İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi
“Ədəbiyyat və incəsənət” portalı oxucularına "Qələm tutan incə əllər" layihəsində Cəlilabad ədəbi mühitinin xanım yazarlarını təqdim edir. Bu dəfə növbədə Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndəsi, AYB-nin üzvü, pedaqoq və şair Sevil Gül Nur xanımdır. Onun lirik, sevgi şeirləri çox sevilir və mən əminəm ki təqdim edəcəyim parçalara heç kəs biganə qalmayacaq.
Qısa təqdimat:
Məmmədova Sevil Gülverdi qızı (Sevil Gül Nur): 1982-ci ilin yanvar ayının 4-də Bakı şəhərində dünyaya göz açıb. Orta təhsilini Cəlilabad rayonunun Privolnoye kəndində Elnur Hüseynov adına 1 saylı tam orta məktəbdə alıb. 2002-ci ildə Bakı Sənaye - Pedaqoji Kollecinin ibtidai təhsil fakültəsinə daxil olub. Oranı bitirdikdən sonra ədəbi fəaliyyətlə məşğul olub. İlk şeirləri 2006-cı ildə "Ədalət və Həqiqət" qəzetində dərc olunub. O vaxtdan mütəmadi olaraq yerli və xarici mətbuatda, eləcə də müxtəlif internet portallarında dərc olunur.
İlk şeirlər kitabı olan "Sən və mən" 2006-cı ildə çapdan çıxıb. 2018-ci ildə Qarabağ savaşının milli qəhrəmanları haqqında bədii - publisistik "Şəhadət sarayı" adlı kitabı işıq üzü görüb. Kitabın təqdimatı ölkə daxilində geniş miqyasda təşkil olunub. Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Cəlilabad və Bakı şəhərlərində keçirilən təqdimatda şəhid ailələri, qazilər, qələm əhli və mətbuat işçiləri iştirak edib. Bundan əlavə, Bakı şəhərində bir neçə məktəb və kitabxanalarda da, bu kitabın təqdimatı təşkil olunub.
Məktəblilərin iştirakı etdiyi bu təqdimatda müəllifin vətənpərvərlik şeirləri şagirdlərin ifasında səslənib, kompozisiyalar hazırlanıb. Bu kitabların elektron variantı Azərbaycan Milli Kitabxanasına yerləşdirilib.
2020-ci il Vətən Müharibəsi dövründə Cəlilabaddan olan şəhid ailələri ilə görüşüb, şəhidlər haqqında məqalə yazaraq müxtəlif saytlar, qəzetlər və jurnallarda dərc etdirib. Eləcə də Biləsuvar, Naxçıvan, Yardımlı və Bakıdan olan şəhidlər haqqında şeir və məqalələr yazıb.
2021-ci Biləsuvardan olan şəhid kapitan Nihad Babayevdən bəhs edən "Qələbə eşqi ilə böyüyən kapitan", 2022-ci ildə isə Naxçıvandan olan şəhid Saday Məmmədəliyevə həsr edilmiş "Şuşa qartalı" adlı povesti dərc olunub. Təqdimatlar şəhid ailələri, qazilər və yerli icra nümayəndələrinin iştirakı ilə Bakı və Biləsuvar şəhərlərində keçirilib.
2023-cü ildə Yardımlı rayonundan olan Vətən Müharibəsi şəhidləri haqqında "Zəfər şahinləri" adlı kitabı çap olunub. Kitabın təqdimatı Bakıda və Yardımlı rayonunda, eləcə də Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) keçirilib.
2023-cü ildə daha bir kitabı - "Darıxmağın dadı" adlı şeirlər kitabı dərc olunub. Bu kitabın təqdimatı söz adamları, oxucular, şəhid ailələri və məktəblilərin iştirakı ilə Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda keçirilib. Eyni zamanda, "Darıxmağın dadı" adlı kitabı qardaş Türkiyədə türk dilində çap olunaraq oxucuların ixtiyarına verilib.
Sevil Gül Nur bir çox ədəbi mükafatlara layiq görülmüş və bir çox təşəkkürnamələrlə təltif olunmuşdur. Ədəbi fəaliyyəti dövründə daim şəhid ailələrinin yanında olub, bir çox şəhidlərə həsr olunmuş tədbirlərdə iştirak etmişdir. Eləcə də hərbi hissələrdə təşkil olunmuş dövlət tədbirlərində iştirak etməkdən imtina etməyib.
Yaradıcılığının böyük hissəsini vətən və şəhid mövzularına həsr edən yazar xanım 2022-ci ildə "İlin vətənpərvər şairi" mükafatına layiq görülüb. O, həm də onlarla kitabın redaktor və korrektorudur.
Hal-hazırda ölkənin "Zərif kölgələr" saytının redaktoru kimi fəaliyyət göstərir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2019-cu ildən Bakı şəhərində məktəblərin birində müəllim vəzifəsində çalışır. Ailəlidir, üç övladı var.
Bədii ədəbiyyat nümunələri:
"Səkkiz dəqiqə"
Atasan qürurunu, keçəsən inadından,
İncik olduğunu da çıxarasan yadından,
Boylanıb ümidlərin gündoğan tərəfinə
Ona məktub yazasan bu gecə öz adından.
Yazasan ki, susaraq həsrətimə alışma,
Gedişimə üsyan et, unutmağa çalışma,
Aş bütün əngəlləri, sərhədləri qırıb tök,
Aramıza sədd çəkən ayrılıqla barışma.
Yazasan ki, bir addım məsafədə dayanma,
Vüsal uzaq olsa da, çox yaxındır yol amma.
Hər dönüş bir ümiddir, hər ümid bir başlanğıc,
Ömür gözləmək üçün çox qısadır, yubanma.
Yazasan, tənhalığın ağrısı da səngimir,
Sənsiz şeirlərim də dəyişib ahəngini,
Ürəyim qəm bağlayıb adını söyləməkdən,
Gözlərim yuyulmaqdan itirib öz rəngini.
Yazasan ki, bilmirsən, yoxluğuna əsirəm,
Səndən incimirəm e, mən özümdən küsürəm.
Acığımı çıxıram sən sevdiyin hər şeydən -
Dodağımı didirəm, saçlarımı kəsirəm.
Yazasan ki, getməklə öz evimi yıxmışam,
Sonra giley edəsən: Nə tez yaddan çıxmışam...
Göz yaşın ləkə sala yazdığın sətirlərə,
Kağızın sol küncünə yazasan: darıxmışam...
Yazasan ki, sənin də qəlbinə qəm yığılsa,
Gecələrin qoynunda ruhun qəfil sıxılsa,
Desən ki, "darıxıram, qurban olum, qayıt, gəl",
Allah haqqı, gələrəm, lap dünya da dağılsa...
Ya da dəli şeytanın dediyinə uyasan,
Səhərlərin birində qapısını döyəsən.
Səkkizcə dəqiqəyə sığdırıb hisslərini,
Bir şeir oxuyasan, "gəl barışaq" deyəsən...
"Dönmərəm"
Gəlişilə gerçəkləşmiş yalan yuxum,
Cana gəlmiş can vermədə olan duyğum,
Nəfəsilə isinmədə bütün ruhum,
Donmaram ki...
Buraxmaz ki, çulğadısa bu eşq kimi,
Ruhlandıran bir hiss varmı saf eşq kimi?
Bütün dünya qarşı çıxa, öz eşqimi
Danmaram ki...
Dağ səbrimi döndərərəm aya, ilə,
Həsrətindən külə dönmək olsa belə,
Ağrıları gətirmərəm əsla dilə,
Dinmərəm ki...
Yüz min tikə qoparalar bu tənimdən,
Ya dərimi sıyıralar bədənimdən,
Xeyri yoxdur, "Eşq" adlanan bu dinimdən
Dönmərəm ki...
Son olaraq doğma elimizin tanınmış şairi Sevil Gül Nur xanıma uzun, sağlam, mənalı-məsud ömür, yaradıcılıq sahəsində yeni-yeni nailiyyətlər arzulayıram!
“Ədəbiyyat və incəsənət”
(25.07.2025)