BİRİ İKİSNDƏ Rauf RA Featured

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində sizlər əardıcıl gənc şairlərin şeirləri təqdim edilir. Bu gün Rauf Ranın  şeirləri ilə tanış olacaqsınız.

 

 

 

Rauf RA (2001–2024)

 

Rauf Qədimov 2001-ci ildə Quba rayonunun Birinci Nügədi kəndində anadan olub. Yaradıcılığa gənc yaşlarından başlayıb. Bir müddət "525-ci qəzet"də çalışıb, mətbuatda mütəmadi yazılarla çıxış edib. 15 noyabr 2024-cü ildə dəm qazından zəhərlənərək vəfat edib.

 

 

Persepsiya

 

güzgü üzərində

fırçayla çəkilmiş

avtoportret.

 

 

Biheviorizm

 

atamın ölümünə

üzülməsin deyə,

birinci anamı öldürdüm,

sonra atamı.

 

istəmirdim intiharıma

üzülsünlər.

 

 

Transandans

 

gecə

işığını söndürmək üçün

girmişdim otağa.

yandırdım otağın işığını,

söndürəcəyim yeri

tapım deyə.

 

 

Konfrantasiya

 

pəncərəni bağlayıb,

qapını açıb evdən çıxdım.

 

pəncərəni yoxlamaq,

qapını bağlamaq üçün

geri qayıtdım.

 

 

Refleksiya

 

Yandırdım kibrit qutusunu –

son kibrit sönər deyə.

 

 

Fraqment

 

dünən

uşaq ikən ən sevdiyim

cizgi filminə baxdım,

nədənsə heç bir personaj

böyüməmişdi.

 

 

Süjet

 

uşaq idim,

həkimlər atamın bir ay

ömrü qalıb, demişdilər.

divar saatının

daşını çıxarmaq istəyirdim,

qorxdum ki, anam

işə gecikər.

 

 

Külqabı

 

qəribə idi,

babam ölmüşdü,

mən ağlayırdım,

atam üzülürdü.

 

 

Anons

 

Da Vinçi də

sonuncu şam yeməyi

olduğunu bilmirdi.

 

 

Şəxsiyyət vəsiqəsi

 

Sabah səhər durub

əvvəl ayaqyoluna,

sonra mətbəxə gedəcəm.

təsadüfdən dünən də

belə etmişəm, bu gün də.

 

 

***

 

Hərdən tənhalıq bayrağına çevrilər əllər,

yüksələr gedənlərin arxasıyca.

"Əlvida" yeri boşluq qalar ovcunda.

Bir əclaf darıxmaq məskunlaşar evində,

qalarsan bomboş,

tənha evində kirayənişin kimi.

Ən əvvəl sağ qaldığın yerlərdən başlayır unudulmaq,

unuduram ki, sən də yaşaya biləsən.

Yaşayıb biləsən ki,

insan darıxmaqdan ötrü aparılmış sınaqdı.

Müharibələr olmasaydı,

tarix də darıxardı.

Ölüm – yaşamamaq yox,

biryolluq darıxmamaqdı.

Uzaqlar ayrılığa aparan ən kəsə yoldur.

Ayaq izi olmayan yol varsa,

demək, yoxdur o yolun uzağı.

Bu gecə də yoxdur kimsə

birgə darıxmağa.

Təkcə it hürüşmələri gəlir küçədən,

onlar da hürür öz azadlıqlarına.

Nə isə...

Belə gecələrdə,

div də darıxar tənhalığından.

Deyər, cırtdan olar bu vaxtı oyaq,

Gəlib görər,

Cırtdan da darıxdığından

yatıb hamıdan qabaq.

 

 

***

 

"Dedilər, yazığın bağrı çatladı"

 

Sonrası daha da qəribə oldu.

qorxular ümidə dönüşdü o gün,

mən sirri hamıyla bölüşdüm o gün,

bir ömür sirrimi bilən olmadı.

Günəş də üfüqdə ilişdi, qaldı,

qarşıma mürdəşir çıxdı sübh çağı,

dedim ki, bu gecə ölən olmadı.

Dedilər, yazığın bağrı çatladı.

 

Sonrası daha da qəribə oldu.

Bir topa adamın içinə girdim,

gizləndim bir azca, kimsə görmədi.

Uzaqdan qapqara tüstü göründü,

qarğalar səs salıb başımı qatdı,

ayağım altında qarışqa qaldı,

gecikdim, deyərək tapşırdı canın.

Dedilər, yazığın bağrı çatladı.

 

Sonrası daha da qəribə oldu.

Bir sümük, bir dəri müqəvva gördüm,

külək də papağın götürdü qaçdı.

Bir dərviş dönürdü getdiyi yerə,

kölgənin kölgədə itdiyi yerə,

soruşdu, ey yolçu, Şəmsi görmədin?

dedim ki, arxama baxmıram heç vaxt.

Dedilər, yazığın bağrı çatladı.

 

Sonrası daha da qəribə oldu.

İşığı güdərkən günəbaxanlar

tarlada bir nəfər yerə baxırdı,

kölgəsi aşağıdan göyə baxırdı.

Dəlinin biriydi rəssamabənzər,

cığıra baxaraq ağac çəkirdi,

ağaca baxaraq cığır çək, dedim.

Dedilər, yazığın bağrı çatladı.

 

Sonrası daha da qəribə oldu.

Azacıq söykəndim ot tayasına,

divartək güvəndim ot tayasına,

mən qalxdım, sökdülər sarı divarı.

Araba gedirdi yoxuşa sarı,

kiçik bir daş atdım dən çuvalına,

qoca dəyirmanın çarxı dayandı.

Dedilər, yazığın bağrı çatladı.

 

Sonrası daha da qəribə oldu,

Ağacın altında bir yolçu vardı,

yuxardan aşağı baxdı halıma,

çək stulu otur, yorğunsan, dedi,

otur, hər ikimiz dincələk, dedi.

Mən çəkdim stulu, oturdum bir az,

o isə ağacdan asılı qaldı.

Dedilər, yazığın bağrı çatladı.

 

Sonrası daha da qəribə oldu.

Ağaclar yoruldu başucalıqdan,

ağaclar yol oldu balacalıqdan.

Bir palıd qurudu gövdəsi üstə,

qəfildən yıxıldı kölgəsi üstə,

oyatdı gecəni şirin yuxudan.

Dedilər, yazığın bağrı çatladı.

 

Sonrası daha da qəribə oldu,

əvvəli onsuz da qəribə idi…

 

 

Yuxu yozmaları

 

Ağaclar yol olar, uzanar ulduzlara, Vinsent,

aypara qaranlıq tərəfindən – yoxluğundan diksinər.

Əl-ələ verər qayıq və yelkən, yarar göy və su üzünü.

Can atar pəncərədən göyə – suyun yuxusuna,

sönən şamın son qığılcımı xəyalında ulduza dönər.

Aldanar görüntüyə, həqiqət sanar.

 

"La tristesse durera toujours”

 

Tumurcuqlar yol olar, uzanar torpağa, Vinsent,

beli bükük ağacın əlinə əsa olar kəsilmiş qolu,

çəpər gecə-gündüz dikər gözünü budaqlara,

daş tutmuş yuxusunda kök atar torpaq boyu.

Aldanar görüntüyə, həqiqət sanar.

 

"La tristesse durera toujours”

 

Tarlalar yol olar, uzanar küləyə, Vinsent,

titrəyən sünbülə cəllad olar aypara,

yaslanası divar bilər özünü ot tayası.

Aldanar görüntüyə, həqiqət sanar.

 

"La tristesse durera toujours”

 

Quşlar yol olar, uzanar üfüqə, Vinsent,

cığır hər gün özündən keçər, sonuna çatmaz.

Aldanar görüntüyə, həqiqət sanar.

 

"La tristesse durera toujours”.

 

“Ədəbiyyat və incəsənət”

(18.07.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.