Hansı kollektivə düşürsə düşsün, orada ən çox sevilənlərdən biri olub Featured

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Onun harada, nə vaxt nə dediyindən məlumatım yoxdur. Heç internet məkanında da nə bir məqaləsinə, nə də ki, bir müsahibəsinə rast gəlmədim. Amma istisna hal kimi sosial mediada şəkilləri və paylaşdığı bu sözlərlə tanış oldum...

 

Deyir ki: - “10 il AMEA Folklor İnstitutunun "Musiqi folkloru" şöbəsinə rəhbərlik etdim. İki ildir ki, fəaliyyətimi AMEA Memarlıq və İncəsənət İnstitutunda davam etdirirəm. Və institutun direktoru, AMEA müxbir üzvü Ərtegin Salamzadə tərəfindən yeni təyinat aldım- "Kulturologiya və incəsənətin nəzəriyyəsi" şöbəsinin müdiri vəzifəsini. Bunu, rəhbərliyin mənə olan böyük etimadı kimi qəbul edirəm.”

 

Bəli, bu dəfə sizə AMEA Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, sənətşünaslıq elmləri doktoru, professor Nailə Rəhimbəylidən danışmaq istəyirəm. Nailə xanım 1968-cı ildə Gəncə şəhərində dünyaya gəlib. 1992-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının “Tarix-nəzəriyyə” fakültəsinin musiqişünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Bitirərkən ona musiqişünas, musiqi fənləri üzrə müəllim, tədqiqatçı və mühazirəçi ixtisasları verilib. 1987-1999-cu illər ərzində Gəncə şəhərində Q.Hüseynli adına orta ixtisas musiqi texnikumunda, 1999-2016-cı illərdə isə Bakı Musiqi Akademiyasında “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi” kafedrasında çalışıb. 2000-ci ildə “Şəmsi Bədəlbəylinin yaradıcılığı kontekstində Azərbaycanda musiqili teatrın yaranması və inkişafı” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib, sənətşünaslıq elmləri namizədi elmi dərəcəsinə layiq görülüb. 2012-ci ildə isə “Aşıq Qərib” dastanının melo-poetik xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək sənətşünaslıq elmləri doktoru elmi dərəcəsinə yüksəlib. 2007-ci ildə isə Ali Attestasiya Komissiyası tərəfindən dosent, 2017-ci ildə isə professor elmi adına layiq görülüb. 2003-cü ildən Azərbaycanda və xarici ölkələrdə keçirilən beynəlxalq simpoziumlarda məruzələrlə çıxış edib. Üç monoqrafiya, iki dərs vəsaiti, bir metodik tövsiyə, 83 elmi məqalənin müəllifidir. “İncəsənətdə keçən ömür” kitabı 2003-cü ildə “Humay” Milli mükafatına layiq görülüb. Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, “Qızıl qələm” mükafatı laureatıdır. Əsas elmi nailiyyəti Azərbaycan dastanının ilk dəfə olaraq elmi-nəzəri baxımdan təhlil olunmasıdır. “Aşıq Qərib” dastanının poetik mətnilə bərabər lad-intonasiya, melodika, ritmika və forma yaradıcı amilləri üzərində elmi araşdırma və nəzəri təhlil aparıb...

 

Dərin ağlı, incə yumor hissi və enerjili xarakteri var. Hansı kollektivə düşürsə düşsün, orada ən çox sevilənlərdən biri olub. Ümumiyyətlə, bu xanım, həmişə fərqli xüsusiyyətləri ilə seçilib. Yaradıcı düşüncəsi və faktlara unikal yanaşması ilə ətrafına təsir göstərib. İnsanlarla ünsiyyətdə mədəniyyəti və problemlərə qeyri-ənənəvi həll yolları tapmaq qabiliyyəti ilə tanınıb. Və həmişə sosial həyatında ön planda olub...

 

O, sanki insanları cazibədar xarakteri və ağıllı yanaşması ilə ovsunlamağı bacarır. Onun hər vəziyyətdə fərqli yanaşma tərzini, yüksək inellektual səviyyəsini və liderlik qabiliyyətini ətrfındakılar yaxşı görür. O, öz istedad və bacrıqlarını paylaşaraq ətrafına fayda gətirməkdən həzz alır, buna görə də, hər kəsin sevimlisinə çevrilir...

 

Bəli, o, cəmiyyət tərəfindən sevilir və ona hörmət edilir. O, çoxyönlü xarakteri ilə həm şəxsi, həm də peşəkar həyatında uğurlar qazanmağı bacarır. Zəkası və yaradıcı yanaşması ilə problemlərin həllində həmişə fərqlənir. Əhvalı xoş olanda, özünü xoşbəxt hiss edəndə məntiqli, səmimi, ağıllı və uğur dolu bir şəxsiyyət olduğunu görə bilərsiniz. Həmişə azad ruhu ilə qərəzdən uzaq və hadisələrə ədalətli yanaşması onu isnların gözündə möhtəşəm göstərir. Sosial həyatında şən xarakteri və maraq dairəsinin genişliyi ilə insanları özünə cəlb edə bilir. Onun işdəki bacarığı və detallara diqqəti uğurlarının əsasını təşkil edir. Bir sözlə, o, sosial həyatında cəlbedici şəxsiyyəti və yüksək mədəni davranışı ilə tanınır. Yeniliklər kəşf etməyi və azadlığını qorumağı sevir. Bəli, bu xanım diqqət mərkəzində olmaqdan məmnun qalır və sevənlərinin sevinc mənbəyinə çevrilir. İncə zarafatları ilə insanları güldürməyi və hər mühitdə fərqlənməyi bacarır...

 

Dürüst, ədalətli, həqiqətpərəst və intizmalı xanımdır. Münasibətlərdə azadlığı ön planda tutsa da, sadiq bir tərəfdaşdır. Diqqətdən ilhamlanır və ünsiyyətdə səmimiyyət axtarır. Harada oldusa, orada sakitliyi və harmoniyanı qorumağı xoşlayır. Onun bu enerjisi dostlarına güvənc hissi bəxş edir...

 

...Bilirəm, mənim dediklərim Quran ayəsi deyil, amma çalışdım ki, xalqımızın bu alim övladını olduğu kimi təqdim edə bilim. Axı, bu gün - iyulun 21-i Nailə xanımın növbəti ad günüdür. Onu ad günü münasibətilə təbrik edir, yeni-yeni uğurlar arzulayıram...

 

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.