
Super User
Ədəbiyyatşünaslıq və ədəbiyyat tarixi üzrə adını əbədiləşdirmiş ƏLİ SULTANLI
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan Yazıçılar Birliyinin üzvü Əli Sultanlı! Ədəbiyyat elmi ilə məşğul olanlar və bədii ədəbiyyatla maraqlananlar bu adı çox eşidiblər. Eşitməyənlər üçün haqqında danışacağam.
Bu gün onun anım günüdür həm də.
1906-cı il dekabrın 25-də Naxçıvan şəhərində bənna ailəsində doğulub. İlk təhsilini Naxçıvanda alan Əli Sultanlı 1923-cü ildə Naxçıvan Müəllimlər Seminariyasına qəbul olunub və 1928-ci ildə oranı bitirib O, bir müddət "Şərq qapısı" qəzetində ədəbi işçi vəzifəsində çalışıb.
1929-cu ildə Bakıya gəlib, ADU-nun xarici ölkələr ədəbiyyatı tarixi kafedrasında assistent və ömrünün sonuna kimi respublikanın ali məktəblərində, elmi-tədqiqat institutunda dünya və Azərbaycan ədəbiyyatından dərs deyib və geniş elmi-tədqiqat işi aparıb. Xarici ölkələr ədəbiyyatın tarixi kafedrasına rəhbərlik edib, ADU-nun prorektoru vəzifəsində çalışıb. O, bir sıra dərsliklər, müntəxəbatlar, tədqiqat əsərləri yaradıb.
"Antik ədəbiyyat tarixi", "Roma ədəbiyyatı müntəxəbatı", "Antik ədəbiyyatı müntəxəbatı" kimi dərsliklərin, "Azərbaycana dramaturgiyasının inkişaf yolları", "Nizami və Qərbi Avropa ədəbiyyatı" və s. görkəmli əsərlərin müəllifi kimi şöhrət qazanıb
O, Azərbaycan alimləri arasında birinci dəfə 1939-cu ildə xarici ölkələr ədəbiyyatı, sahəsində filologiya elmləri namizədi alimlik dərəcəsi, 1946-cı ildə isə filologiya elmləri doktoru alimlik dərəcəsi alıb. Partiya və Hökumət Sultanlının xidmətlərini yüksək qiymətləndirərək onu 1940-cı ildə SSRİ Ali Sovetinin fərmanı ilə, Əmək igidliyinə görə medalı ilə təltif edib.
Əsərləri
1. V. Hötenin yaradıcılıq yolu
2. M. F. Axundovun dramaturgiyası
3. Mopassanın hərbi novellaları
4. Azərbaycanda xalq draması
5. Roma və Yunanıstanda ədəbiyyatşünaslıq və estetika məsələləri
6. Şekspir və onun on ikinci gecəsi
7. Antik dövrdə ədəbiyyat və ədəbiyyatşünaslıq məsələləri
Əli Sultanlı 1960-cı il iyulun 18-də Bakıda vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(18.07.2025)
Yaxşılıq etməkdən ləzzət alan əməkdar artist...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Bu dəfə sizə Teymurdan söhbət açmaq istəyirəm. Yox, yox Əmir Teymuru nəzərdə tutmuram, Azərbaycan vokal sənətinin ustadı Teymur Əmrahı deyirəm. Mülayim, qayğıkeş, necə deyərlər, ipə-sapa yatan adamdır. Ömrü boyu heç kimlə mübahisə etməyib. İnsanlarla ünsiyyətdə məmnunluq və mədəni münasibətlər əsasında davranır. Hər adamda nəysə bir müsbət cəhət görə bilir. İştirakçısı olduğu rəngarəng situasiyaların öhdəsindən çox asanlıqla gəlir. Hər kəsi olduğu kimi qəbul etməyi bacarır. İntellektual və ruhi-mənəvi enerjiyə malikdir. Səliqə-səhmanı xoşlayır. Hətta vasvasılıq səviyyəsində təmizkarlığa diqqətlidir, natəmizlikdən diksinir. Evinə kimsə gedərsə gördüklərindən yaxşı mənada, dəhşətə gələr…
Teymur Əmrah 1971-ci ildə Gəncə şəhərində dünyaya gəlib. İncəsənət gimnaziyasının vokal sinfi üzrə Sergey Zarembovun sinfini bitirib. İlk müəllimləri Gəncə şəhər Uşaq yaradıcılıq evində görkəmli musiqişünas Oqtay Nağıyev, Ağdam rayonu Uşaq yaradıcılıq evinin məşhur “Qarabağ bülbülləri” ansamblının rəhbəri Murad Rzayev, Gəncə şəhər 6 nömrəli klubun direktoru Kifayət Qafarova olub. 1990-cı ildə Bakı Musiqi Akademiyasının Vokal sinfinə daxil olub. Burada görkəmli Opera müğənnisi Firudin Mehdiyevdən, Aktyor sənətindən görkəmli Teatr və Kino aktrisası Şəfiqə Məmmədovadan dərs alıb. 1994-cü ildə indiki Heydər Əliyev adına Sarayda ilk dəfə solo konsert keçirib. 2005-ci ildə “Azəristar” layihəsinin vokal müəllimi kimi fəaliyyət göstərib. 1990-cı ildən Azərbaycan Dövlət Teatrlarında yaradıcılıq, yubiley və anım gecələrinin təşkilatçısı kimi fəaliyyət göstərir. Bunlardan Şövkət Ələkbərova, Oqtay Ağayev, Məlik Dadaşov, Ələddin Abbasov, Firudin Mehdiyev, Natavan Şeyxova, Vaqif Şərifov, Məmmədəli Balayev və başqalarına həsr olunan tədbirləri sadalamaq olar.
Müxtəlif illərdə Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində mahnı janrından dərs deyib. 20 il Azərbaycan Dövlət Mahnı Teatrında solist kimi fəaliyyət göstərib. 2012-ci ildə Azərbaycan estrada sənətinin inkişafında xidmətlərinə görə dövlət başçısının sərəncamı ilə əməkdar artist fəxri adına layiq görülüb…
Deyir ki:- “Həyata gəlmişəmsə, bu, Allahın bir mükafatıdı. Bir balaca səs verib, bu da ikinci mükafatıdı. Bu gün bir tikə çörək pulu qazanıramsa, bu da bir mükafatdı. Həmişə Allaha şükür edərək yaşamışam. Atam vəfat edəndən sonra anam mənə baxa bilmədi. Hər bir ailədə faciə ola bilər və mən bu səbəbdən uşaq evində böyümüşəm. Amma ailədə əxlaqsız olarsa, bu çox pis damğadı. Mən müğənniyəm, mənə nə istəyirlər desinlər, amma ailəmə sataşmasınlar. Şükür ki, bizdə elə bir problem də yoxdu. Mən ailəmlə fəxr edirəm. Bakıya özüm – heç kimsiz gəlmişəm və gimnaziyaya daxil olmuşam. İstəsəm, narkoman, oğru, xidmətçi də ola bilərdim. Amma mən oxudum, çünki musiqiyə böyük marağım var idi. Uşaq evində hind filmləri nümayiş olunurdu. Orda səslənən mahnıları dinləyirdim. Sonradan təhsil aldıqca Emin Sabitoğlu, Tofiq Quliyev, Elza İbrahimova, Oqtay Kazımi, Rauf Hacıyev və digərlərini tanıdım və sevdim. İllər ötdükcə onların repertuarına sadiq qaldım. Mənim müəllimlərim Şəfiqə Məmmədova, Məlik Dadaşov kimi korifeylər olub. Akademiyada Firudin Mehdiyevdən fərdi dərslər almışam. O, dahi Bülbülün ilk tələbəsi olub. Boynuma alıram ki, mənim ifa tərzim iyirmi faiz Flora Kərimovaya bənzəyir. Ancaq səksən faiz özüməm. Heç tam bənzəyə də bilmərəm, çünki kişinin diapazonu başqa, qadınınkı başqadır…”
Onun da öz tələbələri var. İki tələbəsi- Prezident mükafatçısı Amil Həsənov və xalq artisti Samir Cəfərov “Qızıl kitab”a düşüb. Digər tanınmış tələbələrindən Ayaz Qasımov, Zamiq Hüseynov, Elton Hüseynov, Vüsal Hacıyev, Samir Piriyev, Sima Qasımova, Elvin Abdullayev, Xalq ulduzu müsabiqəsinin qalibi Tural Salmanov, Mirkamil Kamilov, İradə İbrahimova, Əli Əliyev və əməkdar artist Sevinc Sarıyevanın adlarını çəkmək olar…
“Artıq 53 yaşım var və özümü xoşbəxt sayıram. Bu müddət ərzində məni sevənlərin evlərində qaldım. O insanlar həftələrlə evlərini mənə etibar edib, getməkdən çəkinmirdilər. Söz aparıb-gətirib, ailə dağıdıb, bala yetim qoymamışam. İnsan alverinə nifrət edirəm. Mən ideal da deyiləm. Heç kim ideal deyil, ideal Allahdı. Mənə desələr ki, səndə bu səhv var, doğrudursa, qəbul edib boynuma alaram. Əgər məndə olmayan səhvi də boynuma qoymaq istəsə, o insanı məhv edərəm! Sənətimi pisləsələr, lap elə fəxri adımı da əlimdən alsalar məni incitməz, ancaq mənə şər atılarsa, bu məni çox incidər. Bu dünyada olmasa da, bilirəm ki, o biri dünyada görüşəcəyik və haqq yerini tapacaq. Bir də mən yaxşılıq etməkdən aldığım ləzzəti dünyanın heç bir nemətindən ala bilmirəm”- söyləyir…
İfa etdiyi əsərləri böyük sənətkarlıqla dinləyiciyə çatdıra bilir. Bu səbəbdən də insanların sevgisini qazanıb. Mahnıları ifa edərkən dinləyiciyə müsbət enerji, məmnunluq, ilahi bir təskinlik ötürə bilir. Onu dinlədikdə, insanın ruhu qəribə bir aləmə düşür, həzz alır, rahatlıq tapır. Çünki ürəkdən ifa edir, necə deyərlər, hər dəfə oxuyarkən ürəyinin yağını xərcləyir…
...Bəli, haqqında söhbət açdığım əməkdar artist Teymur Əmrahın həqiqətən də Azərbaycan estrada sənətinin inkişafında həm bir müəllim və həm də bir ifaçı kimi özünəməxsus xidmətləri var.
Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(18.07.2025)
“Bir həsrət şeirindən neçəsinə pay düşər...” – AYSEL NƏSİRZADƏNİN ŞEİRLƏRİ
“Ədəbiyyat və incəsənət” portalının Şeir vaxtı rubrikasında sizləri Aysel Nəsirzadənin şeirləri ilə tanış edəcəyik.
QUM SAATI
Ömrümə şeir boylanır,
Kəm xoşbəxtlik misrası.
Yuxulu dəniz səhəri,
Boylanır son hecası.
İlk iki heca düşüb,
Qalıb gün batımında.
Ömür süzülüb gedir,
Bitir qum saatında.
Həyat mənasız gəlir,
Düşünürsən, keçmir vaxt.
Yel qanadlıdı illər,
Gənclikdən yoxdu soraq.
Göz dikilir göylərə,
Günəş çıxır, ay batır.
Göz göyə dikilsə də,
Son mənzil torpaqdadır.
Nə var-dövlət, nə mal-mülk.
Nəfsini tox tutana.
Əbədi heç nə yoxdur,
Borcluyuq quru cana.
SƏNSİZ UCALMAQ OLMAZ
Hər dərddə mübtəda sən, hər ağrıya xəbərəm,
Ayı doğmayan gecə, günəş gəzən səhərəm.
Sən məndən uzaqdasan, mən sənsiz birtəhərəm,
Belə öc almaq olmaz.
Qəlbindən eşqi aldım, səpdim şeirin sətrinə,
Şeirim çiçək açdı, büründü eşq ətrinə.
Bu qızın da mövludu düşüb təvəllüdünə,
Mənsiz qocalmaq olmaz.
İki başı yoxuymuş qarğış kimi alqışın,
Dua etdim, yazılsın qismətimə naxışın.
Ən yüksək zirvəmdir, bil, sevgi dolu baxışın –
Sənsiz ucalmaq olmaz.
MƏN SƏNƏ GƏLİRƏM…
Güzgüdə çiliklənir əksim,
İlahi, kimdir bunlar?!
Çilik-çilik olanların hanı bütöv bir “Mən”i ?
Kim qaraya sürmələdi yaşla dolu gözlərimi,
Kim soldurdu baxışımı?
Kim dəyişdi o sən yazan taleyimin naxışını?
Artdıqca artır alnımdakı ağrıların xəritə izi,
Beynimə agah olmur ürəyimin üsyan səsi.
Əksliklərin vəhdətidi
gerçəkliyin içində məhv olan Mən.
İlahi,
Mən Sənə gəlirəm, Sənə gəlirəm…
***
Bütün olmaz nə var, cəm olmuş məndə,
Bütün olmazlara oldu deyən mən.
Baxdım ki, ortada bir mən qalmamış
Bütün olmazlara oldu deyəndən.
Qırılmış ruhumun qolu, qanadı,
Məndə mənə aid arzu, dilək yox.
Əlimi qoydum sinəmin üstünə,
Duyğuyla yaşayan həzin ürək yox.
Hanı dünyanı qurtaran o qız?!
Xəyalı göylərdə pənbə buludlu.
Kim aldı qəlbimdən o qəhrəmanı,
Bu qız o saf qızı harda unutdu?
SUSQUNLAŞAN AĞRILAR
Dəniz yorğun ruhunu təslim edər sahilə,
Bəzən də dalğa-dalğa qayalara dağılar.
Ürəyim də dərdini açıb deyər qələmə,
Susqunlaşan ağrılar şeirlərə yıxılar.
Kağız üstə göynəyər kəlmələr, qafiyələr,
Ömrün yaşantıları heca-heca dil açar.
Fikirlər misra-misra havalanar göylərə,
Əlim çatmayanlara doğru uçar, hey uçar.
Bir uşaq saflığıyla bəndlər gələr yanaşı,
Boynubükük kəlmədə neçə tale görüşər.
Mən məndən yazdığımı düşünərkən yazanda
Bir həsrət şeirindən neçəsinə pay düşər.
Təkcə mən deyiləm ki kədəri başdan aşan,
Həyat asan olmayıb gəlib-keçən hər kəsə.
Betərindən saxlasın, Allah, budur təsəlli,
Onsuz da həyat qısa, onsuz da ömür kəsə.
İKİNDİ AZANIYLA...
İkindi azanıyla yol alır
Üfüqə doğru günəş.
Yol aldığı yerdən sarır buludları atəş rəngi.
Bəzəyir göy üzünü
Qırmızının sarıyla ahəngi.
Qıyıldıqca günün gözü
Zamanı xatırladır –
Dünəni xatirə,
Sabahı xəyal,
Bu günü acısıyla,
Şiriniylə gerçəkliyin bəmbəyaz üzü.
SƏN ÜMİDSƏN
Ən ağır itkilərdən sonra belə
İnsan tutunur həyata –
Zərrəcə bir ümiddən!
Çünki kimin üçünsə də sən
Yaşamaq üçün ümidsən.
HƏYATIN ÖLÜMƏ NİSBƏTİ
Axşamdan qalma yalanlar olur –
Sabaha satdığımız,
Özümüzü aldatdığımız.
Hər aldanış
Uğursuzluğumuza bir ümiddir.
Uğradığımız hər xəyal qırıqlığında
Ümid tutdu əlimizdən,
Həyat üçün böyütdü.
Odur yaşam səbəbi,
Həyatın ölümə nisbəti.
Ümidin hesabına həyat üzümüzə gülür,
Hər şeyə rəğmən, insan öləndə belə
Cənnətə düşmək ümidilə ölür.
***
Hilalın əksi düşür dənizə,
Zülmətin yarıb gecənin.
Sanki almış şəhəri qoynuna
layla çalır.
Göy üzü yaxın gəlir,
yerə ulduz səpilir,
Bir baxışdan min baxışa
özgə bir nəzər salır.
Sığal çəkir dalğalar
xəfifdən narın qumlara,
Dəniz coşub daşdığı sahilin
könlün alır.
ÖZÜ YIXILAN KƏSİN
Özü yıxılan kəsin
Gözündə yaşı olmaz.
Darıxmağın vədəsi,
Bəlkəsi, kaşı olmaz.
Xoşbəxtlik ilıq mehtək
Toxunar qəlbə, keçər.
Tale ölçü götürər,
Həsrəti ömrə biçər.
Keçər ömür qatarı
Arzuları aparar.
Xatirələr qoynunda
Xəyallardan qoparar.
Gündüzün fikirləri,
Gecənin dərd-ələmi.
Görən, xoşbəxt olaram…
Yerə qoysam qələmi?
HƏSRƏT YOLU
Sənsiz bu şəhərə
Nə gecənin qaranlığını yaran
Ay mavisi boylanır,
Nə gündüzünü aydınladan şəfəq sarısı.
Ala-toranlıqdı xəyallar,
Ümidsizdi arzular.
Hər şey kəm-kəsir,
Ürəyim qəfəsdə susqun, əsir.
Darıxmaq var, darıxmaq,
Ağlamaq var, gözü dolu.
Saxsıdakı çiçəkləri
Göz yaşıyla sulayaraq,
Pəncərə önündən başlayır həsrət yolu.
KÖLGƏ OYUNU
(Qızım Nilufər üçün)
Öz kölgəsiylə oynayır Nilufər,
O gedir, kölgə uçur qabaqda ürkək kəpənək kimi.
Tapdalamaq istəyir, tapdalaya bilmir,
Tutur, tuta bilmir,
Qaçır, çata bilmir.
Düşür kölgənin üstünə hünəri dəyənək kimi,
günəşin əksində günəşdən əzəmətli addımlayır.
Bir an fərqinə varır – yanında ananın nəhəng kölgəsi,
Nəvazişlə səslənən səsi,
Qaçıb öz kölgəsinə çata bilməyən balaca
yorğun vücudu.
Sığınır nəhəng kölgənin qucağına,
Günəşdən qıyılmır gözləri, dincini ala-ala
Rahat boylana bilir ətrafına,
Yolun elə ən başında fərqinə varır –
Sığındığı güvənilir,
kölgənin içində öz kölgəsi qeyb olub,
Ana kölgəsində vücudu dincəlsə də,
ruhu sıxılmışdı öz kölgəsinin yoxluğuna.
Təlaşla çıxıb atılır günəşin qoynuna...
Günəş azadlıqdır …özgürlükdür …hürriyyətdir…
Onun işığıyla öz kölgəsinin izinə düşür –
İnamlı, cəsur, özgür.
“Ədəbiyyat və incəsənət”
(18.07.2025)
"Bəxtiyar olmaq bir missiyadır” – şairin 100 illiyinə həsr olunan elmi konfrans və “Özümüzü kəsən qılınc” kitabının təqdimatı
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
17 iyul 2025-ci il tarixində, saat 15:00-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş elmi konfrans və Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilən “Özümüzü kəsən qılınc” kitabının təqdimat mərasimi keçirildi.
Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə baş tutdu.
Tədbirin açılışında ilk olaraq Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev çıxış etdi. O, Bəxtiyar Vahabzadənin Azərbaycan istiqlal tarixini dolğun şəkildə əks etdirdiyini vurğuladı, xüsusilə onun “Gülüstan” poemasının milli ruhun oyanışında mühüm rol oynadığını qeyd etdi. Nitqinin sonunda Anar müəllim Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova xanıma Fondun nəşr etdiyi “Öxümüzü kəsən qılınc” kitabına görə təşəkkürünü bildirdi.
Sonra söz Fondun prezidenti Aktotı Raimkulovaya verildi. O, Fondun son ildə gördüyü işlər barədə qısa məlumat verərək – bu işlər isə qədərincə çox və faydalılıq cəhətdən də hədsiz əhəmiyyət kəsb edir, bu konfransın da cari layihələr sırasında ərsəyə gəldiyini qeyd etdi, Bəxtiyar Vahabzadəni ümumtürk tarixinin böyük şairi adlandırdı: “Bəxtiyar olmaq bir missiyadır”, – deyə vurğuladı.
AMEA-nın rəhbəri, akademik İsa Həbibbəyli çıxışında Bəxtiyar Vahabzadənin poetik irsindən misallar gətirdi: “Əgər sevirsənsə, ayaq səsimdən – Gərək biləsən ki, Bəxtiyar gəlir” misrasını səsləndirərək onun poeziyasının gücünə diqqət çəkdi. O, həmçinin Heydər Əliyevin ümumtürk siyasi düşüncəsinin Vahabzadənin yaradıcılığında öz əksini tapdığını qeyd etdi və “Azərbaycan–Türkiyə” şeirində Ulu Öndərin “Bir millət, iki dövlət” ideyasının bədii şəkildə ifadəsini tapdığını vurğuladı.
Kitabın elmi redaktoru Fərid Hüseyn tədbirdə çıxış edərək əsərin mahiyyəti haqqında məlumat verdi. O, Ulu Öndərin “Özümüzü kəsən qılınc” əsərinin tamaşasını izlədikdən sonra səsləndirdiyi fikirləri bir daha tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Tədbirdə iştirak edən akademik Nizami Cəfərov Bəxtiyar Vahabzadənin elmi və ədəbi irsini geniş şəkildə şərh etdi. Onun çıxışı həm faktoloji zənginliyi, həm də elmi yanaşması ilə seçildi. Akademik çıxışında, eyni zamanda, Vahabzadənin vaxtilə onun müəllimi olduğunu da qeyd etdi.
Şəxsən mənim üçün Nizami müəllimin bu çıxışı həm bakalavr illərimdə dinlədiyim maraqlı mühazirələri xatırlatdı, həm də bir daha elmə və sözə olan marağımı alovlandırdı. Hər dəfə olduğu kimi, bu dəfə də Nizami müəllim bizi biliklə zənginləşdirdi.
Konfransda digər tanınmış elm və ədəbiyyat xadimləri – o cümlədən, Muxtar Şaxanov, Əli Əmirli və başqaları da çıxış edərək Bəxtiyar Vahabzadə yaradıcılığına dair dəyərli fikirlərini bölüşdülər.
Bu tədbirdə iştirak etmək hər bir kəs üçün həm maraqlı, həm də öyrədici oldu. Böyük şairin irsinə müxtəlif aspektlərdən yanaşılan bu elmi konfrans, onun təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün nə qədər önəmli şəxsiyyət olduğunu bir daha sübut etdi.
“Ədəbiyyat və incəsənət”
(18.07.2025)
Balaca vaxtı anasının emalatxanasına getməyi çox xoşlayardı…
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Xalq rəssamlarımızdan daha biri barədə söhbət açaq - Azərbaycan Xalq rəssamı Tokay Məmmədovdan.
100 illiyindən bizi cəmi 2 il ayırır...
Tokay Məmmədov 1927-ci il iyulun 18-də Bakıda anadan olub. Atası Həbib Məmmədov texniki elmlər doktoru, anası Zivər Məmmədova isə Azərbaycanın ilk qadın heykəltaraşı olub. İlk sənət təhsilini anasından alıb. Balaca Tokay həmişə Zivər xanımla bərabər emalatxanaya gələrək rəngli plastilindən müxtəlif fiqurlar düzəldib.
1942-ci ildə yeddinci sinfi bitirdikdən sonra Tokay Bakı Rəssamlıq Məktəbinə imtahan verib. O zaman Bakı Rəssamlıq Məktəbinin nəzdində heykəltaraşlıq şöbəsi yenicə təşkil edilibmiş. P. Sabsay, Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı həmin heykəltaraşlıq şöbəsində fəaliyyət göstəriblər. Tokay bilavasitə ilk milli heykəltaraşımız Fuad Əbdürəhmanovdan dərs almağa başlayıb. Fuad müəllim öz şagirdlərini dünya klassik incəsənətinin ən mütərəqqi ənənələri ilə tanış edib.
1945-ci ildə Tokay Məmmədov Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin üçüncü kursunu bitirərək Leninqrad şəhərinə gedib və İ. E. Repin adına Rəssamlıq Akademiyasının heykəltaraşlıq fakültəsinə qəbul olunub. 1951-ci ildə İnstitutu bitirib.
Təhsil illərində o, rus sənətkarları V. Senayski, A. Matveyev və M. Kerezindən dərs alıb.
Heykəltaraşın erkən işlərində məzmunun əlamətlərini və personajların həcm-məkan xarakterliyini tutmağın müəllif metoduna məxsus səciyyəvi cəhətləri görünüb. Peşəkar sənətkarlığa yiyələnmə yeni mövzuların, obrazların dərin fərdi dünyagörüşünün təsdiqi sahəsindəki axtarışlarla paralel aparılıb. Akademiyada təhsil aldığı zaman Tokay bir çox sərgidə yaratdığı büstlərlə təmsil olunaraq yüksək qiymətə layiq görülüb.
Ali təhsil aldığı dövrdə, 1947-ci ildə Azərbaycanın xalçaçı rəssamı Lətif Kərimovun portret büstünü hazırlayıb. Bu portretin yaradılması təsadüfi olmayıb. Lətif Kərimovu uşaq vaxtlarından tanıyan heykəltaraş müstəqil şəkildə ilk dəfə alimin portretini canlandırıb. Sonrakı dövrlərdə yaratdığı portretlərdən geri qalmasına baxmayaraq, bu əsər gənc heykəltaraşın ilk uğuru kimi qiymətləndirilib.
Moskvada təşkil edilmiş sərgidə rus şərqşünaslığının banisi, Azərbaycan alimi Mirzə Kazım bəyin portretini nümayiş etdirib. Bu portretdə heykəltaraş daxili psixoloji keyfiyyətləri göstərməkdən qaçaraq, canlı naturadan yox, fotoşəkildən istifadə edib. Bu xırda nüansları nəzərə almasaq, həqiqətən də heykəltaraşın yaratdığı ilk portret əsərləri realistik xüsusiyyətləri ilə diqqət çəkib.
Tokay Məmmədov ali təhsilini bitirdikdən sonra Leninqradda heykəltaraş kimi işə başlayıb və Leninqrad Rəssamlar İttifaqına üzv qəbul edilib. Heykəltaraş Bakıya qayıtdıqdan sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində pedaqoji fəaliyyətə başlayaraq burada yetişən gənc rəssamlara həm rəsm, həm də heykəltaraşlıqdan dərs deyərək onlara sənətin sirlərini öyrədib.
Azərbaycan heykəltaraşlığında ağac materialdan ilk dəfə olaraq Tokay Məmmədov istifadə edib. Ağacın növlərini və onların keyfiyyətlərini dəqiqliklə öyrənən gənc sənətkar bu material əsasında bir çox insan simalarını canlandırıb. Tokayın yaratdığı ağac portretlərində yüksək psixoloji keyfiyyətləri göstərə bilməsi diqqət çəkir.
Sənətkar müxtəlif illərdə ağac materialdan bir çox şairlərin, dövlət xadimlərinin və sadə əmək adamlarının portretlərini yaradıb. Bu qəbilədən onun "Səməd Vurğun", "Xalq rəssamı Qəzənfər Xalıqov", dövlət xadimi, həkim və yazıçı "Nəriman Nərimanov", uzunömürlü azərbaycanlı "Şirəli Müslümov" və başqa portretlərini qeyd etmək olar.
Heykəltaraş Tokay Məmmədovun yaratdığı portretlər qalereyasında həmçinin mərmər, tunc, gips materiallardan yüzlərlə portret mövcudur ki, bu cür materiallarda sənətkar birinci növbədə xarici görünüşlə yanaşı, daxili psixoloji keyfiyyətləri də göstərməyə müvəffəq olub.
Mükafatları
1. "Azərbaycan SSR Əməkdar incəsənət xadimi" və "Azərbaycan SSR Xalq rəssamı" fəxri adı
2. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı
3. Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu
4. Azərbaycan Respublikasının "Şöhrət" ordeni
5. SSRİ "Şərəf nişanı" və SSRİ "Xalqlar Dostluğu" ordeni
6. Azərbaycan SSR Dövlət mükafatı
7. SSRİ Dövlət mükafatı
8. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
Rəssam 2018-ci il mayın 2-də, 90 yaşında vəfat edib. II Fəxri Xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(18.07.2025)
ƏN YAXŞI MÜSAHİBƏLƏR - “Çalışmışam mahnı mətni həm də normal bir şeirə oxşasın”
“Ədəbiyyat və incəsənət” portalı “Ən yaxşı müsahibələr” rubrikasında “Ulduz” jurnalında Nadir Yalçının Baba Vəziroğlu ilə gedən müsanibəsini təqdim edilir.
– 80-cilərin nəsrlə parlayan nümayəndələri arasında sizin də isminiz var…
– 80-ci illər yox, hələ bir az da geri getmək lazımdır. Çünki mənim ilk ciddi nəsr yazılarım 1976-cı ildə məhz “Ulduz” jurnalında çap olunub. Ədəbiyyata gəlişim bu tarixdən hesablanır. 80-ci illərdə bu yaradıcılıq qol-qanad açdı, genişləndi. Artıq kitablarım çap olunmağa başladı.
– İlk kitabınızın enişli-yoxuşlu taleyi olub. O hadisələri necə xatırlayırsınız?
– İlk kitabım “Səhər qatarı” adlanırdı. Elə həmin kitabın bəlasına düşdüm. “Səhər qatarı”nı nəşr üçün “Yazıçı” nəşriyyatına təqdim elədim. Bəzən deyirlər, ilk kitab ilk övlad kimidi. Deyərdim, ilk kitab ilk övladdan da əzizdir. Nəşriyyatdan kitabın siqnal nüsxəsini gözlədiyim bir vaxtda Partiyanın Mərkəzi Komitəsindən və Dövlət Təhlükəsizlik Komitəsindən mənə zənglər, dəvətlər gəlməyə başladı. Sən demə, “Yazıçı” nəşriyyatında məşhur bir redaktorumuz və akademikimiz kitaba ölüm hökmü yazıblar. O zaman kitablar indiki kimi çap olunmurdu, əvvəlcə kitab müsbət rəy almalı idi. Həmin iki nüfuzlu insan mənə ölüm hökmü yazmışdı ki, burda sosialist realizmi təhrif olunur, müəllif bizim real həyatı tamam qara rəngdə göstərir, bu müəllif antisovet bir ünsürdür və onu cəmiyyətdən kənarlaşdırmaq lazımdır. Cəmiyyətdən kənarlaşdırmaq bilirsiz nə deməkdir? Onu həbs eləmək, ən yaxşı halda qara siyahıya salmaq... Qara siyahı, bəlkə də, həbsdən daha dəhşətlidir. Tək sən yox, bütün qohum-əqrəban qara siyahıya düşür, iş ala, partiyaya keçə, instituta daxil ola bilmirlər.
– Bəs sizi bu vəziyyətdən nə xilas elədi?
– Mənim dostum və qardaşım Bəxtiyar Vahabzadə işə qarışdı. Biz onda şəxsən tanış deyildik. Bu məsələni hardansa eşidib, nəşriyyata gedib, kitabı oxuyub. Həmin vaxtlarda Bayılda kirayədə yaşayırdım. Çox çətin günlər keçirirdim. Günün birində “Ədəbiyyat və incəsənət” qəzeti aldım. Gördüm, bir böyük səhifədə Bəxtiyar müəllimin yazısı çap olunub. Başlığı da belə idi: “Kökdən gələn səslər”. Göz gəzdirdim ki, görüm Bəxtiyar Vahabzadə nə yazıb. Oxudum, dəhşətə gəldim... Bəxtiyar Vahabzadə mənim qarabəxt kitabım barədə elə sözlər yazıb ki... Kitabı ucalara qaldırmışdı. Hətta yazıda şişirdilmiş təşbehlər var idi. Bəxtiyar Vahabzadə bunu bilə-bilə etmişdi, o, ədəbi qatillərə elan etdi ki, bu cavan oğlanın arxasında mən dayanmışam. Sonradan həmin yazını “Səhər qatarı”na ön söz kimi əlavə etdim... Bəxtiyar müəllim yazısı ilə qarşı tərəfə deyirdi ki, hünəriniz varsa, gəlin mənlə vuruşun. Bax belə bir debütlə ciddi nəsrə gəldim. Bəxtiyar Vahabzadənin xeyir-duası mənə yol açdı, ard-arda nəsr kitabları çap etdirdim: “Səhər qatarı”, “Yaddan çıxan görüş”, “Yol”, “Ocaq” adlı kitablarım sırf nəsr nümunələrindən ibarət idi. Kitablardakı hekayələr, povestlər “Ulduz”, “Azərbaycan”, “Azərbaycan qadını” jurnallarında, “Ədəbiyyat və incəsənət” qəzetində çap olunurdu. 80-ci illərdə yeni nəslin qələm adamları sırasında mənim də adım çəkilirdi. Bu barədə İsmayıl Şıxlı, Yusif Səmədoğlu, Elçin böyük məqalələr yazmışdılar. Bu uğurlu nəsr yolu 80-ci illərin sonu, 90-cı illərin əvvəllərinə qədər davam etdi.
– Necə oldu nasir Baba Vəziroğlu nəzmə üz tutdu və nəsr kitabını birdəfəlik bağladı?
– Keçid dövrü deyilən cəhənnəm mərhələsi başlandı. Bütün kriteriyalar yoxa çıxdı, dəyərlər eroziyaya uğradı. Ədəbiyyatla qeyri-ədəbiyyatın fərqi unuduldu, ciddi oxucu rəhmətə getdi. Belə olanda yazıçılar da ya rəhmətə getməlidilər, ya da uzaqlaşıb reanimasiyaya düşməlidilər. Bir az realist-praqmatik olan yazıçılar dövrün nəbzini tutaraq gözləmə mövqeyini seçdilər. Dedilər, bəlkə, ciddi oxucuların hamısı rəhmətə getməyib, geri qayıdanlar olacaq. Mən gözləyə bilməzdim, çünki təkcə yazı masası arxasında romantikəm. Qalan vaxtlar realistəm, cəmiyyətin fəal üzvüyəm. Bu zaman çoxdan unutduğum, amma hərdən davam etdirdiyim bir janra qayıtdım. Çünki o janrda həm dövrün tələbi var idi, həm də, az da olsa, dolanmaq üçün pul var idi. Sonra da bildim ki, elə şan-şöhrət də o janrda imiş. Bu, mahnı yaradıcılığı idi. Mənim hələ 17 yaşım olanda yazdığım şeirə bəstələnən mahnını Şövkət Ələkbərova oxumuşdu. Həmişə mahnı yaradıcılığına hobbi kimi baxsam da, bu dəfə ciddi yanaşdım. Düşündüm ki, məşhur məsəldə deyildiyi kimi, müqəddəs yer heç vaxt boş qalmır. O zaman hər yerindən qalxan bir günə mahnı düzüb-qoşub ifa edirdi. Onlar ona görə ortada cövlan eləyirdilər ki, artıq normal yazı adamları, normal şairlər ortada yox idilər, gözləmə mövqeyində idilər, ya gedib biznesə qoşulmuşdular, ya da ayrı işlərlə məşğul idilər. Onda mənim bu mahnı yaradıcılığı fəaliyyətimin çiçəklənmə dövrü başladı və onun nəticəsində bu günə qədər mindən artıq mahnım xalqa təqdim olundu, efir üzü gördü və bu mənə şan-şöhrət, dolanışıq gətirdi. Həm də, necə deyərlər, qələmim paslanmadı, özgə bir iş dalınca getməkdən də bilmərrə əl çəkdim.
– Sizcə, sovet vaxtı ədəbi mühitdə nələr əskik idi? Sıxışdırmalar özünü necə büruzə verirdi?
– Ümumiyyətlə, söz azadlığı zəif olan məmləkətlərdə həmişə bədii sənət öz pik nöqtəsinə çatır. Rejim söz-sənət adamlarını nə qədər sıxırsa, bir-birindən dəyərli, gözəl bədii sənət nümunələri yaranır. 70-ci illərin sonu, 80-ci illərin əvvəllərində parlayan ədiblərin siyahısına baxsaq, görün necə gözəl imzalara rast gələrik. Yəni o dövrdə istənilən tanınmış və sevilən imza zəngin yaradıcılığı barədə sizə böyük informasiya verir. Mən də o sıradaydım və o ab-hava ilə nəfəs alırdım. Əlbəttə ki, cəmiyyətdə sovet dönəmindəki kəm-kəsirləri axtarmaq tendensiyası var və bu da normaldır. Hər bir cəmiyyətdə nöqsan, çatışmazlıqlar olur. Amma sənət bütün bunların fövqündədir. Bəli, o dövrün iqtisadi, sosial problemləri olsa da, sənət kontekstində heç bir əyər-əskiklik yox idi. Yəni elə bil o qadağalar insanları məcbur edirdi ki, yaradıcı adamlar öz demək istədiklərini bəsit informasiya ilə ötürməsinlər, insan düşüncəsinin dərin qatlarına ensinlər, sadə adamların düşüncələrini qələmə alsınlar və bədii sözün, təfəkkürün gücü ilə əsərlər yaratsınlar. Nə qədər Mərkəzi Komitədə bizi çağırıb danlayırdılar, Dövlət Təhlükəsizlik orqanları bizlə maraqlanırdı. “Qlavlit” deyilən nəhəng senzura orqanı yazılarımızı zərrəbinlə oxuyurdu. Bütün bunlara baxmayaraq, biz həqiqəti yazırdıq. Söhbət yeni ədəbiyyatın yaradıcılarından gedir. Biz bir-birindən maraqlı əsərlər ortaya qoyurduq. Düzdür, hakimiyyət orqanlarına əsərlərin əsl məğzi sonra çatırdı. Onda da heç nəyi geri qaytarmaq olmurdu. Uzaq başı, müəllifə partiya töhməti verirdilər, bir az da qonorarnı az yazırdılar. Gücləri buna çatırdı.
– Demək, o dövrün ədəbi ab-havası sizi qane edirdi...
– O dövrün ədəbi mühitindən yerdən-göyə qədər razı idim. Çünki ədəbi meyarlar, bədii kriteriyalar var idi. Bizim təfəkkürümüz elə formalaşmışdı ki, biz yaxşı və pis ədəbiyyatı bir-birindən çox gözəl ayıra bilirdik. Hər bir yeni çıxan yaxşı hekayə, şeir hamımızın bayramına çevrilirdi. Çünki bizim nəslin təəssübkeşliyi vardı. Biz hamımızın əvəzinə sevinə bilirdik. Kiminsə yaxşı əsəri işıq üzü görəndə onu qeyd edirdik, hamımız yığışıb müzakirə edirdik. O zaman tənqiddən də heç kim incimirdi. Çayxanada oturub Aydın Məmmədov, Kamil Vəli Nərimanoğlu, Ramiz Rövşən, Vaqif Cəbrayılzadə ilə söhbətlər edirdik, belə bir çevrəmiz vardı. Ədəbi müzakirə çərçivəsində bir-birimizin qabırğasına döşəyirdik, amma bu, sırf sənət müstəvisində idi.
– İndi nələr ovaxtkı kimi deyil, dəyişən nə oldu?
– O zamanlar şəxsi qərəz, şəxsi münasibətlər fonunda təhqirə keçə bilən söhbətlər heç vaxt olmurdu. İndi bunlar adi bir normaya çevrilib. Amma o illərdə belə saf, gözəl bir ab-havada yaşayırdıq. Şeirdəki kimi: “Yadındamı, onda dünya gözəl idi...”
– Eşitdiyimə görə, “Ulduz” jurnalında yayımlanan bir hekayənizə görə təhsil aldığınız universitetdə böyük problem yaşamısınız. O hadisə yadınızda necə qalıb?
– Əlbəttə, o hadisəni yaxşı xatırlayıram. O zaman “Ulduz” jurnalının baş redaktoru olan unudulmaz dostumuz Yusif Səmədoğlu hətta bu münasibətlə mənim fotomu da çəkmişdi. Allah ona qəni-qəni rəhmət eləsin... Hə, fotonun altında öz xətti ilə yazmışdı: “Əhvalati-mütəqəlqəl Baba Vəziroğlu”. O vaxtlar çap olunan silsilə nəsr nümunələrim arasında “Qardan sonra” adlı bir hekayəm var idi. Deməli, hekayədə qar yağandan sonra birdən-birə həyat dəyişir. Gənc jurnalist rayona gedir. Hər yan ağappaq, qar yağıb, hər şey təmiz, gözəl xatirələr yada düşür. Amma sonra hər şeyin iç üzünü görür. Görür ki, ona bəslənən münasibət səmimi deyil, ətrafındakılar onunla nəyə görəsə belə danışırlar, arxada tamam başqa cürdülər. Təbiət özü belə o ağappaq, gözəl, təmiz dünyadan sonra çirkli, palçıqlı bir mühitə çevrilir, küçələr zığla dolu olur, havanın sifətindən zəhrimar yağır. Yəni qardan sonra günəş parıldayır və təbiətdə belə bir mənzərə ilə səni qarşılaşdırır. Universitetdə Əliş Nəbili isimli müəllimim vardı. Allah ona qəni-qəni rəhmət eləsin, jurnalistikadan bizə dərs deyirdi. Hekayədə bir epizod vardı: yenə hər şey təkrarlanacaq, yenə Əliş müəllim bizi çənəsinin altına salacaq. Yəni həyatın monotonluğu yenidən qayıdacaq. Biz o zaman realizmin ifratına varırdıq. Elə düşünürdük ki, müəyyən adları dəyişsək, əsərə xələl gələcək. Hətta kənd camaatı da məndən çox incik düşmüşdü. Çünki hamı özünü tanımışdı, çoxunun adı reallığa uyğun gəlirdi. Əliş müəllim əvvəl reaksiya vermədi. Çünki normal bir şey idi. Sonra onun ətrafında olan məni istəməyən adamlar Əliş müəllimi qızışdırırlar ki, Baba səni təhqir edib. Əliş müəllim də bir az emosional adam idi. Rəhmətlik götürdü Mərkəzi Komitəyə, Yazıçılar İttifaqının rəhbərliyinə yazdı.
– Mərkəzi Komitə nəsə tədbir gördü?
– Əlbəttə... Xırda bir məsələ o dərəcədə böyüdü ki, Mərkəzi Komitədən Yusif müəllimi məcbur elədilər ki, jurnalda xüsusi bir şey versin. Yazsın ki, filan vaxt filankəsin filan hekayəsində çox şey səhv gedib. O vaxtlar da mətbuatda belə üzrxahlıqlara rast gəlinmirdi. Dəhşət idi, belə şey olmamışdı, amma oldu.
– Bu hadisə sizə necə təsir etdi? Hiddətləndiz, ya əksinə?..
– Bu mənə bir dərs oldu, adlar məsələsində bir az ağıllandım. Yəni kənddəki Səmid kişinin adını Həmid kişi qoyanda nə olacaq ki?! Sonrakı bütün hekayələrimdə, povestlərimdə və romanlarımda bu məsələyə ciddi əməl elədim.
– Siz vaxtilə Azərbaycan Yazıçılar Birliyində işləmisiz. O illərdən danışaq…
– O zaman Azərbaycan Yazıçılar İttifaqı SSRİ Yazıçılar İttifaqının filialı idi. Bu, bir tərəfdən yaxşı idi. Bütün pullar ordan gəlirdi. Bizim rus mətbuatı vasitəsilə bütün dünyaya çıxmağımızda o ittifaqın böyük rolu olurdu. Sizə deyim, pis ittifaq deyildi. Bütün rejimlərdə Yazıçılar İttifaqı ziyalıların isti, doğma ocağı olub. Mən heç vaxt o ittifaq haqqında konyukturaya uyğun pis söz işlətmərəm. Yazıçılar İttifaqı nə edirdi? Şüar kimi deyilirdi ki, sosializm realizminə əməl eləmək lazımdı, nə bilim nə. Amma hər kəs öz bildiyini edirdi. Masa arxasında oturanda yazıçının əlindən tutmurdular ki, bunu yazma, bunu yaz. Yəni bunlar hamısı diletant münasibəti idi. O ittifaqın kifayət qədər istedadlı, tanınmış üzvü var idi. Yazıçılar İttifaqı onlara ev, maşın, yardımlar verirdi, yazıçı kimi dünyanı gəzdirirdi. Təyyarənin trapında belə səni tərcüməçi və maşın qarşılayırdı. Yəni turist səfərləri deyildi. Bütün SSRİ-nin bölgələrinə yaradıcılıq ezamiyyətləri verirdilər. Hər il ya Krımda, ya Baltik sahillərində su qiymətinə bir aylıq istirahət şansı yaradırdılar ki, gedib istirahət edəsən, təzə əsərlərinlə qayıdasan. Yəni sovet hökuməti öz yazıçılarına çox yaxşı baxırdı və mən də Yazıçılar İttifaqında bütün imkanlardan öz cavan dostlarım üçün istifadə edirdim. Çünki Yazıçılar İttifaqının rəhbərliyində təmsil olunurdum. Əvvəl dəftərxana müdiri idim. Sonra isə nəsr üzrə məsləhətçi oldum. Eyni zamanda müxtəlif illərdə sədrlərin referenti idim. Əvvəl İmran Qasımovun, sonra Mirzə İbrahimovun, İsmayıl Şıxlının referenti oldum. Yaxşı illər idi. Həmin vaxtlar öz dostlarıma əlimdən gələn köməklikləri elədim; maşın, ev almaqlarına, əsərlərinin çap olunmasına, Yazıçılar İttifaqına üzv olmaqlarına... Mənim də gücüm ona çatırdı. Sədrlərimiz yaxşı adamlar idi. Xüsusən İmran Qasımov cavanların, yeni ədəbiyyatın ən yaxın dostu idi. Elə işə də o məni götürmüşdü.
– Nəğmələriniz dillər əzbəridir. İlk hansı şeirinizə musiqi bəstələnib, kim bəstələyib, kim oxuyub? O yayımlananda hansı hisslər keçirmisiz?
– İlk mahnıları, dediyim kimi, çox gənc yaşlarında yazmışam. Universitetin birinci kursunda oxuyurdum, 17 yaşım vardı. Rəhmətlik bəstəkar Telman Hacıyev ailəvi dostumuz idi. Onun vasitəsilə iki bəstəkarla tanış oldum; Firəngiz Babayeva və Oqtay Rəcəbov. Onlarla Telman müəllimgilin evində görüşmüşdük. Elə orda bir söhbət açıldı ki, melodiya var, söz yoxdu. Telman müəllim dedi ki, söz oturub yanımızda. Elə ordaca hər iki mahnının sözlərini yazdım. Biri bu gün də dillər əzbəri olan “Töhfə” mahnısı, biri də “Sevərsən” mahnısı idi. “Töhfə” mahnısının bəstəkarı Firəngiz Babayeva, “Sevərsən” mahnısının bəstəkarı Oqtay Rəcəbov idi. Təsəvvür edin ki, o zaman mahnılar dekabrın 31-i gecəsi ilk dəfə dövlət televiziyasında səsləndirildi. Bizim böyük sənətkarımız Şövkət xanım hər iki mahnını proqramda ifa etdi. Mən artıq yeni il tətilindən sonra universitetə gedəndə məşhur idim. O zaman yeniyetmə bir oğlanın nəğməkar şair kimi gündəmə gəlməsi çox gözlənilməz hadisə idi. Mənim məşhurluq, şöhrət tarixim o zamandan başladı. Bəlkə də, mahnı tarixçəm ona görə bu qədər uğurlu alındı ki, ilk dəfə professional bəstəkarlarla çalışmağa başladım. Ara musiqisinə söz yazsaydım, fişəng effekti ilə tez parlayıb, tez də sönərdim. Bəxtim onda gətirdi ki, sonradan da bu tendensiyanı eyni keyfiyyətlə davam etdirdim. Elza İbrahimova, Emin Sabitoğlu, Ramiz Mirişli, Eldar Mansurov, Faiq Sücəddinov, demək olar, Azərbaycanda yazıb-yaradan bütün bəstəkarlarla çalışdım. Mindən artıq mahnının söz müəllifiyəm. Son zamanlar əziz dostum, gözəl bəstəkarımız Kamalla olan yaradıcılıq tandemim xüsusi diqqətə layiqdir. Çünki birlikdə əllidən çox mahnı yazmışıq və onlar hamısı dillər əzbəridir. Bu, milyonlarla dinləyicimiz üçün uğurlu bir iş birliyi oldu. O mahnılar vətən sərhədlərindən çox-çox kənarda səslənir.
– Baba müəllim, özünüzlə baş-başa qalanda hansı mahnını, melodiyanı zümzümə edirsiz?
– Mahnının dilindən, müəllifindən, millətindən asılı olmayaraq, ovqatıma görə ya hansısa mahnını ürəyimdə xatırlayıram, ya da zümzümə edirəm. Allah mənə normal səs verməyib, ona görə ürəyimdə oxuduğum mənim özümə çox xoş gəlir. Bir az ucadan oxumuram ki, ovqatım korlana bilər. Yəni başqalarının üzündə bir qeyri-adekvat reaksiya görsəm, o mənim də əhvalıma təsir edər. Bəzən görürsən, qürurlu vaxtlarımda, xüsusən də başqa millətlərin yanında xəyalımdan Kamalla yazdığım “Sən elə bir zirvəsən” mahnısı keçir. Çünki məmləkətimizin keçdiyi o əzablı yollar mənim gözümün qabağında olub. Mən bilirəm ki, Azərbaycan üçün hansı ssenari hazırlanmışdı. Ölkəmiz bölünmək üzrə idi. Ona görə də dostum Kamalla birgə həmişə Ulu öndər Heydər Əliyevin müstəsna obrazını yaratdığım üçün özümü xoşbəxt hesab etmişəm.
Bəzən “Səndən nigaranam” mahnısını dinləyirəm. Çünki mən, ümumiyyətlə, çox nigaran adamam. Bakıda yaşasam da, həmişə fikirləşirəm ki, kəndimizdə nə var, nə yox? Yağış yağırmı, qar yağırmı? O köhnə ata evində qalan balaca qardaşım necədi? Mənim kəndçilərim necə dolanır? Əzizlərim, valideynlərim uyuyan o kəndin qənşərindəki təpədəki məzarlıqda vəziyyət necədir?
Bəzən “Küçələrə su səpmişəm” mahnısını zümzümə edirəm... “Qəmərim” xalq mahnısı da tez-tez zümzümə elədiyim mahnılardandır... Elmira Rəhimovanın oxuduğu “Gün olar, gündüz olar” mahnısını zümzümə edirəm. Belə mahnılar çoxdur, xatırlamağım isə ovqatımla bağlıdır.
– Heç olubmu ki, mahnı bəstələnib, amma ifa sizin xoşunuza gəlməyib, razılaşmamısız?
-Mahnı yaradıcılığının mətbəxi çox mürəkkəbdir. Hətta rus şairi Anna Axmatovanın təbirincə desək, çox çirkli bir mətbəxdir. Yəni estetik görünüşü xoşa gəlməyən bir mətbəxdir. Anna Axmatova demişdi ki, poeziya bilsəz hansı mətbəxdə, hansı çirkli bir yerdə yaranır, siz onu oxumaqdan bilmərrə əl çəkərsiniz. Mahnı yaradıcılığı da belədir. Amma bu, dinləyicini maraqlandırmır, ortaya gözəl bir məhsul çıxmalıdır. Mahnı mətbəxində çox qızğın proseslər gedir. Bəstəkar, şair, ifaçı, aranjemançı... Ağız deyəni qulaq eşitmir. Amma xoşbəxtlik ondadır ki, sonda dinləyiciyə gözəl bir əsər təqdim olunur. Mən həmişə demişəm ki, mahnıların taleyi də insan taleyi kimi bir şeydi. Bəzən bəstəkar, şair oturur, öz aləmlərində gözəl bir əsər yaradırlar və deyirlər ki, bu əsər artıq eşidilən kimi dillər əzbəri olacaq. Bir də görürsən ki, mahnı bir dəfə, iki dəfə, üç dəfə səsləndi, taleyi gətirmədi, unuduldu, rəfə qoyuldu. Amma bəzən heç uğur gözləmədiyin bir mahnı az bir müddətdə dillər əzbəri oldu. İnsan taleyi də belədir. Yəqin, bu, İlahidən gələn bir şeydir... Dünyanın fani olduğunu dərk etdiyim üçün heç kimin qəlbinə dəymək olmaz. Belə fikirləşirəm ki, kim hansı mahnını oxuyubsa, öz bacarığını, qabiliyyətini qoyub ora. Nə cür deyə bilərsən ki, sən yaxşı oxudun, sən pis oxudun. Ümumiyyətlə, mən elə bilirəm ki, sənətdə müqayisə çox qüsurlu bir şeydir. Hər kəs özünü oxuyur və yaxud özünü oxumur. Kor kişinin oğlundan Koroğlu olmağı tələb eləmək olmaz axı. Məsələn, bəstəkar Kamalla heç vaxt heç kimə tabu qoymuruq. Kim istəyir, oxusun... Biz mahnını yazdırırıq, artıq o, xalqın malı olur. Zaman özü hər şeyi ələyəcək.
– Baba Vəziroğlu ruhunu ən yaxşı hansı bəstəkar duyur?
– İş prinsiplərini iki bölümə ayırardım; sovet dönəmi, müstəqillik dövrümüz. Həyat elə gətirmişdi ki, sovet dönəmində bəstəkarlarımızın hamısı rus dilində təhsil almışdı. Bəstəkarlar o qədər də poeziyanın dərinliklərinin fərqində deyildilər. Ona görə də onlarla işləmək bir az çətin idi, axırı birtəhər yola gətirirdik ki, bu söz mütləq burda olmalıdır, bu ifadə işlənməlidi. O zaman bəstəkarlar deyirdilər ki, bu söz notdan qırağa çıxır. Təki sözün hecası notun hecası ilə düz gəlsin. Mətndə dağdan danışırsan, bağdan danışırsan, o qədər də onları maraqlandırmırdı. Düzdü, özləri milli idilər, amma dil sarıdan bir az korluq çəkirdilər. Neyləsinlər, rus məktəbində oxumuşdular. Amma şükür Allaha ki, bu gün bizim milli bəstəkarlıq məktəbimiz formalaşmaq üzrədir. Bəstəkarlarımız milli musiqi məktəbinin aparıcı simalarına çevrilirlər.
Çalışmışam ki, mahnının mətni həm də normal bir şeirə oxşasın. Rus deyimidir, mahnının mətnini melodiyadan çıxartmaq olmaz. Amma hərdən bu lazım olur. Mətni musiqidən ayırıb kənara qoyanda normal şeirə oxşamalıdır. Yəni bu prinsip məndə həmişə olub və çalışmışam ki, əməl edim. Artıq müstəqillik illərində bəstəkarlarla iş prinsipində sırf milli əsaslarla, poeziyanın dəyərlərini qorumaqla bağlı müxtəlif irəliləyişlər var. Bu gün poeziyanı çox dərindən duyan bəstəkarlarımız var. Bəstəkar Kamalı xüsusilə qeyd etməliyəm. O, poeziyanı çox gözəl bilir. Həmişə əlində bir şeir kitabı görərsən. Ramiz Rövşəni, Əli Kərimi oxuyur. Bəstəkar poeziyanı yaxşı bilirsə, poetik dilə yaxşı bələddirsə, o həmişə sözün keyfiyyətinə, öz musiqisinə fikir verəcək.
Eldar Mansurovu misal gətirə bilərəm. Məsələn, o, “Məndən bir də olmayacaq” şeirimə mahnı bəstələdi. Çoxları deyirdi ki, bu, eqoizmdir, necə yəni “məndən bir də olmayacaq?” Sonralar müstəqillik dövründə bu mahnıya neçə-neçə nəzirə yazıldı. Amma Eldar Mansurov o mətni necə duydu və kamil bir sənət əsəri yaratdı.
Faiq Sücəddinovun, Cavanşir Quliyevin də söz duyumu mükəmməldir. Onların sözlərimə bəstələdiyi mahnıların mətnləri bunun bariz nümunəsidir.
– Bu yaxınlarda 70 illik yubileyiniz oldu. 70 yaşın təəssüratı necədi? Zamanın sürəti sizi təəssüfləndirmir ki?
– Heç bir təəssüratım yoxdur. Bu illər mənim üçün sadəcə rəqəmlərdir. Mən heç vaxt şan-şöhrət həvəskarı olmamışam. Həmişə ad günümü evdə qeyd etmişəm. Dostlar, qohumlar, kim bilirsə, gəlir, mən yediyim bir tikə çörəkdən o da kəsir. Bir az da hal əhli olan dostlar mənlə 50 qram tünd maye qəbul edir. Ad günlərimdə də həmişə məşhur frazam var. Çox vaxt o franzanı sitat gətirirəm. Mənim həyatdan çox cavan getmiş, gözəl bir dostum vardı, gözəl şair idi: Malik Fərrux. Onun məşhur bir şeiri var: “Bu gün ad günümdür, adi günümdü...” Bax, mən bütün ad günlərimi belə qarşılayıram, belə yola salıram və ad günüm də mənim adi günlərimdən biri olur. Dünən nə iş görürəmsə, bu gün də o işi görürəm. Sabah da o işi görəcəyəm. Bax belə...
“Ədəbiyyat və incəsənət”
(18.07.2025)
Ötən illərin filmləri -70 ilin “Görüş”ü
Murad Vəlixanov, "Ədəbiyyat və incəsənət"
Azərbaycan kino tarixinin böyük hissəsini əhatə edən sovet dövründə hakim kommunist rejimi ekran əsərlərinə mühüm təbliğat, təşviqat vasitəsi kimi baxdığından bu sahəyə xüsusi diqqət ayırırdı. Bununla yanaşı, lentə alınan filmlərin bir çoxu həm ssenari və rejissor işi, həm də aktyor oyunu baxımından dəyərli sənət əsərləri idi. Bu sırada 1950-ci illərin kinolentlərinin xüsusi yeri var.
Daha çox melodram və musiqili komediya elementlərinə malik “Bəxtiyar” (rejissor Lətif Səfərov, 1955), “Görüş” (Tofiq Tağızadə, 1955), “O olmasın, bu olsun” (Hüseyn Seyidzadə, 1956), “Qızmar günəş altında” (Lətif Səfərov, 1957), “Ögey ana” (Həbib İsmayılov, 1958) filmləri kino salnaməmizin parlaq səhifələrini təşkil edir.
“Ötən illərin filmləri” silsiləsindən bu dəfə 70 yaşı tamam olan “Görüş” bədii filmi haqqında söhbət açacağam. 1955-ci ildə rejissor Tofiq Tağızadənin quruluş verdiyi “Görüş” filmi geniş tamaşaçı rəğbətini qazanan ekran əsərlərindəndir. Filmin mövzusu sevgi, sovet rejiminin əməyə çağırışı və bir-biri ilə yarışan Azərbaycan və Özbəkistan pambıqçılarının ənənəvi dostluğudur. Ekran əsərinin mərkəzində iki gəncin - özbək qızı Lala (aktrisa Nelli Ataullayeva) ilə azərbaycanlı Kamilin (aktyor Arif Mirzəquliyev) saf məhəbbəti durur.
40 illik yaradıcılıq yolunda ilk “Görüş”
Azərbaycan kino sənətinin inkişafında mühüm xidmətləri olan Xalq artisti, görkəmli rejissor Tofiq Tağızadənin (1919-1998) adı gələndə gözlərimiz qarşısında sevə-sevə seyr etdiyimiz filmlərdən maraqlı epizodlar canlanır. Onun 50-ci illərdə çəkdiyi filmlər həmin dövrdə və sonrakı mərhələlər üçün yeni üslub idi. “Görüş” rejissorun kinoda ilk işi olmaqla yanaşı, həm də bu yeniliyin başlanğıcı idi.
O, şəhər mühitində böyüdüyü üçün uşaqlıqdan teatra, kinoya böyük həvəsi olub. Kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə yazır ki, uşaqlıq illərində tamaşa etdiyi Çarli Çaplinin filmləri Tofiq Tağızadədə kinoya maraq oyadıb. Amma o, orta məktəbi bitirəndən sonra əvvəlcə energetika sahəsində təhsil alıb. Paralel olaraq musiqi məktəbində də oxuyub. Kinoya gələn yolları isə dolanbac döngələrdən keçib. Neft və Kimya İnstitutunun energetika fakültəsinin üçüncü kursunda oxuyanda Böyük Vətən müharibəsi başlayır. Cəbhəyə yollanan gənc Tofiq ağır yaralanaraq geri qayıdır. Müharibədən sonra o, arzusunu reallaşdırır və Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsinə qəbul olunur. Burada məşhur kino xadimlərindən dərs alır. Bir müddət Moskvada çalışdıqdan sonra vətənə qayıdır və ömrünün sonuna kimi “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərir.
İlk filmi “Görüş” ona böyük uğurlar gətirir. Filmdə çalışan gənc rejissor və operatorlar Teyyub Axundov və Cavanşir Məmmədovun da qabiliyyətləri üzə çıxır. Bu ekran əsərindən sonra Tofiq Tağızadədə Azərbaycan kinosu salnaməsinə “Uzaq sahillərdə”, “Mən rəqs edəcəyəm”, “Mən ki gözəl deyildim”, “Yeddi oğul istərəm”, “Babamın babasının babası”, “Bağ mövsümü” və s. filmləri bəxş edir...
“Görüş” filmində xalqın məişəti, əxlaqi-mədəni dəyərləri rejissor tərəfindən sənətkarlıqla əks olunub. Film zamanın problemlərini ekrana gətirir, insanları bu problemlər ətrafında düşünməyə sövq edir. Ekran əsərindəki obrazlar tamaşaçı ilə açıq mükaliməyə girir və onu düşündürür, bir çox suallara cavab axtarır. Görəsən, haqlı olan kimdir, sovet mexanizmi, yoxsa əməkçi insanlar?..
Filmdə ən kiçik detallarda belə milli-mənəvi dəyərlərimizin əks olunması sovetin sərt ab-havasında cəsarətli addım sayıla bilər. Kolxozun, əmək qabaqcıllarının tərənnümü, “əmək insanı ucaldır, ona xoşbəxtlik gətirir” çağırışı da dövrün tələbidir. Düzdür, film haqqında yazılan rəylərdə belə bir fikir də səslənir ki, əsər o dövrün sovet kinokomediyası ənənələri əsasında köhnə sxem üzrə çəkilmiş, ayrı-ayrı səhnələr uğurlu olsa da, ümumən götürdükdə zəif alınıb. Buna səbəb müəlliflərin ssenaridəki süjet xəttini və obrazları standartlaşdırmasıdır.
Rejissor isə müsahibələrinin birində film haqqında belə deyir: “Görüş” bədii filmi həmin dövrlə bağlı yadımıza çox şey salır. Bu film Moskvada ali kino institutunu bitirib Bakıya qayıdandan sonra kinostudiyada çəkdiyim ilk film oldu. Janrına görə kinokomediya idi. Burada komik aktyorların olması vacib idi. Məncə, filmdə aktyor seçimində səhv etməmişəm”.
Kinolentin operatoru Teyyub Axundov yaradıcılığı dövründə 50-dən artıq filmdə çalışıb. “Görüş” filminin çəkilişləri zamanı o, əmək fəaliyyətinə yenicə başlamış, ilk addımlarını atırdı. Sonralar o, filmlə bağlı xatirələrində yazır: “Operator kimi işlədiyim ilk bədii film rejissor Tofiq Tağızadənin “Görüş” filmidir. Bu film kinokomediya janrındadır. Kinokomediya da operator işi baxımından işıqlı tonda, plastik formada olmalıdır. Biz “Görüş” filmini də elə bu formada həll etməyə çalışdıq. Kolxoz mövzusunda olan filmin ssenarisi bir sıra kinolentlərdə olduğu kimi, məlum sxem üzrə yazılmış, bu isə işimizdə filmin bədii səviyyəsini xeyli aşağı salmışdır. Bütün bunlara baxmayaraq, uğurlu nəticə əldə edilmişdi”.
Həqiqətən də, filmdə gözəl aktyor ansamblı var. Arif Mirzəquliyev, Nelli Ataullayeva, Leyla Bədirbəyli, Həsənağa Salayev, Münəvvər Kələntərli, Əliağa Ağayev, Ağahüseyn Cavadov, Barat Şəkinskaya, Sona Aslanova, Əzizə Məmmədova, Məmmədəli Vəlixanlı və digər sənətkarlar yaddaqalan ifaları ilə tamaşaçıların diqqətini özlərinə cəlb edə biliblər. Qeyd etmək yerinə düşərdi ki, film Əliağa Ağayev, Barat Şəkinskaya və Ceyhun Mirzəyevin kinoda ilk işidir.
“Bu nə plovdur, yağ gətir...”
60 ildir Əliağa Ağayevin (Şıxəli) bu ifadəsi dillər əzbəridir. Aktyor sənətdə ilk addımlardan öz yumorları ilə seçilməyə başlayır. Bu filmdə onun dilindən təqdim olunan bir neçə deyim dillərə düşür, zərb-məsələ çevrilir.
Tofiq Tağızadə xatirələrinin birində deyir: “Əliağa kinoda ilk dəfə oynamasına baxmayaraq, elə bil çəkiliş meydançasına dəfələrlə çıxmışdı, özünü elə sərbəst aparırdı ki, ona nəyi isə izah etməyə, oyununa düzəliş verməyə ehtiyac qalmırdı. İşə çox ciddi yanaşır, rola elə girirdi ki, həyatda da özünü Şıxəli kimi hiss edirdi...”
Kinoşünas Aydın Kazımzadənin “Görüş” filmi ilə bağlı Əliağa Ağayevin oğlu Vaqifdən aldığı müsahibədən bir parça: “Bir gün axşam atam evə elə vəziyyətdə gəldi ki, onu tanımadıq. Anam bərk qorxdu. Atam dedi ki, çaya düşmüşəm, soyuq məni götürüb. Əvvəlcə biz heç nə başa düşmədik. Sonra bizə başa saldı ki, filmdə Şıxəli çaya düşməli idi. Həmin axşam səhərə kimi atam qızdırmadan yandı. Axır ki, dava-dərmanla səhərə yaxın özünə gəldi. Anama da ilk sözü bu oldu ki, incəsənət qurban tələb edir. Mən dura-dura mənim yerimə başqası suya düşməyəcəkdi ki...”
Filmin özbək qəhrəmanı
Ekran əsərində özbək qızı Lala İsmayılovanı oynayan Nelli Ataullayevadır. Filmdə onun obrazını unudulmaz aktrisamız Sofiya Bəsirzadə səsləndirib. Özbəkistanın Əməkdar artisti, sənədli filmlər rejissoru Nelli Ataullayeva 1931-ci ildə Daşkənddə doğulub. 1953-cü ildə Daşkənd Teatr İnstitutunun aktyorluq fakültəsini bitirib. Bir sıra filmlərə çəkilib. “Özbəkfilm”də “Əmirliyin devrilməsi”, “Sevgililər”, “Təzə mənzilə köç” filmlərində yaddaqalan rollar ifa edib. Rejissor kimi 20-dən çox sənədli filmə imza atıb. 1974-cü ilin mayında Nelli növbəti sənədli filmin çəkilişləri üçün Buxaraya yollanır. Gərgin və yorucu çəkilişlərdən sonra bərk xəstələnir, yüksək hərarət və öskürəkdən qurtula bilmir. Bacısı Rənanın təkidi ilə həkimə gedən gənc Nellidə ağciyər xərçəngi aşkarlanır. Özünü hər zaman gənc hesab edən aktrisa 43 yaşında bu dünyadan köçür.
Bir cümlənin dəyişdiyi tale
Arif Mirzəquliyev “Görüş”ün əsas obrazlarından olan Kamili canlandırır. O, həmçinin “O olmasın, bu olsun”da Sərvər rolunda da çıxış edərək böyük şöhrət qazanmışdı. Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunda təhsil alıb peşəkar aktyor kimi vətənə qayıtmağa hazırlaşarkən bir cümlə ilə istəyindən əl çəkir. Günlərin birində o, Bakıdan teleqram alır. Teleqramda yazılmışdı ki, atan ağır vəziyyətdədir. Səni görmək istəyir. Tələbə-aktyor təcili Bakıya gəlir, atası son nəfəsdə ona deyir ki, mən səni aktyor deyil, həkim görmək istərdim. Bu söz kifayət edir ki, Arif bir daha həmin instituta qayıtmasın. Bakıda imtahanlarını verib Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olur. Nevropatoloq ixtisasına yiyələnir və ömrünün sonuna kimi həkim işləyir.
Filmdə eyni zamanda bir-birindən maraqlı rəqs səhnələri də var ki, burada rəqqas Əlibaba Abdullayevin zəhməti danılmazdır. Quruluş verilən rəqslər göz oxşayır, insana zövq verir. Xüsusilə Xalq artisti Leyla Bədirbəylinin yüksək sənətkarlıqla ifa etdiyi rəqs tamaşaçıların estetik zövqünü zənginləşdirir.
Azərbaycan kinosu inciləri sırasına daxil olan “Görüş” filmi bundan sonra da hələ uzun illər ötən əsrin ortalarından soraq verərək nəsilləri bir-biri ilə görüşdürəcək, kino tariximizin görkəmli simalarını unudulmağa qoymayacaq...
Qeyd: film sabah - iyulun 19-da açıq səma altında tamaşaçılara təqdim ediləcək.
“Ədəbiyyat və incəsənət”
(18.07.2025)
Səməd Vurğun Ənvər Məmmədxanlını necə tənqid etdi?
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
SƏMƏD VURĞUN. “NƏ ÜÇÜN АYRILDILАR?”
(M.Ənvər yoldаşа аçıq məktub)
Sizin “Ayrıldılаr” аdlı hekаyənizi “Ədəbiyyаt qəzeti”nin 6 аvqust nömrəsində oxudum.
Bu məktubu yаzmаqdа məqsədim bir hekаyədən аldığım təəssürаtı sizə və oxuculаrınızа bildirməkdir.
Kultur bir şəkildə hekаyə qurmаq, söz ustаlığı, аrtıq söz və ifаdə işlətməmək, təsirli yаzmаq kimi yаxşı xüsusiyyətlərlə bəzənmiş bu hekаyəniz, şübhəsiz ki, mаrаqlа oxunur.
Mənə belə gəlir ki, mаrаqlа oxunmаq hər əsərdən tələb olunаn bir şərtdir. Lаkin “mаrаq” üzərində əsər qurmаq “mаrаqlа oxunsun deyə” sаyıqlаmаlаrа dа yol vermək, dаhа doğrusu, əsərin ideyа və mündəricəsini zаhiri effektlərə qurbаn vermək öz dövrünü çoxdаn yаşаmış, sovet oxucusunun ehtirаmını qаzаnmаmış bir yoldur.
Bir oxucu kimi sizdən dаhа dəyərli, mübаrizəmizə kömək edən, sosiаlist vətənimizin gözəlliklərini ifаdə edən əsərlər gözlədiyimdən sizə аcı dillə söyləməkdən inciməyəcəksiniz, zənnindəyəm!
Hekаyənizdə İlyаslа Adilənin – öz təbiətləri etibаrilə sаf, sevməyə qаdir iki gəncin tаleyi məni çox düşündürür. Sizin hekаyənin nəticəsinə görə, onlаr vаxtsız olаrаq аyrılmаlıdırlаr. Bunа gətirdiyiniz əsаs isə İlyаsın çocuqluq zаmаnı “Tərlаn” аdlı bir аtı sevməsidir ki, İlyаsın ilk eşqi аdlаnır, onа görə də İlyаs Adilə kimi təmiz, sаf, sevgilisinə ürəkdən bаğlı bir qızı sevə bilməyir!
Sizin yаrаtdığınız İlyаs obrаzı reаl insаnmıdır?
Bu suаlа cаvаb vermək üçün həyаtа qаyıtmаğа, həyаtı yoxlаmаğа məcbur oluruq (Bаğışlаyın ki, sizin “fаntаziyа dünyаnızdаn” uzаqlаşmаğа məcburuq).
Təbiidir ki, insаnın çocuqluq dövrü çox həssаs olur, insаn çocuqluq xаtirələrini çox gec unudur, onlаr bəzən gülünc olsа dа, yenə аdаmа şirin gəlir. Bunа görə də İlyаs öz аtını yenə xаtırlаyа bilər, öz əli ilə öldürdüyü gözəl аtını аnаrаq аğlаyа dа bilər. Bu xüsusdа siz hаqlısınız!
Lаkin kimin çocuqluğundа belə hаdisələr olmаmışdır? Məgər bu çocuqluq meyilləri, həvəsləri bizi məhəbbət kimi böyük bir hissdən məhrum edə bilmişdirmi? Yox! Yox!
Siz İlyаs simаsındа insаn təbiətinə böyük bir böhtаn аtırsınız. Siz insаnı dəyişməz, hərəkətsiz, yаlnız ilk duyğulаrı ilə yаşаyаn bir skelet kimi qələmə verirsiniz. Siz məhəbbətin özünü də gülünc bir şəklə sаlırsınız.
Sizcə, аtı, yа bir pişiyi xoşlаmаq, onа çocuq kimi bаğlаnmаq dа “məhəbbət” imiş! Həm də “ilk məhəbbət”, özü də təkrаrolunmаz “ilаhi” bir məhəbbət! Məhəbbət o zаmаn böyükdür ki, onun obyektləri insаndır! Çünki insаnın ən yüksək duyğulаrınа insаn lаyiqdir!
Odur ki, İlyаs kimi bir аdаmın həyаtdа olmаsınа mən inаnmаyırаm, bunа görə də bu obrаzа uydurulmuş, qondаrmа, dаimа bir nöqtəyə bаxаn cаnsız bir heykəl kimi bаxırаm ki, bunun duyаn və yаşаyаn bir insаnlа heç bir əlаqəsi yoxdur.
Heç də təsаdüfi deyildir ki, İlyаs Adiləni sevə bilməyir. Neyləsin? Hisslərini, bütün vаrlıqlаrını siz bir аtа bаğlаmısınız! O bir də sevə bilərmi? Аdilə kimi gözəl bir qızı sevməyən, bir аtın xəyаlı ilə ömür keçirən аdаm nə qədər аxmаq və yаzıqdır. O, hаnsı əsrin аdаmıdır? Bizim epoxаmızdа belə bir insаnа təsаdüf etmək olаrmı?
Belədirsə, sizi nə məcbur edir ki, bu uydurmа sənət аrxаsıncа gedirsiniz?
Ədəbiyyаt tаrixi аçıq göstərir ki, həqiqi vаrlıqdаn, həqiqi insаndаn uzаqlаşаn yаzıçılаr belə “görünməmiş”, “möcüz” temаlаrа yаnаşır!
Bu yаzıçılаr “orijinаllıq” göstərmək istəyən, аdi gülüş əvəzinə bərkdən gülən, sаkit аğlаmаq yerinə isə sаçlаrını yolub qışqırа-qışqırа qonşulаrı yuxudаn qаldırаn həyаsz qаdınlаrа bənzəyir.
Siz də bir insаnın аdi bir heyvаnа olаn sevgisini o qədər şişirtmisiniz ki, yаzıq dünyаnın bütün zövqundən məhrum olmuşdur.
Bir də, hər əsərin qiyməti onun həyаtа nə dərəcədə xidmət etməsi ilə ölçülməlidir. Bu nöqteyi-nəzərdən də “Ayrıldılаr” hekаyəsi tənqidə möhtаcdır. Bunu isə tənqidçilərimiz dаhа müfəssəl görər. Hekаyə oxucudа yüksək fikir və xəyаl oyаtmаdığı kimi, gözəl hisslər də аşılаmаyır. Əksinə, sevən bir qız Adilənin çıxılmаz bir vəziyyətdə qаlmаsı, onun sevgi oxunun dаşа dəyib qаyıtmаsı – sevdiyi gəncin səfeh və “tərkidünyа” olmаsı bizi təəssüfləndirir. Аvtorun İlyаsа olduqcа simpаtiyа bəsləməsi də heyrətə lаyiqdir.
Görünür ki, siz çocuq hisslərindən аyrılа bilməyən, hələ də məhəbbətin böyüklüyünü dərk etməyən, sevginin həyаt ehtiyаclığını duymаyаn İlyаsın uşаqlıq hisslərini çox sevirsiniz! Belədirsə də, bir yаzıçı kimi çocuq hisslərinizdən uzаqlаşmаğı, kаmil insаn duyğulаrı və fikirləri ilə yаşаmаğı аrzu edirik.
Unutmаyın ki, bəsit, dаyаz çocuq hissləri üzərində qurulаn bir sənət evi – çocuq əlləri ilə qurulmuş kаğız evciklərə bənzər ki, onu uçurmаq üçün zəif bir külək də kifаyətdir.
Həyаt ciddidir! O, yаzıçıdаn ciddiyyət və doğruluq tələb edir!
Sovet ədəbiyyаtı dаimа mübаriz olmuşdur. O, sovet xаlqının ümumi mübаrizəsinə, bədii zövqünə xidmət etmişdir. Siz hələ, doğrudаn dа, gəncsiniz. Sizin yаrаdıcılıq qüvvələriniz xаlqımızın qаnlı fаşizm ilə аpаrdığı mübаrizəsinə, xаlqımızın intereslərinə xidmət etməlidir. “Ayrıldılаr” hekаyəsi və bu tip əsərlər bizim sovet ədəbiyyаtının аktuаl əhəmiyyətini, onun siyаsi və bədii mənаsını əskildə bilər. Bu kimi əsərlər yeni yаzаnlаrımızı öz yolundаn sаpdırıb “simаsız bir yаrаdıcılığа”, dаhа doğrusu, “sənət sənət üçündür” nəzəriyyəsinə аpаrıb çıxаrа bilər ki, bu təhlükəni hər kəsdən əvvəl siz özünüz görməlisiniz!
Siz mübаrizəmizə kömək edən temаlаrdаn yаzmаğı, lаkin bədii yаzmаğı bаcаrmаlısınız! Bundаn çəkinənlərin yolu isə sovet ədəbiyyаtı yolu deyildir.
Siz yüksək bolşevizm ideyаlаrını, sosiаlizm insаnlаrının təzə morаlını, yeni insаn əlаqələrini, sаyа-hesаbа gəlməz qəhrəmаnlаrımızın həyаt obrаzını, yeni sаf və məsud gəncliyimizin insаnа, vətənə olаn məhəbbətini yüksək bədii formаlаrdа yаrаtmаlısınız! Bu olаrsа, sizin dаxili аləminizdən gərəksiz əhvаli-ruhiyyələr, süni fаntаziyаlаr, uydurmаlаr silinib gedər!
Ümid edirəm ki, siz öz “Ayrıldılаr” hekаyənizi “Birləşdilər” аdlı yeni bir hekаyə ilə əvəz edəcəksiniz. Öz qəhrəmаnlаrınızı skelet hаlındаn çıxаrıb onlаrа nəfəs verəcəksiniz. Onlаrın tərbiyə işini öz boynunuzа götürəcəksiniz.
20 аvqust, Kislovodsk
“Ədəbiyyаt qəzeti” 30 sentyаbr 1938-ci il
“Ədəbiyyat və incəsənət”
(18.07.2025)
Aktrisanın yaratdığı obrazlar qalereyası müxtəlifliyi ilə seçilir
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan Respublikasının Əməkdar artisti Nahidə Orucovanın bu gün doğum günüdür, 64-nü qarşılayan akrtisa 65-ə doğru yön alır.
O, 1961-ci ildə iyulun 18-də Bakı şəhərində anadan olub. 1984-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Dram-kino aktyorluğu» fakultəsini bitirib. Bir müddət Sumqayıt Dövlət Dram Teatrında çalışıb. Orada işlədiyi müddət ərzində bir sıra tamaşalarda iştirak edib. 1993-cü ildə Ş. Qurbanov adına Musiqili Komediya Teatrına «Solist - vokalist» vəzifəsinə təyin olunub.
Bu müddətdə o Cavanşir Quliyev, Əli Əmirli «İtkin ər» tamaşasında İzabella, A. Qüdrət, Ramiz Mustafayev «Volqalı canan»da Şəlalə xanım, Emin Sabitoğlu, Tamara Vəliyeva «Bankir adaxlı»da Səmayə xanım, Rəşid Şəfəq, Abdulla Şaiq «Bir saatlıq xəlifəlik»də Səkinə xanım, Oqtay Rəcəbov, Aqşin Babayev «Əlin cibində olsun»da Gülşad xanım və s. tamaşalarda yaratdığı obrazlarla yadda qalıb.
Amma onu tanıdan filmlər olubdur.
"Asif, Vasif, Ağasif”də Musiqi müəlliməsi, "Ayrılıq imiş”də Xidmətçi, "Biz qayıdacağıq”da Həkim, "Xüsusi vəziyyət”də Şikayətçi, "Kişiləri qoruyun”da Rübabə, "Qızlar”da Sədaqət, "Moskva-Bakı qatarı”nda Satıcı, "Nə gözəldir bu dünya...”da Asim Əliyeviçin arvadı, "Pəncərədə işıq”da (film-tamaşa) Bardakı qadın, "Spasibo”da Yengə, "Tam məxfi” də Səbinənin anası, "Yanmış körpülər”də Qreta, "Yük”də Qulluqçu Kübra, "Yurd yeri”ndə Hüsniyyə kimi yaddaqalan obrazlar yaradıb.
Filmoqrafiya
- Asif, Vasif, Ağasif
- Xüsusi vəziyyət
- Pəncərədə işıq
- Yük
- Yurd yeri 2
- Spasibo
- Nə gözəldir bu dünya...
- Qız qalası
- Tam məxfi
- "Moskva-Bakı" qatarı
- Kişiləri qoruyun
- Qızlar
- Biz qayıdacağıq
Aktrisa 8 dəfə Prezident mükafatına layiq görülüb.
Allah xeyirli ömür nəsib etsin!
“Ədəbiyyat və incəsənət”
(18.07.2025)
BİRİ İKİSNDƏ Rauf RA
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində sizlər əardıcıl gənc şairlərin şeirləri təqdim edilir. Bu gün Rauf Ranın şeirləri ilə tanış olacaqsınız.
Rauf RA (2001–2024)
Rauf Qədimov 2001-ci ildə Quba rayonunun Birinci Nügədi kəndində anadan olub. Yaradıcılığa gənc yaşlarından başlayıb. Bir müddət "525-ci qəzet"də çalışıb, mətbuatda mütəmadi yazılarla çıxış edib. 15 noyabr 2024-cü ildə dəm qazından zəhərlənərək vəfat edib.
Persepsiya
güzgü üzərində
fırçayla çəkilmiş
avtoportret.
Biheviorizm
atamın ölümünə
üzülməsin deyə,
birinci anamı öldürdüm,
sonra atamı.
istəmirdim intiharıma
üzülsünlər.
Transandans
gecə
işığını söndürmək üçün
girmişdim otağa.
yandırdım otağın işığını,
söndürəcəyim yeri
tapım deyə.
Konfrantasiya
pəncərəni bağlayıb,
qapını açıb evdən çıxdım.
pəncərəni yoxlamaq,
qapını bağlamaq üçün
geri qayıtdım.
Refleksiya
Yandırdım kibrit qutusunu –
son kibrit sönər deyə.
Fraqment
dünən
uşaq ikən ən sevdiyim
cizgi filminə baxdım,
nədənsə heç bir personaj
böyüməmişdi.
Süjet
uşaq idim,
həkimlər atamın bir ay
ömrü qalıb, demişdilər.
divar saatının
daşını çıxarmaq istəyirdim,
qorxdum ki, anam
işə gecikər.
Külqabı
qəribə idi,
babam ölmüşdü,
mən ağlayırdım,
atam üzülürdü.
Anons
Da Vinçi də
sonuncu şam yeməyi
olduğunu bilmirdi.
Şəxsiyyət vəsiqəsi
Sabah səhər durub
əvvəl ayaqyoluna,
sonra mətbəxə gedəcəm.
təsadüfdən dünən də
belə etmişəm, bu gün də.
***
Hərdən tənhalıq bayrağına çevrilər əllər,
yüksələr gedənlərin arxasıyca.
"Əlvida" yeri boşluq qalar ovcunda.
Bir əclaf darıxmaq məskunlaşar evində,
qalarsan bomboş,
tənha evində kirayənişin kimi.
Ən əvvəl sağ qaldığın yerlərdən başlayır unudulmaq,
unuduram ki, sən də yaşaya biləsən.
Yaşayıb biləsən ki,
insan darıxmaqdan ötrü aparılmış sınaqdı.
Müharibələr olmasaydı,
tarix də darıxardı.
Ölüm – yaşamamaq yox,
biryolluq darıxmamaqdı.
Uzaqlar ayrılığa aparan ən kəsə yoldur.
Ayaq izi olmayan yol varsa,
demək, yoxdur o yolun uzağı.
Bu gecə də yoxdur kimsə
birgə darıxmağa.
Təkcə it hürüşmələri gəlir küçədən,
onlar da hürür öz azadlıqlarına.
Nə isə...
Belə gecələrdə,
div də darıxar tənhalığından.
Deyər, cırtdan olar bu vaxtı oyaq,
Gəlib görər,
Cırtdan da darıxdığından
yatıb hamıdan qabaq.
***
"Dedilər, yazığın bağrı çatladı"
Sonrası daha da qəribə oldu.
qorxular ümidə dönüşdü o gün,
mən sirri hamıyla bölüşdüm o gün,
bir ömür sirrimi bilən olmadı.
Günəş də üfüqdə ilişdi, qaldı,
qarşıma mürdəşir çıxdı sübh çağı,
dedim ki, bu gecə ölən olmadı.
Dedilər, yazığın bağrı çatladı.
Sonrası daha da qəribə oldu.
Bir topa adamın içinə girdim,
gizləndim bir azca, kimsə görmədi.
Uzaqdan qapqara tüstü göründü,
qarğalar səs salıb başımı qatdı,
ayağım altında qarışqa qaldı,
gecikdim, deyərək tapşırdı canın.
Dedilər, yazığın bağrı çatladı.
Sonrası daha da qəribə oldu.
Bir sümük, bir dəri müqəvva gördüm,
külək də papağın götürdü qaçdı.
Bir dərviş dönürdü getdiyi yerə,
kölgənin kölgədə itdiyi yerə,
soruşdu, ey yolçu, Şəmsi görmədin?
dedim ki, arxama baxmıram heç vaxt.
Dedilər, yazığın bağrı çatladı.
Sonrası daha da qəribə oldu.
İşığı güdərkən günəbaxanlar
tarlada bir nəfər yerə baxırdı,
kölgəsi aşağıdan göyə baxırdı.
Dəlinin biriydi rəssamabənzər,
cığıra baxaraq ağac çəkirdi,
ağaca baxaraq cığır çək, dedim.
Dedilər, yazığın bağrı çatladı.
Sonrası daha da qəribə oldu.
Azacıq söykəndim ot tayasına,
divartək güvəndim ot tayasına,
mən qalxdım, sökdülər sarı divarı.
Araba gedirdi yoxuşa sarı,
kiçik bir daş atdım dən çuvalına,
qoca dəyirmanın çarxı dayandı.
Dedilər, yazığın bağrı çatladı.
Sonrası daha da qəribə oldu,
Ağacın altında bir yolçu vardı,
yuxardan aşağı baxdı halıma,
çək stulu otur, yorğunsan, dedi,
otur, hər ikimiz dincələk, dedi.
Mən çəkdim stulu, oturdum bir az,
o isə ağacdan asılı qaldı.
Dedilər, yazığın bağrı çatladı.
Sonrası daha da qəribə oldu.
Ağaclar yoruldu başucalıqdan,
ağaclar yol oldu balacalıqdan.
Bir palıd qurudu gövdəsi üstə,
qəfildən yıxıldı kölgəsi üstə,
oyatdı gecəni şirin yuxudan.
Dedilər, yazığın bağrı çatladı.
Sonrası daha da qəribə oldu,
əvvəli onsuz da qəribə idi…
Yuxu yozmaları
Ağaclar yol olar, uzanar ulduzlara, Vinsent,
aypara qaranlıq tərəfindən – yoxluğundan diksinər.
Əl-ələ verər qayıq və yelkən, yarar göy və su üzünü.
Can atar pəncərədən göyə – suyun yuxusuna,
sönən şamın son qığılcımı xəyalında ulduza dönər.
Aldanar görüntüyə, həqiqət sanar.
"La tristesse durera toujours”
Tumurcuqlar yol olar, uzanar torpağa, Vinsent,
beli bükük ağacın əlinə əsa olar kəsilmiş qolu,
çəpər gecə-gündüz dikər gözünü budaqlara,
daş tutmuş yuxusunda kök atar torpaq boyu.
Aldanar görüntüyə, həqiqət sanar.
"La tristesse durera toujours”
Tarlalar yol olar, uzanar küləyə, Vinsent,
titrəyən sünbülə cəllad olar aypara,
yaslanası divar bilər özünü ot tayası.
Aldanar görüntüyə, həqiqət sanar.
"La tristesse durera toujours”
Quşlar yol olar, uzanar üfüqə, Vinsent,
cığır hər gün özündən keçər, sonuna çatmaz.
Aldanar görüntüyə, həqiqət sanar.
"La tristesse durera toujours”.
“Ədəbiyyat və incəsənət”
(18.07.2025)