ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Kübra Quliyeva,“Ədəbiyyat və incəsənət”

 

Fərqli bir gözəlliyi vardı onun. Digər çiçəklərdən kənarda, bir az kölgədə, bir az da günəşin tam ortasında təzəcə böyüməyə başlamışdı. Ətrafındakı su kranından damcılayan su ona toxunduqca, sanki şükür edirmiş kimi başını yavaşca yelləyirdi. Yanında 30 illik güllər vardı – tikanları qalın, kökləri dərinə gedən, sanki torpağın içində nəsə gizlədən çiçəklər. Amma o, onların arasında nədənsə daha gözəl idi. Təbiət kimi qoxurdu. Ləçəkləri vilur kimi parlayırdı, sanki günəşlə arasında gizli bir sirr var idi – günəş ona toxunmadan onu isidirdi.

 

Onun da tikanları vardı – bəli. Amma qəribəsi buydu ki, heç kimə zərər vermirdi. O tikanlar qorunmaq üçün idi, incitmək üçün yox. Əlini uzadan biri varsa, əvvəlcə düşünmək məcburiyyətində qalırdı: "Mən bu gözəlliyə layiqəmmi?" Çünki o, qoparılmaq üçün yox, yaşamaq üçün yaranmışdı – baxılmaq, hiss edilmək, amma əsla incidilməmək üçün.

 

O gül heç vaxt öz yerini başqası ilə dəyişmək istəmədi. Digər güllərin çərçivəyə salınmış gözəlliyi ona aid deyildi. O, azad idi. Küləklə baş-başa qalan, yağışla dost olan, torpaqla sirr bölüşən bir varlıq idi. Yanından keçənlər baxır, heyran qalır, amma içlərində bir qorxu yaranırdı – "Toxunsam, birdən soldursa?"

Əslində isə o solmurdu. Sadəcə hər kəs onu görə bilmirdi. Çünki o gül gözlə yox, qəlblə görənlər üçündü. Əgər bir gün onu anlayan biri gəlsəydi, bəlkə o zaman tikanları bir damla da incitməzdi. Çünki hər tikan bir qorxunun, bir keçmişin, bir yaddaşın parçası idi. Onu sevmək sadəcə bir güllə maraqlanmaq deyildi – o güldə gizlənmiş bütün hekayələri oxumaq idi.

 

Bax, belə dayanırdı o gül. Nə alqış istəyirdi, nə də diqqət. Sadəcə anlayış... Sadəcə onu görən bir cüt göz, onu duyan bir ürək...

Sonda yalnız bir sual qalırdı:

"O gül kim idi?"

O gül – mənim içimdəki bir versiya idi. Hələ hamının tanımadığı, özü də özünü tam tanımamış bir halım. Qorxularımın içindən boy atan, heç kimin toxunmadığı, amma hər baxışdan təsirlənən halım. Səssizliyimdə kök salan, göz yaşlarımda yuyulan, amma inadla solmayan o hiss… Mən idim. Və bir az da o, o idi – yəni məni görən, məni anlayan bir nəfər.

 

O gül, içində həm sevgi, həm ehtiyat, həm də ehtiyac daşıyan bir ürək idi. Hər toxunuşda inciməsin deyə özünü tikanlarla qoruyan bir ürək. Amma o tikanlar qırmaq üçün deyil, qorumaq üçündü – bu fərqi isə çox az adam anlaya bilərdi.

 

Mən o gül idim – amma tam da mən deyildim. O gül, məni görən bir insanın gözündəki mən idi. Mənə qürurla, səbir və sevgi ilə baxan birinin içindəki "mən". O güldəki gözəllik – mənim onun varlığında hiss etdiyim dəyər idi. Onun varlığı ilə özümə qarşı daha mərhəmətli olduğum, özümə gülümsədiyim anlar idi o gül.

 

Bəzən susurduq birlikdə – o baxırdı, mən baxırdım. Və biz danışmadan başa düşürdük: o gül bizim aramızdakı dil idi. Nə zaman itirdiyimi düşündümsə, o gül yenidən boy atdı. Çünki o, heç vaxt solmurdu. Sadəcə gizlənirdi – bir baxışın, bir sözün, bir xatirənin altında.

 

İndi bilirsənmi o gül kim idi?

O gül – mənim içimdə böyüməyini gözləyən sevgiydi. Mənə inanan, məni anlamadan belə sevməyə davam edən birinin baxışlarında dirçələn, nəfəs alan hissdi.

Və bəlkə də…

O gül – səni sevən adamın qəlbində yaşayan mən idim.

 

O, o gülə baxarkən nə düşünürdü?

O, ona baxdıqca qəribə bir sakitlik duyurdu. Gözlərinin içində susqun bir sual vardı – sanki "Məni başa düşürsənmi?" deyirdi o baxışlar. Hər dəfə gözləri onun üzərində gəzəndə, içində bir şey titrəyirdi – qorumaq istəyi, başa düşülmək arzusu, dərin bir yaxınlıq.

O qızda bir şey vardı – bəlkə də çoxlarının görə bilmədiyi bir şey. Onun tikanları vardı, bəli. Amma bu tikanlar müdafiə idi, hücum yox. O, özünü incitməkdən qorumaq üçün divarlar hörmüşdü. O adam isə bu divarların arxasında gizlənmiş, susaraq kömək istəyən bir səs eşidirdi. Və o səsi unutmaq mümkün deyildi.

 

O qıza baxdıqca, onunla bağlı düşüncələri daha da çoxalırdı. Deyirdi:

"İnsan bir gülü dərmək istəməzsə, sadəcə yanında oturub onu seyr edərsə, bu sevgidirmi?" Onun sevgisi də elə bu cür idi – təmtəraqsız, iddiasız, səssiz. Amma bir o qədər dərin.

O, onun tikanlarından qorxmurdu. Əksinə, o tikanlara baxdıqca qızın nə qədər mübarizə apardığını anlayırdı. Və bu ona daha da doğma gəlirdi. Çünki o, güllərin ancaq xoş qoxulu tərəfini deyil, torpağın altında gizlənən zəhmətini də sevirdi.

 

Bəzən gecələr öz-özünə düşünürdü:

"Əgər mən onun yanında olmağa davam etsəm, bir gün mənə güvənərmi? Əgər sükutumu qoruyaraq, gözlərimlə onun canına toxunsam, hiss edərmi? Mən onun tikanlarını sevdim, çünki bilirdim — içində saf bir bağ var. Və o bağ bir gün mənim üçün açılarsa… bu, dünyanın ən gözəl çiçəyi olacaq."

 

O, onu dəyişdirmək istəmirdi. Sadəcə onun yanında dəyişməyə razı idi.

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2025)

 

 

 

 

 

Çərşənbə axşamı, 27 May 2025 11:16

Özbəkistan nümayəndə heyəti Qarabağa səfər edib

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycanda səfərdə olan Özbəkistan Respublikasının Millətlərarası Münasibətlər və Xaricdəki Soydaşlar Məsələləri Komitəsinin sədri Kaxraman Sariev və Özbəkistan nümayəndə heyəti Qarabağda olub.

 

“Ədəbiyyat və incəsənət” portalına Komitədən verilən məlumata görə, qonaqlar əvvəlcə Füzuli şəhərinə gediblər. Orada Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbi ziyarət ediblər. Bu məktəb Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq inşa etdirilib. Nümayəndə heyətinə məktəbin fəaliyyəti haqqında məlumat verilib. Qonaqlar məktəbə kitablar təqdim ediblər.

Daha sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya yola düşən nümayəndə heyəti Cıdır Düzünü, Gəncə Qapısını və digər tarixi, görməli yerləri ziyarət ediblər.

Səfər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovla görüş olub. Görüşdə Şuşa şəhərinin tarixindən və görülən işlərdən danışılıb. Azərbaycan ilə Özbəkistan arasında hər bir sahədə əməkdaşlığın sürətlə inkişaf etdiyi vurğulanıb. Xivə ilə Şuşa şəhərləri arasında “qardaşlaşmış şəhər” əlaqələrinin praktiki səviyyədə genişləndirilməsi haqqında fikir mübadiləsi aparılıb. Diqqətə çatdırılıb ki, yeni inşaat işləri və infrastrukturla yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına da xüsusi fikir verilir. Nümayəndə heyəti aparılan sürətli bərpa və yenidənqurma işlərini yüksək qiymətləndiriblər və məmnunluqlarını dilə gətiriblər.

Şuşadan Xankəndiyə yollanan qonaqlar şəhər ilə tanış olublar. Onlara şəhərdə aparılan yenidənqurma və abadlıq işlərindən bəhs edilib.

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2025)

 

“Ədəbiyyat və incəsənət” portalında Uşaq saatı davam edir. Bu gün sizlərə Klassik uşaq ədəbiyyatından seçmələr sırasından Xanımana Əlibəylinin “Yol” şeiri təqdim ediləcək.

 

Yollar dünyada çoxdur,

 Sayı-hesabı yoxdur.

Bostan yolu, bağ yolu,

Aran yolu, dağ yolu.

 Bir yol var ki, dünyada

 Onu getmirsən hədər.

 Həmişə düşür yada,

 – Qoca olana qədər.

 Bax, uşaqla doludur,

O, məktəbin yoludur.

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2024)

 

 

Çərşənbə axşamı, 27 May 2025 10:44

Sabirabadda kitab təqdimatı

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

 

 

2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində Sabirabadda “Ulu Öndərə mənəvi borcum” və “Ulu Öndərin “canlı əsəri Tərlan” adlı kitabların təqdimatı keçirilib.

 

Sabirabad Rayon İcra Hakimiyyəti və Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü, birgə təşkilatçılığı ilə Sabirabad şəhər Bayraq Muzeyində "Konstitusiya və Suverenlik İli" çərçivəsində əmək qəhrəmanı, Prezident təqaüdçüsü Tərlan Musayevanın "Ulu Öndərə mənəvi borcum", Vaqif Osmanlının "Ulu Öndərin" canlı əsəri" Tərlan", Güllü Eldar Tomarlının toplayıb tərtib etdiyi "Babamın papağı, nənəmin kəlağayı" kitablarının təqdimatı keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin və müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediblər. 

Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov qonaqları salamlayıb. Tədbiri aparmaq üçün sözü Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldar Tomarlıya verib. O, tədbir haqqında geniş məlumat verərək, Birliyin milli mənəvi dəyərlərə önəm verməsindən, onu nəinki Azərbaycanda, Rusiyada, Gürcüstanda təqdim edilməsindən, yeni çapdan çıxmış "Babamın papağa, nənəmin kəlağayı" kitabında toplanan şeir və nəsr nümunələrinin gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rolundan söhbət açıb.

Sonra Söz " Ulu Öndərin "canlı əsəri" Tərlan" kitabının müəllifi araşdırmaçı yazar, publisist Vaqif Osmanlıya verilib. Vaqif Osmanlı qeyd edib ki, tarix olduğu kimi yazılmalıdır.  “Ulu Öndərin “canlı əsəri” Tərlan” kitabı tariximizə yeni yanaşma, Tərlan Musayevanın ömür və əmək yolunu, keçdiyi şərəfli yolun qürurverici məqamlarını özündə əks etdirir. Respublikamızda 70 illik yubileyi təntənə ilə qeyd edilən Tərlan Musayevanın şərəfli və çətin ömür yolunu özündə əks etdirən kitabı oxucular sevə- sevə oxuyacaq. Düşünürəm ki, zamanında yazılmış kitabdır. “Ulu Öndərə mənəvi borcum” kitabının müəllifi, “Xalqlar dostluğu” ordenli Tərlan Musayeva uzaqgörən və müdrik siyasəti ilə Azərbaycan dövlətçiliyinin tarixində əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsinin Azərbaycan xalqı üçün tükənməz bir miras olduğunu vurğulayıb. Ulu Öndər Heydər Əliyevin daim Azərbaycan xalqının mənafeyini düşünən şəxsiyyət olmasından, bu sahədə apardığı ardıcıl və məqsədyönlü siyasətdən və bu siyasəti uğurla davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin parlaq fəaliyyətindən danışıb.

Daha sonra YAP Sabirabad Rayon Təşkilatının sədri Varis Rüstəmov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin müdiri Nadir Quliyev, H.Z.Tağıyev adına 6 saylı şəhər tam orta ümumtəhsil məktəbinin dil-ədəbiyyat müəlliməsi Rəqibə Qəvvas, Rayon Ağsaqqallar şurasının sədri Eyvaz Fərzəliyev, Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktor əvəzi Şamama Əbilova, Rayon Gənclər Evinin əməkdaşı Kənan Səmədov kitablar haqqında öz təəssüratlarını bölüşüblər.

Sonda iştirakçılara kitablar təqdim edilib, Əmək qəhrəmanı Tərlan Musayevanın həyatına aid videoçarxa baxılıb.

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2025)

 

 

 

 

 

 

Şərəf Cəlilli,

Filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün

 

Azərbaycanın görkəmli oğlu Nəriman Nərimanov Bakının elmi-mədəni mühitində nə az, nə çox düz 11 il fəaliyyət göstərdi. Həbib bəy Mahmudbəyovun, Həsən bəy Zərdabinin, Hacı Zeynalabdin Tağıyevin himayəsi ilə bir çox layihələrə imza atdı. Bakı realnı məktəbdə müəllimlik hüququ qazanana qədər düz 5 il cüzi maaşla dolandı. Dövlət məmuru statusunu elə burada realnı məktəbdə alsa da, Həbib bəylə birlikdə gecə kursları təşkil etdi. Yaşlı insanların kurslara cəlb olunmasına nail oldu. Onunla birlikdə dərsliklər, dərs vəsaitləri yazdı.

 

Bu illər ərzində Bakı şəhər pedaqoji ictimaiyyətinin və əhalinin dərin hörmətini qazanan Nərimanov 1896-cı ilin əvvəlindən məktəbin direktorunun istəyi ilə həm də, realnı məktəbdə Azərbaycan dili müəllimi və sinif mürəbbilərinin köməkçisi kimi fəaliyyət göstərirdi. Az sonra, 1896-cı il sentyabrın 1-də Bakı Şəhər Dumasının qərarı ilə Probedonostsevin progimnaziyasının bazasında Bakı oğlan klassik gimnaziyası təşkil edilir. Bu zaman Nərimanov dövlət qulluqçusu vəzifəsinə təsdiq edilərək həmin gimnaziyada fəaliyyətini davam etdirir. O, burada fasiləsiz olaraq 1902-ci ilədək çalışır və özünü işgüzar, nümunəvi müəllim kimi göstərir. Yüksəksəviyyəli pedaqoji xidmətlərinə görə əvvəlcə medalla, daha sonra üçüncü dərəcəli Müqəddəs Stanislav ordeninə layiq görülür”. Bu bir pedaqoq kimi onun arxada qoyduğu illərə verilən dəyər idi.

 

“Türk dilinin tədrisini azaltmaq təklifini irəli sürənlər özləri bu dili öyrənsin ki, Sabiri anlasınlar”

 

Nəriman Nərimanov qüdrətli pedaqoq olmaqla yanaşı, həm də nüfuzlu ictimai-siyasi xadim, yazıçı-publisist idi. Klassik Azərbaycan ədəbiyyatı ilə yanaşı, rus və Avropa ədəbiyyatını da gözəl bilirdi. Millətin maariflənməsi, məmləkətin tərəqqisi üçün ədəbiyyatı, mədəniyyəti, teatr və incəsənəti, kitabxana və qiraətxana işini ən ciddi təşviqat vasitəsi hesab edirdi. Yuxarıda da qeyd etdiyimiz kimi Nərimanovun Həbib bəy Mahmudbəyov, Həsən bəy Zərdabi ilə birlikdə bu istiqamətdə gördüyü mühüm işlər nəticə etibarı ilə Şərqdə ilk Demokratik Cümhuriyyətin qurulmasına zəmin oldu. “Nərimanovun pedaqoji fəaliyyəti təkcə müəllimliklə məhdudlaşmırdı. O həm də ictimai xadim kimi Azərbaycanda maarif və mədəniyyətin yayılmasına ciddi təsir göstərirdi. Həmin dövrdə Nərimanov müxtəlif tədris müəssisələri nəzdində fəaliyyət göstərən bazar günü məktəbləri və axşam kurslarında da pulsuz olaraq dərs deyir, dövrünün digər mütərəqqi ziyalıları ilə birlikdə yaşlı əhaliyə savad öyrədir, mütərəqqi fikirlər yayır, bu məktəb və kursların xeyrinə teatr tamaşalarının göstərilməsində iştirak edirdi”. Həbib bəy Mahmudbəyovun, Sultan Məcid Qənizadənin rəhbərliyi, dövrünün məşhur pedaqoqları, Abbas bəy Minasazov, Mehdi bəy Hacıbababəyov, Əliisgəndər Cəfərzadə, Süleyman bəy Əbdürrəhmanzadə, Məmmədtağı Atakişiyev, Daşdəmir Eldarxanov, Əli Terequlov, Səməd bəy Acalov (Hacı Əlizadə), Pənah Qasımov, Yakov Keylixis, Əbdülhəmid Qorçubaşov kimi milli məfkurədən milli dövlətçiliyə ustad-şəyird müqəddəsliyi ilə yol gələn ziyalılarla zamanın, quruluşun üstünə yeriyir, millətin cəhalətdən qurtuluşu üçün sinif otaqlarını elmi-irfanın baş köşəsinə çevirir, mənsub olduğu məmləkətin haqq səsinə dönür, “şovinizmə” üsyan edir, ruspərəst mövqeyi ilə xalqını aşağılayanlara, dilini, mədəniyyətini, tarixini, ədəbiyyatını ondan yüksəklərdə tutanlara dərs verirdi: “Türk uşaqları təkcə Puşkini deyil, həm də Şekspiri, Şilleri bilməlidir. Ancaq türk uşağı özünə doğma olan əsl proletar şairi Sabirin odlu-alovlu şeirlərini bilməlidir”. Nərimanovun tövsiyyəsi bu idi ki, Türk dilinin tədrisini azaltmaq təklifini irəli sürənlər özləri bu dili öyrənsinlər ki, Sabiri anlasınlar”.

Sərt çıxışları ilə millətinin haqq səsinə dönəndə, ictimai-siyasi xadim, nüfuzlu pedaqoq kimi çəkinmədən problemləri dilə gətirəndə Nərimanovun cəmi 26 yaşı var idi. O zaman Çar Rusiyasının Tiflisdə və Bakıda olan millətçi-şovinist nümayəndələrinin üstünə yeriyən Nərimanov illər ötəndən sonra, Şura hökuməti illərində Azərbaycanın Birinci şəxsi, Komissar Nəriman Nərimanov kimi Mərkəzi Komitədə, Moskvada, yuxarı eşalonda oturanlara yerini göstərirdi. Tarixi mənbələr, arxiv materialları da sübut edir ki, Nəriman Nərimanov Azərbaycan dilini sıxışdıran kommunistlərin mövqeyinin çar Nikolayın mövqeyi ilə üst-üstə düşdüyünü vurğulayaraq onları çəkinmədən şovinist adlandırırdı...

1924-cü il martın 20-də Moskvada partiyanın siyasi bürosunda Nəriman Nərimanovun təklifi ilə məsələ müzakirə olunmuşdu. Feliks Dzerjinskinin fikrinin əleyhinə gedərək neftdən gələn gəlirin böyük hissəsinin Azərbaycanda maarifin və səhiyyənin inkişafında xərclənməsi məsələsini qoymuşdu. Buna nail olmaqla o, öz tövsiyyələrini Xalq Komissarları Sovetinin sədri Qəzənfər Musabəyova ünvanlamışdı”.

Hələ gənclik illərində, fəaliyyətinin Bakı dövründə Həbib bəy Mahmudbəyov kimi Bakı Quberatoruna məktub ünvanlayan, onun 18 aprel 1897-ci il tarixli qərarı ilə Qiraətxana açmağa nail olan Nərimanov bu mütərəqqi addımı ilə ölkədə milli maarifçilik hərəkatına, ana dilinin təbliği məsələlərinə töhfə vermiş, mənəvi müəlliminin, ustadının ana dili ilə bağlı gerçəkləşdirdiyi layihələri inkişaf etdirmişdi.

Bakıda ilk Rus-tatar məktəbini quran, dərslik və dərs vəsaitlərini qələmə alan, kitabxana və qiraətxananın, teatr truppasının təməlini qoyan Həbib bəy Mahmudbəyov deyirdi: “Bütün Rusiyada bizim məktəblər müdhiş bir vəziyyətdə idi... Ana dili hər yerdə gözdən düşmüşdü. Onu öyrənmirdilər. Bir dənə də olsun türkcə dərslik yox idi... Biz şüurlu gənc müəllimlər necə olursa olsun öz ana dilimizi dirçəltməli, rus-tatar məktəblərində dilimizi dirçəltməli, onun məcburi bir fənn kimi keçirilməsinə nail olmalı, dərsliklər tərtib etməli, ruscadan türkcəyə uşaq hekayələri tərcümə etməli, qiraətxana və kitabxanalar açmalı, uşaq jurnalları nəşr etməli idik”.

Nəriman Nərimanov bununla həm də Firudin bəy Köçərlinin: “Bir millətin malını, varını, dövlətini əlindən alarsan məhv olmaz, dilini alarsan tərk olub gedər!” - nidasını gerçəyə çevirmiş, Qori Müəllimlər Seminariyasını Qazaxa köçürməklə Mirzə Kazım bəyin, Mirzə Fətəli Axundzadənin, Abbasqulu Ağa Bakıxanovun, Mirzə Şəfi Vazehin, Həsən bəy Zərdabinin, Həbib bəy Mahmudbəyovun ənənələrini yaşatmış, davam etdirmişdir. Bununla yanaşı o, həm də Şərqdə ilk Qız Məktəbini quran, Hacı Zeynalabdin Tağıyevin böyük arzularının gerçəkləşməsi üçün cəsarətli addım atmışdır ki, nəticə etibarı ilə bu həm də, Bakıda, daha doğrusu Qafqazda, Şərqdə, türk dünyasında Müəllimlərin I Qurultayının çağırılması ilə nəticələnmişdir. Onun bu dövrdə qələmə aldığı publisistik yazılarının, elmi məqalələrinin, bədii əsərlərinin əksəriyyəti xalqın cəhalətdən qurtuluşuna, maarifçilik məsələlərinin təbliğinə həsr olunmuşdu ki, bu sırada “Nadanlıq”, “Bahadır və Sona”, “Nadir Şah” kimi bu gündə Azərbaycan ədəbiyyatının şah əsərlərindən hesab olunan kitabları vardı.

İnsanların ruhunun hakimi kimi qələm çalan Nəriman Nərimanov mənsub olduğu milləti düşdüyü cəhalət və səfalət girdabından xilas etmək üçün, həm də onun sağlamlığı barədə düşünür. Onu Tiflisdən Bakıya gətirən qatar, Bakıdan uzaqlara, lap uzaqlara, Ukraynaya, Odessaya aparır. Müəllim, ictimai xadim, yazıçı, publisist Nərimanovdan həkim, alim, siyasi xadim Nərimana yollar görünür.

 

Mirəsədulla Mirqasımov: “Mən Universitetə daxil olanda Nərimanov  artıq, müəllim kimi burada çox böyük nüfuz qazanmışdı, baxmayaraq ki, o, tələbə idi”

 

Bütün həyatını mənsub olduğu millətin tərəqqisinə həsr edən Nəriman Nərimanov hansı vəzifəni tutmasından asılı olmayaraq “Doktor Nəriman” deyə sevildi, hörmətə layiq oldu.

Tiflisdən, Borçalıdan Bakıya qədəm qoyanda onu iki ciddi məsələ düşündürmüşdü: “Sağlam bədəndə sağlam ruh olar və ruhu sağlam olmayanın bədəninin sağlam olmasından fayda olmaz”. Bu səbəbdən də, o bir pedaqoq, ictimai xadim kimi çox böyük hörmət və nüfuz qazandığı Bakıdan ayrılmaq, müəllim Nərimandan doktor Nərimana körpü salmaq qərarına gəlir. Düz 11 il Sultan Məcid Qənizadənin, Həbib bəy Mahmudbəyovun, Hacı Zeynalabdin Tağıyevin sayəsində tanıdığı, sevdiyi Bakıya, Vətənə daha faydalı, gərəkli xidmət üçün Odessaya yollanmaq qərarına gəlir. Millətin atasına – Hacı Zeynalabdin Tağıyevə rəsmi məktubla müraciət edərək onun “Kontorundan” yardım alır. Azərbaycan Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində 609-cu Fondda mühafizə olunan 1902-ci il yanvarın 27-də və 1913-cü il aprelin 16-da imzalanan müraciət və təşəkkür məktubları Tağıyevin bir mesenat kimi xeyirxahlığının, Nərimanovun milli mücadilə naminə hər şeyə - hətta borc almaq kimi bir kişi üçün ağır olan məsələyə də qol qoyduğunu sübut edir. 1902-ci ildə 32 yaşında Novorosiyski İmperator Universitetinin tibb fakültəsinə daxil olur. O, burada təkcə təbabətin sirlərinə yiyələnmir, dövrünün məşhur təbib-filosof alimləri ilə tanış olur. Hələ dördüncü kursda təhsil alarkən “Tibb və İslam” əsərini qələmə alır. Bu onun bir türk, müsəlman olaraq İslam elm tarixinə verdiyi ən qiymətli töhfələrdən idi. Tarixə İbn Sina, İbn Rüst, İbn Ərəbi, Bəhmənyar, Şeyx Barik kimi məşhur təbib-filosoflar yetirən Şərqin əzəmətini sübut edir. Odessaya, Novorossiyski İmperator Universitetinə tələbə kimi qədəm qoyan Nəriman Nərimanov hələ dördüncü kursdan nüfuzlu pedaqoq kimi ona mühazirə oxuyan müəllimlərin sırasında yer alır. AMEA-nın 15 təsisçisindən biri, ilk prezidenti akademik Mirəsədulla Mirqasımov bu barədə öz xatirələrində qeyd edir: “Mən Novorosiyski İmperator Universitetinə daxil olanda Nərimanov artıq nüfuzlu müəllim, həkim kimi çox böyük hörmət qazanmışdı. Bu bir azərbaycanlı kimi bizi qürurlandırırdı. Müəllimlərimiz bizə onun “Tibb və İslam” kitabından mühazirə oxuyurdu”.

Nəriman Nərimanov Novorosiyski İmperator Universitetində təkcə bir həkim, alim deyil, həm də ictimai-siyasi xadim kimi yetişirdi. Universitetin elmi-ictimai mühiti Çar Rusiyasındakı rejimi qamçılayır, sosial ədalətin bərpası uğrunda mübarizlər yetişdirirdi. Bu səbəbədən də, Nərimanovun irsinin ciddi tədqiqatçıları haqlı olaraq Odessa mühitinin onun siyasi fəaliyyətində mühüm mərhələ olduğunu qeyd edir. Siyasi xadim kimi tələbə hərəkatının ona təsirində tarixi faktlarla söz açırlar: “Nəriman Nərimanov siyasi fəaliyyətə Odessada Tələbə hərəkatından başlamışdı. Çar hökuməti universiteti müvəqqəti bağladıqdan sonra Bakıya qayıtmış, sosial-demokrat “Hümmət” təşkilatına daxil olmuşdur. Bu dövrdə İran inqilabçıları ilə sıx əlaqə saxlamış, İran sosial-demokrat “İctimaiyyun-amiyyun” (“Mücahid”) partiyasının əsasını qoyanlardan biri olmuşdur. 1906-cı ildən başlayaraq mətbuatdakı çıxışları mədəni-maarif problemləri ilə yanaşı, açıq siyasi məzmun daşımışdır. “İrşad” və “Həyat” qəzetlərində silsilə məqalələr dərc etdirmişdir.

Bütün həyatını milli maarifçilik və əbədi istiqlal, milli dövlətçilik məsələlərinə həsr edən Nəriman Nərimanov taleyin sərt üzündə özü öz tarixi torpaqları ilə həmsərhəd olmaq məcburiyyətində qalan, xanlıqlara parçalanan, “Kürəkçay”, “Gülüstan”, “Türkmənçay” dəhşətlərini yaşayan Vətənin birliyi, bütövlüyü üçün qılınc sıyırıb bu taya, Təbrizdən Dərbəndə, Borçalıya, İrəvana, Qarabağa, Naxçıvana qədər gələn Nadir şah Əfşardan, Ağa Məhəmməd şah Qacardan sonra ayağa duran ilk liderimiz idi ki, “Mücahid” Partiyasının qurulması, Təbrizin oyanışı üçün nəinki əlindən gələni əsirgəmir, bu yolda açıq mübarizəyə atılır ki, onun ardıyca bu müqəddəs missiya uğrunda Məhəmmədəmin Rəsulzadə, sonra isə Bağırov – Əziz Əliyev Güney Azərbaycan Missiyasını gerçəkləşdirəcək, Səttərxanın, Şeyx Məhəmməd Xiyabaninin, Seyid Cəfər Pişəvərinin milli mücadiləsinə, əbədi istiqlal savaşına təkan verəcəkdilər. 1906-cı ildə Bakıda keçirilən Qafqaz Müsəlman Müəllimlərinin Birinci Qurultayının təşkilində Həbib bəy Mahmudbəyov, Həsən bəy Zərdabi ilə birlikdə mühüm xidmətləri olan Nəriman Nərimanov tarixi nitqi, “Müəllimi olmayan millətin keçmiş və gələcəyi olmaz!” nidası ilə cəhalətdən qurtuluşun Müəllim və Məktəb adına bağlı olduğunu sübut edir ki, Qurultayın himayədarı Hacı Zeynalabdin Tağıyev qısa bir zamanda Şərqin ilk Qız Məktəbini qurmaqla “Bir oğlana təhsil verməklə, təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə, təhsilli bir ailə!” hikmətini gerçəyə çevirir.

Elə həmin il Novorosiyskidən ona ünvanlanan teleqram yenidən Nərimanovu Odessaya aparır. Universitetin tədrisi müvəqqəti dayandırması ilə bağlı təhsilini yarımçıq qoymaq məcburiyyətində qalan Nərimanov 1908-ci ildə təhsilini başa vurub yenidən Bakıya, taleyinin şəhərinə dönür. Həkim kimi fəaliyyətə başlayır.

 

Nərimanovun yazdığı resept Beynəlxalq Tibb Təqviminə düşdü

 

Qısa fasilələri, Həştərxanda keçən sürgün illərini nəzərə almasaq deyə bilərik ki, Nəriman Nərimanov ömrünün, hətta yuxusuz gecələrini üst-üstə yığsaq gecəli-gündüzlü ömrünün böyük bir qismini məhz doktor Nəriman olaraq keçirib. 1909-cu ildən 1918-ci ilə qədər “Xolera-vəba”, “Şaxotka-vərəm”, “Traxoma”, “Qadınlar aləmi”, “Tibb və İslam”, “Əyyaşlıq” və başqa bu kimi faydalı elmi-publisistik mövzularda mühazirələr oxumuş, məqalələr və kitabçalar çap etdirmiş, “Tibb və islam” kitabçasını yoxsul fəhlələr arasında pulsuz paylamışdı. Vəba, çiçək, traxoma, malyariya, revmatizm, mədə-bağırsaq xəstəliklərinə qarşı mübarizəyə həsr olunan elmi-kütləvi məqalələri ilə infeksion xəstəliklərə qarşı mübarizə aparmış, “Burhani-tərəqqi”, “İdel”, “Astraxanskiy kray”, “Baku”, “Sədayi-həqq” kimi  dövrünün mətbu orqanlarına məqalələr yazmış, 1914-cü ildə Qara şəhər xəstəxanasında fəhlələrə təmənnasız xidmət göstərmiş, neft mədənlərində çalışan fəhlələrin pulsuz, öz hesabına müalicəsinə nail olmuş, onların dava-dərmanını almış, Bakı kəndlərinin əhalisinə yardımda bulunmuş xəstələrin böyük bir qismini evində qəbul etmişdir. 1918-ci ildə Bakı Şəhər Təsərrüfat Komissarı kimi şəhərin sanitariya, əhalinin gigiyena ilə bağlı problemlərinin gündəmə gətirilməsində, həll edilməsində mühüm rol oynayan doktor Nəriman Nərimanov bu illər ərzində fasiləsiz xidməti ilə şəhərin müalicə-profilaktika məsələlərinin böyük bir qismini öz üzərinə almışdır.

Ulu öndər Heydər Əliyevin Azərbaycan KM-nın plenumunun qərarı ilə qurulan, Nəriman Nərimanovun ev muzeyində qorunan, onun Qara şəhərdə işlədiyi yarımillik fəaliyyəti barədə Bakı Tibbi-sanitariya bürosunun hesabatında qeyd olunan faktlar da dediklərimizə əyani sübutdur: “Doktor qəbul vaxtını məhdudlaşdırmırdı. Bir gündə onun qəbuluna 50-dən 80-ə kimi xəstə gəlirdi və onlara hər cür tibbi yardım göstərilirdi. 1914-cü ilin altı ayı ərzində Nərimanov 11765 xəstə qəbul etmiş, 2441 nəfərə cərrahi yardım göstərmiş, 9418 resept yazmışdır ki, bu da müasir dillə desək dünya rekordunu təzələmiş, Beynəlxalq Tibb Təqviminin təşkilat komitəsi  onun reseptlərindən birini təqviminə əlavə edərək nəşr etdirmişdir. Bu bir türk, azərbaycanlı, müsəlman olaraq təkcə doktor Nərimanın deyil, hər birimizin iftixarı, tarixi nailiyyətlərindən idi.

Bütün həyatını millətinin cəhalətdən qurtuluşuna həsr edən, qələmini, neştərini süngüyə çevirən, müəllim, həkim, ictimai-siyai xadim kimi nüfuz qazanan Nəriman Nərimanov təbabətdən siyasətə yol gələn ilk liderimiz kimi fəaliyyətinin bütün dönəmlərində vətəndaş məmnunluğu, insan sağlamlığı uğrunda mücadilə etmiş, quruluşun, zamanın, yuxarı eşalonlarda oturanların üzərinə yerimişdi. Onun Moskvada- SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri işləyərkən Rusiya Qırmızı Xaç cəmiyyətinin sədri Z.Solovyevə və RSFSR Xalq səhiyyə komissarı N.A.Semaşkoya göndərdiyi məktublar bunu sübut edir. Həmin məktublarda o, Azərbaycan əhalisinin tibb və səhiyyə sahəsindəki ehtiyaclarından danışır və xahiş edir ki, Azərbaycanın cərrahiyyə, aptek alətləri, müxtəlif tibbi preparatlar, xüsusi ilə həmin dövrdə, vacib, daha çox ehtiyac duyulan malyariya əleyhinə vaksinlərlə təmin edilməsini xahiş edir”.

Nəriman Nərimanov qüdrətli pedaqoq, Hippokrat andına sadiq qalan peşəkar həkim, istedadlı yazıçı, publisist olsa da, nüfuzlu ictimai-siyasi xadimdi. Bütün həyatı mücadilələrdə keçən bu dahi şəxsiyyət 1909-cu ildə Tiflisə hicrət etmək məcburiyyətində qalır, onun Bakıdan Tiflisə dönüşü siyasi təqiblərlə bağlı olmaqla yanaşı, təbabətdən siyasətə yol gələn doktor Nərimanın həbsxana həyatını, sürgün illərini özündə ehtiva edir.

 

Bakıdan Tiflisə dönüşü Nərimanovun həbsxana həyatını, sürgün illərini özündə ehtiva edir

 

Metex qalası özünün dəhşətli zindan qanunları ilə Çar Rusiyasının ən dözülməz həbsxanalarından biri idi. Ora daha çox siyasi dustaqlar, imperiyanın üstünə yeriyən tarixi şəxsiyyətlər salınırdı. Onun dəhşət üzünü görən məşhur simaların içərisində Ömrə Faiq Nemənzadənin Nəriman Nərimanovun adını çəkmək kifayətdir ki, Çar Rusiyasının Qafqazlarda Azərbaycan türklərinə münasibəti barədə bilgiyə malik olasan.

1908-ci ilin sonralarından Güney Azərbaycan məsələləri ilə bağlı hədəfə alınan Nəriman Nərimanov Bakıda təqib olunmağa başlayır. Onun, o tayda qurulan “Mücahid” Partiyasının fəaliyyətindəki mövqeyi siyasi çevrilişə cəhd kimi qiymətləndirilir. Çar Rusiyasını bu məsələyə həm də İran rejimi təhrik edir. Düzünə qalsa məsələnin bu yönü həqiqət idi. Hacı Zeynalabdin Tağıyev Nərimanovun, Rəsulzadənin əli ilə Təbriz üsyanlarına yardım edir, əhalinin oyanışı, qurtuluşu, birliyi, bütövlüyü uğrunda mübarizəsi üçün ayağa qalxmasını arzulayırdı. Bu dövrdə Çar Rusiyasında cərəyan edən hadisələr, imperiyanın əyalətlərindəki Tağıyev kimi müdrik adamları ayağa qaldırmışdı. Nə Çar, nə də İran şahı bu məsələni həzm etmək istəmirdi. Nərimanovla Rəsulzadə isə hədəfdə idi. Onun Bakıdan çıxmasını, doğulduğu torpaqlara – Tiflisə hicrət etməsini tövsiyə edənlər də Tağıyev başda olmaqla Bakı əsilzadələri idi. Nərimanovun Tiflisə 1909-cu il martın 1-də gəlişi ilə Metex qalasına salınması bir olur. Onu “Mücahid” Partiyası qurmaqda, İran inqilabçılarına dəstək verməkdə ittiham edirlər. Altı ay həbsxanada qaldıqdan sonra onu Həştərxana sürgün edirlər. Bu müddət ərzində Hacı Zeynalabdin Tağıyev onun hüquqlarını müdafiəsi üçün vəkil tutur. Çar Rusiyasının Qafqaz canişini İllarion İvanoviç Vorontsov-Daşkovla şəxsən danışıqlara gedir, malikanəsində onu qəbul etməklə kifayətlənmir, Bakı buxtasında neft quyuları olan Canişinə dörd vaqonlu qatar “hədiyyə” edir. Bu o dövr üçün bir ovuc brilianta, 5 min çevron qızıl zayoma bərabər idi. “Kaspi” mətbəəsini satın alıb milli mətbuatı milli məfkurənin təməldaşına çevirən Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu kimi dahiləri himayə edən Tağıyev Nərimanovu Odessaya təhsil almağa göndərərdiyi, onun müraciəti ilə təhsil haqqını öz üzərinə aldığı kimi, onun Metex qalasından xilasını da, övlad qayğısı, ata məhəbbəti, daha doğrusu Millət fədaisi olaraq qəbul edir. Vorontsov-Daşkovun icazəsi ilə Nərimanovun doğmaları Rizvan Nərimanovun, Səkinə Zamanovanın, Mərziyyə Zeynalovanın adından Çar Rusiyasının Qafqaz Canişinliyinə məktub ünvanlanır. Qaldırılan məsələ, təqdim olunan diləkçə ilə bağlı Nərimanov zindandan azad edilərək Həştərxana sürgünə göndərilir. 1909-cu ildən 1913-cü ilə qədər ictimai-siyasi fəaliyyətinin Həştərxan dövrünü yaşayan Nəriman Nərimanov Həştərxan Xalq Universitetləri Cəmiyyətini təsis etməklə yanaşı onun maliyyə yükünü də öz üzərinə almış, həkim kimi əldə etdiyi gəlirlə Cəmiyyətin inkişafına, regionun elmi-mədəni dirçəlişinə töhfə vermişdir. Həştərxan quberniyası həkimlərinin II qurultayında “Şureyi İslam” Cəmiyyəti adından çıxış edən Nəriman Nərimanov quberniyanın səhiyyə məsələlərinə, sosial siyasətinə rəhbərlik etmiş, müalicəxanaların qurulmasında əlindən gələni əsirgəməmiş, peşəkar həkim kimi yerli həkimlərə pulsuz mühazirələr oxumuş, praktik məşğələlər aparmışdır. Bu səbəbdən də, bu gün adının, xatirəsinin əbədiləşdirildiyi Həştərxanda hər bir türk, müsəlman və qeyri millətlərdən olan insanlar onu ehtiramla xatırlayır. Səhhəti, daha doğrusu, həm də siyasi fəaliyyəti ilə bağlı 1918-ci ildə yenidən Həştərxana gələn Rusiya Kommunist (bolşeviklər) Partiyasının Həştərxan Təşkilati müsəlman bölməsinin komitə üzvü, “Hümmət” Qafqaz Müsəlman Kommunist Partiyası Mərkəzi Bürosunun rəhbəri, Həştərxan İcraiyyə Komitəsi maarif şöbəsinin müdiri, 1919-cu ilin yanvarından Həştərxanda Zaqafqaziya müsəlmanlarının işləri üzrə komissarlığının sədri kimi tarix yaradan, ən çətin zamanlarda, dar məqamlarda onlarla birlikdə olan liderlərini unutmurlar.

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən,

Anam, doğma vətənimsən!

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan!

 

Mən bir uşaq, sən bir ana,

Odur ki, bağlıyam sana:

Hankı səmtə, hankı yana

Hey uçsam da yuvam sənsən,

Elim, günüm, obam sənsən!

 

Könlüm keçir Qarabağdan,

Gah bu dağdan, gah o dağdan;

Axşam üstü qoy uzaqdan

Havalansın Xanın səsi,

Qarabağın şikəstəsi.

 

Aşıq Şəmşir, Dəlidağdan keçəndə,

Kəklikli dağlardan xəbər al məni.

Ceyran bulağından qızlar içəndə,

Saz tutub, söz qoşub yada sal, məni.

 

Bir məsəl qalmışdır ata-babadan:

Uçarda turacdır, qaçarda ceyran

Bir mən deyiləm ki, hüsnünə heyran,

Şöhrətin yayılıb hər yana, ceyran!

 

Və s. Və i. Hamısı biri-birindən gözəl olan, dillər əzbəri şeirlər. Çox qısa bir ömürdə bu qədər nailiyyət qazanmaq, belə birirs qoyub getmək hər kəsə nəsib ola bilməz. Poeziyamızın günəşi - Səməd Vurğun. 

Bu gün onun anım günüdür.

 

Səməd Vurğun 21 mart 1906-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1918-ci ildə Firudin bəy Köçərli Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsini Qazaxa köçürərək, Qazax müəllimlər seminariyasını təşkil edir. Məktəbə qəbul olunan kənd uşaqları arasında Səməd və Mehdixan Vəkilov da var idi. Mehdixan Vəkilov Səmədin böyük və yeganə qardaşı olmuşdur. Qardaşı Hacıməmməd və bacısı Nabat isə uşaq yaşlarında vəfat etmişdilər.

 

Səməd Vurğun seminariyanı bitirdikdən sonra Qazax, Quba və Gəncədə Azərbaycan dili və ədəbiyyatını tədris etməyə başlayır. 1920–1930-cu illərdə şairin səsi ciddi surətdə ədəbi mühitin və geniş oxucu kütlələrinin nəzərini cəlb edir. 1930-cu illərdə o, Aleksandr Puşkinin "Yevgeni Onegin", Maksim Qorkinin "Qız və ölüm", Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan", Nizami Gəncəvinin "Leyli və Məcnun" əsərlərini Azərbaycan dilinə tərcümə edir.

Səməd Vəkilov gəncliyində hər şeylə maraqlanan, həssas, bununla yanaşı çox qətiyyətli, möhkəm iradəli, hazırcavab olmuşdur. Təhsilə başladığı ilk günlərdən ondakı fitri istedad özünü göstərmişdir. Bu illərdə o, Vaqif, Vidadi, Zakir və Sabir yaradıcılığı ilə yanaşı, Puşkin və Lermontovun, türk şairlərindən Tofiq Fikrət, Namiq Kamal, Mehmed Eminin əsərləri ilə də tanış olur. Məlahətli səsi olduğundan gözəl oxuyur, məharətlə saz və skripka çalır, şeir deyir, həvəskar tamaşalarda çıxış edirdi.

 

Kitabları:

 

1. Səməd Vurğun. Seçilmiş əsərləri: I cild – Şeirləri;

2. Səməd Vurğun. Seçilmiş əsərləri: II cild – Şeirləri;

3. Səməd Vurğun. Seçilmiş əsərləri: III cild – Poemaları;

4. Səməd Vurğun. Seçilmiş əsərləri: IV cild – Dram əsərləri;

5. Səməd Vurğun. Seçilmiş əsərləri: V cild – Məqalələri, məruzələr, nitqlər, oçerklər.

 

Dramları

 

- Vaqif 

- Xanlar 

- Fərhad və Şirin

- İnsan 

- Şairin həyatı 

- İki sevgi 

 

Poemaları

 

- Komsomol 

- Muğan

- Aygün

- Zəncinin arzular 

- 26-lar 

- Zamanın bayraqdarı

- Talıstan 

- Aslan qayası 

- Bulaq əfsanəsi 

- Acı xatirələr 

- Dar ağacı 

- Hürmüz və Əhriman 

- Muradxan 

 

Haqqında yazılmış əsərlər

 

Adilxan Bayramov, "Yaşayan ömür"

Şəmistan Nəzirli, "Vurğun keçib bu yerlərdən"

Şəmistan Nəzirli, "Vurğun ömrü"

Şəmistan Nəzirli, "Ellər Vurğunu"

 

Haqqında çəkilmiş filmlər

 

1. Komsomol nəsli 

2. Səməd Vurğun 

3. Aygün 

4. Səməd Vurğun 

5. Muğanın dastanı 

6. Xalq şairi Səməd Vurğun

7. Vurğun ocağı

 

Təltifləri

 

1. "Azərbaycan SSR xalq şairi" fəxri adı

2. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

3. "Stalin" mükafatı (2-ci dərəcə)  ("Vaqif" pyesinə görə)

4. "Stalin" mükafatı (2-ci dərəcə ("Fərhad və Şirin" pyesinə görə)

5. 2 dəfə "Lenin" orden

6. "Qırmızı əmək bayrağı" ordeni

7. "Şərəf nişanı" ordeni 

8. "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

 

1955-ci ilin oktyabr ayında Səməd Vurğun SSRİ nümayəndə heyəti tərkibində Vyetnama gedərkən yolda xəstələnir və səfərini yarımçıq saxlamalı olur. Çində onu Pekin xəstəxanalarından birində müayinə edirlər. Bir neçə həftədən sonra şair vətənə qayıdır. Onun xəstəliyi şiddətlənir.

 

1956-cı ilin martında Səməd Vurğunun 50 yaşı tamam olur. Şairin yubileyinin keçirilməsinə hazırlıqlar çərçivəsində Azərbaycan SSR rəhbərliyi tərəfindən "Azərbaycanın xalq şairi" adı təsis edilir və ilk dəfə bu ada Səməd Vurğun layiq görülür. May ayının 12-sində opera və balet teatrında SSRİ-nin ədəbi ictimaiyyətinin və xarici qonaqların iştirakı ilə şairin təntənəli yubiley gecəsi keçirilir. Yubiley təntənəsindən iki həftə sonra 1956-cı il may ayının 27-də, saat 19:30-da şairin gözləri əbədi yumulur. May ayının 28-dən 30-na kimi şairin cənazəsi Azərbaycan Dövlət Filarmoniyasının binasında qoyulur. Şair may ayının 30-da Sovet Sosialist Respublikaları İttifaqı nümayəndə heyətlərinin, xarici qonaqların və Azərbaycan xalqının böyük bir izdihamı ilə Bakıda 1-ci Fəxri Xiyabanda dəfn edilir.

 

Xatirəsi

 

 Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı, neft tankeri də Səməd Vurğunun adını daşıyır. Mossovetin qərarı ilə Moskva (Rusiya) və Dərbənd (Dağıstan) şəhərlərində küçə, Düşənbə (Tacikistan) şəhərində məktəb, Kiyev (Ukrayna) şəhərində kitabxana, Plovdiv (Bolqarıstan) şəhərində texnikum və Datça (Türkiyə) şəhərində küçə şairin adını daşıyır.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2025)

 

Çərşənbə axşamı, 27 May 2025 09:29

Azad Şabanov “Bir əsər” yaratdı

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Şou, sənət, performans, sosial mesajlar - Azad Şabanovdan unudulmayan möhtəşəm konsert…  

 

Gənc müğənni Azad Şabanov sayca ikinci solo konserti ilə çıxış edib.

Estrada ulduzu bu dəfə ölkənin bir nömrəli və əsas səhnəsi olan Heydər Əliyev Sarayında sevənlərinin qarşışına çıxıb. “Bir əsər” adlanan gecə musiqi xarakteri daşıyıb. Konsertdə həm şou nömrələr, həm də rəngarəng səhnəciklər təqdim olunub. Tamaşaçılar adi konsertə yox, əsl sənət ab-havasına, teatr, pantomimo, rəqslərlə dolu gecəyə qərq olublar.

Konsertdə həm də sosial mesajlar yer alıb. “Dua” adlanan əsərdə Azad qadın və uşaq zorakılığı mövzusuna toxunub. O, səhnədən tamaşaçılara sosial mesajlar ötürüb. 

Konsertdə müğənninin tərəf müqabili Əməkdar artist, istedadlı aktrisa Həcər Ağayeva olub.

Gecə boyunca tez-tez geyimlər dəyişən sənətçinin obrazları da böyük maraqla qarşılanılıb. 

Rəqqaslarla və xüsusi şou ilə çıxış edən Azad Şabanov konsertdə hitlərini, həm də Azərbaycan klassik və müasir bəstəkarların mahnılarını canlı səsləndirib.

“Bir əsər” musiqili tamaşanın qurulçu rejissoru Əməkdar incəsənət xadimi Ülviyyə Könül, ssenari müəllifi Əməkdar artist Nicat Kazımov, quruluşçu xoreoqraflar Əməkdar artist Bəhruz Vagifoğlu, Əməkdar artist Nailə Məmmədzadə və Emin Hüseynov idi. Layihənin icraçı prodüseri isə Zemfira Bağırova olub.

 

Azərbaycan səhnəsində bir ilkə imza atan Azad Şabanovun bütün çıxışları gür alqışlarla qarşılanılıb. Konsert anşlaqla keçib.

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2025)

 

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

28 May Azərbaycanın Müstəqillik günüdür. Məhz həmin gün - 1918-ci ilin 28 Mayında əsarət üfunətində boğulan xalqımızın qaranlıq göylərində istiqlal ulduzu parladı. 28 May könüllərdə yanan bir məşələ dönüb gətirdiyi hüriyyət şəfəqlərini adamların ömrünə, gününə səpdi. Xalqın başı üzərində üç rəngli, aylı, ulduzlu istiqlal atəşi yandı. Azərbaycan xalqı üç rəngli bu bayrağı sevdi, şanına şeirlər və nəğmələr qoşdu, onu bağrına basıb işığına toplaşdı.

 

Əsarət zənciri qırılmışdı! Xalq azad,Vətən azad olmuşdu. Bu bayraqdan adamların üzünə təbəssüm qonur, qəlblərinə sevinc axırdı. Çöllər, çəmənlər, güllər, çiçəklər bu bayrağın nuru ilə boy atır, böyüyürdülər. İnsanlar azad Azərbaycanda xoşbəxt ömür-gün sürürdülər. Onlar kiminsə əsiri deyildilər, özgə bir ölkənun yumruğu altında inləmirdilər. Rusun, ingilisin, erməninin ağalığına son qoyulmuşdu. Xalq öz müqəddəratının, malının, dövlətinin, yeraltı və yerüstü sərvətlərinin sahibi olmuşdu. Ölkə demokratik prinsiplər əsasında idarə olunur, insanların hüquq və azadlıqlarına hörmətlə yanaşılır, onların siyasi və vətəndaşlıq hüquqları təmin edilirdi. Cümhuriyyətdə yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradılmışdı.

Dünya ölkələri ilə dostluq münasibətləri yaranırdı. Türk və İslam dünyasında ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xaiq Cümhuriyyətini dünyanın 23 böyük dövləti rəsmən tanımışdı. Ölkəmizin sərhədlərinin bütövlüyünü və dövlətçiliyi qorumaq üçün milli ordu quruculuğuna başlanmışdı. Azərbaycan dili dövlət dili elan olunmuşdu. Mədəniyyət, incəsənət və təhsil inkişaf edirdi. Azad qəzet və jurnallar Azərbaycan istiqlalından bəhs edir,onun qəhrəmanlıqla dolu tarixini və işıqlı keçmişini təbliğ edirdi. Xalq Azərbaycanın istiqlaliyyət ətirli dadlı günlərini yaşamaqda idı. Siyasi, iqtisadi, mədəni, hərbi, səhiyyə və təhsil quruculuğu sahələrində mühüm addımlar atılırdı.

Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu qısa müddətdə ölkənin tərəqqisinə böyük töhfələr verdi. Təəssüf ki, Şərqdə ilk türk Respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin Rusiya “yəcuc və məcucları” tərəfindən devrilməsi bu planların gerçəkləşdirilməsini yarımçıq qoydu.

Lakin ömrü cəmi 23 ay çəkən AXC ürəklərdə elə bir məşəl alovlandırmışdı ki, sovet rejiminin cəza-repressiya maşını da bu məşəli söndürə bilməmişdi.  Moskvanın qanlı əlində parlayan xəyanət bıçağı istiqlalımızın bağrına saplansa da, illər bir-birini əvəz etsə də, istiqlal fikri yaşayırdı. Üçrəngli istiqlal bayrağı zahirən yox olsa da, mənən mövcud idi və onun eşqi ürəklərdə qalırdı. Azadlıq aşiqlərinin mühacirətdə və ölkə daxilində yaratdığı dərnəklər, gizli təşkilatlar, 1956-cı ildə üçrəngli bayrağımızın C.Hilaloğlu və Ç.Abdullayev tərəfindən Qız qalasının başında dalğalandırılması da bunun sübutu idi. Çünki iki illik hüriyyət qovğası milləti özünə tanıtmışdı. Xalqımızın görkəmli oğlu M.Ə.Rəsulzadə  uzaqgörənliklə deyirdi ki, bolşevizm yıxılacaq, imperiya parçalanacaq əcir millətlər bu dəfə əbədi qurtulacaq,  öz müqəddəratlarının sahibi, azad və müstəqil olacaqlar.

Ümumilli liderimiz H.Əliyev deyirdi ki, “AXC gərgin və mürəkkəb içtimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz izlər buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır.”

İllər bir-birini əvəz etdikcə tarix Azərbaycanın üçrəngli bayrağını yenidən qaldıracaq azadlıq aşiqlərini  yetişdirirdi. AXC idealları  onlar  üçün mayaka çevrilmişdi.  

1970-ci ildən bu işlər daha da sürətləndi, ölkəmizdə bir oyanış dövrü başladı. Məhz həmin vaxtlardan Azərbaycanda böyük istedadlar və mənəvi qəhrəmanlar qvardiyası yaranmağa başladı ki, bunların da önündə, şübhəsiz ki, Heydər Əliyev dururdu.

Qorxmaz, cəsarətli,  qranit kimi möhkəm iradəyə malik H.Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi ilə uzun illərin sükunəti hərəkətə gəldi, simasızlaşmağa gedən millət oyandı, türk düşüncəsi silkələndi, beynəlmiləlçilikdən milliliyə dönüş başlandı, milli düçüncənin formalaşmasında misli görünməmiş işlər görüldü. Siyasi, iqtisadi və hüquqi sahədə  dövlət müstəqilliyinə zəmin yaradan mühüm addımlar atıldı. Ulu öndər Azərbaycana birinci rəhbərliyi dövründə böyük təzyiqlərlə üzləşsə də, öz əzmkar fəaliyyəti ilə xalqda tarixi keçmişi, milli kimliyi, mədəniyyəti, milli adət -ənənələri və düşüncə sistemi barədə dolğun təsəvvürlər formalaşdıra bildi. Onun Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricisi isə milli dövlətçilik arzularının və hisslərinin gücləndirilməsi oldu. Tarixin gedişini həssaslıqla izləyən H.Əliyev müəyyən taktiki gedişlərlə mənsub olduğu xalq üçün strateji planlarını həyata keçirirdi.  Bu, əslində xalqımızın milli dövlət yaratmaq arzusunun yeni işartıları idi.     

Sovet imperiyasının məhvə məhkum olduğunu hamıdan yaxşı görən  H.Əliyev siyasi imkanlarından və nüfuzundan gələcək müstəqil Azərbaycan dövlətçiliyinin qurulmasına zəmin yaradan faktorların təmin edilməsi naminə istifadə etməyə çalışırdı.

XX əsrin sonları yaxınlaşırdı.  Ötən hər gün isə sovet imperiyasının iqtisadi və siyasi iflasına doğru aparırdı.  M.Ə.Rəsulzadənin dediyi, H.Əliyevin gözlədiyi günlər gəlib çatmışdı. SSRİ deyilən bu yalan və rəzalət səltənətində dünyanı sarsıdan içtimai fırtnalar başlamışdı.

İmperiya ərazisindəki başqa xalqlar kimi Azərbaycan xalqı da yaranmış tarixi şəraitdən istifadə edərək üçrəngli bayrağı yenidən başı üzərinə qaldırıb   istiqlal savaşına qalxdı. 1918-ci ildən başlamış “Azərbaycan davası”nı davam etdirdi.

1991-ci ildə zamanın qanlı qasırğalarından müstəqil Azərbaycan Respublikası yüksəldi. O, Azərbaycan Xalq Cümhuriyyətinin varisi oldu. Əsrin əvvəllərində başlanmış hürriyyət və istiqlal savaşı əsrin sonlarında zəfərlə başa çatdı. Əldə etdiyimiz müstəqillik xalqımızın yaşadığı şərəfli tarixin şüurlarda yaratdığı milli oyanışın, azadlıq eşqinin bəhrəsi idi.  

Amma Azərbaycan Xalq Cümhuriyyətinin başına gələn fəlakətlər müstəqil Azərbaycan Respublikasını da hədələyirdi.  Müstəqil Azərbaycan dövlətinin varlığı təhlükə qarşısında qalmışdı. Məmləkətdə qanunsuzluq, xaos, daxili çəkişmələr, hərc-mərclik artır, müharibədə uğursuzluqlar bir-birini əvəz edirdi. Müstəqil Azərbaycan Respublikasını da Azərbaycan Xalq Cümhuriyyətinin faciəsi gözləyirdi. Xalqı və dövləti bu faciələrdən ancaq bir nəfər qurtara bilərdi – xalqımızın malik olduğu potensialın, qabiliyyətin, şüurun və milli təfəkkürün bariz mücəssəməsi olan Heydər Əliyev !

H.Əliyev 1993-cü ildə xalqın tələbi ilə yenidən Azərbaycanın idarəçilik sükanı arxasına keçdi. Azərbaycan xalqı belə bir dövrdə Şah İsmayıl Xətaidən sonra 500 illik tarixində əvəzi olmayan dahi şəxsiyyətini, bütün mənalı həyatını xalqına və onun dövlətçiliyinə həsr etmiş uzaqgörən siyasətçisini, zəngin dövlətçilik təcrübəsi olan müdrik oğlunu – H.Əliyevi hakimiyyət başına gətirdi.Tarixdə oxşarı olmayan bir qayıdış baş verdi. H.Əliyev xalqın sabaha olan inamını özünə qaytardı.

H.Əliyev yenidən Azərbaycanın idarəçilik sükanı arxasına keçdikdən sonra qısa müddətdə milli dövlətçilik modelini hazırladı. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində Azərbaycan dövlətçiliyini faciələrdən və iflasdan xilas etdi. Eyni zamanda özünün möhtəşəm milli dövlətçilik ideyalarını həyata keçirməyə başladı.  Bu müddətdə müharibədə atəşkəsin və ölkədə siyasi sabitliyin tam təmin olunması dövlətin gələcək iqtisadi inkişaf istiqamətlərini müəyyənləşdirməyə imkan yaratdı. Sosial-iqtisadi, hüquqi-siyasi sahələrdə islahatlar proqramının həyata keçirilməsinə start verildi. Dünyanın 8 ölkəsinin 11 şirkəti ilə dövlət müstəqilliyinin möhkəmlənməsində müstəsna rol oynayan “Əsrin müqaviləsi” bağlandı. Müstəqil Azərbaycanın Konstitusiyası qəbul edildi, dövlət quruculuğunun hüquqi bazası yaradıldı. Ölkənin iqtisadi və sosial inkişafı, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən ardıcıl işlər bütövlükdə müstəqillik və milli dövlətçilik ideallarının  bərqərar olmasına yönəldi.

Ulu öndərimiz təkcə qüdrətli Azərbaycan dövlətini yaratmadı, həm də onun əbədiliyini təmin edən mükəmməl dövlətçilik ideologiyasının – azərbaycançılıq ideologiyasının əsasını qoydu. Onun müəyyən etdiyi strateji xətt gələcəkdə də Azərbaycanın simasını və inkişaf istiqamətlərini müəyyənləşdirəcəkdir.

Əgər Azərbaycanın suveren dövlət kimi mövcud olması tarixi zərurətdən irəli gələn hadisə idisə, müstəqilliyimizin əbədi və dönməz edilməsi isə ancaq ümummilli liderimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. 

O, müstəqil Azərbaycan Respublikasını yırtıcı əllərin pəncəsində parçalanmaqdan xilas etdi. Məşhur hekayənin qəhrəmanı Danko qaranlıqda çaşıb qalmış xalqı azadlığa qovuşdurmaq üçün ürəyini məşəl etdiyi kimi H.Əliyev də “Mən həyatımın qalan hissəsini də xalqıma bağışlayıram”, - dedi. Özünün möhkəm siyasi iradəsi, qətiyyəti, müdrikliyi ilə vətəndaş müharibəsini söndürdü, ölkədə içtimai-siyasi sabitliyi təmin etdi, dövlət müstəqilliyini qoruyub möhkəmləndirdi. Dünya planetimizin ən görkəmli siyasətçilərindən biri olan H.Əliyevin dilindən Azərbaycan həqiqətlərini eşitməyə və duymağa başladı: “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir...”

H.Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyev deyir: “Biz – ulu öndərin davamçıları onun yolu ilə gedəcəyik. Azərbaycanı gücləndirəcəyik, müstəqilliyimizi qoruyacağıq”. Bu yolda görülən işlər isə göz qabağındadır.

 

Bu gün ölkəmizin dünyada söz sahibi olması, siyasi, iqtisadi, mədəni və hərbi quruculuq sahəsində əldə etdiyi uğurlar, Vətən müharibəsindəki möhtəşəm qələbə və suverenliyimizin bərpası müstəqilliyimizin mislisiz töhfələrindəndir. 

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2025)

                                                                                          

 

 

Çərşənbə axşamı, 27 May 2025 08:32

Tərtibatçı rəssam kimi neçə-neçə filmə həyat verib

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Sizə haqqında danışacağım növbəti şəxs Rafiq Nəsirovdur. Tərtibatçı rəssam kimi kino tariximizin bir çox önəmli filmlərinə tərtibat verib. Haqqında danışmağım da səbəbsiz deyil. Bu gün onun anım günüdür.

 

Rafiq Nəsirov 27 may 1947-ci ildə Sabirabad şəhərində anadan olmuşdur. 1954-cü ildə orta məktəbə daxil olmuş, 7 ildən sonra bitirib, 1961-ci ildə Politexnik texnikumumun memarlıq fakültəsinə qəbul edilmişdir. Sonra 1964-cü ildə texnikumu bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olmuşdur. 

 

1969-cu ildən C. Cabbarlı adına Azərbaycan kinostudiyasında rəssam vəzifəsində çalışıb, 1980-ci ildən isə dekorativ qurğular söbəsinə rəhbərlik edir və həmin ildən də quruluşçu rəssam kimi fəaliyyət göstərir.

Bu illər ərzində 40-dan artıq bədii filmin quruluşçu rəssamı olub.

 

Mükafatları 

 

- "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı

- "Bakılı" Beynəlxalq Mədəniyyət Cəmiyyəti Akademiyası Humay mükafatı

- "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı

- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü (Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə)

 

Filmlər 

 

Bədbəxtliyin astanasında 

Əzablı yollar 

Yeddi gözəl

Meyl

Musiqili xaş

Bəyin oğurlanması 

Cin mikrorayonda 

Qəm pəncərəsi

Araqarışdıran

Şeytan göz qabağnda 

Yaramaz 

Dəvətnamə 

Sahilsiz gecə 

 

Dekor rəssamı kimi

 

Fəryad

 

Aktyor kimi

 

Bədbəxtliyin astanasında

 

29 noyabr 2024cü ildə ömrünün 77-ci baharında vəfat etmişdir.

Allah rəhmət eləsin!

 

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2025)

 

Cəlil Xəlilov, 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik. “Ədəbiyyat və incəsənət” üçün

 

 

XXI əsrin mürəkkəb geosiyasi mənzərəsində öz yolunu dəqiq seçmək, milli maraqları qorumaqla qlobal proseslərə yön verə bilmək yalnız müdrik və qətiyyətli liderlərin işidir. Azərbaycan Prezidenti İlham Əliyevin illərlə ardıcıl, sistemli və uzaqgörən siyasəti nəticəsində bu gün Azərbaycan təkcə regional güc deyil, beynəlxalq aləmdə əhəmiyyətli söz sahibinə çevrilmişdir. Onun rəhbərliyi ilə aparılan siyasət həm milli maraqların təmin olunmasına, həm də ölkənin qlobal miqyasda nüfuzunun artmasına səbəb olmuşdur.

 

Azərbaycan bu gün dünya xəritəsində strateji anlamda yeni bir məna kəsb edir. İstər enerji, istər nəqliyyat, istərsə də diplomatik fəaliyyət sahələrində ölkəmiz Şərq ilə Qərbi, Şimal ilə Cənubu birləşdirən körpü rolunu oynayır. Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, Zəngəzur nəqliyyat qovşağı kimi layihələr bir zamanlar ideya səviyyəsində olan yolları real infrastruktur layihələrinə çevirib. Bu böyük uğur yalnız maddi resurslarla deyil, siyasi iradə, beynəlxalq etimad və düşünülmüş strateji yanaşmalarla mümkün olmuşdur. Prezident İlham Əliyevin çıxışlarında tez-tez vurğuladığı kimi "söz imzadır", yəni Azərbaycan bu gün beynəlxalq razılaşmalarda etibarlı tərəfdaş, sözünə sahib olan dövlət kimi tanınır. Azərbaycanın xarici siyasətində əsas yer tutan məqamlardan biri balanslı, çoxvektorlu və praqmatik yanaşmadır.

Bu gün ölkəmiz həm Avropa İttifaqı, həm Türk Dövlətləri Təşkilatı, həm də Qoşulmama Hərəkatı çərçivəsində fəal iştirak edir. May ayının önəmli hadisələri - Avropa Siyasi Birliyi Zirvəsində iştirak, Budapeştdə Türk Dövlətləri Təşkilatının Zirvəsi, Prezidentin Macarıstana işgüzar səfəri və strateji bəyanatları Azərbaycanın qlobal miqyasda artan rolunun aydın göstəricisidir. Macarıstanın Baş naziri Viktor Orbanın Prezident İlham Əliyev haqqında səsləndirdiyi fikirlər "onun sözü imzasına bərabərdir", "ondan öyrənməliyik" bu etimadın yalnız protokol səviyyəsində deyil, real siyasi münasibətlər səviyyəsində formalaşdığını göstərir.

Azərbaycanın qazandığı Qarabağ Zəfəri yalnız bir torpaq uğrunda aparılan mübarizədəki qələbə olmayıb, o həm də bütöv bir region üçün sülhə aparan yeni başlanğıc idi. Savaşdan sonra sülhü qurmaq, keçmiş düşməni dialoqa cəlb etmək, dayanıqlı barışa zəmin yaratmaq, bütün bunlar yalnız bacarıqlı və uzaqgörən liderlərin edə biləcəyi işlərdir. Bu mənada Prezident İlham Əliyev yalnız Zəfərin lideri deyil, həm də sülhün təşəbbüskarı və daşıyıcısıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Budapeştdə səsləndirdiyi “Müzəffər Prezident, əziz Qardaşım bölgəyə sülhü gətirəcək Lider olaraq tarixə adını yazdıracaq” fikri bu liderliyin region miqyasından çıxaraq türkdilli dünyada və qlobal siyasətdə qəbul olunduğunun sübutudur.

Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı fəaliyyəti bu həmrəyliyin ideoloji və iqtisadi sütunlarına çevrilib. Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi rəqəmlər 20 milyard dollar sərmayə, 11 milyon tonluq tranzit, 50-dən çox ticarət gəmisi təkcə iqtisadi deyil, həm də siyasi çəkini artıran amillərdir. TDT-nin 12-ci Zirvə görüşünün Azərbaycanda keçirilməsi həm ölkə siyasətində təşkilata verilən əhəmiyyətin, həm də Azərbaycanın liderliyinin göstəricisidir. "Yaşıl enerji", "rəqəmsal dəhliz", "türk kimliyi layihəsi" bunlar müasir türk birliyinin konturlarını cızan layihələrdir və Azərbaycanın aparıcı rolu ilə həyata keçirilir. Bugünkü dünya şəraitində liderlər çoxdur, lakin öz millətini qlobal siyasətdə layiqincə təmsil edən, gələcəyin təhlükələrini qabaqlaya bilən, eyni zamanda dost və tərəfdaş ölkələr üçün dayaq olan liderlər azdır.

Prezident İlham Əliyev bu baxımdan öz siyasi məktəbini yaradan liderlər sırasındadır. Onun fəaliyyəti, təkcə bir ölkənin yox, regionların və sistemlərin taleyinə təsir edə bilən uzaqgörənlik, təmkin və qətiyyət nümunəsidir. Bu gün Azərbaycan təkcə coğrafi baxımdan deyil, həm də siyasi və iqtisadi mənada da regionun mərkəzinə çevrilibsə, bu uğurun arxasında Prezident İlham Əliyevin milli dəyərlərlə qlobal baxışları uzlaşdıran strateji idarəçilik fəlsəfəsi dayanır.

Prezident İlham Əliyevin siyasətinin təməlində milli maraqlara sədaqət, beynəlxalq platformalarda isə açıq və çevik baxış dayanır. Regionda sülh təşəbbüsləri irəli sürən və qlobal etimad qazanan bir dövlət obrazı Azərbaycanın yeni simasıdır. Prezident İlham Əliyev quran, yön verən və qoruyan dövlət başçısıdır.

Onun siyasətində bu günlə yanaşı, gələcəyin də konturları aydın görünür. Elə buna görə də bu gün Azərbaycan oyunçu deyil, oyunun qurucusudur. Qarabağ Zəfəri ilə bərqərar edilən tarixi ədalət yalnız torpaq üzərində deyil, beynəlxalq səviyyədə də qələbə kimi qəbul olunub. Dünya artıq Azərbaycanı təkcə enerji ölkəsi kimi yox, sülh təşəbbüsləri irəli sürən, dialoq körpüləri quran və əməkdaşlıq çağırışları edən nüfuzlu bir dövlət kimi tanıyır. İlham Əliyevin liderliyində prinsipiallıqla diplomatik çeviklik, milli maraqlarla beynəlxalq məsuliyyət, daxili stabilliklə xarici aktivlik ahəng içində addımlayır. Azərbaycan adı çəkiləndə etibarlılıq, dayanıqlılıq və səmimiyyət düşünülür. Bu, adi bir siyasi təbliğatın deyil, reallığın və uğurla nəticələnən liderliyin səsidir. Bu baxımdan Prezident İlham Əliyevin liderliyi təkcə idarəçilik nümunəsi deyil, milli ideyanın qlobal dildə ifadəsidir. Azərbaycan bu gün yalnız sabit bir ölkə deyil, həm də təlatümlü dünyada sabitliyin mənbəyidir.

O, gücü necə bölüşəcəyini və necə bölüşərək gücləndirəcəyini bilən müdrik və güvənilir tərəfdaşdır. Azərbaycanın nailiyyətləri və artan nüfuzu artıq “Azərbaycan Modeli” adlandırılan bir dövlətçilik fəlsəfəsinin formalaşmasına səbəb olub. Bu modelin memarı isə Prezident İlham Əliyevdir. Bu uğurların ən çox sevindirici tərəfi isə onların xalqla birlikdə və xalq üçün qazanılmasıdır. Bu uğurlar eyni zamanda Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının da qürur mənbəyidir. Veteranlar yaxşı bilirlər ki, bu gün əldə olunan uğurlar sülh, sabitlik, güc və nüfuz, eyni zamanında göstərilən fədakarlıqların, əzmkarlığın və vətənpərvərliyin bəhrəsidir. Təşkilat adından səslənən bu birlik və etimad bir daha sübut edir ki, Azərbaycanın gücü təkcə ordusunda deyil, xalqının həmrəyliyində və liderinə olan sarsılmaz inamındadır. Bu inamın ən parlaq nümunələrindən biri də Prezident İlham Əliyevin müharibə veteranları və qazilərlə keçirdiyi görüşlərdir. Bu görüşlər formal deyil. Onlar dövlətin yaddaşının, şəhidlərə və qazilərə olan mənəvi borcunun canlı ifadəsidir. Hər bir görüşdə Prezidentin göstərdiyi diqqət, sədaqətli xidmətlərə verdiyi yüksək qiymət, Təşkilata bəslədiyi etimad veteranlar üçün böyük bir mənəvi dayaqdır. Veteranlar bu diqqəti yalnız şəxsi ehtiram kimi deyil, dövlətin öz tarixinə, mübarizə yoluna və qəhrəmanlarına sahib çıxmasının nümunəsi kimi dəyərləndirirlər.

 

Təşkilatın üzvləri bu görüşləri ömrün ən qürurlu anları kimi yaşayıb, bir səslə bəyan edirlər “Biz Prezident İlham Əliyevlə görüşümüzlə fəxr edirik!Bu görüş bizim üçün şərəfdir, gücdür,Vətənə xidmətin dövlət səviyyəsində təsdiqidir!” Bu sözlərdə təkcə təşəkkür yox, bir tarix yatır. Bu fəxarət hissi yalnız keçmişə bağlılıq deyil, gələcək nəsillərə örnək olacaq bir xalq-lider birliyinin təntənəsidir.

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2025)

 

 

 

41 -dən səhifə 2253

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.