“ASAN xidmət” Milli Mətbuat Günü münasibətilə növbəti süni zəka təlimini reallaşdırıb

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzinin və "PashaPay" şirkətinin birgə təşkilatçılığı ilə “Media nümayəndələrinin fəaliyyətində süni zəka” mövzusunda növbəti təlim proqramı təşkil edilib.

“Ədəbiyyat və incəsənət” portalına “ASAN”dan verilən məlumata görə, Quba regional “ASAN xidmət” mərkəzində baş tutan tədbir 22 İyul - Milli Mətbuat Gününə həsr olunub. Proqramda ölkəmizin müxtəlif media qurumlarını təmsil edən 60-a yaxın şəxs iştirak edib.

Əsas məqsəd media nümayəndələrinin fəaliyyətində süni zəka texnologiyalarından səmərəli  istifadəyə dəstək göstərmək,  informasiya istehsalında innovativ və yaradıcı yanaşmaların tətbiqinin təşviqinə nail olmaqdır.

Açılış mərasimində ASAN İnnovativ İnkişaf Mərkəzinin fəaliyyət istiqamətlərindən söz açılıb eləcə də təlim proqramının əhəmiyyəti diqqətə çatdırılıb.

Sonra iştirakçılara müvafiq sahədə istifadə edilə biləcək süni zəka alətləri, trendlər, çatışmazlıq və inkişaf perspektivləri barədə məlumat verilib. Həmçinin real nümunələr və vörkşoplar əsasında  süni zəkanın tətbiqi mənimsənilib.

Təlimin gedişində iştirakçılar “Biz birlikdə güclüyük” devizi ilə “Komanda işində birlik!" mövzusunda art terapiya seansında bir araya gəliblər.

İnteraktiv müzakirə və dialoq formatında baş tutan təlimdə media nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb.

 

“Ədəbiyyat və incəsənət”

(16.07.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.