
Super User
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Murad Vəlixanov, "Ədəbiyyat və incəsənət"
Bu gün iyunun 1-dir və bu günü biz Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd etməyə alışmışıq.
Niyə məhz bu gün?
Gəlin tarixə nəzər salaq.
İyunun 1-ni Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd etmək 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
Bu bayramla yanaşı BMT-nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya Uşaqlar Günü də qeyd olunur. "Ümumdünya Uşaqlar Günü" 1954-cü ildə BMT -nin Baş Assambleyasının № 836 (IX) saylı qətnaməsində 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyə olunan bayram kimi qeyd olunub.
BMT tərəfindən 1959-cu ilin 20 noyabrında "Uşaq Hüquqları Bəyənnaməsi, 1989-cu ildə isə "Uşaq Hüquqları Konvensiyası qəbul edilmişdir.
BMT-nin Uşaq Fondu Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən Uşaq Hüquqları Konvensiyası (UHK) uşaqların insan hüquqlarını təsdiq edən ilk icbari hüquqa malik beynəlxalq konvensiyadır. 1989-cu ildən bu günədək BMT-yə və ya Cenevrə Konvensiyasına üzv olan ölkələrin sayını üstələyən 193 ölkə tərəfindən ratifikasiya edilmiş UHK demək olar ki, bütün dünyada qəbul edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalamışdır. Sərəncama görə 2009-cu il "Uşaq ili" elan olunmuşdur.
Uşaqların Müdafiəsi Günü 1857-ci ilin iyun ayının ikinci bazar günü Massaçusets ştatının Chelsea şəhərindəki Xilaskarın Universalist Kilsəsinin keşişi Möhtərəm Dr Çarlz Leonard tərəfindən başladı: Leonard uşaqlara və balacalara həsr olunmuş xüsusi xidmət keçirdi. Leonard bu günü Gül Günü adlandırdı, sonradan Çiçək Bazar günü, Uşaq Günü adlandırıldı.
Uşaqların Müdafiəsi Günü ilk dəfə 1920-ci ildə Türkiyə Cümhuriyyəti tərəfindən 23 aprel tarixi ilə rəsmi olaraq milli bayram elan edilib. Uşaqların Müdafiəsi Günü 1920-ci ildən bəri hökumətin və dövrün qəzetlərinin bunu uşaqlar üçün bir gün elan etməsi ilə milli səviyyədə qeyd olunur. Bununla belə, qərara alındı ki, bu bayramı aydınlaşdırmaq və əsaslandırmaq üçün rəsmi təsdiqə ehtiyac var və rəsmi bəyannamə 1929-cu ildə Türkiyə Cümhuriyyətinin qurucusu və Prezidenti Mustafa Kamal Atatürk tərəfindən milli səviyyədə verildi.
1924-cü ildə ilk dəfə olaraq Uşaqların hüquqlarını təmin edən bəyənnamə qəbul edilmişdir. Bu bəyənnamədə deyilirdi ki, "bəşəriyyət məcburdur ki, uşaqları ən yaxşı şeylərlə təmin etsin". Bu bəyənnaməni qəbul edilməsində ilk işlər Eqlantine Gebb tərəfindən edilmişdir.
Birinci dünya müharibəsinin dəhşətlərinin şahidi olan Eqlantine Gebb müharibənin dəhşətlərindən sarsılaraq uşaqların xüsusi müdafiəyə ehtiyac duyduğlarını anladı. Bacısı Doroti Bakston köməyi ilə 1919-cu ildə, uşaqlara yardım, kömək göstərib, onların müdafiəsini təmin etmək üçün Londonda "uşaqlara yardım fondu"nun əsasını qoydu.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilk dəfə 1925-ci ildə Cenevrədə Uşaqların Rifahı üzrə Ümumdünya Konfransı zamanı elan edilmişdir. 4 noyabr 1949-cu ildə Moskvada Qadınların Beynəlxalq Demokratik Federasiyası tərəfindən 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi təsis edilmişdir. 1950-ci ildən etibarən bir çox kommunist və post-kommunist ölkələrində 1 iyun Uşaqların Müdafiəsi Günü kimi qeyd olunur.
1954-cü il dekabrın 14-də Hindistan və Uruqvay tərəfindən BMT Baş Assambleyasında bütün ölkələri Ümumdünya Uşaqlar Gününün təsis edilməsinə təşviq etmək, uşaqlar arasında qarşılıqlı mübadilə və anlaşmanı təşviq etmək, uşaqların ideallarını təşviq etmək üçün fəaliyyətə başlamaq üçün birgə qətnamə qəbul edildi.
20 noyabr 1959-cu ildə Birləşmiş Millətlər Təşkilatı Uşaq Hüquqları Bəyannaməsini qəbul etdi. 20 noyabr 1959-cu il tarixdə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası'nda Uşaq Hüquqları Bəyannaməsini xatırlamaq üçün Ümumdünya Uşaqlar Günü qeyd olunur.
Əlbəttə, bu günlə bağlı mənbələr və məlumatlar boldur, biz də ən zəruri saydıqlarımızı sizlərə çatdırdıq. Sonda hamıya sələnirik: bu gün hələ də uşaqlar döyülür, öldürülür. Uşaqlara qarşı zorakılığa biz qətiyyətlə yox deyirik!
“Ədəbiyyat və incəsənət”
(01.06.2025)
"LevelUP” şəbəkəsi – Ağdam gəncləri üçün!
Neymət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qqarabağ təmsilçisi
Ağdamda Həydər Əliyev Mərkəzində “Peşəkar Karyera İdarəçiliyi” mövzusunda panel müzakirəsi baş tutub.
Moderator qismində Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsi Nurcan Hüseynova, panelistlər qismində isə Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Neymət Rüstəmli, Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ramal Məmmədov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağdam rayonu üzrə baş məsləhətçisi Kənan Qədirli iştirak edib.
150-yə yaxın gəncin iştirak etdiyi panel müzakirəsində “Akademik Təhsil və Praktik Bacarıqlar: Hansı daha vacibdir?”, “Peşəkar İmici Gücləndirmək”, “Karyera üçün Doğru Seçim: İstək, Bacarıq və Tələb” mövzuları ətrafında bir sıra önəmli fikirlər səsləndirilib. Çıxışların sonunda gənclərin sualları spikerlər tərəfindən cavablandırılıb.
"LevelUP" şəbəkəsi Ağdam Dövlət Sosial-İqtisadi Kollecində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağdam regional nümayəndəliyinin təşkilatçılığı ilə keçirilib.
“Ədəbiyyat və incəsənət”
(31.05.2025)
O daha çox “Kuzey Güney” filmi ilə tanındı
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Serkan Çayoğlu adı sizə nə deyir?
Hətta bəzilərinə heç nə deməsə belə, şəklinə baxan kimi əksəriyyət onu tanıyacaq. Söhbət tanınmış türk modeli və aktyorundan gedir.
Bu gün Serkan Çayoğlunun doğum günüdür. O, 31 may 1987-ci ildə Almaniyada dünyaya göz açmışdır. Təhsilini Almaniya universitetlərindən birinin İqtisadiyyat bölməsində tamamlamışdır.
Əvvəllər modellik etməyi düşünsə də, bir müddət sonra aktyorluğa yönəlmiş və Ümid Çıraq, Dolunay Soysərt kimi adlardan peşəkar aktyorluq təhsili almışdır.
İlk olaraq 2012-ci ildə "Kuzey-Güney" teserialının mövsüm finalında Mərvə Boluğurun İtaliyadan gələn yoldaşını canlandırmış, sonra "Zeytun təpəsi" teleserialında oynamışdır.
Handə Yenərin "Ya Ya Ya" klipinə də çəkilmişdir.
2014-cü ildə başlayan "Gilas mövsümü" teleserialında Ayaz Dinçər rolunu canlandırmışdır. Teleserial 2015-ci ildə başa çatmışdır. Aktyor daha sonra "Həyatımın eşqi" teleserialında Dəmir Cərrahoğlu rolunu oynamışdır.
Filmoqrafiyası
- Kuzey Güney
- Şefkat Tepe
- Zeytun Təpəsi
- Kiraz Mevsimi
- Hayatımın aşkı
- Börü
Mükafatları
- Yaxın Doğu Üniversiteti 5-ci Video Musiqi
- 6-cı KTÜ Media
- 42-cı Pantene Altın Kələbək (2015)
- 1-ci YBU Media
- 42-cı Pantene Altın Kələbək (2016)
Allah xeyirli ömür nəsib etsin!
“Ədəbiyyat və incəsənət”
(31.05.2025)
Qara Qarayevin ən uğurlu tələbələrindən biri
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Oqtay Zülfüqarov 1929-cu il mayın 31-də Bakı şəhərinin Pirşağı qəsəbəsində hakim ailəsində anadan olub. Musiqi Məktəbinin violoncel sinfini, A. Zeynallı adına Musiqi Məktəbi və Dövlət Konservatoriyasının violonçel sinfini bitirib, professor Qara Qarayevin tələbəsi olub.
O, uşaqlar üçün yazılan "Qız-ulduz", "Pişik və Sərçə" və "Meşə nağılı" operalarını da yazıb. "Şəngülüm, Şüngülüm və Məngülüm" adlı musiqili komediya, violoncel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, dörd simfoniya, instrumental pyeslər, teatr və kino üçün musiqi yazan bəstəkarın böyük simfonik orkestr üçün yaratdığı "Şənlən, mənim xalqım" uvertürası kimi bir çox məşhur musiqi əsərlərinin müəllifidir.
2010–2012 illərdə O. Zülfüqarov "Məlik Məmməd" nağılı əsasında uşaqlar üçün "Sehrli alma" iki hissəli balet, eyni zamanda musiqi dərslikləri yazıb. Uzun illər "Tumurcuq" və "Aysel" Uşaq Mahnı Teatrı Oqtay Zülfüqarovun rəhbərliyi altında Azərbaycan Dövlət Televiziyasında verilişlər hazırlayıb. Musiqi ilə yanaşı bəstəkar həm də şeirlər yazıb və onlar "Oxuyur Aysel" adlı topluda işıq üzü görüb.
1957-ci ildə üçüncü kursda oxuyarkən Azərbaycan bəstəkarlarının qurultayında gənc bəstəkarın fortepiano triosu uğur qazanıb. 1958-ci ildə Qara Qarayevin sinfini uğurla başa vuran Oqtay Zülfüqarov müəlliminin məsləhəti ilə uşaqlar üçün silsilə mahnılar yaratmağa başlayıb. Eyni zamanda o, Qız-ulduz, Pişik və Sərçə və Meşə nağılı operalarını da yazıb. Şəngülüm, Şüngülüm və Məngülüm adlı musiqili komediya, violoncel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, dörd simfoniya, instrumental pyeslər, teatr və kino üçün musiqi yazan bəstəkarın böyük simfonik orkestr üçün yaratdığı Şənlən mənim xalqım uvertürası 1962-ci ildə Moskvada laureat adına layiq görülüb.
Əsərləri
Baletlər
"Əlibaba və 40 quldur" /libretto müəllifindir
"Sehrli alma" /libretto müəllifindir
Kukla teatrı tamaşalarına musiqi
"Cırtdan" "İ voüt i bleüt" /libretto — H. Hüseynov
"Dovşanın məhkəməsi" /libretto — M. Quliyev
"Göyçək Fatma" /libretto — M. Dilbazi
"Repka" /rus xalq nağılı əsasında
Uşaq mahnıları
"Ala bula boz keçi" — Sözləri: Abdulla Şaiq
"Ay pipiyi qan xoruz" — Sözləri: Abdulla Şaiq
"Balaca ovçu" — Sözləri: Hikmət Ziya
"Can nənə" — Sözləri: Teymur Elçin
"Cırcırama" — Sözləri: Yusif Həsənbəy
"Kiçik aşpaz" — Sözləri: Yusif Həsənbəy
Uşaq mahnı məcmuələri
"Aşıq mahnısı"
"Uşaqlar özləri haqqında"
"Novruz bayramı"
"Ad günün mübarək",
"Gedək gəzək"
"Təbiətin qoynunda"
Instrumental
- Solist, xor və xalq çalğı alətləri orkestri üçün "Azərbaycan gəncləri" Odası
- 4 əl üçün piano variasiyaları
- Piano üçün konsert Pyesi
- Piano üçün "Beşik mahnısı" pyesi
Romanslar
"Cananə yetmişəm" romansı (fortepiano ilə oxumaq üçün)- sözləri: Məhəmməd Füzuli
"Yad eylərəm" romansı (fortepiano ilə oxumaq üçün)- sözləri: Məhəmməd Füzuli
Filmoqrafiya
80 kilometr yerin altı ilə qısametrajlı sənədli film) (ANS TV)
Aslan və iki öküz
Ayı və siçan
Cırtdan
Cırtdanın yeni sərgüzəşti
Leyla və onun dostları
Qayınana
Səkkiz dəqiqəlik düşüncə və ya xarı bülbül
Ustalar-qızıl əllər
Üfüqü ötənlər
Təltif və mükafatları
"Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
"Azərbaycan Respublikasının xalq artisti" fəxri adı
"Şöhrət" ordeni
Oqtay Zülfüqarov 31 avqust 2016-cı ildə 87 yaşında vəfat etmişdir. Bəstəkar II Fəxri Xiyabanda dəfn edilmişdir. Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(31.05.2025)
Tək elə “Bir ovuc torpağ”ı oxumaq kifayət edər
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Həqiqətən də gözəl əsərlər müəllifləri var ki, ədəbiyyat tariximizdə elə də reklam olunmayıblar və yaddaşlarda qalmayıblar. Halbuki, qalmağa layiqdirlər.
Şair, nasir Arif Abdullazadə 1940-cı il aprelin 5-də Şəki şəhərində anadan olmuşdur. Orada 11 saylı şəhər orta məktəbini bitirəndən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır. Azərbaycan SSR Elmlər Akademiyasının əsaslı kitabxanasında və Nizami adına Ədəbiyyat muzeyində redaktor mütəxəssis, kiçik elmi işçi, Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, Müasir Azərbaycan ədəbiyyatı şöbəsində müdir vəzifəsində çalışmışdır.
Türkiyədə tərcüməçi kimi fəaliyyət göstərmişdir.
Ədəbiyyatşünas və tərcüməçi Arif Abdullazadə 1966-cı ildə "Öztəmirin həyat və yaradıcılığı" mövzusunda namizədlik, 1977-ci ildə "Azərbaycan poeziyasında yaradıcılıq üslubları" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. İlk bədii əsəri 1957-ci ildə dərc olunmuşdur. 5 romanın, 5 monoqrafiyanın və s. əsərlərin müəllifidir.
A.Abdullazadə Cəlil Məmmədquluzadənin Novruzəli, Usta Zeynal, Qurbanəli bəy, İskəndər, Hacı Həsənağa, Şeyx Nəsrullah və s. ədəbi qəhrəmanları haqqında silsiləvi şeirlər yazmışdır. Bu şeirlərdə həmin personajların poetik üslubda təhlili verilir, xarakter cizgiləri əks etdirilir.
Əsərləri 1. Arzular 2. Könüllərin dünyası 3. Hər yerdə, hər zaman 4. Ana dünyamız 5. Novatorluq və üslub 6. Sevin Azərbaycanı 7. Bir ovuc torpaq 8. Səninlə sənsiz 9. Şairlər və yollar 10. Duyum (roman)
2002-ci il mayın 31-də Bakıda vəfat etmişdir. Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(31.05.2025)
Onu sevəkmi, sevməyəkmi?
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Haqqında söhbət açacağım şəxs tarixin ən ziddiyyətli şəxsiyyətlərindən biridir. O, həm rus çarına xidmət edib, Azərbaycanın ikiyə bölünməsi proseslərində əks tərəfin nümayəndəsi olub, həm də ədəbiyyat tariximizdə zəngin ədəbi irs qoyubdur.
Abbasqulu ağa Bakıxanov 1794-cü il 21 iyun tarixində Bakının Xilə (indiki Əmircan) kəndində anadan olmuşdur. XIX əsr Azərbaycan maarifçilərindən biri olan Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsəri ilə Azərbaycan tarixşünaslıq elminin əsasını qoymuşdur. "Qüdsi" təxəllüsü ilə Azərbaycan, ərəb və fars dillərində şeirlərin müəllifidir. Qubada "Gülüstan" adlı elmi-ədəbi məclisin təşkilatçılarından biri olmuşdur.
Abbasqulu ağa Bakıxanov çoxcəhətli bədii və elmi yaradıcılığa malikdir. Bədii əsərləri arasında "Riyazül-Qüds", "Mişkatül-ənvar"adlı poeması, "Qüdsi" təxəllüsü ilə yazdığı qəsidə, qitə, qəzəl, rübai, məsnəviləri, avtobiorafik şeirləri, mənzum hekayələri, təmsilləri öz əksini tapmışdır.
Poemaları
A. Bakıxanovun Varşavada olarkən yazdığı "Merace-xəyal" ("Xəyalın uçuşu"),"Məclisi-firəng" ("Firəng məclisi") poemaları xüsusi əhəmiyyət kəsb edir. Fars dilində yazılmış bu poemalar avtobioqrafik səciyyə daşıyır.
"Firəng məclisi" poemasında həyat təcrübəsi çox məhdud olan bir gənc zadəganın günlərini əyan məclislərində, eyş-işrətlə keçirən, sərbəst, mənasız həyat sürən ərli gözəl bir xanıma aşiq olması, onun uğursuz məhəbbət macəraları, keçirdiyi hiss və həyəcanları, mənəvi iztirabları romantik üslubda əks olunub. Poemalarından aydın görünür ki, o, Avropa zadəgan təbəqələrində hökm sürən sevgi, ailə münasibətlərini, əxlaq normalarını bəyənməmişdir, lakin o, Avropa zadəgan təbəqələrinin məişətini və adət-ənənələrini təsvir edərkən tünd satirik boyalara müraciət etməmişdir.
"Xəyalın uçuşu" poemasında isə şair Rusiyanı səyahət edərək Lehistana (Polşaya) getməsindən və bir neçə ay Varşavada yaşayaraq şəhərin ağıllı, savadlı, mötəbər dövlət nümayəndələri və alimləri ilə tanış olmasından, yüksək zadəgan məclislərində iştirak etməsindən bəhs edir. Polşanın baş hakimi vəzifəsində çalışan Paskeviçi yüksək ləyaqətə malik olan dövlət xadimi kimi tərifləyir, polyak zadəgan xanımlarının gözəlliyinə məftun olduğunu bildirir.
Təmsilləri
Abbasqulu ağa Bakıxanov "Tülkü və qoyun", "Qurd və ilbiz", "Yersiz iftixar" kimi təmsillərin müəllifidir. Onun qələm yaradıcılığından çıxan hər bir əsər zövq oxşayır. A. Krılovun "Eşşək və bülbül" təmsilini tərcümə etmişdir. Onun "Tatar nəğməsi" adlı şeiri polyak şairi Lado Zablotski tərəfindən polyak dilinə çevrilmişdir.
Elmi əsərləri
"Qanuni-Qüdsi", "Əsrarül-məlaküt", "Təhzibül-əxlaq", "Eynül-mizan", "Gülüstani-İrəm" kimi əsərləri ilə böyük şöhrət qazanmışdır. Abbasqulu ağa Bakıxanovun dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və sair elmlərə aid əsərləri onun ensiklopedik biliyə malik bir alim olduğunu göstərməkdədir.
"Qanuni-Qüdsi" əsəri
Onun birinci elmi əsəri fars dilinin qrammatikasına aid yazdığı "Qanuni-Qüdsi" əsəridir. Əsər [1828]-ci ildə yazılmışdır. Fars dilinin qanunlarını öyrədən bu əsər müəllifin kiçik, lakin dərin məzmunlu girişindən, "Hərflər" (fonetika), "Kəlmələr" (morfologiya) və "Cümlə" (sintaksis) adları altında ayrı-ayrı üç fəsildən ibarətdir. Girişdə müəllif dilin yığcam elmi tərifini verdikdən sonra, bu əsəri nə münasibətlə, nə kimi şəraitdə və hansı prinsiplər əsasında yazdığı haqqında qısa və aydın elmi izahat verir.
"Kəşfül-Qəraib" əsəri
Coğrafiya elminə aid onun iki əsəri var. Bunlardan biri "Kəşfül-qəraib", digəri "Ümumi coğrafiya"dır. Hər iki əsər fars dilində yazılmışdır. İki fəsildən ibarət olan "Kəşfül qəraib" Amerikanın Xristofor Kolumb (1451–1506) tərəfindən kəşf olunmsından və Yer kürəsinin qərb hissəsini təşkil edən bu qitənin vəziyyətindən bəhs edir. Amerikanın kəşfinə dair olan bu əsəri Abbasqulu ağa Bakıxanov "Məriz" təxəllüslü şair-alim Mirzə Məhərrəm ilə birlikdə fars dilində yazmışdır.
Nəşrləri
1.Hind əfsanəsi (tərc. ed. Məmmədağa Sultanov; red. Y. Məmmədov) 2. Nəsihətlər (tərcümə ed. M. Sultanov; red. A. Ramazanov) 3. Qurd və İlbiz (tərt. və tərc. ed. M. Sultanov) 4. Təhzibi-əxlaq və nəsihətlər. 5. Gülüstani-İrəm. 6. Gülüstani-İrəm (tərc. M. Əsgərli)
Mükafatları
- III dərəcəli Müqəddəs Anna ordeni - IV dərəcəli Müqəddəs Vladimir ordeni - İmperator taclı II Müqəddəs Anna ordeni - III dərəcəli Müqəddəs Stanislav ordeni - Almaz və briliantla bəzədilmiş I dərəcəli "Günəş və Şir" ordeni
1847-ci ildə Abbasqulu ağa Bakıxanov Məkkədən Mədinəyə gedərkən Vadiyi-Fatma adlanan yerdə vəba xəstəliyinə tutulub vəfat etmiş və həmin yerdə dəfn olunmuşdur. Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(31.05.2025)
"Yaparım, bilirsin" deyən KƏNAN DOĞULU
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Türkiyənin popstarlarından ölkəmizdə ən çox sevilənlərdən biridir Kənan Doğulu. Bu gün ulduz müğınninin doğum günüdür.
Kənan Doğulu 31 may 1974-cü ildə İstanbulda dünyaya göz açmışdır. 5 yaşından bu sənətə bağlanan musiqiçinin istəyinin belə erkən yaranması ona atası Yurdaər Doğuludan keçib. Hazırda məşhur musiqiçilər sırasında adı hallanan Kənanın atası oğlunu da bu istiqamətdə savadlandıra bilib.
Hazırda oxumaqla yanaşı, piano, gitara və fleyta kimi alətlərdə çalmağı bacaran Kənan Doğulu həm də xaricdə təhsil alıb. Orta musiqi məktəbini bitirdikdən sonra öz istəyi ilə Amerikada peşəkar musiqi dərsləri alıb. Daha sonra o, təhsilini İstanbul Dövlət Universitetinin musiqi bölməsində davam etdirib.
Əksər çıxışlarında özünü müşayiət edən müğənninin adı bu illər ərzində ən çox albom çıxaran sənətçilər sırasında hallanır. Onun ilk albomu 1993-cü ildə "Yaparım, bilirsin" adı ilə işıq üzü görüb. Yüksək tirajlı toplunun işıq sürəti ilə satıldığını görən müğənni növbəti ildə "Sımsıkı" albomu və bunun ardınca 8 müxtəlif adda toplusunu satışa çıxarıb.
Üç ildir şəxsi səsyazma studiyasını açan türkiyəli sənətçi bunu "Dogulu production" adlandırıb.
Kənanın ailə üzvlərindən olan qardaşı Ozan Doğulu şirkətdə çalışmaqla yanaşı, bir çox müğənnilərin orkestrinə rəhbərlik edir.
Kənan Finlandiyanın paytaxtı Helsinki-də keçirilən 2007 Avroviziya Mahnı Müsabiqəsində Türkiyəni təmsil edib.
Allah xeyirli ömür nəsib etsin!
“Ədəbiyyat və incəsənət”
(31.05.2025)
O, "Şəfqət bacısı" mahnısını oxuyur, qəhrəman Azərbaycan qadınını təcəssüm etdirirdi
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan xanəndəsi, Azərbaycan SSR xalq artisti Sara Qədimova 31 may 1922-ci ildə Bakı şəhərində doğulub. Əslən Ağdamın Abdal-Gülablı kəndindəndir. Əmək fəaliyyətinə 1941-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayan Sara Qədimova istedadı sayəsində qısa müddət ərzində müğənni kimi tanınıb, dinləyicilərin böyük məhəbbətini qazanıb.
İkinci Dünya müharibəsi illərində dahi Üzeyir Hacıbəyovun və Səməd Vurğunun yaratdığı və müğənninin cəbhədə azərbaycanlı əsgərlər qarşısında oxuduğu "Şəfqət bacısı" mahnısı qəhrəman Azərbaycan qadınının təcəssümünə çevrilib.
Sara Qədimovanın sənətkar kimi yetişməsində Hüseynqulu Sarabski, Xan Şuşinski, Seyid Şuşinski kimi qüdrətli ustadların böyük təsiri olub.
O, öz sələflərinin layiqli davamçısı olaraq ömrünün sonuna kimi klassik ifaçılıq ənənələrinə sadiq qalıb. Azərbaycan Dövlət Opera və Balet Teatrında aparıcı partiyalarda çıxış edən Sara Qədimovanın adı opera səhnəsində yaratdığı Leyli və Əsli obrazları ilə yadda qalıb. Onun oxuduğu "Bayatı-Şiraz", "Şur", "Şahnaz", "Qatar", "Mahur-hindi", "Xaric segah" muğamları, müxtəlif Azərbaycan xalq mahnıları ifaçılıq sənəti tariximizə qızıl hərflərlə yazılıb.
Müğənninin ifasında "Qarabağ şikəstəsi" isə Azərbaycan musiqisi tarixində özünəməxsus yer tutur.
Filmoqrafiya
Qayğı
Sara Qədimova
Video
1. Sara Qədimova — xalq mahnısı "Girdim yarın bağçasına"
2. Sara Qədimova — xalq mahnısı "Haralısan?"
3. Sara Qədimova — xalq mahnısı "Ay dilbər"
4. Sara Qədimova, Xan Şuşinski, Şövkət Ələkbərova — Qarabağ şikəstəsi
5. Sara Qədimova — xalq mahnısı "Ay qız, ay qız, amandır"
6. Sara Qədimova — Ay işığında — musiqi: Qəmbər Hüseynli, sözlər: Zeynal Xəlil
Mükafatları
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
- "Azərbaycan SSR xalq artisti" fəxri adı
- "Şöhrət" ordeni
- "Şərəf nişanı" ordeni
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü.
Sara Qədimova 2 may 2005ci ildə Bakıda vəfat etmişdir.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(31.05.2025)
Bu gün görkəmli xanəndə Zülfü Adıgözəlovun anım günüdür
Manşet
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bügünkü 31 may tarixində təqvimdə adları həkk edilmiş ünlülərdən ilk olaraq Azərbaycan SSR əməkdar artisti Zülfü Adıgözəlovla başlamaq istəyirəm, bu gün onun anım günüdür.
Zülfü Adıgözəlov 1898-ci ildə Şuşanın Qaradolaq kəndində anadan olmuşdur. Şuşada muğam axşamlarından birində Zülfü Adıgözəlovun ifasını dinləyən Cabbar Qaryağdıoğlu onu Bakıya dəvət edir. 1927-ci ildə Bakıya köçərək "Müdafiə evi"ndə işləmək üçün Ü. Hacıbəyov, Q, Pirimov, M. Maqomayev və b. qarşısında imtahan vermiş, eyni zamanda radio verilişləri komitəsinə işə qəbul olunmuşdu. O, pəsxan xanəndə idi. O, muğam dəstgahını tam şəkildə, bəm və orta tessiturada özünəməxsus oxuma məktəbini yaratmışdır. Tanınmış xanəndələrdən Əbülfət Əliyev, Sahib Şükürov, Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, İldırım Həsənov, Ağaxan Abdullayev, Tələt Qasımov və s. onun məktəbinin davamçılarıdırlar.
Xanəndənin ifa etdiyi və lentə, qrammafon vallarına yazdırdığı "Rast", "Mahur-hindi", "Segah-Zabul", "Bayatı-Şiraz", "Humayun" muğam dəstgahları, bir sıra təsniflər, "Nəbi", "Mən gedirəm Zəngilana", "Dedim bir busə ver", "Kəklik" və b. bu kimi xalq mahnıları Azərbaycan musiqi xəzinəsinin inciləridirlər. Məhz qədim klassik muğamlarımızı, təsnif və xalq mahnılarını oxuyarkən onların ənənəvi forma və quruluşunu saxlamaqla xanəndə özünəməxsus nəfəsləri, dəst-xətti ilə ifaçılıq sənətinə yeniliklər gətirmişdir. Muğam dəstgahların ayrı-ayrı uyğun şöbələrini birləşdirərək mikrosilsilə kimi müstəqil şəkildə təfsir etmişdir.
Bu baxımdan "əraq-Pəncgah", "Hasar-müxalif", "Vilayəti-Dilkeş" muğamları gözəl örnəklərdir.
Filmoqrafiya
Bakılılar
Səbuhi
Zülfü Adıgözəlov 1963-cü ildə Bakıda vəfat etmişdir.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(31.05.2025)
Türk Mədəniyyəti və İrsi Fondunun prezidentinin növbəti görüşü UNESCO nümayəndəsi ilə olub
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova UNESCO-nun Almatıdakı Regional ofisinin direktoru və Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan üzrə UNESCO nümayəndəsi cənab Amir Piriç ilə görüş keçirib.
“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, görüşdə həmçinin UNESCO-nun Mədəniyyət Proqramı üzrə mütəxəssis cənab Filip Delanj və mədəniyyət üzrə mütəxəssis xanım Aygül Xələfova da iştirak etmişdir.
Görüş zamanı Fond ilə UNESCO arasında münasibətlərin möhkəmləndirilməsi, eləcə də türk dünyasının zəngin mədəni irsinin qorunması, inkişafı və təşviqinə yönəlmiş birgə layihələr müzakirə olunmuşdur.
“Ədəbiyyat və incəsənət”
(30.05.2025)