Əvvəl yüksəliş, sonra həbs, sonra da mühacirət Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan yazıçısı, publisist Samir Sədaqətoğlu imzası kifayət qədər tanınan imzadır. Doğum günü olduğundan, haqqında bəhs etmək qərarına gəldim. Ziddiyyətli həyat keçirən Samir qısa müddətdə həm dramaturq, həm journalist kimi populyarlaşıb, sonra milli, irqi və dini ədavətin qızışdırılması ittihamı ilə həbs edilib, prezident tərəfindən əfv olunub.

 

İndi isə keçək təfsilata.

Jurnalist Samir Sədaqətoğlu 21 iyul 1975-ci ildə Lənkəranda anadan olub. 1998-ci ildə Bakıda özəl universitetin hüquq fakültəsini bitirib. Bir müddət "Qanun" jurnalında müxbir vəzifəsində çalışıb, Azərbaycan Yazıçılar Birliyinin dramaturgiya seksiyasının müdiri olub. 2003-cü ildə "Sənət" qəzetini təsis edib və həmin nəşrin baş redaktoru olub. Hazırda bu qəzet fəaliyyət göstərmir.

Jurnalistliyini dedik. Yazıçı, publisist, dramaturqdur həm də. Yeni Yazarlar və Sənətçilər Qurumunun "Yeni nəsil yazarı” nominasiyasının qalibi olan "İtən vaxt” kitabının müəllifidir. 2001-ci ildə Gənclər, İdman və Turizm Nazirliyinin "İlin ən yaxşı gənc naşiri" və Azərbaycan Yazıçılar Birliyinin Ülvi Bünyadzadə adına "Uğur" mükafatlarına layiq görülüb. 2002-ci ildə Samir Sədaqətoğlunun "İtən vaxt" monopyesi əsasında Bakı Dövlət Kamera Teatrının səhnələşdirdiyi tamaşa Azərbaycan Teatr Xadimləri İttifaqının xüsusi mükafatını qazanıb.

2010-cu ildə Bakı şəhər Mədəniyyət və Turizm idarəsinin keçirdiyi "Kiçik həcmli pyeslər və hekayələr” müsabiqəsində "Yerə-göyə sığmayan”, "Bir redaksiyada” və "Azadlıq həzzi” pyesləri ilə iştirak edərək o ikinci yeri qazanıb.

2011-ci ildə həmin pyeslər səhnələşdirilərək Xalq Teatrları Festifalında nümayiş olunub, bir pyesi festifalın 2-ci mükafatının, digər bir pyesi isə "Ən yaxşı kişi obrazı” nominasiyasının qalibi olub.

2011-ci ildə "Yerə-göyə sığmayan” pyesi Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor Sərvər Əliyevin mizanında uğurla səhnələşdirilərək tamaşacılara təqdim olunub.

İndi isə qayıdaq bir qədər əvvələ. "Sənət qəzeti"nin baş redaktoru Samir Sədaqətoğlu və Rafiq Tağı həmin qəzetdə çap edilmiş "Avropa və biz" yazısına görə 2006-cı il noyabrın 10-da həbs ediliblər. 4 may 2007-ci ildə Sabail Rayon Məhkəməsi Samir Sədaqətoğlunu 4 il, yazıçı Rafiq Tağını isə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Onlar Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə təqsirli biliniblər (milli, irqi və dini ədavətin qızışdırılması).

Prezident İlham Əliyevin 28 dekabr 2007-ci ildə imzaladığı əfv fərmanı ilə Samir Sədaqətoğlu və Rafiq Tağı əfv ediliblər.

Rafiq Tağının sonrakı aqibəti bəllidir. Məhz dini zəmindəki fəaliyyətinə görə onu qətlə yetiriblər.

Samir Sədaqətoğlunun isə rəsmən bəlli olan son iş yeri Azərbaycan Dövlət Musiqi Teatrında mətbuat katibliyi olub. 2015-ci ilin 15 fevralında bu vəzifəyə təyin edilən jurnalist 2017-ci ilin 18 dekabrınadək bu vəzifəni daşıyıb.

Hal-hazırda o, İsveçrədə yaşayır.

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.