
Super User
Türk xalqlarında saçla bağlı inam və rituallar
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində bu dəfə türk xalqlarının saçla bağlı inam və rituallarından danışacağıq. Yeri gəlmişkən, türk mifoloji dünyagörüşündə saç, xüsusilə də baş və saç Tanrıya ən yaxın orqanlar sayılırdı.
Türk xalqlarının qədim dünyagörüşündə saç yalnız bədən üzvü deyil, ruhun daşıyıcısı, mənəvi qüvvənin simvolu, qoruyucu və ya təhlükəli element sayılırdı. Saçla bağlı inanclar, rituallar və davranış normaları türk etnomədəniyyətində o qədər dərin köklərə malikdir ki, onlar bu gün də bəzi bölgələrdə şüuraltı səviyyədə yaşamaqdadır.
Türk mifoloji dünyagörüşündə saç, xüsusilə də baş və saç Tanrıya ən yaxın orqanlar sayılırdı. İnanılırdı ki:
- Saç insanın həyat enerjisini daşıyır, ona görə də onu qorumaq vacibdir.
- Saçın kəsilməsi bəzən ruhi dəyişiklik, bəzən isə həyat mərhələsinin dəyişməsi ilə əlaqələndirilirdi.
- Uşaq dünyaya gələndə ilk saçına “qutlu saç” deyilirdi – bu saç müqəddəs sayılır, ya saxlanılır, ya da təntənəli ritualla basdırılırdı.
Türk xalqlarında qadının saçına xüsusi mistik dəyər verilirdi. Uzun, hörülmüş və təmiz saxlanılan saç:
· Bərəkətin və ailə səadətinin simvolu idi.
· Saçı açıq saxlamaq bəzən matəm, bəzən isə rəddedici mesaj hesab olunurdu. Məsələn, qadın yas tutanda saçını açar, döşünə çırpar, bu da qəm və ağrının fiziki ifadəsi sayılırdı.
· Qızın saçının hörüklü olması onun bakirəliyinin və ədəb-adabının göstəricisi idi.
Bəzi türk topluluklarında inam var idi ki,qadının saçı bədnəzər tutar, ona görə də ya örtülərdi, ya da saç hörükləri arasında gümüş və ya aypara simvolları taxılardı – qoruyucu məqsədlə.
Türk ənənəsində saçın Tanrıya və ya müqəddəs gücə təqdim edilməsi nadir rast gəlinən, amma çox güclü mənəvi hadisə sayılırdı. Xüsusilə:
· Saç adağı – bir niyyətə çatmaq üçün “saçımı kəsəcəyəm” deyərək söz verilərdi. Arzu həyata keçdikdə saç kəsilər və müqəddəs yerə (ocaq, türbə) qoyulardı.
· Xəstə övladı sağalan qadın bəzən saçını kəsib ocağa bağlayar, bunu Tanrıya təşəkkür nişanəsi kimi qəbul edərdi.
· Bəzi bölgələrdə müharibəyə yollanan igid saçının bir hissəsini ailəsinə verərdi – bu, “qayıtmasam, bu mənim yadigarım” anlamı daşıyırdı.
Yas və ölüm halında saçın rolu xüsusi yer tuturdu:
· Türk qadınları yas zamanı saçlarınıaçıb üzlərinə, sinələrinə vuraraqağlayardılar. Bu, həm ağrının, həm də “açıq ruh” vəziyyətinin simvolu idi.
· Qədim türklərdə ölən şəxsin yaxınları saçlarını qısaldardı və ya yolardı – bu, ağrını bədənlə bölüşmək demək idi.
· Bəzi etnoqrafik mənbələrdə göstərilir ki, atası ölən oğul saçını qırxdırar – yeni mərhələyə keçidi bildirərdi.
Saçın hansı formada hörüldüyü belə sosial məna daşıyırdı:
· İki hörük – subay qız,
· Tək hörük – nişanlı və ya ərə getmiş qadın,
· Açıq saç – matəm və ya bəkarətin pozulması anlamına gələ bilərdi.
· Qız uşaqlarının saçına hörülmüş xalçanı xatırladan naxışlar – onların gözəlliyini, zərifliyini və ailənin mədəni statusunu göstərirdi.
Saç yalnız gündəlik rituallarda deyil, həm də mifologiya və dastanlarda güclü simvol kimi işlənir:
· “Alp Er Tonqa”, “Manas” və “Koroğlu” kimi dastanlarda qadınların saçları cəngavərlik, eşq və qəhrəmanlıq simvolu kimi təsvir olunur.
· Bəzən igid sevginin sübutu olaraq qadının saç telini amulet kimi boynunda saxlayır.
· Bəzi xalq nağıllarında cadugərlərin saçla tilsim yazması motivinə rast gəlinir – bu, saçın mistik güc daşıdığına olan inancın izidir.
Türk xalqlarının saçla bağlı inancları sadəcə folklor elementi deyil, onların kainatla və ruhani aləmlə əlaqə modelinin bir parçasıdır. Saç həm qadının siması, həm də xalqın simvolik dilidir. O, qoruyucu da ola bilər, təhlükəli də, gözəl də ola bilər, yaslı da. Bu ikili simvolizm türk mədəniyyətinin çoxqatlı, zərif və zəngin ruhunun göstəricisidir. Bu gün belə nənələrimizin saç hörüklərində, gənc qızların yaylıqlarında, və ya türbələrdəki saç bağlarında bu inancın izlərini görmək mümkündür – saç hələ də danışır, amma susaraq...
“Ədəbiyyat və incəsənət”
(15.07.2025)
Vicdan öhdəliyinin nə olduğunu bilən jurnalist...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Alt başlıq belədir: Şəmsiyyə Kərimova- 70. Bəli, bu gün journalist Şəmsiyyə xanım barədə danışacağam.
Şair-publisist Hikmət Məlikzadə onu belə xarakterizə edir: “O, hər yazısında bir həyat anı əks olunan və bu anın içində daim bir həyat sızıltısı hiss edən mətanətli, vüqarlı qadındır. Çətinlik onun üçün təkcə həyat acısı deyil, həm də mübarizlik faktıdır. O, dərdi həm də mübarizə aparmaq üçün bir vəsilə hesab edir, bir qətrə şərəfli ömür üçün məhz bir kərə şərəflə ölməyi hamıya məsləhət görür. Bu da onun Vətən sevgisidir- azad yaşamaq haqqıdır, yaxşıya da, pisə də insani münasibətidir...”
O, həm də incə, xeyirxah, yardımsevər və həssas xanımdır. Başqalarının qayğısına qalmaq və yaxşılıq etmək onun həyat meyarıdır. Duyğusal, necə deyərlər, nəcib insanlara qarşı nəzakətli davranır və özü də nəzakətli münasibət gözləyir. Amma qəlbinin dərinliklərində çox narahatdır. Sanki hər bir sevincində bir kədər var. Gözəl, zərif, mülayim və utancaqdır. Fəqət intuisiyası çox güclüdür. Hər bir şəraitə asanlıqla uyğunlaşa bilir. Problemsiz bir həyat istəyir. Rahat olmaq və dincəlməyə çox vaxt ayırmaq isə ona çox az qismət olur. Uşaqlıq saflığını qoruyub saxlaya bilib, odur ki, hələ də onda uşaq səmimiyyəti var. Ümumiyyətlə, onun soyuq xasiyyəti yoxdur. Ətrafındakı insanlara qarşı mehribandır...
Deyir ki:- “Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra insanların öz fikirlərini azad və sərbəst ifadə etmələri üçün hər cür şərait yaradıldı. Demokratiyanın əsas atributlarından olan müstəqil mətbuatın fəaliyyətinə də geniş meydan verildi. Etiraf edək ki, müstəqilliyimizin ilk illərində anarxiya, xaos baş alıb getdiyindən müstəqil mətbuat qisas, təhqir, nalayiq sözlər mənbəyinə çevrilmişdi. Ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəlişindən sonra bütün sahələrdə olduğu kimi, mətbuat aləmində də əsaslı dönüş yaradıldı. Demokratiyanı anarxiya kimi dərk edənlər tədricən mətbuatın həyatın aynası olduğunu anladılar. Tənqidlə təhqiri bir-birindən ayıra bilməyənlər getdikcə sıradan çıxdılar. Qəbul olunan qanunlar müstəqil mətbuatın fəaliyyətində əsaslı dönüş yaratdı. Məhz ulu öndərin demokratik prinsiplərin inkişafına verdiyi önəmin nəticəsi olaraq mətbuatdan senzura ləğv edildi.”
Hikmət Məlikzadə daha sonra sözünə davam edir: “Şəmsiyyə xanım jurnalistikaya - mətbuat camesinə göydən düşməyib, nə də bu əhatədə kiminsə kölgəsində daldalanıb “mən də varam” deməyib. Körpə ikən anası öz laylalarını ona məqalə, esse, oçerk, müsahibə janrında deyib. Ağlı kəsəndə, artıq bilib ki, söz nədir və onu hansı məcraya necə salmaq olar. Yeniyetmə çağlarından əlləri qabar tutan bu çevik xanım ilk məqalələrini yazanda mətbuata necə təsir etməyin yollarını öyrənib. Qələmindən hər dəfə dürr-inci töküb, yaşadığı dövrün həyat tərzini, məişətini, insana sevgisini əxz edə-edə barmaqları da qabar tutub. Radioda, müxtəlif qəzetlərdə çalışdığı vaxtlarda da onun içindəki sevdalar Vətənə töhfə vermək olub. Həmyaşıdları sevmək-sevilmək haqda düşünəndə, o, qələmini özünə yar sanıb, düşüncəsində sakit hücrələr yerləşdirib. İndi hansı rakursdan yanaşsaq, görərik ki, Şəmsiyyə xanımın qabarıq həyat tərzi dərdin bir ayrılıq sistemi olduğuna işarə vurur. Bəlli olur ki, arzular çox vaxt insanı istədiyi səmtə çəkmir. Elə xeyli vaxtdır fərqli təsir bağışlayan yazılarından da aydın ifadə olunur ki, həyatın insana aid etdiyi məqsəd elə bu vacib tər¬kib¬dədir. Əslinə qalsa, Şəmsiyyə xanımın sənət-peşə və həyatda çəkdiyi acılar bütün cə¬miy¬yətlərin çəkdiyi acılardır. Lakin fərq o acını necə çəkməkdə, o ağrının odunda necə əriməkdədir. Şəmsiyyə xanım öz fədakarlığına, öz abrına qısılaraq ağır ləngərlərin, iç deşən hayqır¬tıların, göz göynədən təlatümlərin, qəlb yırtan ağrıların, tük ür¬pədən dəhşətlərin... çaxnaqlarından elə keçib ki, ancaq özünü yandırıb, fikrinə ortaq etdiyi oxucunu isə sadəcə, düşündürüb. Bax, bu, əsl yaradıcı ruhun təlatümüdür...”
Bəli, bu dəfə sizə əməkdar jurnalist Şəmsiyyə Kərimova barədə danışıram. O, 24 noyabr, 1955-ci ildə Tovuzda anadan olub. 1974-cü ildə Tovuz şəhər 1 nömrəli orta məktəbi bitirərək, Saatlı rayonundakı 109 saylı texniki peşə məktəbinə qəbul olunub və orada sürücü-mexanik ixtisasına yiyələnib. Həmin məktəbi də fərqlənmə ilə bitirdikdən sonra 1976-cı ildə Komsomolun Mərkəzi Komitəsi onu Bərdə rayonuna göndərib. Bir müddət orada, “Bakı” kolxozunda sürücü-mexanik kimi çalışıb və 1977-ci ildə respublikada ilk dəfə sükan arxasına keçən gənclər arasında 3-cü yeri tutub.
Hələ orta məktəbdə oxuyarkən respublika mətbuatında tez-tez çıxış edirdi. Yazıları “Azərbaycan Gəncləri” qəzetində və o vaxtı rayonda çıxan “Həqiqət” qəzetində dərc olunurdu. O vaxt “Azərbaycan gəncləri” qəzetinin BDU-nun jurnalistika fakültəsi ilə birgə açdığı “Jurnalist... jurnalist? jurnalist!” müsabiqəsinə göndərdiyi “Çərkəz qızı Tellinin nağılı” oçerki ilə müsabiqənin qalibi olub...
O, 1977-ci ildə indiki BDU-nun jurnalistika fakültəsini bitirərək, 1980-ci ildə Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində, radionun “Gənclik” baş redaksiyasında müxbir kimi fəaliyyətə başlayıb. 1987-ci ildən isə “Azərbaycan gəncləri” qəzetində çalışıb. Baş verən məlum ictimai-siyasi proseslər nəticəsində komsomolun orqanı olan həmin qəzet fəaliyyətini dayandırdıqdan sonra, 1996-cı ildən “İki sahil” qəzetində işləyib. 2003-cü ildə “Naxçıvan” qəzetində şöbə müdiri vəzifəsinə təyin olunub. Hazırda isə “Yeni Təfəkkür” qəzetinin təsisçisi və baş redaktorudur. 2010-cu ildə milli mətbuatın 135 illiyində “Əməkdar jurnalist” fəxri adına layiq görülüb. “Qızıl qələm” media mükafatı laureatıdır...
“Uzun illər jurnalistika sahəsində çalışan bir insan kimi xüsusi olaraq qeyd etmək istərdim ki, dövlət başçımızın sərəncamları ilə son illər kütləvi informasiya vasitələrinə göstərilən yardımlar, qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borclarının dövlət hesabına ödənilməsi, jurnalistlərə fəxri adların, mükafatların verilməsi beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Dövlət başçımızın imzaladığı 22 iyul 2010-cu il tarixli "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında" sərəncamı mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikintisi məqsədilə Prezidentin Ehtiyat Fondundan 5 milyon manat ayrılması ardıcıl tədbirlərin davamı oldu. Dünyanın heç bir ölkəsində jurnalistlərə dövlət vəsaiti hesabına mənzil tikintisi faktı olmayıb. Bütün bunlardan sonra biz jurnalistlər daha məsuliyyətli, obyektiv olmalı, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun daha da yüksəldilməsi istiqamətində bütün imkanlardan səmərəli istifadə etməli, kimlərinsə təhriki ilə böhtan və qarayaxmalara son qoymalı, bu çirkin vasitələrdən əl çəkməyənlərin qarşısını almalıyıq.”- söyləyir.
Həyatda həmişə özü olmağa çalışıb, kimisə yamsılamaqdan xoşu gəlmir. İkiüzlülükdən uzaqdır, kimisə aldatmağa nifrət edir. Pisliyi sevmir- niyyəti saf və təmizdir. Mühafizəkar xanımdır, yeniliklərə və fərqliliyə çox da açıq deyil və köhnə ənənələrdən asanlıqla imtina edə bilmir. Hərəkətlərində çox diqqətlidir. Heç vaxt kiminsə ona görə əziyyət çəkməsini istəmir. Eləcə də, romantik xanımdır və bəd xəbərlərdən tez təsirlənir. Ləyaqətli və xarizmatikdir. Eyni zamanda şanslı adamdır. Amma bəxti gətirməyəndə həddən artıq narahat olur və kədərlənir. Xoş xasiyyətli, yumşaq ürəkli olsa da, bəzən tələsir. Güclü fantaziyası var, gözəl xəyallarla yaşayır. Ümid edir ki, dünya nə vaxtsa düzələcək. Haqq, ədalət qalib gələcək. Fəqət, haqq da, ədalət də bu dünyadan küsdükləri üçün az-az gözə dəyirlər...
...O gün Mətbuat Şurasında gənc jurnalistlər çıxış edərkən, onun gözlərindəki sevincin, qürur hissinin şahidi oldum. Bunu ancaq vicdan öhdəliyinin nə olduğunu bilənlər bacarır. Bəli, haqqında söhbət açdığım, əməkdar jurnalist Şəmsiyyə Kərimova vicdanlı insanlardan biridir...
Bir neçə aydan sonra bu gözəl xanımın 70 yaşı tamam olur. Qoy mənim bu söhbətim gələcək yubileyinə bir hədiyyə olsun!..
“Ədəbiyyat və incəsənət”
(15.07.2025)
Filmlərimiz - "Yay günlərinin xəzan yarpaqları"
Murad Vəlixanov, "Ədəbiyyat və incəsənət"
Rejissor Tofiq İsmayılovun1986-cı ildə ekranlaşdırdığı "Yay günlərinin xəzan yarpaqları" filmi barədə danışacağam. Filmdəki hadisələr ucqar dağ kəndində baş verir. Kinolent əbədi bir mövzuya - atalar və oğullar probleminə toxunmuşdur. Burada yaşlılar tərəfindən diktə şəraitində yeniyetmələrin şüurunun formalaşmasından və yetkinləşməsindən danışılır.
Əhvalat baş verən ucqar dağ kəndi Daşdatük adlanır. İstedadlı və prinsipial pedaqoq Şəmsi (Səyavuş Aslan) kənd məktəbinə direktor təyin olunur. O, şagirdlərdə dərsə məsuliyyət hissini artırmaq üçün dərs ilinin sonunda “direktor yoxlaması” keçirməyi qərara alır. Bu yoxlamadan keçə bilməyən şagirdlərin sinifdə qalacağı bildirilir. Direktorun qərarı valideynlərdə, təhlil idarəsinin rəhbərliyində etiraz doğurur. Müəllimlərdən biri - Kazım (Şahmar Qəribli) direktordan yuxarılara donos yazır. Şagirdlər onu ciddiyə almır. Onun məktəbin yarımçıq qalmış tikintisini davam etdirmək üçün yuxarı dairələrə müraciətinə etinasız yanaşılır. Hətta ailəsində arvadı Nərgiz (Nəcibə Hüseynova) ərinə qarşıdır, onun kənd məktəbində direktor işləməsindən narazıdır. O, ərindən şəhərə köçməyi tələb eləyir. Ancaq Şəmsi geri çəkilmək fikrində deyil.
Şəmsinin fədakarlığına baxmayaraq, kənd camaatı onu qəbul etmir. Onun şagirdlərin savadlı olması uğrunda apardığı mübarizəni özlərinə vurulan ziyan kimi qəbul edirlər. Rayon təhsil şöbəsinə şikayətlər də ara vermir. Onlar direktorun kənddən getməsini istəyir, onun uşaqlara əziyyət verdiyini düşünürlər.
Ümumiyyətlə, Şəmsi müxtəlif cəbhələrdə təkbaşına mübarizə aparır. O, həm dərsin keyfiyyətini qaldırmaq istəyir, həm ailələrlə görüşür, onlarla maarifləndirmə işi aparır, həm kənddən gənclərin getməsinin qarşısını almaq üçün çalışır, həm məmurlarla mübarizə aparır və üstəlik, vicdanlı olduğuna görə evdə arvadının tənbehləriylə üzləşir. Hətta oğlu belə onu ciddiyə almır.
Şəmsinin mübarizəsi Don Kixotun yel dəyirmanı ilə mübarizəsini xatırladır. Buna baxmayaraq, direktor yolundan dönmür və yoxlama imtahanını keçirir.
Sonrasını isə filmə baxdıqdan sonra biləcəksiniz.
“Ədəbiyyat və incəsənət”
(15.07.2025)
Nigar Rəfibəyli və Səməd Vurğun
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
SƏMƏD VURĞUN NİGAR RƏFİBƏYLİ BARƏDƏ
Rəfibəyli Nigar “Uğur olsun” şeiri ilə öz ərlərini, qardaşlarını vətən müharibəsi cəbhələrinə yola salan qızlarımızın, gəlinlərimizin mərd qəlbini, alicənab təbiətini nəğmə dili ilə tərənnüm etdi.
NİGAR RƏFİBƏYLİNİN XATİRƏLƏRİNDƏN
Səməd Vurğunun hər hansı məclisin gözü, canı olduğunu, yüksək kürsülərdə olduğu kimi, süfrə başında da natiqlik məharətini, şövqünü belə məclislərdə olan adamların hamısı, o cümlədən, yeniyetməlik çağında bizi deyib-güldürdüyü məclislərdə mən də müşahidə etmişəm. Səməd Vurğun məclis aparmağı, tamada, masabəyi olmağı da hamımızdan, hətta bu işin xiridarı olan gürcülərdən də yaxşı bacarırdı. Gürcüstanın bir nömrəli tamadası sayılan Beso Jqentini masabəyi seçmişdilər. Məclisin əvvəlində Beso tamada seçilən kimi ənənəyə görə özünə müavin seçməyə başladı: “Sprava moim vassalom budet Samed, sleva” ... – elə bu sözləri demişdi ki, Səməd ayağa durdu: “Azərbaycan ni koqda ne bıl vassalom, – dedi, – ya sam budu tamadoy”. Məclisi ələ aldı, elə apardı ki, hamının ağzı açıq qalmışdı. Beso və gürcülər də daha bir söz deyə bilmədilər.
Yerevanda keçən günlər də yaxşı yadımdadır. Sasunlu Davidin yubileyinə getmişdik. O vaxt Rəsul Yazıçılar İttifaqının sədriydi. Rəsul Yerevandan tez qayıtmalı oldu, Bakıda işləri vardı, bizi, Mirvaridi və məni Səmədə tapşırdı. Bir gün Mirvarid ilə gəzməyə çıxmışdıq, gördük Səməd cavan bir erməni qızı ilə şirin söhbət edir. Ona sataşmağı qərara aldıq: “Səməd, bu necə işdir, – dedik. – Rəsul bizi sənə tapşırıb, sən də bizi tək qoyub yapışmısan bu axçidən”. Səməd: “Az, o sizin heç ayağınızın tozu da ola bilməz”, – dedi. Daha türkəsaya ifadə işlədibmiş, mən bir az yumşaldıram.
Yubiley vaxtı Ermənistanda o vaxt dədə-babadan azəri türkləri yaşayan rayonlara getmişdik. Yamacda 10-11 yaşlı balaca bir çobana rast gəldik.
Səməd ondan: – Ayə, məktəbdə oxuyursanmı? – deyə xəbər aldı.
– Oxuyuram.
– Neçənci sinifdə?
– Dördüncüdə.
– Səməd Vurğunu tanıyırsanmı?
– Əlbəttə.
– Səməd Vurğun mənəm.
Balaca çoban uzun-uzadı Səmədi süzdü, sonra: – Yeri, ə, yeri, sənin kimi Səməd Vurğun olar?
Həmişə şıq geyinən S.Rüstəmdən fərqli olaraq, Səməd çox vaxt üst-başına fikir verməzdi, o vaxt televiziya-filan da yoxdu. Səməd Vurğunun adını eşitmiş, şeirlərini məktəbdə oxumuş balaca çoban üzdən onu necə tanıyaydı, heç ağlına da gələ bilməzdi ki, sürüsünü otardığı bu dağlarda birdən-birə rastlaşdığı bu şuluq görkəmli adam Səməd Vurğundur.
***
Qatarla Moskvaya gedirdik – Rəsul, mən, Səməd Vurğun... Vaqon restorana getdik – Rəsul və Səməd pencəklərini çıxarmışdılar. Bir az aralı, masanın arxasında bir dəstə erməni oturmuşdu. Əməlli-başlı içmişdilər. Biri elə hey bizə tərəf, daha doğrusu, mənə baxırdı, birdən durub səndələyə-səndələyə bizim masaya yanaşdı. Mənə nə isə dedi. Rəsul: – “Poşel otsuda”, – dedi. Erməni Rəsula etinasızlıqla baxıb nə isə təhqiramiz bir söz dedi. Bir də onu gördüm ki, Rəsul ayağa durub erməninin boğazından yapışdı, onu əməlli-başlı əzişdirdi və masanın altına soxdu. Qəribədir ki, o biri ermənilər də onun köməyinə gəlmədilər. Salonda bir araqçınlı türkmən də vardı, oturduğu yerdən Rəsula ürək-dirək verirdi: “Can qardaş, at onu pəncərədən”, – deyirdi. Axır Səməd də durub araya girdi, ermənini Rəsulun əlindən birtəhər qurtardı. Naharımız pozulmuşdu. Rəsulla Səməd pencəklərini geyinəndə ermənilər onların ordenlərini, deputat nişanlarını görüb təşvişə düşdülər, bizə yaxınlaşıb dönə-dönə üzr istədilər.
“Ədəbiyyat və incəsənət”
(15.07.2025)
ALLAH - Bəxtiyar Vahabzadə poeziyasından bir vərəq...
Şəhla Rəvan,
Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbnin direktoru, filoloq, şair. “Ədəbiyyat və incəsənət” üçün
Məlum olduğu kimi, 2025-ci il Odlar Yurdu Azərbaycanımızın görkəmli şairi Bəxtiyar Vahabzadənin (1925-2009) 100 illik yubileyi qeyd edilir. Ölkə Başçısı cənab İlham Əliyevin də bununla bağlı xüsusi sərəncamı vardır.
Dahi şairimizin xatirəsini əziz tutmaq və poeziya fəlsəfəsini təbliğ etmək hədəfi ilə bu fürsətdə onun şeirlərindən biri ilə tanış olacaq, eyni halda şeirin ədəbi təhlili təqdim ediləcəkdir.
ALLAH
("Fəryad" pyesində Nəsiminin dilindən söylənən parça)
İdraka yol açmış gecədən gündüzə ALLAH!
Güldürməsən öz könlünü gülməz üzə ALLAH!
Dünyaya şəfəqlər kimi tanrım səpələnmiş.
Qəlbin gözü yanmazsa görünməz gözə ALLAH!
ALLAH bilirik cismi deyil, bəs nədir ALLAH?
Ən yüksək haqda olan həqiqətdir ALLAH!
Dondunsa təkamülcə gözəllik qabağında.
Dərk et, bu təəccübdə, bu heyrətdədir ALLAH.
Bildik, bilirik gizlidir insandakı qüdrət.
Hər kəs onu fəhm etməsə acizdir o əlbət.
İnsanın əzəl borcudur insanlığa hörmət.
İnsanlığa hörmətdə, ləyaqətdədir ALLAH!
Fitrətdə yatır sözdə sözün öz yükü fikrim.
Seçmiş, seçəcək daima tükdən tükü fikrim.
Mən bir ağacam yarpağı sözlər, kökü fikrim.
Sözlərdə deyil, sözlərdəki hikmətdədir ALLAH!
İnsan! - Təpədən dırnağa sən arzu- diləksən.
Nəfsində doyumsuz, fəqət eşqində mələksən.
Zülmün üzünə haqq deyilən şilləni çək sən.
Şillən də möhürlənmiş o qeyrətdədir ALLAH!
Cahil enər alçaqlığa öz qəddini yenməz.
Vicdandan əgər dönsə də, öz xeyrindən dönməz.
Zülmətdə, cəhalətdə, ədavətdə görünməz.
İlqarda, sədaqətdə, məhəbbətdədir ALLAH!
Bəxtiyar Vahabzadə
Şeirin təhlili:
Bəxtiyar Vahabzadənin "Fəryad" pyesində İmadəddin Nəsiminin dilindən səslənən bu möhtəşəm "ALLAH" şeiri yalnız dini bir mövzuya toxunmaqla kifayətlənməyən, eyni zamanda insanı, mənəvi dəyərləri və həqiqəti dərk etməyin yollarını fəlsəfi bir dərinliklə araşdıran bir əsərdir.
Şeir dörd bənddən ibarət olub, ALLAH anlayışını ənənəvi qəliblərdən çıxararaq daha geniş və insani bir müstəviyə daşıyır.
Tema və əsas məna
Şeirin əsas mövzusu ALLAH anlayışının dərki və insanın mənəvi kamilliyə aparan yoludur. Şair, ALLAHı fiziki bir varlıq olaraq deyil, mənəvi dəyərlərdə, gözəllikdə, hikmətdə, ədalətdə və insanlığa hörmətdə təcəssüm etmiş bir həqiqət olaraq təqdim edir. Şeir boyu vurğulanır ki, ALLAHa çatmaq üçün insanın öz daxili dünyasına, əxlaqına və əməllərinə diqqət yetirməsi vacibdir.
Bədii təsvir vasitələri və üslub
Şeirdə Bəxtiyar Vahabzadəyə xas olan aydın, anlaşıqlı və fəlsəfi üslub hakimdir. Şair sadə, lakin dərin mənalı sözlərlə oxucuya müraciət edir.
Metaforalar
Şeirdə ALLAHın müxtəlif metaforik təsvirləri verilir. Məsələn, "İdraka yol açmış gecədən gündüzə ALLAH!", "Dünyaya şəfəqlər kimi tanrım səpələnmiş" misraları ALLAHın hər yerdə olduğunu və hər şeyi işıqlandırdığını göstərir. "Mən bir ağacam yarpağı sözlər, kökü fikrim" metaforası isə fikrin, düşüncənin sözlərdən daha dərin və təməl bir mahiyyət daşıdığını vurğulayır.
Təzadlar
"Gecədən gündüzə ALLAH", "nəfsində doyumsuz, fəqət eşqində mələksən" kimi təzadlar mövzunun daha qabarıq şəkildə ifadə olunmasına xidmət edir.
İfadə tərzi
Şair sanki oxucu ilə dialoq qurur, ona nəsihət verir və düşündürür. "Qəlbin gözü yanmazsa görünməz gözə ALLAH!", "Dərk et, bu təəccübdə, bu heyrətdədir ALLAH" kimi ifadələr oxucunu daxili fəaliyyətə sövq edir.
Müraciətlər
"İnsan!" müraciəti şeirə birbaşa, çağırış ruhu qatır.
Bəndlərin təhlili:
Burada görkəmli şairin təqdim edilən şerini bəndlər əsasında izah və təhlil edirik:
Birinci bənd:
Şeir "İdraka yol açmış gecədən gündüzə ALLAH!" misrası ilə başlayaraq ALLAHın idrak və maariflənmənin mənbəyi olduğunu vurğulayır.
"Güldürməsən öz könlünü, gülməz üzə ALLAH!" misrası isə ALLAHla münasibətin insanın daxili aləmindən, pozitivliyindən asılı olduğunu göstərir. ALLAHın hər yerdə olduğu, "şəfəqlər kimi dünyaya səpələndiyi" bildirilir, lakin onu görmək üçün daxili bir "qəlbin gözü"nün yanması, yəni mənəvi aydınlanmanın zəruriliyi qeyd olunub
İkinci bənd:
Bu bənddə ALLAHın maddi bir varlıq olmadığı, əksinə "Ən yüksək haqda olan həqiqət" olduğu açıqlanır. Şair, insanın təbiətdəki və kainatdakı gözəllik, təkamül qarşısında hiss etdiyi təəccüb və heyrətin özündə ALLAHın təcəssüm etdiyini bildirir. Bu, ALLAHın mövcudluğunun daxili bir hiss, duyğu və dərk yolu ilə anlaşıla biləcəyini göstərir.
Üçüncü bənd:
Bu bənddə ALLAHın insandakı qüdrət və insanlığa hörmət anlayışları ilə əlaqəsi qurulur. "Gizlidir insandakı qüdrət" misrası insanın daxilində böyük bir potensialın olduğunu, lakin bunu dərk etməyənlərin aciz qalacağını vurğulayır. Şeirin ən vacib mesajlarından biri olan "İnsanın əzəl borcudur insanlığa hörmət" misrası
ALLAHın məhz "İnsanlığa hörmətdə, ləyaqətdə" olduğunu bildirir. Bu, ALLAH yolunun insan sevgisi və ləyaqətindən keçdiyini göstərir.
Dördüncü bənd:
Burada şair "fikir" anlayışına xüsusi yer verir. "Sözdə sözün öz yükü fikrim" misrası sözün arxasındakı əsas qüvvənin fikir olduğunu, "fikir"in daim inkişaf etdiyini ("tükdən tükü fikrim") göstərir.
Özünü bir ağac kimi təsvir edərək "yarpağı sözlər, kökü fikrim" deməsi, sözün dəyərinin onun kökündə yatan fikirdən gəldiyini vurğulayır. Ən vacibi isə "Sözlərdə deyil, sözlərdəki hikmətdədir ALLAH!" misrasıdır ki, bu da ALLAHın sadəcə zahiri ibadətdə, sözdə deyil, sözün dərinliyindəki hikmətdə, mənalarda, düşüncələrdə olduğunu ifadə edir.
Beşinci bənd:
Bu bənd insanı "arzu-dilək"lərin cəmləşdiyi bir varlıq kimi təqdim edir, lakin onun "nəfsində doyumsuz, fəqət eşqində mələk" olduğunu qeyd edir. Bu, insanın ikili təbiətinə - həm maddiyyata meyilli, həm də mənəvi yüksəlişə qadir olduğuna işarədir.
Ədalət və qeyrət hissi önə çəkilir: "Zülmün üzünə haqq deyilən şilləni çək sən. Şillən də möhürlənmiş o qeyrətdədir ALLAH!" misraları göstərir ki, haqsızlığa qarşı çıxmaq, ədalət uğrunda mübarizə aparmaq da ALLAHın insandan gözlədiyi bir qeyrət və əməldir.
Altıncı bənd:
Şeirin son bəndi ALLAHın harada olmadığını və harada olduğunu dəqiq ifadə edir. "Cahil enər alçaqlığa öz qəddini yenməz" misrası cəhalətin və vicdansızlığın insanı alçaltdığını bildirir. ALLAHın "Zülmətdə, cəhalətdə, ədavətdə" görünmədiyini, əksinə "İlqarda, sədaqətdə, məhəbbətdə" olduğunu vurğulayır.
Bu, ALLAHın insanlara aşıladığı əsas dəyərlərin məhz müsbət mənəvi keyfiyyətlər, yəni sadiqlik, sevgi və vədə əməl etmək olduğunu göstərir.
Nəticə:
"ALLAH" şeiri Bəxtiyar Vahabzadənin fəlsəfi baxışlarını, insanpərvərliyini və Nəsimiyə xas olan hikmətli dili əks etdirən dəyərli bir əsərdir.
Şeir, ALLAH anlayışını zahiri formalardan ayıraraq, onu insanın mənəvi inkişafı, ədalət uğrunda mübarizəsi, sevgi, sədaqət və hikmət kimi dəyərlərlə eyniləşdirir. Bu şeir hər bir insana öz daxili dünyasına nəzər salmağı, əməllərini gözdən keçirməyi və həqiqi ALLAH sevgisinin mənbəyini mənəvi dəyərlərdə axtarmağı tövsiyə edir. Ümumi baxımdan, şeirin hər bəndində dərin fəlsəfi məna və insana çatacaq xüsusi mesaj var.
“Ədəbiyyat və incəsənət”
(15.07.2025)
MƏKTƏBLİ YARADICILIĞI – Ağsudan Bahar Sabir
Gülnarə Cəmaləddin, AYB Sumqayıt bölməsinin sədri, “Ədəbiyyat və incəsənət” üçün
Bahar Sabir Ağsu şəhəri, Soltan Umbayev adına 2 saylı tam orta məktəbinin 11- ci sinifində təhsil alır. Göz açdığı torpaqda, yaşadığı mühitdə, doğulduğu evdə həmişə sözə, şeirə, ədəbiyyata sonsuz sevgi, sayğı görüb. Dayısı - Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri, mərhum şair Sabir Sarvanın ədəbiyyatla, şeirlə bağlı maraqlı söhbətlərini dinləyib.
Baharda böyük ədəbiyyat sevgi yaranıb. Bir neçə şeirini göndərmişdi mənə. Oxudum.Yaşından xeyli böyük düşüncələri mənə əsas verdi deyəm ki, BAHAR SABİR istedadlı xanımdır. Yazsa, yorulmasa, öz üzərində işləsə, gələcəkdə söz dünyasında onun öz yerinin olacağına əminəm. Və istədim ki, onun şeirini oxuculara təqdim edim.
Uğurlar olsun, Bahar Sabir xanım!
SATMARAM SƏNİ
Sən varsansa, qalan hər şey fon səsi,
Qəlbim deyir, sənsən ilham vədəsi.
Qaranlıqda oldun zülmət çarəsi,
Günəşi versələr, satmaram səni.
Kimisi dostluğu cəlalət bilir,
Kimisi gül-çiçək, səadət bilir.
Bircə mən bilirəm, Yaradan bilir,
Baharı versələr, satmaram səni.
Birgə güldük, bir ağladıq həyatda,
Tanış gəldi bizə doğma da, yad da.
İçdən fəth olundu Babil də, Şam da,
Bağdadı versələr, satmaram səni.
Kaş bu dostluq alnımıza yazıla,
Xainlərə dərin məzar qazıla.
Nə dostlar satıldı pula, qızıla,
Kuhini versələr, satmaram səni.
Sən varsansa hökm edərik cahana,
Səni dəyişmərəm şaha, Xaqana.
Tənsən canımdakı Azərbaycana
Dünyanı versələr, satmaram səni.
Riyakar insana dəyərmi dəyər?!
Sirdaş yekdir, dostu zaman dəyişər.
Saçları ağardar, qocaldar kədər,
Ömrümü versələr, satmaram səni.
“Ədəbiyyat və incəsənət”
(15.07.2025)
Hamının uğurlarına sevinən böyük aktyor – TEATRAL ESSE
Ağalar İdrisoğlu,
yazıçı-rejissor, Milli Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru,
Əməkdar incəsənət xadimi. “Ədəbiyyat və incəsənət” üçün
Hər dəfə Rəşad Rahib oğlu Əliyevlə görüşəndə, bu gəncin təfəkkürünə, yüksək intellektinə, mədəniyyətinə, ədəbiyyata, incəsənətə, idmana, dövlətçilik və siyasətə dair söylədiyi dərin və səmimi fikirlərə heyran qalıram. Düşünür və sevinirəm ki, gələcəyimiz belə parlaq düşüncəli, vətənpərvər gənclərin əllərində etibarlıdır. Onlar müstəqil dövlətimizin inkişafına töhfə verəcək, ölkəmizin dünyada daha nüfuzlu yer tutması üçün var gücləri ilə çalışacaqlar.
Ən çox isə ona görə sevinirəm ki, Rəşad bəy mənim dostum və həmkarım olmuş, fitri istedada malik, tanınmış aktyor Rahib Əliyevin oğludur. Bu da o deməkdir ki, dostum xalqına və millətinə təkcə sənəti ilə deyil, həm də dəyərli övlad yetişdirməklə xidmət göstərib. Axı hər bir valideyn arzulayır ki, övladı ondan daha irəli getsin, daha böyük işlərə imza atsın. Ona görə də ata-ananın canı övlada bağlı olar.
Maraqlıdır ki, Rəşad bəylə etdiyimiz bütün söhbətlərin axırı gəlib Rahib müəllimə və onun teatr mühitinə bağlanır. Rahib Əliyevin Allah vergisi olan aktyorluq istedadı, əsl ziyalı mövqeyi, səmimi dostluğu və nümunəvi ailə başçısı olması haqqında düşünəndə, onun necə böyük şəxsiyyət olduğunu bir daha anlayırsan. O, heç vaxt vəzifə sahiblərinə yarınmayıb, başına gələn haqsızlıqlardan ruhdan düşməyib, əksinə, onu incitmiş insanları belə bağışlayacaq qədər ucalıq göstərib. Hər bir rolunu obraz səviyyəsinə qaldırıb, heç kimə paxıllıq etməyib, doğulduğu İçərişəhərə sarsılmaz bağlılıq nümayiş etdirib.
Bu mövzular haqqında söhbətləri adətən mən dilə gətirirəm, Rəşad bəy isə ya təsdiqləyir, ya da mənim bilmədiyim daha maraqlı fikirləri bölüşür.
2023-cü ilin əvvəlində Rahib müəllimlə görüşüb onun haqqında yazı hazırlamaq istəyirdim. Bu fikrim onu sevindirmişdi. Rəşad bəy də bunu bilirdi. Təəssüf ki, gözlənilmədən səhətimlə bağlı problem yarandı, ürəyimdən əməliyyat olundum və görüş baş tutmadı. Daha sonra, 2024-cü il martın 28-də Rahib müəllimin vəfat xəbərini eşitdim. Bu xəbər məni dərindən sarsıtdı. Sonra düşündüm ki, bəlkə də bu, Tanrının bir yazısıdır. Axı atalarımız da deyib ki, “yazıya pozu yoxdur”.
O zaman onun xatirəsinə sənədli film çəkmək istədim. Lakin vaxt keçdi, çünki öz 75 illik yubileyim də araya düşdü. Nəhayət, qərara gəldim ki, bu esseni yazım və gələcəkdə bu yazı əsasında sənədli film çəkək. Həm də bu esse Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrına həsr etdiyim “Xalqın sevimli teatrı” adlı kitabımda da yer alsın.
Bu yazını hazırlayarkən Rahib Əliyevi yaxından tanıyan teatr sənətkarlarının, aktyor və aktrisaların da fikirlərini toplayacağam. Eləcə də Rəşad bəylə apardığım söhbətləri oxuculara təqdim edəcəm. Çünki inanıram ki, Rəşad bəy atasının həyat və sənət yoluna dair paylaşa biləcəyi çox dəyərli məqamları bizimlə bölüşəcək. Beləliklə, ilk həmsöhbətim Rəşad Rahib oğlu Əliyev oldu...
- Rəşad bəy. Siz uzun illərdir ki, mədəniyyət sahəsində çalışırsınız. Sizə mədəniyyət kökdən gəlir. Çünki atanız – mənim dostum və iş yoldaşım, Azərbaycan Respublikasının Əməkdar artisti Rahib Əliyev – uzun illər teatrda çalışmaqla sizi də bu sahəyə yönəldib. Belə ki, o, ali məktəbin üçüncü kursundan başlayaraq, ömrünün sonunadək Milli Gənc Tamaşaçılar Teatrının aparıcı aktyoru olub. Həm teatrda, həm də kino və televiziya sahəsində çoxsaylı maraqlı rollar ifa edib. Mübağiləsiz deyə bilərəm ki, o, teatr və kino sahəsində öz dəst-xətti olan sənətkarlardandır. Bu ilin 12 iyulunda onun 80 illik yubileyi tamam olur. Təəssüf ki, o, bu yubileyini görmədi. Belə ki, 2024-cü ilin mart ayının 28-də 79 yaşında dünyasını dəyişdi.
Mən hazırda Milli Gənc Tamaşaçılar Teatrı ilə bağlı “Xalqın sevimli teatrı” adlı kitabın üzərində çalışıram. Orada Rahib Əliyevlə bağlı da maraqlı fikirlər yer alır. Amma düşündüm ki, bu kifayət deyil. Onun yubileyi ərəfəsində sizdən - oğlu kimi bir sıra suallara cavab almaq, həmçinin onunla uzun illər işləmiş həmkarlarının, rejissorların fikirlərini də toplamaq istəyirəm ki, bu teatral esse daha zəngin və maraqlı alınsın. Bir sözlə, Rahib Əliyevlə bağlı sözlərdən maraqlı bir mənəvi abidə ucalda bilim.
Teatr aləmində çalışan sənətkarlar çox istəyirlər ki, övladları da bu mühitdə böyüsün. Bu istək Rahib müəllimdə də var idi. Ümumiyyətlə, aktyorların və rejissorların övladları uşaqlıqdan teatr ab-havasında formalaşırlar. Siz də o cür mühitdə böyümüsünüz. Uşaqlıq illərinizdən yadınızda nə qalıb?
-Təşəkkür edirəm, Ağalar müəllim. Düz deyirsiniz, biz teatrın ab-havasını uda-uda böyümüşük. Atam haqqında danışmaq həm çətindir, həm də şərəflidir. Əgər istəsəniz, onun həyat və yaradıcılığı barədə oxuculara qısa məlumat verim.
-Əlbəttə. Övladın atasına dair söyrlədiyi fikirlər daha dəyərli və səmimi olur. Çünki övlad heç nəyi bəzəmir, hər şeyi olduğu kimi danışır.
-Atam Rahib Seyidağa oğlu Əliyev 1945-ci il iyulun 12-də Bakı şəhərində – İçərişəhərdə anadan olub. Uşaqlıqdan teatra və incəsənətə böyük marağı varmış. Cəmi bir yaşında atasını itirib və anası onu təkbaşına böyüdüb. Onun böyüməsində Mehdi dayısının da xüsusi rolu olub. Mehdi dayısı Böyük Vətən Müharibəsindən əlil qayıtmışdı – bir qolunu döyüşdə itirmişdi. Atamın 5 dayısı vardı. Bütün dayılarının musiqiyə maraqları böyükidi. Onların hər biri, bir musiqi alətində ifa edir, bəzən şeir deyir, asta-asta mahnılar oxuyurmuşlar. Atam deyirdi ki, o vaxtlar ailəmizə "Ailə ansamblı" deyirdilər. Elə bu mühit onun incəsənətə olan marağını daha da artırıb.
Onun sözlərinə görə, 7-8 yaşı olanda dayısı onu Dağüstü parka aparıb və orada "O olmasın, bu olsun" tamaşasına baxıblar. Məşədi İbad rolunu Mirzəağa Əliyev oynayıb. Bu tamaşa 1950-ci illərin əvvəllərinə təsadüf edir. Həmin tamaşadan sonra atamda teatra böyük maraq yaranıb.
Orta məktəbdə oxuyarkən rejissor Ağasəlim Manaflının yaratdığı Xalq teatrında maraqlı rollar oynayıb. Bilirsiniz ki, Sovet dövründə uşaqlar üçün dərnəklər, studiyalar, xalq teatrları fəaliyyət göstərirdi. Atam da əvvəl dram dərnəyində, sonra isə Xalq teatrında çıxış etməklə, böyük teatr həvəskarı olub. Çoxlu maraqlı rollar ifa edib.
1965-ci ildə atam Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə qəbul olunub. 1967-ci ildə, 3-cü kurs tələbəsi olarkən, sənət müəllimi- Əməkdar artist, rejissor, dramaturq Kərim Həsənov onun istedadını dəyərləndirərək atamı Milli Gənc Tamaşaçılar Teatrına dəvət edib. Çünki Kərim Həsənov həmin vaxtı Milli Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru işləyirdi. Və həmin vaxtdan etibarən Rahib müəllim bu teatrda fasiləsiz fəaliyyət göstərməyə başlayıb. 1968-ci ildə isə rəsmi olaraq aktyor kimi əmri verilib.
Tələbəlik illərindən əvvəl və elə tələbə ikən – 1964-1967-ci illərdə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin İstehsalat və Təchizat İdarəsinin Bakı ərazi kassaları və reklam idarələri birliyində köməkçi işçi kimi çalışıb. 1969-cu ildə institutu bitirib və ömrünün sonunadək Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrına sədaqətlə xidmət edib.
Bu, hər bir sənətkara nəsib olmayan sədaqət və sənətə bağlılıq nümunəsidir.
O, Milli Gənc Tamaşaçılar Teatrı ilə yanaşı, İrəvan Dövlət Dram Teatrında, Bakı Bələdiyyə Teatrında da dəvətli aktyor kimi müxtəlif rollarda çıxış edib. Eləcə də Azərbaycan Dövlət Kinostudiyası və Televiziyasında da mütəmadi olaraq maraqlı rollar ifa edib.
Beləliklə, mən, qardaşım Seyidağa və bacılarım uşaq yaşlarımızdan teatrın içində böyümüşük. Tamaşaların, ictimai baxışların, premyeraların iştirakçısı olmuşuq. Bizim ailə tam mənada teatral bir ailə olub. Anam Fəridə Mövsümqızı da İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib. O da az müddət bu sahədə çalışıb, sonralar isə evdar qadın olub. Bacılarım da incəsənətlə əlaqəli fəaliyyət göstəriblər. Böyük bacım bir müddət İncəsənət Gimnaziyasında işləyib, ortancıl bacım yeddi illik musiqi təhsili alıb, digər bacım isə uzun illərdir mədəniyyət sahəsində çalışır. Beş uşaq olaraq hər birimiz ali təhsil almışıq.
Bilirsiniz ki, bir vaxtlar teatrın binasını təmir adı ilə sökmüşdülər və teatrın binası yox idi. Teatr Aktyorlar evində yerləşirdi. Orada tamaşalar oynayırdı. Onlar uzun illər məcbur olub rayonlara və Bakı kəndlərinə qastrol səfərlərinə gedirdilər. Hətta atamgil lagerlərə tamaşa oynamağa gedəndə mən də onlarla gedirdim. Yadımdadır ki, bu qastrol səfərləri teatrın aktyorlarını çox yorurdu. Həmin vaxtlardan rəhmətliklər Azər Mirzəyev, Gülşən xanım Qurbanova, Almaz xanım Mustafayeva, Ağaxan Salmanlı, Elxan Qurbanov, Tofiq Hüseynov, Mübariz Əlixanoğlu, Ələsgər Qurbanəliyev, Ramiz Sərkərov, Rafiq Əliyev, Rafiq Hüseynov, Firdovsi Naibov və bu gün yaşayanlar Sona xanım Babayeva, Məsumə xanım Babayeva,Tariel Qasımov, Yasin Qarayev, Cəfər Namiq Kamal, Nübar xanım Novruzova, Naibə xanım Allahverdiyeva, Şəfəq xanım Əliyeva, Mehriban xanım Abdullayeva, Xalidə xanım Şərifova, Mübariz Həmidov, Loğman Kərimov, Vahid Əliyev, Sabir Məlikov və başqaları yaddaşımda əbədi qalıb. Lətifə xanım Əliyeva atamla bir qrupda oxumuşdu. Allah onun canını sağ eləsin. Vahid Əliyev həmin vaxtı həm də bizim bərbərimiz idi. Teatrda işləyən aktyorların uşaqlarının başını o qırxırdı.
Daha sonrakı illərdə teatra yeni simalar qoşuldu. Elnur Kərimov, İlham Əsədov, Elnur Hüseynov kimi aktyorlar Milli Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başladılar. Eyni zamanda Dövlət Gənclər Teatrının və Bakı Kamera Teatrının yetirmələri olan istedadlı aktyorlar - Qəmər xanım Məmmədova, Nəsibə xanım Eldarova, Gülər xanım Nəbiyeva, Leyli xanım Şərifova, Zenfira xanım Əbdülsəməd, Hüsniyyə xanım Məmmədova, Məhərrəm Musayev, Ədalət Əbdülsəməd, Elşən Hacıbabayev, Anar Şəfiyev, Rəşad Səfərov, Şövqi Hüseynov, Nofəl Vəliyev, Kərəm Hadızadə və başqa aktyorlar, eləcə də həmin teatrda peşəkarlığı ilə seçilən, Bakı Kamera Teatrının bədii rəhbəri, rejissor Cənnət xanım Səlimova və Dövlət Gənclər Teatrının quruluşçu rejissoru kimi siz də bu sənət ocağına qoşuldunuz. Sizin hamınızın gəlişi teatrın yaradıcılıq həyatına yeni nəfəs və fərqli baxış gətirdi.
Mənim qardaşım Seyidağa Əliyev də ilk əmək fəaliyyətinə 1993-cü ildə bu teatrda işıqçı kimi başlamışdı. Həmin vaxtı mən teatra daha tez-tez gedib, onların işıqçı lojasından belə tamaşalara baxırdım. Seyidağa da indiyədək mədəniyyət sahəsində çalışır.
- Siz belə coşqu ilə danışırsınız. Uşaq vaxtlarında teatrın tamaşalarında oynamamısınız ki?
- Xeyr. Oynamamışam. Amma uşaq yaşlarımda bir kinoya çəkilmişəm. Məşhur rejissor Tofiq Tağızadənin çəkdiyi kinofilmlərin birində kütləvi səhnələrdə oynamışam. Sonra həmin kinonun taleyi necə oldu, bilmirəm.
Sizə bir acı həqiqəti deyim. O dövrlərdə teatr sahəsində çalışanların əməkhaqqısı yüksək deyildi. Atam da həmin az maaşla beş övladını dolandırmaq üçün böyük çətinliklər çəkirdi. Bəlkə də elə buna görə mənim aktyor olmaqla bağlı marağım yox idi. Məktəbli idim, bir dəfə yadımdadır, atam belə demişdi: “Siz halal çörək yeyirsiniz.” Açığı, bu sözlər mənə bir az qəribə və gülməli gəlmişdi. Soruşdum: “Məgər başqaları haram çörək yeyir?” Dedi: “Başqalarını bilmirəm, amma siz halal çörək yeyirsiniz. Ola bilər, kiməsə pulu istəmədən, göz yaşı ilə verirlər. Amma aktyora verilən pul, bu adamların ürəkdən gəlib, əyləncəsinə görə verdiyi puldur. Bu da halal puldur”- deyə mənə baxdı.Atamın baxışlarındakı o təmkin və inam mənə öyrətdi ki, halal çörək bəzən bir səhnə işığı qədər parlaq, bir tamaşaçı alqışı qədər müqəddəs ola bilər.
- Çox gözəl deyib. Həqiqətən də bu, belədir.
- 1988-ci ildən sonra və müstəqilliyimizin ilk illərində, ölkədə xaos və durğunluğun hökm sürdüyü dövrdə, vəziyyət daha da ağır idi. Aktyorların çoxu ailəsini dolandırmaq və bu çətinlikləri aşmaq üçün tamadalıq edir və başqa, tam fərqli sahələrdəişləməyə məcbur qalırdılar. Atam isə bu yolu seçmirdi. Düzdür, az da olsa tamadalıq etmişdi, amma bu ona yad gəlirdi, özünü həmin mühitdə rahat hiss etmirdi və bu işi özünə yaxın bilmirdi. Hətta bəzi şadlıq evləri ona təklif edirdi: “Sizə yaxşı aylıq əməkhaqqı verəcəyik, gəlin bizdə tamada olun”. Amma atam bu təklifləri qəbul etmirdi. Onun bu məsələdə şəxsi, subyektiv bir mövqeyi vardı. Bəlkə də çoxları bu fikirlə razılaşmaz. Atam deyirdi: “Aktyor tamada olmaz. Onun yeri səhnədir, televiziyadır, kino meydançasıdır”.
O, çox saf və təmiz qəlbli insan idi. Heç bir insana qarşı heç vaxt şübhə ilə yanaşmazdı, hər kəsə inanar, yaxşı niyyətlə baxardı. Hətta ona pislik etmiş insanlara belə yaxşılıq etməkdən çəkinməzdi. Soruşurdum ki, “axı niyə belə edirsən?” Cavab verirdi: “Göydə Allah var. O, məni də, onu da görür. Əgər o, pis əməlindən əl çəkmirsə, mən niyə öz yaxşı əməlimdən vazkeçməliyəm?”
Rahib Əliyev seyid nəslindən idi və bu nəcabətli mənşə onun davranışlarında, insanlarla münasibətində həmişə hiss olunurdu.
O, Allaha dərindən inanırdı. Anasının qəbrini ziyarət edəndə Yasin surəsini özü əzbərdən, təmkinlə və dərin inamla, avazla oxuyardı. İslamın əsaslarına dərindən bələd idi, dini bilgiləri möhkəm və düşünülmüş idi - bu, onun davranışlarında və həyat prinsiplərində özünü açıq şəkildə göstərirdi.
Yadımdadır ki, yatağının yanında həmişə bir neçə kitab olardı - əsasən də qəzəl kitabları. Gecə yatmazdan əvvəl mütləq mütaliə edərdi. Bu, onun üçün həm bir vərdiş, həm də mənəvi ehtiyac idi. Qəzəlləri böyük həvəslə oxuydu, çoxunu da əzbər bilirdi və onları xüsusi avazla, ruhla səsləndirərdi. Onun dediyi qəzəlləri eşidənlər heyranlıqla dinləyərdilər.
Bir hadisə də heç yadımdan çıxmır: məktəbdə mənə bir şeir öyrənmək tapşırılmışdı. Atama dedim. O isə dərhal cavab verdi: “Get, kitab rəfindəki filan rəngli kitabı götür, həmin şeir filan səhifədədir” . Təsəvvür edin- yalnız şeiri deyil, onun hansı kitabda, hansı səhifədə olduğunu da dəqiq xatırlayırdı. Bu, həm yaddaşının qeyri-adi gücünü, həm də ədəbiyyata olan dərin sevgisini göstərirdi.
O, qazancının böyük hissəsini kitablara xərcləyirdi. İstədiyi kitabı alanda uşaq kimi sevinirdi. Tez-tez evə kitab bağlamaları ilə gəlirdi. Deməli, o vaxtlar kitabları elə formada bağlayırdılar ki, sanki tort qablaşdırırdılar – kapron iplə sıx bağlanmış kitab bağlamaları olurdu. Biz də elə bilirdik ki, tort alıb gətirib. Amma görürdük ki, kitab imiş. (Hər ikimiz ucadan güldük.)
Atamı evdə kənardan müşahidə edəndə görürdüm ki, ona verilən rolun üzərində daim qələmlə düzəlişlər, əlavələr aparır. Sanki kağız üzərində yox, düşüncəsində, ruhunda bir obrazı yoğururdu. Ona tapşırılan rollarla kifayətlənməz, onların mətninə, emosional qatlarına dərindən nüfuz edər, əlavələr və dəyişikliklərlə rolu zənginləşdirərdi. Nəticədə isə o, sadəcə rol ifa etmirdi – tamaşaçının yaddaşına həkk olunan canlı və təsirli obrazlar yaradırdı.
-Bəs ata kimi, insan kimi necə idi?
-Yaxşı insan idi. Hamının uğurlarına sevinirdi. Hətta tanımadığı adamların belə…
Müstəqil olmağımıza çox sevinirdi və həmişə müstəqilliyimizi təbliğ edirdi. Teatrlarının binasız olması bütün aktyorlar kimi onu da çox narahat edirdi. Və axır ki, teatrın binasını əsaslı təmir etdilər. İnanın, atam elə sevinirdi ki, elə bil yeni övladı dünyaya gəlmişdi. Həmin vaxtı yeni binada teatrın açılışı da yaddaşımdadır. Səhv etmirəmsə 1989-cu ildə oldu. Mən artıq məktəbli idim və hər şeyi də dərk edirdim. Görürdüm ki, atam başda olmaqla aktyorlar çox sevinirdilər. Biz də onlarla birlikdə sevinirdik. Axı biz də bundan sonra bu teatra gəlib, tamaşalara baxacaqdıq.
Daha öncə dediyim kimi, onların çətin işini, az əməkhaqqı aldıqlarını görəndə qəti qərara gəlmişdim ki, mən heç vaxt bu sahədə işləməyəcəyəm. Həmin vaxtı da əsasən məktəbdə yeddinci sinifdə idmanla məşğul olmağa başladım. Bu sahədə də müəyyən uğurlarım vardı. İdman dərəcələri almışdım. Orta məktəbi bitirəndən sonra sənədlərimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına verdim. Ödənişsiz əsasla ora daxil oldum. Bakalavr və magistraturanı fərqlənmə diplomu ilə bitirdim. Həmin vaxtı da məni Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə işə dəvət etdilər.
Beləliklə, 2006-cı ildən Gənclər və İdman Nazirliyində aparıcı məsləhətçi kimi fəaliyyətə başlamışam.
Əslində isə mənim iş həyatım universitetin birinci kursunda Heydər Əliyev Sarayında mühafizəçi kimi başlamışdı. O zaman müqavilə ilə çalışırdıq. Uca boyum və idmançı bədən quruluşum o dövrdə bu işdə faydalı oldu - biz qastrola gələn tanınmış müğənnilərin və dövlət tədbirlərinin təhlükəsizliyini təmin edirdik.
İki ildən sonra fəaliyyətimi Şəhriyar adına Mədəniyyət Mərkəzində davam etdirdim. Eyni zamanda idman hakimliyi də edirdim, hakimlik sertifikatlarını da almışdım.
Həyatda hər addım, elə bil ki, bir-birini tamamlayır. İş və idman mənə yalnız peşəkar bacarıqlar qazandırmadı, həm də insanlarla ünsiyyət və məsuliyyət hissini dərindən öyrətdi. Bu təcrübələr mənə göstərdi ki, nə qədər fərqli sahədə olsan da, sədaqət və çalışqanlıq uğurun açarıdır. 2006-cı ildən Gənclər və İdman Nazirliyində dövlət qulluğuna keçəndən 1 il 5 ay sonra, 2007-ci ildə Mədəniyyət Nazirliyində işləməyə dəvət aldım və daha aşağı vəzifədə işləməyə başladım. Orada məsləhətçi vəzifəsinə işə götürüldüm, şöbə müdiri vəzifəsinədək yüksəldim.
2016-cı ildə “Fəxri Mədəniyyət işçisi” döş nişanı ilə təltif olundum. 2019-cu ildə isə cənab Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunanda çox sevindim. Mədəniyyət Nazirliyində işlədiyim dövrdə həm də təhsilimi davam etdirdim. Belə ki, İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil aldım və iqtisadçı oldum. Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və bələdiyyə idarəetməsi” üzrə yenidən magistr təhsili aldım.
2020-ci ildən taleyimi Sumqayıt mədəniyyəti ilə bağladım. Belə ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinə rəis təyin olundum. 2023-cü ildən isə əmək fəaliyyətimi Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin rəisi kimi davam etdirirəm.
-Rəşad bəy, belə götürəndə az yaşınız olmasına baxmayaraq, siz teatrla, incəsənətlə bağlı canlı ensiklopediyasınız. Çünki uşaq yaşlarından teatr aləmi ilə təmasda olubsunuz və artıq beş ildir ki, regional mədəniyyət sahələrinə rəhbərlik edirsiniz. Sizin uşaq yaşlarınızda Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında böyük korifeylər işləyirdi. Onlardan kim yaddaşınızda əbədi qalıb?
- Çox gözəl sualdır, təşəkkür edirəm. O dövrlərdə mən tez-tez teatrda olurdum. Ona görə də həm böyük sənətkarları, həm də atamın həmyaşıdı olan dostlarını səhnənin arxasında, yeməkxanada, bəzən isə teatrdan kənarda görmək və müşahidə etmək imkanım olurdu. Həm tamaşaçı kimi onlara baxır, həm də gündəlik həyatda qarşılaşırdım. Yəni bu sənətkarları müxtəlif rakurslardan izləmək fürsətim vardı.
Həmin illərdə Milli Gənc Tamaşaçılar Teatrında çalışan və bu gün də sənət fəaliyyətlərini davam etdirən dəyərli aktyorlar - Tariel Qasımov, Lətifə xanım Əliyeva, Nübar xanım Novruzova, Ədalət Məmmədov, Sona xanım Babayeva, Məsumə xanım Babayeva, Şəfəq xanım Əliyeva, Mehriban Abdullayeva, Loğman Kərimov, Vahid Əliyev, Mübariz Həmidov, teatrının truppa müdiri Ələsgər Muradxanlı, rejissor Nicat Kazımov- bu teatrın canlı yaddaşı, səhnənin nurlu simalarıdır.
Eyni zamanda, həmin dövrdə Milli Gənc Tamaşaçılar Teatrında çalışmış, lakin artıq aramızda olmayan böyük sənətkarlar - Süleyman Ələsgərov, Firəngiz xanım Şərifova, Solmaz xanım Qurbanova, Xuraman xanım Hacıyeva, Kübra xanım Dadaşova, Firdovsi Nayıbov, Niyazi Əhmədov, Atabala Səfərov, Rafiq Hüseynov, Rafiq Əliyev, mərhum direktor Kamal Əzizov, eləcə də baş rejissorlar Ağakişi Kazımov və Azərpaşa Nemətov, Azərbaycan televiziyasında fəaliyyət göstərmiş, lakin işləri Milli Gənc Tamaşaçılar Teatrı ilə sıx bağlı olan rejissorlar- Məhərrəm Bədirzadə, Ələkbər Kazımovski - bu səhnənin unudulmaz simalarıdırlar. Onlara baxanda təkcə rollarını deyil, sənətə olan sədaqətlərini və böyük ürəklərini də görürdük.
Atam isə həmin sənətkarların bir çoxunun dublyoru olurdu. Xatırlayıram, Xalq şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər” pyesini Ağakişi Kazımov səhnələşdirəndə, Qoca rolunu Süleyman Ələsgərov ifa edirdi və atam onun dublyoru idi. Bir tamaşada Süleyman müəllim o rolu oynayırdısa, növbəti tamaşada həmin obrazı atam canlandırırdı.
Açığı, həmin teatrla bağlı çoxlu xatirələrim var və təəssüf ki, bunlar mənim uşaqlıq illərimə təsadüf edir. O vaxtlar bu xatirələri qeydə almaq, yazmaq ağlıma gəlmirdi. Həm də həmin böyük sənətkarların dediklərinin dərin məna yükünü o dövrdə lazımınca dərk edə bilməmişdim. Firəngiz xanım və Solmaz xanım tez-tez nənə rollarını oynayırdılar. Mənə münasibətləri çox səmimi idi - başıma sığal çəkər, ciblərindən konfet çıxarıb verərdilər. Uşaq zehnimdə o konfet dünyanın ən qiymətli neməti kimi qalırdı.
-Rəşad bəy, Rahib müəllimin teatrda 60 illik yubileyi böyük təntənə ilə keçirildi. Bu yubiley yaddaşınızda necə qalıb?
-2005-ci il oktyabrın 23-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində atam Rahib Əliyevin 60 illik yubileyi həqiqətən də çox təntənəli şəkildə qeyd olundu. Həmin yubiley lentə də alınmışdı. Yubileyə yalnız Milli Gənc Tamaşaçılar Teatrının kollektivi deyil, digər teatrlardan gəlmiş aktyorlar da qatılmışdı. Respublikanın tanınmış incəsənət xadimləri, populyar müğənniləri öz çıxışları və tamaşalardan parçalarla atamı təbrik etdilər.
Yaddaşımda xüsusi yer tutan çıxışlardan biri isə Akademik Milli Dram Teatrının bədii rəhbəri-direktoru, Xalq artisti Əliabbas Qədirova məxsusdur. O, səhnəyə çıxaraq dedi: “O vaxt Rahib müəllim teatr dərnəyində aktyorluq edirdi. Mən də həmin Mədəniyyət evində rəqsə gedirdim. Rəqsdən sonra oturub, dərnəkdə Rahib Əliyevin oynadığı rollara baxırdım. Mənim teatr sənətinə həvəsim və vurğunluğum məhz onun yaratdığı obrazlardan doğdu. Sonra mən də bu sənətə gəldim”.
Deməli, Əliabbas Qədirovun ilk sənət ilhamı atam olmuşdu. Həmin çıxış yubileyin ən yaddaqalan anlarından biri oldu və Əliabbas müəllim atama bir xatirə hədiyyəsi də təqdim etdi.
- Həmin yubiley mənim də yaddaşımdadır. O vaxtı mən Dövlət Gənclər Teatrında işləyirdim. Bizim teatr da Rahib müəllimi təbrik etmişdi. Amma onunla mənim əsas yaxınlığım 2009-cu ildən başladı. Həmin il bizim teatrı Dövlət Milli Gənc Tamaşaçılar Teatrı ilə birləşdirmişdilər. O vaxt Vaqif Əlixanlının “Əcəl atı” tamaşasına quruluş verirdim. Bu tamaşada Rahib müəllimə iki rol - Ata və İbrahim rollarını vermişdim. Hər iki rol epizodik idi, amma Rahib müəllim onları elə oynayırdı ki, sanki baş rollardı - o qədər inandırıcı və obrazlı idi ki, tamaşaçılar onu həmişə alqışlarla qarşılayırdılar. Onun səhnəyə yanaşmasında məsuliyyət və sənətə sonsuz sevgi vardı.
Atanız haqqında daha nələr deyə bilərsiniz?
- Mən 1982-ci ildə dünyaya gəlmişəm. Maraqlıdır ki, elə həmin ildən etibarən atamın adı fəxri ad almaq üçün təqdim olunurdu. 1991-ci ildə isə rəhbərlik onu əmin etmişdi ki, həmin il təqdimatda onun adı birincidir. Lakin nə qədər təqdim edilsə də, 2006-cı ilə qədər ona heç bir fəxri ad verilmədi... (O, bir qədər susdu və sonra sözünə davam elədi.)
Bilirsiniz, aktyor çox həssas insandır. Atam da bu məsələyə zahirdə sarsılmadan yanaşsa da, daxilində narahatlıq keçirirdi. Amma heç vaxt gedib şikayət etmədi. Çünki onun xarakterində kiminsə qapısını döymək, haqqını tələb etmək kimi bir vərdiş yox idi. O, hər zaman səbrlə gözləyirdi. Yaxşı bilirsiniz ki, haqsızlığa dözmək çətindir. Nəhayət, bir dəfə səbr kasası doldu və o, Mədəniyyət Nazirliyində fəxri adlarla bağlı əsas söz sahibi olan bir məsul şəxsi sərt şəkildə tənqid etdi. Həmin adam da qəzəblənərək demişdi: “Mən bu vəzifədə olduğum müddətdə sənə heç vaxt fəxri ad verilməyəcək.” Halbuki məmur şəxsi ambisiyalarla deyil, xalqa və sənətə xidmət prinsipi ilə hərəkət etməlidir. Amma həyat gec-tez ədalətini göstərir. Müəyyən kadr dəyişikliyindən sonra, elə ilk təqdimatda - 2006-cı ildə Rahib müəllim “Əməkdar artist” fəxri adına layiq görüldü. Bu ad, sadəcə bir titul deyildi - illərlə çəkilən zəhmətin, səbr və ləyaqətin təsdiqi idi.
- Həmin adamı, əgər ona “adam” demək mümkündürsə, mən də yaxşı tanıyıram. O, pul almayınca heç kimə fəxri adın verilməsinə razı olmurdu. Azərbaycan teatr mühitinə, incəsənətinə, bütövlükdə mədəniyyət sisteminə çox ciddi zərbə vurdu. Bacarıqlı teatr rəhbərləri də məhz onun Mədəniyyət Nazirliyinə verdiyi donoslarla işlərindən uzaqlaşdırıldılar. Mənim və çoxsaylı aktyor, rejissor, teatr rəhbərlərinin onunla bağlı kəskin yazıları mətbuatda dərc olunub. Amma o, “arxalı köpək” olduğu üçün bu ilin əvvəlinədək teatr sistemində mövqe tuta bildi. Nəhayət, haqq yerini tapdı... Həmin nüsxə işdən uzaqlaşdırıldı. Amma uzun illər mədəniyyətimizə çox böyük ziyan vurdu...
- Gəlin mövzunu dəyişək, mən bu haqda danışmaq istəmirəm.
- Düz deyirsiniz, keçmiş haqsızlıqları yaddan çıxaraq, gəlin yenə Rahib müəllimdən danışaq.
- 2001–2005-ci illərdə mən Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzində çalışırdım və Bakı Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi müxtəlif dövlət tədbirlərini hazırlayan Təşkilat komandasının üzvü idim. Bu layihələrə istedadlı bəstəkar Gövhər xanım Həsənzadə rəhbərlik edirdi. Evdən çıxanda atama deyirdim: “Gəl, səni avtomobillə teatra aparım, yol üstündən keçirik.” Amma o, gülümsəyərək cavab verirdi: “Yox, mən piyada gedəcəyəm. Yol boyu rolumu əzbərləyəcəyəm və ya təkrarlayacağam.” Hər dəfə Ayna Sultanova heykəlindən başlayaraq Gənclik metrosuna qədər piyada gedir, oradan metro ilə Sahilə çatır və teatra daxil olurdu. Axşam isə yenidən eyni marşrutla geri qayıdırdı. Bu səbr və sənətə olan dərin sevginin əyani göstəricisi idi. Tamaşaya və məşqlərə heç vaxt gecikməz, həmişə vaxtından əvvəl gedib hazırlaşar, rolunu diqqətlə məşq edərdi.
- Mədəniyyət Nazirliyində işlədiyiniz dövrdə atanıza hər hansı bir kömək göstərə bildinizmi?
- Bilirsiniz, bəzi insanlar var ki, onların duruşu, baxışı, davranışı özü bir məktəbdir. Atam da məhz belə adamlardan idi. O, heç vaxt bir kimsənin qapısını döymədi, döymək istəmədi də. O, "oğlum nazirlikdə işləyir" cümləsini belə dilinə gətirmədi. Çünki o, Azərbaycan kişisinin əsl ləyaqətini, özünə hörmətini, təmkinini daşıyan adam idi. Bu, təkcə onun şəxsi keyfiyyəti deyildi - bu, onun yaşadığı məkanın, böyüdüyü İçərişəhərin, aldığı tərbiyənin bir göstəricisi idi. İçərişəhərdə böyüyənlərdə bir zəngin mənəvi qat, bir sarsılmaz məğrurluq olur- bu, nə lovğalıqdır, nə də təkəbbürdür. Sadəcə olaraq, bu insanlar heç vaxt kiminsə qarşısında əyilməyi özlərinə yaraşdırmırlar.
Əgər bir övlad kimi sual edirsinizsə - bəli, çalışdım ki, ona layiq olum. Amma sənət yolunda ona xüsusi bir yardımım dəymədi. Çünki o, bu yolu özü seçmişdi və öz əxlaqı ilə, öz əqidəsi ilə bu yolda irəliləmişdi. O yolun keşməkeşli yerlərində də özü yeridi, düz yollarında da özü addımladı. Onun üçün halal ad, halal çörək, halal zəhmət hər şeydən üstün idi. Və bəlkə də buna görə o, bizim ailəyə ləyaqət və mənəvi zənginlik miras qoydu.
Atam dünyasını dəyişəndə hazırda yüksək vəzifədə çalışan, teatr sahəsi ilə sıx bağlılığı olan dəyərli bir şəxs mənə zəng vuraraq başsağlığı verdi və dedi: "Sən fəxr etməlisən ki, Rahib Əliyevin oğlusan. O, tanıdığım yeganə sənətkar idi ki, bir dəfə də olsun kiminsə qapısını döymədi, heç kimdən, heçnə xahiş etmədi. Mərd duruşunu, sənətinə sədaqətini sonadək qorudu.”
- Atanızın teatrla yanaşı başqa maraqları vardımı?
- Əlbəttə! O, həm də çox kitabsevər idi. Eyni zamanda həyatsevər insan idi. Heç vaxt bədbin olmazdı. Həmçinin çox güclü futbol azarkeşi idi. Təkcə Azərbaycan yox, dünya futbolunu da maraqla izləyərdi. Deyirdi ki, uşaqlıqda İçərişəhərdə həmişə futbol oynayırdıq. Onların futbol oynadığı məkan bilirsiniz hara idi? İçərişəhərdən Azneft meydanına çıxan, Qubernator bağının aşağı hissəsində. İndiyədək orada yaşayan yaşlılar onu xatırlayanda deyirlər: “Atanla, o qədər futbol oynamışıq ki, yaxşı oyunçu idi.”
“Neftçi” klubunun hər bir futbolçusunu tanıyırdı. Uşaq vaxtı bizi - məni və qardaşımı - həm teatra, həm də “Neftçi”nin oyunlarına aparardı. Xalq artisti Vasif Babayevlə bir binada yaşayırdıq. Onlar 15-ci, biz isə 16-cı mənzildə idik. Bir dəfə Vasif müəllim atama “Neftçi”nin bütün ev oyunlarına bir illik abunə vermişdi. Atam da o abunə ilə həmin il bizi Neftçinin bütün oyunlarına apardı. Ümumiyyətlə Tofiq Bəhramov adına stadiona tez-tez gedərdik. Bu bizim üçün böyük sevinc idi, uşaqlığımızın ən unudulmaz günlərindən biri də elə həmin oyunlar olurdu. Daha sonralar isə böyük nəvəsini futbol izləməyə aparırdı.
Bütün futbol oyunlarını izləyirdi. Son illərdə “Qarabağ” klubuna azarkeşlik edirdi. Onların beynəlxalq uğurlarına sevinirdi, oyunlarını qaçırmazdı.
Bir dəfədə bağda idik, atam dedi: “Tez yığışaq, gedək evə.” Mən soruşdum: “Hara tələsirsən?” Cavab verdi: “Bu gün axşam yaxşı oyun var, Liverpul klubu oynayır. Bilirsən, necə oyunçu alıblar? Üstəlik, Misirdən gətiriblər, adı Salahdır. Çox əntiqə oyunçudur”. (Onun danışıq manerasını yada salıb, hər ikimiz güldük.)
Hətta sizə futbolla bağlı maraqlı bir əhvalat danışım. Bu əhvalatı bizə rəhmətlik nənəm-Xeyransa xanım danışardı. Deyirdi ki, “atanız gənc vaxtlarında “Neftçi” SSRİ-nin hansı şəhərdə oynayırdısa, ora gedərdi. Təyyarəyə bilet alar, oyuna mütləq stadionda baxardı. Bir dəfə puluçatmadığı üçün təyyarəyə yox, qatara bilet alıb, Moskvaya getmişdi. Qatarda yol uzun sürdüyünə görə evdən bir neçə gün əvvəl çıxmışdı. Heç bizidə xəbərdar etməmişdi. Evdə çox narahat olmuşduq. Sonra öyrəndik ki, “Neftçi”nin Moskvada oyunu var. Mən də düşündüm ki, yəqin Rahib ora gedib”.
Nənəm deyirdi ki, “qardaşımdan – atanızın dayısı Sabirdən (o, peşəkar mühəndis olub, şah dövründə ailəsi ilə birgə uzunillər İranda işləyib, yaşamışdı) xahiş etdim ki, gedib onu tapsın. Sabir dayısı da təyyarəyə biletalıb Moskvaya uçub və oyundan xeyli əvvəl stadionun qarşısında dayanıb ki, görüm Rahib nə vaxt gələcək. Təsəvvür edin, 40-50 minlik stadionda bir adamı tapmaq nə deməkdir…”
Atamın dediyinə görə, “bir də gördüm kimsə belimdən yapışdı. Çevrildim, baxdım ki, Sabir dayımdır. Onunla birlikdə oyuna baxdıq, axşam şam yedik və sonra isə təyyarə ilə birgə Bakıya qayıtdıq.” (Hər ikimiz bu əhvalata görə ucadan güldük.)
Yəni atamın futbola marağı bu qədər böyük idi.
Onun başqa bir marağı da heyvanlarla bağlı idi. Atam təbiəti, xüsusilə də heyvanları çox sevərdi. Bu sevgisi onu adi gündəlik həyat içində də fərqli bir hüzur tapmağa yönəldirirdi. Əvvəllər İçərişəhərdəki evimizdə tutuquşu saxlayırdı. Onların rəngarəngliyi, səs-küyü sanki evə həyat gətirirdi. Pəncərəmiz isə bir başqa sənət fədaisi – Əməkdar mədəniyyət işçisi Cahangir Aslanoğlunun pəncərəsinə açılırdı. Maraqlıdır ki, Cahangir müəllim də tutuquşuları sevərdi, hətta onun tutuquşu kolleksiyası qat-qat çox idi. Sonralar bir müddət yaşadığımız çoxmərtəbəli binanın həyətində, daha sonra isə bağda toyuq saxlayırdı. Onlara özü şəxsən qulluq edərdi və bu məşğuliyyət ona böyük zövq verirdi. Deyirdi ki, onların səsi, hərəkətiinsanı sakitləşdirir. O məşğuliyyət atamın nə qədər həyatsevər və təbiətlə bağlı insan olduğunu bir daha göstərirdi.
- Atanız Rahib Əliyevin sənət sahəsindəki fəaliyyətindən və dövlət tərəfindən ona göstərilən diqqət və qiymətləndirmədən danışa bilərsinizmi?
-Çox fərəhli haldır ki, Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra sənət adamlarına, incəsənət xadimlərinə göstərilən diqqət və qayğı əhəmiyyətli dərəcədə artdı. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev tərəfindən də yüksək səviyyədə davametdirilərək, sənət sahəsinə xüsusi önəm verildi.
Atam Rahib Əliyev həyatını sənətə və xalqına xidmətə həsretmiş sənətkar idi. Onun teatr sahəsindəki əməyi dövlət səviyyəsində yüksək qiymətləndirilib –Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülməsi və yeddi il ardıcıl Prezident mükafatı ilə təltif olunması bunun ən bariz nümunələrindəndir. 2018-ci ildə isə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə atam “Tərəqqi” medalı ilə təltif olunub.
Biz ailə olaraq, dövlətimizin və şəxsən ölkə rəhbərliyinin göstərdiyi diqqət və qayğını hər zaman yüksək qiymətləndiririk. 2013-cü ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə atamın ürək əməliyyatının həyata keçirilməsi onun sağlamlığının qorunmasına yönəlmiş son dərəcə dəyərli addım idi. 2019-cu ildə isə Prezidentcənab İlham Əliyevin göstərişi ilə atamın mənzil-məişət şəraiti yaxşılaşdırıldı ki, bu da sənət adamlarına olan dəyər, hörmət və qayğının bariz nümunəsidir.
Bu cür diqqət və dəyər sənətə və sənətkara verilən önəmin parlaq təzahürüdür. Bizim ailə bu münasibəti böyük minnətdarlıqla qarşılayır və hər zaman yüksək qiymətləndiririk.
Əlbəttə, mən atam haqqında çoxdanışa bilərəm. Amma yaxşı olar ki, siz onunla birgə teatrda çalışan aktyorlarla da görüşəsiniz. Çünki onların söylədikləri daha zəngin və maraqlı ola bilər. Axı atam ömrünün 56 ilini məhz onlarla bir yerdə keçirib və onlarla tamaşalarda oynayıb. Yol yoldaşı olub. Qastrol səfərlərinə gediblər.
Mən, Rəşad bəy deyən kimi teatrda işləyən və bir vaxtlar onunla tərəf müqabili olan, bir yerdə çörək kəsən aktyorlarla, aktrisalarla söhbət elədim.
Xalq artisti, Prezidentin Fərdi Təqaüdçüsü Tariel Qasımovun dediklərindən:
-Rahib Əliyev mənim yaddaşımda həm yaxşı insan, həm yaxşı aktyor və həm də yaxşı yoldaş, dost kimi qalıb. Ən əsası isə o, aktyor sənətini, teatrı çox sevirdi. Baxmayaraq ki, bizim sənətimizdə əmək haqqı çox az idi, amma o, öz ömürünü teatr sənətinə bağlamışdı. Bu sənətlə də nəfəs alırdı.
Xalq artisti, Prezidentin Fərdi Təqaüdçüsü Yasin Qarayevin dediklərindən:
- Mən teatra gələndə Rahib Əliyev Dövlət Milli Gənc Tamaşaçılar Teatrında artıq öz sözunu demiş istedadlı bir aktyor idi. İlk gəlişimdən mənə Nəcəf bəy Vəzirovun “Hacı Qəmbər” tamaşasında Aşıq Vəli rolunu havalə elədilər. Rahib Əliyev o tamaşada Hüseynağa Sadıqovla Cəbi roluna dublyor olsa da, bəzi səhnələrdə Hüseynağa Sadıqovun özünü təəccübləndirməyi bacarırdı. Çox kolaritli və bəzi rollarında şirin Bakı ləhcəsilə tamasaçıları tez ələ ala bilmək bacarığına malik idi. Mən onunla saysız-hesabsız tamaşalarda tərəfdaş olmuşam. Onunla hər hansı bir tamaşada oynamaq özü maraqlı hadisə idi. İsi Məlikzadənin “Sağlıq olsun”, Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin məktəbi”, Xalq yazıçısı Elçin Əfəndiyevin “Mahmud və Məryəm”, “Ölüm hökmü", İsgəndər Coşqunun “Komissarlar”, “Ana laylası”, “Komsomol poeması” və sairə tamaşalarinda Rahib Əliyevi maraqlı və yaddaqalan xarakterlər yaradan sənətkar kimi xatırlayıram. Rahib Əliyevlə Azərbaycanın bütün bölgələrində qastrol səfərlərində olmuşam. Rahib müəllim yaxşı yol yoldaşlığı olan və ailəcanlı Allah adamı idi. Qoy, onun ruhu şad, haqq dünyası da əbədilik cənnət olsun! Amin!
Xalq artisti, Prezidentin Fərdi Təqaüdçüsü, Nübar xanım Novruzovanın dediklərindən:
-Əziz Ağalar müəllim. Sizə təşəkkür eləyirəm ki, siz təkcə bu gün sağ olan aktyorlar, aktrisalar haqqında yox, haqq dünyasına qovuşan aktyorlartımızı da yad edib, onlar haqqında yazırsız və onların tarixdə qalmasına çalışırsız. Bu, təqdirəlayiq işdir. Siz mənə deyəndə ki, Rahib müəllim haqqında yazıb sizə göndərim, mənim qəlbimin sarı siminə toxundunuz. Məni kövrətdiniz. Rahib Əliyev o qədər saf, o qədər təbii bir aktyor idi ki, onun haqqında günlərlə danışmaq olar. O, çox mədəni insan və gözəl ailə başçısı idi. Biz onunla bir kinofilmdə çəkilirdik. Elə oldu ki, teatrda onun işi həmin kinofilmlə üst-üstə düşdü. Rahib müəllim teatrdakı işinə görə həmin kinofilmdən çıxdı və belə dedi: “Mən teatrdakı işimi qoyub, kinofilmdə çəkilmərəm. Çünki teatr mənimçün bir məbədgahdı”. Mən həytda çox xoşbəxtəm ki, Dövlət Milli Gənc Tamaşaçılar Teatrında olan karifeylərlə bir yerdə işləmişəm. Bizim o vaxtı çox saf kollektivimiz vardı. Hamı da bir-birinə əlindən gələn köməklikləri edirdi. Həmin vaxtı teatrımızın binası yox idi. On il sərasər qastrollarda olduq. Qastrol səfərlərində də bizi tamaşaçılar çox mehriban qarşılayırdılar. Yadımdadır ki, bir dəfə Biləsuvar rayonunda qastrol səfərində olan vaxtı “Ana laylası” tamaşasında mən var qüvvəmlə oynayanda, ayağım düşmüşdü səhnədə taxtaları sınan yarıq polun arasına. Əgər həmin vaxtı Rahib müəllim mənə kömək eləməyib, ayağımı oradan çıxartmasaydı, ayağım sınacaqdı. O vaxtı həmin tamaşa tamaşaçılar tərəfindən də çox yaxşı qarşılanırdı. Mən onunla çox tamaşada tərəf müqabili olmuşam. O, tərəf müqabilinə səhnədə çox köməklik edirdi və onu oynamağa həvəsləndirirdi. Çünki oynadığı rolunda çox təbii idi. Onun səhnəyə hər çıxışı bir dünya idi. Onun heç vaxt heç kimə qarşı paxıllığı yox idi. Mən Xalq artisti fəxri adını alanda, inanın ki, Rahib müəllim məndən daha çox sevinirdi və məni qucaqlayıb dedi ki, “qızım, bu sənin halalca adındır, alıbsan”. Onun oynadığı elə rollar var ki, əbədilik Azərbaycan teatr tarixinə düşüb. Mən onunla təkcə teatrda yox, televiziyadakı verilişlərdə də birlikdə çıxış etmişəm. Orada da oyununda çox təbii idi. Həmişə deyirlər ki, “böyük sənətkarların böyük ürəyi olur”. Bu, doğrudan da düz fikirdi. Bax, Rahib müəllimin də böyük ürəyi vardı. Allah ona qəni-qəni rəhmət eləsin. Ruhu şad olsun.
Əməkdar artist, Şəfəq xanım Əliyevanın dediklərindən:
-Mən 1978-ci ildə Milli Gənc Tamaşaçılar Teatrına təyinatımı alanda, Rahib Əliyev teatrda aktyor işləyirdi. Həmin vaxtı o, artıq çoxlu tamaşalarda oynayırdı.Tez bir zamanda biz Rahib müəllimlə dil tapdıq. Yəni bizim fikrimiz və söhbətlərimiz tutdu. Və yaxın bir dost olduq. Az bir vaxtda da biz neçə-neçə tamaşalarda tərəf müqabili olduq. Rahib Əliyev çox istedadlı, şirin aktyor idi. Ən əsası isə oynadığı rollarda səmimi və təbii idi. Onda pafos deyilən bir şey yox idi. Mən sizə səmimi bir söz deyim. Hazır tamaşaya sonradan daxil olub və həmin rolu o tamaşada oynayan aktyorlar səviyyəsində oynamaq çox çətinndir. Rahib müəllim bu işi çox ustalıqla bacarırdı. Ona görə də rejissorlar onu özlərinin hazır tamaşalarına daxil edəndə, ona çox inanırdılar və Rahib müəllim də onların ümidlərini yaxşı doğruldurdu. Yəni görüdün ki, hansısa aktyor işdən çıxır və ya kinoya çəkilməyə gedir, həmin vaxtı tamaşanı da oynamaq lazımdır. Məhz belə olduqda təcili Rahib müəllimi həmin tamaşaya daxil edirdilər. Teatr dili ilə desəm “vod” edirdilər. Bir növ Rahib müəllim elə bil ki, “pojarnıy komanda” idi. Hətta elə ilk tamaşadan hiss eləmirdin ki, o, bu tamaşaya “vod” olub. Çünki ilk tamaşadan o, o qədər doğmalıq, istilik yaradır ki, hamı onun oyununa heyran olurdu. O, çox yaxşı dost, yaxşı insan, yaxşı ailə başçısı idi. Çünki bəzən görürsən ki, yaxşı aktyordu, amma yaxşı insan və yaxşı ailə başçısı deyil. Amma Rahib müəllim bütün cəhətlərində təmiz, pak idi. İnanın ki, indinin özündə də elə gün olmur ki, biz onu xoş xatirələrlə yad etməyək. Çünki o, heç kimlə pis münasibətdə olmayıb. Hətta özündən müşdəbeh, özündən çox razı adamları da yola verib. Çox incə yumorla onların səhv cəhətlərini onlara deyib və onlar da Rahib müəllimin sözlərindən inciməyiblər. Bilirsiz. Sizə maraqlı bir fikir deyim. Dahi bir şəxs yazıb ki, Yer kürəsinə gələn 8 milyarddan çox insalar bu dünyadan köçəndə, heç vaxt özlərilə var-dövlət, qızıl-gümüş aparmırlar. Onlar özlərilə yalnız iki söz aparırlar:” Rəhmət, ya da lənət”. Rahib müəllim də sağlığında bütün cəhətlərilə özünə rəhmət qazanmışdı və məhz buna görə də həmişə rəhmətlə yad edilir. Ona görə də o, dünyasını dəyişəndə hamı çox sarsıldı və onun haqqında bu sözləri dedi: “ Rahib Əliyev. Allah sənə rəhmət eləsin. Sən çox yaxşı insan idin”. Allah onun həyat yoldaşını və balalarını qorusun.
Əməkdar artist, teatrın quruluşçu rejissoru və aktyoru Nicat Kazımovun dediklərindən:
-Mən Rahib müəllimi uşaq yaşlarımdan televiziya ekranından tanıyırdım. O vaxtı məşhur uşaq verilişi vardı. Orada Dəymədüşər və Gülməşək obrazları vardı. Dəymədüşər rolunu Rahib Əliyev, Gülməşəkər rolunda isə Mübariz Əlixanoğlu oynayırdı. Allah hər ikisinə qəni-qəni rəhmət eləsin. Və illər keçəndən sonra, mən Dövlət Milli Gənc Tamaşaçılar Teatrına aktyor kimi işləməyə gələndə bu iki gözəl sənətkarın hər ikisi ilə tərəf müqabili oldum. Yəni bəxt, tale elə gətirdi ki, biz eyni səhnəni bölüşməyə başladıq. Rahib müəllimlə bir neçə tamaşada tərəf müqabili olmuşam. Onunla oynadığım ilk tamaşa isə “Məhəbbət bir bəladır” tamaşası olub. Sonra “Ölüm hökmü”, “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Sirli dəyirman” və başqalarında tərəf müqabili olmuşuq. Xüsusən də Novruz bayramı şənliklərində oynadığımız tamaşalarda. Rahib müəllim də bu tamaşada Kosa obrazı ilə çıxış eləyirdi. Onu da vurğulayım ki, ən yaxşı Kosa obrazı yaddaşımda məhz Rahib müəllim yaratdığı obraz qalıb. Doğrudan da bu rolu çox maraqlı, bənzərsiz oynayırdı. Sonralar mən özüm həmin şənliklərə quruluş verəndə bu rolu məhz Rahib müəllimə verirdim. Hətta mən Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadü” tamaşasını da hazırlayanda Rəhim obrazını ona verdim və bilirdim ki, yaxşı oynayacaq. Elə də oldu. O, mənim yaddaşımda öz işinə çox cavabdeh, mədəni, yüksək şəxsiyyət və kübar bir insan kimi qalıb. Allah ona qəni-qəni rəhmət eləsin. Belə deyirlər ki, “sənətkarlar heç vaxt ölmür. Onlar haqqında deyiləndə, yazanda, onlar televiziya ekranından göstəriləndə canlanırlar və özlərinin sağ olduğunu sübut eləyirlər”. Rahib Əliyev də bizimçün həmişə sağdır.
Əməkdar artist Mehriban xanım Abdullayevanın dediklərindən:
-1989-cu ildən taleyim məni Dövlət Milli Gənc Tamaşaçılar Teatrı ilə bağladı. Bu sənət ocağı təkcə respublikada yox, həmin vaxtlar keçmiş Sovetlər Birliyində də məşhur idi. O vaxtlar bu teatrda çox istedadlı, yüksək intellektli, xalqın sevimlisi olan çoxlu aktyorlar, aktrisalar çalışırdı. Həm də respublikada öz dəsti-xətti olan rejissorlar işləyirdi. Məhz buna görə də həmin vaxtlar burada hazırlanan hər bir tamaşa sensasiya olurdu. Böyük fəxrlə deyə bilərəm ki, Yusif Vəliyev, Firəngiz xanım Şərifova, Süleyman Ələsgərov, Solmaz xanım Qurbanova, Xuraman xanım Hacıyeva, Tariel Qasımov, Almaz xanım Mustafayeva, Şəfəq xanım Əliyeva, Gülşən xanım Qurbanova, Azər Mirzəyev, Yasin Qarayev və başqaları ilə bir səhnədə oynamaq mənimçün böyük şərəf idi. Bu böyük sənətkarlar arasında sənətinə və özünə çox hörmət etdiyim Rahib Əliyevin xüsusi yeri vardı. Onun səhnədə özünəməxsus, heç kimə bənzəməyən öz dəsti-xətti vardı. Sənətinə hədsiz vurğun, fədakar bir aktyor idi. Təbii ki, uşaq yaşlarımdan televiziya ekranlardan Huşsuz baba kimi tanıdığım bu gözəl insanla bir səhnədə oynamaq və eyni teatrda çalışmaq mənə də nəsib oldu. Onunla bir çox tamaşalarda bir yerdə oynamışıq. Süleyman Sani Axundov və Abdulla Şaiqin “Qaraca qız” tamaşasında o, Bəy rolunu oynayırdı. “Açıl bənövşəm açıl”da Baba, Bəxtiyar Vahabzadənin “Şəhidlər” tamaşasında Yaşlı adam və bir neçə tamaşalar yaddaşımda əbədi həkk olunub. Və son zamanalar Rahib müəllimin Ulyam Şekspirin “III Riçard” tamaşasında oynadığı kiçik bir rolu obraz səviyyəsinə qaldırdığını heç vaxt unuda bilmərəm. Rahib Əliyev səhnədə çox ciddi, məsuliyyətli, rejissoru diqqətlə dinləyib və onun verdiyi tapşırıqları var qüvvəsilə sona qədər icra edən bir aktyor idi. Məşqlərə də hamıdan qabaq gələrdi. Rolunun sözlərini hamıdan qabaq mənimsəyərdi. Hamıdan da qabaq roluna hazır olardı. Onun bu xüsusiyyətləri biz gənclərə böyük örnək idi. Rahib Əiyev mənim yaddaşımda həm də çox gözəl ailə başçısı, gözəl ata kimi də qalıb. O, həmişə öz ailəsindən, övladlarından böyük fəxrlə, fəxarətlə danışardı. Mən görürdüm ki, Rahib Əliyev həm sənətini, həm ailəsini, həm də övladlarını hədsiz məhəbbətlə sevir. Və onları da ömrünün sonuna qədər yaxşı idarə elədi. Rahib Əliyev mənim yaddaşımda təkcə gözəl aktyor kimi qalmayıb və həm də özünü səhnəyə fəda eləyən sənətkar kimi qalıb. O, mənim və onunla birgə çalışanların qəlbində həm də gözəl insan və gözəl ata kimi yaşayacaq. Böyük filosof Holley deyirdi ki, “Bəzi insanlar incəsənəti başa düşür, bəziləri hiss edir, bəziləri isə həm başa düşür, həm də hiss edir”. Bax, Rahib Əliyev də sənətini həm başa düşürdü və həm də ustalıqla tamaşaçılara çatdırırdı. Allah ona rəhmət eləsin. Məkanı cənnət olsun.
Əməkdar artist Elnur Hüseynov- Bəhramxanın dediklərindən:
- Mən Əməkdar artist Rahib Əliyevi lap uşaq yaşlarımdan televiziya ekranından, səhnədən tanısam da, amma 1998-ci ildən Dövlət Milli Gənc Tamaşaçılar Teatrının truppasına daxil olandan sonra, həm onun oynadığı tamaşaları yaxından izləmək şansım oldu və həm də onunla bir neçə tamaşada tərəf müqabili olduq. Xalq yazıçısı Elçinin “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü”, Xalq şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər”, M. Mirnəsirovun “ Dördüncü təcavüz olamayacaq” və başqa tamaşalarda onunla səhnədə tərəf müqabili olduq. Rahib müəllim son dərəcə maraqlı aktyor idi. Yaratdığı obrazlar çox təbii, həyati obrazlar idi. Onun obraz yaradarkən tapdığı ifadə vasitələri çox gülməli, çox maraqlı olurdu. İstər danışığında, istər səs tembirində, geyimində, hərəkətlərində çox maraqlı ifadə vasitələri tapardı. Onun həm həyatda və həm də səhnədə yumor hissi həddindən artıq çox güclü idi. Və bəzən həyatda dodaqaltı elə sözlər deyirdi ki, hamı gülürdü. İndi həmin maraqlı söhbətlərdən bir neçəsini demək istəyirəm.
Günlərin bir günü aktyor foyesində əyləşmişdim. Orada bir telefon vardı. Aktyorlar, aktrisalar və teatrın başqa işçiləri həmin telefonla ailələrilə əlaqə saxlayardılar. Həmin vaxtı da mən teatra təzə gəlmişdim. Rahib müəllim gəldi həmin telefonu götürdü və sonra öyrəndim ki, o, həyat yoldaşı ilə danışır. Amma həmin vaxtı bilmirdim ki, həyat yoldaşı ilə danışır. Ona deyirdi ki, “klubun ağzını açdın? Uşaqları bayıra buraxdın?” Yəqin yoldaşı da deyirdi ki, açdım. Sonra Rahib müəllim dedi: “Yaxşı. Qoy elə həyətdə oynasınlar”. Mən də fikirləşdim ki, Rahib müəllim hansısa klubda dərnək aparır və uşaqlarla məşğuldu. Sonra da fikirləşdim ki, yaxşı o, niyə klubun ağzını açdırmaq və uşaqları bayıra buraxdırmaq istəyir? Əgər həmin adam Rahib müəllimin işçisidirsə, deməlidi ki, “klubun ağzını açıb, uşaqları içəri daxil etsin”. Rahib müəllim də məşqi qurtarandan sonra gedər və onlarla da işini davam etdirər. Bu söhbət məndə müəmmalı qaldı. Bizim teatrda çox maraqlı aktyor və gözəl insan Ramiz Sərkərov vardı. Ondan soruşdum ki, Rahib müəllimin danışdığı belə bir söhbəti eşitdim. O, güldü və belə dedi: “Rahib müəllim çox mərtəbəli bina evində yaşasa da çox təsərrüfatçıl insandı. Həyətdə bir hin düzəldib və həmin hində 7-8 dənə toyuq saxlayır. Yəqin həyat yoldaşına deyib ki, hinin qapısını aç və toyuqları bayıra burax. O, sən bilməyəsən və səndən utanıb deyə belə formada deyib”. Ramiz Sərkərov və mən ucadan güldük. Ümumiyyətlə o, Ramiz Sərkərovla dost idi və onunla bağlı Rahib müəllimin maraqlı məsələləri vardı. Onlardan birini demək istəyirəm. Bizim teatrda “Dədə Qorqud” tamaşası hazırlanmışdı. Tamaşada hamımız səhnənin qarşısına gəlib, diz çökürdük və hər birimiz bir cümlə deyirdik. Oturmaq da çox teatral olmalı idi. Ramiz Sərkərov gənc olduğuna görə o, çox maraqlı və plastik əyləşmək üsuslu tapmışdı. Rahib müəllim də bir qədər yaşlı olduğuna görə səhnənin önünə gələndə əllərini yerə qoyub, diz üstə oturardı. O vaxtı onun dizləri ağrıyırdı. O, Ramiz Sərkərovla yanaşı oturardı. Dönüb görüb ki, Ramiz Sərkərov çox plastik formada diz üstə oturdu. Dodaqaltı dönüb Ramizə deyib: “Sənətkar xırdalıqlar eləyirsən haa...” Ramiz deyirdi ki, “məni gülmək necə tutdusa və sözlərimi deyə bilmədim”.
Rahib müəllimin bu sözləri də teatrda hamının ağzına düşdü və zərbi-əməsəl oldu. Aktyorlar səhnədə görəndə ki, kimsə qeyri-adi hərəkət eləyir və ona deyərdilər: “Sənətkar, xırdalıqlar eləyirsən haa”. Bir dəfə də Rahib müəllim hansısa kinofilmin çəkilişində olanda, qrim eləyib, oynayanacağı obrazın paltarlarını geyib və əyləşib yerini gözləyirmiş. Zaman keçib, Rahib müəllimin yeri çatmayıb. Və heç kim də ona deməyib ki, indi sizin yerinizdi. Birdən prodüsser ona yaxınlaşıb və deyib ki, “ Rahib müəllim mən belə baxıb görürəm ki, bu gün sizin yerinizi çəkə bilməyəcəyik”. Rahib müəllim də özünəməxsus səbrlə dodaqaltı deyib: “Canının sağ olsun. Məndə sayğac yazır”. Bu da o deməkdir ki, çəksən də, çəkməsən də mən bu günümün pulunu sizdən alacam. Onun bu sözləri də bizim teatrda bir zərbi-məsəl oldu və həmişə biz çəkiləndə və həmin gün yerimiz çatmayanda belə deyirdik.
Bax, Rahib müəllim bizim yaddaşımızda belə xoş xatirələrlə qalıb. O, həm həyatda və həm də səhnədə yumor hissi güclü olan insan idi. Gəncləri çox sevirdi. Həmişə bizimlə maraqlı söhbətlər eləyərdi. Əbu Turxanın belə bir maraqlı aforizmi var: “Demək istədiyini çoxları deyə bilir. Ən böyük sənətkarlıq demək istədiyindən başqa bir şey deməməkdir”. Yəni oynadığın rolun sözaltı mənalarını ustalıqla tamaşaçıya çatdırmaqdır. Bax, bu cəhətlər Rahib Əliyevdə çox güclü idi.
Allah ona qəni-qəni rəhmət eləsin. Belə sənətkarları və belə insanları heç vaxt unutmaq olmaz.
HAŞİYƏ:Mən də bilirdim ki, Rahib müəllim bağ evindəki həyətində toyuq-cücə də saxlayırdı. Mən ondan soruşanda ki, “Rahib müəllim bu toyuqları, cücələri saxlamaqdan, onlara quluq etməkdən yorulmursuz?” O, gülümsəyib, Bakı ləhcəsində deyirdi: “Özüm üçün muşqulat eləyirəm də. Əslində mən onlara baxmaqdan zövq alıram”. Bax, bu da onun böyüklüyünün bir təsdiqi idi ki, o, canlılara belə yaxşı qiymət verir.
Əməkdar artist Elnur Kərimovun dediklərindən:
-Yadıma gəlir ki, o vaxt mən teatrda yeni işləməyə başlamışdım. Həmin vaxtı da çoxlu tamaşalar hazırlanırdı. Və “Bulaq əhvalatı” adlı bir tamaşa da hazırlanırdı. Bu tamaşada bizim dəyərli sənətkarlarımız iştirak eləyirdi. Rahib Əliyev, Azər Mirzəyev və başqaları. Ruhları şad olsun. Təbii ki, biz cavanlar da həmin tamaşada kütləvi səhnələrdə rol almışdıq. Hər məşqdə görürdüm ki, Rahib müəllim, Azər müəllim axtarışdadırlar. Öz rolları üçün ştrixlər tapırdılar. Məşqlərə yeniliklərlə gəlirdilər. Bu, biz cavanlar üçün bir örnək idi ki, ustad, özlərini təsdiqləmiş sənətkarlar hələ də öz rolları üzərində belə ciddi işləyirlər. Həmin tamaşada bir maraqlı yer vardı. Deməli, Azər Mirzəyev yaxınlaşırdı Rahib müəllimə və belə deyirdi: “Mənim sizdən belə bir xahişim var. Bu sənədə bir imza atın. Siz narahat olmayın ha. Əl-əli yuyar və əl də üzü”. Rahib müəllim də orada çox maraqlı bir fakt tapmışdı. Və deyirdi: “Mən başa düşdüm ey. Əl-əli yuyar, əl də üzü. Bəs, əl-üzümüzü neçəyə yuyaq?”. Bax, bu çox maraqlı bir məqam idi. İndi də kimsə mənə belə söz deyəndə ki, “əl-əli yuyar, əl də üzü”. Deyirəm ki, Rahib müəllimin belə bir sözü vardı. Və rejissorda həmin sözləri tamaşada saxladı. “Bildim əl-əli yuyar, əl də üzü. Bəs əl-üzmüzü neçəyə yuyaq?”. O, tamaşaların məşqi vaxtı elə maraqlı cümlələr tapırdı və deyirdi, rejissor da onunla razılaşıb, həmin cümlələri saxlayırdı. Tamaşaçılar da bu cümlələri maraqla dinləyirdilər. Onu da xüsusilə vurğulamaq istəyirəm ki, Rahib müəllim balabanın səsini ağzı ilə elə məharətlə çıxarırdı ki, bəzən hətta muğam tonlarında ifa edirdi. Onu görməyən, yalnız səsini eşidən adam düşünə bilərdi ki, doğrudan da balabanda canlı ifa olunur.
Bir maraqlı əhvalat da yadıma düşdü. Rahib müəllim ürək əməliyyatı olandan sonra biz, Əməkdar artist, teatrın Həmkarlar təşkilatının sədri İlham Əsədovla Rahib müəllimgilə getmişdik. Rahib müəllimə baş çəkməyə. Çay içdik, söhbət elədik. Mən ona təskinlik vermək üçün belə dedim: “ Rahib müəllim narahat olmayın. Ürək əməliyyatından sonra açıq havada tez-tez gəzin. Və tez bir zamanda sağalacaqsınız. Mənim atam da ürəyindən əməliyyat olub”.Bu vaxt Rahib müəllim dedi ki, “indi atan necədir?”
Mən da qayıtdım ki, “atam rəhmətə getdi”.Rahib müəllim üzümə baxıb dedi: “ay bala siz çay için, mən balkona çıxıb, hava alım indi qayıdıram”. Biz onun bu sözlərinə ucadan güldük. Bax, onda belə maraqlı yumor hissi vardı. Qoy Rahib müəllimin ruhu şad olsun.
Aktirsa, Xalidə xanım Şərifzadənin dediklərindən:
-Mən onunla bir neçə tamaşada tərəf müqabili olmuşam. Tamara xanım Vəliyevanın “Mənim ağ göyərçinim” tamaşasında onun oyunu məni həmişə valeh eləyirdi və məni də rolumu yaxşı oynamağa ruhlandırırdı. Teatra gələndə həmişə məni axtarar və mənimlə söhbət eləyərdi. Siz Vaqif Əlixanlının “Əcəl atı” tamaşasını hazırlaynda mənə verdiyiniz rol çox çətin və çox da dramatik rol idi. İlk məşqlərdə bu rol məndə alınmırdı və siz də əsəbiləşirdiniz. Həmin vaxtı bu tamaşada oynayan Rahib müəllim mənim həvəsdən düşməyimi görüb, mənə ürək-dirək və inam verirdi ki, “sən bu rolu yaxşı oynaya bilərsən. Bu rol elə bil ki, səninçün biçilib”. Hətta bu rolla bağlı mənə çoxlu məsləhətlər verdi. Onun bu məsləhətləri çox köməyimə gəldi və mən bu rolu yaxşı oynadım. Sizin də, Vaqif Əlixanlının da, tamaşaçıların da xoşuna gəldi. Allah ona qəni-qəni rəhmət eləsin.
Teatrın truppa müdiri, “Tərəqqi” medallı Ələsgər Muradxanlının dediklərindən:
- Əməkdar arist Rahib Əliyevlə mən uzun illər bir teatrda çalışmışıq. Mən onu çox istedadlı aktyor, gözəl bir insan kimi xatırlayıram. Allah ona qəni-qəni rəhmət eləsin. Əgər yaşasaydı bu ilin iyul ayının 12-də teatrımızda onun 80 illik yubileyi qeyd olunacaqdı. Heç vaxt yadımdan çıxmır. İyul ayının 10-da o, mənim ad günümü təbrik edirdi və iyul ayının 12-də mən zəng vurub, onun ad gününü təbrik edirdim. Biz hər ikimiz xərçəng bürcündən olduğumuza görə ünsiyyətimiz də tuturdu. Biz onunla həmişə dost münasibətində olmuşuq. Həmişə də tez-tez söhbətlər edirdik. O, özünəməxsus, xarakterik və çox maraqlı bir aktyor idi. O, xarakterik rolların, demək olar ki, ustası idi. Onun istər səsi, səhnədə hərəkətləri, tərəf müqabillərilə davranışı, tamaşaçıları çox tez ələ alması, səhnədə səsini oynadığı obraza uyğun səviyyədə qaldırıb-endirməsi mənim heç vaxt yaddaşımdan çıxmır. Bütün onun danışığı, səs tembri, duzlu-məzəli söhbətləri tez-tez kino ekranı kimi beynimdən keçir. Gözlərimin qarşısında canlanır. Rahib müəllim istər uşaqlar üçün və istərsə də böyüklər üçün oynanılan tamaşalarda böyük şövqlə çıxış eləyirdi. Oynadığı rollara da özünəməxsus bir xarakter tapırdı. Məhz buna görə də onun oynadığı bütün rolları yadda qalırdı. Nəcəf bəy Vəzirovun “Hacı Qənbər” tamaşasında onun oynadığı Cəbi yalnız ona məxsus idi. Çünki bu rolda çox aktyor çıxış eləmişdi. Amma Rahib müəllimin yalnız özünəməxsus Cəbisi vardı. Bu obraz mənim heç vaxt yadımdan çıxmır. Uşaqlar üçün oynadığı “Çal oyna” tamaşasında onun oynadığı İsa-Musa rolu da yalnız ona məxsus idi. Həmin rolda çox maraqlı hərəkətlər, davranışlar tapmışdı. Onun oynadığı “Qaraca qız” tamaşasındakı Bəy rolu da yalnız ona məxsus idi. Çünki həmin rolu bir neçə aktyor oynamışdı, amma Rahib müəllimin oynadığı Bəy yalnız ona məxsus idi. Çünki Rahib Əliyev həmin rolda çox maraqlı ştrixlər tapmışdı. “Mahmud və Məryəm” tamaşasındakı Mirzə Salman rolu da çox maraqlı idi. Onun Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadü” tamaşasındakı Rəhim rolu da yaddaşımdadı. Sizin quruluş verdiyiniz Vaqif Əlixanının “Əcəl atı” tamaşasında onun oynadığı Ata və İbrahim rolları da çox maraqlı idi və hər obraza da özünəməxsus ştrixlər tapmışdı. Onun teatrımızda oynadığı sonuncu tamaşalar Hüseyn Cavidin “Şeyx Sənan” tamaşasındakı Şeyx Əbuzər və Ulyam Şekspirin “III Riçard” tamaşasındakı Şəhər Meri rolları oldu. Hər iki rolu da çox maraqla oynayırdı. Allah Rahib müəllimə qəni-qəni rəhmət eləsin və yeri cənnət olsun. O, hamımızın yaddaşında çox gözəl insan və böyük sənətkar kimi qalıb. İyul ayının 12-də onun 80 illik yubileyidi. Bu yubileyi də keçirtmək bizim borcumuzdu. Yəqin ki, yeni teatr mövsümdə keçirəcəyik. Çünki iyul ayının 21-dən məzuniyyətə çıxırıq.
Mən qətiyyətlə deyə bilərəm ki, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı nə qədər varsa, Rahib Əliyev də heç vaxt unudulmayacaq. O, həmişə onu tanıyarnların, onun oynadığı rolları görənlərin də yaddaşında qalacaq. Filosof, azərbaycanlı Əbu Turxan deyir ki, “Bütün sənətkarlar ictimaiyyətə yaradıcılıq prosesini deyil, onun son məhsulunu çatdırırlar”. Rahib müəllim də bir aktyor kimi oynadığı rolları müəlliflər yazan kimi yox, özü başa düşən kimi çox dolğun və peşəkar formada çatdırırdı.
Ağalar müəllim siz də var olun ki, teatrımızın aktyorları, aktrisaları haqqında və teatrımız haqqında mütəmadi belə yazılar yazıb, tarixdə saxlayırsız.
Əməkdar artist, aktyor, rejissor Loğman Kərimovun dediklərindən:
-Rahib müəllim haqqında danışmaq mənimçün çox xoşdur ona görə ki, uzun illər mən onunla bir yerdə işləmişəm.1976-cı ildən ta 2009-cu ilə kimi. Və bu uzun illər ərzində mən, Rahib müəllimin yanında kiçik bir aktyor olmuşam. Çünki o, böyük tamaşalarda, böyük rollarda oynayıb. Mən isə onun yanında kiçik rollarda oynamışam. Və oynadığım, tərəf müqabili olduğum yaşlı aktyorlardan öyrəndiyim kimi bu sənəti Rahib müəllimdən də öyrənmişəm. Rahib müəllim o qəbil aktyorlardan idi ki, səhnədə çox maraqlı idi. Təbii ki, Rahib müəllim kinofilmlərdə, televiziya verlişlərində, filmlərində də görünürdü. Amma teatr səhnəsində aktyor kimi çox maraqlı bir aktyor idi. Özünəməxsus aktyor idi. Və onu deyim ki, həddindən çox uşaq tamaşalarında biz bir yerdə məşğul idik və uşaq tamaşaçılarının onu nə qədər sevdiyinin şahidi olurdum. Tamaşaçılar onu ona görə sevirdi ki, o, səhnədə çox səmimi idi. Və bilirdi ki, nə eləyir və tamaşaçının zövqünü də asanlıqla tuta bilirdi. Tamaşaçının istədiyini eləyə bilirdi. Və sonradan elə oldu ki, mən artıq rejissor kimi teatrda tamaşalar hazırlamağa başladım və sonra teatrın baş rejissoru oldum. Həmin vaxtı da Rahib müəllimlə bir neçə tamaşada işlədik. Və mən ona çox maraqlı əsərlərdə maraqlı rollar verdim. Çünki bilirdim ki, Rahib Əliyev bu rolları yaxşı oynayacaq. Xalq yazıçısı Elçinin “Mahmud və Məryəm”, “Ölüm hökmü”, “Ağ dəvə” tamaşalarının üçündə də mən ona çox maraqlı rollar vermişdim və Rahib müəllim oyunu ilə öz rollarını obraz səviyyəsinə qaldırıb, halalığını verirdi. Daha sonra Aqşin Əlzadənin “Olmuş əhvalat” əsərində ona rol vermişdim. Sonra Əbdüləzəl Dəmirçizadənin “Dədəm Qorqud” tamaşasında da ona rol vermişdim. Daha sonra Tamara xanım Vəliyevanın “Mənim ağ göyərçinim” əsərində də ona rol vermişdim. Demək olar ki, mən quruluş verdiyim tamaşaların çox böyük əksəriyyətində Rahib müəllimə rollar verirdim. Rahib müəllim də bu rollardan çox yaxşı obrazlar yaradırdı. Biz onunla çox səfərlərdə, qastrollarda bir yerdə olmuşduq. İstər Azərbaycanda, istər MDB ölklərində. Böyük-böyük səfərlərə gedəndə mən onun necə yaxşı yol yoldaşı olduğunu da görürdüm. Yoldaşlığı da ondan ibarət idi ki, Rahib müəllim hamıya qarşı həmişə diqqətcil idi. O, tərəf müqabilinə qulaq asanda və tərəf müqabili nəyisə düz deməyəndə belə bir aforizm deyirdi: “Sən peşəkara həvəskar nömrəsi gəlirsən?” Daha nə deyim. Ruhu şad olsun. Belə bir deyim var. Bu, mənim sözüm deyil. Hansısa filosof deyib. Mən bu sözləri Rahib müəllimə şamil etmək istəyirəm: “Bu dünyaya Rahib Əliyev də gəldi-getdi. Və bizim xatirələrimizdə əbədi qaldı”.
Bu gün də siz onun haqqında yazırsınız və onu əbədi tarixdə saxlayırsız. Deməli, Rahib müəllim hələ də yaşayır və bundan sonra da yaşayacaq. Bir daha çox sağ olun ki, mənə də onun haqqında danışmaq üçün müraciət elədiniz. Mənim də onunla bağlı fikirlərimi öyrənmək istədiniz. Təşəkkür eləyirəm. Mən çox istəyirəm ki, belə sənətkarlar haqqında yazılsın və xalqımız da onları yaxından tanısın. Bu xeyirxah və savab işləriniz daimi olsun.
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi, dramaturq İftixar Piriyevin dediklərindən:
-Respublikanın Əməkdar artisti Rahib Əliyev, teatr sənətinin inkişafında özünəməxsus yeri olan sənətkarlardan biri idi. Onun oynadığı müxtəlif xarakterli, xüsusilə kaloritli rolların ərsəyə gətirilməsi və tamaşaçılar tərəfindən sevilərək qarşılanması üçün o, əvəzsiz çalışqanlığı ilə seçilirdi. Rahib müəllim üçün rolun böyüyü, kiçiyi yox idi. Üzərinə götürdüyü hər bir obrazı sevərək ən incə ştrixlərlə zənginləşdirərək, ona səhnə təcəssümü verirdi. O, əsl sənətkar, ustad aktyor potensialına yüksəlmiş bir aktyor idi. İnsan kimi mülayim, yüksək mədəniyyətə malik şəxsiyyət idi. Gənclərə xüsusi qayğı ilə yanaşan Rahib müəllimi sevməyən insan tanımıram. Rahib müəllim Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının da xüsusi rəğbətini qazanmışdı. Müəllifi olduğum “Dan yeri söküləndə” və “Körpü” tamaşalarında yaratdığı obrazlar xüsusi alqışlarla qarşılanırdı. Mən qətiyyətlə deyə bilərəm ki, Rahib Əliyevin imzası Azərbaycan Teatr salnaməsində əbədi yaşayacaq. Çünki belə ustad sənətkarları xalqımız heç vaxt unutmur.
Bakı Uşaq və Gənclər Teatrının baş rejissoru, İlhamə xanım Əhmədovanın dediklərindən:
-Mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu fakültəsini bitirib Milli Gənc Tamaşaçılar Teatrına işləməyə gələndə Əməkdar artist, gözəl insan, çox istedadlı aktyor Rahib Əliyev bu teatrda işləyirdi və teatrın aparıcı aktyorlarından idi. Mən teatrda onun oynadığı rolların məşqlərinə və tamaşalar oynanılanda onlara baxdıqca böyük zövq alırdım. Onun teatra necə vurğun olduğunu, rejissorların verdiyi tapşırıqları necə yüksək peşəkar səviyyədə yerinə yetirdiyinə heyran olurdum. Əlbəttə. Bu da onun bu sənətə sevgisindən və cavabdehliyindən irəli gəlirdi. Biz gənclər də ondan çox şeylər öyrənirdik. İlk öncə cavabdehliyi, teatrı dərin məhəbbətlə sevməyi və öz işinə məsuliyyəti. Böyüklə, kiçiklə davranış qaydalarını. Onun oynadığı rollara yalnız özünəməxsus yanaşması vardı. Onun məşqindən adam zövq alırdı. Məhz ona görə də onunla işləmək çox maraqlı idi. Heyif ki, vaxtından tez haqq dünyasına qovuşdu. Çünki həmin vaxtı bu “Yaş senzi” kimi bir oyunu ortaya atdılar və yaşlı aktyorları, aktrisaları teatrlardan uzaqlaşdırdılar. Təsəvvür eləyin ki, balığı dənizdən çıxaranda o yaşaya bilmədiyi kimi həmin aktyorların, aktrisaların da çoxu yaşaya bilmədilər və ürəkləri qubar elədi. Axı yaradıcı insanı öz sevimli işindən ayırmaq, böyük cinayətdir. Bu qanunu çıxaranlar görəsən fikirləşdilər ki, belə insanları sevimli işlərindən uzaqlaşdırmaq elə 1937-38-ci illərin davamı deməkdir. Bu, “Yaş senzi” məsələsi hökmən aradan götürülməlidir ki, biz belə Allah vergisi olan sənətkarları vaxtından tez haqq dünyasına yola salmayaq. Bu insanların içərisində elm adamları da, müəllimlər də, həkimlər də, sənət adamları da var. Axı onlar, xalqımızın sərvətidir.
P. S. İlhamə xanım Əhmədovanın son sözləri mənim də ürəyimcə oldu. “Yaş senzini” fikirləşənlər və 2012-ci ildən bu iyrənc oyunu tətbiq edənlər, bu illərdə millətimizin ziyalı adlanan şah damarını qırdılar və minlərlə yaxşı mütəxəssiləri vaxtından tez haqq dünyasına yola saldılar. Məhz Rahib Əliyev də bu “oyunun” qurbanı oldu...
Bir daha vurğulamaq istəyirəm ki, Rahib Əliyev 18 sentyabr 1968-ci ildən rəsmi olaraq öz aktyorluq karyerasına başlamışdı. 1974-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü idi. Teatrda işlədiyi dövrdə və bu teatrın səhnəsində 70-dən artıq obraz yaratmışdır. Onun yaratdığı Cəbi, Vəzir, Aşıq, Mirzə Salman, Hərbi geyimli, Babaşov, Tülkü, Baba, Dünyagörmüş, İsmayıl, Molla Əsədulla, Molla Xudaverdi, Kərəmli, Bəkir Eniştə, Fərəcov, Aramış Aşotoviç, Vəzir, Ancelo, Qoca, Ata, İbrahim, Rəhim, şəhər Meri kimi obrazlar aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir. Onun oynadığı Markone - (“Ovod” E.Voyniç), Qırmızı burun - (“Mənim mehriban balam” Azot Şakinyan), Mələmə - (“Mənim nəğməkar bibim” Əkrəm Əylisli), Fərzəli bəy - (“Nəsrəddin” Yusif Əzimzadə), Kamran kişi - (“Dördüncü təcavüz olmayacaq” M. Mirnəsirov), Şir - (“Meşədə futbol, qol” İsgəndər Coşğun), Şeyx - (“Komsomol” poeması, İsgəndər Coşğun), Vəzir - (“Əlvida, Hindistan” Qeybulla Rəsulov), Məhəmməd - (“Bakı komissarları” İsgəndər Coşğun), Qazı - (“Danabaş kəndinin məktəbi” Cəlil Məmmədquluzadə), Bəkdəmirov - (“Şirinbala bal yığır” Salam Qədirzadə), Bəy - (“Qaraca qız” S. S.Axundov, A. Şaiq), Cəbi - (“Hacı Qəmbər”, Nəcəf Bəy Vəzirov), Vəzir - (“Sirli dəyirman”, Firuz Məmmədov), Aşıq - (“Yolda”, Hüseyn Arif), Mirzə Salman - (“Mahmud və Məryəm”, Elçin), Hərbi geyimli - (“Mənim ağ göyərçinim”, Tamara Vəliyeva), Babaşov - (“Sağlıq olsun”, İsi Məlikzadə), Tülkü - (“Cücələrim”, Tofik Mütəllimov), Baba - (“Açıl, bənövşəm açıl”, İskəndər Coşğun), Dünyagörmüş - (“Qarışqa şıllaq atdı”, Qılman İlkin), İsmayıl - (“Olmuş əhvalat”, Aqşin Babayev), Molla Əsədulla - (“Ağ dəvə”, Elçin), Molla Xudaverdi, Kərəməli - (“Hacı Qara”, Mirzə Fətəli Axundzadə), Bəkir Eniştə - (“Mustafa”, Orxan Asena), Fərəcov - (“Sən həmişə mənimləsən” İlyas Əfəndiyev), Aramis Aşotoviç - (“Yaddaş ağrısı” Hüseynbala Mirələmov), Vəzir - (“Molla Nəsrəddin və Əmir Teymurun filləri”, Əjdər ol), Ancelo - (“Səhvlər komediyası”, Ulyam Şekspir), Rəhim - (“Pəri cadu”, Əbdürrəhim Bəy Haqverdiyev), Qoca - (“Məhəbbət bir bəladır”, Əhməd Orucoğlu), Şeyx Əbuzər - (“Şeyx Sənan” Hüseyn Cavid), Mister Sauyrberi - (“Oliver Tvistin macəraları” Çarlız Dikkens), Məktəb direktoru - (“Mənim ağ göyərçinim” Tamara Vəliyeva), Ata, İbrahim (“Əcəl atı” V.Əlixanlı), Qazı - (“Müsyö Jordan və dərviş Məstəli şah” M. F.Axundzadə), Molla Xudaverdi - (“Hacı Qara” M.F.Axundzadə), Mer - (“III Riçard”, U.Şekspir), Yazıçı - (“Miras” Hüseynbala Mirələmov) və başqaları Milli Gənc Tamaşaçılar Teatrının və Azərbaycan teatrının tarixinə əbədi yazılıb.
Azərbaycan film fondunda isə onun çəkildiyi bu kinofilmlər bizə yadigar qalıb. “Ulduzlar sönmür” (1971, tammetrajlı bədii film) – aktyor , “Anlamaq istəyirəm” (film, 1980)-rol: yeməkxanadakı müştəri, “Yol əhvalatı” (1980, tammetrajlı bədii film) – aktyor (elçi gələn), “Yaramaz” (1988, tammetrajlı bədii film) – aktyor (Hətəmin iş yoldaşı), “Yaşa, qızıl balıq” (1988, qısametrajlı bədii film) – aktyor, “Qətl günü” (1990, tammetrajlı bədii film) – aktyor, Fəryad (1993, tammetrajlı bədii film) – aktyor, “Köpək” (1994, tammetrajlı bədii film) – aktyor, “Adam” (1996-2010, qısametrajlı bədii film) – aktyor (Yusif), Kənddən gələn var (1997, tammetrajlı film-tamaşa) – aktyor, “Nə gözəldir bu dünya”... (1999, tammetrajlı bədii film) – aktyor, “Güllələnmə təxirə salınır!”... (2002, tammetrajlı bədii film) – aktyor (Dəmir), “Bir anın həqiqəti” (2003, bədii serial) – aktyor (kollegiya üzvü), “Yeni həyat” (2005)-aktyor, “Yoxlama” (2006, bədii serial) – aktyor (zavod işçisi), “Biz qayıdacağıq” (2007, tammetrajlı bədii film) – aktyor (Xocalı qaçqını), “Cavid ömrü” (2007, tammetrajlı bədii film) – aktyor , “Seçilən” (2008, tammetrajlı bədii film) – aktyor (Zorikin atası), “Çinar ömrü (2011, tammetrajlı sənədli televiziya filmi) – aktyor, “Mürafiə vəkillərinin hekayəti” (2011, tammetrajlı film-tamaşa) – aktyor (Ağa Cabbar), “Bir ömrün salnaməsi” (2013, qısametrajlı sənədli televiziya filmi) – aktyor, “Axırıncı dayanacaq” (2014, tammetrajlı bədii film) – aktyor ( Dazbaş kişi), “Adam” (film, 2010) – aktyor-Yusif və başqaları.
Rahib Əliyev 56 illik dövrü əhatə edən yaradıcılığında dəfələrlə fəxri fərmanlarla, mükafatlarla və döş nişanları ilə təltif olunmuşdu. Azərbaycan teatr sənətinin inkişafında xidmətlərinə görə 2006-cı ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adına, 2011, 2013, 2014, 2015, 2016, 2017, 2018-ci illərdə də Prezident mükafatına layiq görülüb. 2005-ci ildə Rahib Əliyevin 60 və 2015-ci ildə 70 illik yubileyi Dövlət Milli Gənc Tamaşaçılar Teatrında çox yüksək səviyyədə qeyd edilmişdi. 10 mart 2015-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif olunmuşdur. 10 dekabr 2018-ci ildə Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdu.
Yuxarıda yazdığım kimi Rahib Əliyev 12 iyul 1945-ci ildə anadan olmuşdu. 2024-cü ilin mart ayının 28-də haqq dünyasına qovuşdu.
Bəli. O, Azərbaycan teatr sənətinin ən gözəl aktyorlarından biri kimi teatr tariximizdə həmişə yaşayacaq. Dövlət Milli Gənc Tamaşaçılar Teatrının karifey aktyorlarından biri kimi həmişə xatırlanacaq.Rahib Əliyev hamının uğurlarına sevinən böyük aktyor idi. Bu, yalnız ürəyi geniş, paxıllıqdan, xəbislikdən uzaq olan əsl sənətkarlara məxsus olur. Məhz o da belə sənətkarlardan biri idi.
Belə bir deyim var: “Duyğular sənətdə, ağıl - elmdə, ruh - fəlsəfədə özünü daha dolğun ifadə edir”. Rahib Əliyev də duyğulu insan olduğuna görə özünü yaratdığı rollarda daha dolğun ifadə edə bilirdi və tamaşaçısını özünün əsiri edirdi. Bu cəhət də yalnız Allah vergisi olan ustad sənətkarlara məxsusdur.
“Ədəbiyyat və incəsənət”
(16.07.2025)
Torpaq və müharibə - SAVAŞ YAŞANTILARI
Əli Çağla, “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi
Bir ömür, boya-başa çatıb üstünü ayaqladığım torpağa baxıram. İndi onun nə qədər müqəddəs olduğunu daha yaxşı başa düşürəm. Önümdəki torpaq susmur. Çünki o susqun bir maddə deyil, min illərin yaddaşını sinəsində daşıyan canlı bir varlıqdır. Bəli, torpağın beyni də ürəyinin yanında, sinəsində yerləşibdir.
Torpaq, əsrlərlə insanların ayaq səslərini, qılınc cingiltisini, anaların dua pıçıltılarını eşitmiş, min bir savaşdan, fəlakətdən sağ çıxmışdır. Amma indi göydən düşən hər bir raket, onun sinəsinə sancılan alov kimi bağrını yarır. Hər bir partlayışda sanki o torpağın üzərində canından, qanından keçən qəhrəmanlar bağırır. Səttarxan, atını yəhərləyib “Ac qalsaq torpaq yeyərik, amma torpaq vermərik!” deyib bağırır. Qana qarışmış torpaq cəbhədə tək-tənha düşüb yaralı qalmış əsgər kimi ağlamasa da, qəzəblidir. Vurulan hər zərbə onun yaddaşında yeni yara, yeni qisas izinə çevrilir. Torpaq, hələ ölməyib, öz oğullarının qanı ilə daha diri, daha qəzəbli olubdur. Hər raketdən sonra səmanın rəngi dəyişilir, sanki torpağın ahı göyü yandırır, buludları silkələyir. Torpaq, indi təkcə ana deyil, qəhrəmanlaşan bir yaddaş, ayağa qalxan bir ruhdur. Onu ruhsuz və səssiz sananlar bilmir ki, torpaq bir gün dil açıb böyütdüyü qəhrəmanları haqda danışacaqdır. Torpaq, bir gün Səməd Behrənginin, Firudin İbrahiminin, Siqatülislam Təbrizlinin və minlərcə Azərbaycanlının haqsız ölümündən danışacaqdır.
Sevdiyim insandan ayrıldığımın beşinci ayını qeyd edirdim. O, məndən ayrılarkən, mənim dünyanın ən nəhs insanı olduğumu deyib getmişdi. Sanki bizim sevgili olmağımız bütün fəlakətlərə səbəb olurmuş!
Müharibədən bir gün öncə zəng elədim, bağışladı, görüşüb hər şeyi yenidən başlamağımızı dilə gətirdi. Görüş günümüzün səhəri, gözümün qıpıqlarını açdıqda televizorda göydən raketlərin Təbrizə yağdırıldığını gördüm.
Əlimdə çiçək, müharibəyə fikirləşərək Təbrizin Qarı Körpüsündə dayanıb ayağımın altından keçən maşınlara baxırdım. Şütüyən maşınların çoxunun şəhərdən qaçdığını hiss edirdim. Birdən-birə haradansa bir raket kükrəyib hava limanına düşdü. Türkiyənin məşhur müğənnisi Əhməd Qayanın sözləri dilimdə zümzümə olundu:
Şəhərlərə bombalar yağardı hər gecə,
Biz durmadan sevişirdik.
Bəzən, illər əvvəl yazılmış bir şeir, ya da uzaq vaxtda səslənən bir mahnı birdən-birə həyatın ortasında canlanır, ruhun ən dərinliyinə sızır. Zamanın səs-küyündə unudulmuş sözlər, unutduğumuz melodiyalar qəfil gələcəyin yükünü daşıyır, sanki öncədən bizə xəbər verir.
Əhməd Qayanın “Kum gibi” adlı mahnısı da elə bir ahənglə, o gün - müharibənin birinci günü təkrar-təkrar səsləndi və mən səslənən hər notun arxasında göydən yağacaq bombaların soyuq və ölümcül təhdidinin gizləndiyi heç ağlıma sığmırdı. Mahnının sözləri qulaqlarımda əks-səda verirdi, ürəyimi raketlər kimi silkələyirdi. Təkcə, sevgi hər şeyin önündə dayanırdı, bütün stressləri məhv edə bilirdi. Raketlər, göydən gurultu ilə düşürdü, torpağı, insanları qırırdı.
Raketlərin göydən düşdüyü zaman çoxsaylı insanlar nə şeirə, nə mahnıya fikirləşə bilərlər deyə düşünürəm. Amma məncə bu anlarda sevdiyimiz mahnıları zümzümə etməliyik, bəyəndiyimiz şeirləri xatırlamalıyıq, gülüşümüzün səbəbkarı olan insanların gözlərinə doyunca baxmalıyıq. Bəlkə anidən gözlərimizin önündə hər şey partladı, bəlkə anidə həyat bir qaranlıq çuxura düşdü, bəlkə anidən sevdiklərimizi itirdik?!
Müharibənin ikinci günü hər şey dəyişildi, insanlar daha mehribanlaşdılar. İsrail tərəfindən yağdırılan raketlərin cavabı verilsə də, insanların ürəyi sülh məqsədi ilə döyünürdü. Axı təkcə, iki tərəfin milləti pis günə qalacaqdı!
Çörək almaq üçün bayıra çıxdım. Qidanın məhdud olunduğu dildən-dilə dolaşırdı, hamı müharibənin şiddətlənəcəyini düşünürdü, stress getdikcə artırdı. Amma bəzi insanlar da göydə uçan raketlərə alışmışdılar, sanki raket deyil, quşların uçuşunu seyr edirdilər. Çörək almaq üçün izdihamlı növbədə dayandım. Bir qadın isə məndən qabaqda, növbədə dayanmışdı. Amma əslində məndən qabaqda üç növbə də var idi. Yəni qadın üç nəfərlik çörək alacaq deyə üç növbəni rezervasiya etmişdi; biri nəvəsi, biri özü, biri də kəlağayısı idi. Rəngarəng kəlağayını çörəkxananın dəmir qapısından sallamışdı ki, sabahdan çörək əldə edə bilməsə bu gün aldığı çörəklərə su vursun, yumşaldıb yesinlər. Amma o qadın, müharibənin yalnız insanın raketdən qaçmaqdan başqa heç nə olmadığını dərindən anlayırdı. Yaşlı qadın idi. Bəlkə də bundan öncə İran-İraq müharibəsini görmüşdü.
Raketlər göydə rəqs edərkən qaçmaq, gizlənmək, sağ qalmaqdan başqa heç bir fikir insanın ağlına sığmır. Qorxu o qədər güclüdür ki, ümidlər ölür, zaman dayanır, sadəcə özün və özünün sevdikləri gözünün önünə gəlir. Raketlər partladıqca, göyə qalxan tüstünün içində insanın ən çox sevdiyi adamların siluetləri görünür. Sanki o tüstü bir rəsm kimi onları çəkir. Sanki raketi şəhərə göndərən diktatorlar rəssamdırlar. Bunun heç bir əks cəhəti yoxdur, sadəcə iki tərəfin də xalqına ən böyük zülm olunur və sonunda bir dövlət qalib, bir dövlət məğlub olur. Partlayışda qalxan o tüstülər, bir anda gülümsəyən ana, gözlərində qorxunu daşıyan bacı, ürəyində nəhs adlandırdığı sevgini yaşayan sevgili, hələ adını belə bilmədiyi, dil açmamış körpə uşaqlar olur. Partlayışın tüstüsü yalnız yanıq qoxusu ilə deyil, insanların yoxluğunu xatırladan bir harayla havaya yayılır. Hər tüstü topası bir üz olur, bir nəfəs olur. İnsan, o an müharibədə təkcə torpaqların yandığını deyil, o torpaq üzərində cani-könüldən döyüşən babalarının səsinin də, nəriltisinin də, o torpaqda yaşadığı xatirələrin də külə döndüyünü anlayır.
Dünən şəhərdə harasa raket düşəndə, küçədəki insanlar o raketin düşdüyü yerə dalmışdılar. Bir sürücü, tıxacda qalmasın deyə küçəni siqnal səsi ilə ağzına almışdı, raketlərin partlayış səsindən çox, onun siqnalının cingiltili səsi adamı dəli eləyirdi. Sonra başını avtomobilin pəncərəsindən çıxardıb “Yolu açın, yolu açın ay camaat” deyib bağırdı. Göydə raketləri seyr edən biri isə qayıtdı ki, “Qardaş, görmürsən vururlar? Bir dəqiqə sancılanma, altı aylıq deyilsən ki?!” dedi. Avtomobildəki isə daha əsəbiləşib “Müharibədə noxud-kişmiş paylamazlar ki, raket vurarlar də, çəkilin mən işimə getməliyəm” deyib yenə siqnal səsini yüksəltdi. Bəli, çoxuna bu raketlərin iki hakimin bilərəkdən gördüyü siyasi manevr olduğu nəzərə gəlib gülsələr də, bu bir həqiqi müharibə idi və müharibədə isə noxud-kişmiş paylamırdılar.
Müharibədə ölməsəm, növbəti görüşümüzdə sevgilimə rəngarəng kəlağayı alıb hədiyyə edəcəyəm. Axı biz, evlənə bilmədik, növbədə dayanacaq uşağımız olmadı?! Barı çörək almaq üçün həmin kəlağayımızı da çörəkxananın dəmir qapısından sallayaq, kişilər o kəlağayının ehtiramına etiraz etməzlər, çoxlu çörək alarıq, sabah acından ölmərik!..
“Ədəbiyyat və incəsənət”
(15.07.2025)
Misilsiz lirik tenor, mükəmməl pianoçu RAUF ABDULLAYEV
Inci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Opera sənətinin təkrarsız kişi ifaçısı. Səs tembri ilə milyonları valeh edən müğənni. Azərbaycanın xalq artisti Rauf Atakişiyev barədə danışacağıq.
Rauf Atakişiyev 15 iyul 1925-ci ildə Göyçay rayonununda dünyaya göz açıb. Moskva Dövlət Konservatoriyasını Konstantin Nikolayeviç İqumnovun sinfi üzrə bitirib və vokal üzrə Antonina Vasilyevna Nejdanovadan dərs almışdır. Opera və Balet Teatrının solisti olub.
Azərbaycan Opera və Balet Teatrının səhnəsində Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasında Əsgərin partiyasını ifa edib. 1965-ci ildə çəkilən "Arşın mal alan" filmində də Əsgərin mahnıları Atakişiyevin ifasında səslənib.
Lenski ("Yevgeni Onegin", P. Çaykovski), Alfred ("Traviata", C. Verdi), Almaviva ("Sevilya bərbəri", C. Rossini), Faust ("Faust", Ş. Quno), Balaş ("Sevil", F. Əmirov) partiyalarını ifa edib.
Lirik-dramatik tenor səsi olub və həm də pianoçudur. Teatrda Əsgər ("Arşın mal alan"), Faust ("Faust"), Qraf Almaviva ("Sevilya bərbəri", Coakkino Rossini), Knyaz Sinoda ("Demon", Anton Rubinşteyn), Hofman ("Hofmanın nağılları", Jak Offenbax), Malxaz ("Daisi", Zaxari Paliaşvili), Alfred ("Traviata", Cüzeppe Verdi), Edmond ("Kornevil zəngləri", Rober Plaket), Anatoli ("İnsanın taleyi") partiyalarını oxuyub.
Rəşid Behbudovun ifasında daha çox məşhur olan "Явстретилдевушку" mahnısının ilk ifaçısıdır. Mahnı ilk dəfə 1957-ci ildə Tacikistan SSR-in "Stalinabad" kinostudiyasında çəkilmiş eyniadlı filmdə ifa olunub.
Filmoqrafiya
- Konsert
- Arşın mal alan
- İmtahan
O, 1994-cü ildə 3 fevralda vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(15.07.2025)
BİRİ İKİSNDƏ Nadir Yalçının şeirləri ilə
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində sizlər əardıcıl gənc şairlərin şeirləri təqdim edilir. Bu gün Nadir Yalçının şeirləri ilə tanış olacaqsınız.
Nadir Yalçın Bakıda anadan olub. 2018–2022-ci illərdə Bakı Dövlət Universitetində filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisası üzrə təhsil alıb. Universitet illərindən “525-ci qəzet”, “Ulduz” jurnalı, “Azərbaycan” jurnalı, “Ədəbiyyat qəzeti”ndə, o cümlədən “Kulis” və digər internet portallarında dərc olunub. “525-ci qəzet”in müxbiri, mədəniyyət şöbəsinin müdiri vəzifələrində çalışıb. Hazırda APA İnformasiya Agentliyində redaktordur.
LEYSANDA
Şəhər yatıb, gecə oyaq, navalçalar sayıqdı,
bu gecənin sözü yaş-yaş yazılır çökəkliyə.
Alınmayan misralarım gölməçədə qayıqdı,
şam ağacı necə məğrur! Hey boylanır səkiyə...
Səkilərin sakinləri mürgü döyür hardasa,
qaldırımlar təlatümlə hey boylanır – boğulur.
Küçə boyu işıq saçır etibarlı dirəklər –
müştərisi ərşə çıxan baqqalları yoluxur.
Təkəmseyrək gözün yumur hənirli pəncərələr,
pərdələrin meh arzusu… çaydanların buxarı…
Gözlərini yumub daha rəngli avtomobillər,
yağmurlar da geri dönür, Allahacan – yuxarı.
Gözləyəcək bu sabahı şam ağacı, dirəklər,
bir də kağız qayıqlar, pərdələr, pəncərələr.
Baqqallar gözləyəcək müştərisin təlaşla,
bir işıq dirəkləri, bir də yamyaş pişiklər.
Gözətçi daxmasının işığı sönməyəcək,
bu gecə də, sabah da, ondan sonrakı gün də.
Yenə yağış yağacaq, yenə günəş doğacaq,
bu gecə də, sabah da, ondan sonrakı gün də.
***
Bu gün səni sevmək
Gözəldir dünən səni sevməkdən.
Sabah səni sevmək qədər
Heç nə gözəl ola bilməz.
Ola bilməz bu eşq
bir günah ola,
ya bir huş,
ya röya,
ya da ah ola,
bütün zülmət gecələrim
sənintək sabah ola,
sabah səni sevmək qədər
heç nə gözəl ola bilməz.
***
Ukraynada sökdülər Puşkinin heykəlini,
qoymadılar həmvətənlərinin mərmisindən,
bir rus zabitinin gülləsindən,
ağ, göy, qırmızı rəngə bürünmüş
tankın lüləsindən sökülsün.
Qoymadılar özünü güllələsin Puşkin,
özü özünə silah sıxsın.
Üzünə qan sıçramadan sökdülər
Puşkinin heykəlini Ukraynada.
Həyətində sərçələr cikkildəşən,
dəhlizlərində
dümağ xalatlı şəfqət bacıları dolaşan,
məşhur və mərhum akademikin adını daşıyan doğum evində
bomba partlayışında ölən körpələri seyr etməyi
rəva bilmədilər Puşkinə.
Özünü öldürməyi
rəva bilmədilər...
Bu dəfə müharibə Dantesdən də qəddar...
Sökdülər Ukraynada Puşkinin heykəlini.
Puşkinin heykəli söküləndə Ukraynada
günəş saçlı, mavi donlu,
bayraq kimi məğrur bir qız
sevindi mərmisiz, gülləsiz sökülən heykələ.
Mərmisiz, gülləsiz gözləyirdi sevgilisini də.
Dikəldib qamətini pıçıldadı səssizcə:
"Qafqaz altımdadır, ən müdhiş olan zirvədə mən,
tutmuşam tək uçurum qarlı dağ üstündə qərar".
***
Rauf Ra üçün ağı
“Gənc şair dəm qazından öldü”
Ekran ağı deyirdi,
ağı deyirdi külək –
boş qalmış quş yuvaları quş ağısı,
bahara tamarzı budaqlar qış ağısı,
Əhməd Cəmil küçəsinin aşağısı
ağı deyirdi.
Bir şair öldü;
qəfil,
birdən,
lapdan…
Obaşdan verilən azanın səsini eşitmədim,
dan yeri söküləndə uğultu gəlirdi pəncərədən,
Əlibala telefonda ağı deyirdi.
Şair beləcə xəbər oldu
bir gecənin içində,
düz Bakının ortasında
qərib payız dəmindən
qaz dəminə düşdü,
havası çatmadı
bu boyda Yer üzündə
hər şeydən çoxdu hava
bu boyda Yer üzündə,
bir şairə hava çatmadı…
Şəhər sakit-sakit ağı dedi:
“ölüm hava şəklində,
ölüm payız çağında…
Qayıt, bağa bir də gəl,
oynayım qabağında,
indi sənin yaz dəmin,
yaz arzun, avaz dəmin,
niyə nataraz dəmin
yatmısan qucağında?!
Birinci gördün kimi,
Zərdüşt, Mövlud, Məliki?
Qalmısan onlar kimi
kədərin ocağında”.
Xəzəli tapdalayıb şair xəbərinə tələsəndə,
sarı-sarı yarpaqlar əsəndə
Qubanın sarı dərdi
Ra dərdi, günəş dərdi dilə gələndə
Yandakı maşının maqnitofonu ağı deyirdi:
“Sən belə deyildin əzəl, ay Quba…”
***
Bəzən bir mesajın
ya da gülüşün,
ya bir xoş baxışın,
ya nəvazişin,
bilmirəm, eləcə özünə möhtac,
eləcə “sevirəm” sözünə möhtac
yaşaya bilərəm lap sona kimi.
Yaşamaq mümkündü təkcə səninlə,
ya Yer kürəsi oldu, olmadı,
Asiyada Everest oldu, olmadı,
adamlar, maşınlar, ağaclar, quşlar –
fərqi yox, mənimçün, nə də olmasa,
təkcə məhlənizlə, pəncərənizlə –
yaşamaq mümkündü təkcə səninlə.
Bu xəzəl ömrümün yaşıl yarpağı
gizlənib hardasa sənin simanda,
sənin hənirində yaz havası var,
sənin ləpirində bahar gizlənib.
Üryan budaqların,
boş yuvaların,
tənha sərçələrin,
boz obaların
gümanı bahara, yaya, günəşə –
mənim bahar arzum sənsən həmişə.
***
Məmməd İsmayıla…
Bir adam yol gedir bizdən qabaqda,
bir adam qarşıda çıraq yandırıb.
Kimsə səfərindən, səfindən azıb
kimsə yazdığını tərsinə yazıb.
Kimsə qorxusundan məzarın qazıb...
Bu adam yolların özünü yorub –
bir adam yol gedir bizdən qabaqda.
Kərəm kərəmliyin itirə bilməz,
Fərhad qaya əzmin itirə bilməz,
daha bu yollar da, bu yolçular da
min daşa-kəsəyə, zavala gəlməz –
bir adam yol gedir bizdən qabaqda.
Ay adam,
ay bulud,
ay məhək daşı,
milyon addım gəzsən Yer kürəsini,
nə vaxtsa izini ot basa bilməz.
Qəddi qələm olan söz sarvanının
qırx quldur yığışsa, yolun kəsəmməz.
Yaz sənin üzünün nuruna gəlir,
yazın müjdəçisi sənin yolundur,
kədərin yoludur, qəmin yoludur.
Bahar arzularım çiçək açırsa,
sevginin yoludur bu getdiyin yol.
Baxım addımına gərək doyunca,
cığırın boyunca bahar axtarım.
Ay məndən qarşıda gedən ipək yol,
danış, hər kəlməndə nübar axtarım.
Qapını döyməyə gələn sözdü, söz,
bu ərk qapısını hər dəm özün aç.
Onəlli döyürəm qapını bu gün,
yüzəlli yapışan söz yaxasından,
minəlli yapışan köz yaxasından
şairin qapısın döyürəm bu gün,
biryolluq gələn var qapına hər gün.
Qarşıda yol gedən kimdi, görəsən?
Qarşıda yol gedən, ay torpaq adam,
ay dastan, ay qopuz, ay çıraq adam,
nə qədər bu yol var, qalacaq adam –
bir adam yol gedir bizdən qabaqda.
BİR BÜRKÜLÜ İYUL AXŞAMI
Qonşumuz Əhməd atası ölən gün
qızdırmadan yananda,
başının üstündə
nənəsi ağlayanda,
qonşumuz Əhməd yerindən dikəlib
məzlum-məzlum baxanda,
baxıb-baxıb
qara yaylıqlara axıb-axıb:
“Məktəbə gedəndə,
uşaqlar atamı soruşanda,
xar tut dəyəndə,
köynəyim bulaşanda,
Alagöz itəndə,
yonca bitəndə
bu qədər camaata nə deyəcəm?”
– Qonşumuz Əhməd hönkürəndə,
bayatıların səsi batanda
bir bürkülü iyul axşamıydı.
Bir bürkülü iyul axşamıydı,
iyul axşamıydı lap bürkülü.
Qonşumuz Əhmədin istidən öldüyü,
atasının eləcə öldüyü iyul axşamıydı.
Elə axşamıydı, elə…
Bağda meyvənin yaxşı vaxtı,
ən yaxşı vaxtı,
lap yaxşı vaxtı öldü qonşumuz Əhmədin atası.
Qonşumuz Əhməd sübh çağı –
atasının vida vaxtı
bağa tərəf boylanıb:
“Meyvənin bu vaxtı adam da ölər?”
– dedi ağzında şirəni tamsınıb,
əriyi tamsınıb,
gilası tamsınıb,
ağzının dadının son axşamıydı.
Qonşumuz Əhməd qızdırmadan yananda,
əriyin yanağı qızaranda,
sübh çağı qara rəngdə açılanda
bir bürkülü iyul axşamıydı.
Küknar meşəsindən düşmüşdü axşam,
düşməmişdi,
hardansa gətirib salmışdılar
qonşumuz Əhmədin atası ölən axşamı.
Hava dayanmışdı,
su dayanmışdı,
Allah da dayanmışdı.
Ayaq saxlamışdı küçədən keçənlər.
əllərini əlinə vurub elə hey deyirdilər:
“Yazıq Əhməd, yazıq Əhməd…”
Yetim qaldı qonşumuz Əhməd
Bir bürkülü iyul axşamı.
SƏRÇƏLƏRİN İYUNU
Günəş pərdəni ram edib
şığıdı yazı masasına.
Hardasa bir qoca
baxarkən əsasına
hovuza tullanan uşaqlar
əl elədi səmaya.
Yuxarı mərtəbədəki qonşu
eyvana çıxıb palaz çırpanda
radiodakı nəğməyə səs verdi.
Gurultuyla gələn leysan
tez səngidi.
Kim isə çağırır kimsəni,
kim isə salam verir
əvvəlkindən daha tez.
İndi səhər tələsir,
yubanır gecə.
Xəzri əsir…
İyundu.
Qaldırımlar rəngini dəyişir,
Tut boyayır səkini.
Küçələr məst,
insanlar sərməst,
günlər, saatlar xoş.
Payıza qalmayan toyların səsi
təzə ayın bağrından qopur.
Açıq havadakı çayxanalar
söhbətgaha çevrilir.
Fatmayi bağlarında sayrışır meynələr.
Gözləyir qonağını dənizkənarı restoranın
gənc,
yaraşıqlı,
universitetin qiyabisində oxuyan ofisiantı.
Fəvvarələrin ecazkar fantanı
çiləyir damcılarını öz kölgəsinə.
İyundu.
Sərçələr tut ruzisini dadıb cikkildəşir,
boğazlarını qovuşdurur şirə.
Sərçələr gölməçələrdə çimişir,
elə yaraşırlar şəhərə…
Sərçələr yad ölkələrdən qayıdan quşları
doğma nəvazişlə qarşılayır,
daimi sakin kimi…
Bu tut ağacları Allahın sərçələrə ehsanıdı.
İyun sərçələrin iyunudu,
hər yer sərçələrin…
SALAM SARVANA MƏKTUB
Ey qoca şeirimizin salam-məleyk qapısı,
Nə oldu birdən-birə əcəl buludlarına?!
Yağış yağandan sonra ətri gələn torpağın
Hər qarışı səsləyər təbib nəvazişini
Çağırmaq istəyəndə ölülərin ruhunu,
Köməyə çata bilər Füzulinin nəfəsi?
Qapını örtənlərin yox idimi insafı?
Törəyə bilmədilər min budaq cücərdənlər,
Cücərtdilər baharın ilkin pöhrələrini
Xatırlamaq ağırdı… hökmü qəti zamanın,
Sərəncamı qurutmaz güllərin şirəsini.
Seyr elə, zülmə axan yaşların saflığını
İnci dənəsi kimi düzümmü çal zülfünə?
Ey nəzm mülkümüzün biyaban sərgərdanı,
Hanı yüyən yiyəsi, boz köhlənin cilovu?
Məhəbbət umanların ahı ərşə ucaldı,
Bu dünya vaxtla deyil, sözlə birgə qocaldı,
Bu vəfadan iraqlar hansımızdan öc aldı?
Belə olur, görəsən, yaşamağın hesabı?
Bəlkə, ümid saxlayaq durnalar qayıdana?
Ki, alnımız açılıb qələmin hökmü sarı,
Əzəl-əcəl oynunun kimdi astanasında?
Bəs soruşan olmadı könlümüzün fərəhin –
Uçdu qanadlarında kəmfürsət arzuların.
Vida saatımıza inansaydıq əzəldən,
Nə mənası olardı açılan sabahların?
Nə oldu ki, inandıq ölümün gəlməyinə?
O həmin nəfəs idi – həyatın kandarından
Bu qoca kainatı pıçıltısı bürüyən
O həmin qələm idi – öz sivri ucu ilə
Kədəri kölgəsində sonsuzluğa sürüyən.
Bir şairin ağrısız yoxmu yaşamaq haqqı?
ADAŞIM DAŞ
Təkcə adımı həkk etdiyim daş qalıb –
Qalib daş...
Rəngini, duruşunu dəyişməyən
Anam mənə süd verəndə necə var, elə,
Qoca nənəm can verəndə necə var, elə,
Atamız qışqıranda tək yerini dəyişməyən –
Qəlib daş... Dözümlü daş...
Gedib çıxanda məni salamladı
Məndən sadiq, məndən vəfalı daş.
Hanı biz evimizdən çıxanda
Göydən yerə yağan daş?
Hanı ölənlərim, olanlarım?
Elə bircə daş sağ qaldı?
Dərd daşım
Sirr daşım
Qardaşım daş, atam daş,
Məni sinəsində yaşadanım,
Adımı yadında saxlayan daş.
Gördüyüm ən qonaqpərvər,
Ən canıyanan, ən qoçaq.
Vətənə məndən yaxın,
Vətəni məndən çox sevən
Soy daşım,
Ad daşım
Məndən vəfalı adaşım.
“Ədəbiyyat və incəsənət”
(15.07.2025)