ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün Debüt vaxtıdır, sizlərə Şəhriyar Heydərin şeirləri təqdim edilir.

 

***

 

Gedəndə elə gedəsən,

Göy də yerindən oynaya.

Ağlamağa səndən ötrü

Bir nəfərin də olmaya,

 

Araya kim hördü hasar?

Berlin divarıdır, baxsan,

Yerin görünür, hardasan,

Gəl, ay yerində olmayan.

 

Demə ki, sevgin ucuzdur,

Qarğışım tutar, quduzdur,

Bir sevgi sənə uduzdum,

Bəlkə, birin də oynayaq?

 

***

 

Payız bilməz ağaclara soyuqdur,

Bilsə, salmaz yarpaqları budaqdan.

Uçar quşlar, göy üzünü tərk edər,

Günəş baxıb əl yelləyər uzaqdan

 

Bir bax, yenə göyün üzü tutulub,

Ağrıyıram,Tanrı, dizim tutulub.

Bir bulaqdım, çoxdan gözüm tutulub,

Daha gözüm su içmir bu bulaqdan.

 

İstəmirəm, gəlib apar bu günü,

Kimdən ötrü qoydum ağlar bu günü?

Tərkibində göz yaşı var bu günün,

Tanrı, mənə göz yaşısız gün ağla.

 

Bu, dünyadır, gec-tez sıxır adamı,

Söykəndiyin yerdən yıxır adamı,

Böyüdükcə zayı çıxır adamın,

Aman gündür, böyüməyin, uşaqlar.

 

 

***

 

Bir ağaca söykənib tamaşa edirəm Günəşin qürubuna,

Bir azdan göylər qara geyinəcək

Onun yoxluğuna.

Bir ağaca söykənib gedirəm qocalığa, bu əsadan tuta-tuta…

Zaman o qədər sürətlidir ki, ləngiyirəm arzulara çatmağa.

Bir ağaca söykənib tamaşa edirəm başı dumanlı

 bu qoca dağ kimi dünyaya.

Bir az əvvəl  göy qurşağını da qaldırıb başı üzərinə, üzürdü səma okeanında.

 İndisə yelkəni enmiş gəmidir,

Üzərinə atılan bombalardan dəlmə-deşik,

Batmaq üzrədir

İçində səkkiz milyard ekipaj üzvü ilə...

Bir ağaca söykənib baxıram Tanrıya,

Bu gəminin

Kapitanı gözü ilə...

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2025)

İnci Məmmədzadə,  “Ədəbiyyat və incəsənət” 

 

"Neçə sənə əmimin evində qalmaq mənim üçün əzab idi. Əmimin arvadı bir yandan və qardaşı oğlu bir yandan əmimdən bixəbər mənə olmazın əzablar verirdilər. Əmimə şikayətlənməkdən qorxurdum. Çünki şikayətdən sonra ikiqat əzabını alacaq idim. Axır bir gün davam etməyib ayaqyalın, başıaçıq birbaşa anamın yanına qaçdım. Anamın ikinci əri məni öz oğlu kimi qəbul edib, həqiqətdə öz oğlundan ayırmayıb, mənim tərbiyəmlə məşğul oldu."

 

Bu gün 20-ci əsr Azərbaycan ədəbiyyatının və dramaturgiyasının görkəmli nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür.

Haqverdiyev 29 may 1870-ci ildə Şuşa şəhərindən 20 km məsafədə yerləşən Ağbulaq kəndində anadan olmuşdur.

Atası Əsəd bəy, qəza idarəsində katib kimi çalışırdı. O rus və fars dillərini bilən, savadlı bir adam idi. Əbdürrəhim bəy üç yaşında olarkən atası vəfat edir. Onu əmisi Əbdülkərim bəy öz himayəsinə götürür. Anası Hüsnü Cahan xanım isə üç il sonra kənd məmuru Həsənəli bəy Sadıqbəyovla evlənir. Əbdülkərim bəy bu evliliyə qarşı çıxmış, bu səbəbdən Əbdürrəhimi uzun müddət anasından uzaq tutmuşdur. Əsəd bəyin böyük qardaşı olan Əbdülkərim bəy də varlı və savadlı bir şəxs idi. 1875-ci ilin payızında Əbdülkərim bəy də dünyasını dəyişir. Əmisinin faciəli ölümü Əbdürrəhimi çox təsirləndirmişdir.

 Əmisinin evində olarkən artıq yengəsi və onun qardaşının əziyyətinə məruz qalan Əbdürrəhim, bir gün evdən qaçaraq anasının yanına getmiş və ögey atası Həsənəli bəy onu öz doğma oğlu kimi qəbul etmişdir. Haqverdiyev bu barədə xatirələrində də yazıb və mən o yazılanları yazıma proloq kimi vermişəm.

 

Həsənəli bəy Əbdürrəhimin təhsili ilə şəxsən özü məşğul olmuşdur. Rus dilini bildiyi üçün Əbdürrəhimə rus əlifbasını da ilk dəfə özü öyrətmişdir. Əbdürrəhimin ailədə özündən başqa Nabat adlı bir bacısı da var idi. Nabat hələ uşaq ikən çayda boğularaq ölmüşdür.

 

Yazıçının ilk bioqraflarından olan Kamran Məmmədov yazır:

 

"Əbdürrəhimin səkkiz yaşı vardı… İsti yay günlərindən biri idi. Həsənəli bəy Sadıqbəyovun ailəsi qonşu ailələrlə bir neçə gün idi ki, Şuşadan yaxın yaylağa, çay kənarına köçmüşdülər. Günortaya az qalmışdı. Kişilər böyürtkən yığmağa getmişdilər. Kişilərin getməsindən istifadə edən qadınlar və uşaqlar çayda çimirdilər. Əbdürrəhimlə Nabat da bunların arasında idi… Birdən-birə hava qaraldı, göyün üzünü qara buludlar bürüdü, şıdırğı yağış yağmağa başladı. Az keçmədi ki, nərilti ilə gələn güclü sel hər tərəfi bürüdü… Bir əli ilə kiçik Nabatın, o biri əli ilə Əbdürrəhimin əlindən yapışan Hüsnücahanı güclü axın süpürləyib çaya saldı. Qadın özü də bilmədən uşaqların əlini buraxıb qışqırmağa başladı… Kişilər özlərini yetirib hər üçünü güc-bəla ilə cilovsuz selin-suyun ağzından qurtardılar. Nabat boğulmuşdu…

Bacısının faciəli ölümündən sonra Əbdürrəhim heç bir uşaqla oynamır, həmişə tək gəzirdi. Bəzən də atalığı Həsənəli bəy hara getdi, onu özü ilə aparırdı."

 

1880-ci ilin may ayında Həsənəli bəy müflis olduğu üçün ailəsi ilə birgə Şuşa şəhərinə köçür. Əbdürrəhim burada Yusif bəy Məlikhaqnəzərovun müvəqqəti yay məktəbində təhsil almağa başlayır. Buradaki təhsil məktəbə hazırlıq məqsədi daşıyırdı. Yusif bəy ögəy atası Həsənəli bəydən sonra Haqverdiyevin təhsilində əsas rol oynayan ikinci şəxsdir.

Əbdürrəhim həmin ilin sentyabr ayında imtahan verərək şəhər məktəbinə daxil olur və bir il müddətinə burada oxuyur. 1881-ci ilin oktyabr ayında Şuşada yeni açılan rus dilli realni məktəbə daxil olur və burada rus dilində təhsil almağa başlayır. Bu zaman Yusif bəy də burada müəllim işləyirdi. Onun teatra böyük marağı var idi və hər yay Şuşaya dincəlməyə gələn müəllim və tələbələrin köməyi ilə teatr tamaşaları təşkil edirdi. Haqverdiyevin teatrla ilk tanışlığı da məhz bu tamaşaların birində olmuşdur. O öz xatirələrində bu barədə yazır: 

 

"1884-cü ildə, 14 yaşında ikən bir dəfə teatra getdim. Mirzə Fətəlinin ‘Xırs quldur basan’ piyesini oynayırdılar. Teatrda pərdə açılmayınca, mən bu əqidədə idim ki, fokus göstərəcəklər. Pərdə açıldı. Bir də baxdım ki, müəllimlik Yusif Bəy əynində çuxa, başında Buxara papağı, belində xəncər, əlində tüfəng səhnədə dayanb igidlikdən dəm vurur. Get-gedə tanıdığım müəllimlərin birini arvad libasında, birinin polis libasında görüb, teatrın və komediyanın nə olduğunu anladım."

 

Tamaşadan təsirlənən Haqverdiyev Mirzə Fətəli Axundovun "Hacı Qara" əsərinə bənzər kiçik həcmli "Hacı Daşdəmir" hekayəsini yazıb müəllliminə təqdim edir. Yusif bəy əsəri oxuyub öz məsləhətlərini verir.

 

Yazıçı hələ sağ ikən çap etdirdiyi kitabları aşağıdakılardır:

 

- "Dağılan Tifaq" (Dram)

- "Millət Dostları" (Kiçik həcmli dram əsəri)

- "Kimdir Müqəssir" (İki Pərdəli Vodvil)

- "İki Hekayət" ("Ata və Oğul" ve - "Ayın Şahidliyi" hekayələri)

- "Ac Həriflər" (Komedi)

- "Xəyalət" (Pyes)

- "Ağa Məhəmməd Şah Qacar" (Tragediya)

- "Bəxtsiz Cavan" (Tragediya)

- "Dağılan Tifaq" (Dram) 

- "Ədalət Qapıları" (Dram)

- "Şeyx Şəban" (Hekayə)

- "Ac Həriflər" (Komediya)

- "Köhnə dudman" (Pyes)

- "Marallarım"

 

1932-ci il mayın 3-də Bakıda, Türk teatrında Haqverdiyevin bədii yaradıcılığa başlamasının 40 illik yubileyi münasibətilə sadə bir yubiley mərasimi keçirilir. Haqverdiyevin öz istəyinə uyğun olaraq, təntənəsiz, sadə formada keçirilən bu mərasimdə "Pəri cadu" pyesindən üç pərdə nümayiş etdirilir və yığcam bir konsert təşkil olunur. Dadaş Bünyadzadə ona yaxşı təqaüd kəsiləcəyini vəd edir və Haqverdiyev bu vəddən ümidlənərək təqaüd təmin olunsa, oktyabrın 1-dən istefa verib istirahətə çəkilmək niyyətində olduğunu yazır. O, uzun müddətdir ki, yaşlı bir müəllim olaraq ətrafında gənc müəllimlərin arasında özünü qəribə hiss etdiyini ifadə edir. Lakin ömrünün sonunadək "yaxşı təqaüd" ala bilmədən işləməyə davam edir. Nəticədə, o, 1933-cü il dekabrın 11-də ürək xəstəliyindən vəfat edir və Bakıda Fəxri Xiyabanda dəfn olunur.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2025)

 

Murad Vəlixanov,  “Ədəbiyyat və İncəsənət” 

 

Bu gün - may ayının 29-u İstanbulun fəth edilməsinin 572-ci ili tamamlanır. Bu gün bu mövzu barədə danışmaq qərarına gəldim.

"Əvvəlcə İstanbul mənim ürəyimi fəth etdi, sonra mən onu". Bu sözlər Fateh Sultan Mehmetə məxsusdur.

 

 

1453-CÜ İLİN 29 MAYI
İstanbulun fəthi 1453-cü il mayın 29-da Osmanlı sultanı 21 yaşlı Fateh Sultan Mehmetin (Sultan II Mehmet) rəhbərliyi ilə həyata keçirilmişdir. Şərqi Roma (daha öncələr Bizans) imperiyasının paytaxtı Konstantinopol həmin tarixdən Osmanlı dövlətinin imperiyasının bir parçasına çevrilmişdir. Bizans imperiyası tarixin səhnəsindən silinmiş, VII Osmanlı Sultanı II Mehmet Fateh Sultan Mehmet adlandırılmışdır.

6 aprel 1453-cü ildə Osmanlı ordusu tərəfindən mühasirəyə alınan İstanbul 53 gündən sonra fəth edilmişdi.

Sultan  Mehmet və onun tabeliyində olan əsgərlər Bizans imperatoru XI Konstantinin ordusuna qarşı döyüşdə qalib gələrək türk dünyasının tarixində yeni bir səhifə açmışdır.

 

FATİH SULTAN MEHMET

Ədirnədə dünyaya gələn Fatih Sultan Mehmet dövrünün tanınmış elm adamlarından dərs almış və 13-14 yaşlarında atası tərəfindən taxta çıxarılmışdır. Sarayda sərt reaksiya ilə qarşılanması və səlibçilərin Varnaya hücumu səbəbindən II Mehmet saray əyanları ilə atasını yenidən taxta dəvət edir. 1451-ci ildə atasının vəfatından sonra yenidən Ədirnəyə qayıdaraq taxta çıxır.

 

ƏN YAĞLI TİKƏ - KONSTANTİNOPOL

Dünyanın coğrafi mərkəzi hesab edilən Konstantinopol dəfələrlə mühasirəyə düşmüşdü. Osmanlılar da əvvəllər şəhəri mühasirəyə almış, hətta Çimpə qalasını və Rumelidə bir qisim torpağı ələ keçirmişdilər. Rumeliyə keçdikdən sonra sərhədlərini genişləndirən Osmanlı dövləti ilk dəfə 1395-ci ildə I Bəyazidin komandanlığı altında Konstantinopolu mühasirəyə almışdır. Həmin zaman I Bəyazid mancanaqlardan istifadə etmişdir. Lakin qərbdə Macarıstan krallığının indiki Bolqarıstan ərazisinə (Osmanlı torpağına) hücumu ilə planlar pozulmuşdur. Növbəti il kifayət qədər hazırlıqlı olan bizanslılar dəniz yolundan gələn hücumların qarşısını kəsmək üçün Anadolu Hasarını inşa etmişdilər. Uzun sürən mühasirədən sonra I Bəyazid Bizansın sülh təklifini qəbul edərək geriyə dönməyə məcbur olmuşdu.

Ankarada məğlub olmuş Osmanlı dövləti I Bəyazidin oğlu Musa Çələbinin başçılığı ilə Konstantinopola yenidən hücum etmiş və 1412-ci ildə buranı mühasirəyə almışdı. Lakin bu zaman da heç bir uğur əldə edilməmişdir. Dördüncü mühasirə isə II Muradın dövründə olmuş, uğurlu strateji həmlə edən Bizans imperatoru VII İohanın Qara dəniz sahilindəki bəzi torpaqları və xərac verməyi qəbul etməsindən sonra başa çatmışdı. Bizansın bu qədər kiçik bir əraziyə sıxışdırılmasına baxmayaraq, illərlə niyə məhv edilmədiyi sualının cavabı şəhər divarları arasında gizlənir. Üç qatda düzülmüş bu divarlar çox möhkəm materialdan hazırlanmışdı. Şəhəri əhatə edən divarların ümumi uzunluğu təxminən 22 kilometr, qalınlığı 5 metr, hündürlüyü isə 15 metr idi. Bastionların yerdən hündürlüyü bəzi yerlərdə 20-25 metrə çatmışdı. Sözügedən mühasirələr uğursuz olsa da, qüdrətli Osmanlı dövləti Bizansın bütün ətraf ərazilərini öz tərkibinə qatmışdı. Artıq II Mehmet taxta çıxdığı zaman Konstantinopol Osmanlı dövlətinin torpaqları ilə əhatələnmişdi. Bu böyük dövlətin imperiya halına gəlməsinə isə sadəcə bir addım qalmışdı.

 

19 YAŞIN HİKMƏTİ

Fateh Sultan Mehmet 1451-ci ildə taxta çıxarkən cəmi 19 yaşı var idi. Avropada bir çoxları gənc sultanın uğur qazana biləcəyinə şübhə ilə yanaşır, Balkanlarda, Egeydə xristian gücləri qarşısında məğlub olacağını proqnozlaşdırırdılar.

Ağlı və zəkası ilə fərqlənən gənc hökmdar səfər hazırlıqları çərçivəsində Konstantinopolun dənizlə olan əlaqəsini tamamilə kəsmək və mühasirə vaxtı şəhərə dənizdən kömək gəlməsinin qarşısını almaq məqsədilə Rumeli Hasarının tikintisinə başlanılmasını əmr etmişdi. Rumeli Hasarı I Bəyazid tərəfindən tikilən Anadolu Hasarının qarşısında idi. 400 əsgərin müdafiə etdiyi qala Firuz Ağaya tapşırılmışdı. Lakin tikintinin başa çatması ilə boğazda gediş-gəlişin dayanması Bizans tərəfini narahat edirdi. Buna görə də bizanslılar bütün xristian dünyasından yardım istəyirdi. Roma papası isə II Mehmetə xristianlığı qəbul edəcəyi təqdirdə nəinki Konstantinopolu, bütün dünyanı qan tökülmədən fəth etməyi vəd etmişdi. Bu təklif isə Mehmet tərəfindən qəzəblə qarşılanmış və bunu bildirən elçi qala divarlarından aşağıya atılmışdır.

 

BAŞLANĞIC

1453-cü il aprelin 6-da Osmanlı ordusu Qızıl Buynuzdan Mərmərəyə qədər uzanan divarlar qarşısında yerləşdirilmişdi. İki gün sonra artıq Baltaoğlu Süleyman Paşanın komandanlığı ilə Osmanlı Donanması Prinkipos (Büyükada) və Antiqoni (Burgaz adası) və Tarabyada Bizans qalasını ələ keçirmişdi. Aprelin 20-də isə 4 Genuya gəmisi təchizatı tükənmiş şəhərə dəstək üçün hərbi yardım gətirdi. Bu, Bizansın duruş gətirməsinin ömrünü bir qədər uzatdı. Osmanlı donanması buna mane ola bilmədi. Bu hadisədən sonra Osmanlı tərəfində mənəvi sarsıntı yaşansa da, tez bir zamanda tarixə keçəcək addım atıldı. Osmanlı gəmiləri quru yol ilə dənizə endirildi. Plan daha əvvəl hazırlansa da, Genuya gəmilərinin Bizansa yardım gətirməsi bu planı sürətləndirdi.

 

VƏ YEKUN

Mayın 29-da Osmanlı ordusu günəş doğmadan Mehter marşı ilə hücum yürüşünə başladı. II Mehmet yeniçərilər ilə qala divarlarına yaxınlaşdı. Bizans qoşunları artıq tükənmişdi, qətiyyətli və təcrübəli yeniçərilər sıralarını pozmadan divarlara çatdılar. Fateh Mehmet rəhbərliyi ilə yeniçərilər sürətlə şəhərə doğru irəlilədilər. Bunlar tarixi anlar idi, dünyanın geopolitik mənzərəsini, qüvvələr nisbətini kökündən dəyişən təntənə idi. II Mehmet vəzirləri və komandirləri ilə birlikdə Müqəddəs Romanos qapısından (indi Topkapı adlanır) şəhərə daxil olaraq Aya Sofyanın önünə gəldilər. Mehmet kilsəyə sığınan camaatın həyatına toxunmadı.

 

Beləcə, Konstantinopolun fəthi Bizans imperiyasına son qoymaqla yanaşı, İstanbulun dünyanın ən inkişaf etmiş elm, mədəniyyət beşiklərinin birinə çevrilməsi gerçəkliyinin təməlini qoydu.

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2025)

 

İnci Məmmədzadə,  “Ədəbiyyat və incəsənət” 

 

 

 Günəşli gündüzüm, ən şirin sözüm,

Əbədi hicrinə mən necə dözüm?

Bağçanda bitibdir nərgiz, bənövşə,

Sənsiz o gülləri mən necə üzüm?

                                    Dilbər Axundzadə

 

Onu tarixə salan Mikayıl Müşfiq tərəfindən dəlicəsinə sevilməsi olubdur. Müşfiqdən sonra bir ömür Müşfiqsiz yaşayıb. Ailə həyatı da qurub. Övladı da olub. Bəzi mənbələr bu qız övladının elə Müşfiqin övladı oldüğunu yazır. Amma yox. Dilbər Axundzadənin sonrakı nikahından bir oğlu və Leyla adlı bir qızı olmuşdur. Müşfiqlə evlilikdən isə onların Yalçın adlı oğulları dünyaya gəlib. Amma cəmi 2 aydan sonra xəstələnib vəfat edib. Əlbəttə, biz indi tarixi həqiqətin axtarışına çıxmayacağıq, sadəcə, bu gün doğum günü qeyd edilən Dilbər Axundzadə barədə bir neçə kəlmə deyəcəyik.

 

İsmayılzadə-Axundzadə Dilbər 29 may 1914-cü ildə Yelizavetpol (indiki Gəncə) şəhərində anadan olmuşdur. 5 yaşından sonra əmisi, tanınmış alim və repressiya qurbanı İdris Axundzadənin himayəsində Bakıda yaşamışdır. Salam Salamzadə onun rəsm müəllimi olmuşdur. O, gəncliyində Gəncə Şəhər Sovetinin və 1934-cü ildə Bakı Şəhər Sovetinin deputatı seçilmişdir.

Dilbərin doğmaca əmisi İdris Axundzadə bir gün qardaşıgilə gəlir və burda qardaşı qızının ögey anası ilə rahat yaşamadığını görür. Onu özü ilə aparır. Daha sonra isə həyat yoldaşı Dilbəri buraxılış gecəsinə gətirir və o, burada Müşfiq ilə tanış olur. Mikayıl əmisinin yaxın dostu imiş. Həmin gün Müşfiq Dibərin arxasındakı oturacaqda oturubmuş və Dilbər onların məhəbbətinin poetik rəmzi olan hörüklərini arxaya atanda Mikayılın üzünə toxunur. Bax elə bu andan da şairin sevgisi başlayır Dilbərinə. Müşfiqin sevgisi elə bir həddə olur ki sevgilisinə deyir: "Ah, Dilbər, ağlımı başımdan almısan! Qorxuram desinlər ki, Müşfiq məhəbbət şairi olub". 

 

Onların nişanları poeziya bayramı idi. Hüseyn Cavid, Abdulla Şaiq, Əhməd Cavad, Bülbül, Səməd Vurğun, Mir Cəlal, Rəsul Rza və bir çox başqaları iştirak etmişdi bu məhəbbət məclisində. 

Çox təəssüf ki, amansız Stalin repressiyası onların bir-birindən kam almasına imkan vermir, böyük sevgilərini beşikdəcə boğur.

Mikayıl Müşfiq 3 iyul 1937-ci il tarixdə Sovet xüsusi xidmət orqanları tərəfindən "əksinqilabi-millətçilik" fəaliyyətdə təqsirli bilinərək güllələnməklə ölüm cəzasına məhkum edilir. Deyilənə görə, Nargin adasında güllələnir. Amma meyiti belə tapılmır. Və o gündən bəri Azərbaycan xalqı Müşgiqi yad edərkən Xəzərə qərənfillər səpir…

 

Müşfiqdən sonra Dilbəri də aparırlar. Sonacan Dilbər onu müdafiə edir. Həbsxanada olanda onların məhəbbətinin poetik rəmzi olan hörüklərini kəsirlər. Ona deyirdilər: Müşfiqin milliyyətçi və digər təşkilatlara üzv olması barədə kağızları imzala. O, “yox” cavabını verirdi. Ona deyirdilər: Müşfiqdən imtina et, onun müqəssir olduğunu etiraf et. “Yox” deyirdi yenə də.

 

Dilbər Axundzadə Azərbaycan SSR CM-nin 72, 73 maddələri ilə 1 yanvar 1938-ci il tarixdən hesablanmaqla 2 noyabr 1937-ci il tarixdə XDİK-in 00486 №-li əmrinə əsasən həbs edilmişdir. Və bu həbs onu Azərbaycan Tibb İnstitutunda aldığı iki illik təhsilini yarımçıq qoymağa məcbur etmişdir.

Həbsdən azad edildikdən sonra bir müddət Gəncədə məktəbdə müəllim kimi çalışmış, sonra isə yenidən Bakıya qayıtmışdır. Şairliklə məşğul olmuşdur. Bəlkə də, Müşfiqi yaşatmağın bir yolunu bunf=da görmüşdür.

Müşfiqi aparanda masanın üzərində “Dilbərnamə” adlı qovluq var idi: o bütün şeirlərini orada saxlayırdı, hamısı da yoxa çıxdı.

Bütün ömrü boyu Müşfiq xalq mahnıları, dastanlar və sair toplamışdı, hamısını apardılar. Nə qədər əzab-əziyyətlər görmüş Dilbər Axundzadə Müşfiqin ədəbiyyatının bir qismini bərpa etdi, hətta, dediyimiz kimi, özü də şeir yazdı. Qızı bunu möcüzə adlandırır, çünki Dilbər xanım çox əzab-əziyyətlər çəkmişdi.

 

Dilbər xanımın qızı Leyla Axundzadə anası barədə:

“Bəli, Dilbər xanım, həkimin dediyinə görə, bir çox xəstəliklərə düçar oldu: infarkt, böyrək çatışmazlığı, sinirlər, şəkərli diabet... Anlayanda ki, ondan heç nə əldə edə bilməyəcəklər, o isə işgəncələrdən aşkar surətdə özündə deyil, onu həbsxana xəstəxanasından psixiatrik xəstəxanaya köçürdülər. Lakin orada qalmaması üçün, onu tanıyan həkimlər guya sağlam olması barədə arayış verdilər. O, Gəncəyə, anasının yanına getdi və uzun müddət orada müalicə olundu. İlk vaxtlar o heç nə danışmırdı, heç nə anlamırdı, nə özünün, nə də Müşfiqin kim olduğunu bilmirdi...”

 

Leyla Axundzadə Mikayıl Müşfiq barədə:

Müşfiq istedadlı idi: o, anamın tarını götürür və sadəcə mahnı oxumurdu, muğam ifa edirdi. Bax, o belə insan idi! Anam Müşfiqlə yaşayırdı, daim çıxışlar edirdi, harasa yazırdı, gah nə isə xatırlayırdı və dərhal da kağız üzərinə köçürürdü... Müşfiqin 80 illiyində o, sanki onunla vidalaşdığını hiss edirdi. Anam çıxış etməməli idi, lakin yenə də sanki gözəgörünməz qüvvələr onu çıxış etdiyi müddətdə qaldırdılar və dəstək verdilər, o isə o qədər zəifləmişdi ki! Mən ona baxırdım və hər an yıxılacağından ehtiyatlanaraq tir-tir əsirdim…”

 

Məşhur biblioqrafik "Müşfiqli günlərim" əsərinin müəllifidir Dilbər Axundzadə. Dini nikahla yenidən evlənməsi, dünyaya övladlar gətirməsi belə Müşfiqi onun əqlindən, qəlbindən silə bilməmişdir. Həyatının son dövründə əsəb pozğunluğu, şəkər və ürək problemləri yaşayırdı.

1990-cı ildə Bakı şəhərində vəfat edib Dibər xanım. Və mən əminəm ki, o, son nəfəsində mütləq Müşfiqin adını çəkib.

 

Xatirəsi 

 

2002-ci ildə Mikayıl Müşfiqlə bağlı "Qeybdən gələn səs" filmi çəkilmiş və filmdə Dilbər rolunu İlahə Səfərova canlandırmışdır.

 

2022-ci il dekabrın 17-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Stalin repressiyaları dövründə repressiyaya məruz qalmış siyasi məhbusların həyat yoldaşlarının, qızlarının eləcə də repressiyaya məruz qalan qadınların başına gələn hadisələr haqqında "Kod adı: "V. X. A."" və ya Kod adı "Vətən xainlərinin arvadları" tamaşasının premyerası olub. Tamaşada Dilbər Axundzadənin həbsi də təsvir edilib.

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2025)

 

“Ədəbiyyat və incəsənət” portalının Tələbə yaradıcılığı rubrikasında bu gün sizlərə Ağdam Sosial-İqtisad Kollecinin tələbəsi Gültəkin Məmmədovanın hekayəsi təqdim edilir. Mistik abu-havaya bürünmüş tineycer ədəbiyyatı. İnanırıq ki, rubrikanın əsas oxucu kontingenti olan tələbələr bu hekayəni maraqla oxuyacaqlar.

 

Sıradan bir gün idi. Hər kəs üçün həyat öz axarında irəliləyirdi – gözəl hava, təravətli və həzin əsən külək. Evin eyvanında oturmuş, bir fincan qəhvə içə-içə mavi səmaya baxırdım. Bir anlıq köhnə xatirələrə dalıb, istəmədən üzümə təbəssüm qondu, gözlərimdən yaş axdı. Hə, insan gülərkən də ağlaya bilər.

Gülüş səbəbim ötən günlərin – xatırladığım xatirələrin necə xoş olmasındadır. Gözlərimdən axan yaş isə bir daha o anları yaşaya bilməməkdən irəli gəlirdi. İki duyğunu bir arada yaşasaq da, zamanı geri almaq kimi bir gücümüz yoxdur.

Bundandır bəzən ötən illərin həsrətini çəkmək, o illərin bizdən alıb apardığı dəyərlərdən – yeni yaşları əlavə edərək bizdən aldığı, hər yaşımızda olan o özəl və mənalı anılardan.

Eh, bu duyğuları danışsam, çox sözlər var. Sadəcə bəzən bəzi duyğuları sözlərlə əvəz etmək qeyri-mümkündür. Bax, belə o vaxtlarda başladı sizə danışacağım hadisə.

Telefonuma zəng gəldi – dostum idi zəng edən. Açdım, salamlaşdıq, bir az söhbət etdikdən sonra ona yadıma düşən xatirələrimizdən danışdım. O da mənə qoşuldu və danışmağa başladı. Biraz uzun aradan sonra təklif etdi ki, bəlkə köhnə dostlarla yığışaq bir yerə və söhbət edək. Gözəl fikir olduğunu dedik və köhnə dostlarla əlaqə saxlamaq üçün WhatsApp-da qrup açdıq. Onlarla hər zaman getdiyimiz, gəncliyimizin ən gözəl vaxtlarının keçdiyi yerdə görüşək dedik.

Aradan keçən 2 günün ardından hər kəs o yerə gəldi və görüşdük. Hər birimiz oradaydıq. Göl kənarında, yaşıl bir yer idi. Hər kəs üçün odun parçasından düzəlmiş oturacaq yerə bərqərar olmuşdu. Hər kəs oradaydı, sadəcə bir nəfər yox idi – Leyla.

 

Leyla qrupumuzun ən pozitiv və ən şən qızı idi. Onu 2 il əvvəl dostlarla tətilə, gəzintiyə gedərkən keçirdiyimiz yol qəzasında itirmişdik. Qrupun geri qalanı – Ayxan, Elnur, Gülsah və mən – aldığımız itki nəticəsində yaşadığımız travmalar səbəbilə bir-birimizdən uzaq düşmüşdük. Ayxan sürücü yerində oturduğu üçün ayağı ön hissənin yerə sərt dəyməsi ilə amputasiya olunmuşdu. Leyla isə ön oturacaqda oturduğuna görə ön pəncərədən çölə çıxaraq həyatını itirmişdi. Elnur və Gülsah sadəcə cızıq, qırıq, xəsarətlərlə qurtulmuşdu. Mən isə sağ tərəfdə oturduğum üçün maşın fırlanarkən hava yastığım açılmadığına görə başımdan ağır zədə almış və 1 ay komada qalmışdım.

Ayxan qəzanı özünün törətdiyini düşünərək bizim başımıza gələnlərə görə özünü günahkar hiss edir, ayağını itirməsi belə o dərəcədə canını yandırmırdı. Hər kəs özü üçün bir vicdan əzabı yaradaraq öz küncünə çəkilmişdi. Hər kəs özünü günahkar hiss edirdi. Buna görə bir-birimizdən uzaq düşmüşdük. Və bu gün də yenidən bir araya gəlmək qərarı aldıq və gəldik. Kaş Leyla da burada olaydı… Hər zaman etdiyi kimi zarafatlar edərdi deyə danışmağa başladıq.

Və birdən Gülsah dedi: "Gəlin bir yerdən bir dəfə Leylanı çağıraq və təsəvvür edək ki, o da buradadır, yanımızdadır."

Ayxan: "Gülsah tək başından zərbə alan Nur deyil, deyəsən."

Hər kəs güldü.

Elnur: "Gəlin edək, bəlkə bura gələ bilməsi imkansız olsa da, ən azından hiss edər – hələ də onu çox istədiyimizi və unutmadığımızı."

Mən də “hə, olar, gəlin edək” dedim.

Ancaq Gülsah bir az qaramagiyacılığa və astroloqiyaya çox düşkün biri olduğu üçün yanında tarot kartı və şam da gətirmişdi. Uşaqlar “bu nədi, ruh çağırma ayini zad edirik?” – deyə güldülər.

Gülsah: “Bəsdirin, az zarafat edin. İstəmirsinizsə, etməyək,” – dedi.

“Yaxşı, küsmə, gəl edək,” – dedik. Gülsah yerdə bir dairə təsvir etdi və içərisinə nəsə yazdı. Nə təsvir etdiyini anlamadıq. Dairənin ortasına bir şam yandırdı və tarot kartları ilə baxmağa başladı.

Və ilk kartlardan bəlli idi – yaxşı olmayacaq.

Tarotla bağlı başım çıxmasa da, karantin vaxtı boşluqdan mənalarını öyrənmişdim və ilk çıxan kartlar bunlar idi:

 

Death (Ölüm) – Qurtuluş və dönüşüm. Pis niyyətli enerjilərin sonu və yeni başlanğıc – enerjinin dönüşüm forması.

The Devil (Şeytan) – Bağımlılıqlar, manipulyasiya, qaranlıq niyyətlər. Bu kart təkbaşına lənətin varlığını göstərə bilər.

Justice (Ədalət) – Karmik tarazlıq və ədalət. Kim nə əkibsə, onu biçəcək.

Ten of Swords – Son, xəyanət, dağılma.

The Tower (Qala) – Ani, dağıdıcı dəyişiklik və haqqın ortaya çıxması.

 

Əgər sən bu kartlardan bir neçəsini eyni açılımda görsən, xüsusilə də Justice + Tower + Devil kombinasiyasında, bu artıq bumeranq effekti – yəni lənətin sahibinə dönməsi anlamına gəlir. Hə, düz eşitdiniz, yəni lənətin sahibinə dönməsi anlamına gəlir.

Gülsah heç bir şey demədən səssizcə şamı söndürərək “Boş şeylər çıxdı” deyib geri çəkildi. Elnur və Ayxan “Nə oldu, əlaqə yarada bilmədin? Şəbəkə zəifdir yəqin” deyərək güldülər. Mən isə Gülsaha baxırdım – əlləri titrəyir, onu örtmək üçün əllərini sıxır, stresdən ayağını oynadır, gözlərində qorxu var… Gülərək “Hə, yəqin elədir” deyə söhbəti dəyişdi. Axşamı belə yola verdik.

Hər kəs öz evinə getdi və günlər yenə stabil davam edirdi. Bir neçə gün sonra Gülsah mənə zəng edərək Leylanın qəbrini ziyarət etmək istədiyini, ancaq tək getmək istəmədiyini, mənimlə birgə getmək istədiyini dedi. Razılaşaraq dedim: “İş çıxışı günorta 1-də gəl, gedək.”

Gəldi, getdik. Çox qəribə bir duyğudur – dəyərli birinin orada, buz kimi məzarda tək yatması və sən sadəcə onun məzarı başında onunla danışmağa çalışırsan… Qəribədir, hə, yaşananlar daha da qəribədir.

Gülsah bir anda Leylanın məzarını qucaqlayaraq “Bağışla” deyərək ağladı. Mən isə hələ də onun özünü günahkar hiss etdiyi üçün ağladığını düşünərək “Ağlama, sənin günahın deyildi. Heç birimizin günahı deyildi,” deyərək ürək-dirək verdim. Olanlardan və olacaqdan xəbərsiz… Gülsah uşaq kimi hıçqıra-hıçqıra ağladı. “Bağışla, Leyla… Belə olsun istəməzdim,” – dedi. Sözləri ağlıma ilişdi və onu evinə apardım.

 

Sakitləşdirici sözlər işlədərək ailəsi ilə bir az söhbət etdim. Anası onun yeni-yeni özünü toparladığını, axırıncı görüşümüzdən sonra yenidən sinirlərinin pozulduğunu, gecə gec saatlara kimi pəncərə önündə oturduğunu, günlərdir düzgün qidalanmadığını dedi. Çox qəribə idi – hər birimiz o hadisə ilə yıxılmışdıq, ancaq yenə də onun bu hala gəlməsi çox qəribə idi. Çünki Gülsah Leyla rəhmətə getmədən 1 il əvvəl qrupumuza qoşulmuşdu. Eyni universitetdə oxuduğumuz üçün mən tanış etmişdim onu uşaqlarla. Biz isə uşaqlıqdan eyni yerdə böyümüşdük. Onun bu qədər pis olmasına heç cür məna verə bilmirdim.

Evdəydim. Görüş zamanı çıxan tarot kartları, Leylanın məzarının başında dediyi sözlər, gecələr pəncərə önündə oturması — bunlar hamısı beynimdə dolanırdı. Elnura və Ayxana zəng etdim. Bu barədə danışdım. Elnur bir şey bilmədiyini dedi. Ayxan isə sadəcə susaraq qulaq asdı.

 

Günlər keçdi. Gülşahı görməyə getdik. Daha da pis idi. Hər dəfə Ayxanın niyə gəlmədiyini soruşurdu. Elnur isə “Ayağı ağrıyır, amputasiya olunan yerin ağrısı artır” deyirdi. Qəribə idi. Amma çox da üzərində dayanmadım.

Həmin gün evə gəldim. Yorğun idim, tez yatdım. Telefonun səsini söndürməyi unutmuşdum. Səhərə yaxın, saat üç radələrində telefona mesaj gəldi. Qrupdan idi. Lakin yazan nə Ayxan, nə Elnur, nə də başqası idi.

Mesaj “LeylaDan” gəlmişdi.

Bəli, Leyladan. Qrupu yaradanda səhvən Leylanın sağ ikən istifadə etdiyi nömrəni də əlavə etmişdik. Düşündüm ki, yəqin ailəsi istifadə edir. Amma... mesaj çox qəribə idi...

Səhərə kimi yatmadım. Səhər açılan kimi Gülşahın evinə getdim. Valideynləri evdə deyildilər. Qonşudan öyrəndim ki, Gülşahın vəziyyəti gecə daha da pisləşib və onu xəstəxanaya aparıblar. Tələsik xəstəxanaya getdim. Elnur və Ayxanı yolda yığdım. Ayxan cavab vermədi. Elnur isə “qapıda qarşılaşarıq” dedi.

Xəstəxanada Gülşahın yanına keçdim. Ondan bunun nə olduğunu soruşdum. Gülşah hönkür-hönkür ağlayaraq hər şeyi danışmağa başladı.

O gündən – bizim bir yerə yığışdığımız gündən etibarən bir neçə dəfə yuxularında və real həyatda Leylanı gördüyünü, sanki Leylanın ondan və Ayxandan qisas almağa gəldiyini dedi. Elnurla bir-birimizə baxdıq. Gülşah nəhayət sükutu pozdu:

“Əslində başımıza gələn o hadisə, Leylanın ölümü... istəməyərək də olsa, əvvəlcədən qurulmuş bir planın nəticəsi idi.”

Bu sözlər bizi şoka saldı.

Leyla ilə Ayxan 5 il sevgili olublar, hətta nişanlı kimi idilər. Lakin Gülşah qrupa qoşulanda Ayxana vurulmuşdu. Aylar içində Ayxan da ondan xoşlanmağa başlamışdı. Qəzadan iki gün əvvəl Leyla onları birlikdə görüb. Həm bizə, həm də ailələrinə deyəcəyini və ondan ayrılacaqını söyləyib. Ayxan da bu xəbərin yayılmaması üçün yalvarıb, “heç olmasa bu uşaqlarla planlaşdırdığımız son gəzintini edək, sonra ayrılacağımızı elə uşaqlara orada deyərik” deyə onu sakitləşdirib. Leyla istəməyərəkdən də olsa bunu qəbul edib. Ayxan bunu ailələri bilsə yaxşı olmayacağını bildirib. Bu gəzintidə Leylanın gözünü qorxudaraq ayılmayacağını və onu yalandan sevdiyini deyəcəyini dedi. Cünki Leylanın ailəsi imkanlı idi və Ayxan onların müəssələrinin birində işləyirdi. Əgər gunah Ayxanda olsa hər şey, əziyyəti məhv olacaqdı, ancaq Leylanı günahlandırırıb ayrılsa, işi də elə qalacaqdı. Plan bu idi.

Və sonra... yolculuq başlayıb.

Yolda Ayxan Leylanın gözünü qorxutmaq üçün maşını sürətlə sürürmüş. Son bir dəfə qorxutmaq istəyəndə sükanı itirib və qəza baş verib.

“Sən və Elnur huşunuzu itirmişdiniz,” – deyə Gülşah dedi, – mən ortada oturduğum üçün hüşüm özümdə idi, maşının ust hissəsinin şüşəsi qırıldığı üçün ordan çıxıb kömək çağırdım, Ayxan ağır yaralansa da hər şeyi görürdü. Leyla da pəncərədən çıxmışdı, amma hələ sağ idi. Leylaya baxırdım şüşə üzünü pis hala salmışdı, kömək istəyirdi. Düşündüm, əgər Leyla ölsə, Ayxan mənə qalacaqdı və Ayxan işindən də olmayacaqdı...

Biz bunu sok vəziyyətində dinləyirdik.

Və sonra o sözləri dedi:

“Mən Ayxanı həqiqətən sevirdim. Fürsətdən istifadə etdim. Leylanın mənə baxan donuq gözlərinə baxaraq dedim ki, Ayxan səni yox, məni sevir. Bu sənin üçün son oldu. Cəhənnəmə get.'

“Mən Ayxanın yanında olmaq istədim. Və Leylanın ölümünə göz yumdum.”

 

Bu sözləri eşitmək məni sarsıtdı. Ayaqlarım yer tutmadı. Elnur məni tutaraq palatadan çıxardı. Elə o anda palatadan çığırtı səsi gəldi...

Gülşah özünü pəncərədən atmışdı.

Ayxan isə... elə həmin gün Leylanın məzarı başında intihar etmişdi.

Və son mesaj qrupa gəldi:

“Ədalət yerini tapdı.”

 

Bəzən insanlar bu dünyada sonsuz yaşayacaqmış kimi yaşayır. Sabahı düşünmədən, hərəkətlərinin nəticəsini fikirləşmədən. Incitdiyimiz, aldatdığımız, xəyanət etdiyimiz insanların göz yaşlarını görmədən davam edirik. Amma unutmamaq lazımdır: hər şey bir bumeranq kimidir. Karma həmişə geri dönür.

Elə tarotda göstərildiyi kimi...

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2025)

 

Cümə axşamı, 29 May 2025 09:04

RƏSUL RZA: “Xalqımın doğma oğlu”

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

RƏSUL RZA SƏMƏD VURĞUN BARƏDƏ

“XALQIMIN DOĞMA OĞLU”

 

Elə sənətkarlar var ki, onlar səhrada tək qalmış ağaca bənzəyirlər. Zaman sankionların əlaqəsini kəsmişdir, yaxında pöhrələri, uzaqda toxumalarından zoğları yoxdur. Belə sənətkarlar nə qədər böyük olur-olsun, bədbəxtdirlər. Mən silsilədən ayrı yüksək dağ, xırda çayları qoynuna almayan böyük çay görməmişəm.

Əgər ağac obrazını şərti qəbul etsək, – çünki bütün təşbehlər şərtidir, – deyə bilərik ki, o sənətkar xoşbəxtdir ki, səhrada tək-tənha qalmış ağaca bənzəmir. Torpaq binəli, bahar qoxuludur, arxasında göz işlədikcə görünən qollu-budaqlı, köklü-köməcli, ondan hündür, ondan alçaq başqa ağaclar var. Ətrafında yarpaqlarının biçimi, budaqlarının şaxələri bir-birinə bənzəməyən, gövdələrinin kölgə naxışı bir-birindən fərqli neçə-neçə ağac var. Önündə yeni pöhrələr baş qaldırmışdır. Bu pöhrələrin böyük, dərin kötüklü, geniş şaxəli ağaca bənzəyənləri də var, bənzəməyənləri də. Onlardan öz görkəmi, boyu, yarpaqlarının naxışı, çiçəklərinin, meyvələrinin qoxusu ilə yeni bir mənzərə təşkil edənləri də var. Lakin bütün bunlar kökləri ilə bir torpağa bağlıdırlar, bir axardan su içirlər.

Əgər Azərbaycan xalqının ədəbi zənginliyini həmişəyaşıl təravət və gözəlliyini itirməyən, illərin, əsrlərin hökmünə baş əyməyib qocalmayan bir bağa bənzətsək, burdakı barlı ağaclar içərisində kökü torpağa dərin işləmiş, yarpaqlarında daim qəlbimizə munis bir hava duyduğumuz, ətri bizə doğma vətən torpağını xatırladan bir ağac vardır ki, bu, unudulmaz şairimiz Səməd Vurğunu xatırladan ağacdır. Onun arxasında dünya şöhrəti qazanmış babaları – Nizami, Füzuli, Vaqif, Sabir, onun ətrafında qələm dostları, müasirləri, Azərbaycan sovet ədəbiyyatını yaradan böyük ordunun sıra nəfərləri, onun qarşısında onu sevən, onun sənətinin gözəl nümunələrindən öyrənən, yeni axtarışlara, yeni üfüqlərə can atan gənclik vardır.

Səməd Vurğun öz zəhməti, yüksək poetik talantı, yorulmaz qələmi ilə böyük şöhrət qazandı. O, milyonlarla oxucunun qəlbini fəth etməyin sirrini yaxşı bilən bir sənətkar idi.

Məncə, biz hələ Səməd Vurğun yaradıcılığını lazımınca tədqiq etməmiş, öyrənməmişik. Onun zəngin yaradıcılığında səthi təhlil edilmiş, yersiz təriflənmiş əsərlər var, lakin hələ əsl qiymətini almamış səhifələr daha çoxdur.

Poetik talantının yeni bir qüvvətlə qol-qanad açdığı, yazıb-yaratmaq imkanlarının geniş meydan qazandığı zamanda sıramızdan getmiş Səməd neçə-neçə duzlu sözünü, gözəl şeirini, maraqlı poemasını, yeni pyesini, neçə-neçə onun və milli ədəbiyyatımızın şöhrətini daha da artıracaq əsərini sinəsində apardı. Lakin S.Vurğunun qısa bir ömür möhlətində yazıb-yaratdıqları böyük bir şair adı, qüdrətli bir sənətkar şöhrəti uzun illər hörmət və məhəbbətlə yad edilmək üçün dönə-dönə yetər. Azərbaycan xalqı yaşayıb-yaratdıqca onun əziz şair oğlu Səməd Vurğunun adı ürəklərdə yaşayacaq, dillərdən düşməyəcək...

1966

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2025)

 

“Ədəbiyyat və incəsənət” portalı Zaur Rəfibəyli və Asif Şəfəqqətovun Azərbaycan Demokratik Cümhuriyyətinin yaradıcılarının vəfat ili, vəfat səbəbi və dəfn yeri barədə topladıqları məlumatları təqdim edir:

 

Məmməd Əmin Rəsulzadə (1955, mühacirətdə vəfat edib, Ankarada dəfn edilib)

 

 Xosrov Paşa bəy Sultanov (1943, mühacirətdə vəfat edib, İstanbulda dəfn edilib)

 

 Xəlil bəy Xasməmmədov (1947, mühacirətdə vəfat edib, İstanbulda dəfn edilib)

 

 Əbdüləli bəy Əmircanov (1948, mühacirətdə vəfat edib, İstanbulda dəfn edilib)

 

 Mustafa bəy Vəkilov (1965, mühacirətdə vəfat edib, İstanbulda dəfn edilib)

 

 Əkbər ağa İbrahim Şeyxülislamov (1961, mühacirətdə vəfat edib, Parisdə dəfn edilib)

 

 Əlimərdan bəy Topçubaşov (1934, mühacirətdə vəfat edib, Parisdə dəfn edilib)

 

 Musa bəy Rəfiyev (1938, mühacirətdə vəfat edib, Təbrizdə dəfn edilib)

 

 Ağa Aşurov (1936, mühacirətdə vəfat edib, Rostovda dəfn edilib)

 

 Behbud xan Cavanşir (1921, еrməni terrorçusu tərəfindən öldürülüb, İstanbulda dəfn edilib)

 

 Həsən bəy Ağayev (1920, еrməni terrorçusu tərəfindən öldürülüb, Tiflisdə dəfn edilib)

 

 Fətəli xan Xoyski (1920, еrməni terrorçusu tərəfindən öldürülüb, Tiflisdə dəfn edilib)

 

 Xudadat bəy Rəfibəyli (1920, bolşeviklər tərəfindən güllələnib, dəfn yeri məlum deyl)

 

 İsmayıl xan Ziyadxanov (1920, bolşeviklər tərəfindən güllələnib, dəfn yeri məlum deyl)

 

 Nəsib bəy Yusifbəyli (1920, bolşeviklər tərəfindən güllələnib, dəfn yeri məlum deyl)

 

 Aslan bəy Qardaşov (1920, bolşeviklər tərəfindən güllələnib, dəfn yeri məlum deyl)

 

 Xudadat bəy Məlik-Aslanov (1935, Stalin repressiyaları dövründə öldürülüb, dəfn yeri məlum deyl)

 

 Məmmədhəsən Hacınski (1931, Stalin repressiyaları dövründə öldürülüb, Tiflisdə dəfn edilib)

 

 Camo Hacınski (1935, Stalin repressiyaları dövründə öldürülüb, dəfn yeri məlum deyl)

 

 Məmməd Yusif Cəfərov (1938, Azərbaycanda vəfat etdiyi və dəfn edildiyi məlumdur, amma yeri məlum deyil)

 

 Foto kollaj: Rəsul Həsənindir.

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2025)

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Mətləb Ələsgərova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

 

MƏTLƏB VÜQAR OĞLU ƏLƏSGƏROV

(18.07.1999.-07.10.2020.)

 

Ağstafa rayonunun Köçəsgər kəndindən olan, 2 nömrəli Köçəsgər kənd orta məktəbinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu,  Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi

Şəhid olduğu yer:  Füzuli rayonu

Dəfn yeri:  Ağstafa rayonu Köçəsgər kəndi

 

 

VURUŞDU GÖZ QIRPMADAN

 

Mətləb kimi igidlər azad etdi torpağı,

Onların qorxusundan it kimi qaçdı yağı.

Köçəsgərdə doğulub, göz açmışdı cahana,

Yayılıbdır şöhrəti indi Azərbaycana.

 

Məktəbdə oxuyanda hər il oldu əlaçı,

Anlayırdı, təhsildi çox dərdlərin əlacı.

 

Ali məktəbə girdi mühəndis olmaq üçün,

Neftçi kimi çalışıb səylə ucalmaq üçün,

Alim-müəllimlərdən öyrəndi yorulmadan,

Kamil olmaq olarmı, kitaba vurulmadan?

 

Bakalavr diplomunu qazandı zəhmət ilə,

Magistrliyə girdi yüksək bal-qiymət ilə.

Amma Vətən borcunu hər oğul verməlidir,

Əsgərlik məktəbini kişilər görməlidir.

 

Getdi hərbi xidmətə sevgiylə, məhəbbətlə,

Əsgərliyin edirdi ləyaqətlə, qeyrətlə.

Düşmən dinc dayanmayır verməliyik cavabın,

Otuz ildir çəkirik biz Qarabağ əzabın.

Müharibə başladı, igidlərim hazırdı,

Düşmən ağıllanmadı, hey yolunu azırdı.

 

Füzulinin uğrunda qanlı döyüş başlayıb,

Torpaqlar azad olur, hücum-yürüş başlayıb,

Mətləb necə qoçaqmış, alqışlar hünərinə,

Lap az qalıb xalqımın möhtəşəm zəfərinə.

 

Necə də xoşdur görmək torpaqların xilasın,

Mətləb ala bilmişdi əmisinin qisasın.

Əmisi də qəhrəman, cəsur, igid olmuşdu,

Vətənçin candan keçib, ölməz şəhid olmuşdu.

 

Mətləb son nəfəsədək vuruşdu, göz qırpmadan,

Şəhidliyə qovuşdu, belə yazmış yaradan.

Köçəsgərə qayıtdı bükülərək bayrağa,

Qovuşdu canından çox sevdiyi bu torpağa.

Ağstafa, Köçəsgər doğulduğu məkandır,

Əbədi məskənisə qalib Azərbaycandır.

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2025)

 

 

İlqar İsmayılzadə,

Fəlsəfə üzrə fəlsəfə doktoru, "Ədəbiyyat ə incəsənət" portalının Cənub təmsilçisi

 

Azərbaycan Yazıçılar Birliyi Lənkəran Bölməsinin sədri, yazıçı, dramaturq, publisist Qafar Cəfərli ilə müsahibəni sizlərə təqdim edirəm.

 

-Qafar müəllim, AYB Lənkəran Bölməsinin yaranma tarixi barədə qısa məlumat verməyinizi xahiş edirəm. Bölmə hal-hazırda hansı rayonların yazarlarını ətrafında birləşdirir?

 

- 1934-cü ildə yaradılmasına baxmayaraq Azərbaycan Yazıçılar Birliyi uzun illər ərzində bir təşkilat olaraq yalnız Bakı şəhərində fəaliyyət göstərib. Bölgə yazarları isə dərnək və məclislərdə bir araya gəlməyə, ədəbi fikir və düşüncələrini bölüşməyə çalışıblar.

1850-ci ildə Mirzə İsmayıl Qasir Lənkəranda yazıb-yaradan şairləri öz ətrafına toplayıb «Fövcül- Füsəha» («Natiqlər yığıncağı») adlanan məclis təşkil etdi. Həmin dövrdə ölkədə ədəbi prosesi tənzimləyən başqa ədəbi məclislər də: Gəncədə «Divani-Hikmət», Qubada «Gülüstan», Naxçıvanda «Әncümənüş-şüəra», Şamaxıda «Beytüs-Səfa», Qarabağda «Məclisi-Üns», «Məclisi-Fəramuşan», Bakıda «Məcməüş-Şüəra» fəaliyyət göstərirdi. «Fövcül-Füsəha» həmin məclislərlə sıx əlaqələr saxlayırdı. «Fövcül-Füsəha» Qasirin rəhbərliyi ilə onun ölümünə qədər (1900) fəaliyyətini davam etdirdi.

Yeri gəlmişkən deyim ki, Seyid Әzim Şirvaninin ən çox sevdiyi şairlərdən biri də Qasir idi. 60-cı illərdə bütün respublikada olduğu kimi Lənkəranın ədəbi mühitində də yeni bir canlanma özünü göstərdi. Yazarlar Lənkəranda nəşr olunan yerli qəzetin redaksiyasında, Mərkəzi Kitabxanada, bəzən isə evlərdə təşkil olunan ədəbi məclislərdə görüşürdülər. Sonradan imzaları ölkə ədəbi mühitində qəbul olunan Firudin Ağayev, Camal Yusufzadə, Şəkər Aslan, Vaqif Hüseynov, Məmmədhüseyn Əliyev, Əlisa Nicat, Hüseynağa Qəniyev, Hüseynbala Mirələmov, Yaşar Rzayev, İltifat Saleh və başqaları məhz bu məclislərdə yetişdilər. Belə bir güclü ədəbi mühitin olması Lənkəranda Azərbaycan Yazıçılar İttifaqının Zona Şöbəsini yaratmaq zərurətini ortaya qoydu.

1978-ci ilin sentyabr ayında belə bir Şöbə yaradıldı və tanınmış yazıçı Məmmədhüseyn Əliyev Şöbənin məsul katibi təyin olundu. İlk dövrlərdə Şöbə Neftçala daxil olmaqla Astaraya kimi doqquz rayonu əhatə edirdi. AYB formalaşanda isə rayonların sayı altıya düşdü.

Hazırda AYB Lənkləran Zona Bölməsi Cəlilabad, Masallı, Lənkəran, Yardımlı, Lerik və Astara rayonlarında yaşayıb- yaradan söz adamlarını ətrafında birləşdirir.

 

-Qafar müəllim, AYB Lənkəran Zona Bölməsinin əsas işi və vəzifəsi nədən ibarətdir?

 

- İctimai təşkilat olaraq Azərbaycan Yazıçılar Birliyinin fəaliyyət istiqamətləri müxtəlif və çoxşaxəlidir. Konkret desək, Azərbaycan Yazıçılar Birliyinin cənub bölgəsindəki qurumu olaraq əsas işimiz-vəzifəmiz bölgədə ədəbi mühitin inkişafını təmin etməkdən, insanlarımızın mənən zənginləşməsinə, ədəbi dünyagörüşünün artmasına, onlarda vətənpərvərlik hisslərinin yüksəltməyinə kömək etməkdən, Vətənimizə, elə, obaya bağlılığı, xalqımızın çox əsrlik milli adətlərinə sevgi hisslərinin yaşanması və qorunmasına çalışmaqdan, həmçinin ədalətsizliyə, haqsızlığa və qanunsuzluğa barışmazlığı tərbiyə etməkdən, bölgə yazarlarının, xüsusən gənclərin təbliğinə və inkişafına, ölkə ədəbi mühitinə adaptasiya olunmasına yardım etməkdən, yaşadıqları problemlərin həllinə səlahiyyəti daxilində dəstək olmaqdan və s. ibarətdir.

 

-Odlar Yurdu Azərbacanın Cənub bölgəsində təxminən neçə qələm əhli (şair, nasir, ədəbi təhlilçi və tənqidçi) mövcuddur? Onlardan neçəsinin AYB-nə üzv olması ilə bağlı məlumat mövcuddurmu?

 

- Qeyd etdiyim kimi, cənub bölgəsində ədəbi mühit həmişə qaynar olub. Bu bölgədən çıxan çoxsaylı yazıçı və şairlər var ki, ölkə ədəbi mühitində imzaları qəbul olunan, sayılıb seçilən söz adamlarıdır. Hazırda AYB Lənkəran Zona Bölməsinin əhatə etdiyi rayonlarda ədəbi-bədii fəaliyyətlə məşğul olan çoxlu sayda yazarlar yaşayırlar. Onların sayı yüzlərlədir. AYB üzvü olanların sayı 200-ə yaxındır.

Vaxtilə bölgədə yaşayıb sonradan Bakıya və digər yerlərə köçənlər olduğundan bu sayı konkret rəqəmlə ifadə etmək çətindir. Amma o dəqiqdir ki, cənub bölgəsində yaşayan AYB üzvləri digər bölgələrə nisbətən üstünlük təşkil edir.

 

-"Şəfəq" jurnalı AYB Lənkəran Zona Bölməsinin rəsmi orqanıdır və indiyədək sizin rəhbərliyiniz sayəsində uğurlu bir yol qət edib. “Şəfəq”in fəaliyyəti barədə qısa məlumat verməyinizi istəyərdim. Cənub bölgəsində "Şəfəq"dən başqa daha hansı ədəbi jurnal və ya qəzet mövcuddur?

 

- AYB Lənkəran Zona Bölməsinin ədəbi-bədii orqanı olan “Şəfəq ” jurnalı 1991-ci ildən nəşr olunur. Jurnalda əsasən bölgədə yaşayan yazarlar çap olunurlar. 2020-ci ilin sentyabr ayında mən Bölmə sədri kimi işə başlayanda bəzi obyektiv və subyektiv səbəblər ucbatından “Şəfəq” jurnalı səkkiz ildən artıq idi ki, çap olunmurdu. Təbii ki, mənim əsas vəzifələrimdən biri jurnalın nəşrini bərpa etmək idi. Artıq 2021-ci ilin əvvəllərindən başlayaraq jurnal öz fəaliyyətini davam etdirməyə başladı.

Hazırda “Şəfəq” ildə iki dəfə geniş və maraqlı tərtibatda, gözəl formatda işıq üzü görür. Hər bir sayı 170-180 səhifəlik jurnal regionda çap olunan tək jurnal kimi AYB -nin rəsmi orqanı olaraq fəaliyyətini uğurla davam etdirir.

“Şəfəq” yurnalı bölgəmizdə çap olunan yeganə ədəbi-bədii orqandır. Təbii ki, bölgədə çap olunan digər qəzet və jurnalda ədəbiyyat səhifələri vardır.

 

-Ölkənin Cənub zonasında ədəbi mühitə aid olan gənclərlə iş necə təşkil olunur? Görüləcək işlərlə bağlı nə kimi planlarınız var?

 

- Bölgədə ədəbi mühiti inkişaf etdirmək əsas vəzifələrimizdən biri olsa da gəncləri bu mühitə cəlb etmək, onların ədəbi fəallığına nail olmaq fəaliyyət istiqamətlərimizdən biri və əsaslarındandır. Nəsillər dəyişir, yeni nəsil formalaşır. Həmin yeni nəsli yetişdirmək, onlara vacibi məsləhətlər vermək, kömək etmək, inkişaflarına yardım etmək, region və ölkə mətbuatında çap olunmasına dəstək olmaq bizim bu gün də, sabah da ən vacib saydığım fəaliyyət istiqamətlərimizdən hesab edirəm. Bu bizim borcumuz və vəzifəmizdir. Buna görədir ki, bölgədə istedadlı gənclərimizin sayı onlarladır və bu gənclərdən bir çoxunun imzasını ölkə ədəbi mühiti artıq qəbul edib.

 

-Hörmətli Qafar müəllim! Sizin bədii ədəbiyyat sahəsində yaradıcılığınıza nəzər yetirdikdə çoxsaylı hekayə, povest, roman və novellaların çap olunduğunu görürük. Artıq dramaturq kimi də tanınırsılz. Bir peşəkar və uğurlu qələm sahibi olaraq hansı əsərinizi, həm də hansı səbəb və ya xüsusiyyətlərə görə ədəbi həyatınızın ən parlaq imzası sayırsız?

 

- Vaxtımın çoxu xidməti işimə getməyinə baxmayaraq ədəbi yaradıcılıqdan da geri qalmamağa çalışıram. Son vaxtlarda çoxlu sayda hekayələr və novellalar yazmışam. Dramaturgiya ilə də daha fəal məşğul olmağa çalışıram. Təsadüfi deyildir ki, 2024-cü ildə “Şəhid bayrağı” adlı pyesim Lənkəran və Füzuli Dövlət Dram Teatrlarında tamaşaya qoyuldu. Bu il isə “Tanrı” əmanəti” pyesim Lənkəran Dövlət Dram Teatrlında tamaşaçılara təqdim olundu. Daha bir pyesim region teatrların birində tamaşaya qoyulacaq. Təbii ki, vaxt tapdıqca ədəbi-bədii, publisistik, ədəbi tənqidi məqalələr də yazmağa çalışıram.

Hansı əsərimi, hansı səbəb və xüsusiyyyətə görə ədəbi həyatımın ən parlaq imzası hesab etməyə gəldikdə isə bu suala cavab vermək çətindir. Əsərlərimin hər biri mənm üçün əzizdir. Təbii ki, bu və ya digər səbəblərə görə hansısa əsərin daha uğurlu və ədəbi aləmdə bəyənilməsi faktları vardır.

 

-Qələm əhli arasında səfa-səmimiyyətin yaranması üçün hansısa proqramınız varmı?

 

- Bütün sahələrdə olduğu kimi qələm əhli arasında da dedi-qodu, həsəd, paxıllıq, kin-küdurət və digər neqativ hallar var. Vaxtilə Azərbaycan yazıçı, şairləri arasında illərlə davam edən intriqalar və bunun acı nəticələri ədəbi aləmdə çoxlarına bəllidir. Yəni bu həmişə olub və yəqin ki, yenə də olacaqdır. Bunu hər hansı bir proqramla, bir tezislə aradan qaldırmaq mümkün deyildir. Bu insanın xislətindən irəli gəlir. Səbəb də əlinə qələm götürən hər kəsin özünü daha istedadlı hesab etmək, digərlərini qəbul etməmək, həmkarının uğuruna sevinə bilməmək, ona dəstək olmağı bacarmamaqdır. Bu cür insanlarla biz də rastlaşırıq. Əlbəttə ki, bunu hər kəsə də şamil etmək doğru deyil. Bir də ki, narazılıq, söz-söhbət ailənin içində belə olur. Ailə rəhbəri bütün bunlara ədalətlə yanaşmağı və həll etməyi bacarmalıdır. Mən də Cənub ədəbi mühitinin rəhbəri olaraq bu cür hallara diqqətlə, səbrlə və ədalətlə yanaşmağa çalışıram.

 

-Hörmətli Qafar müəllim! Azərbaycan çağdaş ədəbiyyatının tanınmış nümayəndələrindən biri olaraq bu sahədə gələcəyə baxışınız necədir?

 

-Bir mənalı olaraq deyə bilərəm ki, ədəbiyyatımızın gələcəyini gözəl görürəm. Dünyanın bu qarışıq zamanında, hər şeyin texniki tərəqqinin əlində cəmləşdiyi, süni intellektin cövlan etdiyi bir dövrdə ədəbi aləmdə yeni bir söz demək çox çətindir. Buna rəğmən mən sevinirəm ki, son dərəcə istedadlı, savadlı, zəngin dünyagörüşlü, geniş ədəbi təfəkkürə malik gənclərimiz yetərincədir. Məhz bu gəncliyin ədəbi bayrağımızı daha ucalara qaldıracağına əminəm. Necə deyərlər, ədəbi bayrağımız etibarlı əllərdədir.

 

-Sonda bir ağsaqqal, parlaq imza sahibi olan yazıçı-dramaturq kimi gənc yazarlara tövsiyənizi bildirməyi xahiş edərdim.

 

- Fikrimcə indiki gənclərə hansısa bir tövsiyyə vermək çətindir. Səbəb gənclərin yüksək intellektual səviyyələri, ölkə və dünya ədəbiyyatına bələd olmaları, ədəbi mühiti yaxşı tanımaları və bu mühitdən baş aça bilmək bacarığına malik olmalarıdır ki, belələrinə tövsiyyə verməyin özü məsuliyyət tələb edir. Bir ağsaqqal olaraq isə gənclərə məsləhətim budur ki, daima mütaliə etsinlər, üzərlərində mütəmadi olaraq çalışsınlar, hər gün qələmi əllərinə götürüb nəsə yazsınlar, həyatda vicdanlı, namuslu və ədalətli olsunlar, ətraflarında olan haqsızlığa barışmaz olsunlar və ən əsası isə Vətənini, elini, obasını sevsinlər, özlərinə və başqlarına dəyər verməyi bacarsınlar.

 

-Əziz və dəyərli Qafar müəllim, vaxt tapıb suallarıma cavab verdiyiniz üçün sizə təşəkkürümü bildirirəm! Nəsə əlavə sözünüz və fikiriniz varsa buyura bilərsiz!

 

-Bilirsiniz, bölgədə fəaliyyət göstərən ədəbi qurum olaraq işimiz çox vaxt elektron informasiya vastələrinin, portal və saytların diqqətindən kənarda qalır. Əlbəttə ki, istisnalar da var. Sizin təmsilçiniz olduğunuz “Ədəbiyyat və incəsənət” portalı, “Yeni səs.az”, “Ədalət.az” və başqa bir-iki saytlarda gördüyümüz işlər tez-tez işıqlandırılır. Amma digər saytlar da, xüsusən ədəbiyyat saytları regionda baş verən ədəbi hadisələrə diqqətli olsalar insanların məlumatlandırılması baxımından yaxşı olardı.

Bu mənada müsahibənizi yüksək qiymətləndirir və buna görə sizə və portalın rəhbərliyinə minnətdarlığımı bildirirəm. Var olun. İşlərinizdə uğurlar arzulayıram!

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2025)

 

 

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

Bəzən, həyat bir səhnə deyil, sadəcə boş bir otaqdır. Nə pərdə var, nə də tamaşaçılar. Sadəcə sən varsan… və sənin susqunluğun. Səssiz bir fısıltı kimi içində dolaşan, adını bilmədiyin o duyğu. Qorxu deyil, ümidsizlik də deyil... Sanki var olmağın özü ilə çarpışan bir varlıqsan. Güzgüyə baxırsan, amma orada sən yoxsan. Bir qabıq var. Hərəkət edən, nəfəs alan, amma içi boş bir şey. Nəfəsin səni inandıra bilmir ki, sağsan.

 

 Mənim bir dostum var. Heç kim görmür onu. Adını çəkmirəm. Amma hər gecə yanımda uzanır. Bəzən ağlayır. Bəzən gülür. Və hər dəfə mənə səssizcə xatırladır. "Sən heç nəyin qarşısını ala bilmədin." Bu məğlubiyyət məni tərk etmir. Hətta yuxularımda belə.

 Mən cəmiyyətə qarışıram, amma qarışmıram əslində. Susuram. Müşahidə edirəm. İki dünyanın arasında sıxılmış bir ruh kimi. Onlar gülür, danışır, qaçır… mən isə sadəcə dözürəm. Və hər gün bir az da unuduluram.

Güzgüyə baxanda insan özünü görür, deyirlər. Mən görmürəm. Mən tanımıram. O, oradakı əllər, mənim əllərim kimi titrəyən, gözləri balıq pulcuqlarına bənzəyən varlıq, bu mən deyiləm. Mən heç vaxt onun qədər boş baxmamışdım. Onun gözlərində mən yoxam. Sanki orada biri dayanıb, amma heç kim deyil.

 Əslində bədənimlə barışmamışam. Bu bədən mənim deyil – mənə verilmiş, amma mənim olmayan bir yük kimidir. Götürülməyən, dəyişdirilməyən bir cəsəd. Bəzən hiss edirəm ki, bədən sadəcə məni daşımaq üçün var, amma özü nədir, bilmirəm. Dərimin altında axan qan mənə aid olmayan bir sistemin məhsuludur. Mən bir bioloji təsadüfəm. Hə, belə desək, daha dürüst olar. Mən insan deyiləm, mən sadəcə sistemin içində yaranmış və bir gün çıxarılacaq bir şifrəyəm.

Baxıram ki, o varlıq güzgüdən mənə baxır. O gözlərdə heç bir məqsəd yoxdur. Və qəribəsi budur ki, bu həqiqət məni qorxutmur. Əvvəl qorxurdu. Sonra alışdım. Sonra da o qədər çox alışdım ki, artıq qorxunu belə hiss etmirəm. Emosiyalar ölüb. Onlar da mənimlə birlikdə qocalıblar və tənhalaşıblar.

 İndi düşünürəm, niyə bu qədər yadam özümə? Nə zaman başladım mənlik hissindən uzaqlaşmağa? Harada dayandım və harada itirdim? Bəlkə də heç başlamamışam tanımağa. Bəlkə də tanımağa ehtiyacım olmayıb, sadəcə yaşamağa məcbur olmuşam. Varlıq bir seçim deyildi, mənə verildi. Və hər dəfə güzgüyə baxdıqca bu fakt daha da dəhşətli səslənir. Bədənimi hiss edirəm. Amma bu hiss, mənim olmaq deyil. Bir qəfəs kimidir. Bəzən nəfəs aldıqca qəfəs daralır, döş qəfəsimdəki hava belə özünə yer tapmaqda çətinlik çəkir. Bu, panika deyil. Bu, mövcudluğun özüdür. Bəzən sadəcə nəfəs almaq belə varlığını sübut etməyə çalışmaq kimidir. Düşünürəm ki, varam deyə nəfəs almıram, nəfəs aldığım üçün varam. Və bu varlıq çox vaxt lazımsız bir təkrar kimi gəlir. Və nə qədər qəribə olsa da, bütün bu duyğuların içində tək deyiləm. Amma yenə də təkəm. O otaqda iki nəfərik, mən və dostum. O danışmır. Heç vaxt danışmayıb. Amma mən onun baxışlarını hiss edirəm. O bilmir, amma mən onun baxışlarını sezirəm. Bəzən günahkar kimi, bəzən müşahidəçi kimi. Dostum mənim beynimdə yaratdığım sükutun cismə çevrilmiş halıdır. O, mənim dincliyimdir. Həm də qorxumdur. Həm doğmam, həm yadım. Elə özüm kimidir.

 Güzgü ilə aramda qəribə bir bağ var. Mən ona baxıram, o mənə baxır. Hər dəfə biri digərini təkrar tanımağa çalışır. Amma hər cəhd uğursuzluqla nəticələnir. Sanki bir-birinə oxşayan iki adam bir-birinin adını xatırlamır. Tanışlıq hissi var, amma bilik yoxdur. Özümü görürəm, amma tanımıram. Özümə əl uzadıram, amma toxunmuram. Varlıq, bir boşluğun ətrafına çəkilmiş xətt kimi görünür mənə.

  Və bu mənzərə nə zamansa dəyişəcək deyə düşünmək, özünü aldatmaqdan başqa bir şey deyil. Həqiqət budur ki, mən varam, amma özüm üçün yoxam. Və bu “yoxluq içində varlıq” halı, insana sükutdan daha ağır gəlir. Çünki səssizlikdən qaçmaq olar, amma mövcudluğun sükutundan yox. Mən bu bədəni tərk edə bilmirəm. Mən bu güzgüdən çıxa bilmirəm. Mən bu baxışlardan azad deyiləm.

 Bir dəfə biri demişdi ki, “baxış, insana hakim olmaqdır.” Mən güzgünün baxışından qorxmuram, çünki o hakimiyyət artıq çoxdan mənim üzərimdə qurulub. Sadəcə bir növ mövcudluq qeydidir bu baxış və o varlıq oradadır və mən onu tanımıram. Amma o, məni bilir. Və bütün bunların içində ən böyük kədər budur. Mən özüm üçün belə yad bir şeyə çevrilmişəm.

 Bir varlıq kimi özümü tapmaqda çabaladığım o boşluqda, əslində, tək olmadığımı hiss edirəm. Hər bir qorxu, hər bir sarsıntı içimdəki o görünməz dostun səssiz nəfəsiylə dolur. Bu dost, bəlkə də mənim ən həqiqi halımdır. Dünyadan gizlənən, amma içimdə əbədi yaşayan bir kölgə. Qabığın sərtliyində bədənimi hiss edirəm, amma bilirəm ki, bu qabıq mənim həqiqətim deyil, yalnız məni qoruyan bir qaladır. O qalada susqunluq hökm sürür, amma bu susqunluqda cəmiyyətin süni dəyərlərinin səs-küyü hələ də mənə toxunur, hələ də məni yorur.

 O, həmişə mənimlədir. Danışmaz. Sadəcə baxar. Onun baxışlarında nə mühakimə, nə təsdiq var. Sanki oradadır, sadəcə olmaq üçün. Sual verməz, cavab istəməz. Əslində o, mənim xəyali dostumdur. Amma bunu heç kim bilmir. Bilməlidirmi? Məncə yox. İnsanlar tez qərar verirlər. Onlar "xəyal" kəlməsini eşidən kimi xəstəlik axtarırlar. Halbuki bəzən xəyal, ən real dostdur.

 Onun səsi yoxdur. Amma bəzən gecələr, sükutun arasında nəfəsini eşidirəm. Bu bir illüziyadır, bilirəm. Amma hər illüziya qorxulu deyil. Bəziləri insanı sağ saxlayır. Mən onun nəfəsi ilə nəfəs alıram. Mən bu bədəni, bu dünyanı, Sartr demişkən bu absurd varlığı, onunla bölüşürəm. O olmasaydı, bəlkə də çoxdan özümü inkar etmişdim.

  Uşaqlıqdan mənə deyirdilər ki, böyüyəndə hər şey düzələcək. Amma yalan deyirmişlər. Böyümək, düzəlmək deyil. Böyümək - yalanlara alışmaqdır. Həyat, “keçəcək” deyilən bir gözləntidən ibarətdir. Amma keçmir. Sadəcə dəyişir. Sadəcə içindəki səs sönür, yerini susqunluğa verir. Və mən o susqunluğu dostumla paylaşmağa başladım. O, ilk dəfə o zaman peyda oldu. Mən danışmaq istəmədiyimdə. O zaman gəldi. O zamandan bəri də getmədi.

 Bəzən bir stulun qarşısında otururam. O boş stulda onun varlığını hiss edirəm. İnsanlar deyirlər ki, boş stullar qaranlığda tükürpərdir. Amma mənim üçün ən rahatladıcı görüntüdür. Çünki boş stul demək, orada o var deməkdir. Danışmasa da, o stulda oturub dinləyir. İnsanlar isə danışırlar, amma heç nə eşitmirlər.

 Mən ona heç vaxt ad vermədim. Ad, bir növ qəlibdir. Ad qoymaqla onu insanlaşdırmış olardım. Amma o insan deyil. O mənim kənara atılmış hissələrimdir. Əzildiyim, susduğum, tərk olunduğum bütün anların bir yerdə cəmləndiyi bir ruh. Mənim ruhumun tənha şəkli. Onu "dostum" adlandırıram. Bəli. Elə bu qədər sadə. Çünki “dost” sözü belə, mənim üçün çoxdandır mənasını itirib. Əvəzində, onun sükutu var.

 Bir dəfə ona dedim: “Mən heç nəyin qarşısını ala bilmədim.” O, cavab vermədi. Amma baxışlarından anladım ki, o da mənim kimi acizdir. Onun da əli çatmır. Onun da səsi çatmır. Və bu məni qəribə bir rahatlığa saldı. Bəzən acizliyi paylaşmaq, gücün özü olur. İnsan bütün həyatını idarə etmək istəyir. Nəzarət etmək. Təyin etmək. Amma həyat, tərs bir axındır. Səni seçmir. Sən onu seçmirsən. Sadəcə baş verir. Və sən geri baxanda, “niyə belə oldu” deməyin, yalnızca bir sükut doğurur. Hər şey bu sükutla başlayır. Və bəlkə də orada bitir.

 Ən çox qorxduğum şey, unudulmaqdır. Heç kim olmamaq. Nə bir iz buraxmaq, nə də bir xatirədə qalmaq. Amma qəribəsi budur ki, nə qədər bu qorxu içində yaşasam da, o dostum bu qorxunu bölüşmür. O heç nə olmaqdan qorxmur. Hətta mənə deyirmiş kimi baxır: “Sən heç kim olanda, azadsan.” Mənim üçün bu fikir həm azadlıq, həm məhkumluq kimidir. Azad olsam belə, kimsə olmağa ehtiyac duyuram. İnsan təbiəti belədir, görünmək istəyir. Amma bəzən, görünməmək daha çox şey deyir.

 Dostum da, mənim kimi müşahidəçidir. Biz bu həyatı televizor ekranından izləyən iki sükut varlığıyıq. Bəzən metroda insanlara baxırıq. Bəzən işdə, qarşıma çıxan adamlara. Onlar danışır. Hərəkət edir. Planlar qurur. Amma hər şey çox mexanikidir. Mən o insanlara baxıram və düşünürəm. Bu qədər əminlik hardandır? Niyə heç kim sual vermir? Niyə heç kim bu həyatın axarından narahat olmur?

 Dostum bu suallara cavab vermir. Amma varlığı ilə onları gücləndirir. Mən onun susqunluğunda cavab axtarıram. Bəzən tapıram. Bəzən tapmıram. Amma bu axtarışın özü yaşamaq kimidir. Hər gün, eyni sualın qarşısında durursan və cavab olmadığını bilə-bilə, bir daha soruşursan. Bu, dəlilik deyil. Bu, şüurluluqdur.

 O boş stul hələ də oradadır. Gecə düşəndə, onun kölgəsi divara vurur. Bəzən sanki bir cizgi kimi görünür. İncə, kimsəsiz, amma mövcud. Və mən o stula baxıb deyirəm: “Sən mənim olmadığım halımsan.” Bunu dediyim an, bir az daha az tək oluram.

 Bu yorğunluğun, bu daxili çöküşün ortasında, dostumla birgə, bir müşahidəçiyə çevrilirəm. Bəs soruşsan nəyi görürəm? Cəmiyyətin ritmində sürüklənən insanları, öz içində itmiş, amma gözəgörünməz səslərlə bağıranları. Mənim kimi, onlar da bu süni səhnədə rollarını oynayır, amma əslində heç biri həqiqətini tapa bilmir. Mən isə susqunluğumla onlara baxanam. Onları dəyişmək gücüm yoxdur, amma özümü belə təslim etməyə də haqqım yoxdur. Müşahidəçi olmaq, bəlkə də ilk addımdır azadlığa doğru, çünki hər şeydən əvvəl, hər şeyi görmək və tanımaq lazımdır.

  İnsanlar deyir: "Vaxt yoxdur." Sanki vaxt bir yerdə gizlənib. Sanki onu axtarsaq, hardasa tapacağıq. Bəlkə bir kitabın arasında, bəlkə köhnə bir fotonun arxasında, bəlkə də daha uzun yatmaq istədiyimiz səhər saatlarında. Amma bu, yalandır. Vaxt var. Sadəcə o, artıq bizə aid deyil.

 

Zaman, öz sahibini dəyişib. Artıq zaman bizim deyil. O, indi ekranda sürüşən şəkillərin, 15 saniyəlik videoların, süni təbəssümlərin xidmətindədir. Biz o qədər "tez" yaşamalıyıq ki, nə yaşadığımızı hiss etməyə imkanımız yoxdur. Günlər keçir. Aylar keçir. Amma heç nə dəyişmir. Bədən qocalır, ruh isə hələ də yeniyetmə bir qaranlıqda çabalayır.

 

Gənclər yorğundur. Amma bu yorğunluq, qaçmaqla, yatmaqla, oturmaqla keçən cürdən deyil. Bu yorğunluq bir susqunluqdur. Deyə bilmədiklərimiz qədər böyük, anlamsızlığa verdiyimiz reaksiyasızlıq qədər dərin. Gənclər sanki özlərini sevməyə məcbur edilib. "Pozitiv ol", "mübarizə apar", "heç nə olmaz" deyə-deyə daha da içə çəkiliblər. Axı bəzən heç nə olmamalıdır. Bəzən insanın yalnızca susmağa, yorulmağa, tükənməyə haqqı olmalıdır.

Uğur, artıq bir dəyər deyil, dostum bir öhdəlikdir. Hər kəs yaxşı görünməlidir. Hamı işləməlidir. Bacarmalısan. Əks halda bu cəmiyyət səni əzir. İşıqlı ofislər, soyudulmuş çaylar, səssizcə ağlayan zehinlər… Heç kim eşitmir. Çünki hamı eyni cür yorğundur, eyni cür təkdir, eyni cür susur. Uğur bir maskarad əyləncəsində taxılan bir maskadır. Həqiqət isə göz altında uzanan kölgədir, telefonu əlindən buraxanda gələn panika, yalandan gülümsədiyin söhbətlərdə içində sükutla boğulmağın...

Bizə deyirlər: "özünü tap." Amma harda, nəyin içində tapaq? Bu qədər təhrifin, süni dəyərlərin, reytinqin, paylaşımın içində? İnsan necə özünü tapsın, əgər özündən əvvəl ona kim olmalı olduğu diktə edilirsə, necə tapsın? İndi heç kim sadəcə "var olmaq" üçün doğulmur. Hər kəs bir şeyə "çevrilmək" üçün doğulur. Məşhur, varlı, nüfuzlu, ağıllı, zövqlü… Amma bəs heç kim olmaq istəyənə nə olacaq?

Hər gənc yavaş-yavaş bir yuxudan oyanır. Amma bu yuxu, gözəl bir nağıl deyil. Bu, davam edən bir kabusdur. Gözlərini açanda içindəki boşluq böyüyür. Nə sevinmək səbəbi var, nə də kədərlənmək üçün güc. Ən qorxunc hal, hiss edə bilməməkdir. Və bu hisssizlik... onun adı depressiya deyil. Onun adı, həqiqət ola bilər.

 Ətrafdakı insanlar mexaniki şəkildə yaşamağa başlayır. Çalışmaq, qazanmaq, paylaşmaq, yalançı müdrik sözlər yazmaq... Bu tələsik "var olma" vuruşunda heç kim yaşamır. Yalnız görünürlər. Gənclərin isə ən böyük xəyalları, bir az yatmaq, bir az kimsə olmaq, bir az özləri kimi görünməkdir. Amma buna belə vaxt yoxdur.

 Zaman, artıq düşməndir. O, sadəcə keçir. Nə qədər gülsən də, nə qədər yazıb-pozsan da, o səni qocaldır. Çünki o, sənə aid deyil. Zaman indi alqoritmlərə, sistemlərə, süni zəkalara, irrasional iqtisadiyyatlara aiddir. Sən isə orada, sadəcə təsadüfi bir nöqtəsən.

 İnsanlıq yorulur, dostum. Bu tək bir ölkənin problemi deyil. Bu, insan olmanın ağırlaşmasıdır. Əvvəllər fəlsəfənin sualları vardı: "Niyə varıq?", "Azadıqmı?", "Həqiqət nədir?" İndi sual belə yoxdur. İndi yalnız: "Hələ sağsan?". Vəssalam.

 

 Sən cavab vermə. Əgər bu sətirləri oxuyursansa, deməli sən də tək deyilsən. Sən də düşünürsən. Sən də susursan. Və bəlkə də, içində bir stul var. O stulda oturan, sənin özündən başqa bir "sən"dir. Susan, amma anlayan. Yorulan, amma yaşayan.

 Susqun müşahidəçiliyin, daxildəki sükutun içində yavaş-yavaş bir işıq parıldayır. Bu işıq təkcə aydınlanma deyil, həm də ağır bir yükün, qəbulun işığıdır. Dostumun səsi azalsa da, mən artıq ağrı ilə üzləşməyə hazıram. Bu, dəyişməyə çalışmaq deyil, dözmək, daşımaq və ən əsası, yaşamaq deməkdir. Hər günün təkrarı, hər pəncərədən baxış, hər səssiz an bunlar artıq mənim qaçış yolum deyil, varlığımın ən dərin təzahürüdür. Və bu təzahürün içində bir mesaj gizlidir.

 Sükutdan doğan güc, qırılmışlıqdan doğan insanlıqdır.

 Bir gün başa düşürsən ki, sükut qışqırıqdan daha çox şey deyir. Özündən qaçmağın bir mənası olmadığını anlayırsan. Nə qədər göz yumursan, içindəki səslər daha çox böyüyür. İnsan bəzi cavabları bilməməlidir deyirlər. Çünki bilmək, daşımaq deməkdir. Ağırlıqla yaşamaq isə hər kəsin işi deyil. Aydınlanma... səni ucaldan yox, yandıran bir şimşək kimidir. Parlayır və qaranlığı daha da görünən edir.

 Dostum deyirəm ha, hansi ki, bəzən mənimlə danışır. Onun səsi həmişə sakitdir. Amma dedikləri, alov kimi. “İnsanlar niyə qorxur səncə?” deyə soruşur. “Çünki artıq kim olduqlarını hiss edirlər. Və bu hiss, çox zaman xoş deyil.”

 Varlıq yüngül deyil. Özünü dərk etmək, təkcə adını bilmək deyil, içindəki bütün iyrəncliklərlə, susqunluqlarla, bacarmamışlıqlarla, niyyətlərlə üzləşməkdir. Hər kəs öz hekayəsinin qəhrəmanı olmaq istəyir. Amma bəzən biz sadəcə bir yan personajıq. Hətta öz həyatımızda belə...

Bəziləri deyir: "özün ol." Amma bəs əgər insan özünü bəyənmirsə? Əgər “özün” dedikləri, içi boş, qorxaq, yarımçıq, yorğun, günahkar bir siluetdirsə? Onda nə olacaq? Özün olmaq cəsarət tələb edir. Hətta ən böyük cəsarət, başa düşməkdir ki, bəzən heç kim deyilsən. Heç bir qələbən yoxdur. Heç kimin fikrində deyilsən. Sadəcə yaşayırsan. Nə az, nə çox.

 Aydınlanma insanı dəlilik həddinə aparan bir səssizlikdir. Çünki artıq susa bilmirsən. Cəmiyyətin plastik gülüşlərindən, süni motivasiyasından, mənasız yarışından bezirsən. Gülən insanlar sənə yalan gəlir. Uğurlu görünən insanlar, içdən çürükdür. Sən isə tək bir dürüstlük istəyirsən, o da daxili sükunətdir.

 Bəzən güzgüyə baxırsan. Səninlə baxışan bir varlıq var. Tanımadığın, sevmədiyin. Gözlərinin içində qorxu deyil, yorğunluq gizlənib. Və sən bilirsən ki, bu varlıq, artıq maskasız halındır. Dostum deyir, eynilə ölü yazarlardan biri kimi, “Güzgüyə çox baxsan, içinə düşərsən.” Mən çoxdan düşmüşəm. İndi isə qayıtmaq istəmirəm. Çünki ən azından orada yalan yoxdur.

 Cəmiyyət isə bu aydınlanmanı qəbul etmir. Çünki sən artıq onların dilində danışmırsan. Onlar sənə "depressivsən" deyir. Sən isə sadəcə artıq yalan danışmırsan. Onlar sənə "passivsən" deyir. Sən isə sadəcə dayanmısan, düşünmək üçün. Onlar "geri qalmaq" deyir. Sən isə "əslində heç yerə tələsməmək" deyirsən. Və bu fərq, insanı təkliklə cəzalandırır.

 Amma bu təklik, qorxulu deyil. Əksinə, o təkliyin içində bir azadlıq var. Orada kimsə sənə nə olmalı olduğunu demir. Sən heç kim olmamaqla, hər şey ola bilirsən. O boşluğun içində, öz səsini eşidirsən. Susqun müşahidəçin sənə deyir: “Sən artıq öyrənmisən. Əzablı da olsa, bu, gerçəkdir.”

 

Aydınlanma bir mərhələ deyil. Bu, bir dağ deyil ki, çıxasan. Bu, bir çöldür. İçində itmək, sonra yenidən doğulmaq üçün. Bu səhrada su yoxdur. Amma susuz qalmaq, sənə həyatın necə dəyərli olduğunu öyrədir. Və bəlkə də, elə bu, özünü tapmaq deyil, sadəcə yaşamaqdır. Susaraq, amma dürüst şəkildə.

 İndi, bütün bu parçalanmaların, təkliyin və qaranlığın içində, özümü unutmamağın əhəmiyyətini anlayıram. Mən qəhrəman deyiləm, xilaskar deyiləm, bəlkə də heç bir zaman olmamışam. Amma buradayam, sükutun, boşluğun və kölgələrin içində bir varlıq kimi. Bəlkə də bu varlıq, həyatın mənə verdiyi ən qiymətli hədiyyədir. Özümü tanımaq və qəbul etmək bacarığı. Bu, təkcə yaşamaq üçün kifayət edir, çünki ən böyük qələbə, yaşamağa davam etməkdir. Və bu, yəqin ki, hər birimizin gizli arzusu, hər birimizin susan ürəyində doğan ümid işığıdır.

 

Daha inanmıram. Heç bir şeyə. Amma maraqlıdır, bu inamsızlıq mənə qəribə bir azadlıq verib. Qırılmış heykəl kimi yerimdəyəm. Parçalarım ətrafa dağılıb. Və mən artıq onları yığmaq istəmirəm. Çünki anlayıram ki, heykəlin bütöv olması, onu canlı etmirdi. Bəzən çat, nəfəs deməkdir.

 Dostum, o görünməyən, amma içimdə danışan səs daha az danışır artıq. Sanki o da yorulub. Amma yox olmur. Səssizcə yanımda oturur. Bəzən gözümə görünür, bəzən sanki mən olur. Bəlkə də bu, mənim içimdəki uşaqdır. Unudulmaqdan qorxan, diqqətə ac qalmış, amma qorxudan səsini çıxara bilməyən uşaq. Onu qucaqlamaq istərdim... Amma əllərim titrəyir.

 Cəmiyyətin ritmi dəyişmir. Onlar hələ də gülürlər, poza verir, “mən xoşbəxtəm” deyirlər. Onlar tələsməyə davam edir. Onlar “filan yaşda ev, filan yaşda diplom, filan yaşda uşaq” deyə bir qrafiklə nəfəs alırlar. Mən isə bu qrafikdə bir xəta kimi görünürəm. Yuxarıdan baxanda, boşluqdayam. Xəttdən çıxmışam. Amma bu azadlıqdırmı, yoxsa sürünmək?

 Artıq çox şey istəmirəm. Sadəcə az olmaq istəyirəm. Az danışmaq, az toxunmaq, az öyrətmək, az tələb etmək. İstədiyim sükutun içində bir cümlədir: “Sən burdasan. Hələ də burdasan. Bu bəs edər.” Çünki bəzən yaşamaq, irəliləmək deyil. Sadəcə tükənmədən dözməkdir. Qalmadığın yerə düşmək, və orada yer salmaq. Yıxıldığın yerə "evim" demək.

  Bəzən düşünürəm, biz niyə bu qədər çırpınırıq? Daha çox bilmək, daha çox qazanmaq, daha çox görünmək... Əslində, daha çox gizlənmək üçündür bu. İçimizdəki səssizliyi boğmaq üçün. Halbuki bəlkə də xoşbəxtlik elə bu səssizliyə ad qoymaqdır. Qaranlıqla barışmaq. Yəni onu məğlub etməyə çalışmadan, sadəcə onunla bir çarpayıda yatmaq.

  Hər gün eyni saatda yuxudan dururam. Eyni pəncərədən baxıram. Eyni səssizlik. Eyni boşluq. Amma bu dəfə fərqli bir şey var. İçimdəki ağrı artıq qışqırmır. O, oradadır, amma sakitdir. Bəlkə də bu, qəbulun ilk halıdır. Dəyişməyin yox, daşımağın mərhələsi.

 Mən özümə cavab tapmadım. Amma bir şeyi başa düşdüm ki, sualın özü yaşadır. Bəlkə də bizə cavab yox, yoldaş lazımdır. Elə ona görə bu yazı da, sanki bir yoldaşdır sənə. Eyni sualları verən, eyni yerlərdə dayanıb baxan, eyni təkliyi paylaşan bir səssiz müşahidəçi.

 Sən də oradasansa, tək deyilsən. Biz bu sükutun içindən doğmuşuq. Qaranlıq bizi udmayıb, sadəcə formalaşdırıb. Biz kölgənin övladlarıyıq. Həmişə günəş altında gəzə bilmərik. Amma ay işığında öz izimizi tanıya bilərik.

 Əgər bu qədər qaranlıqdan keçmisənsə, artıq işığa ehtiyacın yoxdur. Çünki içində bir parıltı yaranıb, adını heç kim bilmir. Amma sən tanıyırsan. Və bəlkə də bu, yaşamaq üçün bəs edir.

 

Əvvəlcə heç nə baş verməmiş kimi görünür. Otaq eyni otaqdır. Səssizlik hələ də səni izləyir. Dostun hələ də səninlədir, bir kölgə kimi. Və sən hələ də cavab axtarırsan, halbuki suallar artıq çoxdan yorulub səni izləməkdən. Ancaq bir şey dəyişib. Sən artıq ağrını boğmursan. Ona ad qoyursan. Qorxularınla danışmağı öyrənmisən. Qaçmaq yerinə baxırsan. Baxmaq yerinə dinləyirsən. Və bu səssizliyin içində ilk dəfə bir nəsə doğulur. Kiçik. Sönük. Amma real.

Sən qəhrəman olmadın. Qurtarmadın. Heç kəsi dəyişmədin. Amma bir şeyi bacardın, özünü unutmadın. Bu kifayətdir.

Bəzən, sağ qalmaq tək bir nəfəsin içində gizlənir. Bəzən, o nəfəs də sən deyilsən. Amma sən ordasan. Unudulmamısan. Hələ də buradasan

Və bu, heç olmasa bu, yetərincədir.

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2025)

 

 

34 -dən səhifə 2250

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.