"Bəxtiyar olmaq bir missiyadır” – şairin 100 illiyinə həsr olunan elmi konfrans və “Özümüzü kəsən qılınc” kitabının təqdimatı Featured

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

17 iyul 2025-ci il tarixində, saat 15:00-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş elmi konfrans və Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilən “Özümüzü kəsən qılınc” kitabının təqdimat mərasimi keçirildi.

 

Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə baş tutdu.

Tədbirin açılışında ilk olaraq Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev çıxış etdi. O, Bəxtiyar Vahabzadənin Azərbaycan istiqlal tarixini dolğun şəkildə əks etdirdiyini vurğula, xüsusilə onun “Gülüstan” poemasının milli ruhun oyanışında mühüm rol oynadığını qeyd etdi. Nitqinin sonunda Anar müəllim Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova xanıma Fondun nəşr etdiyi “Öxümüzü kəsən qılınc” kitabına görə təşəkkürünü bildirdi.

Sonra söz Fondun prezidenti Aktotı Raimkulovaya verildi. O, Fondun son ildə gördüyü işlər barədə qısa məlumat verərək – bu işlər isə qədərincə çox və faydalılıq cəhətdən də hədsiz əhəmiyyət kəsb edir, bu konfransın da cari layihələr sırasında ərsəyə gəldiyini qeyd etdi, Bəxtiyar Vahabzadəni ümumtürk tarixinin böyük şairi adlandırdı: “Bəxtiyar olmaq bir missiyadır”, – deyə vurğuladı.

AMEA-nın rəhbəri, akademik İsa Həbibbəyli çıxışında Bəxtiyar Vahabzadənin poetik irsindən misallar gətirdi: “Əgər sevirsənsə, ayaq səsimdən – Gərək biləsən ki, Bəxtiyar gəlir” misrasını səsləndirərək onun poeziyasının gücünə diqqət çəkdi. O, həmçinin Heydər Əliyevin ümumtürk siyasi düşüncəsinin Vahabzadənin yaradıcılığında öz əksini tapdığını qeyd etdi və “Azərbaycan–Türkiyə” şeirində Ulu Öndərin “Bir millət, iki dövlət” ideyasının bədii şəkildə ifadəsini tapdığını vurğuladı.

Kitabın elmi redaktoru Fərid Hüseyn tədbirdə çıxış edərək əsərin mahiyyəti haqqında məlumat verdi. O, Ulu Öndərin “Özümüzü kəsən qılınc” əsərinin tamaşasını izlədikdən sonra səsləndirdiyi fikirləri bir daha tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Tədbirdə iştirak edən akademik Nizami Cəfərov Bəxtiyar Vahabzadənin elmi və ədəbi irsini geniş şəkildə şərh etdi. Onun çıxışı həm faktoloji zənginliyi, həm də elmi yanaşması ilə seçildi. Akademik çıxışında, eyni zamanda, Vahabzadənin vaxtilə onun müəllimi olduğunu da qeyd etdi.

Şəxsən mənim üçün Nizami müəllimin bu çıxışı həm bakalavr illərimdə dinlədiyim maraqlı mühazirələri xatırlatdı, həm də bir daha elmə və sözə olan marağımı alovlandırdı. Hər dəfə olduğu kimi, bu dəfə də Nizami müəllim bizi biliklə zənginləşdirdi.

Konfransda digər tanınmış elm və ədəbiyyat xadimləri – o cümlədən, Muxtar Şaxanov, Əli Əmirli və başqaları da çıxış edərək Bəxtiyar Vahabzadə yaradıcılığına dair dəyərli fikirlərini bölüşdülər.

Bu tədbirdə iştirak etmək hər bir kəs üçün həm maraqlı, həm də öyrədici oldu. Böyük şairin irsinə müxtəlif aspektlərdən yanaşılan bu elmi konfrans, onun təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün nə qədər önəmli şəxsiyyət olduğunu bir daha sübut etdi.

 

“Ədəbiyyat və incəsənət”

(18.07.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.