“Ədəbiyyat və incəsənət” portalı tanınmış yazar, pedaqoq, ictimai xadim Şəmil Sadiqin Kitab bələdçisi rubrikasında Türkiyədə yaşayan tanınmış jurnalist İbrahim Nəbioğlunun “Gələcək çox tez gələcək” kitabı barədə qeydlərini diqqətinizə çatdırır.
Əziz dostum, dəyərli ziyalımız – milli təfəkkürün, elmi düşüncənin və ana dilimizə marağın inkişafı naminə böyük fədakarlıq göstərən İbrahim Nəbioğlunun kitabını uzun zamandır oxumağı planlaşdırırdım. Vaxt imkan vermirdi, nəhayət ki, əldə etdim.
Düzdür, kitabda yer alan bəzi yazılarla sosial şəbəkələr və mətbuat vasitəsilə tanış idim. Ancaq bu dəfə sistemli şəkildə və düşünərək oxuyacağam. İbrahim bəylə ortaq baxışlarımız çoxdur. Düşünürəm ki, bunların içində ən vacibi – Azərbaycan dili məsələsinə olan həssas münasibətimizdir. Əslində, bu məsələ hər bir azərbaycanlının ortaq qayəsi olmalıdır. Təəssüf ki, bəzən buna şahid olmuruq.
İbrahim bəyin yazıları nə qədər dərin, zəngin və maraqlıdırsa, şəxsiyyəti ondan da artıqdır. Onun dili rəvan, ifadələri dəqiq, tərzi isə sərrast və oxunaqlıdır. Şirin ibarələri, baməzə yanaşmaları və fikir incəliyi ilə oxucunu düşünməyə və təbəssümə sövq edir.
O, həm bir insan, həm də müəllif olaraq sözünə və özünə dəyər verən ziyalıdır. Bu kitabın da necə böyük diqqətlə hazırlandığının canlı şahidiyəm. Bir neçə il əvvəl bu kitabın çapını biz də təklif etmişdik, amma qismət olmadı. O zaman da demişdi: “Üzərində işləyirəm…” Və doğrudan da işinə hörmətlə yanaşan bir müəllif kimi səbr və səliqə ilə ortaya nümunəvi bir əsər çıxarıb.
Kitab yüksək səviyyədə hazırlanıb – başlıqlar, bölmələr və ümumi tərtibat son dərəcə dəqiq və zövqlüdür. Oxumağa başladım. Özü də harada? Təbiətin qoynunda – Quba, Qusar, Xaçmazda – “Zəfərin Uşaqları ilə Oxu Marafonu” layihəsi çərçivəsində şimal bölgəmizdəyik. Məqsədimiz Azərbaycan dilli ədəbiyyatın təbliği və tanıdılmasıdır.
Elə bu yolda “Gələcək çox tez gələcək” kitabı mənim sadiq yol yoldaşıma çevrildi.
Təbrik edir və təşəkkür edirəm, İbrahim bəy! Var olun!
“Ədəbiyyat və incəsənət”
(22.07.2025)