurdun adət-ənənlərinin, Olonxonun, böyük yakut oğullarının kitablaşan həyatının qoruycususunuz. Şaman inancının Yuxarı, Orta və Alt dünyanın sirrlərini bilirsiniz.

 

-Çox adamlar bunu hiss ediblər yəqin. ... Dünyanı ideyalar idarə edir. İdeyalar çox olur. Lakin əsasən həyata keçən ideyalar Tanrı, Yaradan tərəfindən bəyənilən və ya insanın zehninə göndərilən ideyalardır. Xalqlar isə bu müxtəlif zaman kəsiklərində ideyaların daşıyıcılarıdır. Hamımız şahidi olmuşuq. Qabağa çıxan bir lider üçün deyirlər ki, onu Tanrı seçib, hamı onun ideyaları ətrafında birləşir, onun çağırışlarına əməl edir... Hətta fikirləşmirlər ki, bunun sonu nə ilə nəticələnəcək...

Belə insanlara həqiqətən də yaradan özü izn və güc verir. Biz olonxomuzla bu ideyaları yaşatmışıq. Olonxo dünyaya baxmaq üçün bir pəncərədir. Biz ənənələrsiz yaşasaq, xəlqiliyimiz itib gedəcəkdi. Xalq yaddaşımızı itirəcəkdik. Kimliyimiz olmayacaqdı. Mən deyərdim ki, bütün xalqların yaşamaq inadı öz mənbəyini bu əsaslardan götürür.

Əsrlər, qərinələr bundan əvvəl bir xalq kimi bizim öz qonşularımızdan, başqa dünyadan xəbərimiz olmayıb. Biz ətrafımızda başqa dünyanın, millətlərin olduğunu aşkar etmişik. 3-4 əsr bundan əvvəl aşkar etmişik. Müəyyən bir zaman kəsiyində Saxa öz sirli təbiətinə görə, soyuğuna, şaxtasına görə dünyaya yol tapmayıb. Söhbət əlbəttə bizəqədərki sivilizasiyadan deyil, XVI- XVII əsrlərdən gedir. Biz öz çaylarımız, meşələrimiz, yaratdığımız mədəniyyətimiz və inancımız ilə ilə baş-başa olmuşuq. Bununla belə, bizim dünyanı dərk etmək fəhmimiz olub. Hansısa təbiət hadisələrindən sonra biz buralara gəlmişik... Bu böyük sirrdir. Sonra burada oturuşmuşuq. Burada xalqımızın öz fəlsəfəsini, xəlqiliyini, təbiətini qorumuşuq. Ona nizam vermişik. Ana təbiət özü də bizə yardımçı olub, sözün əsil mənasında ANA olub. Burada yaşayan evenlər, evenklər, dolqanlar, yukagirləri də özümüz kimi qəbul etmişik. Biz öz yaratdığımız mədəniyyətimizin içərisində var olmağı, onu qorumağı bacarmışıq. Uşaqlığımdan özümü olonxo məclislərində görmüşəm. Burada sinədəftər kişilər söz söyləyib yarışırdılar. Çox cəlbedici bir atmosfer idi.

Olonxonun içərisinə düşən onun musiqisinin, mahnısının, sözlərinin cazibəsindən çıxa bilmir. Bu, insanın iliklərinə yeriyir. Bəlkə də ana bətnində olanda belə biz bunu eşitmişik deyə, ona bu qədər yaxınıq. Olonxo ilə biz ağız ədəbiyyatımızı qorumuşuq. Tariximizi, dünyanı dərk etmə anlayışımızı saxlaya bilmişik. Olonxoda bizim teatrımız, ədəbiyyatımız, musiqimiz, fəlsəfi fikirlərimiz, kosmoqonik ideyalarımız bir araya toplaşıb, simbioz yaradıb. Bəlkə də olonxosutları hər gün eşitdiyimizdən hər birimizdə ədəbiyyata, sözə belə maraq yaranıb. Bu, bizim genetik kodumuzdur, yaddaşımızdır. YUNESKO da Olonxonu bizim qeyri maddi irs siyahısına yazdı. Olonxo bizim milli sərvətimizdir.

 

- Nikolay Alekseyeviç, Yakut Ədəbiyyatının yaşı 100-ü ötüb. Bildiyim qədər siz bu hesabla razılaşmırsınız. Sizin üçün ədəbiyyat da hesabdır.

 

-Bəli, mən razı deyiləm. Bizim yazılı ədəbiyyatımızın yaşı 100 ildən artıqdır. Lakin yakutların qədim yazıları daşlarda yazılıb. VII əsrdən bizə əmanət qalan Kul Tegin daş kitabələrini dəqiq oxusanız, müasir yakut dilini görəcəksiniz. Saxalılar zadəgan xalqdırlar. Mən niyə belə düşünürəm? Ona görə ki, hər bir saxalı sözə böyük önəm verir, mənasını anlayır. Sözü ücalara qaldırır. Tarixin içərisinə mən riyaziyyatçı kimi gəlmişəm.Onun dərinliyinə elə riyaziyyatçı kimi enmişəm. Ona görə də məndə hər şey ciddi ierarx şəklindədir. Riayaziyyatda olduğu kimi, aşağılar yuxarılara tabe olmalıdır. Hər şeyin öz hesabı vardır. Mənim üçün həqiqət əsasdır. Müzakirəsiz həqiqətlərə daha çox üstünlük verirəm. O ki qaldı humanitar elmlərə - onlarda subyektivlik əsasdır. Subyektivliyin dairəsi çox genişdir. Orada çoxlu özbaşnalıq vardır. Humanitarlıq heç nəyi üst-üstə yığmır, tarixi faktları təsdiq etmir, əvvəlcə özü üçün, özünə xoş gələn bir ideyanı ortalığa atır, sonra ona uyğun gələn faktları toplaylıb, özü üçün yeni aləm və tarix yaradır. O demək olar ki, faktları üz-üzə qoymur. Əlbəttə bu da lazımdır. Tarix isə elmdən asılıdir. Siyasətlə bağlıdır, həyatın müxtəlif mərhələlərində dünyagörüşü və qloballığı əsas götürürərək, siyasi sifarişi yerinə yetirir. Tarix də hansısa ideyanın əsasında yazılır. Bu ideyaların əvvəlində xalqlar, onların qələbələri, fəthləri dayanır. Və o tarixləri bu günə qədər də köçürməkdəyik. Köçürə-köçürə bir çox faktları dəyişir və saxtalaşdırırq da. Ona görə də bir çox xalqların tarixləri siyasi sifariş kimi yazılıb. Bizim Yakutiyanın da tarixi siyasi sifarişlə yazılıb.

 

- Siz həm də imperialist ideyalarının təbliğatçısısınız. “Çingiz xanın hökmü ilə...” haqqında romanınızı oxuyandan sonra mən bu fikrə gəldim.

 

- İmperiyanın tarixi, imperiya üsul-idarəsi çox qlobal bir məsələdir- bu insanlığın tarixidir. Yaranma tarixi, məişəti, çiçəklənməsi, enişi, dağılması, sonra isə bu və ya başqa bir şəkildə ya tamam silinib getməsi var -- bax budur insanlığın tarixi. İnsan ümumiyyətlə subyektivlikdən yüksəkdə dayanır. Real olanı, obyektiv olanı təkzib edir və bu reallığın fonunda özü dəyişmir. Məsələn, sovet dövründə imperialism bizə çox yad olan bir təfəkkür və dünya idi. Bu bizə belə gəlirdi. Çünki bizi buna hələ məktəb illərindəki təbliğat və ideologiya ilə inandırmışdılar. İmperializm bizdən çöldədir, içimizdə deyil. Bu, aqressiv siyasətin tutqusudur. Əslində Sovet İttifaqı özü də bir İmperiya idi. Bütün kommunist ideyası kommunizm imperiyasına çevrilmişdi. İmperiyanı İmperiya edən onun ordusudur. Ordu həm də firavan həyatın qarantıdır. Bu belə olub, gələcəkdə də belə olacaq. Güc- qarantdır. Məzmundan fikri çıxarıb, bir şeyi təsdiq etmək başqa bir şeydir, təyinat vermək isə tamam başqa şeydir, bunun xoşagəlməz nəticələri olur.

 

- Siz deyirsiniz ki, müasir Rusiya Monqol İmperiyasının varisidir?

 

- Bəli, deyirəm. Bunu qərəzli irqçilik yönümündə tərbiyə alanlar çətin qəbul edirlər. Baxın: deyirlər ki, qıyıqgöz, enlisifət monqollar- rusların əcdadıdır, yəni, Rusiya İmperiyasının? İndi mən sizə deyim, siz də nəticə çıxarın. Əlbəttə, hər bir rusun qanında hun qanının olmasını deyəndə, onlar üçün inanmaq çətin olur. Daha dəqiq desəm, əsil həqiqət isə budur ki, indiki rusların əksəriyyəti Hun imperiyasının tərkinbində olan türk millətindən, onun tərbiyəsindən, onun dünyagörüşündən, onun ədalətindən yaranıblar və onların özlərinə desək ki, sizin başqa dövlətiniz olub, buna inanmaq istəməyəcəklər. Bunu qəbul etmək onlar üçün çox çətindir. Lakin bu faktdır. Rus İmperiyası Monqol İmperiyasının əhatəsində, türk dövlətlərinin çiynində böyüdü, yüksəldi, gücləndi. Rusiya dövləti vaxtı ilə Monqol İmperiyasının bir hissəsi, bir sancağı idi. Sonradan Moskva Monqol İmperiyasının Muxtar bir vilayəti oldu. Rusiya İmperiyası Monqol İmperiyasının dövlət siyasətini, dövlətçilik ideyasını, idarəçilik metodlarını, siyasətini zəbt etdi. Bu, göz önündə olan həqiqətdir. Baxın, elə götürək Sibir və Şimal məkanını ... Kazaklar 20-30 dəstə ilə, lap deyək ki, 50 nəfər adamla, bütün Şərqi Avrasiyadan Sakit Okeana qədər və Amerikadan- Alyaskaya qədər olan əraziləri necə gəzib, ələ keçirə bilərdilər? Və bu əraziləri fəth edəndə, və ya zəbt edəndə bir dəfə də olsun müqavimətə rast gəlmədilər? Belə olmur. Bunun izahı belədir: kazaklar yeni dağılmış moğol dövlətçilik sistemini buralarda müvəqqəti olaraq bərpa etdilər. Yeri gəlmişkən, vaxtı ilə “kazak” dediklərimizin özləri də elə türk əsilli tatarlar idilər ki, dilimizi də bilirdilər. Onların təsiri, gücü və əməyi sayəsində qədim imperiya torpaqlarını yeni rus imperiyası əsasları ilə qurmağa başladılar. Yakutlar həmin kazakların gəlişini Şahzadə Ağ Ordanın – Yuryunq Iraaxtağının elçiləri kimi qəbul etdilər. Ona görə də rusların ilk gəlişində müqavimət göstərmədilər. Müqavimət rus kazaklarının insanlara zülmü, ədalətsizliyindən sonra başladı.

 

- Bizə oxutdurulan kitablarda Rusiya İmperiyasının tarixi Kiyev Rusundan

başlanır.

 

-Kiyev Rusu bir neçə knyazlıqdan ibarət olan balaca dövlət idi. Bu bütün Rusiya deyildi. Kiyev Rusu- Kiyevin kiçik bir ərazisi idi. Sibir də sonradan ruslar tərəfindən zəbt olundu, əsası isə Moğol İmperiyasına bağlı idi. Moğol İmperiyası aşağıda deyil, hər zaman yüksəkdə idi, o barbar İmperiyası deyildi. Moğollar tam bir sivil imperiya idilər. Onların topu, tüfəngi , barıtı, hərb maşınları, od saçan silahları var idi. Onlar bütün planetdən öz inkişaflarına görə 500 min il irəlidə idilər. Kiyev Rusu tarixini ancaq belə izah etmək olar. Moğol imperiyası mövcud olanda Kiyev ərazisi də peçeneqlərin idi.

 

-Sizin inancınız Tanrıçılıqdır!

 

- Din mürəkkəb sualdır. Dini düşüncə hər kəsin qavramında vardır. Mən də dini inancı olan insanlardan biriyəm. Yaradana inanıram, onu dərk edirəm, özümü inanclı insan hesab edirəm. Mənim doğmalarım: həyat yoldaşım, uşaqlarım, nəvələrim—hamımız xristianlığı qəbul etmişik. Yakutlar Tanrıya –Tanqara deyirlər. Yakutların qədim dini inancı Tanrıçılıqdır. Qədim mənbələrdə də göstərilir ki, Tanrıçılıq-təkallahlılıqdır, insanlığın ən qədim dinidir. Tanrıçılıq bizim məişətimizdə və həyatımızda qorunub saxlanılmış çox mükəmməl dindir. Digər quruluşlarda, məsələn türk dünyasında onu buddizm və islamla aradan çıxarıblar. Bir çox dini qruplardan , dünyəvi dinlərdən fərqli olaraq, pravoslavlar da tanrıçılıq dininə daha yaxındırlar. Ona görə də Saxa xalqı dindəyişmə prosesində pravoslav qoluna sitayiş etməklə, Tanrıçılığı qoruyub saxlaya bilib. Və həm də Tanrıçılıq dininə məxsus olduqlarına görə özlərini qoruyub saxlaya biliblər.

 

SONDA ZƏRURİ QEYD:  Ədəbiyyat insanı, insan isə dünyanı formalaşdırır,- deyən Nikolay Luginov Yakut klassik ədəbiyyatına və dünya ədəbiyyatına verdiyi tövhələrə görə ən böyük titullara və mükafatlara layiq görülüb: “Çingiz xanın hökmü ilə”, “Aygillə”, “Kustuk”, “Taas Tumus”, “Qara qarğa haqqında ballada”, “Şimal əfsanələri”, “Ağ durnaların mahnısı”, “İldəgiz haqqında əfsanə”, “Qocanın təbəssümü”, “Çay üüstündə ev”, Nuoraljımın zəmisi” kitablarının müəllifidir.

“Çingiz xanın hökmü ilə” üç cildliyinə görə Rusiyanın Böyük Ədəbiyyat Mükafatına layiq görülüb, Rusiya Federasiyasının əməkdar mədəniyyət xadimidir, Saxa (Yakutiya) Respublikasının Fəxri vətəndaşıdır, Saxa (Yakutiya) Respublikasının əməkdar mədəniyyət xadimidir, P.A.Oyunski adına Saxa (Yakutiya) Respublikasının Dövlət mükafatının laureatıdır, “ALJİR mədəniyyətlər qovşağında” Beynəlxalq Mükafatının və Qazaxıstan Respublikasının “Alaş” ədəbiyyat mükafatının laureatıdır.

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2025)

 

“Ədəbiyyatvə incəsənətportalındaBİRFOTONUNTARİXİ rubrikasında bu gün sizlərlə YadigarSadıqlının mərhum daxili işlər naziri, general Arif Heydərovun dəfn prosesindən fotoya şərhi təqdim edilir.

 

Heydər Əliyev və SSRİ daxili işlər naziri Nikolay Şelokov Azərbaycan daxili işlər naziri Arif Heydərovun dəfnində iştirak edirdilər. Arif Heydərovun 1978-ci ilin yayında qətlə yetirilməsi o dövrün ən səs-küylü hadisələrindən biri olmuşdu.

 

Arif Nəzər oğlu Heydərov 1926-cı il iyunun 28-də Ağdaş şəhərində anadan olub. Əslən Qubadlının Gürcülü kəndindən olan ailəsi Ağdaşda yaşadığı üçün atası Nəzər Heydərov burada işləyirdi. Daha sonra Bakıya təyinat alır və Arif də məhz burada böyüyür. Nəzər Heydərov 1949-1954-cü illərdə Azərbaycan SSR Ali Sovetinin sədri vəzifəsini icra edib. Lakin Stalinin ölümündən sonra Mircəfər Bağırovun bütün yaxın ətrafı kimi o da vəzifəsini itirib.

Arif Heydərov əmək fəaliyyətinə 1942-ci ildə neft mədənində çilingər kimi başlayıb. Bir il sonra Moskvaya göndərilərək kəşfiyyat məktəbində təhsil alıb. 1944-cü ildə oranı bitirdikdən sonra kəşfiyyatçı zabit kimi İkinci Dünya Müharibəsində iştirak edib. Müharibədən sonrakı iki il ərzində isə Şərqi Almaniyada və Polşada operativ xidmət aparıb.

1947-ci ildə Azərbaycana qayıdan Arif Heydərov təhlükəsizlik nazirliyində işləməyə başlayıb. Eyni zamanda Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində qiyabi təhsil alıb. Məhz burada Heydər Əliyevlə tanış olaraq yaxın dost olmuş, bu dostluq sonradan onun daxili işlər naziri təyin olunmasında mühüm rol oynamışdı.

1967-1970-ci illərdə Arif Heydərov Türkiyədə SSRİ-nin konsulu vəzifəsində çalışıb. Əslində isə o, sovet kəşfiyyatının həmin ölkədəki rezidenti idi.

1969-cu ildə Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının birinci katibi təyin olunduqdan bir il sonra köhnə dostunu və KQB həmkarını Bakıya gətirərək daxili işlər naziri vəzifəsinə təyin edir.

1978-ci il iyunun 29-da, 52 yaşının tamam olmasından bir gün sonra general-leytenant Arif Heydərov öz kabinetində müavini, Sovet İttifaqı Qəhrəmanı general-mayor Səlahəddin Kazımovla birlikdə qətlə yetirilir.

Qatil Ziya Muradov Şuşa həbsxanasının zabiti idi. O zaman həbsxanalar DİN-in tabeliyində olduğundan o, xidməti səbəbdən həbsxananın klubunda yaşayırdı, buna görə də ailəsindən ayrı düşmüşdü. Dəfələrlə nazirliyə müraciət edərək mənzillə təmin olunmasını və ya başqa şəhərə köçürülməsini xahiş etmişdi. Lakin bu xahişləri cavabsız qalmışdı. O vaxt yayılan söz-söhbətlərə görə, nazir müavini Səlahəddin Kazımov süründürməçiliyə yol verir, hətta rüşvət tələb edirmiş. Ziya Muradovun da əsas narazılığı məhz ondan idi.

Hər şeydən bezən və psixoloji gərginlik keçirən Muradov 1978-ci il iyunun 29-da xidməti silahını götürərək nazirliyə gəlir. Burada Səlahəddin Kazımovun nazirin kabinetində müşavirə keçirdiyini öyrənib ora gedir. Qəbul otağında nazirin köməkçisi polkovnik Əziz Səfixanovu qətlə yetirib kabinetə daxil olur. Əvvəlcə Səlahəddin Kazımovu güllələyir. Ehtimal olunur ki, əslində Arif Heydərova atəş açmaq niyyəti yox idi. Lakin onun stolun gözündən silah çıxarmağa çalışdığını görəndə onu da vurur. Kabinetdə olan digər şəxslərə toxunmadan, Muradov sonradan silahı öz ağzına dirəyib atəş açaraq intihar edir.

Həmin ilin sentyabrında sovet lideri Leonid Brejnev Bakıya gələcəkdi. İki generalın – nazir və nazir müavininin qətli böyük rezonans doğurur, xarici radiostansiyalar bu barədə geniş materiallar yayımlayır. Lakin aparılan istintaq cinayətin arxasında hər hansı siyasi motivin olmadığını, səbəbin adi süründürməçilikdən və şəxsi narazılıqdan qaynaqlandığını müəyyənləşdirir.

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2025)

  

 

Cümə axşamı, 24 İyul 2025 10:33

Günün adı – ABDULLA ŞAİQ

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Tariximizdə ömür-gününü xalqın yolunda mum kimi əridən şəxsiyyətlər olub ki, onlardan biri də bu gün anım gününü qeyd etdiyimiz Abdulla Şaiqdir.

 

Abdulla Şaiq 1881-ci il fevralın 24-də Tiflisdə anadan olub. Uşaqlıq illərinin bir hissəsini ailəsi ilə birlikdə İranda keçirib. Sonradan Bakıya köçərək ömrünün böyük hissəsini burada yaşayıb və Azərbaycan ədəbiyyatının inkişafına mühüm töhfələr verib. O, yalnız yazıçı və şair kimi deyil, həm də müəllim və tərcüməçi kimi tanınıb.

 

"Həyatı və Pedaqoji Fəaliyyəti"

 

Abdulla Şaiq 1901-ci ildən Bakıda pedaqoji fəaliyyətə başlayıb, ibtidai və orta məktəblərdə Azərbaycan dili və ədəbiyyatı tədris edib. Onun əsas məqsədi gənc nəsli milli ruhda tərbiyə etmək, uşaqlarda elm və maarif sevgisi oyatmaq olub. 1909–1920-ci illər arasında Azərbaycan dili və ədəbiyyatına dair dərsliklər hazırlayıb.

 

"Ədəbi Yaradıcılığı"

 

 Azərbaycan uşaq ədəbiyyatının banilərindən biridir. O, uşaqlar üçün yazdığı şeir və hekayələrlə tanınıb. Onun uşaq ədəbiyyatına töhfə verən əsərlərinə “Tülkü Həccə Gedir”, “Xoruz”, “Bənövşə”, “Quzu” və s. daxildir. Eyni zamanda böyüklər üçün yazdığı hekayələrdə o dövrün sosial problemlərini, kasıblığın və ədalətsizliyin insan həyatına təsirini təsirli şəkildə təsvir edib.

 

"İdeyaları və Mövzuları"

 

Onun əsərlərində romantizm, humanizm, sülhsevərlik və beynəlmiləlçilik ideyaları mühüm yer tutub. “Hamımız Günəşin Şüalarıyıq”, “Zamanımızın Qəhrəmanları” kimi əsərləri insanlıq dəyərlərini, ədalət və azadlıq arzusunu ifadə edib.

 

"Tərcüməçilik Fəaliyyəti"

 

Abdulla Şaiq dünya ədəbiyyatından bir çox klassiklərin əsərlərini Azərbaycan dilinə tərcümə edib. O, Şekspir, Daniel Defonun əsərlərini, həmçinin Puşkin, Lermontov, Qorki və digər rus ədiblərinin yaradıcılığını Azərbaycan oxucularına tanıdıb. Nizami, Firdovsi kimi şərq klassiklərinin əsərlərini də tərcümə edib.

 

"Mükafatları və Fəxri Adları"

 

1941-ci ildə Azərbaycan SSR-in Əməkdar İncəsənət Xadimi adına layiq görülüb. 1946-cı ildə Lenin Ordeni, 1956-cı ildə Qırmızı Əmək Bayrağı Ordeni ilə təltif olunub.

 

"Muzeyi və İrsi"

 

Abdulla Şaiq 1916-cı ildən etibarən Bakıda yaşadığı mənzilində bir çox mədəniyyət xadimlərini qəbul edib. Bu mənzil 1990-cı ildən Abdulla Şaiqin Ev-Muzeyi kimi fəaliyyət göstərir. Muzeydə yazıçının şəxsi əşyaları, əlyazmaları, kitabları və yaradıcılıq nümunələri qorunur.

 

 Seçilmiş əsərləri

 

“Tülkü Həccə Gedir”

“Xoruz”

“Bənövşə”

“Qaraca qız”

“Hamımız Günəşin Şüalarıyıq”

“Qızılgül”

“Pispisə xanım və Siçan bəy"

 

Abdulla Şaiq 1959-cu il iyulun 24-də Bakıda vəfat edib və böyük ədəbi irs qoyub gedib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2025)

 

 

Cümə axşamı, 24 İyul 2025 10:01

“SEYYİDİ QƏMNAK” KİM OLUB? – Araşdırma

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

         Şair təbiətli bu məşhur din xadiminin adı Hacı Mir Abbas Ağadır. O, 1855-ci ildə Qərbi Azərbaycanın Yuxarı Kolanı (Hacı Əhməd Kolanısı) kəndində tanınmış din xadimlərindən Mir Ağa Əli Seyyid oğlunun ailəsində anadan olmuşdur. İlk təhsilini atasının məktəbində almışdır. Öz nəslinin mənəvi-dini missiyasını ləyaqətlə daşımışdır. 40 yaşında Həcc ziyarətində olmuşdur. Həcc mərarasimlərini başa çatdırıb mübarək Hacı titulunu alan Mir Abbas Ağa Vətənə qayıtmağa tələsməmiş, Ciddə şəhərindəki Ali Ruhani məktəbinə daxil olub orada ali dini ruhani təhsili  almışdır.

 

         Təhsilini başa vurub öz kəndinə qayıdan Mir Abbas ağa böyük coşqu ilə qarşılanmışdı. O, öz həmkəndliləri ilə görüşlərində qeyd edərmiş ki, indi bizim ən başlıca vəzifəmiz övladlarımıza təhsil verməkdən, onları elmli, bilikli, savadlı yetişdirməkdən ibarət olmalıdır. Yalnız bu yolla biz cəhalət zəncirini qıra, xaçpərəst qonşularımız kimi müasir təlim verən məktəblər yarada biləriik.

         O, doğma yurduna qayıtdıqdan sonra arzularını gerçəkləşdirməyə başlamış; babasından, atası Seyyid Ağadan qalma molla məktəbini təkmilləşdirib, tədris fənlərini yenidən nəzərdən keçirərək müasirləşdirmişdi. Ağa məktəbdə uşaqlara dini elmlərlə yanaşı, tarix, coğrafiya, hesab, dil və kənd təsərrüfatına aid bilkləröyrətməklə bərabər, Azərbaycan və Şərq ədəbiyyatının görkəmli nümayəndələri və onların əsərləri haqqında da məlumatlar verirdi.  Onun məktəbinə uşaqlarala yanaşı, yaşlılar da gəlir, burada “müsəlmanlar üçün lazım olanları” və yazıb-oxumağı öyrənirdilər.

         Artıq XX əsrin əvvəllərindən Hacı Mir Abbas Ağa dövrünün tanınmış din xadimi, müasirləri tərəfindən İslam alimi kimi qəbul edilirdi. O, bütün İrəvan Quberniyasının tanınmış, məsləhət verən və sözü keçən şəxslərindən biri olmuşdur. Dövrünün tanınmış din xadimləri ilə şəxsi münasibəti olub. Çoxları onunla məsləhətləşmək üçün evinə gəlir, ağanı ziyarət edirdi. Talin mahalınınbaşında duran – Peterburqda kadet hərbi məktəbini bitirmiş və zabit rütbəsi olan  Hüseyn xan və digərləri dəfələrlə ağanın evində olmuşdular.

         1918-1920-ci illərdə deportasiyaya məruz qalaraq doğma yurd-yuvasından ayrılan Hacı Mir Abbas Ağa bir müddət Naxçıvanda (Nehrəm kəndində), Gəncədə, Qəbələdə (Bılıx kəndində), Yevlaxda (Xanabad kəndində), Oğuzda (Yaqublu kəndində) yaşamışdır. 1936-cı ildən  Şəkinin Aydınbulaq kəndində məskunlaşmış və1957-ci ildə burada vəfat etmişdir.

         102 il ağrılı-acılı ömür sürmüş Hacı Mir Abbas Ağa ağsaqqallığını, möminliyini heç kəsə zorla qəbul etdirməmiş, lakin harda yaşamasından asılı olmayaraq, həmişə sözü ilə əməli bir bütöv şəxsiyyət; böyük hörmət, izzət və nüfuz sahibi olmuşdur. Həmişə elmi, maarifi təbliğ etmiş, həmişə haqq və ədalətin, düzlüyün, mərdliyin, insanlığın tərəfində olmuşdur.Ağanın nurlu həyatı bütün ömrü-boyu insanlara yaxşılıqda keçmişdir. Məhz buna görədir ki, onun Şəki rayonunun Aydınbulaq kəndindəki  məzarı müqəddəs ziyarətgaha çevrilmişdir.

         Tanınmış din xadimi Hacı Mir Abbas Ağa həm dəböyük istedada, incə zövqə, poetik duyuma, bədii duyğulara və rəvan təbə malik bir şəxs olmuşdur. O, öz dövrününtanınmış söz ustalarından idi. Ərəb-fars dillərini və əruzu yaxşı bilirdi. Söz qoşumunda fitri istedada malik olub. Şeirlərini Seyyidi Qəmnak təxəllüsü ilə yazmışdır.

Tanınmış yazarlardan P.Qurbanzadə “Hacı Mir Abbas Ağanın həyat yazısı” əsərində göstərir ki, Ağa bəzən oxuduğu mərsiyələrin də sözlərini özü yazar və muğam üstə oxuyarmış.

         O, Azərbaycan və digər Şərq ədəbiyyatı klassiklərinin yaradıcılığı ilə yaxından tanış idi. Xəqanini, Nizamini, Füzulini, Nəvaini, Sədini, Firdovsini, demək olar ki, əzbər bilirdi.Yaxın dostu və qohumu M.Məmmədov  qeyd edirdi ki, Ağa böyük şairimiz M.Füzulini daha çox sevirmiş, onun müxtəlif janrlarda yazdığı əsərləri mənalandırmaqda çox mahir olub.Fəlsəfi məzmunlu əsərləri çox aydın bir şəkildə şərh edərmiş.

         Ötən əsrin 40-50-ci illərində Hacı Mir Abbas Ağanın şeirləri Seyyidi Qəmnak təxəllüsü ilə o vaxtkı “Nuxa fəhləsi” qəzetində tez-tez görünərdi.

         Hacı Mir Abbas Ağanın oğlu Q.Ağayev bu sətrlərin müəllifinə söyləyirdi ki, atasının  külli miqdarda şeirləri olub. Onun yaradıcılığında qəzəl, qəsidə,(hətta həcvlər)  məsnəvi, rübai, qoşma və s. kimi janrlar əsas yer tutmuşdur. Ağanın vəfatından sonra onun əlyazmaları başqa əllərə keçmişdir. Kitab halında çap etdirəcəklərini vəd edənlər, təəssüf ki, öz vədlərinə xilaf çıxaraq həmin əlyazmaları it-bata salmışlar. Həm də Ağa çox vaxt şeirlərini bədahətən söyləmiş, onların çoxunu yazıya almamışdır.

         P.Qurbanov yuxarıda adı çəkilən əsərində AYB-nin və Jurnalistlər İttifaqının üzvü, “İncəsənət” qəzetinin redaktoru, bir sıra hekayə, povest və romanların müəllifi, tanınmış publisist mərhum Ə.İbrahimova istinadən qeyd edirdi ki, Hacı Mir Abbas Ağanın şeirləri ilə tanış olan görkəmli yazıçılarımız Anar, Elçin və digərləri bu şeirləri yüksək qiymətləndirmişlər.

         Hacı Mir Abbas Ağanın əldə olan bir neçə şeirini hörmətli oxucuların nəzərinə çatdırmamışdan əvvəl onların barəsində bəzi qeydlər etməyi lazım bilirik.

         Təqdim olunan ilk şeirin (“Qocalıq”)  Ağanın yaşının 80-90-cı illərində yazıldığı güman olunur.  Çünki bu şeirə qədər onun dilindən qocalığa aid giley-güzar eşitmirik. Şeirin məzmunundan o da məlum olur ki, elə bu yaşında da o öz fəhmini itirməmiş, təbinin rəvanlığını qoruyub saxlamışdır.

         Seyyidi Qəmnakın təqdim olunan ikinci şeiri Gəncədə (o vaxtkı Kirovabadda) N.Gəncəvinin 800 illik yubileyində bədahətən söylədiyi şeirdir. Hacı Mir Abbas Ağanın oğlu Q.Ağayev söyləyirdi ki, II Dünya Müharibəsi dövründə Nizaminin yubileyində iştirak etmək üçün Nuxa (Şəki) rayonundan Gəncəyə göndərilən nümayəndə heyətinin tərkibində atam da olub. Tədbirdə çıxış etmək üçün söz veriləndə o, bir neçə şeir söyləmişdir. Təəssüf ki, həmin şeirlərdən təkcədahi şairimizin böyüklüyündən söz açan “Nizami ilə görüş” şeiri əldə qalmışdır.  Mərasimdə atamın cibindən saatını da oğurlamışlar. O, şeirdə “Saatı bəxş elədim, heykəlinə bağmağıma” misrasında zarafatyana bu hadisəyə işarə etmişdir.

         Sonuncu, “Var” rədifli şeir isə Ağanın ən çox sevdiyi M.Füzuliyə həsr olunub. Bu şeir həm də özünü dahi Füzuliyə tay tutan, onu təqlid edənlərə- epiqonçulara tutarlı cavabdır.

         İndi isə şeirləri diqqətinizə təqdim edirik:

 

QOCALIQ

 

                   Qəflətən eylədi bu halı, pərişanlıq qocalıq,

                   Zövqü-səfamı aldı əldən, tamam qocalıq.

                   Üzüldü canım evi, qoymadı heç can qocalıq,

                   Oldu haram mənə eşq, həm də canan qocalıq.

 

                   Ömrümə tezcə əsdi, qocalığın yelləri çox,

                   Sovurdu qəlb evimi, dəstə açan gülləri yox.

                   Yazımı qarə çatıb, daşdırdı o, selləri çox,

                   Bu cavan ömrü tez etdi, zimistan qocalıq.

 

                   Bədənim düşdü zəif, sanki xəstə bir insanam,

                   Bu qocalıqmı, əzizim, gərək ki, mən inanam.

                   Buna xəstəliyin nə dəxli, bir söylə, anam,

                   Yalnız sadədil könlümü, eylədi şan-şan qocalıq.

 

                   Gözlərim görmür əsla, dizlərimdə yox taqət,

                   N səbrim, nə hövsələm var, nə də ki, canda qüvvət,

                   Əqlim də zay olub dəxi, nə var hünər, nədə qüdrət,

                   Çox yaman dərddir ki, bu, yox sana dərman, qocalıq.

 

                   Belimdə qulunc dayanır, gözlərimdən yaş tökülür,

                   Bağrımın başı yanır, elə vird et can sökülür.

                   Gün-gündən qədd əyilir, yaş ağac tək bel bükülür,

                   Gülməyən taleyimi, hey eyləyir qan qocalıq.

 

                   Allah eyləməsin, nə ola dava qurasan,

                   Göz görmür, taqətin yox ki, ixtilat vurasan.

                   Əl ağacına söykən, nə yaxşı ki, şax durasan,

                   Həsrət ilə baxar, hər işə heyran qocalıq.

 

                   Qulaqlar kar olubdur, mümkün yox ki, söhbət ola,

                   Ayə, bir söz də eşitmir, ya xeyir, qeybət ola.

                   Demə ki, yazıq Seyyidi Qəmnak, ağzında bir ləzzət ola,

                   Çarə yox vallah buna, gəlsə də, loğman, qocalıq

 

NİZAMİ İLƏ  GÖRÜŞ

 

                   Ey Nizami! Əşarının nə əcəb siqləti var,

                   Kimyadır mən deyərəm, həddən aşan qiyməti var.

 

                   Dünya-aləmdə vardır, sənin çox-çox hünərin,

                   Şerinə baxan deyər, dağdan ağır qüdrəti var.

 

                   Külli-bəşər yığıla, görə bir qiyamətin sözün,

                   Kimya kəlmələrin safı qızıl, tələti var.

        

                   Yeddi yüz il dolanıb, səkkizi dövr etdi tamam,

                   Ölməyibsən, dirisən, söhbətimin ləzzəti var.

 

                   Gəncə şəhəri yenə fəxr eyləsin bu ölkələrə,

                   Yetirib sən tək şair, gör nə gözəl nisbəti var.

 

                   Çox böyük qiymət qoydu, sənə xalqın da əcəb,

                   Surəti-heykəlin gördüm, anın da çox şöhrəti var.

 

                   Saatı “bəxş eylədim”, heykəlinə baxmağıma,

                   Bilmədim başının quldur dəstəsi, qarəti var.

 

                   Bir neçə tövsif yazıb Seyyidi Qəmnak Sana,

                   Gör nə cəsarətlə yazıb, necə bir xidməti var.

 

 

VAR

 

                   Baqi deyil Füzuli, Şeyximiz tək əcdadı var,

                   Yazıbdır neçə əşar, gör necə təbi-mənası var.

 

                   Yüzü yüz misi söylər, yaxar ustad invanına,

                   Yapışmaz, əzizim, saiti, nabi-nəfəsi var.

 

                   Gör neçə sənə keçmiş, nəzmi yenə kimyadır,

                   O, bir tacdadır nəzmdə, təşviqinə gümanı var.

 

                   Tazə-tər bahardır, xəzandidiyə nə hacət ki,

                   Təftiş eyləsin ustadı, mistəki dəvası var.

 

                   Seyyidi Qəmnak həvaxah misrasına ustadın,

                   Çün təkamüldür misrası, rəbbinin rüsxəti var.

 

 “Ədəbiyyat və incəsənət”

(24.07.2025)      

 

 

“Ədəbiyyat və incəsənət” portalı “Həvəskar yazarlar” rubrikasında bu dəfə sizə Yusif Afşarın “Gözüm yolda, könlüm səsdə” adlı hekayəsini təqdim edir.

Yusif Afşar (Alıyev) 1979-cu il aprelin 7-sində Qazax rayonunun Yuxarı Salahlı kəndində dünyaya gəlib. Fizika üzrə fəlsəfə doktorudur, Azərbaycan Pedaqoji Universitetinin Quba filialının direktorudur.

 

 

Boynundakı yara sağalsa da həkimlər hələ də hospitaldan çıxmasına icazə vermirdilər. Çünki hərəkət etdikcə ayağında və qaraciyərində oturmuş qəlpələr tərpənə bilərdi. Nicat isə israr etməkdə davam edirdi:

- Ay həkim, qurban olum, qoy gedim, axı o, küçədə məni gözləyir. Görüşümüz uzaq başı bircə saat çəkər. Lap istəyirsən, sən də get mənimlə, səni də tanış edim göz bəbəyimlə. Axı bu gün 8 martdır, onun bayramıdır. Keçən ay anam yanıma gələndə demişdim ki, Leyla bayramda gəlsin, mütləq görüş alacam həkimdən. 

Həkim isə peşəsinə sadiq qalırmış kimi soyuqqanlı şəkildə cavab verdi:

- Ay yoldaş leytenant, ay Şuşa fatehim, məni başa düş, mən də elə yaralarının sağalmasını nişanlın səni gözlədiyi kimi gözləyirəm. Qurban olum, imkan ver, işimizi sona kimi görək, qolundakı gipsi yenicə açmışam. Barmaqlarının yarası da indi-indi qaysaqlayır. Partlayış zərbəsindən dağılmış qulaq pərdən də sağalmayıb, hələ də qan gəlir. Vallah sağalandan sonra sizi mütləq evimə qonaq çağıracam. Amma indi olmaz, ciyərindəki qəlpə də çox pis yerdədir. Hər an tərpənib onikibarmaq bağrısağı kəsə bilər. Axı niyə məni bəd-bəd danışdırırsan? Dediyimə əməl et. Elə bilirsən, mən anlamıram səni? Mənim də ailəm, qızım var. Bax bu əziz günü mən də onlarla keçirmirəm, sənin yanındayam.

Nicat ümidsiz də olsa son cəhdini də etdi:

-Doktor, axı mən onu axırıncı dəfə müharibə başlamazdan əvvəl, avqust ayında kəndə məzuniyyətə gedəndə görmüşəm. Bu saat mənə yaramdan çox yarımla görüşə gedə bilməməyim əziyyət verir. 

-Olmaz, - deyə doktor Rəcəbov sərt şəkildə dilləndi.

-Doktor, Səməd Vurğunun bir şeiri var, yəqin onu oxumusan, - deyə Nicat incik şəkildə dilləndi.

-Hansını deyirsən? Səməd Vurğun dəryadır, o qədər şeiri var ki, - deyə onun yaralı ayağına sarğı dolayan doktor soruşdu. 

- İkinci dünya savaşında yaralı bir əsgərin dilindən yazılan şeiri deyirəm:

 

Doktor! Aman, doktor!

Sağlığıma güman yoxdur...

Bıçağını saxla bir dəm,

Bilirəm ki, öləcəyəm...

Gözüm yolda, könlüm səsdə,

Dinlə məni son nəfəsdə.

 

Rəcəbov bu təsirli şeirdən sonra sarğını bağlayıb üzünü yana çevirərək nəmlənmiş gözlərini sildi. İri sinəsini dərindən nəfəs alaraq doldurub, geri uzun bir nəfəs verərək fikirə getdi. Beləcə, fikirli-fikirli pəncərəyə yaxınlaşıb küçəyə baxdı. Dəmir barmaqlı hasarın o biri üzündə boz rəngli gödəkcə geyinmiş yaraşıqlı bir qız hospitala – Nicatın yatdığı pəncərəyə baxırdı.

Bu mənzərədən sonra doktor Rəcəbov “leytenantı buraxım, ya buraxmayım”, - deyə bir müddət öz-özünə danışdı. “Yox, buraxmayacam, hərəkət etsə qəlpə tərpənər və sonra daha ağır olar”, - deyə özünə təskinlik verdi.

Bəs o yolda qalan məsum qız necə olsun?

Doktor geri gəlib Nicatın yatağına yaxınlaşdı və dedi:

-Sənin ora getməyinə razı deyiləm, amma qoy gedib nişanlını bura gətirim.

-Yox doktor, yox, istəmərəm o bura gəlib buradakı yaralıları görsün, məni xəstə yatağında ziyarət etsin. Amma bir xahişim var, - deyə Nicat dilləndi.

- De görüm nə xahişdir, yoldaş leytenant, - doktor soruşdu. 

Nicat dərisi bir neçə yerindən çapılmış əlini cibinə salıb cibindən dörd yerə bükülmüş bir kağız çıxardı, doktora uzatdı:

-Doktor, bir zəhmət, al bu kağızı götür, nişanlıma verərsən, Daşaltıda qayalıqda gizlənib hücum komandası gözləyən vaxt yazmışdım. Söz vermişdim ki, bu gün onu Leylaya verəcəm, - deyə doktorun gözlərinə baxdı.

Doktor Rəcəbov üzəri qan ləkəsi ilə xal-xal olmuş, ortasından deşilmiş kağızı alıb cibinə qoymaq istəyəndə Nicat dedi ki, Doktor, cibinə qoyma, ağrın alım, o kağız məni ölümdən qorudu, üzərindəki deşik də qəlpə izidir, həmin qəlpə ciyərimdə dayandı, o kağız olmasaydı bəlkə də ölərdim.

Sonra da “Aç onu, orada yazdıqlarımı ucadan oxu” - deyə xahiş etdi.

Doktor Rəcəbov barmaqları əsə-əsə kağızı ehmalca açıb oxumağa başladı:

 

“Canım Leylam,

Dünyanın varlığı səsli-küylü olmasındadır, səsim küyümsən.

Dənizlərin həyatı ona axan çaylara bağlıdır, axan çayımsan.

Güllərin ətri onu yetişdirən torpağın gücündədir, gücüm qüvvətimsən.

Quşların cəh-cəhi açılan sübhün şəfəqindədir, al şəfəqimsən. 

Kainatın işığı Günəşdən gələr, doğan Günəşimsən.

Ətirlərin şahı ahu göbəyində yetişər, ətirli müşkümsən.

Cismin varlığı ruha bağlıdır, çağlayan ruhumsan.

Gözün kəsəri nurdan keçər, göz nurumsan.

Sevginin təmizliyi qəlbə bağlıdır, saf eşqimsən.

Uzun yolun qəti hərəkətə bağlıdır, dizimin taqətisən.

Yalanı kəsən Doğrudur, iti qılıncımsan.

Cəmi varlığın yaradıcısı Allahdır ki, ondan gələn ilahi payımsan.

Sənin Nicatın. 4 noyabr 2020-ci il, Daşaltı”

 

Doktor Rəcəbov qəhər boğa-boğa oxuduğu kağızı yenidən eyni izlərlə qatlayıb otaqdan çıxdı. Bir göz qırpımında bayaqdan küçədə sevgilisini gözləyən boz gödəkcəli incə belli, sarı saçlı, üzündən sevinc yağan qıza yetişib: - Alın bu kağızı, Nicat verdi, - deyə dilləndi. Qızın sual dolu gözlərinə baxa bilməyərək: - İcazə verilmədi yataqdan durmasına, dedi ki, bu kağızı sizə yetirim, - deyib bir göz qırpımında geri qayıtdı...

 

***

 

İki gün idi ki, nə leytenant, nə də doktor bir kəlmə kəsmirdilər. Doktor leytenantın  yaralarının sarğısını dəyişdirib gedirdi.

Gecə qəfil gələn zəngə onsuz da neçə gün idi səksəkəli yatan doktor hövlang oyandı:

- Bəli!

- Doktor, təcili hospitala gəlin, leytenant Binnətovun durumu qəflətən ağırlaşdı.

- Reanimasiyaya qaldırın, təcili, bu saat gəlirəm.

Xəstəxanaya necə çatdığını hiss etməyən doktor təşviş içində reanimasiya palatasına gələrək Nicatın çarpayısına yaxınlaşdı, əlini onun soyuq alnına qoyub, asta səslə: -Nicat, Nicat, mənim qəhrəmanım, nə olub sənə? – deyə soruşdu.

Nicat həkimin səsini eşitcək gözlərini azacıq aralayıb, ağarmış bənzinə xəfif təbəssüm gətirərək dodaqaltı zorla eşidiləcək bir səslə dedi:

 

-Doktor! Aman, doktor!

Sağlığıma güman yoxdur...

Bıçağını saxla bir dəm,

Bilirəm ki, öləcəyəm...

Gözüm yolda, könlüm səsdə,

Dinlə məni son nəfəsdə.

 

Nicatın dodaqları bağlandı, lakin təbəssümü hələ də üzündə idi.

Doktor böyük günah işləmiş insan kimi bütün tibbi müdaxilələri tibb bacılarının üzərinə qışqıraraq edirdi. Heç bir müdaxilə effekt vermirdi...

 

***

 

Bu da dəfn günü.

Doktoru hər şeydən daha çox yandıran tabutun ayaq tərəfini qucaqlayaraq dil deyib ağlayan boz gödəkcəli, sarı saçlı qız idi...

“Bağışla Nicat, keşkə sizi görüşdürərdim”, - deyə hönkürtü ilə ağlamaqdaydı doktor.

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2025)

 

 

 

 

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Tarixin ən çətin sınaqlarından alnıaçıq, üzüağ çıxan insanlar öz ömür yolunu deyil, bütöv bir xalqın taleyini dəyişir, milli yaddaşda silinməz iz buraxırlar. Belə fədakar insanlardan biri də Azərbaycan səhiyyəsinin inkişafına dəyərli töhfələr vermiş həkim, ziyalı, ictimai xadim, əsilzadə köklərə bağlı İsmət Məlik-Aslanovdur.

İsmət Məlik-Aslanov 1924-cü ilin yanvar ayının 18-də Azərbaycanın qədim və mədəniyyət beşiyi olan Qarabağın Tuğ kəndində dünyaya göz açmışdır. O, zadəgan kökləri ilə seçilən, Azərbaycanın tanınmış nəsillərindən biri olan Məlik-Aslanovlar ailəsinin nümayəndəsidir. Ailəsinin bəy mənşəli olması sovet dövrünün ideoloji basqılarına səbəb olmuş, bu səbəbdən də ailə 1930-cu illərin ortalarında Bakıya köçməyə məcbur qalır. Repressiv siyasətin təhlükəsindən qorunmaq məqsədilə atasının soyad dəyişməsi ilə nəsildə “Məlik-Aslanov”dan “Aslanov” formasına keçid edilir.

İsmət Məlik-Aslanov Bakıda orta təhsilini davam etdirərək, 1941-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki Azərbaycan Tibb Universiteti) qəbul olunur. Lakin Böyük Vətən müharibəsinin başlaması bu gənc və istedadlı tələbənin həyatını tam dəyişir. O, orduya çağırılaraq cəbhəyə göndərilir. Müharibə zamanı kontuziya alır, bir qulağında eşitmə qabiliyyətini demək olar ki, tamamilə itirir. Bununla belə, əzmkarlığı və vətənə bağlılığı onu ruhdan salmır – cəbhədən qayıtdıqdan sonra təhsilini davam etdirərək 1949-cu ildə ali təhsilini başa vurur.

Gənc həkim kimi ilk təyinatını Türkmənistan SSR-in Cərco (indiki Türkmənabad) şəhərində alır. 1952-ci ildə Rusiya Federasiyasının Nijeqorod vilayətinin Şatki şəhər tipli qəsəbəsinə göndərilir və burada rayon xəstəxanasının baş həkimi kimi fəaliyyətə başlayır. Bu vəzifədə qısa zamanda savadı, təşkilatçılığı və peşəkarlığı ilə fərqlənir.

1955-ci ildə doğma Vətəninə qayıdan İsmət Məlik-Aslanov ömrünün qalan hissəsini Sumqayıt şəhəri ilə bağlayır. Sürətlə inkişaf edən sənaye şəhərində sağlamlıq sisteminin formalaşmasında onun xidmətləri əvəzsiz olur. O, “1 saylı İttifaq səviyyəli tikinti tresti”nin (sonradan “Zaqafqaziyasənayetikinti” Tresti adlandırılıb) baş həkimi kimi 27 il (1955–1982) xidmət göstərir.

Onun zəhməti yüksək qiymətləndirilib. Belə ki, o, 1964-cü ildə SSSR Səhiyyə Nazirliyinin ən ali mükafatlarından biri olan “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunur. Bu mükafatı ona şəxsən o dövrün Sumqayıt şəhər İcraiyyə Komitəsinin sədri Kamal Axundov təqdim etmişdir.

1982-ci ildə təqaüdə çıxdıqdan sonra da səhiyyə sistemindən ayrılmayan İsmət həkim, Nasoslu (indiki Hacı Zeynalabdin Tağıyev qəsəbəsi) xəstəxanasında rentgenoloq kimi fəaliyyətini davam etdirir. Cəmiyyətin qayğılarına hər zaman həssaslıqla yanaşan İsmət Məlik-Aslanov 1988-ci ildən başlayaraq baş verən Qarabağ hadisələri zamanı Sumqayıta axın edən qaçqınlara əlindən gələn yardımı əsirgəmir.

Əmək fəaliyyəti dövründə bir sıra orden və medallarla, SSSR və Azərbaycan SSR dövlət qurumlarının diplom və fəxri fərmanları ilə təltif edilən İsmət Məlik-Aslanov eyni zamanda ədəbiyyata, poeziyaya da dərin maraq göstərmişdir. O, şeirlərində doğma Qarabağ torpaqlarına olan sevgi və Vətənə bağlılıq hissini incə duyğularla əks etdirmişdir. Lakin bir dəfə də olsun yazdıqlarını nəşr etdirmək istəməmiş, təvazökarlıqla bu təklifləri qəbul etməmişdir.

Qeyd etmək yerinə düşər ki, İsmət Məlik-Aslanovun ailəsi Azərbaycanın ictimai-siyasi həyatında da dərin iz buraxmış şəxsiyyətlərlə zəngindir. Anası Nabat xanım – Azərbaycan Xalq Cümhuriyyətinin Həmkarlar İttifaqları Konfederasiyasının ilk sədri və Lənkəran qəzasının General-qubernatoru Cavad bəy Məlik-Yeqanovun bacısı idi. Kiçik qardaşı Muxtar Məlik-Aslanov SSRİ Dövlət Mükafatı laureatı olan tanınmış alim idi. Bacısı Leyla xanım Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın analığı olmuşdur.

Ömrünü elmə, səhiyyəyə və insanlara xidmətdə keçirən, nəcib nəsildən gələn, cəfakeş həkim, sadiq, ləyaqətli bir azərbaycanlı İsmət Məlik-Aslanov 12 iyul 1996-cı ildə dünyasını dəyişsə də, göstərdiyi xidmətlərlə həm sumqayıtlılar, eləcə də ölkə vətəndaşları onu örnək bir həkim, ziyalı və vətəndaş kimi xatırlayırlar.

Bir sözlə, bu dəyərli ziyalının həyat yolu bir ömrə sığmayan fədakarlıqlar, əzmkarlıq və yüksək mənəvi keyfiyyətlərlə doludur. Bəli, təsadüfi deyildir ki, onun adı Sumqayıtın səhiyyə tarixində və minlərlə insanın yaddaşında dərin iz buraxıb.

 

Şəkildə: Hərbi çağırış zamanının fotoşəkli.

14 sentyabr 1964-ci il - SSSR-i "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif edilən həkimlər.

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2024)

18 -dən səhifə 2343

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.