TÜRKSOY-dan portalımızın redaktoruna ödül Featured

“Ədəbiyyat və İncəsənət” portalının redaktoru Əkbər Qoşalı “İmadəddin Nəsimi – 650” yubiley medalı ilə təltif olundu

 

Azərbaycanın tanınmış yazıçısı, publisisti və ictimai xadimi Əkbər Qoşalı, Türk dünyasında mədəni işbirliyi sahəsindəki xidmətlərinə görə, Uluslararası Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY tərəfindən anlamlı ödülə – “İmadəddin Nəsimi – 650” yubiley medalına layiq görülüb.

 

Bu nüfuzlu təltif, həm Türk dünyasının böyük klassiki İmadəddin Nəsiminin adını daşıması, həm də Azərbaycan Milli Mətbuatının 150 illiyi ərəfəsinə təvafüq etməsi baxımından rəmzi və mənəvi önəm daşıyır. Medal TÜRKSOY-un Baş katibi Sultan Rayevin imzaladığı rəsmi bəlgə ilə təsdiq olunub.

Yazar bu təltiflə bağlı öz sosial media hesabında paylaşım edib:

“Azərbaycan Milli Mətbuatının 150 illik əlamətdar yubileyi ərəfəsində TÜRKSOY-dan belə bir anlamlı təltif çox xoş oldu. Başqan Sultan Rayevə, bütün TÜRKSOY-lulara sevgi-sayğılarımı yetirirəm!

Tanrım utandırmasın!”

Qoşalı paylaşımına İmadəddin Nəsimidən bir beyt də əlavə edərək bu təltifin yalnız simvolik deyil, həm də mənəvi dəyərlərə söykəndiyini vurğulayıb:

“Fəraqı çəkməyən aşiq vüsalın qədrini bilməz,

Cəmilə olmayan vasil cəmalın qədrini bilməz.”

 

Xatırladaq ki, Əkbər Qoşalı uzun illərdir, Azərbaycanla digər türk ölkə və topluluqları arasında mədəni körpülərin qurulmasında fəal iştirak edir. O, həm yazar kimi, həm də ictimai xadim olaraq türk ədəbiyyatı, sənəti, folkloru, türkologiya və ortaq mənəvi dəyərlərimizin uluslararası miqyasda tanıdılmasına önəmli töhfələr verib. Onun əsərləri bir çox türk ölkədə yayınlanır və ortaq yaddaşın gücləndirilməsinə xidmət edir.

Bu təltif münasibəti ilə Əkbər Qoşalını təbrik edir, onun gələcək yaradıcılıq fəaliyyətində daha böyük uğurlar diləyirik!

 

“Ədəbiyyat və incəsənət”

(16.07.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.