BİRİ İKİSİNDƏ Ülvi Bahadırın şeirləri ilə Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində sizlər əardıcıl gənc şairlərin şeirləri təqdim edilir. Bu gün Ülvi Bahadırın şeirləri ilə tanış olacaqsınız.

 

Ülvi Bahadır 1994-cü ildə Azərbaycan Respublikasının İsmayıllı rayonunda anadan olub. 2012-2016-cı illərdə ADPU-nun filologiya fakültəsində təhsil alıb. Hazırda Kulis.az mədəniyyət portalında çalışır.

  

Qırmızı yuxu

 

Başımız üstündə qırmızı bulud,
qırmızı-qırmızı baxır bizlərə…
çiyələk qoxulu qırmızı külək…
…sevgimi paylayır sevgisizlərə?..

Qırmızı yarpaqlar bəzəyir yeri…
…gedir sonsuzluğa bir qırmızı yol…
Qırmızı yanaqlı bir qız oxuyur...
"Mən səndən küssəm də, sən yanımda ol…”

Qırmızı bir qarğa neçə saatdır
üzümə durubdu qızıl-qırmızı…
Qırmızı sahildə oğlan nə vaxtdır…
…qırmızı dodağa qalıb tamarzı…

Qırmızı ay çıxır qaranlıqlardan…
səssizlik mahnısı zümzümə edir...
"Bir cavan oğlanın nəmli qisməti…
…bir qızın qızarmış qismətindədir”.

Qulaq as… qulaq as, qırmızı ruhum,
daha burda qalma, sonsuzluğa uç…
– A bala, qan yuyub aparır səni!
– Alo...
– Alo! 103?..

 

Bir gün...

 

Gün keçdikcə...
... sevdiklərinə daha çox sarılmaq istəyir insan –
Bərk-bərk... bərk-bərk...
Ayaqlarına düşüb yalvarmaq istəyir:
“Ölmədiyinizə çox sağ olun”...
Tez-tez ayaqqabılarına baxar – görüm həminki yerindədirlərmi?
Tez-tez paltarlarını qoxlayar – görüm əvvəlki ətrindədirlərmi?
Bəzən ayaqlarından əvvəl ayaqqabıların ölər, çünki
Bəzən ruhundan qabaq ətrin çatar Tanrıya...
Və ya...
...gün keçdikcə daha çox yorulmaq istəyir insan...
o qədər yorulmaq ki...
...yorulmaq əlindən bezib atsın özünü kimsəsiz körpülərdən...
o qədər yorulmaq ki...
...əllərin səndən xəbərsiz rədd olub getsin bu şəhərdən...
Bir də... hərdən
...gün keçdikcə daha çox vurulmaq istəyir insan...
cavabsız zənglərə...
zəhərli balınclara...
bağlı qapılara...
qutsal yollara...
Bəzən də...
...dünyanın ən unudulmuş dağına çıxıb qışqırmaq istəyir insan:
Tanrım, sən hara... bura hara?..

Empatiya

 

Qaşıdığım divarlar
Üstümə gəlir, eyvah.
Tavanda bir ağ dovşan
Üzümə gülür, eyvah.
Səhərdəndi bir xanım
Məğrur qəhqəhə ilə
Gülür televizordan
Deyəsən, bilir, eyvah.
Ölür... ölür...görürəm
teldəki sərçələr də...
Öpür...öpür...görürəm
Şimal küləklərini...
Bax, mən də beləcəyəm
Ayağımı sallayıb bir yalquzaq küləkdən... sərçətək oturmuşam
Sonra birdən, qəflətən
Saçımdan-ayağıma...
Gözümdən-dodağıma,
Yaşımdan-yanağıma...sənsiz-sənsiz olmuşam...
Yaxınların yorğunu bir uzaq tanıyıram...
Barmağımın ucunda...
Saçımın arasında...
Dizimin yarasında...
Gözlərimin içində...
Dünyanın axırında... kimsənin bilmədiyi... alatoran evimdə...
Uzaqların adamı yalquzaq tanıyıram...
Uçurumun sonuncu... daşından asır özünü
Ağzı ilişir budaqlara... dişindən asır özünü...
Sonra heç yoxmuşcasına... yetim bir ilğım kimi kiçilir gözlərimdə...
Tanrı hiyləgərcəsinə, qiyamətin vaxtını...
...savadsız uşaqlar kimi...köçürür gözlərimdən...
Deyəsən, bilir, eyvah
Gülür televizordan
Məğrur qəhqəhə ilə
Səhərdəndi bir xanım
Üzümə gülür, eyvah
Tavandakı ağ dovşan.
Üstümə gəlir, eyvah
Qaşıdığım divarlar.

 

Boy at

 

Süpürgəçi qarılar küçələrdən süpürəndə ulduzları...
Ulduzlar axın edir pəncərələrə...
Sənsə...
...sənsə, kim bilir, indi hansı nağılın baş qəhrəmanısan yuxularında...
Bəzən günəş elə barmağının ucundadı...
...sənsə küyə düşüb səmaya baxırsan...
Alatoran küçələrin birində...
Bir balaca uşaq var...əlində bir parça boyat çörək...
Arxasınca quduz itlər hürüşür...
Uşaq qaçır... itlər qaçır...
İtlər qaçır... uşaq qaçır...
Sonra itlər yorulur... ləhləyir... dayanır...
...amma uşaq qaçır... qaçır... qaçır...
...əlindəki boyat çörəyi dişləyə-dişləyə...
Sonra həmin uşaq ilişib ağzı üstə yıxılır çörək mağazasının qabağına...
Durur üst-başını təmizləyir...ağzının qanını çirkli paltarıyla silir uşaq...
Qəlbində mələklərin orkestri...
...dünyanın ən qədim musiqisini pıçıldayır uşağın qulaqlarına...
Yavaş-yavaş gedir uşaq... sübhün qoynuna
Sonra birdən günəşə ilişib yıxılır.

Təqib

 

Nəfəsimdən asılan bir gecə...
Mavi sonsuzluqlar qırmızı ləçəklərə dönərkən...
Saçlarımın ucundan yeni bir günün rüzgarı əsərkən...
Bədənimdə... ruhumda... ən dərinlərimdə...
Dünənin yadigarı...
Sərxoşluqdan qalan dəli bir gülümsəmə...
Rüzgar avarını çəkir sonsuzluq okeanında...
Yoxluğa məhkum olmuş ay işığı kirpiklərindən ağarır...
Hər şeydən xəbərsiz günəş...
...şəfəqlərini axtarır qarderobundan...
Qədim bir meşə... sonsuz bir dəniz...
Və xəfif bir arzu kimi...
Məndən...
gecədən...
qaranlıqdan...
Aydan...
ulduzlardan...
Mənə aid olan nə varsa...hər şeydən
...uzaqsan... uzaqsan... uzaqsan...
Cəhənnəm atəşinə yaxınlaşarcasına...
Közərən taleyimlə axınlaşarcasına...
Bir ümidin iziylə...
Bir nəğmənin səsiylə...
Bir ocağın hisiylə...
Qızılı sonsuzluqda quzğunlaşarcasına...
Uçuram...uçuram...uçuram
Və...
...sən gəlirsən ardımca... Tanrının nəfəsində...

Şərt

 

Sübh çağının qutsal sükutunu çəkirəm nəfəsimə...
Dünyanın ən qədim məbədində...
İnsanlığın ilk nəğməsini pıçıldayıram...
əllərim süd qoxuyan ətcəbalalar kimi uzanıb Tanrıya...
hardasa min il var...
...məni sevməməyin üçün dua eləyirəm...
Sən elə yağışı da sevirdin bir zaman...
...amma öldürdün onu alabəzək çətirlərində...
De görüm... de görüm heç saçlarına yazığın gəlmədi?..
Gözlərinə... əllərinə... dodaqlarına
Sən elə küləyi də sevirdin bir zaman...
Bəs niyə arxa çevirdin... güvənsiz dostlar kimi...
Bağladın pəncərələrini... örtdün qapılarını...
Dağılışdı bütün kəpənəklər...
Uçdu getdi bütün qaranquşlar o kimsəsiz küçədən...
Sən elə günəşi də sevirdin bir zaman...
Söylə görüm rahatsanmı... o daxmanın kölgəsində?..
Alın yazın silinməyib qaranlığın əllərində?..
Sən günəşə çıxsan indi, əriyərsən... çürüyərsən...
Boz torpağın yaddaşında səssiz-səssiz yürüyərsən...
Ən yaxşısı, yavaş-yavaş dinlə məni...
Yağışlarda qaça-qaça arınıb gəl...
Küləklərə uça-uça sarınıb gəl...
Günəşlərdə saça-saça daranıb gəl...
Sonra gəl qon kirpiyimə...
...sev məni...

Arxaik

 

küçələr vardı haa...
dopdolu küçələr...
Bir qadının göz yaşıyla axıb getdi uzaqlara...
İndi burda park salınıb...
Balaca yelləncəklərdə...
Uşaqlar yellədirlər öz bədbəxt analarını...
Bir də gördün...
Bir əl çıxır torpağın altından göz yaşı formasında...
Dartıb aparmaq istəyir... o ətcəbalaları...
Bir də gördün...
Bir səs gəlir ayağının altından...başının üstündən...
Ayaqlarının tozunu silir... göz yaşıyla...
Saçlarını darayır... nəfəsiylə...
Ağacların köklərindən su qalxır ən ucdakı yarpağına...
ağaclar parçalanıb, çevrilib beşik olur...
beşiklər birləşib, çevrilib kəfən olur...
kəfənlər çürüyüb, çevrilib torpaq olur...
torpağın arasında bir ovuc qabırğa nəfəs alır min ildi...

 

 

Yad daş haqqında 

Bəzən elə susur həyat,
Bəzən elə susur zaman,
Kirpiklərin bir ucdan tökülür əllərinə.
Dodaqların karıxır,
Gözlərin bina kimi uçulur ən dərinə.
Bəzən elə susur həyat,
Bəzən elə susur zaman,
Ağaclar un kimi ovulub tökülür öz içinə.
Yarpaqlar qalır havada.
İldırımların altında,
Qızıl qanların üstündə
İnsanlar savaşıb ölür,
Torpaqlar qalır havada.
Bəzən elə susur həyat,
Bəzən elə susur zaman,
Küləklərin hıçqırtısı gözlərinə nəm salır.
Utancaq əlsizliyin,
Yorğun qucaqsızlığın
Kiflənmiş yaddaşına həzin “sevirəm” salır.
“Sevirəm” dediyimiz adamlar
Heç Allah da bilmir ki,
Hansı gözlərdə quruyur,
Hansı dodaqlarda alçalır.

Axtarış

 

Əlimdə ayaq izlərin,
Səni axtarıram tanımadığım küçələrdə:
Hər tərəf saçlarla dolu…
Hər tərəf gözlərlə dolu…
Hər tərəf qoxularla dolu…
Səpə-səpə gedirəm ayaq izlərini.
Sən ki tükü tükdən seçənim,
Sən ki kəm gözlərdən keçənim,
Sən ki bütün qutsal qoxuları şərab kimi içənim!
Gör və gəl ardımca!
Arzuları boş ver.
Xəyalları unut.
O bədəni soyun!
…yapyalnız unudulmuş o sərsəri ümidə
gülə-gülə görün, gəl!
Sonuncu ayaq izin dilimin ucundadı.
Gecə duası
Küçəsində it ulayan
Bir yetim, əyyaş şəhərəm.
Gözlərimə sovurduğun
Külümü tapa bilmirəm.

Bəzən insan çəkinir
Alnıaçıq gəzməkdən,
Qorxur ki, oğurlayarlar
Alın yazısını da...

Olur ki, gələcəyin də
Keçmişinin tulasıdı.
Saçlarını tumarlayan
Bir kor pişik balasıdı.

Gündüz eyni, gecə eyni...
Otaq eyni, yataq eyni...
Eyni... eyni...
Qucaq eyni...
Bölük-bölük...
Xıncım-xıncım...
Sönük-sönük...
Bəzən çarəsiz xəstəlik olur
Təsadüfsüzlük...

Sonsuz durna qatarında
Gözündən vurulan durna
Uğursuz qəhrəman kimi
Düşdü Tanrının toruna,

Bəzən istəsən də, bilməzsən
gülüş
Ölümdü, ya qalımdı,
Ona görə də gülməzsən.
Hardan biləsən ki,
Unutmaq üçün doğulmamaq lazımdı.

 

Senti(men)tal

Bilirsən, indi nə haldayam, cənab psixoloq,
Elə bil ayaqlarımın yerində minlərlə qaranquş var...
əllərimin yerində kəpənək ordusu...
Ona görə yaz aylarında özümə qapanıram… keyiyirəm.
O gün sevgilim dizimin üstündə yatmaq istədi...
Qorxdum, cənab psixoloq, qorxdum,
Qorxdum ki... qorxdum ki, qaranquşlar duyuq düşər,
Həm ayaqsız qalaram... həm də ürəksiz
Ancaq həm də istəyirəm...
Qaranquşsuz bir dünyada sevgili nəyə lazımdı ki?
Çarəsizliyimi danışa bilmirəm Tanrıya, cənab psixoloq,..
Ancaq danışacam...
Mütləq danışacam...
Çünki istəyirəm qollarımı qaldıranda dünya kəpənəkləşsin...
Eybi yox, qoy mən qolsuz qalım...
Cənab psixoloq, o qədər yorğunam ki,..
İndicə bir ac quş...
qoy gəlib didsin məni...
Hər gün bir tikə aparsın...
...o ağacın budağındakı
günəşi hələ yarım görən ətcəbalalarına...
Quşlarsız bir dünyada yaşasam, nə olacaq ki?
Bilmirəm, bəlkə də, heç nə olmayacaq...
Bəlkə də, olacaq...
Olacaq...
Olmayacaq...
Ola...
Yeri gəlmişkən,
Siz “Başsız atlı” romanını oxumusunuz?..

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.