ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Çərşənbə, 28 May 2025 11:10

Kamançanın Paqaninisi HABİL ƏLİYEV

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Onu kamanın sehirkar ifaçısı kimi tanıyırdıq, eləcə də duzlu-baməzə söhbətləri həmişə dillərdə dolaşırdı.

Musiqi dahisi Habil Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. Yeddinci sinfi və həm də musiqi məktəbini bitirəndən sonra pedaqoji məktəbə daxil olub.

 

Habil Əliyev 1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirrlərini öyrənməyə başlayıb. Habilin ifaçılığı bəstəkar Soltan Hacıbəyovun da diqqətindən yayınmayıb. Bəstəkar, Habilin potensial imkanlarını nəzərə alıb ona filarmoniyada işləməyi məsləhət görüb.

 

Habil Əliyev 1953-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əvvəlcə rəqs ansamblında müşayiətçi, sonra isə trioda kamança çalan kimi fəaliyyətə başlayır. 

 "Segah", "Bayatı-Qacar", "Bəstənigar", "Bayatı-Şiraz", "Rahab", "Bayatı-Kürd", "Cahargah", "Rast", "Zabul" muğamlarına yeni kamança həyatı vermişdir. Beləliklə, Habil Əliyev əllinci illərin sonu, altmışıncı illərin əvvəllərində mahir kamança ustası kimi formalaşıb, el arasında geniş şöhrət tapıb.

Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri, tez-tez Nikkolo Paqanininin ifaçılığı ilə müqayisə edirlər.

Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur. Habil Əliyevin ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb.

 

Fəxri adları

 

"Azərbaycan SSR əməkdar artisti" fəxri adı 

"Azərbaycan SSR xalq artisti" fəxri adı

"Şöhrət" ordeni

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü 

"İstiqlal" ordeni 

 

Filmoqrafiya

 

- Qanun naminə 

- Dəli Kür 

- Günlərin bir günü...

- Nəğməkar torpaq 

- Habil Kaman 

- Sarı gəlin 

- Qızıl fonddan seçmələr

- Kamanın naxış sehri 

- Muğamat var olan yerdə

- Heydər Əliyev 

- Kamançanamə

 

Habil Əliyev 2015-ci il sentyabrın 8-də vəfat etmişdir. Bakıda, I Fəxri Xiyabanda dəfn olunmuşdur.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(28.05.2025)

 

 

 

Çərşənbə, 28 May 2025 10:07

“TEDx Sumgait” uğurla başa çatıb

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət”

 

Sərfəli xidmətləri ilə abunəçilərinə ən yaxın mobil operator olan “Nar”ın əsas tərəfdaşlığı ilə keçirilən “TEDxSumgait” tədbiri bu il də ilhamverici çıxışlar və maraqlı ideyalarla yadda qaldı.

 

Təxminən 500-dən çox iştirakçının qatıldığı tədbirdə 8 spiker səhnəyə çıxaraq builki mövzu – “Təsadüf | Kəpənək effekti” barədə şəxsi təcrübə və baxışlarını bölüşdülər.

İki hissədən ibarət proqramda müxtəlif peşə sahələrini təmsil edən spiker çıxışları ilə yanaşı, musiqili fasilələr və interaktiv anlar da iştirakçılar tərəfindən maraqla qarşılandı. Qeyd edək ki, ilk dəfə 2019, daha sonra 2023-cü ildə keçirilmiş “TEDxSumgait” artıq şəhər üçün ənənəvi və gözlənilən layihələrdən birinə çevrilib.

Tədbirin açılışında çıxış edən “Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova bildirib: “Nar olaraq gənclərin bilik və bacarıqlarının inkişafına, intellektual mühitin formalaşmasına hər zaman xüsusi önəm veririk. “TEDx” kimi platformalara dəstəyimiz də bu istiqamətdə atılmış ardıcıl və məqsədli addımlarımızdan biridir”.

“TEDxSumgait”ın əsas tərəfdaşı olan “Nar” cəmiyyətin müxtəlif təbəqələrinə xitab edən sosial təşəbbüslərə verdiyi dəstəklə tanınır. Bu tərəfdaşlığın məqsədi isə gəncləri və öyrənməyə həvəsli insanları bir araya gətirmək idi. “Nar”ın dəstəyi ilə gerçəkləşən sosial layihələr haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 

“Ədəbiyyat və incəsənət”

(28.05.2025)

 

Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət"

 

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması nəinki xalqımızın, bütünlükdə müsəlman Şərqinin tarixində mühüm bir hadisə idi. Belə ki, əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımız nəhayət ki, həmin gün öz müstəqilliyinə qovuşdu. 1918-ci ilin fevralında yaradılmış Zaqafqaziya seymi həmin il may ayının 25-də dağıldıqdan sonra mayın 27-də seymin 44 nəfərlik müsəlman fraksiyası Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk milli hökuməti yaratmaq üçün Tiflisdə toplaşdı. Fraksiya ölkəmizin idarə olunmasını öz üzərinə götürərək Azərbaycan Milli Şurasını yaratdı. Milli Şuranın mayın 28-də keçirilən tarixi iclasında qəbul edilən 6 maddədən ibarət İstiqlal Bəyannaməsi ilə Azərbaycanın dövlət müstəqilliyi elan olundu.

 

Bəyannamədə bildirilirdi ki, Azərbaycan tamhüquqlu müstəqil dövlət, onun idarə forması isə xalq cümhuriyyətidir. Elə həmin gündə Milli Şuranın tapşırığı, Fətəli xan Xoyskinin başçılığı ilə 9 nəfərdən ibarət cümhuriyyətin ilk hökumət kabineti təşkil edilmişdir. Milli hökumət 1918-ci il iyunun 4-də Osmanlı dövləti ilə Batum müqaviləsini bağladıqdan sonra Osmanlı imperatorluğu Azərbaycan Xalq Cümhuriyyətini tanıyan ilk dövlət oldu.

Həmin dövrdə Bakı şəhəri Xalq Komissarları Sovetinin nəzarətində olduğu üçün 1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurası və müvəqqəti hökumət Tiflisdən Gəncəyə köçmüşdür. Bir gün sonra Gəncədə Milli Şura öz fəaliyyətini müvəqqəti olaraq dayandırmış və Müəssislər Məclisi çağırılanadək bütün hakimiyyəti Fətəli xan Xoyskinin sədrliyi ilə yaradılmış ikinci hökumətə həvalə etmişdir. O zaman milli hökumətin qarşısında duran ən böyük vəzifə Bakını işğalçılardan azad etmək, bütün ölkə ərazisində Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətini bərqərar etmək idi. Buna görə də milli ordu birlikləri yaratmaq ən zəruri addım idi və iyunun 26-da müsəlman hərbi korpusunun ayrıca Azərbaycan Korpusuna çevrilməsi ilə ölkəmizdə ilk Milli Ordu yaradılmasının əsası qoyulmuşdur. Təxminən, iki ay yarımlıq bir müddətdən sonra 1918-ci il sentyabrın 15-də Azərbaycan Xalq Cümhuriyyətinin birləşmiş hərbi qüvvələrinin mübarizəsi sayəsində Bakı azad edilmiş, sentyabrın 17-də Azərbaycan hökuməti Bakıya köçmüşdür.

Parlamentli respublika idarəçiliyinin hüquqi norma və qaydalarına uyğun olaraq hökumət tərəfindən Müəssislər Məclisinin çağırılması üçün bir sıra tədbirlər həyata keçirilsə də, ölkədə yaranmış ağır ictimai-siyasi vəziyyət parlamentə seçkilər keçirməyi çətinləşdirirdi. 1918-ci il noyabrın 16-da toplanan Milli Şura mövcud fövqəladə şəraitdə Müəssislər Məclisinin çağırılmasının qeyri-mümkünlüyü ilə əlaqədar olaraq ali hakimiyyət orqanı kimi “Azərbaycan Parlamentinin yaradılması haqqında” Qanun layihəsini hazırlamış və həmin il noyabrın 19-da bu qanunu qəbul etmişdir.

Milli Şura tərəfindən təşkil edilmiş parlamentin 1918-ci il dekabrın 7-də Hacı Zeynalabdin Tağıyevin Qızlar məktəbinin binasında təntənəli açılışı olmuşdur. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan Parlamenti davamlı olaraq fəaliyyət göstərdiyi 17 ay ərzində müstəqil dövlət quruculuğu istiqamətində misilsiz işlər görmüşdür. Şərqdə ilk dəfə olaraq Azərbaycanda qadınlara seçmək və seçilmək hüququ verilmiş, parlamentin işində Azərbaycanın ziyalı və ictimai fəal qadınları iştirak etmişlər. Parlamentin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinin Paris Sülh Konfransında uğurlu diplomatik fəaliyyəti sayəsində 1920-ci il yanvarın 11-də Azərbaycan müstəqil dövlət kimi tanınmışdır. Xalq cümhuriyyəti fəaliyyət göstərdiyi dövrdə 20-dən çox dövlətlə diplomatik əlaqələr yaratmışdır.

Azərbaycan Xalq Cümhuriyyəti çox çətin və mürəkkəb dövrdə fəaliyyət göstərmişdir. Həmin dövrdə taleyüklü məsələlərdən biri də ölkənin ərazi bütövlüyünü və suverenliyini təmin etmək idi. Azərbaycanın qədim Zəngəzur, Qarabağ və Naxçıvan torpaqları əsassız erməni iddiaları və təcavüzü ilə üz-üzə qalmışdı. Lakin Naxçıvan əhalisi regionun Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlanılması üçün inadla mübarizə aparırdı və milli qüvvələrin səyi nəticəsində 1918-ci il noyabrın 18-də burada Araz Türk Respublikası yaradılmışdır. Bu respublikanın ərazisi Naxçıvan, Şərur-Dərələyəz, Ordubad və Sürməli qəzalarını, Sərdarabad, Uluxanlı, Qəmərli, Vedibasar, Mehri və başqa bölgələri əhatə edirdi. Sahəsi 8,7 min kvadratkilometr, əhalisi isə 1 milyon nəfərə yaxın olan respublikanın paytaxtı Naxçıvan şəhəri idi. Araz-Türk Respublikası Naxçıvanın daşnak hücumlarından qorunmasında böyük rol oynadı. Eyni zamanda milli hökumət də Naxçıvanı qorumaq üçün imkan daxilində köməklik göstərir, siyasi dəstək verir, hərbi, iqtisadi və mədəni cəhətdən yardımlar edirdi. Naxçıvan məsələsi bir neçə dəfə Azərbaycan Parlamentində müzakirə edilmiş, erməni təcavüzünün qarşısını almaq üçün əməli tədbirlər görülmüş, Naxçıvanı Ermənistanın müvəqqəti idarəçiliyinə vermək istəyən ingilis və amerikalılarla danışıqlar aparılmış, kəskin etiraz bildirilmişdi. Azərbaycan hökuməti Naxçıvan əhalisinin iradəsini ifadə edərək bildirmişdir ki, Naxçıvan Azərbaycanın ayrılmaz hissəsidir və milli hakimiyyət orqanları tərəfindən idarə olunacaqdır. Azərbaycan Xalq Cümhuriyyətinin Baş nazirləri olmuş Fətəli xan Xoyski və Nəsib bəy Yusifbəyli Naxçıvanın Azərbaycan ərazisi kimi qorunub saxlanılması üçün bütün vasitələrdən istifadə edir, qəhrəman naxçıvanlıların fəaliyyətini yüksək qiymətləndirirdilər.

Fətəli xan Xoyski parlamentin iclasında Naxçıvan bölgəsinin qəhrəman əhalisinin Vətənə qovuşmaq üçün öz həyatları və ailələri ilə risk edərək mübarizəyə qalxıb azadlığa çıxdıqlarını söyləmişdi. Nəsib bəy Yusifbəyli 1919-cu il dekabrın 22-də parlamentdəki çıxışında Naxçıvanın öz qüvvələri ilə istilaçıları devirərək, Azərbaycanla birləşməyə hazır olduğunu bildirərək demişdir: “İgid naxçıvanlılar, şərurlular bu məsələni özləri həll ediblər; onlar həyatlarını, ailələrinin şərəfini və var-dövlətlərini riskə qoyaraq doğma torpağa – Vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və bununla da hökumətin işini asanlaşdırdılar. Güman edirəm ki, haqq və ədalət tərəfdarları bu qətiyyəti, fədakarlığı və vətənpərvərliyi görəndən sonra onların qanuni hüquqlarını danmayacaqlar...”

Beləliklə, ölkədə yaranmış mürəkkəb ictimai-siyasi və hərbi vəziyyət bəzi hallarda hökumətin öz məqsədlərinə tam çata bilməməsinə səbəb olsa da, naxçıvanlıların igidliyi və qəhrəmanlığı sayəsində bu qədim diyar Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlanılmışdır.

Azərbaycan Xalq Cümhuriyyəti 23 ay fəaliyyət göstərsə də, xalqımızın öz müqəddəratını təyin etməyə qadir olduğunu bütün dünyaya nümayiş etdirmişdir. Bu qısa tarixi dövr Azərbaycan xalqının dövlətçilik ənənələrinin bərpasına və milli mənlik şüurunun güclənməsinə böyük təsir göstərmişdir. Ümummilli lider Heydər Əliyev deyirdi: “Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində həyata keçirdiyi ciddi tədbirlər sayəsində bütün dövlətçilik atributları – öz parlamenti, ordusu və pul vahidi olan müstəqil, suveren bir dövlətə çevrildi. O, bütün dövlətçilik göstəricilərinə və prinsiplərinə görə Şərqdə ilk demokratik respublika idi”.

Təəssüf ki, 1920-ci ilin aprelində yaranmış tarixi şərait xalqımıza istiqlal mücadiləsini sonadək davam etdirməyə imkan vermədi, Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, müstəqillik ideyaları xalqımızın yaddaşından heç vaxt silinmədi. 1970-1980-ci illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edərək özünün müstəqillik mübarizəsi üçün böyük potensial yaratdı və bunun məntiqi nəticəsi kimi ötən əsrin sonlarında Azərbaycan əsrin əvvəllərində itirdiyi müstəqilliyini yenidən bərpa etdi. Lakin bu dəfə də erməni təcavüzü ilə üzləşərək torpaqlarının işğalı və müstəqilliyinin itirilməsi təhlükəsi ilə rastlaşdı. Tarixi hadisələr göstərir ki, Azərbaycan xalqı müstəqil dövlətini yaratmaq istəyəndə daim erməni faktoru ilə üzləşmiş, Azərbaycanın müstəqil dövlət olmasını istəməyənlər “erməni məsələsi”ndən yetərincə istifadə etmişlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə yaranmış gərgin vəziyyəti belə xarakterizə etmişdir: “Bütün tarix boyu xalqımızın müstəqillik arzusu ilə yanaşı, bu istəyə qarşı həyata keçirilmiş faciə və soyqırımı hadisələri də heyrətamiz şəkildə təkrar olunmuşdur. Xalqımızın bəxti onda gətirmişdir ki, ötən əsrin sonlarında nail olduğumuz ikinci dövlət müstəqilliyi üçün real təhlükə yarandığı bir dövrdə Heydər Əliyev kimi qüdrətli şəxsiyyət yenidən ali hakimiyyətə qayıtmış, Azərbaycan Xalq Cümhuriyyəti ilə başlanan milli dövlətçiliyi arzudan reallığa çevirmişdir”.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumuş və möhkəmləndirmişdir. Bütün həyatını Azərbaycanın müstəqilliyinə həsr etmiş ümummilli liderin sədrliyi ilə 1990-cı il noyabrın 17-də keçirilən Naxçıvan MSSR Ali Sovetinin sessiyasında “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul olunmuşdur. Həmin qərarlara əsasən müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qəbul olunmuş və bu bayraq ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclas salonunda qaldırılmışdır. Dahi şəxsiyyət Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində rolunu həmişə yüksək qiymətləndirmiş, cümhuriyyətin xalqımızın azadlıq və müstəqillik arzularını daha da gücləndirdiyini bildirmişdir. Ulu öndərimizin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışdığı dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin 75 illik yubileyi ilk dəfə Naxçıvanda qeyd olunmuşdur.

Görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələblərindən sonra ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etmiş, dövlət müstəqilliyimiz möhkəmləndirilmişdir. Ötən dövrdə Azərbaycan beynəlxalq hüququn subyekti kimi sübut etmişdir ki, o, Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin ləyaqətli varisidir, onun davamçısıdır və ənənələrinə sadiqdir. 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ölkəmizdə təntənəli şəkildə qeyd olunmuş, ölkə Prezidentinin müvafiq sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı təsis edilmiş, dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə bir sıra şəxslər bu medalla təltif olunmuşdur.

Bu gün Azərbaycan iqtisadi, siyasi, hərbi gücünə görə artıq regionda lider mövqe tutmuş, müstəqilliyimizin verdiyi bəhrələr sayəsində ölkəmiz dünyada söz sahibi olan qüdrətli respublika kimi nüfuz qazanmışdır. Bütün bunlar ümummilli liderimizin siyasi xəttin, müstəqil dövlətçilik ideyalarının bəhrəsidir. Ölkə Prezidentinin dediyi kimi: “1993-cü il əslində real müstəqilliyimizin ilk ili olmuşdur. Məhz Heydər Əliyevin qətiyyəti, cəsarəti, təcrübəsi, dünyagörüşü və düşünülmüş siyasəti nəticəsində Azərbaycan o ağır vəziyyətdən çıxa bildi, sabitlik yarandı və inkişaf dövrü başlandı. Azərbaycanda demokratik təsisatlar məhz Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və möhkəmləndirilmişdir. 1993-2003-cü illər tarixdə sabitlik, inkişaf illəri kimi qalacaqdır. Azərbaycanın müstəqil ölkə kimi yaşamasını təmin edən bir dövr kimi tarixdə qalacaqdır. Biz bu gün öz fəaliyyətimizi o illərdə müəyyən edilmiş strategiya çərçivəsində aparırıq, Azərbaycanı inkişaf etdiririk. Siyasi xətt dəyişməz olaraq qalır. Bu xəttin alternativi yoxdur. Ölkədə aparılan, dərinləşən siyasi və iqtisadi islahatlar bu gün Azərbaycanı çox güclü bir ölkə kimi, regional dövlət kimi artıq dünyaya təqdim edir”.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin  qüdrətli və müstəqil bir ölkənin dövlət başçısı kimi qlobal miqyasda beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm təşəbbüsləri ilə dünya siyasət tarixinə öz imzasını atmaqdadır. Ölkə rəhbərinin 2020-ci ilin yanvarında Dünya İqtisadi Forumundakı iştirakı və çıxışı Azərbaycanda həyata keçirilən islahatların dünyanın aparıcı dövlətləri, iqtisadi-maliyyə qurumları tərəfindən yüksək qiymətləndirildiyini bir daha bəyan etdi. Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilən Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü, Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş Zirvə görüşü ölkəmizin qlobal səviyyədə beynəlxalq siyasi nüfuzunun daha da möhkəmləndirilməsini, dünyada cərəyan edən proseslərə də təsir gücünü bir daha təsdiqlədi. Təqdirəlayiq haldır ki, dünyanın öncül ölkələrinin başçıları da dövlətimizin apardığı daxili və xarici siyasəti yüksək qiymətləndirir, beynəlxalq səviyyəli tədbirlərdə çıxışları zamanı da Azərbaycanın mövqeyini daim dəstəkləyirlər.

Ulu öndərimizin müəyyənləşdirdiyi siyasi xəttin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi nəticəsində qazanılan uğurlar, ölkəmizin inkişaf etməkdə olan ölkələr sırasında inamla irəliləməsi bir daha sübut edir ki, Azərbaycanın müstəqilliyi əbədi, daimi və dönməzdir.

 

“Ədəbiyyat və incəsənət”

(28.05.2025)

 

 

Azərbaycan Turizm Bürosu (ATB) ölkənin beynəlxalq turizm bazarlarında mövqeyinin gücləndirilməsi istiqamətində atılan addımların davamı olaraq “ITB China 2025” sərgisi çərçivəsində "Trip.com Group"un Şanxay şəhərində keçirilən konfransında “İlin mükəmməl qlobal partnyoru” beynəlxalq mükafatına sahib olub.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinə istinadən AzərTAC məlumat yayıb.

Məlumatda bildirilir ki, Avropa və Yaxın Şərq regionunu təmsil edən 100-dən artıq tərəfdaş arasından seçilən ATB bu mükafata "Trip.com Group" ilə uğurlu əməkdaşlıq və effektiv marketinq təşəbbüslərinə görə layiq görülüb. 

Qeyd edək ki, ATB ilə dünyanın aparıcı onlayn səyahət platformalarından biri olan "Trip.com Group" arasında tərəfdaşlıq 2019-cu ildən etibarən davam edir. 2024-cü ildə ATB, "Trip.com Group" və "Azərbaycan Hava Yolları" QSC (AZAL) arasında imzalanmış üçtərəfli anlaşma memorandumu bu əməkdaşlığı daha da möhkəmləndirib.

Hazırda tərəflər iki ölkə arasında viza rejiminin ləğvi fonunda mövsümi səyahət dövrləri və Azərbaycanda keçiriləcək əsas tədbirləri nəzərə alaraq yeni rəqəmsal kampaniyanın həyata keçirilməsi istiqamətində işlər aparır.

Azərbaycan Turizm Bürosu, həmçinin bu gündən start götürən və Çinin turizm bazarına yönəlmiş aparıcı beynəlxalq sərgilərdən olan “ITB China 2025” beynəlxalq sərgisində milli stendlə çıxış edərək Azərbaycanın turizm imkanlarının tanıdılmasını həyata keçirir.

Milli stend “Azərbaycan Hava Yolları” (AZAL) QSC və “Şahdağ” Turizm Mərkəzi də daxil olmaqla, 12 turizm sənayesi nümayəndəsi ilə təmsil olunur. 

Sərgidə ziyarətçilərə "Azərbaycan şərab evi" ilə əməkdaşlıq çərçivəsində təşkil olunan şərab dequstasiyası təqdim olunur, Azərbaycanın əsrlərlə davam edən şərabçılıq ənənələri ilə tanış fürsəti yaradılır. Bununla yanaşı, stenddə Qarabağ və Şərqi Zəngəzur regionunun turizm imkanları nümayiş etdirilir, eləcə də "Konstitusiya və Suverenlik İli" çərçivəsində məlumatlandırma kampaniyası həyata keçirilir.

Qeyd edək ki, 2025-ci ilin aprel ayında Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş imzalanıb.

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2025)

 

 

Çərşənbə axşamı, 27 May 2025 19:53

Gənclər Kitabxanasından Müstəqillik Gününə töhfə

Könül, “Ədəbiyyat və incəsənət”

 

Sabah mayın 28-dir, Müstəqillik Günüdür. Təqvimin hər bir əlamətdar günündə Respublika Gənclər Kitabxanası öz oxucuları üçün mütləq geniş material spektri hazırlayır. Elə sabahkı gün də istisna təşkil etmir. Kitabxana ilə əlaqə saxlayıb öyrəndik ki, 28 may - Müstəqillik Günü ilə əlaqədar kitabxanada silsilə materiallar – “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır...” adlı biblioqrafik icmal, “Müstəqillik günü-milli mübarizə tariximiz” adlı videomaterial və ənənəvi kitab sərgisi hazırlanıb.

 

Kitabxana əməkdaşları tərəfindən hazırlanan videomaterialda Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, qurucularından bəhs edilir. Burada ilk müsəlman Şərqində demokratik respublikanın fəaliyyətini əks etdirən yazılı məlumatlar, maraqlı faktlar, sənədlər, foto şəkillərlə yanaşı, Cümhuriyyət dövrünün Azərbaycanda təhsil, mədəniyyət sahələrinə verdiyi töhfələr haqqında da ətraflı məlumat verilir. “Müstəqillik günü-milli mübarizə tariximiz” adlı videomaterial kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/milli-mubarize-tariximiz yerləşdirilib.

 

Hazırlanan videoçarxda Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti, əhəmiyyəti, tarixdə tutduğu mövqeyi və ümumilikdə Azərbaycanın müstəqilliyinə dair söylədikləri fikirlər video görüntülərlə yer alır və qeyd edilir ki, 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusu və Azərbaycan Ordusu tərəfindən Bakının bolşevik-daşnak işğalından azad edilməsi tariximizin ən şərəfli səhifələrindən biri idisə, XXI əsrdə Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi ilə qazandığı Qarabağ Zəfəri türk tarixinə şanlı səhifə kimi yazılmışdır.

 

Kitabxananın rəsmi saytında https://www.ryl.az/funds/biblioqrafik-icmal  yerləşdirilən biblioqrafik icmalda Ulu Öndər Heydər Əliyevin və onun layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, həmçinin Azərbaycan Respublikasının Birinci vitse – prezidenti Mehriban Əliyevanın dəyərli fikirləri, Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanununun tam mətni, Dövlət Müstəqilliyinin bərpası və qorunub saxlanılmasının tarixi haqqında məlumat, Azərbaycanın dövlət müstəqilliyinə dair 50-dən çox kitabın biblioqrafik təsviri, qısa annotasiyası və bu mövzu ilə əlaqədar dövri mətbuatda çıxan məqalələrin siyahısı verilir.

Respublika Gənclər Kitabxanasında “28 may – Müstəqillik Günü” adlı ənənəvi kitab sərgisi də təşkil edilib. Sərgidə Azərbaycan Xalq Cümhuriyyətindən bəhs edən kitablar, dövrü mətbuat materialları sərgilənməkdədir.

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2025)

Çərşənbə axşamı, 27 May 2025 10:50

Azərbaycanın Müstəqillik Günü Türkiyədə qeyd olunub

 

Beştəpə Konqres və Mədəniyyət Mərkəzində Azərbaycanın Türkiyədəki Səfirliyinin və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın müstəqilliyinin 107-ci ildönümünə həsr olunmuş konsert proqramı keçirilib. 

 

“Ədəbiyyat və incəaənət” portalı Səfirliyə istinadən xəbər verir ki, tədbir Türkiyə Respublikasının qurucusu Qazi Mustafa Atatürkün, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və müstəqillik uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə 1 dəqiqəlik sükut və hər iki ölkənin dövlət himnləri ilə başlayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın müstəqillik günü münasibətilə göndərdiyi təbrik mesajı oxunub.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov proqramın açılış çıxışında müasir Azərbaycan Respublikasının 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu ifadə edib və Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa edərək istiqlal ideallarının yenilməzliyini sübut etdiyini bildirib.

Azərbaycan və Türkiyənin dünyada bənzəri olmayan münasibətlərinə toxunan səfir, iki dövlətin hər zaman  bir-birinin yanında olduğunu vurğulayıb. “Biz Çanaqqalada, Bakıda istiqlal üçün bərabər çarpışan igid bir nəslin övladlarıyıq” deyə o bildirib.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin türk və müsəlman dünyasında ilk demokratik respublika olduğunu qeyd edib, Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsindən və Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Azərbaycanın yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.

Azərbaycanın müstəqillik tarixinə həsr olunmuş qısa videonun nümayişinin ardından tədbirdə əsas dövlət qonağı qismində iştirak edən Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz çıxış edərək, Azərbaycanı müstəqillik günü münasibətilə təbrik edib, Azərbaycan və Türkiyə arasındakı münasibətlərin 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini vurğulayaraq iki ölkə arasındakı  əməkdaşlığın müxtəlif sahələrdəki inkişafına diqqət çəkib.  O, 6 fevral 2023-cü ildə baş vermiş dəhşətli zəlzələ zamanı və “Terrorsuz Türkiyə” təşəbbüsündə Azərbaycanın Türkiyənin yanında olduğu kimi, Türkiyənin də hər zaman Azərbaycanın yanında olmağa davam edəcəyini bildirib.

Çıxışlardan sonra Azərbaycanın xalq artistləri Azər Zeynalov, Azərin və Gülyaz Məmmədovanın, Habil Məmmədov və tələbələrinin, eləcə də Türkiyənin tanınmış opera sənətçisi Çınar Onur Önərin, Cem’i Can Deliormanın dirijorluğunda Cumhurbaşkanlığı Simfoniya Orkestrinin və Azərbaycanın xalq artisi Elnarə Kərimovanın rəhbərliyində TRT Ankara Çoxsəsli Xorunun ifaları ilə möhtəşəm konsert baş tutub.

Çox sayda dövlət və hökumət rəsmilərinin, millət vəkillərinin, ictimai-siyasi xadimlərin, elm adamlarının və media təmsilçilərinin iştirak etdiyi proqram TRT Avaz kanalından canlı yayımlanıb.

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2025)

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Oğuz rayon Heydər Əliyev Mərkəzinin və Oğuz rayon Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilərayon Mədəniyyət Mərkəzində Azərbaycanın görkəmli yazıçısı Maqsud İbrahimbəyovun 90 illiyi münasibətilə dəyirmi masa təşkil edilib.

 

Tədbirdə Oğuz rayon Heydər Əliyev Mərkəzinin, Oğuz rayon Mərkəzi Kitabxananın əməkdaşları, fəal oxucular və şəhərdəki ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivlərinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Oğuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Mehriban Abbasova Maqsud İbrahimbəyovun 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını diqqətə çatdırıb. Daha sonra Mərkəzin elmi işçisi Sevinc Rəsulova və Mərkəzi Kitabxananın əməkdaşı Alagöz Zeynalova Maqsud İbrahimbəyovun həyat və yaradıcılığından söz açmışlar. Oxucular ədibin ayrı-ayrı əsərləri barədə öz fikir və düşüncələrini söyləmişlər.

Tədbirdə qonaq qismində iştirak edən AYB-nin üzvləri, Oğuz rayonunun tanınmış yazarları Nazim Hüseynli və Yusif Rza Maqsud İbrahimbəyovun yaradıcılığının Azərbaycan ədəbiyyatında mühüm yer tutduğunu və gənc nəslin mədəni tərbiyəsində mühüm rol oynadığını bildiriblər.

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2025)

“Ədəbiyyat və incəsənət” portalının ŞEİR SAATLARında bu gün sizlərə Elnur İravanlının şeirləri təqdim edilir.

 

 

YARAN HƏSRƏTİMİN YARASI BOYDA

 

Kaş ki loğman olub dərman tapaydım

Sənin dərdlərinin çarəsi boyda.

İllərdi göynəyib qaysaq tutmayan

Yaran həsrətimin yarası boyda.

 

Dayanmısan heykəl kimi dili lal,

Dişlər muncuq, sinə bəyaz, qaş hilal.

Bilirsənmi, ürəyimə düşüb xal,

Gözəl, gözlərinin qarası boyda.

 

Sazaq gəldi, şaxta bizi bürüdü,

Yağan qarı saçımıza kürüdü.

Qönçə ikən xəzan olub çürüdü

Eşqimiz payızın urası boyda.

 

 

HAQQA ƏYİLƏNDƏ UCALIR İNSAN

 

Özünə inanıb özün tapanda

Yaradıb qurmaqdan bac alır insan.

Yer üzü bir taxtdı, bəşər də ki şah,

Onu Yaradandan tac alır insan.

 

Göz niyə yaranıb? –  Baxmaqdan ötrü.

Çay niyə qıvrılır? –  Axmaqdan ötrü.

Haqqın zirvəsinə çıxmaqdan ötrü

Haqqa əyiləndə ucalır insan.

 

Dünyanın hikməti çoxdu, dərindi,

Ömür sevincin yox, dərdi-sərindi.

Vaxtın gətirdiyi yuxu şirindi,

Ona aldananda qocalır insan.

 

 

ƏVVƏLİM AXIRA GƏLİB ÇATDI Kİ...

 

Bəxtimin üzünü ağartmaq üçün

Bir adam bir ovuc əhəngi verməz.

Rəssam dostlarımın getsəm üstünə,

Mənim axtardığım o rəngi verməz.

 

Bir yerdə yurd salıb qurmadım binə,

Öyrəşəm dumana, bağlanam çənə.

Bəxtimi çəkməyə bəxt yazan mənə

Nə fırçanı verməz, nə rəngi verməz.

 

Əvvəlim axıra gəlib çatdı ki,

Mürgü vuran günlər yatayatdı ki.

Sürdüyüm bu ömür kəhər atdı ki,

Ayağım qoymağa üzəngi verməz.

 

 

HARA GEDİRİK

 

Yaxşı adamları bu dünyamızda

İtirə-itirə hara gedirik?

Yük edib dərdləri boynumuza biz

Götürə-götürə hara gedirik?

 

Oğulsansa, seç ərəni, seç əri,

Qurd da, quş da köçəridi, köçəri.

Yeyib bir-birini çöldən içəri

Ötürə-ötürə hara gedirik?

 

Alabaşlar baş aparır ulayıb,

Yol axtarar quyruğunu bulayıb.

Çiçək talasında qanqal sulayıb

Bitirə-bitirə hara gedirik?

 

Günahımız nədir, düşdük bu günə,

Bir yumaqda dönmüşük min düyünə.

Mərdi dizin-dizin namərd önünə

Gətirə-gətirə hara gedirik?

 

 

YAŞAMADIM ÜRƏYİMCƏ

 

Ümidimi bu ömür, gün

Puç elər, puç elər, gedər.

Qorğa dərdlər ürəyimi

Sac elər, sac elər, gedər.

 

Yaşamadım ürəyimcə,

Ərimişəm incə-incə.

Kədər gözümü sevincə

Ac elər, ac elər, gedər.

 

Bu nə qurğu, bu nə kələk,

Yarı iblis, yarı mələk.

Bir dərdimi zalım fələk

Üç elər, üç elər, gedər.

 

Ümidlər dönüb qılınca,

Kəsər səbrimi alınca.

Gələn gedənin dalınca

Köç elər, köç elər, gedər.

 

 

QƏM BİLƏNİ SEVİNC BİLMƏZ

 

Qismətimə püşk atanda

Gəlib müdam zülm düşür.

Ahım alovlanan yerdən

Tüstüm çıxır, külüm düşür.

 

Get dünyanı çıraqla gəz,

Qəm biləni sevinc bilməz.

Əllərimi cibim sevməz,

Əllərimdən pulum düşür.

 

Səbir böyükmüş dözümdən,

Yaşamaq düşüb gözümdən.

Hər gün özümün özümdən

Neçə dəfə yolum düşür.

 

 

DƏRD HAMINI BİR-BİR YENİR

 

Yar gəzənin qismətinə

Özgəsinin yarı çıxır.

Var gəzənin varlığından

Namus itir, arı çıxır.

 

Hər əsəbə dözmür sinir,

Dərd hamını bir-bir yenir.

Gələnlər aşağı enir,

Gedənlər yuxarı çıxır.

 

Hərə bir biçimdə, donda,

Kim o yanda, kim bu yanda.

Yaşadığım ömrün sonda

Nə qədər çıxarı çıxır.

 

 

SƏN DÜNYANI BİZDƏN OXU

 

Ürəyin aynası gözdür,

Ürəkləri gözdən oxu.

Dərinləri dərində gəz,

Dayazları üzdən oxu.

 

Çağlar özgə çağlar olub,

“Var”lar olub, “yox”lar olub.

Dağlar niyə dağlar olub?

Get yamacdan, düzdən oxu.

 

Qorun kölə, müti hissdən,

Qaç dumandan, gizlən sisdən.

Ayırıb yaxşını pisdən,

Bacar, sözü sözdən oxu.

 

Bu nə rəngdir, nə boyadır,

Günəş gündüzə ziyadır.

Hər bir insan bir dünyadır,

Sən dünyanı bizdən oxu.

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2025)

 

 

 

 

 

Çərşənbə axşamı, 27 May 2025 16:10

Nigar Həmidli "Qələm tutan incə əllər"də...

İlqar İsmayılzadə

fəlsəfə üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” portalının Cənub təmsilçisi

 

“Ədəbiyyat və incəsənət” portalı oxucularına "Qələm tutan incə əllər" layihəsində  Cəlilabad ədəbi mühitinin xanım yazarları təqdim edir. Həmin layihə çərçivəsində təqdim edəcəyim digər nümayəndə Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndəsi, eyni halda Cəlilabad rayonunun I Qarabağ Savaşı zamanı cəbhə xəttinə yollanmış ilk xanım jurnalisti olan pedaqoq, şair, yazıçı-publisist Nigar Həmidlidir.

 

Qısa təqdimat:

Həmidova Nigar Əmir qızı (Niğar Həmidli): 10 aprel 1954-cü ildə Cəlilabad rayonun Ocaqlı kəndində anadan olmuşdur. Ocaqlı kənd orta məktəbini bitirdikdən sonra həmin məktəbdə əmək fəaliyyətinə başlamış, 1987-ci ildə N.Tusi adını ADU-nu (keçmiş APİ) bitirmişdir.

Qarazəncir kənd 2 saylı orta məktəbdə əvvəlcə müəllim, sonra isə tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır.

20 Yanvar faciəsindən sonra 1991-ci ildən "20 Yanvar" Cəmiyyətinin rəsmi orqanı olan "20 Yanvar" qəzetində müxbir işləmiş, 1992-ci ildə bu qəzetin xüsusi müxbiri olaraq Şuşa, Laçın və Qubadlı bölgələri üçün xüsusi müxbiri kimi fəaliyyət göstərmişdir.

1993-cü ildə "İki sahil" qəzetinin müxbiri işləmiş, Şuşanın işğalı günündə və sonrakı dövrlərdə səngərlərdən hazırladığı reportaj, müsahibə və məqalələri müntəzəm olaraq dövrü mətbuatda dərc edilmişdir. Bundan əlavə "Qarabağ", "Şuşa" və "Azadlıq yolu" qəzetlərində də, müxbir kimi çalışmış, 2001-2019-cu illər ərzində Abşeron rayonunda yerləşən Laçın rayon 11 saylı orta məktəbdə coğrafiya müəllimi işləmişdir. Əldə etdiyi uğurlara görə dəfələrlə Təhsil şöbəsi və məktəb rəhbərliyi tərəfindən fəxri fərmanlarla təltif olunmuşdur.

O, I Qarabağ Müharibəsi zamanı rəsmi olaraq jurnalist kimi döyüş meydanlarında olmuş və I Qarabağ Savaşının həqiqətlərini şəxsən müşahidə edərək qeydə almışdır. 1992-ci ilin aprel ayının 3-dən may ayının 8-ə kimi Şuşa şəhərində olmuşdur. Bununla da, Cəlilabaddan cəbhə bölgəsinə gedən ilk jurnalist xanım kimi tarixə düşmüşdür.

Onun müharibədə şəxsən müşahidə etdikləri, eləcə də, şəhidlərimiz və qazilərimizlə bağlı yazıb yaratdığı bir neçə cildlik bədii və xronoloji əsərləri bu günədək işıq üzü görməmiş və şəxsi arxivində qalmaqdadır.

Niğar Həmidli Azərbaycan Respublikası Jurnalistlər Birliyinin üzvüdür. Dövri mətbuatda, xüsusilə də, "20 Yanvar", "Şuşa", "Aydınlıq", "İki sahil", "Meydan", "Millət", "Ordu", "Azadlıq", "Ədalət", "Vətən səsi", "Səhər", "Ədəbiyyat və incəsənət", "Son soz", "525-ci", "Veteran", "Şimali Azərbaycan", "Azad Azərbaycan", "Azərbaycan", "Sirlər xəzinəsi", "Mənlik" və "Sərhəd" qəzetlərində müntəzəm olaraq müxtəlif mövzularda 200-dən artıq məqalə və yazıları dərc olunmuşdur.

Bir sıra şeirləri və Qarabağ Savaşının həqiqətləri ilə bağlı müxtəlif hekayələrindən əlavə, həm də "Cəlilabad şəhidləri" adlı kitabı onun işıq üzü görmüş ilk kitabıdır.

Həyat yoldaşı Ramazanov Sədyar ilə bərabər Qarabağ müharibəsi veteranıdır. Həyat yoldaşı ilə bərabər Şuşa, Laçın, Qubadlı, Ağdam, Füzulı və Beyləqan bölgələrində döyüş yolu keçmişdir.

Onların evlilik həyatından 2 övladı dünyaya gəlmişdir. Oğulları Ramazanzadə Dəyanət Sədyar oğlu hərbiçi və müharibə qazisidir. R.Dəyanət C.Naxcıvanski adına Hərbi Liseyi, sonra H.Əliyev adına Hərbi Akademiyanı bitirmişdir. Baş leytenant hərbi rütbəsinə malikdir. Vətən müharibəsində göstərdiyi xidmətlərə görə Ali Baş Komandan Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.

Müharibədə yaralandıqdan sonra hərbidən tərxis olunmuş və hal-hazırda müalicə alır. Qızları Ramazanlı Lamiyə Sədyar qızı isə Bakı-Türkiyə Anadolu Liseyini bitirmiş, eyni halda "Manas" Qırğızıstan-Türkiyə Universitetinin məzunudur. İngilis, rus, qirgiz və türk dillərini bilir.

Niğar xanımın həyat yoldaşı baş leytenant Sədyar Ramazanov I Qarabağ Müharibəsinin iştirakçı olmaqla yanaşı həm də, müharibədə rəşadət göstərmiş I qrup əlil idi. O, döyüşdə aldığı kəllə-beyin tramvası nəticəsində 2024-cü ilin iyul ayının 20-də dünyasını dəyişmiş və əbədiyyətə qovuşmuşdur.

Doğma elimizin bu fədakar xanımı hələ orta məktəb illərində bədii ədəbiyat və poeziya sahəsinə maraq göstərmiş və müxtəlif mövzularda şeirlər qələmə almışdır. Lakin həmin şeirləri özündə yazılı formada saxlamış və çap etdirməmişdir. Müharibədə əldə etdiyi tarixi sənədlər isə arxiv kimi saxlanılır.

 

Bədii ədəbiyyat nümunələri:

Burada onun qələmi ilə yazılmış şeirlərdən bir neçəsi ilə tanış oluruq:

 

Arxam dayağım, vətən sevdalım,

Namərd gülləsinə sinə gərərək

Qorudun vətəni öz anan kimi,

Qeyrərlə, namusla bir övlad kimi.

 

Heyf Qarabağda səhid olmadın,

Sən də haqsızlığın qurbanı oldun.

Sapı özümüzdən olan baltalar,

Qeyrətli qazini baltaladılar.

 

Nigar Həmidlinin ömür-gün yoldaşı baş leytenant mərhum Sədiyar Ramazanova həsr etdiyi digər poeziya nümunəsi isə belədir:

 

Qəlbimdə yurd salmısan,

Bu boyda, bu bicimdə.

Şəklini həkk etmisən,

Gözlərimin içində.

 

Firlanan dünya kimi,

Fikirlərim dolaşır.

Axtarıram mən səni,

Alınmaz qalalarda.

 

Düşmən tankının üstə,

Arxam, dayagım idin.

Güllələrin altında,

Necə də, xoşbəxt idik.

 

Sən vəfasız deyildin,

Nədən küsdün, incidin?

Bir söz belə demədən,

Əbədilik tərk etdin.

 

Son olaraq doğma elimizin tanınmış jurnalisti, şair və yazıçı-publisisti sayılan Nigar xanıma uzun, sağlam, mənalı-məsud ömür, yaradıcılıq sahəsində yeni-yeni nailiyyətlər arzulayıram!

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2025)

 

Çərşənbə axşamı, 27 May 2025 15:34

PORTAL AKADEMİYASINDA - Faydalı qidalar: Digər ərzaqlar

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.   

                     

İndi isə sizi ən müxtəlif təsnifatlardan («Forbes» jurnalının təqdimatında «Ən sağlam 12 qida» reytinqi, Conni Bovdenin «Dünyanın ən sağlam 150 qidası» kitabı, «Taym» jurnalındakı «Tarixin ən faydalı 50 bitki və qidası» reytinqi və s.) seçdiyim Yer kürəsinin ən faydalı qidaları ilə tanış etmək istəyirəm. Buyurun, faydalanın:

 

K. Digər ərzaqlar

1.     Qara şokolad (insana lazım olan gündəlik dəmir, maqniy, marqans və antioksidant normasının yarısını verir, arterial təzyiqi yüksək olanlar üçün faydalıdır).

2.     Alma sirkəsi (pəhriz zamanı toxluq verdiyi üçün çox gərəklidir, qanda şəkərin miqdarını azaldır).

3.     Zeytun yağı (yağlardan ən faydalısıdır, immuniteti yüksəldir, qan təzyiqini salır, qanda xolesterinin miqdarını azaldır).

4.     Kokos yağı (arıqlamaq üçün çox kömək edir).

5.     Yaşıl çay (4000 ildən çoxdur ki, öz müalicəvi cəhətləri ilə seçilir, sitrus bitkilərindən 4 dəfə çox P vitamininə malikdir, hüceyrələri dağılmaqdan qoruyur, immun sistemini gücləndirir. Kokdəkindən 6 dəfə çox A (karotin) provitamininə malikdir, görmə qabiliyyətini yaxşılaşdırır, azad radikalların çıxardılmasını gücləndirir. Eləcə də B qrupu vitaminləri və E vitamini ilə zəngindir. Maraqlıdır ki, çinlilər 400 xəstəliyi onunla müalicə edir, onu «möcüzə həkim» adlandırırlar).

6.     Zəfəran (qədimdən bəri ağrıkəsici və qan təzyiqini sabitləşdirən vasitə kimi istifadə edilir, tərkibində 150-dən çox xüsusi maddə var. Xüsusən xərçəngə qarşı təsirlidir, həzm problemlərini həll edir, iştahanı kəsdiyi üçün arıqlamaq istəyənlərə çox faydalıdır).

7.     Bal (minbir dərdin dərmanı adlanan bu arı möcüzəsi 75-80% karbohidratlardan (qlükoza, fruktoza, saxaroza) ibarətdir, habelə, E, K, C vitaminlərinə malikdir, antibakterial, antimikrobakterial, virus əleyhinə xüsusiyyətlərə malikdir, diabetin, yara və yanıqların, öskürəyin müalicəsində xüsusən effektivdir. Ən böyük bal istehsalçısı olan Çin, Türkiyə, Argentina və Ukrayna, ən böyük bal idxalçısı olan ABŞ, Almaniya və Yaponiyanı, eləcə də bal ehtiyacını ödəyə bilməyən digər ölkələri fasiləsiz olaraq bu möcüzəvi ərzaqla təmin edir. Ümumən, hər il 1,4 milyon ton bal istehsal olunaraq bazarlara çıxarılır).

Əziz oxucum, hər bir şeydən öndə sağlamlıq gəlir, bunu biləsiniz. Ona görə də, əgər uğur qazanmaq, böyük hədəflər vurmaq istəyirsinizsə, ilk öncə mütləq sağlamlığınızın qeydinə qalın. Bununçün isə sağlam qida qəbul etmək başlıca şərtdir.

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2025)

 

39 -dən səhifə 2253

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.