İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Onun ifası çox bəyənilir.
Böyük pərəstişkar ordusu var.
Cazımıza yeni nəfəs, yeni həyat verib.
Söhbət Azərbaycan Respublikasının Əməkdar Artisti Nurlan Növrəslidən gedir. Və bu gün onun doğum günüdür.
Nurlan Novrəsli 16 iyul 1984-cü ildə Bakı şəhərində anadan olub. Dahi azərbaycan şairi Mirzə Ələsgər Növrəsin nəticəsidir. 1993–2002-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin kaman və xanəndəlik sinfində təhsil alıb. 2006-cı ildə Bakı Musiqi Akademiyasının "solo oxuma" fakültəsini, professor Elmira Quliyevanın sinfini bitirib. Musiqi məktəbləri arasında keçirilən VII Respublika müsabiqəsinin laureatı olub.
İlk olaraq Space telekanalının təqdim etdiyi "Azəri Star–2004" musiqi-televiziya müsabiqəsində iştirak etdiyi dövrdə geniş tamaşaçı kütləsi tərəfindən tanınıb. O bu müsabiqədə İlhamə Quliyeva və Faiq Sücəddinov kimi tanınmış sənətkarların xüsusi rəğbətini qazanıb və yarışmanın finalçısı olub. Növrəsli 2006-cı ildə Qazaxıstanda keçirilən "CAHAN DALA" IX Populyar musiqi və mahnı müsabiqəsinin laureatı, I yerin qalibidir.
Mütamadi olaraq Azərbaycan Televiziyasının önəmli rəsmi gecələrində və tədbirlərində iştirak edir. O həmçinin Azərbaycan Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Mədəniyyəti günlərində Azərbaycanı təmsil edib. İstedadlı müğənni olmasıyla bərabər, həm də gözəl kaman və skripka ustasıdır.
Allah xeyirli ömür nəsib etsin!
“Ədəbiyyat və incəsənət”
(16.07.2025)