ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Çərşənbə axşamı, 03 İyun 2025 08:28

Xalq artisti Mobil Əhmədovun anım günüdür

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Azərbaycan Respublikasının xalq artisti Mobil Əhmədov 10 sentyabr 1931-ci ildə Gəncədə doğulub. 1955-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olub. Amma rəssamlığa sevgini musiqi sevgisi üstələyib. Sonradan bura aktyorluq da əlavə edilib.

 

Bir il sonra o, Azərbaycan Dövlət Konservatoriyasına qəbul edilib və Bülbülün sinfində oxuyub. 1961-ci ildə təhsilini başa vuraraq bir neçə ay Dövlət Radiosunun xorunda işləməyə başlayıb. Sentyabr ayında isə MkT-yə solist dəvət olunub. Elə həmin vaxtdan da qırx ilə yaxın teatrın əksər tamaşalarında əsas partiyaları ifa edib. Teatrın yetmişdən çox tamaşasında oynamaqla zəngin yaradıcılıq irsi yaradıb, bir neçə rolunu müxtəlif quruluşlarda ifa edib.

 

Müxtəlif təhsil ocaqlarında pedaqoji fəaliyyət göstərib. Sənət dostlarının yüzlərlə şarjını çəkib. Radionun fondunda 600-dən çox lent yazısı, 40 valı var. Aktyor-müğənni Azərbaycanın əməkdar artisti və xalq artisti fəxri adlarına layiq görülüb.

 

Klassik operettalarda və klassik milli dramaturgiya əsasında yazılmış musiqili komediyalarda oynadığı rollar:

 

- Sərvər və Rüstəm bəy, Əsgər ("Məşədi İbad" və "Arşın mal alan", Üzeyir bəy Hacıbəyov);

- Heydər bəy ("Hacı Qara", Mirzə Fətəli Axundzadənin eyniadlı əsəri əsasında libretto müəllifi Şəmsi Bədəlbəyli. Bəstəkarlar Ramiz Mustafayev və Vasif Adıgözəlov);

 

- Məhəmmədhəsən əmi ("Danabaş kəndinin əhvalatları", Cəlil Məmmədquluzadənin eyniadlı əsəri əsasında libretto müəllifi Cənnət Səlimova, bəstəkar Oqtay Kazımov).

 

Müasir mövzulu musiqili komediyalarda ifa etdiyi səhnə surətləri:

 

- Tuğay ("Bir dəqiqə", Məhərrəm Əlizadə və Hacı Xanməmmədov);

- Nadir ("Qızıl axtaranlar", Həsən Seyidbəyli və Tofiq Quliyev);

- Ayaz ("Qaynana", Məcid Şamxalov və Zakir Bağırov);

- Alay ("Gözün aydın", Məhərrəm Əlizadə və Fikrət Əmirov);

 

Tərcümə əsərlərində oxuduğu partiyalar:

 

- Zurab ("Tiflis nəğməsi", Levon Cubabiriya və Şota Milorava);

- Kote ("Keto və kote", Vladimir Dolidze);

- Elbrus ("Sevgilimin anası", Georgi Xuqayev və A. Ovanov).

 

Filmoqrafiya 

 

- Qara daşlar (film, 1956)

- Aktrisanın təbəssümü (film, 1974)

- Üzeyir ömrü (film, 1981)

- Məkanın melodiyası (film, 2004)

- Cümhuriyyətə doğru üç addım (film, 2008)

- Yeni il gecəsində (film, 1958)

 

Uzun sürən xəstəlikdən sonra 2006-cı il iyun ayının 3-də 75 yaşında Bakı şəhərində vəfat edib, Gəncə şəhərində dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(03.06.2025)

 

Çərşənbə axşamı, 03 İyun 2025 16:35

Kimdir Nəriman Əbdülrəhmanlı?

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə sizə yazıçı Nəriman Əbdülrəhmanlıdan söhbət açmaq istəyirəm, kimə maraqlıdırsa dinləyə bilər. Doğrudur, onun haqqında çox deyilib, çox yazılıb, amma düşünürəm ki, bu söhbət onun ad gününə hədiyyəm olacaq. Axı bu gün onun ad günüdür.

 

O, 1958-ci ildə qonşu Gürcüstanın Qaraçöp mahalının Düzəyrəm kəndində dünyaya gəlib. 1975-ci ildə Düzəyrəm kənd orta məktəbini bitirdikdən sonra Bakıya üz tutub. Bakı Dövlət Universitetində ali təhsilə yiyələnib. Üç il sonra Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun nəzdində kinossenari kursunda təhsil alıb. İndiyədək "Daşkəsən", "Sovet Gürcüstanı" qəzetlərində, "Kino" qəzeti və "Yeni filmlər" jurnalı redaksiyasında, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının "Yaddaş" sənədli filmlər studiyasında, Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, Müdafıə Nazirliyinin kino-telestudiyasında, "Hərbi bilik" jurnalında, "Lider" televiziyasında, "Ulduz" jurnalında, AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində, "Qanun", "Adiloğlu" nəşriyyatlarında müxtəlif vəzifələrdə işləyib, BSU-nun yaradıcılıq fakültəsində nəsr kursunu aparıb. 2014-cü ildən ildən isə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Tərcümə Mərkəzində çalışıb. Ta ki mərkəz bağlananacan.

 

“Mənə görə, ədəbiyyat nə tərbiyəçidi, nə də məsələ qaldırıb problem həll eləyən. Ədəbiyyat insanın yaşantılarını, duyğularını, görüşlərini SÖZlə ifadə eləmək sənətidi. Əsl ədəbiyyat, həqiqətdə, gözəl avantüradı, insanı həyəcanlandırmaq, sarsıtmaq, necə deyərlər, yerindən oynatmaq, havalandırmaq cəhdidi. Əlbəttə, ədəbi əsərlərin insanın zənginləşməsinə təsirini də inkar eləmək olmaz. Orxan Pamukun romanlarından biri təxminən belə başlayır: “Bir kitab oxudum və bütün həyatım dəyişdi”. Danmaq olmaz ki, insanın həyatını dəyişdirən əsərlər də var. Xüsusilə elektron rabitə vasitələri olmayan, kitabın daha çox oxunduğu vaxtlarda belə təsirlər hiss edilən idi...”- söyləyir.

 

İlk publisistik yazıları, hekayələri ötən əsrin 80-ci illərindən çap olunan Nəriman Əbdülrəhmanlı 90-cı illərdən povestləri, 2000-ci illərdən isə romanları ilə tanınır. O, həmçinin kinopublisistika və kino tarixi ilə ciddi məşğul olub, 4 cildlik "Azərbaycan kino sənəti tarixi" monoqrafiyasını yazmaqla yanaşı, qələmə aldığı ssenarilər üzrə bədii və sənədli kinofilmlər çəkilib...

 

Artıq söz-söhbətdən, yersiz dedi-qodulardan, məkr və paxıllıqdan uzaq adamdır. Onu mətbuatdan izləsəm də həyatda cəmi iki dəfə görmüşəm. Bir dəfə yazıçı Aslan Quliyevin evində, bir dəfə də mərhum ədəbiyyatşünas Sabir Bəşirovun kitabına həsr olunan tədbirdə. Maraqlı mülahizələri var.

 

Deyir ki,- “Düşünürəm, cəmiyyət çoxsəsli, çoxrəngli, çoxqatlı orqanizmdi, hər baxan qələm adamı da həmin orqanizmdə öz səsini, öz rəngini, öz qatını axtarır. Rənglərin, eləcə də səslərin arasındakı fərq yazıçının həmin məqamdakı ovqatı, ruhi vəziyyətilə bağlıdı. Yenə Orxan Pamuka müraciət eləyim. Onun yeganə bir hekayəsi var, “Pəncərədən baxmaq” adlanır. Radio, televiziya olmayanda adamlar həyata pəncərədən baxırdılar, onda həyat tamam başqa rəngdə görünürdü. İndi həyata daha çox monitordan baxırlar. Həyatısa insan gözündən başqa aradakı bütün vasitələr deformasiyaya uğradır...”

 

Xaraktercə sakit, mülayim adamdır. Necə deyərlər, dindirməsən danışmaz. Zahirən sakit görünsə də daxilən qaynar, dinamikdir. Güclü mütaliəsi var, bu onun davranışında, nitqində, eləcə də dünya görüşündə öz əksini tapıb. Haradan sual verirsən ver, dərhal cavablandıra bilir. Yaradıcı adam kimi şox tələbkardır, öz üzərində daim işləməyi xoşlayır...

 

“Sözün düzü, mən özünü modernist ya postmodernist adlandıran qələm sahiblərinə başqa cür baxıram. Məndən ötrü gözəl bədii mətn yazmaqdan başqa heç bir cərəyan- filan mövcud deyil. Normal cümlə qura bilməyən, hisslərini bədii səviyyədə ifadə eləməyi bacarmayan adamın özünü nəsə adlandırması ancaq təəssüf doğurur. O vaxt özünü postmodernist sayan, üstəlik, səs-küylü mükafat-filan da almış bir gənc yazarın son kitabı əlimə keçmişdi, bircə abzasını oxudum, ona da, hamilərinin köməyilə at oynatdığı ədəbiyyata da yazığım gəldi. Ona görə ədəbiyyatı sevmək də, bilməmək də, iddia ortaya qoymaq da olar, amma son məqamda hər şeyi ƏLAHƏZRƏT MƏTN göstərir.”- söyləyir.

 

Bəli, ədəbiyyatda bütün qaydalarla yanaşı mətn başlıca amildir. Elə bizim özümüz də, sonda kiminsə qələmində mətnə çevrilməyəcəyikmi?..

Nəriman müəllimin 67 yaşı tamam olur. Çox yaşasın!


“Ədəbiyyat və incəsənət”

(03.06.2025)

 

 

ABŞ-nin Cənubi Karolina ştatının Qrinvil şəhəri ilə bağlı xoş xəbər almışıq. Belə ki, şəhərin meri Knox Vayt və şəhər şurasının üzvləri 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıblar.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən “Ədəbiyyat və incəsənət” portalına verilən məlumata görə, Bəyannamə ştatda fəaliyyət göstərən Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbala təqdim edilib. 

Cənubi Karolinanın Qrinvil şəhərində 28 May 2025-ci il tarixi “Azərbaycanın Müstəqillik Günü” elan edilib. Sənəddə Qrinvil şəhərinin uzun illərdir ki, müxtəlif mədəni irslərin və xalqların bir araya gəldiyi qonaqpərvər bir məkana çevrildiyi vurğulanıb. Ştatda yaşayan azərbaycanlıların incəsənət, musiqi, təhsil, elm, tibb və digər sahələrə verdiyi töhfələr qeyd olunub.

 

“Ədəbiyyat və incəsənət”

(02.06.2025)

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Bu gözəl bahar günlərində Adilə Nəzərin 55 yaşı tamam oldu.

Çox maraqlı xanımdır Adilə Nəzər. Fikirləri, poeziyası, eləcə də həyat tərzi onun sonradan şair olduğundan deyil, əzəldən şair doğulduğundan xəbər verir. Yox, yox, onun poeziyasından danışmaq fikrində deyiləm. Bir kübar xanım kimi, ona xas olan müsbət xüsusiyyətləri sizinlə də bölüşmək istəyirəm. Daha doğrusu, yubileyinə söz ehtiyatımın ən gözəl rənglərindən istifdə edib portretini cızmağa səy göstərəcəyəm.

 

Dünyaya qəribə yanaşması var, söyləyir ki: “Bu dünyanı düşünəndə görürsən ki, o, içində lazımlı əşyalar olan bir ev kimidir. Göy dam kimi ucaldılıb, Yer sərgi kimi yayılıb, ulduzlar çıraq kimi öz yerlərində yerləşdirilib, təbii sərvətlər xəzinə kimi gizlədilib, qalan hər şey insanın istifadəsi üçün hazır vəziyyətə gətirilib.”

 

Düşüncə və intellektual fəaliyyətlərdə çox aktivdir. Onun fəlsəfəsi sadəcə intellektual maraqla məhdudlaşmır, ətrafdakı dünyanı dərk etməyə və hər zaman yeni biliklər qazanmağa yönəlib. Onun üçün hər bir təcrübə, hər bir insan və hər bir fikir öyrəniləsi bir nümunədir. O, həyatın müxtəlif tərəflərini təhlil edərək, öz dünyagörüşünü formalaşdırmağa çalışır. Tez-tez həyatın mənası, insan münasibətləri və sosial ədalət kimi mövzularda düşünür. Bu mövzular ətrafında dərin mülahizələr yürüdür. Onun üçün həyat fəlsəfəsi hər zaman dəyişkən və inkişafda olan bir prosesdir. Çünki o, hər yeni təcrübədən ibrət götürməyə və öyrəndiklərini həyatında tətbiq etməyə çalışır...

 

Deyir ki:- “Mənə görə, elmi yaradıcılıqla bədii yaradıcılığın arasında fərqdən çox, əlaqə var. Hər iki sahənin sirri ayrı-ayrı alimlərin, dühaların maraq dünyasına girib onların sirrini açmaqdan, onları kəşf etməkdən başlayır. Bu araşdırmalar inkişaf faktoruna çevrilir və insanın öz fikirləri meydana gəlir. Yəni o sirli dünyanın içinə girdikcə dünya içində dünya yaranır. Mən bəzi şeirlərimi elmi araşdırmalarımla eyni dövrdə yazmışam. Bütün elmlərin açarı fəlsəfədir. Dünyanı dərk etmədə, kainatın, varlığın, həqiqətin ölçüsünü aramadaykən, bir də görürsən, hardasa tarazlıq pozulur. Nizam yox ha, tarazlıq. Bax, o tarazlıq pozulanda insanın hissləri qabarır, hisslər duyğulara çevrilir, sözə dönür və beləcə şeir yaranır. İlham deyilən o pəri heç də göydən, bacadan, havadan şeir gətirmir, şeir insanın daxilində, ruhunda bəzən saatlarca, bəzən günlərcə çəkilən sancıdan doğan ilahi bir ehtiyac, ağılın təcrübəsindən, həyatın müşahidələrindən yaranan, təhtəlşüurda gizlənən düşüncələrin duyğuya, duyğunun sözə olan sədaqətidir. Ərəb əsilli şair Cəbran Xəlilin fikrinin söylədiyi kimi, alimliklə şairlik arasında incə bir xətt var, alim bir addım o xətti şair tərəfə keçəndə dahi olur, şair bir addım alim tərəfə keçəndə müdrik. Mən bu xəttin hər tərəfinə düşməyə çalışır, nə qədər nail oluramsa, onu oxucular deyə bilərlər...”

 

O, 1970-ci il may ayının 26-da Naxçıvan MR-in Şərur rayonundakı Şəhriyar kəndində dünyaya gəlib. Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə Azərbaycan Müəllimlər İnstitutunda bakalavr, Azərbaycan Dövlət Pedaqoji Universitetində isə magistr dərəcələrinə yiyələnib. AMEA-nən Dilçilik İnstitutunda "Azərbaycan dilində fəlsəfi terminlərin leksik-semantik təhlili" mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi adına layiq görülüb. Hal-hazırda Təhsil İnstitutunun elmi-pedaqoji kadr hazırlığı şöbəsidə aparıcı elmi işçi vəzifəsində çalışır. “Kitab Evi” İctimai Birliyinin sədridir. Şeirləri Türkiyə türkcəsinə, rus, fars, fransız və özbək dillərinə tərcümə olunub. On kitab, o cümlədən, yeddi şeirlər, bir Azərbaycan dilində fəlsəfə terminlərinin izahlı lüğəti, iki monoqrafiya, qırx elmi, iyirmi beş publisistik məqalənin müəllifidir...

 

Saf sevgidən doğulub. Saf sevgidən doğulan bütün insanlar kimi, Allah ondan da səxavətini əsirgəməyib. Çoxşaxəli və məzmunlu xanımdır. Hər hansı bir mövzuya maraq göstərdisə, bütün diqqətini ona verir. Bu da onun dərrakəsinin, eləcə də təfəkkürünün nə qədər dərin olduğunu göstərir...

 

“Fəlsəfədə iki cür bilik var: rasional bilik və irrasional bilik- oxuyub qazandıqların və oxumadan İlahidən verilənlər. Rasional biliyin olmayanda irrasional biliyi- İlahidən gələnləri sözə çevirib deyə bilmək çətin olur, bu hər adama qismət olmur. Bu alimliyin şairlikdə müsbət tərəfidir. Mənfi tərəfi isə budur ki, bəzən elə şeirlər yaranır ki, orada poetiklik ikinci plana keçir. Oxucu o şeiri tənqid də edə, “poeziya nümunəsi deyil” də deyə bilər. Hər şeir də poeziya nümunəsi olacaq deyə bir şey yoxdur. Məgər klassiklərimizin şüar etdiyimiz nəsihətamiz fikirləri bizə şeirlə gəlib çatmayıbmı?”- söyləyir...

 

Ünsiyyət qurmağı və məlumat mübadiləsi aparmağı xoşlayır. Söhbət etməyi və yeni insanlar tanımağı asanlıqla bacarır. Onun sosial çevrəsi çox genişdir və o, hər bir insandan öyrənəcək bir şey olduğunu düşünür. Onun üçün dialoq və müzakirə çox vacibdir, çünki bu onun düşüncə tərzini genişləndirir və dərinləşdirir...

 

Deyir ki:- “Romantizmin ifrat emosionallığını və xəyalpərəstliyini həyatın canlı, bəzəksiz təsvirləri ilə əvəzləyən realizm, ədəbi cərəyan kimi, Azərbaycan ədəbiyyatında da XIX əsrdən başlayaraq özünü göstərdi. Öz həyatiliyi ilə realizm əsasən bədii nəsri və dramaturgiyanı ağuşuna alsa da, onun forma və məzmun təzahürləri və inikas qanunları poeziyadan da yan keçmədi. Vaqif, Vidadi, Seyid Əzim Şirvani, Qasımbəy Zakir, Mirzə Ələkbər Sabir və başqaları XIX əsr və ondan əvvəlki dövr Azərbaycan poeziyasında bu janrın imkanlarından bəhrələnərək milli quruluşumuzun bir sıra mənfi xüsusiyyətlərini tənqid atəşinə tutdular.”

 

Zəka və düşüncə tərzi fərqlidir. Yüksək intellektual qabiliyyətə malikdir. Hadisələri məntiqli analiz edən və tez qərar verən insandır. Sürətli düşünmə qabiliyyəti ona həyatın müxtəlif sahələrində uğur qazanmağa şərait yaradır. O, öz problemlərini kreativ və gözlənilməz yollarla həll etməyi bacarır...

 

“Ortabab sağlamlığımızı daha da pozan, sonra dərmanını “axtaranlar” - “həkimlər” gündən-günə çoxalırlar. Ondan sonra biz vətəndaş yox, kimlərinsə “müştərisi” oluruq. Sağlamlığı pozulmuş, lakin mütləq dərhal ölməməli və heç vaxt sağalmamalı olan müştərilər. Axı, biz sağalsaq və ya ölsək dərmanları kim alacaq, faizlər necə gələcək?! Və sair və ilaxır...”- söyləyir.

 

Cəsarətli adamdır. Hər bir şəraitə uyğunlaşma qabiliyyəti çox yüksəkdir. O, sosial və ictimai dəyişiklikləri qəbul edə və yeni şəraitə tez öyrəşə bilir. Bu xüsusiyyəti ona həyatın sürətlə dəyişən tələbləri ilə ayaqlaşmağa və müxtəlif həyat şəraitlərində uğur qazanmağa imkan verir...

 

Bu qədər gözəl xüsusiyyətlərin arasında o qədər heyrətləndim ki, heç bilmirəm, söhbətim necə alındı. SÖZ politramı yığışdırıb qələm-fırçama sakitlik verirəm. Kənara yeriyib sizə qoşuluram. Görəsən, şair, alim Adilə Nəzərin portretini çəkə bildinmi?

 

“Ədəbiyyat və incəsənət”

(02.06.2025)

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Əslən Oğuz rayonundan olan Vüsalə İmran qızı Seyfəddinova Azərbaycan Yüksək Qızlar Liqasında çıxış edən “Neftçi” klubunda və Azərbaycanın qadınlardan ibarət milli komandasında yarımmüdafiəçi kimi oynayan azərbaycanlı peşəkar qadın futbolçudur.

 

O, 11 mart 2000-ci ildə Oğuz rayonunun Qumlaq kəndində anadan olmuşdur. Qumlaq kənd tam orta məktəbinin ümumi orta təhsil pilləsini başa vuran Vüsalə həyatını futbola bağlamışdır.

 

Klub karyerası.

Uşaqlıq və ilk gənclik illərində (2011-2017-ci illər) Şəkinin “Gənclik” klubunda çıxış etmişdir.

2017-2018-ci illərdə Bakıdakı “8-li İOEUGİM” (sonrakı adı “Təhsil” olub), 2018-2019-cu illərdə Sumqayıtın “Uğur”, 2019-2020-ci illərdə Rusiyanın Ryazan, 2020-2021-ci illərdə Türkiyənin ALG Spor, 2021-2022-ci illərdə Kazanın (Rusiya) “Rubin”, 2022-ci ildə yenə Türkiyənin “Çaykur Rizəspor” və Adana İdmanyurduspor, 2023-cü ildə Büyükşehir Belediyespor və Amedspor, 2024-cü ildə Yunanıstanın “Olimpiada İmittou” komandalarının tərkibində çıxış etmişdir.  2024-2025-ci mövsümdə "Neftçi" klubuna transfer olub.

 

Milli karyerası.

2015-2016-cı illərdə Azərbaycan U-17, 2017-2018-ci illərdə isə Azərbaycan U-19 millisində çıxış edib. 2019-cu ildən Azərbaycanın qadınlardan ibarət A milli yığmasında uğurla çıxış edir.

 

Bu gün Vüsalə nəinki Azərbaycanın, o cümlədən dünyanın tanıdığı ən yaxşı qadın futbolcularından biridir. Ona idman karyerasında daha böyük uğurlar arzulayırıq.

 

P.S.Kişilər yarıtmır, barı, qadınlar yarıtsınlar!

 

“Ədəbiyyat və incəsənət”

(02.06.2025)

Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Məcnun Leyliyə xitabən belə bir məktub yazıb və mənim elektron poçtuma yollayıb...

 

Əzizim Leyli,

Neçə gündür ki, səhralarda ac-susuz gəzir, dolaşıb səni axtarıram. O gün televizor adlanan qutuda səni gördüm. Doğrusu, ilk öncə tanımadım. Sonradan diqqətlə izlədikdən sonra fərqinə vardım ki, bu sənsən. Əlində olan bir əşya ilə mahnı oxuduğunu gördüm.

 

Çox dəyişmisən... Kirpiklərin, gözlərin, dodaqların və bütün...

Mən səni olduğun kimi sevirəm. Taxma kirpiklər səni səndən fərqli göstərir. Gözünə taxdığın linza gözlərini daha qəribə formaya salıb. Ənlik və kirşan olmadan, təmiz dərili halınla daha çox göz oxşayırdın. Günəşin şəfəqləri təravətli dərində daha gözəl bərq vururdu. Dodaqlarındakı silikon dolğu isə bizim fermadakı dəvələrin ətli-sallaq dodaqlarını xatırladır...

 

Əzizim, axı o nə olan şeydir ki, sən o dolğunu bədəninin bir çox yerinə doldurub, özünü armuda, armudu stəkana bənzətmisən, hə? Üstəlik müğənniliyə də başlamısan. Qəbilədə olan vaxt, sənin axı heç səsin də çıxmırdı. Mən daha sənin üçün necə mübarizə aparım, sevgimiz uğrunda özümü necə şəhid edim? Anam məni evləndirmək istəyir. İndi mən ona necə deyim ki, sevdiyim qız dəyişilibdir? Axı indi hamınız fiziki cəhətdən eynisiniz!!!

Əziz Leyli. Əgər Qoşqarın vasitəsilə bu mesajım sənə çatarsa, xahiş edirəm, mənə geri dönüş edərsən.

 

Hörmətlə, sənin Dəlin

 

P.S. Sabah cavab da olacaq

 

“Ədəbiyyat və incəsənət”

(02.06.2025)

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində növbəti actual mövzunu qiyuruq: "Ortaq tarix dərsliyi" təşəbbüsləri və tədris problemləri.

 

Türk xalqları arasında mədəni, dil və tarix baxımından ortaq köklər olsa da, bu xalqlar müxtəlif siyasi sistemlər və tarixi proseslər çərçivəsində inkişaf etdiklərinə görə tarix tədrisi sahəsində bəzi fərqliliklər formalaşıb. Bu gün “ortaq tarix dərsliyi” ideyası, Türk dünyasında birlik və qarşılıqlı anlaşmanın təməlini qoymaq baxımından olduqca aktuallaşıb. Lakin bu təşəbbüs həm imkanlar, həm də problemlərlə üz-üzədir.

 Ortaq tarix dərsliyi təşəbbüslərinin əsas məqsədi, Türk xalqlarının ortaq keçmişini vahid və obyektiv şəkildə təqdim etməkdir. Bu dərsliyin hazırlanması sayəsində məktəblilər, yalnız öz milli tarixlərini deyil, digər Türk xalqlarının da keçmişi ilə tanış olar, beləliklə ümumi kimlik şüuru formalaşar. Bu təşəbbüs həmçinin tarixin siyasi alətdən çox, mədəni inteqrasiyanın vasitəsi kimi istifadəsinə yönəlib.

 Son illərdə Türk Akademiyası, TÜRKSOYTürk Dövlətləri Təşkilatı kimi qurumların təşəbbüsü ilə ortaq tarix dərsliyi üzərində işlərə başlanılıb. 2022-ci ildə bu istiqamətdə konkret addımlar atılıb və ilk “Ortaq Türk Tarixi” dərsliyinin pilot versiyası hazırlanıb. Dərslikdə Orta Asiyadan Anadoluyadək uzanan mədəni və tarixi əlaqələrə, ortaq dastanlara, şəxsiyyətlərə və dövlətlərə yer verilir.

 Bununla belə, ortaq dərsliyin hazırlanması bir sıra çətinliklərlə müşayiət olunur:

1.    Milli tarixlə ortaq tarix arasında tarazlıq: Hər bir ölkə öz milli qəhrəmanlarını və tarixi hadisələrini ön plana çəkməyə çalışır. Bu isə obyektiv və ümumi yanaşma yaratmaqda çətinlik yaradır.

2.    Tarixi hadisələrin fərqli yozumu: Bəzi dövrlərdə Türk xalqları bir-birilə münaqişə də yaşayıb. Bu hadisələrin necə təqdim olunacağı, kimin "doğru" və ya "səhv" tərəf kimi göstəriləcəyi mübahisələrə səbəb ola bilər.

3.    Dərsliyin hansı yaş qrupu üçün nəzərdə tutulması: Tarix dərsliyinin ibtidai, orta və ya ali məktəb səviyyəsində olması yanaşmanı dəyişə bilər. Uşaqlara təqdim olunan mətnlər sadələşdirilmiş və təbliğat xarakterli olmamalıdır.

4.    Dil və terminoloji fərqlər: Hər ölkədə istifadə olunan tarix terminologiyası və yazı dili bir qədər fərqli ola bilər. Bu isə vahid dərsliyin hazırlanmasında dil norması məsələsini ortaya çıxarır.

  • Tarixçilərarası əməkdaşlıq: Ortaq dərsliyin hazırlanması üçün müxtəlif ölkələrdən mütəxəssislərin birgə çalışması vacibdir. Bu prosesdə həm rəsmi qurumlar, həm də müstəqil alimlər iştirak etməlidirlər.
  • Multidissiplinar yanaşma: Tarixə yalnız siyasi hadisələr yox, həm də mədəniyyət, iqtisadiyyat və ictimai həyat prizmasından baxmaq, dərsliyi daha balanslı və faydalı edər.
  • Pilot proqramlar və rəy toplama: Hazırlanan dərslik əvvəlcə bir neçə məktəbdə sınaqdan keçirilə və müəllimlərin, şagirdlərin fikirləri əsasında təkmilləşdirilə bilər.
  • Rəqəmsal formatda təqdimat: Ortaq tarix dərsliyi yalnız çap versiyası ilə məhdudlaşmamalı, rəqəmsal platformalarda interaktiv formada da təqdim edilməlidir.

 Ortaq tarix dərsliyi təşəbbüsü Türk xalqları arasında mədəni və tarixi bağlılıqları möhkəmləndirmək baxımından mühüm layihədir. Lakin bu təşəbbüs yalnız rəsmi qərarlarla deyil, eyni zamanda geniş elmi və ictimai müzakirələr, açıq əməkdaşlıq və tarixi obyektivlik prinsipləri əsasında həyata keçirilməlidir. Bu cür bir dərslik gələcək nəsillər üçün ortaq yaddaş, qarşılıqlı hörmət və həmrəylik ruhunu formalaşdıra bilər.

 

“Ədəbiyyat və incəsənət”
(02.06.2025)

                                                                                           

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

“Unudulmaz sevgi şeirləri”ndə uzun fasilədən sonra növbəti görüşə gənc şairin şeiri ilə gəlirəm. Bu sevgi şeiri və şair özü hələ kifayət qədər tanınmayıblar əlbəttə, amma ilk dəfədir, rubrikamızda, bir növ, ədibə və şeirə avans verilir. Çünki bu şeirin də, elə Nailin də populyarlaşacaqlarına inamım güclüdür.

Beləliklə, Nail Zeyniyevdən "Bəlkə də qovuşarıq biz...”

 

Yağış da qayıtdı bu yay günündə,

Zamansız qayıdıb dönənlər kimi.

Yazıram sözümü dərd dəftərində,

Dərdini varaqla bölənlər kimi.

 

Pozuldu fəsillər əhdi-nizamı,

Sən səfa çəkərsən, mənsə cəfamı.

Yaşarkən vermişəm belə qərarı

Ağlaya-ağlaya gülənlər kimi.

 

Bir odun içində alışarıq biz,

Zamanla həm küsüb barışarıq biz.

Bilmirəm, bəlkə də qovuşarıq biz 

Uzaqdan-uzağa sevənlər kimi...

 

“Ədəbiyyat və incəsənət”

(02.06.2025)

 

Prof. Ramazan Siracoğlu, “Ədəbiyyat və incəsənət” üçün

 

Çox qədim tarixə, inkişaf mərhələlərinə malik olan dilimizə iqtisadi, siyasi, dini, mədəni, elmi münasibətlər və  coğrafi qonşuluq səbəbindən fərqli dillərdən xeyli söz, deyim  keçmişdir. Alınma sözlərin bir qismi dilimizin fonetik və qrammatik  təbiətinə uyğunlaşaraq bu gün də öz varlıqlarını qorumaqdadır. Azərbaycan Respublikasında yaşayanların böyük əksəriyyəti müsəlman olduğu üçün, ərəb mənşəli dini sözlər və deyimlər vətəndaşlarımız arasında çox yayğındır. Dilimizdə geniş şəkildə işlənən dini sözlərin və deyimlərin çox cüzi bir qismini bu yazıda  bir yerə toplayıb onların anlamlarını imkanımız daxılındə  açıqlamaq gərəyi duyduq.

 

Bu qəbildən olan sözlərin və ifadələrin etimoloji açıqlaması  geniş oxucu auditoriyası üçün də maraqlı olacağını düşünürük. Yazıya  daxil edilən sözlərin və deyimlərin bəziləri dilimizə, həm də fars dilindən keçdiyini xatırlatmaqda fayda vardır. Bu bir gerçəkdir ki, bizim şairlərimiz, ədiblərimiz öz əsərlərində bəzən nüktədanlıq edərək öz əsərlərində bədii söz sənətinin uğurlu nümunələrini yaratmışlar. O tərz beytləri açıqlamaq üçün Qurani- kərimi bilmək lazımdır. Məsələn:

Bu qəmlər kim, mənim vardır, bəirin başinə qoysan,

Çıxar kafər cəhənnəmdən, gülər əhli-əzab, oynar. ( Füzuli)

Bu beyti açıqlamaq üçün Əraf surəsinin 40-cı ayəsində buyurulmuş “Dəvə iynənin gözündən keçənədək Cənnətə girə bilməzlər— لَا يَدْخُلُونَ الْجَنَّةَ حَتّٰى يَلِجَ الْجَمَلُ ف۪ي سَمِّ الْخِيَاطِۜ  hökmünün hikmətini idrak etmək lazımdır. Füzuli  öz dərdlərinin çoxluğunu nəzərdə tutaraq “mənim dərdlərimi dəvəyə yükləsələr, dəvə  həmin qəm yükünün ağırlığından iynənin gözündən keçəcək dərəcədə zəifləyər, sonucda da Cəhənnəm əhli bağışlanar, əzabdan qurtulduğuna görə sevinər” şəklində mübaliğə etmiş, həm də təlmih sənəti yaratmışdır.

Yaxud:

Gücnən deyil, əzizim, bu şəhabi – eşqdir, eşq

Ki, o bərqi- nəxli- iymən hər odun yığana gəlməz. ( Nəbati )

Xançobanı təxəllüsü ilə tanınan Nəbatı  qeyd olunan beytdə Qəsas surəsinin 29-cu- 30-cu ayələri əsasında gözəl bir təlmih nümunəsi yaratmışdır. Ailəsi ilə yola çıxmış Musa Peyğəmbər Turi- Sina ( Sina dağı ) tərəfdən işıq gəldiyini görmüş, ailəsinə “siz burada gözləyin, mən alov gördüm; gedib oradan sizin isinməniz üçün köz gətirim” demişdi. Alov görünən yerə çatdığında həmin vadinin sağ tərəfindəki bir ağacdan ( xurma ağacından) səs gəlmişdi : “Ey Musa, mən aləmlərin Rəbbi ALLAHam—  يَا الْعَالَم۪ينَۙ مُوسٰٓى اِنّ۪ٓي اَنَا اللّٰهُ رَبُّ “. Nəbati də qeyd olunan beytdə “əzizim, o parıltı, sevgidir, ilahi eşqdir; mübarək vadinin sağ tərəfindəki xurmada təcəlli edən işıq hər odun yığanın qarşısına çıxmaz, hər köz axtarına zühur etməz” söyləmişdir.

Və ya:

چو رسی به کوه سینا ارنی مگو و بگذر

که  نیرزد این تمنا به جواب  لن ترانی (Sədi)

Sina dağına çatanda “Mənə görün” söyləmə, keç get;

Çünki, sənin bu istəyin “Məni görə bilməzsən” cavabına layiq deyil.

Sədi Şirazi qeyd olunan beytdə Əraf surəsinin 143-cü ayəsi əsasında çox hikmətli, olduqca mənalı bir fikir bildirmiş, Musa Peyğəmbərə irad tutmuşdur. Qurani- kərimin qeyd olunan ayəsində buyurulmuşdur ki, Musa Peyğəmbər Sina dağında ( Turi- Sinada )  ALLAHa “Rəbbim, mənə görün, sənə baxım— رَبِّ اَرِن۪ٓي اَنْظُرْ اِلَيْكَۜ “ söyləmişdi. ALLAHdan səda gəldi ki, “Sən məni görə bilməzsən-  لَنْ تَرٰين۪ي”. Sədi Şirazi  də Musa Peyğəmbərə, “sən hansı cəsarətlə on səkkiz min aləmin  əbədi tək sahibinə “mənə görün” deyə bilərsən, axı sən hər şeydən öncə, möhtac bir bəndəsən, Onun istəmədiyini sən necə israr edərsən?” buyurmuşdur. Başqa sözlə, hər kəs öz həddini bilməlidir. 

Əlavə açıqlanmağa ehtiyac duyulan başqa bir numunəyə nəzər yetirək:

Səyyafa bədəl hər kimi cəm eyləsə arif,

Səyyadi- əcəl gəlsə məcal eyləmək olmaz. ( S. Ə. Şirvani )

Müqtədir şairimiz S. Ə. Şirvani  nümunə gətirdiyimiz beytdə cahiliyyə dönəmi ərəbləri arasında yayğın olan  bir adəti xatırlatmışdır. Cahiliyyə dövründə bütpərəst ərəblər inanırdılar ki, müəyyən bir yolla Ölüm mələyini aldatmaq olar. Ona görə də xəstə adamın yatağının yanına bir neçə maket qoyurdular. Həmin maketə “bədəl” deyirdilər. Ölüm mələyini də müxtəlif adlarla çağırırdılar ki, adının çəkildiyini bilməsin. Həmin adlar arasında “səyyaf-  سیاف - və səyyad - صیاد -“ sözləri də vardı. “Səyyaf” sözünün hərfi mənası “əli qılınclı, qılınc tutan,  cəllad”, “səyyad” isə “ovçu” anlamı bildirir. S. Ə. Şirvani də yazıb ki, “çoxbilmiş adam Ölüm mələyini aldatmaq üçün xəstə adamın yanına  nə qədər oxşarlar, maketlər, bədəllər yığsa da faydası yoxdur. Ölüm ovçusu gələndə heç kimə bir saniyə də olsun qurtuluş üçün fürsət verməz. S. Ə. Şirvani bu beytdə Qurani- kərimin Cümə surəsinin 8-ci ayəsinə bir göndərmə etmişdir: اِنَّ الْمَوْتَ الَّذ۪ي تَفِرُّونَ مِنْهُ فَاِنَّهُ مُلَاق۪يكُمْ – Qaçdığınız ölüm mütləq sizinlə qarşılaşacaqdır.”

Tədricı-lətafətlə sən İsayi-zəmansan,

İsayə, nigarım, qəmi - Məryəm nə üçündür? (S. Ə. Şirvani  )

Qeyd olunan beytdə işlənmiş “qəmi- Məryəm” ifadəsi oxucular üçün maraqlı ola biləcəyi ehtimalına dayanaraq onu  bir qədər genış şəkildə açıqlamaq istəyirik.

Kitablarda böyük  sayğı ilə  haqqında bəhs olunan Həzrət Məryəm binti İmran ( مریم بنت عمران  ) dünya dillərində bir qədər fərqli fonetik şəkillərdə məşhurdur. Dini məlumatlara görə, Həzrət Məryəm İsrailin şimalında,  Nazaret ( ərəb mənbələrində bu yaşayış məntəqəsi Ən- Nasirə— النَّاصِرَة adlanır ) adlı şəhərdə anadan olmuşdur.  Məryəm— مریم – sözü Tövratda “Miryam— מִרְיָם", İncildə "Mariya" variantında təqdim olunur.  Qurani- kərimin 19-cu surəsi Məryəm adlanır. Maraq üçün xatırlatmabq lazımdır ki, Qurani- kərimdə qadınlara aid xüsusi isimlər arasında yalnız Həzrət Məryəmin adı qeyd olunmuşdur. Qurani- kərimdə  Məryəm adı 34 dəfə çəkilmişdir. Məsələn, Bəqərə surəsinin 253-cü, Ali-İmran surəsinin 45-ci, Nisa surəsinin 171-ci, Maidə surəsinin 17-ci, Zuxruf surəsinin 57-ci, Hədid surəsinin 27-ci,  Muminun surəsinin 50-ci, Tövbə surəsinin 31-ci ayəsi  buna nümunə ola bilər. Dini ədəbiyyatda Həzrət Məryəm, həm də Məryəm ana və Bakirə Məryəm – Məryəmü Əzra – مریم عذراء -  kimi təqdim olunur. İnanca görə, Məryəm bakirə ikən Həzrət İsaya hamilə qalmışdır.

Ali- İmran surəsinin 36-cı ayəsinə görə, Həzrət Məryəmin atasının adı İmran ( عمران ) olub.  Tövratda İmran adı “Amram” ( עמרם ) şəklində verilmişdir.  Məryəmin  adını anası  qoymuşdur. Bu barədə Ali- İmran surəsinin 36-cı ayəsində məlumat vardır: “Onu Məryəm adlandırdım—   سَمَّيْتُهَا مَرْيَمَ.“  Həzrət Məryəmin bakirə ikən dünyaya uşaq gətirməsi onun tayfasında   hiddətlə qarşılanmışdır.  Məryəm özünün günahsız olduğunu söyləmiş, şahid kimi də öz körpəsini göstərmişdir. Adamlar da “o çağa bizə nə söyləyəcək ki?”- dediklərində körpə İsa danışaraq insanları heyrətə düşürmüşdür. Bu barədə Məryəm surəsinin 30-cu — 33-cü ayələrində bəhs olunmuşdur. Məryəm sözünün qədim yəhudicədə “istəkli, sevimli” mənaları ifadə etməsi barədə ehtimallar söylənilir. Bəzi dinşünaslar isə Məryəm sözünün qədim yəhudi dilində “acı, üzüntü, kədər” mənaları bildirən “mərər— מרר “ feilindən yarandığını  və “gün” anlamı bildirən “yom— “יום “ sözü ilə birləşərək “acı günlü,  kədərli taleli, qaragün” mənasında işlənmiş olduğunu iddia edirlər. Ali-İmran surəsinin 42-ci ayəsində Məryəmin dünyadakı bütün qadınlardan üstün olduğu barədə bilgi  verilmişdir: “Mələklər “Ey Məryəm, ALLAH səni seçdi, səni pak etdi, səni dünya qadınlarından üstün  eylədi” söylədilər— وَإِذْ قَالَتِ الْمَلاَئِكَةُ يَا مَرْيَمُ إِنَّ اللّهَ اصْطَفَاكِ وَطَهَّرَكِ وَاصْطَفَاكِ عَلَى نِسَاء الْعَالَمِينَ.” Maidə surəsinin 75-ci ayəsində Həzrət Məryəm “siddiqə- صِدّ۪يقَةٌۜ - çox dürüst, doğru, düzgün” şəklində təqdim olunmuşdur.  Dini kitablarda Həzrət Məryəmin toplumun təzyiqi qarşısında dayanmaqda çətinlik çəkməsi, atasız doğulan körpəsinə görə iztirablara məruz qalması, özünə ölüm arzulaması barədə bəhs olunmuşdur. Məryəm surəsini 23-cü ayəsində Həzrət Məryəmin “Kaş ki,  bundan daha öncə ölsəydim, bütün unudulanlar kimi unudulsaydım—  يَا لَيْتَنِي مِتُّ قَبْلَ هَذَا وَكُنتُ نَسْيًا مَّنسِيًّا” – söyləməsi məhz bu ictimai qınağın bariz nəticələrindəndir.   S. Ə. Şirvani qeyd olunan qəzəlində Həzrət Məryəmin iztirablarını xatırladaraq  belə buyurmuşdur:

Batdın genə bəxtim kimi bilməm nə qərayə,

Qurban sənə, bu şiveyi-matəm nə üçündür?

Xristianların əqidəsinə görə, Həzrət Məryəm, oğlu İsa Məsihin çarmıxa çəkilməsindən sonra onun təlimlərini özü təbliğ etmiş, insanları tək ilahi varlığa inanmağa  çağırmışdır. Rəvayətə görə, Həzrət Məryəm  Kipri və Efesi ziyarət etmiş, geri qayıtdıqdan sonra Qüdsün ətrafındakı Sion dağında (ərəb  mənbələrində “Səhyun dağı— جبل صهيون) vəfat etmiş, məqbərəsi Gesimaniyadadır ( ərəb məxəzlərində “Cissimania—جثسيماني ). Xristianlar  aprel, iyun və iyul aylarından başqa, hər ay Həzrət Məryəmlə  bağlı müəyyən bayramı qeyd edib onun şərəfinə dualar oxuyurlar.

Sənə bürhan deyil təriqi-pədər,

Gör nə yol getdi zadeyi-Azər?!  (S. Ə. Şirvani )

S.Ə. Şirvani “zadeyi-Azər – Azər oğlu” ifadəsində İbrahim Peyğəmbəri nəzərdə tutmuşdur. İbrahim peyğəmbərin atasının adı Azər idi. Qurani- kərimin “Ənam” surəsinin 74-cü ayəsində bu barədə məlumat var: قَالَ اِبْرٰه۪يمُ لِاَب۪يهِ اٰزَرَ اَتَتَّخِذُ اَصْنَامًا اٰلِهَةًۚ- İbrahim atası Azərə “Bütləri özünə tanrılar olaraqmı götürürsən?” – söylədi. )

S.Ə. Şirvani öz oğluna bildirir ki, “atanın yolu övlad üçün nümunə və ya dəlil deyil; görürsənmi, Azərin oğlu, yəni Həzrəti- İbrahim, necə yol getdi? Burada, İbrahim peyğəmbərin öz bütpərəst dədə-babalarının ibadət etdikləri  bütləri qırdığı xatırladılır.

Rübailəri ilə ədəbiyyatımızda məşhur olan Məhsəti Gəncəviyə aid olan bir rubaidə Qurani- kərimdən edilmiş iqtibas çox maraqlıdır:

دوشینه شبم بود شبیه یلدا      

آن مونس غم ‌گسار نآمد عمدا

شب تا به سحر ز دیده دُر می‌ سفتم

می ‌گفتم  رب لا تذرنی فردا

Dünənki gecəm oldu bir Yəlda,

Gəlmədi munisim, göz qaldı yolda.

Gecə sübhə qədər göz yaşı  tökdüm,

Dedim  “Ya Rəbbi, la təzərni fərda!”

Rübainin sonuncu misrasındakı “Rəbbi, la təzərni fərda-  رَبِّ  لا تَذَرْنی‏ فَرْداً -” ifadəsi Ənbiya surəsinin 89-cu ayəsindən alınmışdır.  Qocalmış Zəkəriya peyğəmbər övlad sahibi olmaq arzusu ilə ALLAHa yalvarır ki, “Ey Rəbbim, məni yalqız qoyma.” Məhsəti Gəncəvi də Qurani- kərimdəki həmin ifadəni eyni ilə rubaisində işlətmişdir. Qeyd olunan rübainin birinci misrasındakı “Yəlda” sözü ilin ən uzun gecəsi üçün işlənən sözdür. Zərdüştlikdə payız fəslinin sonuncu  ayı olan  azər ayının 30-cu gecəsini qış fəslinin ilki sayılan  dey ayının 1-ci gününə bağlayan vaxt, yəni, miladi təqvimə görə, dekabr ayının 21-ci gecəsi qış fəslinin başlanğıcı  hesab olunur. Həmin gecəyə “şəbi- Yəlda— شب یلدا -Yəlda gecəsi” deyilir. Yəlda sözü “yaranış, milad, doğuş” mənasındadır. Çağdaş deyimlə, “şəbi- Yəlda” “doğum gecəsi” anlamı daşıyır. O gecə ilin ən uzun və ən qaranlıq gecəsidir. O gündən başlayaraq  Şimal yarımkürrəsində yerləşən  ərazilərdə gecələr qısalmağa və gündüzlər uzanmağa başlayır. Zərdüştilərin inancına görə, şəbi- Yəlda, Günəşin doğuşudur, o gecədən etibarən Əhrimən yavaş- yavaş geriyə çəkilir və Hörmüz ( Ahura Məzda ) ön plana çıxır. Atəşpərəstlər həmin gecədə nar və qarpız yeməyə çalışarlarmış, çünki həm nar, həm də qarpız Günəşin rəmzi hesab olunurdu.

Digər tərəfdən, çox dənələri olan nar və çoxlu tumu olan qarpız bolluq və bərəkətin də simvolu sayılırdı. Şəbi- Yəlda həm də Böyük çilənin başlaması anlamına gəlirdi. Çilə sözü fars dilində   40 anlamı bildirən “çehel-  چهل“ sözünün qısaldılmış şəklidir. Qış fəsli əkinçilik və heyvandarlıqla məşğul olan qədim insanlara müxtəlif çətinliklər yaratdığı üçün  onlar da həmin fəsli qısa  görünsün deyə  Böyük çilə, Kiçik çilə, Alaçalpov, Boz ay kimi zaman fasilələrinə  bölmüşlər. Çilə məcazi mənada “əzab, əziyyət, məşəqqət” sözlərinin sinoniminə çevrilmişdir. Atəşpərəstlər şəbi- Yəldanı böyük  coşğu ilə bayram edərlərmiş.

Azərbaycan ədəbiyyatında satirik şeirləri və “Hophopnamə”si ilə tanıdığımız Mirzə Ələkbər Sabirin   bir şeirində Yəlda sözünün işləndiyini görürük:

Baxdı çün Əkbərinin nizədə  Leyla üzünə,

Gördü zülfü tökülüb, çün şəbi-Yəlda üzünə.

Beytdə adı keçən Leyla binti Əbi Mürrə ( لَیلیٰ بنت اَبی‌مُرَّة ) 25 yaşında Kərbəlada  faciəvi şəkildə qətl edilən şəhid Əliəkbərin (  - علی ‌اکبرtam adı: Əli bin Hüseyn bin Əli bin Əbi Talib - علی بن حسین بن علی بن ابی‌طالب) anasıdır, başqa sözlə, İmam Hüseynin xanımıdır. 10 oktyabr 680-ci ildə Kərbəlada Mürrə bin Munkiz  nizə ilə Əliəkbər bin Hüseyni  kürəyindən vurub şəhid etmiş, sonra da  onun başını kəsərək nizəyə keçirmişdi. M. Ə. Sabir bildirir ki, anası Leyla, oğlu Əliəkbərin kəsilib nizəyə  keçirilmiş  başına baxdı  və Yəlda gecəsi kimi qapqara saçlarının onun məsum sifətinə  dağıldığın  gördü. Ümumiyyətlə, Şərq ədəbiyyatında şairlər   uzun, zil qara saçları  şəbi- Yəldaya  bənzədirlər.

Bu nümunələrin sayını istənilən qədər artırmaq olar. Mübaliğəsiz  qeyd etmək olar ki, Şərq ədəbiyyatını, mədəniyyətini, fəlsəfəsini, tarixini, əxlaq və düşüncə tərzini doğru şəkildə qavramaq  üçün, ayrı-ayrı dönəmlərdə müxtəlif məqsədlərlə yazılmış,  xalq arasında birtərəfli qaydada məqsədyönlü olaraq təbliğ olunmuş xurafatlardan qurtulmaq naminə  Qurani- kərimin özünü bilmək lazımdır.  Əks təqdirdə, Cəlil Məmmədquluzadənin ədəbi qəhrəmanı Usta Zeynal kimi, Ömər Xəyyamın rübaisini Quran ayəsi sanacaq, “Min bir gecə” nağıllarında söylənənləri ehkam biləcək çox “savadlı”lar ortaya çıxacaq, qaynağı bəlli olmayan mənbələrdən eşitdiklərini efir boşluqlarına üfürəcək çox carçılar meydan sulayacaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(02.06.2025)

 

 

Bazar ertəsi, 02 İyun 2025 14:38

“Divarsız otaq…” – NİGAR XİYAVLI

Əli Çağla, “Ədəbiyyat və incəsənət”, Güney Azərbaycan təmsilçisi

 

 

Azərbaycan Ədəbiyyat Fondunun təşkilati  dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu gün sizlərə Nigar Xiyavlının hekayəsi təqdim ediləcək.

Son 1, 5 ildə böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihəmiz davam edir. 

 

DİVARSIZ OTAQ – Hekayə

Nigar Xiyavlı

 

- Göyün harasına sən baxsan, dik ordan bir ay göyərir.

- Yenə başladın romantik-romantik danışmağa!

- Sən baxanda ulduzlar aylaşır elə bil. Göy üzü dolu olur ay ilə. Qorxuram...

- Aya baxsan qorxmazsan... Mən yanında olsam da, olmasam da sən həmişə aya bax!

Sonra kişi gedib bir ala yanmış şam gətirdi. Gülümsəyərək:

- Bunu uşaqlığımda Tasua günü məsciddən oğurlamışam. Şah məscidindən. Nəzir şamıdır. Turşumuş qızların nəzir şamı. Uşaqlığımdan saxladığım qıvır-zıvırların arasına atmışdım qalmışdı.

Qadın ayağa qalxıb bir lampa gətirdi. Şamı, lampanın altına yerləşdirdi. Şamın işığı çoxaldı.

- Hə, yaxşı oldu. Beləsinə əlim də qızışır... Sən hansı yoldan gəlib çatdın mənim çatlağıma?

- Bilmirəm, mənim huşum başımda deyil ki... Keçdiyim küçələrin heç birisinin adını oxuya bilmədim.

- Huşunun başına nə gəlmişdi ki, bura gələndə? Kaşki bir-ikisini oxuya bilsəydin.

- Dinmə! Səs gəlir, yenə də saçlarını darayırsan?

- Sən gələnə kimi hamısı töküldü. Mənim saçım yoxdur ki.

- Yenə də əllərin üşüyür? Saçını daramağının səsi məni buracan çəkib gətirdi.

- Ay allah... Nələrə fikir verə bilirsən gör. Sən istəsən təzədən göyərdə bilərəm onları. Görürsən necə boşalmışam qorxularımdan... Bir söz desəm gülməzsən?

- Gülsəm cinlənərsən?

- İndi mən ətəyimi bu yağan qarın altına açıb, ondan bir ətək toplayacağam. Özün görəcəksən. İnanırsan mənə? – Sən niyə bu qədər qadınsan? Necə bacara bilirsən bir belə qadınlığı?

- Qadın qalmaq çox güc istəyər. Bunu sonralar başa düşdüm. Gördüm içimdə dərin çuxurlar var, amma hərdən diskinirəm də. Qorxuram qadınlığımı qəfildən danalar. Dəyişkən bir şeydir qadınlıq, həyat kimidir.

- Biz ikimiz də bir yanğının ortasında əriyirik. Əllərin hələ də üşüyür?

- Hara gedirsən? Getmə. Burda qal, qoy bir az hətərən-pətərən danışaq. Səfehləyək.

- Heç yerə yol yoxdur. Gedirəm zirzəmidən şərab gətirəm bir az. Adamın öz içindən başqa, sığınacaq yeri yoxdur. Bardağında nəyin var sənin?

Mən də şərab içirəm... Sağlığına! Qorxuram bir-birimizin yanında da öz içimizi tapa bilməyək. Əlim qızışsa gedəcəksən?

- Nuş olsun... İki ağac əkmək istəyirəm adımıza əziz. Bir-birinin yanında. Heç kəsilməyəcək olan iki ağac... Dünyada ən çox sevdiyin ağac hansıdır?

- Mən hər axşam səsimi güldanda əkirəm, hər axşam. Özü də kölgədə. Özü də yol yeriyə-yeriyə. Mən çox yol yerimişəm. Amma axırda yenə başladığım yerə çatmışam. Tövşüyə-tövşüyə. Çəkil bir az yan dur məndən. Ayağım qana batır. Palçığa batır. Körpəyə batır. Əllərim körpə ilə doludur. Əllərim körpə tıxı ilə doludur. Bir dükanın bütün sabunlarını aldım, düz bir gün yarım müddətində hamamda qalıb əllərimi yudum. Əllərimin qoxusu yenə də çəkilmədi. Sonra yuxudan ayıldım. Amma tək idim. Sən məndə gizlənmişdin. Səni gizlətmişdim.

- Mən uşaqlığımdan bəri gecələr sənin yuxunu görürdüm. 8-9 yaşımdan bir qadın yaşayardı mən ilə. O sən idin. İndi də sənin yuxunu görürəm.

- Heç bilirsən mən neçə qarın doğmuşam? Bilirsən neçə qarın, uşaq ziyan eləmişəm? Bu şəhərin xəstəxanalarında hər gün doğub, hər gün ziyan eləmişəm. Əlimdən şəhərin bütün xəstəxanaları da cana gəlib. Hər gün mənə bir dar ağacı qurulur. Asılıram hər gün... Bağışla! Bunları sənə niyə danışıram axı. Məni yuxularında necə görürsən, hə? Heç olmasa birisini de tez ol, tez il de!

- İstədiklərimi ancaq yuxuda sənə açıqlaya bilərəm. Amma sən yuxularıma gəlib gizlənirsən, ona görə bir-birimizə tanınmaz qalırıq. Barmaqlarına bax, buz qəndili kimi aslanıb.

- Yenə tək qalacam sən getsən. Sən mənə Xiyav çayının şüvlüklərisən. Özümü səndən keçirə bilmirəm. Səndən keçə bilmirəm.

- Yuxularımın birində gördüm bir dərənin içərisində bağırırsan. Bədəninin hər yerindən açılıb-yumulan ağızlar cücərmişdi. Sən bağırdıqca o ağızlar yerə ələnirdi. Səni saçlarından tanıdım. Yerə ələnən ağızlar açılıb-yumulanda, açılıb-yumulan əyri ağızlar eşiyə atılırdı. Dərənin içindən bir şəhərcə adamın bağırtısı gəlirdi.

- Yuxuların çindi. Hə yadımda, yadımda! Bağırırdım o gün. Onların hamısını mən əmizdirməli idim. Sən də gördün? Eşitdin?

- Hə... Səni görürdüm. Amma ha gücənirdim, eşidə bilmirdim. Səsini ayırd edə bilmirdim bir şəhərin bağırtısından. Nəfəs küşültüsü, at kişnərtisi, sel kükrəməsi, partlayış, qan axma səsi, maşın qıjıltısı. Sən onlardan necə qorxmurdun? Ayağına ilişən cəsədlərdən diksinmirdin bəs?

- Qorxunun üzünə durmuşdum o günlər. Amma özümlük deyildi ki. Özüm seçməmişdim o vəziyyəti. Ona görə də şişməyə gəlməz. Hamı o günə qalmışdı yəni. Qanovlarda laxım-laxım qan. Heç kim öz canının hayında deyildi. Hər kəs o birisinin hayında idi. Dəmir səsi, tüstü iysi gəlirdi ağızlardan. Ağızlar elə bil bir maqqaşla açıq saxlanılmışdı, hamı danışırdı, heç kəsin səsi eşidilmirdi, gözlər isə yumulu qaldıqları yerdə dondurulmuşdu.

- Sonra səni gəlin aparırdılar qarğalar, hər axşam üstü. Qızlar əl-ələ verib oxuyurdular. Qarğaların tuşu ilə qaça-qaça lap qabaqda uçan qarğanı bir-birinə göstərirdilər: - Gəlin odur!.. Yox, o birisidir!.. Buduxa, buduxa, gəlin budur – deyirdilər.

- Əslində mən, heç gəlin köçmədim ki. Məni gəlin köçürtmədilər. Gəlinlik donu geyinmədən mənə gərdək otağı bəzədilər. Dərzilərin baş qaşımağa macalları yox idi. Hamısı kəfən biçirdi. Qoy görüm... Yox! Gərdək otağım da olmadı heç mənim. Dedilər qan su yerinə axır. Gəlinlik donunun ətəyi qana batar, ayıb olar. Mən də utandım. Utandığımdan yanaqlarım pörtdü. Məni bəzəmədilər də gəlinlər kimi. Sonra öz əlimlə dodağıma, yanağıma qan çəkib qızartdım. Gözəl oldum. Dırnaqlarımı da xına yerinə qan ilə boyadım. Anam cehiz sandığını açıb qırmızı yaylıq gətirdi. Belimi bağlamağa qaynımı çağırdılar. Açılıb-yumulan ağızların arasından ayır edə bilmədilər onu. Atamı Firqəçilikdə asmışdılar. Ona görə böyük qardaşımı çağırdılar mənə xeyir duası verməyə. “O, özünü Fələstin millətinə adaxlayıb gedib”. Boylu arvadı dedi. Ortancıl qardaşımı çağırdılar, “Dustaqdan bir dəstə Çirik ilə qaçıb, namü-nişanı yoxdur” dedilər. Kiçik qardaşımı çağırdılar; “Kokteyl molotov” ilə oynayır” dedilər. Atam evindən xeyir duasız yola salındım. Nişanlım, başımdan qızıl alma atmağa dama çıxanda, başından güllələndi. Əlindəki qızıl alma diyirləndi-diyirləndi gedib gərdək otağına çatanda partladı. Anam dedi: “Sənə demədim qana batarsan?” Mən utandım.

- Sənlə mən, acı gerçəklər yığıncağıyıq, zalımın qızı! Tüklərim biz-biz olur, dərim ulduz-ulduz.

- Qorxuram gerçəkliyimizdən...

- Səni almaq istəyirəm.

- Sən gələnə kimi məni alıb apardılar. Satıldım.

- Əllərin əriyir şam təki. Ovcunun içi tər muncuğu ilə doludur.

 

“Ədəbiyyat və incəsənət”

(02.06.2025)

 

 

 

 

 

26 -dən səhifə 2250

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.