ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Rövşən Məmmədova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

 

RÖVŞƏN MÜŞFİQ OĞLU MƏMMƏDOV

(29.10.1995.-13.10.2020.)

 

Mingəçevir şəhərində anadan olmuş, Əslən Şəkinin Böyük Dəhnə kəndindən olan, Sumqayıt şəhər 4 nömrəli orta məktəbin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi.

Şəhid olduğu yer:  Tərtər rayonu Suqovuşan.

Dəfn yeri:  Şəki rayonu Böyük Dəhnə kəndinin Şəhidlər Xiyabanı.

 

 ÖLMƏZ RÖVŞƏN

 

- Ana, əsgər gedirəm, salamat qalın, dedi,

Vaxtdır, azğın düşməndən qisası alım, dedi.

Göz yaşını gizlədib, ana: -Yaxşı yol, bala,

O böyük yaradanın nəzərində  ol, bala.

Torpaq sizindir oğlum, düşməndən almalısız,

Bir yolluq düşmən üstə qələbə çalmalısız.

 

Ana əziz balasın sonuncu dəfə öpdü,

Silərək göz yaşını, arxasınca su səpdi.

Rövşən yola düşdü zaman ayrı zamandır,

Bəlkə bu səfər ona ən böyük imtahandır.

 

Azərbaycan əsgəri tarixə sözün deyir,

Düşmən çaşbaş qalıbdır, gic kimi gözün döyür.

Budur qaçırlar onlar, qorxudan dovşan kimi,

Lap deşik axtarırlar, girməyə siçan kimi.

 

Rövşən yoldaşlarıyla daima qabaqdadır,

Güclüdür lap şir kimi, çünki Qarabağdadır.

Nə qədər yüksəkliyə sancılır bayrağımız,

Mərdlərin hünəriylə qayıdır torpağımız.

 

Bax ondakı cürətə, ondakı cəsarətə,

Suqovuşanda yetdi, ucaldı şəhadətə...

Gözlərinin önünə gəldi bir an Sumqayıt,

Mənzərə anasının sözü:-salamat qayıt.

Atası Müşfiq ona çox əziyyət çəkmişdi,

Gözün açmaq istədi, yox... qaranlıq çökmüşdü.

 

Məhsulun bərəkəti torpaqdadır, dəndədir,

Mingəçevir ilk məkan, o, Böyük Dəhnədəndir.

Qısaca ömründə o, keçdi nə qədər ünvan,

Bəzən neçə illərdən mənalı olur bir an.

 

Yaşadı ləyaqətli, şərəfli, gözəl ömür,

Qartal zirvədə uçur, qartal heç vaxt sürünmür.

Sumqayıt Rövşən  üçün necə doğma məkandır,

Burda hamı əzizdir, bir-birinə həyandır.

 

ADNSU-da oxumaq Rövşənə qismət oldu,

Müəllimlər verdiyi  “əla”lar qiymət oldu.

Buranı bitirərək olmuşdu geofizik,

Deyirdi xalqımızın xoş gələcəyi bizik.

 

Bunları bircə anda göz önünə gətirdi,

Mənalı  həyatını şərəf ilə bitirdi.

Adı düşdü Rövşənin ölməzlər sırasına,

Məlhəm ola bildi o, Vətənin yarasına.

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2025)

 

 

İlahə Allahverdiyeva, “Ədəbiyyat və incəsənət” üçün

 

Qərbi Azərbaycan – dağların kölgəsində, suların dərinliyində, torpağın sükutunda bir xalqın tarixini daş-daş, iz-iz yaşadan unudulmaz bir coğrafiyadır. Bu ərazilərdə hər daş danışır, hər çay söyləyir, hər ağac kökləri ilə bir tarix pıçıldayır. Səssizlik də danışır burada — çünki bu səssizlikdə bir xalqın köçürülmüş, amma heç vaxt qırılmamış nəfəsi yaşayır. Hər addımda, hər abidədə, sanki sükuta bürünmüş bir dua səslənir.

 

O duaların ilk nəğməsi Zəngəzurun zirvələrindən yüksəlir. Burdakı dağlar  təbiət möcüzəsi olmaqla yanaşı həm də dirənişin daş kitabəsidir. Bu yerlərdə Gülnəzər məscidi artıq görünməsə də, varlığı sanki torpağın dərinliyində nəfəs alır. Sıldırım qayalar hələ də sükut içində o köçün kədərini, o müqavimətin əzmini daşıyır. Daşlara hopmuş səslər, əsrlərin sükutunda xalqın həsrətini dilləndirir. Ələsgər mahalının bağrında isə Dəmirçilər kəndinin memarlıq inciləri – qoşa minarəli məscidi və qədim karvansarası – artıq yalnız xatirələrdə yaşayır.

 Bu səslər  bir axın kimi, İrəvana doğru enir. İrəvan qalası keçmişin sinəsinə çəkilmiş çapıq kimi hələ də ayaqdadır. Onun hər daşında bir döyüş, hər səssiz divarında bir hayqırtı yatır. Rəcəb Paşa məscidinin qalmış qalıqları isə duaların zamanla necə daşlaşdığını göstərir. Şəhər unudulmaq istənən bir yaddaşın mərkəzinə çevrilmiş – özü silinmiş, amma izləri hələ də qəlblərdə yaşayan bir məkandır. Səfəvilər dövrünün mədəniyyət izləri – hamamlar, mədrəsələr, xanəgahlar – bir-bir yoxa çıxdıqca, torpaq daha da ağırlaşır. İrəvanın Əmir Sədi məscidi, Abbas Mirzə karvansarası və Güllü mədrəsəsi artıq daşda deyil, xalqın yaddaşında yaşayır.

 Oradan yol bizi Göyçəyə aparır – elə bil İrəvanın kədəri bu suların əksində sükuta qərq olur. Göyçə gölü öz dərinliyində illərlə gizlədilən xatirələri də saxlayır. Gölün səssizliyi, ətrafındakı türbələrin daş susqunluğu ilə birləşərək görünməyən bir nəğməyə çevrilir. Hər dalğa bir xatirə, hər külək bir ad qoyur bu torpağa. Hacılı və Zod kəndlərindəki minarələr, Kərimli məscidinin əyilmiş qapıları indi sadəcə küləyin oxuduğu sətirlərdir. Daşkənd kəndinin iki minarəli məscidi və Qurudərə kəndinin mədrəsəsi bir zamanlar bu torpağın maarif çırağı olmuşdu.

 O nəğməni dağlardan çırpınaraq Dərələyəz qarşılayır. Dərələyəz qalası fırtınalara sinə gərmiş bir əzəmət simvoludur. Bu torpaq danışmasa da, Təpəgöz məscidinin izləri bu danışılmaz sükutu tamamlayır. Burada izləri silinməyə çalışılan hər məscid, hər qala bir xalqın zamanla daşlara köçmüş özünüdərkidir. Dərələyəzin yolları bizi Basarkeçərə doğru aparır – orada türbələrin baş daşları, xalqın boynubükük, amma yenilməz yaddaşına çevrilir. Ərdəşəvi, Qarakilsə və Dəvəgözə kəndlərindəki abidələr – həm keçmisin  bir parçası, həm də ümidin sükutda gizlənmiş sədasıdır.

 Basarkeçərin səssiz dağlarından Şörəyelin sərt torpaqlarına keçid elə bil tarixdə bir səhifənin çevrilməsidir. Şörəyel türbələri, dağların qoynunda uyuyan, amma xalqın ruhunda daim oyanıq qalan bir tarixin izləridir. Bu diyarda zaman dayanıb sanki, amma daşların hər biri saat kimi çalışır – keçmişi indi ilə bağlayır, indini isə  gələcəklə. Həmzəli və Köhnə Əskəran kimi kəndlərdə ucalan minarələr sanki göylə torpaq arasında bir körpüdür. Digər yandan, Gərnis və Sarıqaya kəndlərinin qəbiristanlıqları əcdad nəfəsinin torpağa köçdüyü yerdir.

 Bu yaddaş körpüsünün davamı kimi Tavusun ucalığı görünür – o zirvələr sanki Şörəyelin dağ ruhuna cavab verir. Tavus qalası bir xalqın içindən boy atan qürur kimi yüksəlir. Tavus məscidi, sükutun içində səslənən son dua kimi, torpağın sinəsində gizlənmiş əzmin simvoluna çevrilmişdir. Bu yüksəkliklər azadlıq eşqi ilə nəfəs alır, abidələr müqavimətin simvoluna dönür. Aşağı Şorca kəndindəki qədim karvansara qalıqları bir zamanlar bu torpağın qapısını dünyaya açan yolların izidir.

 O yolların səsi bizi Ağbabaya aparır – türbələr, məscidlər bu xalqın daşlaşmış dualarıdır. Ağbabanın çiçəkləri baş əyir, amma kökləri hələ də dərində, hələ də diridir. Hər addım, hər nəfəs bir səsə çevrilir – və bu səs, itirilmiş deyil, qayıtmaqda olan bir yurdun xəbərini verir. Saral kəndinin üzərindəki qalanın qalıqları ucaldıqca, yaddaş da dirçəlir. Qarakəndin İmamzadə türbəsi isə islam izlərini daşımaqla bərabər həm də mənəvi bir çağırışdır.

 Və biz bu səfəri davam etdikcə, addımlarımız bizi Alagözün ətəklərinə aparır – orada, yaylaq xatirələri ilə dolu çəmənliklərdə unudulmuş nəğmələr torpaqla pıçıldaşır. Əzəl boyu orada yasəmən kimi açan türk nişanələri, hər rəmz, hər iz ilə dirçəlməyə səsləyir. Hər səhər yeli, hər axşam dumanı bu yaddaşı yenidən alovlandırır. Alagözün Aşağı Şorca kəndindəki qəbiristanlıq isə adını daşıyan əbədiyyətin sükutunda yaşamağa davam edir.

 Bu sükuta yavaş-yavaş Ayrım torpaqları da qoşulur – hər daşında bir ata ocağı, hər izində bir unudulmuş nəsil yatır. Ayrım qalası təkcə keçmişin izlərini deyil, həm də gələcəyin addımlarını gözləyir. Onun torpağına hopmuş dualar, göyə yüksələn ümidlərə dönüşür. Nərimanlı kəndindəki qədim mədrəsə izləri elm və mənəviyyatın zamanla daşlaşmış sədasına çevrilir.

  Ayrımdan qopan xatirələr, sanki Abaranın sərt qayalarına yön alır – burada, dağ kəndlərinin sükutu altında gizlənmiş qəbiristanlıqlar, unudulmuş mədrəsələr zamanın pərdəsini kənara çəkərək bir xalqın öyrənilməmiş tarixini nəğmələndirir. Hər abidə qayıdışa yazılmış bir məktub, hər daş başa çəkilmiş bir çadırdır.

  Bu nəğmənin ahəngi ilə Qəmərli düzləri açılır göz önündə – bir zamanlar ticarətin, sənətin, söhbətin nəfəs aldığı bu geniş düzənlik indi sükutun toxunduğu naxışlarla örtülüdür. Amma o naxışlar yerə yox, göyə yazılır – ucalıqda yaşamağa davam edən bir xalqın mirası kimi. Qəmərlidəki Dədə Qorqud məscidinin dağıdılmış izləri, min illərin yaddaşına çevrilərək dirənişin əbədiliyini pıçıldayır.

 Bu sətirlər boyu sükutla danışan daha necə bölgə, neçə iz var- Amasyanın qaya qoynunda sıxılmış türbələri, Dərəçiçəyin unutmaq istənilən kitabələri, Zəngibasarın  səssiz minarələri, Vedibasarın daşlaşmış Mədrəsələri - hamısı bir xalqın ölməyən harayını daşıyır. Zəngibasarın Gulabat kəndindəki karvansara izləri, Vedi qalası və Qarabala kəndinin məscidi də eyni çırpıntının izlərini torpağa həkk edir.

  Çünki Qərbi Azərbaycan sükutun içində səslənən tarixdir; daşın altında qalan, amma qəlblərdə ucalan bir haraydır. Onun sükutu danışır, dağı ağlayır, daşı dua edir. Bu torpaqlar heç vaxt ölməyib – sadəcə qəlblərdə yerini dəyişib. Və bir gün, dağların yenidən səsləndiyi, türbələrin işıqlanıb məscidlərin azanla titrədiyi gün gələcək. O zaman tarix sükutdan oyanacaq… və Qərbi Azərbaycan yenidən danışacaq.

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2025)

 

Çərşənbə, 04 İyun 2025 09:32

Solmayan çiçək – aktrisa Solmaz Qurbanova

İnci Məmmədzadə,  “Ədəbiyyat və İncəsənət” 

 

 

Adlar taleləri həll edir. Adını Solmaz qoydular. O, çiçəkləri çox sevirdi. Solmayan çiçək kimi qaldı yaddaşlarda.

 

Bu gün Azərbaycan Gənc Tamaşaçılar Teatrının aktrisası Solmaz Qurbanovanın anım günüdür. O,1939-cu ildə Bakıda anadan olub. Sənətə 1955-ci ildən Azərbaycan Gənc Tamaşaçılar Teatrından fəaliyyətə başlayıb. Yeniyetmə oğlan rollarında çıxış etmiş S. Qurbanova teatrın səhnəsində əvəzolunmaz ifası ilə yaddaqalan obrazlar yaradıb.

 

O, Qavroş (V. Hüqonun "Səfillər" romanı əsasında), Antonio ("Puerto Sorido alovları", M. Minçkovski), Rəcəb ("Anacan", Y. Əzimzadə), Petya ("İnqilab naminə", M. Şatrov), Kamal ("Sehrli yaylıq", K. Həsənov), Cülyetta, Culiya ("Romeo və Cülyetta", "İki veronalı", U. Şekspir) rolları ilə tanınır.

 

Kraliça ("İki ağanın bir nökəri", K. Qoldoni), Cemma ("Ovod", E. Voyniç), Flavio ("Sükut divarı", P. Missini), Yaqut ("Məlikməmməd", Ə. Abbasov), Paşa xala ("Unutmayın", Y. Əzimzadə), Dilarə ("Ötən ilin son gecəsi", Anar), Şəcərət ("Əlvida, Hindistan", Q. Rəsulov), Afərid ("Söhrab və Rüstəm", İ. Coşğun), Bibi ("Bala bəla sözündəndir" Əli Əmirli), Qəmər banu ("Mahmud və Məryəm", Elçin) və s. rolları bu gün yaddaşlardadır.

 

Azərbaycan Respublikasının xalq artisti Solmaz Qurbanova 4 iyun 2013-cü ildə Bakıda vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2025)

 

“Ədəbiyyat və incəsənət” portalında Uşaq saatı davam edir. Bu gün sizlərə Klassik uşaq ədəbiyyatından seçmələr sırasından Məmməd Rahimin “Ana və budaq” şeiri təqdim ediləcək.

 

Ananın qucağında ağlayırdı uşağı,

 O, sakit olsun deyə, qırdı güllü budağı.

 Gözünün qabağında oynatdı, körpə güldü.

Ananın ürəyinə sevinc, fərəh süzüldü...

 

O duymadı, körpədir, canı var budağın da,

 Sındıranda budağı ağaclar qan-yaş tökər.

 Ananın fikri-zikri qaldı öz uşağında,

Balasından çəkmədi bircə an olsun nəzər.

Fəqət hiss etmədi ki, ağac həzin ağlayır,

Məhv olan körpəsinə gizli matəm saxlayır.

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2024)

 

 

İnci Məmmədzadə,  “Ədəbiyyat və İncəsənət” 

 

Bu gün ünlü türk müğənnisi Cem Belevinin doğum günüdür. O, 4 iyun 1987 ci ildə İzmirdə dünyaya göz açmışdır. Anası rəssam, atası isə pianoçudur. Brunel Universitetində beynəlxalq biznes üzrə təhsil almışdır.

 

2013-cü ildə “Bilmezsin” adlı debüt albomunu buraxmışdır. "Günaydın Sevgilim" (Günaydın mənim sevgilim) albomun aparıcı mahnısı və ilk klipi olmuşdur. Albom çox diqqət çəkməsə də, mahnı türk musiqisinin icraçı direktoru Samsun Dəmirdən təsirlənmişdir. Mahnı daha sonra Enbe Orkestrası & Behzat Gerçekerin albomunda yenidən aranjiman edilmişdir. 2014-cü ildə "Kim Ne Derse Desin" filmi üçün Ayşe ilə duet oxumuşdur.

Mahnı Türkiyə'də çox uğurlu olmuşdur və ən yaxşı debüt kateqoriyasında 2014 Türkiyə Musiqi Mükafatlarına namizəd olmuşdur. 2015-ci ildə o, daha əvvəl Zeki Müren və Muazzez Ersoyun oxuduğu Suat Sayının cover mahnısı olan "Sevemez Kimse Seni" adlı ikinci sinqlını çıxarmışdır. Klip 25 may 2015-ci ildə Hasan Kuyucunun rejissorluğu ilə işıq üzü görmüşdüd. Video Santorinidə çəkilmişdir.

2015-ci ildə FOX-da yayımlanan "İnadına Aşk" serialında rol almağa başlamışdır.

 

Studiya Albomları

 

Gönül Yarası 

Kolay Değil

Aşkın Kanunu 

Zır Deli

Dönme Dolap

İki Kelime

Aramızda

Bilmezsin 

Bundan Sonra

Cemiyet Gazinosu

Yaz 35 °C 

 

Sinqlları

 

"Kim Ne Derse Desin" — Ayshe ft. Cem Belevi

"Sevemez Kimse Seni"

"Sor"

"Hayat Belirtisi" 

"Alışamıyorum"

"Aç Kollarını" 

"Dumanlı Sevda"

"Yedi Düvel"

"Mışıl Mışıl" 

 

TV serialı

 

1997 — Sıdıka — Harun

1999 — Dış Kapının Mandalları — Yiğit

2003–2005 — Yedi Numara — Volkan

2005 — Yarım Elma — İsmail

2006–2008 — İki Aile — Hakan

2010–2011 — Türk Malı — Ömer

2015–2016 — İnadına Aşk — Deniz

2016 — Rengarenk — Pars

2017 — Kalk Gidelim — Sinan

2021 — Menajerimi Ara — Cem

2022 — Aşk Mantık İntikam — Efe

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2025)

 

 

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Yəqin ki, aranızda xalq artisti Eyyub Yaqubovun ifasında məşhurlaşan "Əlvida, Cəmilə!" mahnısını eşitməyən adam çətin tapılar. Bax, bu dəfə sizə həmin mahnının sözlərinin müəllifi Rəsmiyyə Sabir haqqında danışmaq istəyirəm.

 

Rəsmiyyə xanım 1973-cü il sentyabrın 28-də Masallı rayonunun Ərkivan kəndində anadan olub. 1990-cı ildə orada orta təhsilini bitirərək Bakıya gəlib. Beş il indiki Azərbaycan Memarlıq və İnşaat Universitetində ali təhsilə yiyələnib. Oranı "Tikintinin iqtisadiyyatı və idarə edilməsi" ixtisası üzrə iqtisadçı-mühəndis kimi başa vurub. 1999-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. 2008-ci ildən həmin institutda Elmi katib vəzifəsində çalışır. İqtisad elmləri doktorudur...

 

Deyir ki:- “Mənim şeirlərimə xeyli məşhur mahnılar bəstələnib: "Qələmin gözündən indi yaş gəlir", "Bağışlama bizi Vətən". "Sözümün üstündə durmuşam, Allah". Hələ mahnıları qoyuram bir kənara. Sadalasam çoxdur. Sosial şəbəkələrdə müxtəlif adamlar tərəfindən şeirlərimin tez-tez paylaşıldığının da şahidi oluram. Mənə çox qəribə gəlir, bəzən heç özüm bəyənmədiyim şeirləri daha çox bəyənirlər...”

 

Azərbaycanda və xaricdə rus, ingilis, türk dillərində çap olunmuş 110 elmi əsərin, 1 fərdi monaqrafiyanın, eləcə də 1 dərslik kitabının müəllifi, o cümlədən 6 müştərək monoqrafiyanın həmmüəllifidir. 

“Əlvida, Cəmilə” mahnısının sözlərini isə sifarişlə yazdığını dilə gətirir…

 

“Bu şeir bir oğlanın Cəmilə adlı bir qıza olan sevgisidir. Sifariş alıb yazmışam. Onun hisslərini özümdə ani olaraq təsəvvür edib, ayrılığı necə təsvir etmək olarsa, o cür də qələmə almışam. Mənim şeirlərim içərisində nə qədər özümə aid olmayan, başqalarının hekayətini əks etdirən şeirlərim, mahnı mətnlərim var. Mənim bir mahnı mətnim var ki, musiqisini Nadir Əzimov yazıb. Çox gözəl mahnı mətni idi, Rübabə Qarabağlı oxuyurdu. Sonradan o xanım deyəsən burdan köçüb getdi, məncə Türkiyədə yaşyır. Sənətdən də uzaqlaşıb. Sonrakı taleyin bilmirəm. Hətta ona klip də çəkdirib. “Get, mənim ömrümdən, birdəfəlik get”- bir evli oğlanla, subay qızın hekayətini anladırdı. Mənə bir xanım danışmışdı, çox duyğulanmışdım. Ona söz vermişdim ki, sənin sevgi hekayətini bir mahnıya döndərəcəm. Yazdım, Nadir müəllim bəyəndi və mahnı bəstələdi. Rübabə Qarabağlı da ona klip çəkdirib. Onu dinləyənlər elə bilirlər ki, mənim taleyimdir. Əsla, o mənim taleyim deyil.”- söyləyir.

 

 2000-ci ildə Türkiyədə keçirilən I Beynəlxalq Füzuli şeir yarışmasının mükafatçısıdır. Yüzdən çox şeirinə mahnı bəstələnib. 2002-ci ildə onun sözlərinə yazılmış mahnılardan ibarət "Səni aradım" adlı audio albom işıq üzü görüb. 2003-cü ilin "Fəxri Gənc"i adını qazanıb. "Həbs olunmuş sükut", "Rəngsiz göz yaşları", "Sonun başlanğıcı", İraqda nəşr edilən "Kölgəsiz dar ağacları", Türkiyədə işıq üzü görən “Unutdun məni”, "Sahilsiz adam” adlı şeir kitablarının müəllifidir. Azərbaycanı müxtəlif beynəlxalq tədbirlərdə təmsil edib. Türk, rus və ingilis dillərindən tərcümələrin müəllifidir. Şeirləri özbək və Türkiyə türkçələrinə, rus, ingilis, bolqar dillərinə tərcümə olunub. 2014-cü ildə ədəbi nailiyyətlərinə görə Qırğızıstan Respublikasının “Coomert Bekenbaev” adına medala və “Altın diplom”a layiq görülüb. 2015-ci ildə Özbəkistanda yayılan “Kitab dünyası” qəzeti tərəfindən Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin yaxşılaşdırılmasındakı xidmətlərinə görə Fəxri Diplomla və zaman-zaman müxtəlif fəxri fərmanlarla, o cümlədən təşəkkürnamə ilə təltif olunub. Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü olub. Bir sözlə, uğurları çoxdur, hamısını sadalasam xeyli vaxt aparar...

 

Deyir ki:- “Mən kitablarıma heç vaxt maddi vəsait xərcləmirəm, xaricdə çap olunan kitablarım isə mükafatlar çərçivəsində işıq üzü görüb. Amma bu gün çoxu özü nəşriyyata vəsait ödəyir ki, mənim kitabımı dərc elə. Sözlərimə, yaradıcılığıma dəyər verənlər sağ olsunlar, mənim kitablarımı pulsuz çap edirlər. Satıb nəsə qazanırlarsa, onların işidir, mən maraqlanmıram.

Cəmiyyətdə qonorar olmalıdır. Mən Türkiyədə keçirilən şeir festivalından qonorar almışdım. Qardaş ölkədəki ənənə burada da olmalıdır. 

Kimsə kitablarını az-çox satır, o da tanışlıqla olur. Kimin çox tanışı varsa, onun da çox kitabı satılır. Bizim ən çox tanınan gənc yazarlarımızdan biri Kəramət Böyükçöldür. Mən həmişə görürəm ki, parklarda kitablarını özü satır. Bazar iqtisadiyyatı ilə çalışan sistemdə bu olmamalıdır. İqtisadçı olduğumdan bilirəm. Nəşriyyat o işləri öhdəsinə götürməli, icra etməlidir. Yazar daha böyük işlərlə məşğul olmalıdır. Fundamental işdən ötrü xırda-para işlərlə məşğul olmalı deyilsən. Azərbaycanda biz bunu görmürük. Nə zaman formalaşacaq, onu da konkret deyə bilmərəm...”

 

...Sakit təbiətli xanımdır, mübahisə etməkdən xoşu gəlmir. Məntiqlə hərəkət etməyi xoşlayır. Əzmkardır, məqsədinə çatana qədər çalışmağa davam edir və qələbə qazanmasa dayanmır. Daxil olduğu mühiti təfərrüatı ilə araşdırıb insanlar haqqında özündə təəssürat yaradır. Onun zehnində gözəl bir tarazlıq var. Nəyin doğru, nəyin yanlış olduğunu yaxşı bilir və ona uyğun hərəkət edir. Məzmunlu adamdır, hər yerdə bu xüsusiyyətini qoruyub saxlamağı bacarır. Verdiyi hər bir qərarda israrlıdır. Xoş və enerjili rəftarı ilə seçilir və ətrafdakı insanların diqqətini çəkir. Bu da onu cazibədar və cəlbedici göstərir. Mübahisə etməyi xoşlamasa da, mübarizədən- öz hüquqlarını müdafiə etməkdən çəkinmir. Olduqca harmonik xasiyyətə malikdir...

 

Düşünürəm ki, bu söhbətimlə sizə alim, şair Rəsmiyyə Sabir haqqında az da olsa məlumat çatdıra bildim. Ona yeni-yeni yaradıcılıq uğurları, elmi nailiyyətlər arzulayırıq...

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2025)

 

 



 

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.   

 

Arzuları necə həyata keçirməyin Barbara Şer təlimatı

 

Əlbəttə, biz hamımız müvəffəqiyyətli adam olmağa cəhd edirik, amma çox vaxt bunun üçün nə edəcəyimizi bilmirik. Tanınmış motivasiya spikeri Barbara Şerin  Enn Qotliblə birgə yazdığı «Arzulamaq ziyanlı deyil» adlı təlimi ilə tanışlıqdan hədsiz məmnun olmuşam. Belə ki, xanım Barbara arzuları həyata keçirmək metodikasını açıqlayır. Özü də o, «arzulara inan, onlar mütləq həyata keçəcək» kimi banal məsləhət vermir, «sabahkı gündən hər şeyi yenidən başla» kimi taftalogiyaya müraciət etmir. O, həyat tərzinizi dəyişmədən hər gün məqsədə, uğura doğru bir kiçik addım atmağın yolunu göstərir. Çox maraqlıdır, deyilmi?

«Arzulamaq ziyanlı deyil» - bəzən biz bu frazanı kinayə ilə, ironiya ilə işlədirik. Amma Barbara Şer isbat edir ki, arzulamaq heç də ziyan deyil, əksinə, olduqca faydalıdır. Ən əsası – düzgün arzulamaq lazımdır,  bəxtəvərlikdən göylərdə üçmaq, dünyaya sahib olmaq, xoşbəxtlik istəmək kimi mücərrəd arzulardan qopmaq, konkret olaraq nə istədiyini bilmək lazımdır.

Möcüzəyə ümid bağlamamaq, arzulara addımbaaddım çatmağın planını tutmaq lazımdır. Nizam-intizamla, şansları düzgün dəyərləndirməklə, köməyə ehtiyac olanda utanmadan kömək istəməklə siz arzunuza çatacaqsınız.

Barbara Şer arzuya çatılmasını ağır, monoton bir iş hesab edir, hamıya da arzulara məhz bu prizmadan baxmağı tövsiyə edir.

İş ondadır ki, müəllifin özünün də həyatında çox ağır dönəmlər olub. Dul qalan qadın iki övladını böyütmək üçün bir neçə il ərzində ofisiant işləyib. Hədsiz ehtiyac çəkiblər. Öz rastına çıxan çətinliklər, öz acı həyat hekayəsi onu motivasiya kitabları yazmağa vadar edib. İlk belə kitabı xanım qırx yaşında yazıb. Bu gün, 37 ildən sonra onun hesabında artıq yeddi bestsellər vardır və o, dünyanın ən yaxşı motivasiya spikerlərindən biridir.

Tam adı «Arzulamaq ziyanlı deyil. Doğrudan da, istədiyin şeyi necə əldə etməli» olan kitabın məğzi budur: «Arzuların həyata keçməsi üçün özünühipnozla məşğul olmaq, ekstrasens – falçı yanına getmək lazım deyil. Lazım olan arzuya çatmaq məsələsinin praktiki  metodikasını işləyib hazırlamaq, planlaşdıra bilmək bacarığı, özünü yeniliklərə hazırlamaq xüsusiyyəti, lazımi material və informasiyalara yol tapmaq, yeni kontaktlar qazanmaqdır».

Barbara Şerin kitabında çox dəyərli bir hissə var: həyatdan nə istədiyinizi bilmək, özünüzə yaxın olan emosional obrazı tapmaq, öz arzularınızı daha yaxşı ifadə etmək üçün 5 sadə çalışma.

Çalışmalarla növbəti gündən etibarən tanış olacaqsınız.

 

“Ədəbiyyat və incəsənət”

(03.06.2025)

 

Çərşənbə axşamı, 03 İyun 2025 17:10

RƏSUL RZA, “Torpaq kimi səxavətli”

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

RƏSUL RZA. “TORPAQ KİMİ SƏXAVƏTLİ

 

Əsl insan həmişə məndə torpaqla oxşarlıq hissi oyadır. Xalq min illər boyu torpağın zənginliyindən, onun meşəsindən, bulağından istifadə edir, ondan bol məhsul götürür. Ancaq torpaq dəyişməz, səxavətli və müdrik qalır. Biz deyirik: Anamız torpağa eşq olsun!

Əsl insan xalqa özünün ürək hərarətini verir. O, xalqa əsl sevinc gətirir, insanlara yaşamaq, mübarizə aparmaq və qələbə çalmağı öyrədir. Əgər o, ictimai xadimdirsə, xalqın səadəti uğrunda ədalətli mübarizəsində məşəl olur. Əgər o, yaradıcı adamdırsa, ilhamlı sözü, musiqi rəngləri, rənglərin musiqisi ilə kütlələrdə mərdlik, Vətən məhəbbəti hissləri tərbiyə edir. O, insan xarakterlərinin dərindən dərk edilməsi sevincini bizə bəxş edir. Bizi müdrikləşdirir, təkrar-təkrar bizdə xeyirxah hisslər – zəhmət adamlarına məhəbbət, əsl insana qarşı çevrilmiş hər hansı qeyri-insani hisslərə nifrət oyadır. Əsl insanda onun azadlığa, işıqlı ideallara can atmağını ifadə edir. Biz deyirik: İnsana, onun böyük zəkasına, nəcib mübarizəsinə eşq olsun!

Yüz, iki yüz, daha çox il yaşasa da, insan əzmi, insan qüdrəti tükənmir. O, torpaq kimi öz nemətlərini bitib-tükənməyən mənəvi aləmində mühafizə edib saxlayır.

Belə adam həyatdan gedəndə, deməli, olduğu nə qədər sözü, çəkilməmiş nə qədər şəkli, bəstələnməmiş nə qədər nəğməsini özü ilə aparır. Belə adam haqqında böyük təəssüf hissi ilə deyirik: Nə tez getdi?!

Səməd Vurğun belə insan idi. O, yer oğlu idi. Torpaq kimi mehriban, müdrik idi. İndi onun 60 yaşı olardı. O, ancaq 50 il yaşadı. Əgər onun həyat yolunu nə etmiş olduğu ilə ölçsək, onda Səməd Vurğun ömrünün onlarla adi həyata bərabər olduğu görünər. Yüzlərlə şeir, onlarla poema, neçə mənzum pyes, çoxlu məqalə... Böyük istedadlı şair-dramaturqun ədəbi irsinin ancaq üzünü köçürmək lazım gəlsə, buna illər tələb olunar. Əgər özlüyümüzdə düşünsək ki, o, bir ifadəni, bir sətri yazmaq üçün nə qədər iztirab, yuxusuz gecələr keçirmişdir, aydın olar ki, şair necə gərgin enerji, iradə və ilhamla işləmişdir.

Ancaq hər halda, Səməd Vurğun aramızdan gedəndə öz xalqına, bəşəriyyətə vermək istədiyi böyük poetik zənginlikdən, məhsuldan bizi məhrum etdi. Bəlkə o, ancaq bir dənə ölməz şeir, bəlkə təzə romantik dram, bəlkə sadə insan taleyinə həsr edilmiş poema yazacaq idi.

Səmədə yaxın olanlar, onunla tez-tez görüşənlər bilirlər ki, onun ürəyi həmişə təzə sətirlərlə, surətlərlə, ideyalarla dolu olardı.

Səməd nəinki poetik əsərlər yaratmışdır, o, həmçinin tez-tez bizim ədəbiyyatın müxtəlif problemlərinə də öz münasibətini bildirmişdir. Heç də onunla mənim fikirlərimiz eyni olmurdu. Bizim zövq ixtilaflarımız az deyildi. Aramızda tez-tez ədəbiyyatın, xüsusilə poeziyanın inkişaf yolları haqqında qızğın mübahisələr gedirdi. Səməd bu gün yaşasaydı, yəqin ki, indi də belə mübahisəli məsələlər tapılardı. Səməd canlı insan idi, o, Azərbaycan, eləcə də ümumsovet ədəbiyyatının taleyi ilə maraqlı idi. Bütün bunlala bərabər, deməliyəm ki, ədəbiyyatımızın partiyalılığı və onun xalqa xidmət etməli olduğu haqqında bizim aramızda heç bir ayrılıq və mübahisə yox idi.

Mənə elə gəlir ki, indi də buna əminəm, Səməd Vurğunun böyük, mürəkkəb yolunu hamar, əvvəldən axıra kimi düz, əziyyətsiz sayanlar həqiqətin əleyhinə gedir, faktları təhrif edirlər.

Səməd Vurğunun gücü bunda deyildi ki, guya o, ilk illərdə də, yaradıcılığının çiçəkləndiyi dövründə olduğu kimi, eyni qüvvətlə, kamil şeirlər yazmışdır. Yox, Səməd poetik ürəklə doğulmuşdu, ancaq onun sənətkarlığı və istedadı gərgin zəhmət, böyük əmək nəticəsində parlamışdır. Onun bir neçə şeiri var ki, – təəssüf ki, bir neçə – şair onları ölümündən az əvvəl yazmışdır. Mən belə hesab edirəm ki, bu şeirlər incə poetik müşahidələri, dilinin şirinliyi ilə, Səmədin valehedici poeziyasında yeni, yetkin bir mərhələdir. Bu şeirlərdən biri “Şair, nə tez qocaldın sən?” adlanır. Kim bu şeiri diqqətlə oxuyubsa, o, asanlıqla fəlakət yaxınlığında nigaranlıq çəkən insan üçün təbii olan kədəri aydın duyar. Lakin buna baxmayaraq, şeirin həyatla sıx əlaqəsini, həyata bağlılığını da görər.

“Mən tələsmirəm” şeirində həyatda çox görmüş, öyrənmiş, həyat təcrübəsi ilə müdrikləşmiş insan poeziya dili ilə bizimlə danışır. Bu şeirin sətirləri o qədər təkcə və əlvandır ki, onu hər vaxt oxuyanda elə bilirsən ki, onlar yazılmayıb, birnəfəsə nəğmə kimi oxunub. Səməd məhz bu yüksək sadəlik – iztirablar, yuxusuz gecələr hesabına başa gələn sadəliklə geniş oxucu kütlələrinin rəğbətini qazanmışdır.

Səməd o xoşbəxt insanlardan idi ki, öz mənəvi zənginliyini xalqa verdikcə özü daha da zənginləşirdi, gəncləşirdi, onu qocalıq haqlamırdı.

“Vaqif”, “Fərhad və Şirin”, “Xanlar” şairin böyük dramaturgiya istedadının parlaq nümunələridir. Ancaq Səmədin dramaturqluq bacarığına hörmət bəsləməklə bərabər, mən bu fikirdəyəm ki, onun dramlarının tamaşaçıya dərin təsir bağışlaması birinci növbədə Səməd şeirinin gözəlliyi, axıcılığı ilə izah olunmalıdır.

Səməd haqqında çox yazılmış, daha çox yazmaq olar və lazımdır.

Səməd Vurğun görkəmli ictimai xadim, publisist idi. Onun xaricə səfərindən sonra yaranmış şeirləri aydın, səlis, öz ideyası ilə snaypercəsinə hədəfə tuşlanmışdır. Onun xarici, xüsusən London şeirlərində sovet vətəndaşının dünya şöhrətli poeziyası, qəhrəmanlıq tarixi olan qədim azəri oğlunun, bu gün sovet xalqlarının ailəsində yeni dünya quran xalq adından danışan bir insanın iftixarı böyük qüvvətlə səslənir.

O, bizim kəndlərin sadəlövh ibtidailiyini sevir, həm də onların yeni həyatını salamlayırdı. Şair siqlətli sətirlərlə öz əllərinin əməyi ilə bütün sovetlər vətənində şöhrət qazanmış sadə azərbaycanlı qadının – Bəstinin obrazını yaratmışdır. Onun qəhrəmanları vətəndaş və Böyük Vətən müharibəsi döyüşçüləri, Mingəçevir qurucuları, neftçilər idilər. Səməd nədən yazır-yazsın, bu əsərlər səmimi, həyəcanlı və ürəkdən olurdu.

Vurğun çox gözəl bir vaxtda, sovet xalqının ölkədə sosializm quruculuğu uğrunda mübarizə apardığı bir dövrdə yaşamışdır. Ancaq onun həyatı ölkənin həyatı kimi çox çətin və mürəkkəb olmuşdur. Çətin günlər, ağrı-acıların yanığı var idi, ancaq onlarla yanaşı qələbə və mübarizə sevinci, irəliyə, ən müqəddəs məqsədə can atma da var idi.

Səməd özünə Vurğun ləqəbi götürmüşdü. O öz vətəninə, öz xalqına vurğun idi. O, poeziyanı sevirdi. O, yer oğlu, təbiət övladı idi. O, qarlı dağları, ənginlikləri sevirdi. Bakını sevirdi, ona çoxlu şeirlər həsr etmişdir. Moskvanı məhəbbətlə tərənnüm edirdi. O, insanları, yaxşı, təmiz ürəkli, insan ləyaqətinin bayrağını yüksək tutan, yer üzündə insan səadəti uğrunda axıra kimi mübarizəyə sadiq olanları sevirdi. O, uzun müddət müxtəlif millətlərdən olan, müxtəlif yerlərdə yaşayan bu insanların qəlbində yaşayacaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(03.06.2025)

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində bu gün qədim türk runic yazılarından danışacağıq.

 

Qədim türk runik yazıları — Orxon-Yenisey abidələri — türk xalqlarının ilkin yazılı ədəbi və tarixi abidələri hesab olunur. Bu abidələr VIII əsrə aid olub, Göytürk (Köktürk) dövlətinin siyasi və mədəni həyatına dair qiymətli məlumatlar verir. Runik yazı sistemi bu abidələrdə istifadə edilən əlifbadır və əsasən daş üzərində həkk olunmuşdur.

Runik yazılar yalnız dil baxımından deyil, məzmun baxımından da türk tarixinin, etnoqrafiyasının və dövlətçiliyinin izlərini daşıyır. Bu yazılarda türklərin mənşəyi, dövlət quruluşu, hökmdarların fəaliyyəti, müharibələr, xalqın sədaqəti və dövlətə bağlılığı kimi məsələlər əks etdirilmişdir. Bu araşdırmada qədim türk runik yazılarının həm dil quruluşu, həm də məna (məzmun) xüsusiyyətləri təhlil olunur.

1. Runik yazı sisteminin mənşəyi və ümumi xüsusiyyətləri

Qədim türk runik yazısı öz formasına görə "skandinav runikləri" ilə oxşarlıq göstərsə də, orijinal türk mənşəlidir. Əlifba 38-40 hərfdən ibarət olub, sait və samitləri fərqli işarələrlə ifadə edən fonetik sistemə əsaslanır. Yazı sağdan sola istiqamətlidir.

Ən məşhur runik yazılar:

  • Orxon abidələri (Bilgə Kağan, Kül Tigin, Tonyukuk)
  • Yenisey yazıları
  • Talass yazıları

Bu abidələr əsasən Göytürk dövlətinə aid hadisələri əks etdirir.

2. Dil xüsusiyyətləri

Qədim türk runik yazıları leksik, morfoloji və sintaktik baxımdan aşağıdakı xüsusiyyətlərlə seçilir:

a) Leksik xüsusiyyətlər

  • Söz ehtiyatı əsasən türk mənşəli kök və şəkilçilərdən ibarətdir.
  • Əsas anlayışlar: il (dövlət), kağan (hökmdar), tərkən (əyan), budun (xalq), alp (igid), ög (ağıl, hikmət).
  • Arabizm və farsizmlər yoxdur; bu, dilin orijinallığını qoruduğunu göstərir.

b) Morfoloji xüsusiyyətlər

  • Qədim türkcə aqlütinativ dillər qrupuna daxildir.
  • Sözlər kök + şəkilçi modelinə əsaslanır:
    Məsələn: "Türk budunı öldi" – “Türk xalqı öldü” (burada “budun” = xalq, “-ı” = yiyəlik hal)

c) Sintaktik xüsusiyyətlər

  • Cümlələr qısa, konkret və sərt ifadələrlə qurulur.
  • Söz sırası əsasən mövzu (subyekt) – tamamlıq – xəbər şəklindədir.
  • Nitq üslubu əmr və nitq formaları ilə zəngindir, bu da abidələrin xatirə və siyasi məzmununu əks etdirir.

3. Məzmun xüsusiyyətləri

a) Tarixi və siyasi məzmun

  • Abidələrdə Göytürk dövlətinin qurulması, çöküşü və bərpası haqqında məlumat verilir.
  • Tonyukuk yazısında Çinlə müharibələr, türklərin müstəqillik uğrunda apardığı mübarizə qeyd olunur.

b) İdeoloji və mənəvi məzmun

  • Türklərin Tenqri inancı (Tengri – Tanrı), dövlətin müqəddəsliyi, kağanın Tanrı tərəfindən seçildiyi fikirləri açıq-aşkar ifadə olunur.
  • Məsələn: “Üstdə gök tengri, altda yağız yer yarılmasa, elini törünü kim bozabilir?” – Yuxarıda Gök Tanrı, aşağıda Yer yaranmasa, dövlətini kim poza bilər?

c) Əxlaqi və ibrətverici mesajlar

  • Xalqın dövlətə sədaqəti, qəhrəmanlıq, əcdadlara hörmət və xalqı düşünməyin vacibliyi vurğulanır.
  • Yazılarda həm də tənqid elementləri mövcuddur. Bilgə Kağan xalqa müraciətlə onları unutqanlıqda, qədirbilməzlikdə və səhlənkarlıqda ittiham edir.

d) Estetik və bədii dəyər

  • Runik yazılar həm də bədii üslub və metaforalarla zəngindir. Kağanların danışıq üslubu nitq sənətinin yüksək formasıdır.
  • Qısa, obrazlı ifadələr, paralelizmlər və poetik struktur bəzən “epik üslub” kimi də qiymətləndirilir.

 Qədim türk runik yazıları yalnız yazı sistemi və dil tarixi baxımından deyil, eyni zamanda türklərin siyasi tarixi, dini dünyagörüşü, dövlətçilik ənənələri və mənəvi dəyərləri haqqında zəngin mənbədir. Bu abidələr türk kimliyinin tarixi bünövrəsini əks etdirən mühüm sənədlərdir. Onların dil quruluşu saf türk morfologiyasını və sintaksisini göstərir, məzmun baxımından isə türklərin millət, dövlət, Tanrı və xalq anlayışlarını ifadə edir. Bu yazılar türk mədəniyyətinin yazılı başlanğıcı kimi dəyərləndirilir və bu gün də aktuallığını qorumaqdadır.

 

“Ədəbiyyat və incəsənət”

(03.06.2025)

 

                                                                      

 

Çərşənbə axşamı, 03 İyun 2025 15:37

REDAKSİYANIN POÇTUNDAN - 62 ildən sonrakı xatirələr

“Ədəbiyyat və incəsənət” portalının poçtundakı növbəti məktubun müəllifi Əlizadə  Əsədovdur. O, Əməkdar məşqçi,  Əməkdar  idman işçisi, Beynəlxalq səviyyəli hakim,  yazıçı, publisist, Azərbaycan  Yazıçılar  və  Jurnalistlər  Birliklərinin  üzvüdür. Əlizadə Əsədov Astara İnternat Məktəbi barədə xatirələrini bölüşüb öz yazısında.

 

Telefon  zəng  çaldı. Zəngi  qəbul  edəndə  ayırd  edə  bilməsəm də  gördüm  ki, tanış  səsdir. Bir-birimizdən  hal-əhval tutsaq  da  hələ  zəng  edənin  kimliyini müəyyənləşdirə  bilməmişdim. Açığını  deyim  ki, soruşmağa  da  çəkinirdim. Onu  dərhal  tanımadığıma  görə  inciyə  bilərdi. Nəhayət  özünü  təqdim  edəndən  sonra bildim  ki, bayaqdan  Məmməd  Kazımovla  danışırammış.

 

Xəyal  məni  1963-1970-ci  illərə  apardı. Onda Astara  şəhər  internat  məktəbində  oxuyurduq... Şagird  yoldaşlarımdan  yaddaşımda silinməz  iz  buraxanlardan  biri    Məmməd  Kazımov  idi. Məmməd  yaxşı  oxumaqla  bərabər  internat  məktəbində  yaradılmış  “Alov”  futbol  komandasının  ən  fəal  üzvlərindən  biri  idi.  İnternat  məktəbini  bitirəndən  sonra  yollarımız  ayrıldı. Öyrəndim  ki, Məmməd  kənd  təsərrüfatı  maşınlarının  təmiri    istismarı ixtisası  üzrə  ali  təhsilli  mühəndisdir. Özü    Çelyabinsk   vilayətində  yaşayır.  O, bir  müddət  vilayətdə  Neft    Qaz  Birliyində  işləyib.  Hazırda təqaüdçüdür...

Məmməd  Kazımovun  zəngi  məni  acılı-şirinli  xatirələrlə  dolu  internat məktəbində  oxuduğumuz  illərə  apardı. Sonralar  mən həyatda  hansı  uğura  imza  atmışamsa  məhz  o  illərə  borcluyam...

Biz  çoxuşaqlı  ailə  idik.  Lerik  rayonunda  uzun  illər  müəllim  işləyən  atam  İmran vaxtından  tez  dünyasını  dəyişəndən  sonra  ailənin  maddi  vəziyyəti  ciddi  şəkildə  pisləşdi. Məni    özümdən  böyük  qardaşımı  Əlimuxtarı Astara  şəhər  internat  məktəbinə  qoydular.  Bu, 1963-cü  ilə  təsadüf  edirdi. Məktəbin  direktoru  Zöhrab  Əhmədov,  sinif  rəhbərimiz  rus  dili  müəlliməsi  Nuriyyə  Cavadzadə  şagirdlərə  əsl  qayğıkeşlik  göstərirdilər. Məktəbin  şagirdlərinin  hərəsi  müxtəlif  rayonlardan, o  cümlədən Muxtar, Məhərrəm, Sahib  Fərəcov qardaşları  Tovuzdan  gəlmişdi. Qardaşlardan  Məhərrəm  elə  burda  ailə  həyatı  qurub, hazırda  da  Astarada  yaşayır. Astaranın  özündən    bizimlə  oxuyanlar  vardı.  Hazırda  Miki, Siyaku  kəndlərində  yaşayan  Sədaqət, Sabir  meşəbəyi  işləyirlər. Onların  həmkəndliləri  Əlövsət, Abbas  isə  dünyasını  dəyişiblər.

Məktəbdə  təlim-tərbiyə  işi  yüksək  səviyyədə  idi. Bizə  dərs  deyən  bütün  müəllimlərdə  hamımıza  isti  münasibət  vardı. Dərs  zamanı  ciddi  görünsələr  də, ürəkləri  xeyirxahlıq hissi ilə  döyünürdü.  Elə  şərait  yaradılırdı  ki, dərslərə  hazırlıq da, sevdikləri  fənlərin  mənimsənilməsində  bir-birindən  nümunə  götürürdülər.  Müəllimlərdən  Nəriman  (riyaziyyat) və  onun  həyat  yoldaşı  Solmaz  xanımı,  Həmdulla  (ədəbiyyat), Seyran  Şiriyev (ingilis  dili), Heybət  Hüseynov  (coğrafiya), Xoşqədəm müəllimə   (fizika  və kimya), Barat Əhmədov (ibtidai  sinif  müəllimi)  və başqalarını  indi    minnətdarlıqla  xatırlayıram. Onların  çoxu  indi  həyatda  olmasa  da, nurlu  simaları, xeyirxahlığı, qayğıkeşliyi  həmişə  gözlərimin  önündə  canlanır... Seyran  Şiriyev  pedaqoji  fəaliyyətilə  bərabər  bədii  yaradıcılıqla  da  məşğul  olurdu. O, bir neçə şeir kitabının  müəllifi  idi.

Yuxarıda  qeyd  etdik  ki, Astara  şəhər  internat  məktəbində  şagirdlərin  təlim-tərbiyyəsi, istirahəti, fiziki  hazırlığı  üçün  hər  cür  şərait  yaradılmışdı. Belə  ki, şagirdlərin asudə  vaxtlarının  səmərəli  keçməsi  üçün  məktəbdə  bədii  özfəaliyyət  kollektivi  və əlavə fənn  dərnəkləri fəaliyyət göstərirdi. Müəllimlərlə  bərabər   istedadlı  şagirdlər    bədii  özfəaliyyətə  üzv  yazılmışdılar. Bədii  özfəaliyyət  kollektivinin  rəhbəri  Aydın  Bayramov  idi.  Kollektivin  repertuarında  müxtəlif  musiqi  nömrələri, şeirlər  səslənərdi.  Musiqi  müəllimi olan  Aydın  Bayramov  konsertlərdə  həm də  kamança  çalardı.

Məktəbdə  həmçinin  şagirdlərin  idman    fiziki  hazırlığına  xüsusi  diqqət  yetirilirdi.  Məktəbin  Bədən  tərbiyyəsi    idman  müəllimi  Hüseyn  Ələkbərov  müxtəlif  növ  idman  yarışlarının  təşkilində   böyük  əmək  sərf  edirdi.  Onun  səyi  ilə  məktəbdə  “Alov”  futbol  komandası  yaradılmışdı.  Mən  komandanın hücumçusu idim. Sonralar 1990-cı il Lənkəran hadisələrində Azərbaycanın  Milli  Qəhrəmanı  adına  layiq  görülən  Etibar Böyükağa oğlu Əliyev    Kamran  Əliyev  qapıçı  kimi  özlərini  layiqincə  doğruldurdular.  Komandanın  üzvlərindən  Məmməd  Kazımov, Əlizadə  Ağayev, Fərhad  Həsənov, Qəribxan  Əliyev (həkim), Malik  Ağayev, Tofiq  Əhmədov (Astaranın  baş  memarı), Kamil  Həmzəyev, Azad  Məhərrəmov, Nəhmət,  Məhərrəm  Fərəcov, Barat     başqaları  yaxşı  oyunçular  sayılırdılar. “Alov”  futbol  komandası  rayon  səviyyəsində  keçirilən  yarışlarda  iştirak  edir, mükafata  layiq  yerlər  tuturdu.

Qeyd  edək  ki, Astara  Uşaq-Gənclər  İdman  məktəbi  rayonda  yarışların  əsas   təşkilatçısına  çevrilmişdi. Hər  il  keçirilən  yarışların  təsəbbüskarı  məktəbin  direktoru  Namik  Həsənov    internat  məktəbin  baş  müəllimi  Hüseyn  Ələkbərov idilər.  Məktəbdə yüngül atletika, futbol, voleybol, tennis, şahmat, bakselbol  bölmələri  fəaliyyət  göstərərdi. Məktəbimizin  “Alov”  komandası  həmişə  futbol  yarışlarına  dəvət  alardı, rayonda  çox  vaxt  birinci  və ikinci  yerləri  götürərdik.

Şagirdlərin  istirahəti, asudə  vaxtları  da  səmərəli  təşkil  olunardı. O vaxt  rayonun  Maşxan, Miki, Kələdəhnə  kəndlərində    “limon”  sovxozunda  pioner  düşərgələri  fəaliyyət  göstərərdi. Biz yay tətillərində həmin  düşərgələrdə  istirahətimizi  xoş  keçirərdik. Düşərgələrdə məktəblilərin  dünyagörüşünün  formalaşması, fiziki  hazırlığının   təkmilləşdirilməsi  üçün  müxtəlif tədbirlər,  idman  yarışları  keçirilərdi.  Xəzəryanı  istirahət  yerlərimiz    vardı, orada  da istirahətimiz şən və maraqlı keçərdi. Bir qayda  olaraq  həftənin  şənbə və bazar  günlərində  əsasən  Hind  filmlərinə  və teatrlaşdırılmış  verilişlərə  baxardıq. Biz həmin günləri  səbrsizliklə  gözləyərdik.

Yuxarıda  qeyd  etdiyimiz  kimi, idman  sahəsində  qazandığım  bütün  mailiyyətlərimə, fəxrı  adlarıma  görə  ilk  növbədə  internat  məktəbinə  borclu  olduğumu  həmişə  diqqətə  çatdırıram. Yaxşı  yadımdadır, Kamal  Əliyev  tarixdən  bizə   dərs  deyərdi. O, eyni  zamanda  boksla  məşğul  olurdu, bu  sahədə  uğurları  və idman dərəcəsi də  vardı. Boks  idmanına  ilk  marağı  məndə  məhz  Kamal  müəllim  yaradıb. Mənə  demişdi  ki, mütləq  idmanda   boksun  dalınca  get,  səni  burda  böyük  uğurlar  gözləyir.  Hər dəfə  tarix  dərsində  məni  qaldırar, ilk  sözü  bu  olardı:  “Boksyor, fikrini  dəyişməmisən  ki?..” Cavabında  deyərdim  ki, xeyr, Kamal  müəllim.

İnternat  məktəbini  bitirdikdən  sonra  mən 1970-ci  ildə  Bakının  Razin  qəsəbəsində  (indiki  Bakıxanov  qəsəbəsi)  7 nömrəli  texniki  peşə  məktəbinə  getdim. Lakin  tarix  müəllimi  Kamal  Əliyevin  sözləri  həmişə   qulaqlarımda  əks-səda  verirdi: “Fikrini  dəyişməmisən ki...”

Peşə  məktəbində  boksla  daha  ciddi  məşğul  olmağa  başladım. Sonralar  texniki  peşə  məktəbinə  “Komsomolun  50  illiyi”  adı  verildi.  Məktəbin  idman  rəhbəri, Fəxri  Bədən  tərbiyəçisi  və Əməkdar  idman  xadimi  Həsən  Qarayev də  mənə  məsləhət  gördü  ki, boksla  məşğul  olum. Sevimli  müəllimim  Kamal  Əliyevin  vaxtilə  söylədikləri  çoxdan  həqiqətə  çevrilib.  Peşəkar   boksçu  kimi  uğurlarım  göz  qabağındadır. Ən  əsası  budur  ki, Lənkəranın  boks  idmanını  dünya  səviyyəsinə  qaldırdım. İndi  yetirmələrim  və oğullarım  uğurlarımı  layiqincə  davam  etdirir, Azərbaycan  boksunun  inkişafına  öz  töhfələrini  verirlər...

Vaxtilə  Astara  şəhər  İnternat  məktəbində oxumağımdan  illər  keçir.  Sevimli  müəllimlərimin  çoxu  həyatda  yoxdur.  Lakin  yaşayanlar  da  var.  Onlardan  biri    Respublikanın  Əməkdar   müəllimi, mənə  coğrafiyadan  dərs  deyən  Heybət  Hüseynovdur. Keçən  il Heybət  müəllimin  anadan  olmasının  90  illiyi  Astara  şəhərində  təntənə ilə  keçirildi.  Təbii  ki, bu  yubileydə  başqa  şagirdləri  kimi  mən də  iştirak  edirdim. Ürək  sözlərimi  onunla  bölüşsəm  də, elə  bilirəm ki,  sevimli müəllimim haqqında  hələ  heç nə  deməmişəm.  Heybət  müəllimlə  indi    tez-tez  görüşür, yenidən  o  illərə  qayıdır, acılı-şirinli  xatirələri  dilə  gətiririk.

Bəli, Astara  şəhər  İnternat  məktəbi  ilə  bizi nə  az, nə  çox  düz  62  il  zaman  məsafəsi  ayırır.  O  vaxtdan  çox  şey  dəyişilib.  Təkcə  o  illərlə  bağlı  xatirələr  dəyişməz  qalıb. Hazırda  təqaüddə  olsam da, xatirələr  işığında  o  illəri  yenidən  yaşayıram.

Yuxarıda yazdığım kimi mənim atam İmran da müəllim olub. Mən özüm də uzun illər  müəllim, baş məşqçi işlədiyimə və Lənkəranda Beynəlxalq səviyyəli Boks məktəbi yaratdığıma görə müəllim adını həmişə uca tutmuşam. Müəllim-işıq deməkdir. Müəllimsiz dünya, həyat  yoxdur. Müəllimi zəif olan ölkə nadan ölkədir. Ona görə də dünya dahiləri müəllimlər haqqqında həmişə maraqlı fikirlər deyiblər. Həmin fikirlərdən bəzilərini mən gündəliyimə yazmışam və həmişə dyirəm. İndi istəyirəm ki, onları bura yazım və oxucular da oxuyub yaddaşlarında əbədi saxlasınınlar.

 

Müəllim şam kimidir, özü yanıb tükənərkən ətrafını işıqlandırır. (Mustafa Kamal Atatürk)

***

Mənə bir hərf öyrədənin köləsi olaram. (Hz.Əli)

***

Müəllim bir  memar, ya mühəndisdir ki, insanların düşüncələrini, ağlını düzəldir. (Atalar sözü)

***

Yer üzündə, müəllimlikdən başqa şərəfli bir peşə tanımıram. (D. Roman)

***

Müəllim, bir zəkanı tamamilə hazır məlumatlarla dolduran təlimçi deyil, tələbələr öz özlərinə fikirlərini inkişaf etdirmələri üçün onları cəlb edən bir insan olmalıdır. (A. Karrel)

***

Atam məni bu dünyaya gətirib, amma müəllimim isə mənə bu dünyada həqiqi səadət yolunu tapmaqda yol göstərib. (Aristotel)

***

Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz. (Sokrat)

 

Bəli. Müəllim əməyi çox böyük  əməkdir. Gəlin müəllimləri sevək. O məmləkətdə ki, müəllim sevilir, həmin ölkə sivil ölkədir. Biz, həyatda hansı uğurlara imza atmışıqsa, müəllimləri sevdiyimizə, onlara bir valideyn kimi qiymət verdiyimizə görə nail olmuşuq.

 

“Ədəbiyyat və incəsənət”

(03.06.2025)

 

 

                                                

 

23 -dən səhifə 2250

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.