İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bəli, onu hamı sağlığında yaxşı yazar və yaxşı insan kimi tanıyırdı. Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi kimi çox fəal idi, yazar kimi güclü qələmi var idi, həm də xeyirxah idi, hamıya əl uzatmağa çalışırdı.
Söhbət Arif Əmrahoğlundan gedir.
Azərbaycan Yazıçılar Birliyinin üzvü Arif Əmrahoğlu 1954-cü il oktyabrın 28-də Gürcüstanın Marneuli rayonunun Ağqula kəndində anadan olub. Orta məktəbi Ermənistanın Noyemberyan rayonu Ləmbəli kəndində bitirib. Əmək fəaliyyətinə Sumqayıt şəhərində tikinti idarəsində maşinist köməkçisi kimi başlayıb. ADU-nun filologiya fakültəsində təhsil alıb. Zaqafqaziya komsomol məktəbini bitirib.
Azərbaycan EA Ədəbiyyat İnstitutunun XIX əsr Azərbaycan ədəbiyyatı şöbəsində baş laborant, kiçik elmi işçi, institutun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin elmi işçisi, Azərbaycan EA-nın Ədəbiyyat muzeyinin elmi işlər üzrə direktor müavini, Prezident Aparatında milli siyasət şöbəsində işləyib. Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi olmasını dedik, Bakı Dövlət Universitetinin müəllimi olub həmçinin.
Ədəbi fəaliyyətə erkən başlayıb. İlk mətbu hekayəsi "Axali Marneuli" qəzetinin 8 mart 1974-cü il tarixli sayında dərc edilib. Klassik və müasir Azərbaycan nəsrinin bədii axtarışları, sənətkarlıq məsələləri ilə ardıcıl məşğul olub. "Klassik Azərbaycan nəsrində təhkiyə məsələləri (XIX əsrin ikinci yarısı)" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Onun ədəbi-tənqidi, elmi məqalələrində bədii ədəbiyyatın poetik özünəməxsusluğunun, təhkiyə probleminin tədqiqi başlıca yer tutur.
"Klassik Azərbaycan nəsrinin poetikası" mövzusunda tədqiqat üzərində işləyib, fəal ictimaiyyətçi olub. M.F.Axundovun "Seçilmiş əsərləri"ni tərtib edib Moskvada rus dilində, A.P.Çexovun üçcildlik "Seçilmiş əsərləri"ni, dünya xalqlarının mif və əfsanələrini Azərbaycan dilində çap etdirib.
Bədii tərcümə ilə ardıcıl məşğul olub.
Əsərləri
- Nəsrin poetikası (XIX əsrin II yarısı)
- Sözə inam sabahımızdır
- Epik sözün bədii gücü
O, 19 iyul 2014-cü ildə Bakı şəhərində vəfat edib.
Allah rəhmət eləsin!
Qələm yoldaşı Muxtar Kazımoğlu o rəhmətə gedəndə dediyi sözlər, məncə, Arif Əmrahoğlu obrazımı tan açır:
“Arif təkbaşına, minbir əzab-əziyyətlə qurduğu evinə, gözəl ailəsinə son dərəcə bağlı adam idi. Balaları ilə nəfəs alırdı. And içəndə gözünün ağı-qarası iki qızının canına and içirdi. Qızlarının ad günündə hərdən (söz arası, sağlıq arası) ləyaqətlə yaşamaq barədə danışardı, deyərdi, mən elə yaşamamışam, balalarım nə vaxtsa mənim adım gələndə narahatlıq, nigarançılıq keçirsinlər. Bəli, Arif Əmrahoğlu bu fani dünyada tək ailəsindən, balalarından ötrü yox, həm də dostlarından, qələm yoldaşlarından ötrü əziz bir ad qoyub getdi.”
“Ədəbiyyat və incəsənət”
(19.07.2025)