“Ədəbiyyat və incəsənət” portalının xüsusən tələbələr arasında populyar olan Tələbə yaradıcılığı rubrikasında Gültəkin Məmmədova sizinlə ətkrar görüşür. Bu dəfə o hekayə yazıbdır, dini ayrı-seçkiliyə qurban gedən gənclərdir onun qəhrəmanı.
Sizə bir hekayə danışacam, amma bu hekayəyə "Biri varmış, biri yoxmuş" deməklə başlamayacam. Çünki, zatən hər zaman biri var olanda, biri yox olur. Hər iki ehtiyac duyulan şeyin bir arada olması, eyni göy üzündə günəş və ayın eyni anda doğub, eyni anda batması kimi bir şeydir – çox zaman mümkün olmur. Eynilə danışacağım bu hekayədə olduğu kimi – insanlığın var olub, vicdanın olmadığı bir zaman aralığında…
Bir gün bir qrup dost istirahətə getmək qərarına gəlir və yola düşürlər. Bir müddət getdikdən sonra, maşınlarının qarşısına təsadüfən bir heyvan çıxır. Onu vurmamaq üçün maşını kənara çəkirlər, lakin yolun kənarına çıxdıqları üçün maşının təkəri şüşə parçasından zədələnir. Hazırlıqsız çıxdıqları üçün ən yaxın kəndə kömək almağa gedirlər.
Bir az getdikdən sonra dostlardan birinin gözləri ara küçədə yolun kənarında axan bir bulaq görür. Su içmək üçün dayanır və ora yaxınlaşır, suyun sərinliyi ona ləzzət edir, əl-üzünü yuyur, başını geri çevirəndə orada nur üzlü bir qızı – Jenanı görür. Göz-gözə gəlirlər. “İlk görüşdə məhəbbət” bir klişe kimi səslənə bilər, ona görə deyəcəm ki, Jena Muradın ilk baxışda xoşuna gəlir. İstəmədən gülümsəyir. Və dostlarının səslənməsi ilə getmək məcburunda qalır. Arxaya baxa-baxa gedir. Kənd çox gözəl olduğu üçün və orada da istirahət yerləri olduğu üçün “təsadüf oldu, bu kəndi də kəşf etdik” deyərək dostlar orada qalmağa qərar verirlər. Bir həftə qalırlar.
Murad hər gün eyni bulağın yanına gedir, ordan keçir ki, yenə Jenanı görsün. Lakin onu yalnız bir dəfə görə bilir. Son gün, bir ümidlə yenidən bulağa gedir, amma Jena orada olmur. Ümidsiz və kefsiz halda qayıdarkən, birdən onunla qarşılaşır və Jenaya xoşlandığını etiraf edir. Jena isə sadəcə gülümsəyərək keçib gedir.
Murad pərişan halda geri dönür. Bir müddət keçdikdən sonra yenidən qayıdır. Və zamanla bu get-gəllər artır, artan yalnız get-gəllər deyildi, onlar arasındakı duyğular da artırdı. Zamanla bir-birini daha yaxşı tanıyırlar və sevdalanırlar. Uzun bir aradan sonra evlənmək qərarına gəlirlər. Və ailələrinə bu barədə deyirlər. Hər ailədə olduğu kimi, bu ailələrdə də “Övladlarımız evlənir” deyə sevinirlər, lakin sevinc bir anda yox olur, yerini kədərə, qəzəbə verir. Onların öyrəndikləri bir reallıq, ailələrin Murad və Jenaya qarşı olan evlilik fikirlərinə mənfi təsir göstərir və buna qarşı çıxırlar. Jenanı Murada vermirlər. Hətta Jenaya elçi belə getmir. Səbəb isə Jenanın xristian, Muradın isə müsəlman olması idi. Hə, hə, düz eşitdiniz: biri xristian, biri müsəlman. Sanki başqa dünyada, başqa varlıqmış kimi yanaşılan din seçkiliyi. İnsanın insan olduğu üçün deyil, cəmiyyətdə fərqli olan yönü üçün iki sevənin sevgisinə yox saydılar. İnsanların yaşayışına ən gözəl yön olan dinə hörmət qoyan insanlar, insanların insanlar qarşı olan duyğularına hörmət qoymurlar.
Jenanın ailəsi – atası və qardaşları – deyir ki: “Sən öz dinindən biri ilə evlənməlisən.” Muradın ailəsi isə belə deyir: “Dinini sənin üçün dəyişən qız, sabah səni də başqasına dəyişər.” Beləcə, yenə də mentalitet, boş və geri düşüncələr üstün gəlir. Onlar isə dinə, irqə deyil, bəzi insanlarda olmayan insanlıq duyğularına aşiq olmuşdular – daxilə, ruhun gözəlliyinə.
Və qaçmaq qərarına gəlirlər. Qaçırlar, evlənirlər və hər kəsdən uzaqda yaşayırlar. Hər ikisi də öz ailəsindən uzaqda... lakin ailələrindən və alışdıqları ortaq mühitdən ayrıldıqları üçün biraz çətinlik çəkirlər. Murad universiteti bitirdiyi üçün iş axtarışına başlayır, tapır da, çünki onun üçün ən önəmlisi Jenanı rahat etmək və sevgilərinə sahib çıxmaq idi. Bir müddət belə davam edir. Onlar artıq yeni evə, yeni və yeni mühitə adaptasiya olublar, hətta çevrədə yaxın qonşular da peyda olubdur. Ailələrindən fərqli olaraq yeni tanıdıqları bəzi insanlar onların bu cəsarətinə və fərqli yollarına baxmayaraq, bir-birlərinə qarşı sahib çıxdıqları sevgiyə hörmətlə yanaşırdılar. Arada keçən bir neçə il sonra onlar artıq tək deyildilər. İki nəfərlik başlatdıqları ailə dörd nəfər idi – onların iki oğul övladları olur, biri Məhəməd, biri İsa. İsa 3 yaşında, Məhəmədd isə 5 yaşında olur.
Bəli, artıq bu yerə qədər gəlmişiksə, yəni düşünürsünüz xoşbəxtliklə bitən bir sevgi oldu, təəsüf... Nə olursa bundan sonra olur. İnsan keçmişindən nə qədər qaçsa da, keçmiş onların arxasını buraxmır. Çünki keçmiş insan üçün silinməyəcək, qaralanmış bir vərəq kimidir. Onlar nə qədər qaçsalar da, Jenanın qardaşları onları tapır. Bir gün Murad evdə olmayanda, qapı döyülür. Jena, “Murad hələ işdədir, yəqin qonşudur,” deyə qapını açır. O anda qardaşları ilə üz-üzə gəlir. Düşünürsünüz, yəqin barışıblar?
Kaş elə olaydı... Amma bu köhnə düşüncəli, mentalitetə bağlı insanların nəinki bağışlaması, anlayıb dinləməsi belə çətin məsələdir.
Evin içərisinə girirlər və Jenanı iki övladının yanında təhqir edirlər. Deyirlər ki, “Müsəlmanla evlənib dinimizi ləkələmisən, qaçmaqla namusumuza kölgə salmısan. Üstəlik, hələ iki övlad da dünyaya gətirmisən...”
Jena evladlarını qucaqlayaraq ağlayaraq Allaha Muradın tez gəlməsi üçün dua edir.
Qardaşlar isə buna gülərək deyirlər: – “Sən hələ buna bax! Artıq öz tanrısını çağırır, bu da bəs deyil, bir də lazımsız birini köməyinə yetirməsini istəyir!”.
Sonra onu təhqir edərək saçından yapışırlar, uşaqlarını ondan ayırırlar və Jenanı evin içində yerdə sürüyürlər. Bu hərəkət onların içindəki qəzəbi daha da alovlandırır. Jenanı uşaqlarının gözü önündə döyürlər, sonda isə iannılmazı baş verir - onun başını kəsirlər.
Üç yaşlı oğlu İsa qorxudan ürəyi partlayaraq ölür. Beş yaşlı oğlu Məhəmədd isə dərin bir şok vəziyyətinə düşür, susur, donub qalır.
Daha bir din, irq, cinsiyyət ayrı-seçkiliyi can alır. Bir qadın canı, bir sevgi, bir xoşbəxtlik – bədbəxtliyə çevrilir.
Axı niyə? Etnik azlıq bu qədər fərqlidirmi? Məgər ağ dərili, qara dərili ilə evlənə bilməz? Böyük gözlü, qıyıq gözlü ilə evlənə bilməz? Xristian, müsəlman, yəhudi – insan insana aşiq ola bilməzmi? Din insanlar insanları öldürməyi, şiddət etməyi öyrədirmi? Heçmi hər dinə hörmət etməyi, insanı sevməyi, hər etnik azlıq və dəyişiklik olan insana sahib çıxmağı, ona qarşı törədilən ədalətsizliyə qarşı mübarizə öyrətmir? İslam dinində "Kitab əhlindən (yəhudi və xristianlardan) düz adamlar da var..."
(Ali-İmran surəsi, 113-114-cü ayələr)
Bu ayələrdə qeyd olunur ki, kitab əhlindən (yəni yəhudi və xristianlardan) doğru-dürüst, Allahdan qorxan, saleh insanlar da var. Bu da İslamın obyektiv və ədalətli yanaşmasını göstərir. Xristianlıqda isə “Sənin qonşunu özün kimi sev” deyilir.
(Mark 12:31)
Bu ayə təkcə fiziki qonşunu deyil, fərqli din və mədəniyyətdən olan insanları da əhatə edir. Sevgi və hörmət əsas dəyər kimi göstərilir.
Heç bir dəfə belə olsa, Qurani-Kərimin, İncilin uzununu açmayanlar özlərini ağıllı zənn edirlər və üstün görürürlər. Ağıllı insan zatən ilk növbədə bilməlidir. Tək bir yaradan var.
Və o da var ki, biz hamımız eyni quruluş üzərində, tək Yaradan tərəfindən yaradılmışıq. Bunu qəbul etmək – hər şeyi həll edir. Sadəcə insan olmaq deyil, vicdanlı insan olmaq lazımdır. Tanrı yaradanda adam yaradır, ancaq hər kəs insan ola bilmir.
“Ədəbiyyat və incəsənət”
(17.07.2025)