İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
22 iyul – Milli Mətbuat Günü münasibətilə Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Cəfər Cabbarlı adına Mədəniyyət Evi və 1 saylı Sumqayıt Regional "ASAN xidmət" mərkəzinin birgə təşkilatçılığı ilə Əli Kərim adına Poeziya Evində “Həqiqətin səsi” adlı ədəbi-bədii gecə həm mətbuat tariximizə işıq saldı, həm də sözün, qələmin gücünü bir daha vətənpərvərlik ruhunda səsləndirdi.
Tədbir Azərbaycan Milli Mətbuatının 150 ildən artıq şərəfli yoluna həsr olunmuş qısa videoçarxla başladı.
Çıxış edənlər – Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt təşkilatının sədr müavini İlhamə Məhəmmədqızı, “Sumqayıt” qəzetinin baş redaktoru Sübhan Quliyev, Əməkdar Mədəniyyət işçisi, professor Rafiq Yusifoğlu, Poeziya Evinin rəhbəri, şair İbrahim İlyaslı ölkəmizdə azad mətbuatın formalaşmasından, jurnalistikanın milli kimliyin qorunmasındakı rolundan, sözün gücündən bəhs etdilər. Çıxışlarda mətbuatın təkcə informasiya vasitəsi deyil, həm də milli düşüncənin, ictimai şüurun güzgüsü olduğu qeyd olundu.
Tədbirin bədii hissəsində sözügedən Mədəniyyət Evinin solisti Pənah Məmmədli və “Turan” milli rəqs qrupu öz ifa və çıxışları ilə gecəyə rəng qataraq alqışlarla qarşılandılar.
Gecənin sonunda Mədəniyyət Evinin direktoru Səadət Nəcəfova çıxış edərək tədbirin təşkilatçılarına, iştirakçılara və qonaqlara təşəkkürünü bildirdi.
“Ədəbiyyat və incəsənət”
(18.07.2025)