Nigar Rəfibəylinin gündəliyindən sətirlər Featured

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

NİGAR RƏFİBƏYLİNİN GÜNDƏLİYİNDƏN SƏHİFƏLƏR

 

 3 yanvar 1942-ci il.

Bütün günlərim Anarla keçir. Rəsul gedəndən bəri o mənə daha çox bağlanmışdır. Hər gün gəzməyə çıxırıq. Bu gecə anamgildə qaldıq.

 

 Yanvar, 1942-ci il.

Rəsuldan teleqram gəlmişdir. O, bu günlər gələcəyini vəd edir. Barı tez gəlsin. Biz Anarla yenə sakit gündüz gəzintilərimizə davam edirdik. O, hər gördüyü şey haqqında sual verir. Bəzən mən onun suallarından yoruluram.

 

Bu vüsala yuxu əhvalı demək mümkün idi,

Əgər olsaydı yuxu dideyi-giryanımıza...

 

Gecə böyük Füzulinin bu misraları ilə yuxuladım.

 

18 yanvar 1942-ci il.

Gecə Yazıçılar İttifaqında növbətçi idim. Saat birə qədər orda oturdum. Rahim və Cəfər də orda idilər. Onlar Rahimin şeirlərini, “Şamo” əsərini və “Gizli Bakı”nı Stalin mükafatı üçün hazırlayırdılar.

 

21 yanvar 1942-ci il

Gündüz şeirləri Yazıçılar İttifaqına apardım. Sonra Mirvaridin yanına getdim.

 

Yanvar, 1942-ci il.

Rəsula aid olan heç bir şeyə toxuna bilmirəm. Onun əynindən çıxardığı paltarları hələ stulun üstə qalıb. Onları yığışdıra bilmirəm. Küçəyə qaçmaq, küçənin gurultusu içərisində bir dəqiqə qəlbimin səsini eşitməmək istəyirəm. Mən hələ ağlamamışam. Bu, mənimçün böyük qəhrəmanlıqdır. Ancaq bu tökmədiyim göz yaşlarının mənə baha oturduğunu yalnız mən duya bilərəm.

 

 Mart, 1942-ci il

Kerçdən, Rəsuldan gələn məktubların arası kəsilmişdi. Rəsul yalnız arabir cəbhədə rəşadətlə vuruşan azərbaycanlı döyüşçülər haqqında Azərbaycan Teleqraf Agentliyinə yığcam və qısa oçerk-məqalələr göndərirdi. Göndərdiyi mətnin içində iki kəlmə: “Nigara salam” yaza bilirdi. O vaxtlarda AzTAQ-da işləyən Yefim Qurviç gecə-gündüz, nə zaman olsa telefon edər, bizi sevindirərdi.

Kerçdən gələn məktubların birində Rəsul “Bəxtiyar” şeirini göndərmişdi. Mən bu şeiri Səməd Vurğuna oxudum. Səməd: “Nigar, mən bu şeirin vəznini tuta bilmədim, o nə vəzndə yazılıb?” – dedi.

Şeir on hecalı idi. Çox işlənən on bir hecalı şeirə alışmış qulağımız üçün on hecalı şeir qəribə gəlirdi:

 

Külək qarı səpələr, Bəxtiyar,

Ağ geyinib təpələr, Bəxtiyar.

 

1942-ci ilin mart ayı idi. Alman faşistləri Krımda hücuma keçmişdilər. Sovet qoşunları geri çəkilirdi. Sovet məlumat bürosunun xəbərlərini ürək döyüntüsü ilə dinləyirdik. Həmin günlərdə mən başılovlu evdən çıxıb birbaşa Yazıçılar İttifaqına gəldim. İttifaqın birinci katibi Səməd Vurğunun yanına qalxdım. Səməd iş otağında tək idi.

“Səməd, mən cəbhəyə getmək istəyirəm, – dedim. – Mərkəzi Komitədə danış, məni hərbi müxbir kimi göndərsinlər. Burda qala bilmirəm”.

Səməd Vurğun həssas adam idi. Əhvalımı görüb başa düşdü, vəziyyətdən zarafatla çıxmaq istədi. Üzünü mənə tutub tamamilə ciddi ahənglə dedi:

– Mən iki batalyonu hardan alım səni cəbhəyə yola salsın? Bilirsən, indi Krımda kurort-murort yoxdur. Get şeirini yaz, uşağını saxla.

Mənim etirazlarım kömək eləmədi. Mən narazı halda çıxıb gedəndə o, hərbi adam kimi dilləndi:

– Axşam Pedaqoji İnstitutda şeir gecəmiz olacaq, ora gələrsən. Saat 7-də, yadından çıxmasın.

 

“Ədəbiyyat və incəsənət”

(16.07.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.