İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Onu çox erkən itirdik. Cəmi 28 il ömür sürdü. Və onu itirəndə hər kəsin dilində bir nida var idi, “heyif səndən, Vüqar!”
Qrosmeyster Vüqar Həşimov 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olmuşdu. Şahmatdan başqa məharətlə pianinoda da ifa edirdi. Poeziyanı sevirdi. Boş vaxtlarında futbol və böyük tennislə məşğul olurdu. Fenomen yaddaşı ilə dünya tarixini, coğrafiyasını, musiqisini, idmanını və 7-dən çox xarici dili mükəmməl bilirdi.
Əfsus ki, belə fitri istedadlar çox yaşamırlar.
Amma əsas uğurları şahmatla bağlı idi. Ona hər kəs dünya çempionluğu vəd edirdi...
2009-cu ildə komandalar arasında Avropa Çempionatında Azərbaycan yığmasının heyətində yer aldı və yığmaməz dünyanı heyrətləndirərək qızıl medala sahib oldu. 2011-ci ildə Rusiyanın Xanti-Maysiysk şəhərində təşkil olunan Dünya Kubokunda 1/4 final mərhələsində qədər irəliləyib orada mübarizəni dayandırdı. Həmin ilin noyabrında Yunanıstanın Porto Karras şəhərində keçirilən komandalar arasında Avropa Çempionatında Azərbaycan yığmasının heyətində yer aldı və yığmamız Vüqarın parlaq çıxışı sayəsində yarışı gümüş medalla başa vurdu.
Avropa Çempionatından təxminən bir ay sonra, dekabr ayında Vüqar Çinin paytaxtı Pekində keçirilən "SportAccord" Dünya İntellektual Oyunlarında iştirak etdi. Bu oyunlarda rapid növündə gümüş medal qazanan Vüqar gözübağlı sürətli növdə bürünc medala sahib çıxdı. Yarışın rəsmi saytı bütün iştirakçıların oxşarlarını açıqladıqları siyahıda Vüqar Həşimovun xasiyyətinə görə əfsanəvi Ceki Çana oxşadığını qeyd etmişdilər...
Uğur xronologiyasına diqqət edək:
Xronologiya
1. 1996/2000/2002-ci il – Ukrayna, Aluşta, İspaniya, Minorka dünya çempionatının vitse çempionu
2. 1997-ci il – İstanbul "Zafer Haftesi" open turnirin qalibi
3. 1999-cu il – Rusiya, Moskva "Kasparov Kubokunun" qalibi
4. 1999-cu il – Beynəlxalq Usta dərəcəsi
5. 2000-ci il – Ukrayna şahmat olimpiadasının qalibi
6. 2002-ci il – "Trip Lite və Best Comp Qrup" kubokunun qalibi
7. 2002-ci il – Qrosmeyster dərəcəsi
8. 2004-cü il – Heydər Əliyevin xatirəsinə həsr edilmiş Sürətli şahmat turnirinin qalibi
9. 2005/2007/2008-ci il – Türkiyə, İstanbul şahmat festivalının qalibi
10. 2006/2007/2008-ci il – Fransa Kapella la Qrand open turnirinin qalibi
11. 2007-ci il – İspaniya, Barselona, Sanxenxo beynəlxalq turnirin qalibi
Vüqar Həşimov 2002, 2004, 2006 və 2008-ci illərin Şahmat Olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış edib. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanıb. Dəfələrlə 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub.
2009-cu ildə məhz Qrosmeyster Vüqar Həşimov Azərbaycan Şahmat yığmasını Avropa çempionu edib. 2009-cu ildə Çinin paytaxtı Pekində keçirilən Dünya İntellektual oyunlarının Rapid növündə gümüş medal, gözübağlı sürətli şahmat növündə isə bürünc medala sahib çıxıb.
2008-ci ildə Bakıda keçirilən Planetin I Qran Piri mərhələsində qızıl medala sahib olub. 27 dəfə Azərbaycan bayrağını dünya və avropa şahmat arenalarında yüksəkliklərdə dalğalandırıb.
Amma 2013-cü ildə onda xərçəng xəstəliyi aşkar olunub.
11 yanvar 2014-cü ildə müalicə olunduğu Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişib.14 yanvar 2014-cü ildə mərhumla vida mərasimi Respublika Şahmat Mərkəzində təşkil olunub. O, həmin gün II Fəxri Xiyabanda dəfn edilib. 2014-cü ilin aprel ayında, Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq şahmat turniri təşkil edilib.
Turnirdə dünya ulduzları - Maqnus Karlsen, Fabiano Karuana, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Sergey Karyakin, Hikaru Nakamura, Etiyen Bakrot, Vang Hao, Rauf Məmmmədov, Qədir Hüseynov, Pavel Elcanov, Rodoslav Voytaşek, Aleksander Motilev, Eltac Səfərli, Nicat Abbasov və Vasif Durarbəyli kimi şahmatçılar iştirak edib. Növbəti illərdə də bu turnir ənənəvi olaraq keçirilməyə davam edir.
2016-cı ildə Bakıda Qrosmeyster Vüqar Həşimov Şahmat Akademiyası fəaliyyətə başlayıb.
Allah rəhmət eləsin!
O heç vaxt unudulmayacaq.
“Ədəbiyyat və incəsənət”
(24.07.2025)