ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Çərşənbə, 16 İyul 2025 09:31

Cazımızın parlayan ulduzu – NURLAN NOVRƏSLİ

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Onun ifası çox bəyənilir.

Böyük pərəstişkar ordusu var.

Cazımıza yeni nəfəs, yeni həyat verib.

Söhbət Azərbaycan Respublikasının Əməkdar Artisti Nurlan Növrəslidən gedir. Və bu gün onun doğum günüdür.

 

Nurlan Novrəsli 16 iyul 1984-cü ildə Bakı şəhərində anadan olub. Dahi azərbaycan şairi Mirzə Ələsgər Növrəsin nəticəsidir. 1993–2002-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin kaman və xanəndəlik sinfində təhsil alıb. 2006-cı ildə Bakı Musiqi Akademiyasının "solo oxuma" fakültəsini, professor Elmira Quliyevanın sinfini bitirib. Musiqi məktəbləri arasında keçirilən VII Respublika müsabiqəsinin laureatı olub.

İlk olaraq Space telekanalının təqdim etdiyi "Azəri Star–2004" musiqi-televiziya müsabiqəsində iştirak etdiyi dövrdə geniş tamaşaçı kütləsi tərəfindən tanınıb. O bu müsabiqədə İlhamə Quliyeva və Faiq Sücəddinov kimi tanınmış sənətkarların xüsusi rəğbətini qazanıb və yarışmanın finalçısı olub. Növrəsli 2006-cı ildə Qazaxıstanda keçirilən "CAHAN DALA" IX Populyar musiqi və mahnı müsabiqəsinin laureatı, I yerin qalibidir.

Mütamadi olaraq Azərbaycan Televiziyasının önəmli rəsmi gecələrində və tədbirlərində iştirak edir. O həmçinin Azərbaycan Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Mədəniyyəti günlərində Azərbaycanı təmsil edib. İstedadlı müğənni olmasıyla bərabər, həm də gözəl kaman və skripka ustasıdır.

Allah xeyirli ömür nəsib etsin!

 

“Ədəbiyyat və incəsənət”

(16.07.2025)

 

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

“Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamda oxuyuruq: “…görkəmli ziyalı, təbiətşünas alim və maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixədüşmüşdür. Cəmi iki il fəaliyyət göstərən qəzetmaarifçi ideyaların carçısı olmuş, cəhalətə və xurafata qarşı kəskin məqalələr dərc etmiş, milli özünüdərkin,ictimai, siyasi və bədii fikrin inkişafına, mütərəqqi jurnalist nəslinin yetişməsinə önəmli töhfə vermişdir”.

Artıq “Əkinçi”nin nəşr olunmasından 150 il ötür.

 

Mənbələr göstərir ki, Azərbaycanda milli mətbuat və milli mətbəə yaratmaq təşəbbüsləri XIX əsrin birinci yarısından başlamışdır. Hələ 1832-ci ildə “Tiflis əxbarı” və 1845-ci ildə “Qafqazski vestnik” qəzetlərinə əlavə şəklində “Qafqazın bu tərəfinin xəbərləri” adlı azərbaycanca vərəqələr buraxılmışdır. Əlbəttə, rəsmi bülleten xarakteri daşıyan bu vərəqələri müstəqil milli mətbuat nümunələri hesab etmək mümkün deyil. Lakin bunları milli mətbuatın yaranmasına hazırlıq saymaq mümkündür.

Ə.Ə.Səidzadənin “Ədəbiyyat” qəzetinin 1940-cı il tarixli 31 saylı nomrəsindəki məqaləsindən o da məlum olur ki,1841-ci ildə M.F.Axundzadə və M.Ş.Vazeh tərəfindən Tiflisdə mətbəə yaratmağa cəhd göstərilmişdir. Lakin bu təşəbbüs baş tutmamışdır.

1870-ci ildə H.Zərdabinin dostu X.Cenk rus dilində “Bakinski listok” adlı qəzet nəşr etmək üçün müraciət etmişdir. Az sonra Qafqaz canişinliyinə yazdığı əlavə məlumatda X.Cenk qəzetdə həmçinin Azərbaycan dilində məqalələr şöbəsinin açılmasına da icazə istəmişdir. (Təəssüf ki, həmin qəzetin  ancaq bir nömrəsində azərbaycanca yazı dərc olunmuşdur.)  Belə ehtimal olunur ki, Cenki bu işə təşviq edən elə onun yaxın dostu H.Zərdabi olmuşdur.

Xalqı maarifləndirmək, onun tərəqqisinə nail olmaq H.Zərdabinin həyatının qayəsi idi. O, bu yolda mətbuatın roluna xüsusi önəm verir və deyirdi ki, xalqa “qəzet verə bilsəm, onların dünyagörüşünü tamamilə dəyişə” bilərəm. O, 1906-cı ildə "Həyat" qəzetində çap etdirdiyi "Rusiyada əvvəlinci türk qəzeti" adlı məqaləsində  yazırdı: "Hər kəsi çağırıram - gəlməyir, göstərirəm - görməyir, deyirəm - qanmayır. Belədə qəzet çıxarmaqdan savayı bir qeyri əlac yoxdur ki, kağızın üstə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç olmaz ki, doğru sözlər yerdə qalsın. Hər ildə on qəzet oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar. Axırda o bənd ki, suyun qabağını kəsmişdi və suyu axmağa qoymurdu, rəxnə tapar və su mürur ilə bəndi uçurub aparar. Sonra düşmənin düşmənliyi, dostun dostluğu və dost göstərən doğru yolun doğru olmağı aşkar olar".

Həsənbəy Zərdabi qəzet çıxarmaq fikrinə hələ Qubada mahal məhkəməsinin katibi işlədiyi dövrdə -1868-ci ildən düşmüşdü. Lakin çar idarələrindəki süründürməçilik, hərc-mərclik onun qəzet nəşr etmək arzusunu uzun müddət çin olmağa qoymamışdı. Hənifə xanım Məlikovanın yazdığı kimi “qəzetin nəşrinə icazə alma 7 il çəkdi”. Zərdabinin qəzet nəşr etmək üçün rəsmi orqanlara ilk müraciəti 1873-cü ilin aprel ayında oldu.

Sonralar Həsən bəy "Həyat" qəzetində həmin hadisəni belə xatırlayırdı: "O vaxt general Staroselski bizim qubernator idi, o, özü xalis rus, arvadı isə gürcü qızı idi. Bu qadın yerli Qafqaz əhalisinə hörmət bəsləyir və onlarla dostluq edirdi, mən öz dərdimi ona söylədim; qəzeti "Əkinçi" adlandırmağı və orada guya əkinçilik və kənd təsərrüfatı haqqında məqalələr dərc etməyi bildirməyi bu qadın mənə məsləhət gördü; o, özü senzor olmağa razılıq verdi və nəhayət, bu ruhda ərizə verib qəzetin nəşri üçün icazə aldım". 

H.Zərdabinin 1873-cü ilin aprel ayının 12-də Bakı qubernatoru D.S.Staroselskiyə ünvanladığı ərizədə yazılmışdı: “Quba mülkədarı general-mayor Abdulla Ağa Bakıxanov (Abbasqulu ağa Bakıxanovun qardaşı-İ.V.) mənə Bakı şəhərində tatar (azərbaycan-İ.V.) dilində pulsuz olaraq qəzet nəşr etmək məqsədi ilə mətbəə açmaqdan ötrü 1000 manat pul verir. Bu təsadüfdən istifadə edərək mən aşağıdakı şərtlər asasında qəzet nəşr etməyi qərara almışam: birincisi, qəzetin redaktorluq və naşirlik vəzifəsini öz öhdəmə götürürəm; ikincisi, qəzet Bakı şəhərində, Zaqafqaziya ölkəsinin bütün müsəlman xalqlarının başa düşəcəyi tatar dilinin Azərbaycan ləhcəsində nəşr olunacaqdır; üçüncüsü, ilk vaxtlar qəzet iki həftədə bir dəfə, bir çap vərəqi həcmində buraxılacaqdır; dördüncüsü, ilk vaxtlar qəzetin abunə qiyməti, göndərmək və çatdırmaq da daxil olmaqla ildə iki manat olacaqdır; beşincisi, qəzetin nəşri, kağızı üçün xərclər, xidmətçilər və mətbəə binası tutmaq üçün xərclər çıxılmaqla, qəzet üçün toplanan pul Bakıda təsis edilmiş müsəlman şagirdlərinə yardım cəmiyyətinin xeyrinə sərf olunacaqdır; altıncısı, qəzet “Əkinçi” (“Paxar”) adlanacaqdır; yeddincisi, qəzetin nəşrinə 1873-cü ilin sentyabrından başlanacaqdır”.

H.Zərdabi qəzetin nəşrinə həmin ilin sentyabrından başlamağı nəzərdə tutsa da, ucqarlarda milli mətbuat yaratmaq fikri hakim dairələri ciddi narahat etdiyi üçün müxtəlif bəhanələrlə iş uzadılırdı.  Belə bir mühitdə qəzet çıxarmaq M.F.Axundzadənin dediyi kimi, "dağ çapmaq kimi" bir işə bənzəyirdi.

Xüsusən qəzetin proqramındakı “Qəzet yerli ehtiyac və təlabata həsr olunan baş məqalələr də verəcəkdir” maddəsi ciddi müzakirələrə səbəb olmuşdu. Süründürməçiliklər və uzun-uzadı yazışmalar başlanmışdı. O, zaman Qafqazın mərkəzi Tiflis sayılırdı və bütün yekun qərarlar oradan verilirdi. H.Zərdabi düz ilyarım Tiflis və Bakı dəftərxanaları arasında ayaq döydü.

Onun qətiyyəti və əzmkarlığı, çoxsaylı izah və əsaslandırmalarından sonra Qafqaz canişinliyi 5 oktyabr 1874-cü il tarixli 5440 nömrəli sənədlə “Əkinçi”nin nəşrinə icazə verdi və senzura işləri Bakı Qubernatorluğuna tapşırıldı.

Filologiya elmləri namizədi V.Məmmədov H.Zərdabinin 1873-cü il 7 iyun tarixli məktubuna istinadən bildirir ki, Tiflisdən qəzetin nəşrinə icazə verilməsində və qəzetin oxucular arasında yayılmasında tanınmış Azərbaycan mütəfəkkiri M.F.Axundzadənin böyük köməkliyi olmuşdur.

Qəzetin nəşrinə icazə alınsa da, qarşıda çox ciddi çətinliklər dururdu. Naşir yuxarıda adı çəkilən “Rusiyada əvvəlinci türk qəzeti” məqaləsində bu çətinliklər barədə belə yazırdı:  "Bəs qəzeti necə çıxardım? Qəzetin çıxarılması üçün mətbəə yox, çapçı yox, hürufat yox, pul yox, kitabxana yox, əmələ yox. Bir-iki yüzdən artıq oxuyan da olmayacaq…”. Həsən bəy özünün gərgin əməyi, həmyerlilərinin, dost və tanışlarının köməyi ilə bu çətinliklərin öhdəsindən gələ bildi. Lakin ayrıca mətbəə açmağa imkanı olmadığı üçün D.S,Staroselski yenə də Zərdabinin köməyinə gəlir, ona qəzetin quberniya mətbəəsində  çap olunmasına icazə verir.

Həhayət, 1875-ci ilin iyul ayının 22-də “Əkinçi” qəzetinin ilk nömrəsi çap olunur. Beləliklə, Azərbaycanda ilk milli qəzet nəşrə başlayır, milli mətbuatın əsası qoyulur. H.Zərdabinin ömür-gün yoldaşı H.Məlikova həmin günü xatırlayaraq yazırdı: “Həsən bəyin gözləri sevincdən yaşarmışdı. O çox həyəcanlı halda evə gəldi. Bu gün onun həyatının ən xoşbəxt günü idi”.

Qəzetin ilk nömrəsi iki sütuna ayrılmış 8 səhifədən ibarət idi. İlk nömrə “Daxiliyyə”,"Əkin və ziraət xəbərləri", "Elm xəbərləri", "Tazə xəbərlər” kimi şöbələrdən ibarət idi.

Baş məqalə “Daxiliyyə” başlığı altında naşirin imzası ilə getmişdir. Bu yazını “Əkinçi”nin məramnaməsi də adlandırmaq olardı. Burda qəzetin fəaliyyət dairəsi, istiqaməti, xətti-hərəkəti müəyyən olunur, şöbələrin adları, səciyyələri müəyyənləşdirilir, vəzifə və məqsədləri göstərilirdi.

Baş məqalənin ardınca gələn “İkinci daxiliyyə” adlı məqalədə isə 1876-cı ildən Qafqazda tətbiq olunacaq ticarət qayda-qanunları haqqında məlumat verilirdi.

“Əkin və ziraət xəbərləri” (1876-cı ilin 7-ci nömrəsindən etibarən “Əkin və ziraət xəbərləri” şöbəsi “Əf-ali-əhli-dəhat” adlanmışdı.) və “Elm xəbərləri” şöbələrində heyvandarlıq və əkinçiliyə aid materiallar dərc olunmuşdu.  

Sonuncu şöbə olan “Tazə xəbərlər” şöbəsində siyasət və məhkəmə işlərinə, ticarətə, tibbi məsələlərə dair kiçik həcmli və oxunaqlı xəbərlər verilmişdi. Bu şöbənin digər şöbələrdən bir fərqi də yazıların sayca çox, həcmcə yığcam olması idi. (Sonralar qəzetin 6-cı nömrəsindən etibarən “Məktubat” şöbəsi də meydana gəlmişdi.)

“Əkinçi” beynəlxalq əks-səda doğurmuşdu. Bu qəzet bütün Şərqdə Avropa üslubunda nəşr olunan birinci mətbuat orqanı idi. Hənifə xanım Məlikova “Revolyusiya və kultura” jurnalının 1939-cu il tarixli 6 saylı nömrəsində çap olunmuş xatirəsində "Əkinçi"nin yayıldığı geniş coğrafiyaya toxunaraq yazırdı: “Qəzet Rusiyadakı bütün müsəlmanları yerindən tərpətmişdi. O, elektrik cərəyanı kimi bütün müsəlman aləminin içərisindən keçmişdi…Qəzetin ilk abunəciləri, onu birinci sırada salamlayanlar Omskdan, Tümendən, Çistopaldan olan sibirlilər, Orenburq, Ufa, Volqaboyu tatarları idilər”.

Qəzeti nəşr etməkdə Həsən bəyin əsas məqsədi xalqı maarifə, elmə, təhsilə səsləmək, onu zülm və cəhalətdən qurtarmaq, qəflət yuxusundan oyatmaq idi.O, "Əkinçi" qəzetinin əsas məqsəd və vəzifələrindən bəhs edərək yazırdı: "Qəzetin muradı xalqın gözünü açmaqdır, həyatda olan işləri ayna kimi xalqa göstərsin ki, xalq da onun əlacının dalınca getsin. Heç rəvadırmı yoxsulluqdan danışarkən onun səbəbi elmsiz qalmağımızdan danışmayaq? Biz müsəlmanlar elmdən vəba naxoşluğundan qorxan kimi qorxuruq. Əgər işlərimiz belə gedərsə, biz məğlub olub getdikcə aradan çıxacağıq. Elmsizlik böyük fəlakətdir. Bizim həmvətənlər olan gürcü, erməni xalqları təhsil etsinlər, maarif sahəsində gündən-günə irəli getsinlər, amma bizlər "Allahdan buyruq, ağzımıza quyruq" deyib duraq. Ey müsəlmanların millət təəssübü çəkən kəslər, bir gözünüzü açıb dünyaya tamaşa edin və fikirləşin: "Tələf olmaqmı istəyirsiniz?"

Qəzet öz ətrafında dövrünün M.F.Axundzadə, S.Ə.Şirvani, N.B.Vəzirov, Ə.Heydəri, M.Dərbəndi və digər  qabaqcıl fikirli, demokratik əqidəli, aydın ideyalı görkəmli maarifçiləri toplamışdı. "Əkinçi"nin əməkdaşlarının da başlıca məqsədi xalqın həyatında hökm sürən fanatizmə, cəhalətə qarşı çevrilib, xalqı elmə, maarifə, tərəqqiyə çağırıb, onun elmi-mədəni səviyyəsini yüksəltmək idi.

Qəzet  cəmiyyətdəki xəstə halları sağaltmağın çarəsini hər şeydən əvvəl xalqın maariflənməsində, mədəni təqəqqi yoluna çıxmasında görür, təhsil işlərinə, təlim və tərbiyə məsələlərinə ciddi əhəmiyyət verirdi. Qəzetin səhifələrində  elm və təhsilin faydasından bəhs olunur, gənclər məktəbə çağrılır, köhnə təlim-tərbiyə üsulları pislənilir, mollaxana və mədrəsələrdəki nöqsanlar tənqid olunur, dünyəvi elmlər və onların öyrədilməsi təbliğ edilirdi. Yeni tipli məktəblərin açılması, ana dilli tədrisin təşkili, ana dilli dərsliklərin yazılması təşviq edilirdi. Həsən bəy belə hesab edirdi ki, öz düşmənlərimizlə mübarizədə məğlub olmamaq üçün mütləq  elm təhsil etmək lazımdır. O yazırdı: “Bizim ilə zindəganlıq cəngi edən millətlər elm təhsil edirlər. Ona binaən gərək biz də elm təhsil  edək ki, onlara zindəganlıq cəngində qalib olmasaq da, onların bərabərində dayanıb duraq, yoxsa dövlət və xoşgüzaranlıq onların əlinə keçəcəkdir və bizlər mürur ilə zindəganlıq cəngində məğlub olub, tələf olacağıq”. Bir sözlə, qəzet maarifçilik ideyalarını özünə bayraq etmişdi.

“Əkinçi” qəzeti gerilik və ətalətə, köhnəlmiş adət-ənənələrə, dini xurafata, orta əsr zehniyyətinə qarşı açıq mübarizə aparırdı. “Jurnalist” təxəllüslü bir publisist “Ədəbiyyat” qəzetinin 1936-cı il tarixli 11-ci sayında obrazlı şəkildə yazırdı:  “Əkinçi”…sanki ordusuz hücuma keçən bir komandanın sıyrılmış qılıncına bənzəyirdi. Bu qılıncla Həsənbəy avamlıq və cəhalətin qara pərdələrini yirtmaq, xalqına işıq yolu açmaq arzusunda bulunurdu”.

Qəzet insanlarımızı zamanla, dövrlə ayaqlaşmağa çağırdı. H.Vəzirov qəzetin səhifələrində yazırdı: ”Hərdən tənha oturub fikir edirəm: xudavəndə, bizim axırımız necə olacaq? Ağlımız ata-baba ağlı, getdiyimiz ata-baba yolu… Ata-babamız xoruz və qoç döyüçdürüb, it boğuşdurub, qurşaq tutdurub, dərviş nağılına qulaq asıb, qızıl quş saxlayıb günlərin keçirib. Biz də ki, bu yolu gedirik, tələf olacayıq. Səbəb ki, zəmanə dəyişilib”.

H.Zərdabi göstərirdi ki, yaşadığımız dünya daim dəyişməkdədir  və bu  prosesi heç kim saxlya bilməz. Bizdən tələb olunan budur ki, işlərimizi zamanın və dünyanın dəyişməsinə uyğun quraq, dünyanın axarı ilə gedən qanunlara qarşı çıxmayaq, tərəqqi yolunda irəliləyişimizə mane ola biləcək zərərli vərdişlərdən əl çəkək.

 “Əkinçi” bir çox yazılarında feodal istismarına qarşı etiraz edir, xalqı var-yoxdan çıxaran, onun hüquqlarını əlindən alan, insan şəxsiyyətini tapdalayan mühafizəkar qüvvələri tənqid edirdi. Qəzet insanların adi hüquqlardan belə məhrum olduğunu açıqcasına deyirdi, fikir və söz azadlığının olmamasından bəhs edirdi. “Əkinçi”lər içtimai quruluşun maarif gücü ilə dəyişəcəyinə ümid bəsləyirdilər, elmi tərəqqini azadlığın əsas şərtlərindən hesab edirdilər. Elmi və texniki tərəqqini xalqın həyat tərzini yaxşılaşdıran əsas amillərdən sayırdılar.

“Əkinçi” qadın azadlığı və təhsili ideyasını tərənnüm edir, qadını qul sayan dini-mistik zehniyyətin acınacaqlı mənzərəsini göz önündə canlandırır, köhnə dünyanının hər cür mənfur adət-ənənlərini ifşa edirdi. Qəzet qızların vaxtsız ərə verilməsinin böyük zərərlərini elmi dəlillərlə sübut edir ki, 20 yaşdan aşağı olan kəbinlər qüsürludür. “Əkinçi” qəzeti qadını güçsüz, naqis məxluq sayan şəriət ehkamlarını ifşa edir, onu mübariz, ağıllı və cəsur xilqət kimi təqdim edirdi. Qəzet Azərbaycan qadınını savadlı görmək istəyirdi, çünki qadın eyni zamanda anadır, gənc nəslin tərbiyəçisidir. Ancaq elmli, savadlı ana öz övladının tərbiyəsi ilə layiqincə məşğul olar.

Qəzet xalqların dinçlik və dostluq şəraitində yaşamalarının böyük tərənnümçüsü idi. Ədalətsiz müharibələr dəlilik, yoluxucu “beyin naxoşluğu” adlandırılırdı.

“Əkinçi” qəzeti kənd əhalisinin gündəlik işlərini də ardıcıl işıqlandırırdı. H.Zərdabi qəzet vasitəsi ilə kənd təsərrüfatı məsələlərini şərh edir, məhsuldarlığı yüksəltməyin elmi-təcrübi yollarının anlaşıqlı bir dillə oxucularına çatdırırdı.

Azərbaycan dilinin saflığı uğrunda və mətbuat dilinin formalaşmasında da “Əkinçi”nin müstəsna xidmətləri olmuşdur. Moskvada qəzetin ilk nömrələri ilə tanış olan N.Vəzirov Həsənbəyə yazdığı məktubda qeyd edirdi ki, “Əkinçi” mənim ana dili müəllimimdir”.  S.Ə.Şirvani “öz qədimi lisanımızda haman, qəzetə çapını edib unvan” söyləyərək Zərdabinin ana dilində qəzet çap etdirməsini təqdir edirdi.

Hələ qəzetin nəşrə başlaması ərəfəsində M.F.Axundov Tiflisdən Həsənbəyə məktubda ona yazırdı: “Sizin qəzetinizin əsas məziyyətlərindən biri ifadənin gözəlliyi, ibarələrin zərifliyi və aydınlığı, orfoqrafiyanın düzgünlüyü olmalıdır. Çünki sizin qəzetiniz başqa məsələlərlə yanaşı, Azərbaycan yazısını (dilini) düzgün olmayan ifadələrdən təmizləməyə çalışmalı, bu dildə yazan bütün adamlar üçün nümunə olmalıdır”. Həsənbəy özü də bunun tərəfdarı idi. O, jurnalistlərdən tələb edirdi ki, “qəzeti… camaatın ana dilində yazsınlar”. Çünki “qəzet camaat üçündür, camaat qəzet üçün deyil”. Zərdabi doğma dilinə arxa çevirən dönükləri tənqid edir, xalqın arzu və istəklərinin onun doğma dilində əks etdirməyi mətbuatın müqəddəs vəzifəsi sayırdı. Qəzetdə müsəlman mahallarından ərəb və fars dillərində göndərilən müxbir məqalələri Azərbaycan dilinə tərcümə edilərək müəlliflərinə göndərilirdi ki, onlar ana dilində yazmağı öyrənsinlər. Təsadüfi deyil ki, Ə.Topçubaşov “Əkinşi”nin 50 illiyinə həsr olunmuş “Azərbaycanın mayakı” adlı xatirə məqaləsində “Əkinçi”nin nəşri zamanı Həsənbəy Zərdabinin Azərbaycan-türk dilinin saflığı uğrunda mübarizə  apardığını, onu ərəb-fars tərkiblərindən təmizləməyə çalışdığını xüsusi olaraq nəzərə çatdırırdı. 

“Əkinçi”nin milli mətbuatımızın və maarifçilik hərəkatı tarixində böyük rolü həm də bunda idi ki, qəzet demokratik əhval-ruhiyyəli gənclərin, yazıçı və şairlərin toplandığı mərkəzə çevrilmişdi. Xalq yazıcısı M.İbrahimov “Əkinçi”nin maarifçi-realist ədəbiyyatın inkişafına təsirindən bəhs edərək yazırdı: “Keçən əsrin 70-ci illərindən başlayaraq, Azərbaycanda mətbuatın yaranması ədəbiyyatın inkişafına olduqca müsbət təsir göstərir, onun mündəricə və formasının genişlənməsinə, kütləviləşməsinə, yayılmasına və demokratikləşməsinə kömək edir”.  Onu da qeyd edək ki, Azərbaycanda ədəbi-bədii əsərlərin milli mətbuat səhifələrində nəşri də ilk dəfə “Əkinçi” ilə başlanmışdır.

“Əkinçi” ədəbiyyat və incəsənətin saflığı uğrunda mübarizəni, əsasən, üç istiqamətdə aparırdı: birincisi, ədəbiyyat və sənətdə realizm uğrunda mübarizə; ikincisi, dini-mərsiyə ədəbiyyatı əleyhinə mübarizə; üçüncüsü, ictimai satira uğrunda mübarizə. Qəzet bütün nəşri müddətində 150-dək ədəbi-tənqidi məqalə, şeir, felyeton, hekayə, oçerk və s. dərc etmişdi. Bu materialların əsas müəllifləri H.Zərdabi ilə yanaşı, M.F.Axundzadə, S.Ə.Şirvani, N.Vəzirov, Ə.Adıgözəlov (Gorani), M.H.Əlqədari, H.S.R.Əmirzadə, M.Vəliyev, Ə.Qəvaid, Ə.Heydəri, M.K.Əsgərzadə və digərləri olmuşlar.

Ümumiyyətlə, 1875-ci ildə 12, 1876-cı ildə 24, 1877-ci ildə isə 20 sayı (cəmi 56) işıq üzü görmüş “Əkinçi”nin bütün nəşri müddətində onun səhifələrində 1100-dən çox məqalə, məktub, xəbər, şeir və s. materiallar verilmişdir. Burada 21 müxbirin 36 imza ilə 200-dən şox yazısı dərc olunmuşdur. (Yazıların əksər qismi imzasız getmişdir.)  Tədqiqatçılar qəzetin müxbirlərini müntəzəm çıxış edənlər (Ə.Adıgözəlov (Gorani), Ə.Heydəri, M.Dərbəndi və b.), hərdənbir yazanlar (M.Ə.Şirvani, X.Qorxmazov və b.), mürtəce müxbirlər (H,Qarabaği, kapitan Sultanov, “Badkubəli Molla və b.), təsadüfi yazanlar (Şeyxül-islam Axund Əhməd Hüseynzadə, Ə.Elçinzadə, Məmmədrəhim bəy, M.Ə.Səlyani və b.) və  imzasız yazanlar (A.Haqverdiyev Qarabaği və b.) kimi qruplaşdırırlar.

Təəssüf ki, əsas qayəsi xalq arasında mütərəqqi ideyaları yaymaq,  xalqı maarifə, elmə, təhsilə səsləmək, onu zülm və cəhalətdən qurtarmaq, qəflət yuxusundan oyatmaq olan  “Əkinçi”nin demokratik ideyaları mürtəce qüvvələri – bəylər, ruhanilər və çar məmurlarını hiddətləndirirdi. Qəzet məhz bu qaragüruhçu qüvvələrin fitnə-fəsadı ilə bağlandı. ”Əkinçi”nin 1877-ci il sentyabrın 29-da çıxmış 20-ci nömrəsində belə bir elan verilmişdi: “Biz naxoş olduğunuza görə bu ilin axırıncı nömrələri öz vaxtında çıxmayacaq və onların haçan çıxacağı məlum deyil”. Bu, “Əkinçi”mizin öz oxucularına son sözü oldu.

Qəzet bağlansa da, onun demokratik ideyaları yaşayırdı. “Əkinçi” nəinki Azərbaycan, o cümlədən Rusiyada yaşayan müsəlmanların zehnində və qəlbində özünə möhkəm yer eləmişdi. Əlimərdan bəy Topçubaşov haqlı olaraq yazırdı: “Əkinçi”! Bu sözü ürək döyüntüsüz  və həyəcansız dilə gətirmək çətindir. Bu sözdə hər bir azərbaycanlı üçün nə qədər müqəddəslik var! “Əkinçi” müstəqil Azərbaycan üçün, onun dili, xalq mahnıları, poeziyası, tarixi üçün gözəl emblemdir. “Əkinçi” bütün Azərbaycan xalqının təsviri və ona tərif  verilməsidir, onun enerjisinin, onun azad əməyə məhəbbətinin, onun ideya və ideallarının təzahürüdür!”

Bəli, “Əkinçi” milli mətbuatımızın mayakına çevrildi. Xalqımızın milli oyanışında, milli birliyin möhkəmlənməsində böyük əhəmiyyət daşıdı, içtimai fikrin canlanmasına təkan verdi. Şair S.Rüstəmxanlının dediyi kimi, “Biz mətbuat tariximizdən danışanda “Əkinçi”yə istinad edirik. Bu, demokratik qəzetdir və bu günkü tələblər səviyyəsindən baxanda yüksək bir mətbuat səhifəsidir”.

Onun yandırdığı məşəl sonralar yenidən parlayaraq şölələndi. Sonrakı illərdə “Əkinçi”nin başladığı işi davam və inkişaf etdirən, onun ənənələrini yaşadan mətbuat orqanları meydana çıxdı. Bu mənada M.Ə.Rəsulzadə 1952-ci ildə “Azərbaycan” jurnalında haqlı olaraq yazırdı ki, Zərdabi əkdiyi toxumun səmərəsini görən əkinçi kimi vəfat etdi.

Haqlı olaraq “Əkinçi”nin nəşrə başladığı gün milli mətbuatımızın “doğum günü” sayılır.  Bir neçə gündən sonra – 22 iyulda “Əkinçi”mizin növbəti “doğum günü” və 150 yaşı qeyd ediləcəkdir. Həmin həm də Milli Mətbuat və Jurnalistika Günüdür.

 

Gününüz mübarək, hörmətli mətbuat işçiləri. Sizlərə “Əkinçi” dəyanəti, Zərdabi əzmi və qətiyyəti arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(16.07.2025)

                                                               

 

 

 

 

Çərşənbə, 16 İyul 2025 08:27

Nigar Rəfibəylinin gündəliyindən sətirlər

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

NİGAR RƏFİBƏYLİNİN GÜNDƏLİYİNDƏN SƏHİFƏLƏR

 

 3 yanvar 1942-ci il.

Bütün günlərim Anarla keçir. Rəsul gedəndən bəri o mənə daha çox bağlanmışdır. Hər gün gəzməyə çıxırıq. Bu gecə anamgildə qaldıq.

 

 Yanvar, 1942-ci il.

Rəsuldan teleqram gəlmişdir. O, bu günlər gələcəyini vəd edir. Barı tez gəlsin. Biz Anarla yenə sakit gündüz gəzintilərimizə davam edirdik. O, hər gördüyü şey haqqında sual verir. Bəzən mən onun suallarından yoruluram.

 

Bu vüsala yuxu əhvalı demək mümkün idi,

Əgər olsaydı yuxu dideyi-giryanımıza...

 

Gecə böyük Füzulinin bu misraları ilə yuxuladım.

 

18 yanvar 1942-ci il.

Gecə Yazıçılar İttifaqında növbətçi idim. Saat birə qədər orda oturdum. Rahim və Cəfər də orda idilər. Onlar Rahimin şeirlərini, “Şamo” əsərini və “Gizli Bakı”nı Stalin mükafatı üçün hazırlayırdılar.

 

21 yanvar 1942-ci il

Gündüz şeirləri Yazıçılar İttifaqına apardım. Sonra Mirvaridin yanına getdim.

 

Yanvar, 1942-ci il.

Rəsula aid olan heç bir şeyə toxuna bilmirəm. Onun əynindən çıxardığı paltarları hələ stulun üstə qalıb. Onları yığışdıra bilmirəm. Küçəyə qaçmaq, küçənin gurultusu içərisində bir dəqiqə qəlbimin səsini eşitməmək istəyirəm. Mən hələ ağlamamışam. Bu, mənimçün böyük qəhrəmanlıqdır. Ancaq bu tökmədiyim göz yaşlarının mənə baha oturduğunu yalnız mən duya bilərəm.

 

 Mart, 1942-ci il

Kerçdən, Rəsuldan gələn məktubların arası kəsilmişdi. Rəsul yalnız arabir cəbhədə rəşadətlə vuruşan azərbaycanlı döyüşçülər haqqında Azərbaycan Teleqraf Agentliyinə yığcam və qısa oçerk-məqalələr göndərirdi. Göndərdiyi mətnin içində iki kəlmə: “Nigara salam” yaza bilirdi. O vaxtlarda AzTAQ-da işləyən Yefim Qurviç gecə-gündüz, nə zaman olsa telefon edər, bizi sevindirərdi.

Kerçdən gələn məktubların birində Rəsul “Bəxtiyar” şeirini göndərmişdi. Mən bu şeiri Səməd Vurğuna oxudum. Səməd: “Nigar, mən bu şeirin vəznini tuta bilmədim, o nə vəzndə yazılıb?” – dedi.

Şeir on hecalı idi. Çox işlənən on bir hecalı şeirə alışmış qulağımız üçün on hecalı şeir qəribə gəlirdi:

 

Külək qarı səpələr, Bəxtiyar,

Ağ geyinib təpələr, Bəxtiyar.

 

1942-ci ilin mart ayı idi. Alman faşistləri Krımda hücuma keçmişdilər. Sovet qoşunları geri çəkilirdi. Sovet məlumat bürosunun xəbərlərini ürək döyüntüsü ilə dinləyirdik. Həmin günlərdə mən başılovlu evdən çıxıb birbaşa Yazıçılar İttifaqına gəldim. İttifaqın birinci katibi Səməd Vurğunun yanına qalxdım. Səməd iş otağında tək idi.

“Səməd, mən cəbhəyə getmək istəyirəm, – dedim. – Mərkəzi Komitədə danış, məni hərbi müxbir kimi göndərsinlər. Burda qala bilmirəm”.

Səməd Vurğun həssas adam idi. Əhvalımı görüb başa düşdü, vəziyyətdən zarafatla çıxmaq istədi. Üzünü mənə tutub tamamilə ciddi ahənglə dedi:

– Mən iki batalyonu hardan alım səni cəbhəyə yola salsın? Bilirsən, indi Krımda kurort-murort yoxdur. Get şeirini yaz, uşağını saxla.

Mənim etirazlarım kömək eləmədi. Mən narazı halda çıxıb gedəndə o, hərbi adam kimi dilləndi:

– Axşam Pedaqoji İnstitutda şeir gecəmiz olacaq, ora gələrsən. Saat 7-də, yadından çıxmasın.

 

“Ədəbiyyat və incəsənət”

(16.07.2025)

 

 

Çərşənbə, 16 İyul 2025 08:06

Rəqqas, rejissor, aktyor, pedaqoq, direktor…

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Adətən insan həyatı boyu bir, uzağı iki sahədə külüng döyür. Amma bu qayda Faiq Zöhrabova aid deyil. O, rəqqas, rejissor, aktyor, pedaqoq, kimi çalışıb, müxtəlif yerlərdə rəhbər kürsüsünü tutub…

 

Faiq Zöhrabov 1939-cu il iyul ayının 16-da Bakı şəhərində anadan olub. 1957–1960-cı illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında rəqqas kimi fəaliyyət göstərib. 1963–1968-ci illərdə o, Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb.

İnstitututu bitirdikdən sonra, həmin təhsil ocağında "Aktyor sənəti" kafedrasında müəllim kimi fəaliyyətə başlayıb. Zöhrabov Bakı Pioner və Məktəblilər Parkının direktoru işləyib. O, Aktyor evinin və Səyyahçılar və ekskursiya bürosunun direktoru işləyib. 1968–1985-ci illərdə F. Zöhrabov İncəsənət İnstitutunda aktyor sənətindən dərs deyib.

1985–88-ci illərdə o, Dağıstan Dövlət Ləzgi Musiqili Dram Teatrına dəvət olunub və orada 4 il baş rejissor vəzifəsində çalışıb. Bu dövrdə rejissor A. P. Çexovun "Elçilik", A. Şirvanzadənin "Nakam qız", Q. Lezqinsovun "Dağlar oğlu", N. Hikmətin "Bayramın birinci günü", Ü. Hacıbəyovun "O olmasın, bu olsun" və s. dramaturqların əsərlərinə quruluş verib

1988-ci ildən F. Zöhrabov ADMİU-nun "Səda" Tədris Teatrının direktoru və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqili teatr" kafedrasının dosenti olub. 2000-ci ilə kimi pedaqoq kimi fəaliyyət göstərdiyi illər ərzində bir çox rejissorların, aktyorların yetişməsində müstəsna xidmətləri olub.

1999-cu ildən sənətçi Azərbaycan Dövlət Musiqili Komediya Teatrında quruluşçu rejissor kimi fəaliyyətini davam etdirib. Burada F. Zöhrabov "Dəli dünya", "Bankir adaxlı", "Məhəbbət oyunu", "Talelər qovuşanda", "Aldın payını, çağır dayını" və s. kimi bir-birindən maraqlı tamaşalar hazırlayıb.

5 iyun 2009-cu ildə Bakıda ürək çatışmazlığından vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(16.07.2025)

 

 

Varis, “Ədəbiyyat və incəsənət” portalının baş redaktoru

 

İnsan haçansa ayrılıqları duymaq gücündə olur. Qəlbi, hissləri, vücudu – hər biri onu misqal-misqal ayrılıqlara hazırlaşdırır...

Amma qəfil ölümü cənabi-insan əsla duya bilmir. Gənc bir kəs necə duya bilər ki, tutalım, bir saatdan sonra hansısa bir bədbəxt hadisə onu dünyadan qopara biləcək?

 

Elçin Cəlilov ayrılığı duymuşdu. Ömrünə çox acı, ağrılı ayrılıqlar gəlməyə hazırlaşanda yanğı ilə bəstəkar Xanım İsmayılqızına məxsus “Ayrılıq beləmi olur” mahnısını oxumuşdu.

 

Sevməyi öyrətdin mənə sonunda,

Qaldım sənsizliyin qəm qanadında.

Sən yoxsan, xəyalın məni ovudur,

Bilmirəm, ayrılıq beləmi olur?..

 

Mən bilmirəm, bu mahnını dinləmisinizmi, amma qəmin, kədərin yürüşü və dərdin ekspansiyası mahnıda qırmızı xətlə keçir.

Onda, səhv etmirəmsə, 2001-ci il idi. Elçinin 33 yaşı var idi. Ayrılıqdan oxuyurdu, ayrılıqlar yaşayırdı, iki dəfə ailə həyatı qurmuşdu, hər iki ailəsi dağılmışdı (biri müğənni Lalə Dadaşova ilə idi), birinci nikahdan olan qızını çox sevdiyindən, onun xiffətini eləyirdi, həyatını ildırım sürəti ilə məhv etməyə başlamış “ağ ölüm”ün caynaqları arasındaydı,...

Cəmi 4-cə il ömür sürəcəyinə isə əsla inanmazdı. Heç kəs bunu ona inandıra bilməzdi. Axı böyük hədəfləri vardı, onlara doğru yol almışdı. Çox az müğənninin malik olduğu səs diapazonuna malik idi, tenor idi, muğam, xalq mahnıları da oxuyurdu, estrada da. Sevilirdi, böyük dinləyici auditoriyasına malik idi.

Elçinlə şəxsi tanışlığımız vardı, hər ikimiz eyni şəhərin – Sumqayıtın yetirməsi olduğumuzdan elə tanışlığımızın tarixi də gedib xeyli uzaqlara – yeniyetməliyimizə, Sumqayıtın məktəblərarası spartakiadasına çıxırdı.

İllər sonra - 90-ların əvvəllərində Elçin və skripkaçı Kazbek biz sumqayıtlıların Sarıqaya adlandırdıqları bağ massivində yerləşmiş sovetdənqalma Pansionatdakı restoranın qış zalında çıxış edirdilər, bircə boş masa tapmazdın, insanlar onları dinləmək üçün ailəlikcə ora axışırdılar.

Biz də dostlarla tez-tez ora gedərdik, Rövşən, Rəhim, İlqar, Vüqar...

Elçini dinləmək çox xoş idi.

Korifey müğənnimiz, Xalq artisti Rəşid Behbudovun ifa etdiyi, musiqisi Rauf Hacıyevə aid olan “Bahar sənsiz” mahnısı var, ondan sonra kim bu mahnını oxuyubsa, dahi Behbudovun kölgəsində qalıb.

Elçinin o mahnını Pansionatda Kazbekin skripka müşayiəti ilə oxuması yadımdan əsla çıxmaz, mübaliğə olmasın, bəlkə də bir saat ayaq üstündə alqışlandı. Mahnını özünəməxsus improvizə ilə, səs imkanlarını tam açan bir muğam parçası ilə necə oxudu, ilahi.

 

Getmə gözümdən, ey canan,

Dönmərəm sözümdən, ey canan.

Səndən ilham alır, mənim könlüm,

Məni səndən inan, ayırmaz ölüm.

Gülə bilməz gülüm, bahar sənsiz

Ürəyim od tutar, yanar sənsiz...

 

Rica edirəm, YouTube paltformasından adını çəkdiyim hər iki mahnını təxirə salmadan, məhz elə bu gün, məhz elə bu yazını oxuduqdan sonra dinləyin. Dinləyin və Elçini yada salın. Bu dünyada xoşbəxtliyinə bircə addım qalana qədər gəlib də o bir addımı atdığı anda çox-çox uzaqlarda dayanıb əl eləyən bədbəxtliyə aldanan, yolunu dəyişən fitri istedad yiyəsini bu gün, lütfən, xatırlayın. Axı bu 17 iyul günü onun doğum günüdür.

Hər kəs öz avtoportretini çəkə bilsəydi, necə gözəl olardı. Simasını çəkib üz cizgilərini dəqiq ortaya qoyardı. Sonra isə ən çətinini edərdi. Öz iç dünyasını bütün təbəddülatları, ziddiyyətləri ilə ortaya qoyardı.

Axı ən peşəkar, ustad rəssam belə sənin üzünü fotoaparat dəqiqliyi ilə verə bildiyi halda, içini verə bilməz. Sənin üzün hamı üçün açıqdır, için isə yasaq ərazidir. Onu özündən başqa kimsə görəmməz.

Özünün avtoportretini çəksəydi, əminəm ki, Elçin ora arzularını həkk edərdi. Qanadlı arzularını. Quş təki uçan, hədəfdən hədəfə qonan arzularını.

Avtportreti yoxdur. Avtobioqrafiyası var. 17 iyul 1968-ci ildə Sumqayıt şəhərində musiqiçi ailəsində anadan olub. Ailədə iki qardaş, bir bacı olublar. Elçin atasını erkən yaşlarında avtomobil qəzasında itirib. Musiqiyə həvəsi ailəsindən başlanıb. Sovet dövründə ailə ansambllarından birini də Cəlilovlar ailəsi təşkil edib. Səkkiz nəfərlik ailə ansamblı müxtəlif qastrollara gedib, konsert proqramları ilə çıxış ediblər. 80-lərin əvvəllərində bu ailə ansamblı çox məşhur idi, Az.TV tez-tez onları efirə çıxarırdı. Rəsmi dövlət tədbirlərində də müntəzəm səhnə alırdılar. Daha sonra Elçin Bülbül adına musiqi məktəbinə daxil olub, Şövkət Ələkbərovadan dərs alıb.

İlk dəfə səhnəyə solo ifa üçün sazla çıxaraq, bir neçə aşıq mahnısı ifa edib.  Daha sonra  Bakı Musiqi Akademiyasına daxil olub, Arif Babayevdən dərs almağa başlayıb. Və efirlərə muğam ifaçısı kimi çıxıb. O, muğam dəsgahları ilə yanaşı, bayaq qeyd etdim, xalq, estrada mahnılarını da, romansları da gözəl ifa edib.

Və təkrar edirəm, onun səsi tenor idi, çox təəssüflənirəm, onun bu təkrarsız səsindən niyə operalarımızda istifadə edilmədi. Bir dəfə mikrofonsuz, bizlər üçün Luçano Pavarottinin repertuarından bir parça oxumuşdu, dünya musiqi xəzinəsinin incisi sayılan “Caruso”nu, onun səsi yandırıb kül eləyən ildırım şaqqıltısı idi, coşub-kükrəyən dəniz şırıltısı idi, hər şeyi qoparıb aparan külək vıyıltısı idi.

Mən indi yana-yana deyirəm, taleyi qara gəlməsəydi o, La-Skala səhnəsində oxuyacaq qədər virtuoz idi, istedadlı idi.

İki uğursuz ailə həyatından sonra 90-ların sonlarında Elçinin bəyəndiyi xanım vardı, “Ədalət” qəzetinin mühasibi Tahirə xanımla birgə yaşamağa başlamışdılar. Elçin “Azərbaycan” nəşriyyatına – Tahirə xanımı görməyə gəlirdi. Hərdən eyni mərtəbədə yerləşən bizim “168 saat”a da dönürdü, söhbətləşirdik.

Atalar üçdən deməyibmi, üçüncü dəfə qurduğu bu ailənin xoşbəxt olacağına inamı böyük idi.

Amma və lakin…

Xoşbəxtliyi ilə onun arasında həmin o “ağ ölüm” dayanmaqdaydı…

2005-ci ilin 10 may günündə - cəmi 36 yaşında vəfat etdi. Evindən ölü tapıldı. Tibbi ekspertizanın rəyi “narkotik maddələrin dozasının aşılması” idi…

 

İndi söz-söhbət gəzir, hətta efirlərə də yol açıb bu söz-söhbət. Deyirlər, onu narkotiklərə bir ağsaqqal xalq artisti öyrədib. Hələ də yaşayır o xalq artisti. Elçinsə yoxdur.

Kifayət qədər imkanlı idi, bir neçə mənzili, avtomobili vardı. Narkotika alüdəçiliyi sizə zarafatmı gəlir, əjdaha kimi ağzını açıb adamdan pul tələb edir, Elçin nəyi var idi satdı, hər şeyini itirdi, ondan-bundan borc istəmək dərəcəsinədək kiçiltdi özünü…

Bu günlərdə müğənni Nazim Pişyarinin – Faytonçu Nazimin Elçin barədə kədərli bir xatirəsini oxudum, ürəyim parçalandı.

-Elçinin çox gözəl səsi vardı. Vaxt olub ki, ən bahalı toyları o aparıb. Onun ifası bizim hamımızın ifalarından seçilirdi. Bu gün mənim ruhum dincəlmək istəyəndə, mən Elçinə qulaq asıram. Hətta etiraf edirəm ki, elə şeylər var, bu gün mən onu Elçindən öyrənirəm. Elçinin yeri bu gün də görsənir. Elçinin yeri sabah da görsənəcək. O, sənətkar idi. Rəşid Behbudov adına Mahnı Teatrının solisti idi. Elçin bu gün Xalq artisti olmalı idi, "Şərəf", "Şöhrət" ordenləri onun sinəsini bəzəməli idi. Təəssüf ki, Elçin Cəlilov bu gün sıralarımızda yoxdur…

Gerisi isə bir sənətkar ömrününü faciəvi həyatının tam kulminasiyasıdır:

Nazim Pişyarı davam edir:

-Bir gün mən toyda idim. Ofsiantlardan biri mənə yaxınlaşıb dedi ki, "Nazim müəllim, sizi foyedə bir yaşlı kişi çağırır." Çıxdım bayıra, gördüm Elçindi. Yaşlı kişi ... Elçin mənimlə həmyaşıddır e. O mənzərəni görmək heç istəməzdim... Üzü saqqallı, üstü-başı tör-töküntü. Dedi, mən acam. Mənə bir az pul ver, gedim...

Gerisi isə 2005-ci ilin 10 mayıdır. Öncə tabut... Sonra da qəbir…

Amandır, özünüzü, dost-tanışlarınızı, balalarınızı ağ ölüm adlı o kabusdan qoruyun. Amandır, imkan verməyin ki, ağsaqqal xalq artisti xislətlilər gəncləri “o zibilə” öyrəşdirsinlər.

Ürəyi təmiz, kin-küdurətdən uzaq, saf, çox sadəlövh, dostları üçün yanan bir adam idi Elçin Cəlilov. Və təkrar-təkrar deyirəm: fitri istedad sahibi idi.

Bu gün onu kimsə xatırlayırmı, qəbrinin üstünə gedəni varmı, bilmirəm. Məncə, onu unudublar. Qısa zaman kəsiyində musiqi tariximizi zənginləşdirənimizi beləcə urvatdan salmışıq.

Heyif. Çox heyif!

 

Epitafiya – yunan sözüdür, qədim Yunanıstanda mənzum şəklində olan qəbirüstü yazıya, yəni başdaşı yazısına deyirlər.

Başlığa bu sözü əbəs çıxarmadım. Elçin indi Mehdiabad qəbristanlığında uyuyur.

Və onun epitafiyası yoxdur.

Demək ki, ayrılıq belə də olurmuş.

 

Şəkildə: Elçin və ilk nikahından olan qızı

 

“Ədəbiyyat və incəsənət”

(16.07.2025)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Salam dəyərli izləyicilərimiz, bu dəfə "Sevdiyin şeiri gəl mənə söylə" rubrikasının qonağı gənc istedadlı yazar, BDU- nun Jurnalistika fakültəsinin tələbəsi əməkdaşımız Nigar Həsənzadədir.

 

-- Xoş gördük, Nigar xanım, sözü Sizə veririk.

 

-- Salam, əziz Ülviyyə xanım, xoş gördük.Mən, Nigar Həsənzadə, ziyalı ailəsində dünyaya gəlmişəm. Hələ uşaq yaşlarımdan sözə, ədəbiyyata və sənətə dərin marağım olub. Hazırda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıram. Qiraət və bədii yaradıcılıqla məşğul olmaq, şeir yazmaq və onları səsləndirmək mənim üçün sadəcə maraq deyil – bu, mənəvi ehtiyacdır, özümü ifadə formamdır. Məktəb illərindən bəri həm məktəbdaxili, həm də məktəbxarici tədbirlərdə fəal iştirak etmişəm. Universitet həyatımda da bu istiqamətdə inkişafımı davam etdirir, yazılarımı müxtəlif qəzet və platformalarda yayımlayıram.

Şeir mənim üçün ruhun qidasıdır. Hər dəfə sıxıldığımda, narahat olduğumda, içimdə sükutun səsi yüksələndə, bir guşəyə çəkilib çox vaxt sevdiyim bir şeiri səsləndirirəm, bəzən də özüm yazıram. Bəzən sözlər içimdən su kimi axır, bəzən də bir misra yetir bütün duyğuları daşımağa... Şeir çox gözəl vasitədir. İtirdiklərini axtarmağa...axtardığlarını da tapmağa...

Mənim üçün ideal anlayış yoxdur. İdeal şair, ideal şeir, ideal musiqi, ideal  müğənni. Bunlar mənim prinsiplərimdən kənardır. Mənə görə bu anın ən yaxşısı var. Bu rubrika üçün yazı yazmaq tapşırılanda ağlıma nədənsə məhz sevdiyim şeirlər içərisindən bu şeir gəldi..."Qara paltarlı qadın"

Ramiz Rövşənin “Qara paltarlı qadın” şeiri mənim üçün sadəcə poetik bir nümunə deyil – o, ağır, dərin, sükutla danışan bir hissin təcəssümüdür. Elə bu səbəbdən bu yazımda həmin şeirə ədəbi və emosional yanaşma ilə toxunmaq istəyirəm.

 

 

 

Kişilər bir olmur, atam balası –

Qorxağı var, igidi var,

Amma hər kişinin öləndən sonra

Qəbri üstdə ağlamağa

Bir qara paltarlı gözəl bir qadına ümidi var.

 

Sən öləndə kim olacaq gözlərini bağlayan?

Qardaşmı olacaq, yadmı olacaq?

Bu dünyada bəlkə sənə ən çox ağlayan,

Ən çox ağlatdığın qadın olacaq?!

 

Göz yaşları yuduqca baş daşını

Qəbrində qurcalanıb deyəcəksən: ilahi,

İllər boyu ağlatdığım bu qadın

Görən necə saxlayıbdır bu qədər göz yaşını?!

 

Bircə kərə nə saçını oxşamışam,

Nə gözünü silmişəm.

Gözlərimə batır indi saçlarının hər dəni,

İllər boyu bu qadına mən axı dərd vermişəm,

İndi görən niyə çəkir dərdimi?

 

Bu qadın baş daşımı öpüb sığallamaqdansa,

Yumruğuyla döysə-döysə yaxşıdı.

Qəbrimin üstündə ağlamaqdansa,

Məni söysə yaxşıdı.

 

Yeri-yeri, qara paltarlı qadın,

Kiri-kiri, qara paltarlı qadın.

Bu qəbir də min qəbirdən biridir.

Baş daşımı bəsdir basdın bağrına,

Bütün mənə ağlayanlar kiridi,

Sən də kiri – qəbrim damır – ağlama...

 

Bu şeir – vicdanla üzləşmə, peşmanlıq və gecikmiş dəyər bilmənin poetik tablosudur. Ancaq kişi heç vaxt bir saçını sığallamadığı qadının vəfasını özünə sığışdırmır. Heç vaxt dəyər vermədiyi bu qadının hələ də onun başdaşı üstündə olmasının öz xarakterinə aşağılıq hesab edir. Həm bir növ özü-özünü bağışlamır. Həm də bu qadının vəfasıza vəfalı olmasını bağışlamır nə özünə bəlkə də elə o qadına da. O qadının sevgisi altında əzilir. Bu sevginin yiyəsini bu cür onu əzdiyi üçün yəqin heç onu da bağışlamır. Amma ən böyük hirsi özünədir. Şairin yaratdığı kişi obrazı – sağlığında qadına dəyər verməyən, onu ancaq ağladan bir insandır. Amma öləndən sonra yaradılan obraz sanki qəbri sulayan ən saf göz yaşı bəzən onun ən çox incitdiyi qadının gözündən axır tezisini bildirir.

“Qara paltarlı qadın” obrazı Ramiz Rövşənin yaradıcılığında susqun, amma güclü qadın simvoludur. Bu obraz ağlayan, amma səsini çıxarmayan qadındır. “Qara paltar” – matəm, itki və sədaqət simvoludur.

Misralardakı səmimilik və təbii danışıq tərzi oxucunu dərindən silkələyir: 

“Məni söysə yaxşıdı..

Məni döysə yaxşıdı...”

Bu cümlələrdə peşmanlığın dərəcəsi o qədər dərin ifadə olunub ki, artıq şəfqət yox, cəza belə kişinin içindəki boşluğu doldura bilmir.

Mən bu şeiri oxuyanda sanki kişinin içindəki sükutun səsini eşidirəm. O, qadını sağlığında duymamışdı, indi isə onun göz yaşları içində qərq olur. Hiss edirəm ki, bu şeir təkcə bir kişinin deyil, bütün peşman insanların monoloqudur. Onlar sağlığında dəyər vermədiklərinə yalnız itirdikdən sonra “səs” verirlər.

Ramiz Rövşənin bu şeiri – “Qara paltarlı qadın” – susqun bir sevginin fəryadıdır. Şeir bizə göstərir ki, bəzən susqunluq hayqırışdan güclü, gecikmiş dəyər bilmək isə zamanın bağışlamadığı dərddir. Bu əsəri təhlil etmək sadəcə poetik baxış deyil, daxili bir sükutla üzləşməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(16.07.2025)

Cahangir Namazov,

“Ədəbiyyat və incəsənət” portalının Özbəkistan təmsilçisi

 

Bu dəfəki müsahibimiz – tanınmış Alban şairəsi, yazıçı, tərcüməçi, jurnalist, ədəbiyyat tənqidçisi, Albaniya Yazıçılar İttifaqının üzvü, 30-a yaxın kitabın müəllifi, bir çox nüfuzlu ədəbi mükafatların laureatı, ədəbiyyatın yorulmaz təbliğatçısı və sülhün sədaqətli elçisi – Angela Kosta’dır.

 

– Xoş gəlmisiniz, Angela xanım! Bu gün sizin adınız bir çox yaradıcı qəlblər üçün ümidin, məhəbbətin və ilhamın rəmzinə çevrilib. Sizi dünyanın müxtəlif guşələrindəki insanların qəlbinə toxunduran daxili güc və ya ilahi çağırış nə oldu?

 

– Salam! Müsahibəyə başlamazdan əvvəl sizə təşəkkür edirəm və Azərbaycan oxucularına salamlarımı göndərirəm.

Əslində, mənim yolum nə şöhrət, nə də iddia ilə deyil, ruhun ehtiyacı ilə başladı. Dörd uzun il boyunca xəstəliyim səbəbindən cəmiyyətdən uzaq qaldım. Sonra danışmaq, dünyanı sözlərlə qucaqlamaq istədim. Uşaqlıqdan – Albaniyada öyrəndim ki, söz həm sığınacaqdır, həm də müqavimət. İtaliyaya köçəndə təkcə vətən həsrətini yox, həm də səssiz bir missiyanı özümlə gətirdim: danışa bilməyənlər üçün səs, qaranlıqda yaşayanlar üçün işıq olmaq.

Bu güc – ağrının mərhəmətə çevrilməsindən, başqalarının tikdiyi divarlar yerinə körpülər qurmaq istəyindən doğdu. Papa Fransiskin dediyi kimi...

Hər bir şeir, hər bir tərcümə, hər bir mədəniyyət addımı mənim üçün sadəcə rol yox, vəzifədir. Bu qədər insanın qəlbinə toxuna bilməyimin sirri – səmimiyyət, təvazökarlıq və fədakarlıqla yazmaqda gizlidir.

 

– Şeir - qəlbin tərcüməçisi, ruhun əks-sədasıdır. Sizin üçün şeir sadəcə bədii ifadə vasitəsidir, yoxsa ilahi bir hədiyyə?

 

– Şeir mənim üçün yalnız bir sənət forması deyil, müqəddəs bir ürək döyüntüsüdür. Sanki sözlər məni seçir, hər bir misra zamanın içində artıq yazılıb və mən sadəcə onu dünyaya gətirən vasitəçiyəm.

Şeir mənim üçün ilahi bir bağışdır, bizi həm göyə, həm yerə bağlayan əbədi bir dildir.

Amma bu hədiyyə çalışmadan, sevgi və intizam olmadan yaşaya bilməz. İlham bəs etmir – onu duymalı, alovlu qığılcımı sözlərə çevirməlisən.

Hər bir şeir – bir sevgi aktı, ruhani bir təqdimat, dünyanın qaranlığında yandırılmış bir şamdır. Sükuta səs vermək, görünməyən yaraları sağaltmaq və ayrılmışları birləşdirmək üçün yazıram.

 

– Şeir və tərcümə – biri dilin müqəddəs mahiyyətini daşıyır, digəri onu yeni bir formada açır. Bu iki yol arasında hansı daxili fərqləri hiss edirsiniz? Tərcümə sizə hansı qapıları açdı?

 

– Şeir yazmaq – öz ruhunun səsini dinləməkdir. Tərcümə isə başqalarının səsinə qulaq verməkdir.

Yazarkən duyğularımda, xatirələrimdə, içimdəki dünyada gəzərəm. Tərcümə edərkən isə özümü bir kənara qoyur, başqa müəllifin səsini – təvazö və dəqiqliklə qəbul edirəm.

Şeir – yaradılışdır. Tərcümə – xidmət. Amma hər ikisi sevgidir.

Tərcümə mənə eqonu kənara qoymağı, dünyaya daha geniş perspektivdən baxmağı öyrətdi. Müxtəlif sivilizasiyalar, dillər və duyğularla tanış etdi. Mənə yeni mənəvi və mədəni üfüqlər açdı. Bu, mənə dünyanın azad vətəndaşı olmaq hissini yaşatdı.

 

– Fərqli millətləri, mədəniyyətləri və dinləri ədəbiyyat vasitəsilə bir araya gətirmək sizin üçün sənət vəzifəsidir, yoxsa ruhun dərin ehtiyacımı?

 

– Bəli, tamamilə doğrudur. Mədəniyyətləri ədəbiyyat vasitəsilə birləşdirmək – mənim üçün dərin bir ruhani ehtiyacdır. Bu, mənim kimliyimin bir hissəsidir.

Biz bu gün parçalanmaların, bəşəriyyətin bölünməsinin hökm sürdüyü bir dövrdə yaşayırıq. Kimliklər körpü yox, çox vaxt divar kimi istifadə olunur.

Ədəbiyyat bu yaranı sağalda bilər.

Mən uzaq ölkələrin müəlliflərini tanıtdıqda, koreya şeirini ingiliscədən albancaya, ərəb şeirini italyancaya tərcümə etdikdə, sanki cırılmış bir parçanı tikirəm, demək istəyirəm: “Biz fərqliyik, amma bir-birimizi anlaya, sevə bilərik.”

Mənim fəaliyyətimin məqsədi – ortaq insanlığımızı birləşdirməkdir.

 

– 6 mart 2025-ci ildə İtaliya Senatında keçirilən “Divina Mente Donna” tədbirində siz həm münsiflər heyətinin üzvü, həm də VerbumlandiArtAps Assosiasiyasının üzvü kimi iştirak etdiniz. Bu nüfuzlu tədbir haqqında nə deyə bilərsiniz?

 

– “DivinaMente Donna” tədbirində iştirak – mənim şəxsi və mədəni yolumun ən əlamətdar anlarından biri oldu. Bu tədbir 6 mart 2025-ci ildə, İtaliya Senatının Zukari zalında, VerbumlandiArtAps Assosiasiyasının Prezidenti cənab doktor Regina Restanın təşkilatçılığı ilə baş tutdu.

Təkcə dəvətli qonaq yox, həm də münsiflər heyətinin və bu Assosiasiyanın rəsmi üzvü kimi iştirak etmək, Senat tərəfindən tanınmaq – mənim üçün çox böyük dəyər idi.

Bu tədbir – qadınların elm, sənət və cəmiyyət sahəsindəki uğurlarını qeyd etmək üçün yaradılıb. Və bu tədbirin İtaliya demokratiyasının ən yüksək tribunasında keçirilməsi – qadınların sosial inkişafdakı roluna verilən dərin hörmətin göstəricisidir.

Münsif kimi mənim vəzifəm – çox vaxt səssiz, lakin işıqlı fəaliyyətləri ilə ədəbiyyat, incəsənət, elm və vətəndaş fəallığı sahələrində cəmiyyətə töhfə verən qadınları qiymətləndirmək idi.

Bu tədbir, azadlıq, ləyaqət, dialoq ideallarında birləşən müxtəlif ölkələrin qadınları ilə görüş və paylaşım məkanı oldu.

Yazıçı, jurnalist və şair kimi qadın hüquqları uğrunda mübarizə aparan çoxsaylı həmkarlarla bir araya gəlmək – mənim üçün həm peşəkar, həm də mənəvi baxımdan mühüm idi.

Rəsmi iştirakım və Regina Resta xanıma dərin təşəkkürüm – mənim poetik, tərcüməçi və beynəlxalq mədəniyyət daşıyıcısı kimi fəaliyyətimin tanındığını bir daha sübut etdi.

Bu tədbir – parçalanmalara qarşı güclü bir səs, insan dəyərinin, qadın zərifliyinin və düşüncənin gücünün bayramı idi.

 

— Sizin yaradıcılıq yolunuzda ən böyük çətinlik nə olub? Bu çətinlik sizi dayandırdı, sındırdı, yoxsa sizə yeni güc və baxış bəxş etdi?

 

— Ən böyük çətinliyim tənhalıq olub. Miqrantın tənhalığı, maddi dəyərlərin artdığı bir dünyada mədəniyyəti seçən qadının tənhalığı... Amma həm də maliyyə dəstəyi olmadan, qurulmuş şəbəkələrə sahib olmadan, yalnız inancına arxalanaraq mədəniyyət uğrunda mübarizə aparan insanın tənhalığı. Bu tənhalıq məni sındırmadı; əksinə, məni möhkəmləndirdi. Sükutun, səbrin və gündəlik zəhmətin dəyərini öyrətdi. Hər bir maneə poeziyaya çevrildi, hər bir məyusluq səxavətli bir hərəkətə. Çətinliklər baxışa, yaralar qanada çevrildi.

 

— “Sülh Elçisi” adı yalnız bir şərəf deyil, həm də böyük bir məsuliyyətdir. Sizcə, bu qədər təlatümlü bir dünyada poeziya və ədəbiyyat sülhə necə xidmət edə bilər?

 

— Müharibələr, ekoloji böhranlar və texnoloji tənhalıqla dolu bir dünyada poeziya insanın içindəki səsdir ki, deyir: “Sən varsansa, tək deyilsən.” Ədəbiyyat insanlığın yaddaşıdır, eyni zamanda bir növ peyğəmbərlikdir. O, dəyişiklikləri qabaqlaya, dinc inqilablara ilham verə və sağalda bilər. Mənim “Sülh Elçisi” kimi fəaliyyətim, inandığım bir həqiqətə əsaslanır: doğru zamanda deyilmiş düzgün bir söz bir insanın həyatını xilas edə bilər. Bu, heç də şişirtmə deyil. Poeziya stereotipləri sındıra, görünməz və sonsuz körpülər qura bilər ki, mənasız və ədalətsiz müharibələrin altında itirilmiş ləyaqəti bərpa etsin. Mən çoxdilli ədəbiyyatı təşviq etməklə və mədəniyyətlərarası dialoqu gücləndirməklə kiçik bir şəkildə də olsa daha ədalətli və humanist bir dünya üçün çalışıram.

 

— Siz müxtəlif millətlərdən olan yaradıcıları bir araya gətirməyi bacarmısınız. Bu iş üçün lazım olan səbir, sevgi və fədakarlığı haradan alırsınız? Daxili ilham mənbəyiniz nədir?

 

— Mənim enerji qaynağım yer üzündəki hər canlıya, nəfəs alan və işıq saçan hər bir varlığa — insanlara, heyvanlara və təbiətin bizə bəxş etdiyi möhtəşəm nemətlərə qarşı duyduğum ümumbəşəri sevgidir. Ədəbiyyat və təbliğat sahəsinə olan sevgim alqış axtarışında deyil; başqalarının işığında sevinc tapan bir sevgidir. Məsələn, bir tanınmamış şairin mənim tərcüməmlə ilk dəfə Albaniyada və ya İtaliyada eşidildiyi üçün duyğulandığını görmək, mənə mənalı və dəyərli gəlir. Səbir, gördüyüm işə olan dərin inamımdan doğur. Fədakarlığım isə mənə bəxş edilmiş həyata, qələmə və sözə olan təşəkkür hissindən qaynaqlanır. Qarşıma çıxan hər sima, eşitdiyim hər dil məni zənginləşdirir. Mən də aldığımı coşğu və mədəniyyətin dünyanı dəyişə biləcəyinə olan inamla qat-qat geri qaytarıram.

 

— Siz çoxsaylı yazıçı və şairə təkcə əsərlərini beynəlxalq səhnəyə çıxarmaqda deyil, həm də mənəvi dəstək göstərmisiniz. Sizi bu yola yönəldən nə oldu?

 

— Mən şəxsən yolun nə qədər çətin olduğunu yaşamışam. Səsin olmayanda, əlaqələrin və çıxış yollarının harada olduğunu bilməyəndə, qapıların və pəncərələrin üzünə bağlandığını görəndə nə demək olduğunu bilirəm. Bu da məni başqalarının istedadına qarşı daha həssas etdi. Mən vaxtımı, enerjimi və resurslarımı istər yeni, istərsə də tanınmış yazıçı və şairlərə həsr etməyi seçdim, çünki rəqabətə deyil, həmrəyliyə əsaslanan bir mədəniyyətə inanıram. Motivim sadədir: əgər bir sözün dəyəri varsa və o, insanı xilas edə bilərsə, hər yazıçı eşidilməyə layiqdir. Mən sadəcə bir vasitəçiyəm, bu səslərə körpü olan bir insanam. Hər dəfə kiminsə yolunu açdığımda, öz yolum daha da mənalı olur.

 

— Bir neçə beynəlxalq nəşr sizi “Sülh Elçisi” adlandırıb. Münaqişələrlə dolu bir dünyada sözlə sülh toxumu səpmək asan deyil. Siz bu rolda hansı məsuliyyətləri hiss edirsiniz?

 

— “Sülh Elçisi” adını daşımaq mənim üçün sadəcə simvolik bir şey deyil, gündəlik və dərin etik bir öhdəlikdir. Sözlərin çox zaman bölmək, təhqir etmək və ya manipulyasiya üçün istifadə edildiyi bir dünyada, mən onları birləşdirmək, sağaltmaq və körpülər salmaq üçün seçdim. Bu, asan deyil, çünki ədəbiyyatla sülh təbliğ edənlər çox zaman laqeydlik və ədəbi dəyəri anlamayan baxışlarla qarşılaşır. Amma mən qəti şəkildə inanıram ki, həqiqətlə yazılmış hər bir misra bir ürəyə toxuna, bir vicdanı dəyişə və susmuş bir səsi oyada bilər. Mənim məsuliyyətim ikidir: bir tərəfdən, hakimiyyət qarşısında əyilməyən və yalan danışmayan sözə sadiq qalmaq, digər tərəfdən isə mədəniyyətlərin dialoqa girdiyi və fərqliliklərin parçalanmaya yox, zənginliyə çevrildiyi beynəlxalq məkanlar yaratmağa davam etməkdir. Tərcümə olunan hər kitab, dəstəklədiyim hər müəllif, redaktə etdiyim hər jurnal, birgəyaşayışın kövrək torpağında əkilən bir sülh toxumudur. Bacardığım qədər, bu toxumları səpməkdən heç vaxt vaz keçməyəcəyəm.

 

— Əgər həyatınızı bir misrada təsvir etməli olsaydınız, bu misra necə olardı?

 

— Əgər bütün həyatımı bir misraya yığmalı olsaydım, deyərdim: “Səssizcə şeirlə keçdim yollardan, kölgəyə işıq toxumu səpdim.”

Bu misra mənim həyatımı əks etdirir: arzular və fədakarlıqlarla keçən uşaqlıq, vətəndən ayrılıq, miqrasiyanın çətinliyi, yazı vasitəsilə yenidən doğuluş və mədəniyyətə şəfa və dirçəliş vasitəsi kimi tam bağlanma. Haqsızlıqların və görünməyən yaraların sükutundan mən yaradıcılığa doğru addımladım — şöhrət üçün deyil, paylaşmaq, ruhlandırmaq və izah etmək üçün: ağrıdan da gözəllik doğa bilər. Səhifədə qoyduğum hər söz, kiçik bir işıq, bir sevgi izidir — zamanın içində davam edən bir hərəkət.

 

— Hələ Azərbaycanda olmamağınıza baxmayaraq, qəlbinizdə bu torpağın hansı obrazları və ruhu yaşayır? Ruhunuz Azərbaycana səfər etdikdə nə görür, nə duyur?

 

— Mən hələ Azərbaycana səfər etməmiş olsam da, bu torpaq mənim qəlbimdə poeziyası, tarixi və insanları ilə yaşayır. Mən Azərbaycanı Şərqlə Qərb arasında bir körpü kimi təsəvvür edirəm — qədim ənənələr və müasir ruhun bir harmoniya içində əl-ələ verdiyi bir məkan. Onun muğamını ruhun səssizliyində eşidirəm, xalçalarını mədəniyyətlərin bir-birinə qarışdığı metaforalar kimi görürəm, təbiətinin mənəviyyatını isə təfəkkürə dəvət kimi hiss edirəm. Ruhum Azərbaycanı xəyal etdikcə, onun dağları və minarələri arasında gəzir, Nizami Gəncəvi kimi klassiklərin sözlərində və bu günün istedadlı gənc yazarlarının yaradıcılığında ilham tapır. Arzum odur ki, ədəbiyyat bizi birləşdirsin, bir gün səsimi orada eşitdirim və eyni zamanda Azərbaycanın səsi də dünya oxucularının qəlbində əks-səda tapsın. Tərcümə və təbliğ etdiyim, dəyərli dostum Təranə Turan Rəhimli kimi Azərbaycanlı şairlərlə üz-üzə görüşmək ümidi ilə hər birinizə təşəkkür edirəm.

 

“Ədəbiyyat və incəsənət”

(16.07.2025)

 

 

İtaliyanın məşhur “RAİ 1” kanalı Azərbaycanda  dövlət xidmətlərinin göstərilməsi sahəsində rəqəmsal texnologiyaların və süni intellekt həllərinin tətbiqi ilə bağlı sujet yayımlayıb.

“Ədəbiyyat və incəsənət” portalına ASAN-dan verilən məlumata görə, Jurnalist Barbara Karfanya tərəfindən hazırlanan materialda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və “ASAN xidmət”in fəaliyyətinə də xüsusi yer ayrılıb.

Diqqətə çatdırılır ki, Azərbaycan Prezidentin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzləri və burada tətbiq olunan innovativ texnologiyalar nəticəsində vətəndaş məmnunluğunun əldə olunması istiqamətində uğurlu nəticələr var.

Vurğulanır ki, dövlət orqanları ilə vətəndaşlar arasında əsas görüş yerinə çevrilən mərkəzlərdə 400-dən çox xidmət göstərilir və bu əsl gələcəyə baxışdır.

Həmçinin  “ASAN xidmət”in 2015-ci ildə  BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görüldüyü və bu modelin dövlət idarəçiliyində innovasiyalar axtaran ölkələr üçün nümunə olduğu ifadə olunur.

Sujetdə müasir innovativ texnologiyaların tətbiqi istiqamətində Səyyar ASAN xidmətin və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi barədə məlumat verilir. Həmçinin vətəndaşlara xidmət sahəsində ASAN könüllülərinin reallaşdırdığı təşəbbüslərdən də söz açılır.

Reportaja keçid: https://youtu.be/qVKBqyahQ6A?si=sm1dBqKcxShRszjC

 

“Ədəbiyyat və incəsənət”

(15.07.2025)

Çərşənbə axşamı, 15 İyul 2025 14:06

Qızıl kimi insan – HACI TAHİR MƏLİKOV

                                    

 

Ağalar İdrisoğlu,

yazıçı-dramaturq-rejissor, Əməkdar incəsənət xadimi. “Ədəbiyyat və incəsənət” üçün

 

Hacı Tahir Məlikov: “Ticarətlə məşğul olmaq bu gün çox çətindir. Çünki ticarət bu gün istedad, bacarıq, halallıq və düzgünlük tələb eləyir”.

 

 Onunla dörd il bundan qabaq Sumqayıt Dostlar Klubu idarə heyyətinin üzvü kimi ünsiyyətimiz, münasibətimiz başladı. Birgə yol yoldaşı olduq. Ulularımız deyib ki, “ insanı yolda tanıyarlar”. Biz də yol yoldaşı olanda və həmişə təmasda olub söhbətlər edəndə bu insanın qanı və canı ilə millətə, Vətənə, dövlətə, dövlətçiliyə bağlı olduğunu, yüksək tərbiyəsini görəndə fikirləşdim ki, onu bizim dostlar klubunun idarə heyttəinə təklif edəndə Sumqayıt Dostlar Klubunun sədri, maraqlı yazıçı-publisist, ictimai xadim Hümbət Həsənoğlu öz fikirlərində yanılmayıb.

 

Hacı Tahir Məlikov artıq ömrünün 58-ci ilini arxada qoyur. Onun 55 yaşı tamam olanda, Ulu Tanrı mənə imkan verdi ki, xalqımızın belə bir ziyalısı ilə dəyərli oxucularımızı  tanış etdim. O vaxt onun haqqında yazdığım esse çox maraqla qarşılandı və həmin essedə onun keşməkeşli həyat yoluna bir nəzər  saldıq.

İndi yenə də istəyirəm ki, onun keçmiş həyatını birlikdə vərəqləyək: Tahir Bəhlul  oğlu Məlikov 1967-ci ilin iyul ayının 15-də Sumqayıt şəhərində  anadan olub. Səkkiz il Sumqayıt şəhər 1 nömrəli məktəbdə təhsil  alıb. Sonra təhsilini 49 nömrəli texiki-peşə məktəbində davam etdirib. İki il İrkutsk vilayətinin Ustilim şəhərində hərbi xidmətdə olub. Ordudan qayıdandan sonra Azərbaycan Dövlət Neft Akademiyasında təhsilini davam etdirib. Kimyəvi texnologiya prosesləri mühəndisi olub. Təyinatla Sumqayıt şəhər Səthi Aktiv Maddələr zavoduna göndərilib. Dövlət mükafatı laureatı, Prezidentin Fərdi təqaüdçüsü və hal-hazırda Sumqayıt Ağsaqqallar Şurasının sədri olan Təbrik Quliyevin rəhbərlik elədiyi bu zavodda uzun illər mühəndis işləyib. 1996-cı ildən kommersiya ilə, sahibkarlıqla məşğul olduğuna görə zavoddakı işindən çıxıb.

Onun lap uşaq yaşlarından bir amalı vardı: “İnsan həyatda düzgün olmalıdır”. Bax, məhz buna görə də Tahir  sahibkarlıq sahəsində öz yolunu seçdi, böyük uğur, hörmət,  nüfuz qazandı.

Hacı Tahir həmişə deyir ki, “ticarətlə məşğul olan insan, birinici növbədə, özü və ətrafındakı adamlar təmiz, pak olmalıdır. Mənim ticarət sahəsinə gəlməyimdə dostum  Hacı Təşkilat Ağayevin çox köməkliyi olub. Allah onun malına-mülkünə bərəkət versin və  balalarının canını sağ eləsin!”

Əfsus ki, Azərbaycanda çox zaman ticarəti aldatmaq kimi başa düşürlər. Ona görə də əksər adamlar bu sahədə uduzurlar. İşləri gətirmir. Hacı Tahir deyir ki,“hər kəsin, hər insanın  öz qabiliyyəti, bacarığı, istedadı var. Ticarət, sahibkarlıq mən deyərdim ki, böyük istedad, dərin savad, bacarıq və uzaqgörənlik tələb eləyir. Bu sahədə məşğul olmaq istəyənlər, əvvəllər uğur qazanmış tanınmış tacirlərin, sahibkarların həyatını yaxşı öyrənməlidirlər. Elə Hacı Zeynəlabdin Tağıyevin, Musa Nağıyevin və başqalarının əldə ertdiyi uğurları, hansı maneələrdən keçdiklərini bilməlidirlər. Ən əsası halallığa və düzgünlüyə üstünlük verməlidirlər. Əgər bu keyfiyyətləri özündə formalaşdıra bilməsələr, hökmən qazandıqlarını itirəcəklər. Allahın hər bir adama verdiyi nəfs deyilən gözəl bir şey var. Çox varın-dövlətin dalınca qaçmaq olmaz. İnsan çalışmalıdır ki, nəfsini qorusun. Nəfsimizi bütün məqamlarda idarə etməyi bacarmalıyıq. Əgər sənə verilənlə razılaşsan, ürəyinin səsinə qulaq assan, onda sən yaxşı, qəlbi təmiz, pak insan olacaqsan. Mən də bu amallara söykənərək öz işimi qurdum. Elə insanlar olur ki, ticarətin, sahibkarlığın  qanunlarını yerinə yetirmədiyinə,  öz nəfsinin qurbanı olduğuna görə bu sahədə uduzurlar.  Ona görə də insan elə olmalıdır ki, pul qazanmaq xatirinə xarakterini, simasını itirməsin. İnsanın öz duyğu və düşüncələrini bir yerə yönəltməsi mənəvi gücün başlıca qayəsidir. Həm də insanın öz hissləri  üzərində hakim olmağı bacarması mənəvi böyüklüyün əsasıdır. Mən təmizliyimi, paklığımı qoruduğuma və  nəfsimin qulu olmadığıma görə həmişə mənə köməklik eləyib, dəstək olublar. Bu ömrü beləcə yaşayaraq,  artıq onun 58 ilini arxada qoymuşam. Fikirləşirəm ki, hələ həyatda görəcəyim işlər çoxdur. Mən onları Allahın izni ilə  reallaşdırmalıyam. Ticarətə, sahibkarlığa  yenicə başlayan gənclərə məsləhətim budur ki, onlar bilsinlər  həyat böyük, çətin bir mübarizə meydanıdır. Burada uduzmaq da olar. Ona hazır olun və sonra özünüzdə güc toplayıb yenidən mübarizə aparın ki, qələbə çalasınız. İnsan həmişə özünə bu sözləri deməlidir: “Mən bacaracam. Mən güclüyəm”. Çalışın, ali məqsədinizə doğru yönəlin, həyatdan zövq alın. Onda yaşamaq da çox gözəl olar. Bəzən olub ki, mən hayatda səhvlər eləmişəm. Bax, ona görə də ticarətlə məşğul olmağa yeni başlayan gənclərin səhv eləməsini  istəmirəm...

44 günlük Vətən müharibəsindəki qələbəmiz və bir günlük lokal xarakterli döyüşlərdə düşməni ağ bayraq qaldırmağa məcbur eləməyimiz məni çox sevindirdi. İnanın ki, sevincdən ağladım. Ölkə başçımız cənab İlham Əliyevin və qüdrətli ordumuzun apardığı döyüşlərdən ürəyim dağa döndü. Təvazökarlıqdan uzaq olsa da deyim ki, mən də Qarabaş döyüşləri üçün çox  böyük vəsaitlər köçürtdüm. Bundan fərəh  duydum. Bütün azərbaycanlılar kimi bunu mən də özümün müqəddəs borcum bildim. Bəli. Bizim xalqımız dünya xalqlarına necə güclü, qüdrətli xalq olduğunu bir daha sübut elədi. Mən də bu xalqın oğlu kimi çox güclü, qururlu olduğum üçün bəzən öz-özümə deyirəm: “Səbrli, dözümlü ol, sən bu işi bacaracaqsan. Sən bunu  etməlisən”. Əlbəttə, bu illər ərzində yaxşıyla bərabər pis günlər də yaşamışam. Bu, həyatdır. Onun enişi və yoxuşu var. Amma heç vaxt ümidsizliyə qapılmamışam. Hər şeyin ürəyimcə olması üçün çalışmışam. Bax, bu anları düşündükcə həm sevinc, həm də kədər hissləri yaşayıram. Ulu Tanrıya şükürlər olsun ki, indi sizinlə üz-üzə oturub, müsahibə verirəm. Bu günlərə sağlam  gəlib çatdığım üçün çox xoşbəxtəm. Ən əsası isə ölkə başçımız cənab İlham Əliyev biz sahibkarlara lazım olan bütün şəraitləri yaradıb və biz də çalışırıq ki, ölkə başçımızın yanında olub, işsizliyin aradan götürülməsi üçün əlimizdən gələn bütün köməklikləri edək.

Çox sevinrəm ki, gözəl ailəm, uşaqlarım, dostlarım var. Mənə həyatda güc, qüvvət verən Allahım var. Oğlum Əli Çində təhsil alıb. Əla mütəxəssisdir. Öz savadına, bacarığına görə iş yerində böyük hörmət qazanıb. Kiçik oğlum Bəhlul Türkiyədə ali təhsil alıb. Bu gün iş adamıdır. Qızım Nəzifə Türkiyədə Tibb Universitetində təhsil alır.  Övladlarımın tərbiyəsində, savadlı böyüməsində  həyat yoldaşım Aynur xanımın əməyi daha çox olub.

Əvvəllər elə fikirləşirdim ki, həyatda bu qədər uğurları qazanmaq çətin olacaq. Amma Uca Tanrı mənə lazım olan qisməti bəxş edib. Bu da yəqin ki, uzun illərdir Allaha ibadət etməyimdəndir. Ən əsası da hər bir əməlimdə düzəm. Bacardığım qədər xeyriyyəçilik eləyirəm. Yanımda işləyənlərə hər cürə şərait yaradıram ki, ailələrini yaxşı dolandıra bilsinlər. Əgər bunları mənə Ulu Tanrı veribsə, mən də onu  Onun bəndlərinə xərcləməliyəm. Həyatda ən layiqli dostlar qazanmışam. Həqiqətən də əsl dostluq böyük qüvvədir. Arxadır, dayaqdır. İnsan gərək  haqqı itirməsin. Ona yaxşılıq eləyənləri, çörək verənləri yaddan çıxarmasın. Çalışmaq lazımdır ki, həyatda özünə yaxşı dostlar seçəsən. Son illərdə qazandığım ən dəyərli dostlarım isə Sumqayıt Dostlar Klubunun idarı heyyətinin üzvləridir. Onlarla tanış olmaq mənim üçün böyük xoşbəxtlikdir.

Ulu Peyğəmbərimizin belə bir hədisi var: “Alimlərlə otur-dur  ki, alim olasan”. Dahi Mövlanə deyib ki, “bitkinin gözəlliyi toxumundan, insanın gözəlliyi isə qəlbindən gəlir”; “ Həyatda sözdən ağır yük yoxdur. Çünki bədən çox yükü qaldırar, amma könül hər sözü qaldıra bilməz”. Çalışaq ki, bu keşməkeşli həyatda qəlbimiz təmiz, pak olsun. Onda yaşamaq da gözəl olar. Bizi hamı sevər və hamı bizə böyük ehtiram göstərər”.

P. S. Bax, bizim dostumuz Hacı Tahir Məlikov məhz belə müsbət əməllərinə görə qızıl kimi insandır. Əgər  hər bir insan belə olsa, belə xeyirxah əməlləri özündə ehtiva eləsə, bu məmləkətdə yaşamaq həqiqətən də gözəl olar.

 

“Ədəbiyyat və incəsənət”

(15.07.2025)

 

 

 

 

 

 

 

Çərşənbə axşamı, 15 İyul 2025 17:41

PORTAL AKADEMİYASINDA - Liderlik qanunları, nömrə 6

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.   

 

Liderliyin xüsusi qanunları hansılardır?

 

«Seminarların və kitabların köməyi ilə uzun illər liderlik öyrətdiyim yuz minlərlə insana və özündə liderlik keyfiyyətlərini inkişaf etdirmək istəyən şəxs, sənə ithaf olunur. Bütün yüksəliş və enmələr liderliyin sayəsində baş verir» sözləri ilə başlayan «Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.

Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər.

 

Beləliklə, 21 qanundan növbətisi:

 

6.Möhkəm özül qanunu

«Liderliyin əsası etibardır»

Sistematik olaraq yaxşı qərarlar qəbul edən, öz hesabına qələbələr yazan lider komandasının etibar kreditini daim yüksəldir. O, hətta nöqsan buraxanda belə etibarına xələl gətirmir.

Özünə etibar qazanmaqçun liderdə kompetentlik, xarakter, habelə ətrafındakılarla əlaqə yaradıb müntəzəm bu əlaqəni saxlamaq bacarığı olmalıdır.

General Şvartskopf yazır: «Liderlik strategiya və xarakterin güclü birliyidir. Əgər siz bu iki keyfiyyətdən birindən imtina etməyə məcbursunuzsa, onda yaxşısı budur strategiyasız qalın».

Liderin xarakteri güclü olanda insanlar ona etibar edirlər, eləcə də onlarda çalışdıqları təşkilatın gözəl gələcəyinə böyük inamları yaranır. Güclü xarakter – liderin möhkəm özül üzərində bərqərar olması deməkdir.

Liderlər necə olur ki, özlərinə hörmət qazanırlar? Ağıllı qərarlar qəbul edəndə, öz səhvlərini etiraf edəndə, bir də ardıcıllarının, təşkilatının maraqlarını öz şəxsi maraqlarından üstün tutanda.

Liderin möhkəm xarakteri ardıcılları arasında ona etibar yaradır. Amma elə ki, lider ümidləri doğrultmur, o, insanları ardınca aparmaq qabiliyyətini itirir. Möhkəm özül qanunu məhz budur.

 

“Ədəbiyyat və incəsənət”

(15.07.2025)

 

37 -dən səhifə 2345

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.