ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

 

 

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu və Vətən Müharibəsində qələbəmizin 5-ci ildönümü münasibətilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” kimi qeyd edilir. Bununla əlaqədar olaraq Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Konstitusiya və Suverenlik İli 2025” adlı elektron məlumat bazası hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, bazada “Rəsmi sənədlər”, “Azərbaycan Xalq Cümhuriyyəti”, “Müstəqillik Bəyannaməsi” kimi keçidlərlə yanaşı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin “Konstitusiya və suverenlik: Heydər Əliyev siyasi irsinin təməl sütunları”, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Azərbaycanda demokratik inkişafın tarixi təntənəsi”, professor  Ziyafət Əsgərovun “Azərbaycan konstitusion və suveren dövlətdir”,  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq kafedrasının müdiri, professor İsaxan Vəliyevin “Milli kimlik vicdan azadlığı kontekstində” kimi məqalələrin tam mətni də yer alır.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan elektron bazada Ulu Öndər Heydər Əliyevin 1995-1996-cı illərdə konstitusiya layihəsinin müzakirəsi zamanı səsləndirdiyi tarixi çıxışların tam mətni,  “Konstitusiya və suverenlik anlayışları və hüquqi əsasları” və “Vətən Müharibəsi və ərazi bütövlüyümüzün təmin olunması” başlığı altında dəyərli məlumatlar,  2025-ci ildə Konstitusiya və suverenlik ili çərçivəsində keçirilən tədbirlərin xronologiyası və məzmunu da təqdim edilir.

Elektron bazada Konstitusiya və Suverenlik İlinə dair Azərbaycan və rus dillərdə nəşr edilən kitabların, dövri mətbuat nümunələrinin, dissertasiya və avtoreferatların siyahıları yer alır. Bazada “Virtual sərgi” və “Videoqalereya” bölmələri də mövcuddur.

“Konstitusiya və Suverenlik İli 2025” adlı elektron məlumat bazası kitabxananın  rəsmi saytında yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2025)

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Mənbələr göstərir ki, Azərbaycanda milli mətbuat və milli mətbəə yaratmaq təşəbbüsləri XIX əsrin birinci yarısından başlamışdır. Hələ 1832-ci ildə “Tiflis əxbarı” və 1845-ci ildə “Qafqazski vestnik” qəzetlərinə əlavə çəklində “Qafqazın bu tərəfinin xəbərləri” adlı azərbaycanca vərəqələr buraxılmışdır. Əlbəttə, rəsmi bülleten xarakteri daşıyan bu vərəqələrimüstəqil milli mətbuat nümunələri hesab etmək mümkün deyil. Lakin bunları milli mətbuatın yaranmasına hazırlıq saymaq mümkündür.

 

Ə.Ə.Səidzadənin “Ədəbiyyat” qəzetinin 1940-cı il tarixli 31 saylı nomrəsindəki məqaləsindən o da məlum olur ki,1841-ci ildə M.F.Axundzadə və M.Ş.Vazeh tərəfindən Tiflisdə mətbəə yaratmağa cəhd göstərilmişdir. Lakin bu təşəbbüs baş tutmamışdır.

1870-ci ildə H.Zərdabinin dostu X.Cenk rus dilində “Bakinski listok” adlı qəzet nəşr etmək üçün müraciət etmişdir. Az sonra Qafqaz canişinliyinə yazdığı əlavə məlumatda X.Cenk qəzetdə həmçinin Azərbaycan dilində məqalələr şöbəsinin açılmasına da icazə istəmişdir. (Təəssüf ki, həmin qəzetin  ancaq bir nömrəsində azərbaycanca yazı dərc olunmuşdur.) Filologiya elmləri namizədi V.Məmmədov belə ehtimal edir ki, Cenki bu işə təşviq edən elə onun yaxın dostu H.Zərdabi olmuşdur.

Xalqı maarifləndirmək, onun tərəqqisinə nail olmaq H.Zərdabinin həyatının qayəsi idi. O, bu yolda mətbuatın roluna xüsusi önəm verir və deyirdi ki, xalqa “qəzet verə bilsəm, onların dünyagörüşünü tamamilə dəyişə” bilərəm.O, 1906-cı ildə "Həyat" qəzetində çap etdirdiyi "Rusiyada əvvəlinci türk qəzeti" adlı məqaləsində  yazırdı: "Hər kəsi çağırıram - gəlməyir, göstərirəm - görməyir, deyirəm - qanmayır. Belədə qəzet çıxarmaqdan savayı bir qeyri əlac yoxdur ki, kağızın üstə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç olmaz ki, doğru sözlər yerdə qalsın. Hər ildə on qəzet oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar. Axırda o bənd ki, suyun qabağını kəsmişdi və suyu axmağa qoymurdu, rəxnə tapar və su mürur ilə bəndi uçurub aparar. Sonra düşmənin düşmənliyi, dostun dostluğu və dost göstərən doğru yolun doğru olmağı aşkar olar".

Həsənbəy Zərdabi qəzet çıxarmaq fikrinə hələ Qubada mahal məhkəməsinin katibi işlədiyi dövrdə -1868-ci ildəndüşmüşdü. Lakin çar idarələrindəki süründürməçilik, hərc-mərclik onun qəzet nəşr etmək arzusunu uzun müddət çin olmağa qoymamışdı. Hənifə xanım Məlikovanın yazdığı kimi “qəzetin nəşrinə icazə alma 7 il çəkdi”. Zərdabinin qəzet nəşr etmək üçün rəsmi orqanlara ilk müraciəti 1873-cü ilin aprel ayında oldu.

Sonralar Həsən bəy "Həyat" qəzetində həmin hadisəni belə xatırlayırdı: "O vaxt general Staroselski bizim qubernator idi, o, özü xalis rus, arvadı isə gürcü qızı idi. Bu qadın yerli Qafqaz əhalisinə hörmət bəsləyir və onlarla dostluq edirdi, mən öz dərdimi ona söylədim; qəzeti "Əkinçi" adlandırmağı və orada guya əkinçilik və kənd təsərrüfatı haqqında məqalələr dərc etməyi bildirməyi bu qadın mənə məsləhət gördü; o, özü senzor olmağa razılıq verdi və nəhayət, bu ruhda ərizə verib qəzetin nəşri üçün icazə aldım".(Deməli, qəzetin “Əkinçi" adlandırılması çar rejiminin fikrini onun daşıyacağı əsas ideya istiqamətindən yayındırmaq məqsədi güdürdü.) 

H.Zərdabinin 1873-cü ilin aprel ayının 12-dəBakı qubernatoru D.S.Staroselskiyə ünvanladığı ərizədə yazılmışdı: “Quba mülkədarı general-mayor Abdulla Ağa Bakıxanov (Abbasqulu ağa Bakıxanovun qardaşı-İ.V.) mənə Bakı şəhərində tatar (azərbaycan-İ.V.) dilində pulsuz olaraq qəzet nəşr etmək məqsədi ilə mətbəə açmaqdan ötrü 1000 manat pul verir. Bu təsadüfdən istifadə edərək mən aşağıdakı şərtlər asasında qəzet nəşr etməyi qərara almışam: birincisi, qəzetin redaktorlu və naşirlik vəzifəsini öz öhdəmə götürürəm; ikincisi, qəzet Bakı şəhərində, Zaqafqaziya ölkəsinin bütün müsəlman xalqlarının başa düşəcəyi tatar dilinin Azərbaycan ləhcəsində nəşr olunacaqdır; üçüncüsü, ilk vaxtlar qəzet iki həftədə bir dəfə, bir çap vərəqi həcmində buraxılacaqdır; dördüncüsü, ilk vaxtlar qəzetin abunə qiyməti, göndərmək və çatdırmaq da daxil olmaqla ildə iki manat olacaqdır; beşincisi, qəzetin nəşri, kağızı üçün xərclər, xidmətçilər və mətbəə binası tutmaq üçün xərclər çıxılmaqla, qəzet üçün toplanan pul Bakıda təsis edilmiş müsəlman şagirdlərinə yardım cəmiyyətinin xeyrinə sərf olunacaqdır; altıncısı, qəzet “Əkinçi” (“Paxar”) adlanacaqdır; yeddincisi, qəzetin nəşrinə 1873-cü ilin sentyabrından başlanacaqdır”.

H.Zərdabi qəzetin nəşrinə həmin ilin sentyabrından başlamağı nəzərdə tutsa da, ucqarlarda milli mətbuat yaratmaq fikri hakim dairələri ciddi narahat etdiyi üçün müxtəlif bəhanələrlə iş uzadılırdı.  Belə bir mühitdə qəzet çıxarmaq M.F.Axundzadənin dediyi kimi, "dağ çapmaq kimi" bir işə bənzəyirdi.

Xüsusən qəzetin proqramındakı “Qəzet yerli ehtiyac və təlabata həsr olunan baş məqalələr də verəcəkdir” maddəsi ciddi müzakirələrə səbəb olmuşdu. Süründürməçiliklər və uzun-uzadı yazışmalar başlanmışdı. O, zaman Qafqazın mərkəzi Tiflis sayılırdı və bütün yekun qərarlar oradan verilirdi. H.Zərdabi düz ilyarım Tiflis və Bakı dəftərxanaları arasında ayaq döydü.

Onun qətiyyəti və əzmkarlığı, çoxsaylı izah və əsaslandırmalarından sonra Qafqaz canişinliyi 5 oktyabr 1874-cü il tarixli 5440 nömrəli sənədlə “Əkinçi”nin nəşrinə icazə verdi və senzura işləri Bakı Qubernatorluğuna tapşırıldı.

Filologiya elmləri namizədi V.Məmmədov H.Zərdabinin 1873-cü il 7 iyun tarixli məktubuna istinadən bildirir ki, Tiflisdən qəzetin nəşrinə icazə verilməsində və qəzetin oxucular arasında yayılmasında tanınmış Azərbaycan mütəfəkkiri M.F.Axundzadənin böyük köməkliyi olmuşdur.

Qəzetin nəşrinə icazə alınsa da, qarşıda çox ciddi çətinliklər dururdu. Naşir yuxarıda adı çəkilən “Rusiyada əvvəlinci türk qəzeti” məqaləsində bu çətinliklər barədə belə yazırdı:  "Bəs qəzeti necə çıxardım? Qəzetin çıxarılması üçün mətbəə yox, çapçı yox, hürufat yox, pul yox, kitabxana yox, əmələ yox. Bir-iki yüzdən artıq oxuyan da olmayacaq…”. Həsən bəy özünün gərgin əməyi, həmyerlilərinin, dost və tanışlarının köməyi ilə bu çətinliklərin öhdəsindən gələ bildi. Lakin ayrıca mətbəə açmağa imkanı olmadığı üçün D.S,Staroselski yenə də Zərdabinin köməyinə gəlir, qəzetin quberniya mətbəəsində çap olunmasına ona icazə verir.

Həhayət, 1875-ci ilin iyul ayının 22-də “Əkinçi” qəzetinin ilk nömrəsi çap olundu. Beləliklə, Azərbaycanda ilk milli qəzet nəşrə başladı, milli mətbuatın əsası qoyuldu. H.Zərdabinin ömür-gün yoldaşı H.Məlikova həmin günü xatırlayaraq yazırdı: “Həsən bəyin gözləri sevincdən yaşarmışdı. O çox həyəcanlı halda evə gəldi. Bu gün onun həyatının ən xoşbəxt günü idi”.

Qəzetin ilk nömrəsiiki sütuna ayrılmış 8 səhifədən ibarət idi. İlk nömrə "Daxiliyyə", "Əkin və ziraət xəbərləri", "Elm xəbərləri", "Təzə xəbərlər" kimi şöbələrdən ibarət idi.

Qəzetin baş məqaləsi “Daxiliyyə” başlığı altında naşirin imzası ilə getmişdir. Bu yazını “Əkinçi”nin məramnaməsi də adlandırmaq olardı. Burda qəzetin fəaliyyət dairəsi, istiqaməti, xətti-hərəkəti müəyyən olunur, şöbələrin adları, səciyyələri müəyyənləşdirilir, qəzetin vəzifə və məqsədləri göstərilirdi.

Baş məqalənin ardınca gələn “İkinci daxiliyyə” adlı məqalədə isə 1876-cı ildən Qafqazda tətbiq olunacaq ticarət qayda-qanunları haqqında məlumat verilirdi.

“Əkin və ziraət xəbərləri” və “Elm xəbərləri” şöbələrində heyvandarlıq və əkinçiliyə aid materiallar dərc olunmuşdu. (1876-cı ilin 7-ci nömrəsindən etibarən “Əkin və ziraət xəbərləri” şöbəsi “Əf-ali-əhli-dəhat” adlanmışdı.)

Sonuncu şöbə olan “Təzə xəbərlər” şöbəsində siyasət və məhkəmə işlərinə, ticarətə, tibbi məsələlərə dair kiçik həcmli və oxunaqlı xəbərlər verilmişdi. Bu şöbənin digər şöbələrdən bir fərqi də yazıların sayca çox, həcmcə yığcam olması idi. (Sonralar qəzetin 6-cı nömrəsindən etibarən “Məktubat” şöbəsi də meydana gəlmişdi.)

Əkinçi” beynəlxalq əks-səda doğurmuşdu. Bu qəzet bütün Şərqdə Avropa üslubunda nəşr olunan birinci mətbuat orqanı idi. Hənifə xanım Məlikova “Revolyusiya və kultura” jurnalının 1939-cu il tarixli 6 saylı nömrəsində çap olunmuş xatirəsində "Əkinçi"nin yayıldığı geniş coğrafiyaya toxunaraq yazırdı: “Qəzet Rusiyadakı bütün müsəlmanları yerindən tərpətmişdi. O, elektrik cərəyanı kimi bütün müsəlman aləminin içərisindən keçmişdi… Qəzetin ilk abunəciləri, onu birinci sırada salamlayanlar Omskdan, Tümendən, Çistopaldan olan sibirlilər, Orenburq, Ufa, Volqaboyu tatarları idilər”.

Qəzeti nəşr etməkdə Həsən bəyin əsas məqsədi xalqı maarifə, elmə, təhsilə səsləmək, onu zülm və cəhalətdən qurtarmaq, qəflət yuxusundan oyatmaq idi.O, "Əkinçi" qəzetinin əsas məqsəd və vəzifələrindən bəhs edərək yazırdı: "Qəzetin muradı xalqın gözünü açmaqdır, həyatda olan işləri ayna kimi xalqa göstərsin ki, xalq da onun əlacının dalınca getsin. Heç rəvadırmı yoxsulluqdan danışarkən onun səbəbi elmsiz qalmağımızdan danışmayaq? Biz müsəlmanlar elmdən vəba naxoşluğundan qorxan kimi qorxuruq. Əgər işlərimiz belə gedərsə, biz məğlub olub getdikcə aradan çıxacağıq. Elmsizlik böyük fəlakətdir. Bizim həmvətənlər olan gürcü, erməni xalqları təhsil etsinlər, maarif sahəsində gündən-günə irəli getsinlər, amma bizlər "Allahdan buyruq, ağzımıza quyruq" deyib duraq. Ey müsəlmanların millət təəssübü çəkən kəslər, bir gözünüzü açıb dünyaya tamaşa edin və fikirləşin: "Tələf olmaqmı istəyirsiniz?"

Qəzet öz ətrafında dövrünün M.F.Axundzadə, S.Ə.Şirvani, N.B.Vəzirov, Ə.A.Adıgözəlov (Gorani), Ə.Heydəri, M.Dərbəndi və digər  qabaqcıl fikirli, demokratik əqidəli, aydın ideyalı görkəmli maarifçiləri toplamışdı. "Əkinçi"nin əməkdaşlarının da başlıca məqsədi xalqın həyatında hökm sürən fanatizmə, cəhalətə qarşı çevrilib, xalqı elmə, maarifə, tərəqqiyə çağırıb, onun elmi-mədəni səviyyəsini yüksəltmək idi.

Qəzet  cəmiyyətdəki xəstə halları sağaltmağın çarəsini hər şeydən əvvıəl xalqın maariflənməsində, mədəni təqəqqi yoluna çıxmasında görür, təhsil işlərinə, təlim və tərbiyə məsələlərinə ciddi əhəmiyyət verirdi. Qəzetin səhifələrində  elm və təhsilin faydasından bəhs olunur, gənclər məktəbə çağrılır, köhnə təlim-tərbiyə üsulları pislənilir, mollaxana və mədrəsələrdəki nöqsanlar tənqid olunur, dünyəvi elmlər və onların öyrədilməsi təbliğ edilirdi. Yeni tipli məktəblərin açılması, ana dilli tədrisin təşkili, ana dilli dərsliklərin yazılması təşviq edilirdi.Həsən bəy belə hesab edirdi kiöz düşmənlərimizlə mübarizədə məğlub olmamaq üçün mütləq  elm təhsil etmək lazımdır. O yazırdı: “Bizim ilə zindəganlıq cəngi edən millətlər elm təhsil edirlər. Ona binaən gərək biz də elm təhsil  edək ki, onlara zindəganlış cəngində qalib olmasaq da, onların bərabərində dayanıb duraqyoxsa dövlət və xoşgüzaranlıq onların əlinə keçəcəkdir və bizlər mürur ilə zindəganlıq cəngində məğlub olub, tələf olacağıq”. Bir sözlə, qəzet maarifçilik ideyalarını özünə bayraq etmişdi.

“Əkinçi” qəzeti gerilik və ətalətə, köhnəlmiş adət-ənənələrə, dini xurafata, orta əsr zehniyyətinə qarşı açıq mübarizə aparırdı.“Jurnalist” təxəllüslü bir publisist “Ədəbiyyat” qəzetinin 1936-cı il tarixli 11-ci sayında obrazlı şəkildə yazırdı:  “Əkinçi”… sanki ordusuz hücuma keçən bir komandanın sıyrılmış qılıncına bənzəyirdi. Bu qılıncla Həsənbəy avamlıq və cəhalətin qara pərdələrini yirtmaq, xalqına işıq yolu açmaq arzusunda bulunurdu”.

Qəzet insanlarımızı zamanla, dövrlə ayaqlaşmağa çağırdı. H.Vəzirov qəzetin səhifələrində yazırdı: ”Hərdən tənha oturub fikir edirəm: xudavəndə, bizim axırımız necə olacaq? Ağlımız ata-baba ağlı, getdiyimiz ata-baba yolu… Ata-babamız xoruz və qoç döyüçdürüb, it boğuşdurub, qurşaq tutdurub, dərviş nağılına qulaq asıb, qızıl quş saxlayıb günlərin keçirib. Biz də ki, bu yolu gedirik, tələf olacayıq. Səbəb ki, zəmanə dəyişilib”.

H.Zərdabi göstərirdi ki, yaşadığımız dünya daim dəyişməkdədir  və bu  prosesi heç kim saxlya bilməz. Bizdən tələb olunan budur ki, işlərimizi zamanın və dünyanın dəyişməsinə uyğun quraq, dünyanın axarı ilə gedən qanunlara qarşı çıxmayaq, tərəqqi yolunda irəliləyişimizə mane ola biləcək zərərli vərdişlərdən əl çəkək.

“Əkinçi” bir çox yazılarında feodal istismarına qarşı etiraz edir, xalqı var-yoxdan çıxaran, onun hüquqlarını əlindən alan, insan şəxsiyyətini tapdalayan mühafizəkar qüvvələri tənqid edirdi. Qəzet insanların adi hüquqlardan belə məhrum olduğunu açıqcasına deyirdi, fikir və söz azadlığının olmamasından bəhs edirdi. “Əkinçi”lər içtimai quruluşun maarif gücü ilə dəyişəcəyinə ümid bəsləyirdilər, elmi tərəqqini azadlığın əsas şərtlərindən hesab edirdilər. Elmi və texniki tərəqqini xalqın həyat tərzini yaxşılaşdıran əsas amillərdən sayırdılar.

“Əkinçi” qadın azadlığı və təhsili ideyasını tərənnüm edir, qadını qul sayan dini-mistik zehniyyətin acınacaqlı mənzərəsini göz önündə canlandırır, köhnə dünyanının hər cür mənfur adət-ənənlərini ifşa edirdi. Qəzet qızların vaxtsız ərə verilməsinin böyük zərərlərini elmi dəlillərlə sübut edir ki, 20 yaşdan aşağı olan kəbinlər qüsürludür. “Əkinçi” qəzeti qadını güçsüz, naqis məxluq sayan şəriət ehkamlarını ifşa edir, onu mübariz, ağıllı və cəsur xilqət kimi təqdim edirdi. Qəzet Azərbaycan qadınını savadlı görmək istəyirdi, çünki qadın eyni zamanda anadır, gənc nəslin tərbiyəçisidir. Ancaq elmli, savadlı ana öz övladının tərbiyəsi ilə layiqincə məşğul olar.

Qəzet xalqların dinçlik və dostluq şəraitində yaşamalarının böyük tərənnümçüsü idi. Ədalətsiz müharibələr dəlilik, yoluxucu “beyin naxoşluğu” adlandırılırdı.

“Əkinçi” qəzeti kənd əhalisinin gündəlik işlərini də ardıcıl işıqlandırırdı. H.Zərdabi qəzet vasitəsi ilə kənd təsərrüfatı məsələlərini şərh edir, məhsuldarlığı yüksəltməyin elmi-təcrübi yollarının anlaşıqlı bir dillə oxucularına çatdırırdı.

Azərbaycan dilinin saflığı uğrunda və mətbuat dilinin formalaşmasında da “Əkinçi”nin müstəsna xidmətləri olmuşdur. Moskvada qəzetin ilk nömrələri ilə tanış olan N.Vəzirov Həsənbəyə yazdığı məktubda qeyd edirdi ki, “Əkinçi” mənim ana dili müəllimimdir”.  S.Ə.Şirvani “öz qədimi lisanımızda haman, qəzetə çapını edib unvan” söyləyərək Zərdabinin ana dilində qəzet çap etdirməsini təqdir edirdi.

Hələ qəzetin nəşrə başlaması ərəfəsində M.F.Axundov Tiflisdən Həsənbəyəməktubda ona yazırdı: “Sizin qəzetinizin əsas məziyyətlərindən biri ifadənin gözəlliyi, ibarələrin zərifliyi və aydınlığı, orfoqrafiyanın düzgünlüyü olmalıdır. Çünki sizin qəzetiniz başqa məsələlərlə yanaşı, Azərbaycan yazısını (dilini) düzgün olmayan ifadələrdən təmizləməyə çalışmalı, bu dildə yazan bütün adamlar üçün nümunə olmalıdır”. Həsənbəy özü də bunun tərəfdarı idi. O, jurnalistlərdən tələb edirdi ki, “qəzeti… camaatın ana dilində yazsınlar”. Çünki “qəzet camaat üçündür, camaat qəzet üçün deyil”.Zərdabi doğma dilinə arxa çevirən dönükləri tənqid edir, xalqın arzu və istəklərinin onun doğma dilində əks etdirməyi mətbuatın müqəddəs vəzifəsi sayırdı. Qəzetdə müsəlman mahallarından ərəb və fars dillərində göndərilən müxbir məqalələri Azərbaycan dilinə tərcümə edilərək müəlliflərinə göndərilirdi kionlar ana dilində yazmağı öyrənsinlər. Təsadüfi deyil ki, Ə. Topçubaşov “Əkinçi”nin 50 illiyinə həsr olunmuş “Azərbaycanın mayakı” adlı xatirə məqaləsində “Əkinçi”nin nəşri zamanı Həsənbəy Zərdabinin Azərbaycan-türk dilinin saflığı uğrunda mübarizə apardığını, onu ərəb-fars tərkiblərindən təmizləməyə çalışdığını xüsusi olaraq nəzərə çatdırırdı. 

“Əkinçi”nin milli mətbuatımızın və maarifçilik hərəkatı tarixində  böyük rolu həm də bunda idi ki, qəzet demokratik əhval-ruhiyyəli gənclərin, yazıçı və şairlərin toplandığı dəyərli mərkəzə çevrilmişdi.Xalq yazıcısı M.İbrahimov “Əkinçi”nin maarifçi-realist ədəbiyyatın inkişafına təsirindən bəhs edərək yazırdı: “Keçən əsrin 70-ci illərindən başlayaraq, Azərbaycanda mətbuatın yaranması ədəbiyyatın inkişafına olduqca müsbət təsir göstərir, onun mündəricə və formasının genişlənməsinə, kütləviləşməsinə, yayılmasına və demokratikləşməsinə kömək edir”.  Onu da qeyd edək ki, Azərbaycanda ədəbi-bədii əsərlərin milli mətbuat səhifələrində ilk dəfə nəşri də “Əkinçi” ilə başlanmışdır.

“Əkinçi” ədəbiyyat və incəsənətin saflığı uğrunda mübarizəni, əsasən, üç istiqamətdə aparırdı: birincisi, ədəbiyyat və sənətdə realizm uğrunda mübarizə; ikincisi, dini-mərsiyə ədəbiyyatı əleyhinə mübarizə; üçüncüsü, ictimai satira uğrunda mübarizə. Qəzet bütün nəşri müddətində 150-dək ədəbi-tənqidi məqalə, şeir, felyoton, hekayə, oçerk və s. dərc etmişdi. Bu materialların əsas müəllifləri H.Zərdabi ilə yanaşı, M.F.Axundzadə, S.Ə.Şirvani, N.Vəzirov, Ə.Adıgözəlov (Gorani), M.H.Əlqədari, H.S.R.Əmirzadə, M.Vəliyev, Ə.Qəvaid, Ə.Heydəri, M.K.Əsgərzadə və digərləri olmuşlar.

Ümumiyyətlə, 1875-ci ildə 12, 1876-cı ildə 24, 1877-ci ildə isə 20 sayı (cəmi 56) işıq üzü görmüş “Əkinçi”ninbütün nəşri müddətindəonun səhifələrində 1100-dən çox məqalə, məktub, xəbər, şeir və s. materiallar verilmişdir. Burada 21 müxbirin 36 imza ilə 200-dən şox yazısı dərc olunmuşdur. (Göründüyü kimi, materialların əksər qismi imzasız yazılmışdır) . Tədqiqatçılar qəzetin müxbirləri müntəzəm çıxış edənlər (Ə.Adıgözəlov (Gorani), Ə.Heydəri, M.Dərbəndi və b.), hərdənbir yazanlar (M.Ə.Şirvani, X.Qorxmazov və b.), mürtəce müxbirlər (H,Qarabaği, kapitan Sultanov, “Badkubəli Molla və b.),təsadüfi yazanlar (Şeyxül-islam Axund Əhməd Hüseynzadə, Ə.Elçinzadə, Məmmədrəhim bəy, M.Ə.Səlyani və b.) və  imzasız yazanlar (A.Haqverdiyev Qarabaği və b.) kimi qruplaşdırırlar.

Təəssüf ki, əsas qayəsi xalq arasında mütərəqqi ideyaları yaymaq,  xalqı maarifə, elmə, təhsilə səsləmək, onu zülm və cəhalətdən qurtarmaq, qəflət yuxusundan oyatmaq olan  “Əkinçi”nin demokratik ideyaları mürtəce qüvvələri – bəylər, ruhanilər və çar məmurlarını hiddətləndirirdi. Qəzet məhz bu qaragüruhçu qüvvələrin fitnə-fəsadı ilə bağlandı. Qəzetin 1877-ci il sentyabrın 29-da çıxmış 20-ci nömrəsində belə bir elan verilmişdi: “Biz naxoş olduğunuza görə bu ilin axırıncı nömrələri öz vaxtında çıxmayacaq və onların haçan çıxacağı məlum deyil”. Bu, “Əkinçi”nin öz oxucularına son sözü oldu.

Qəzet bağlansa da, onun demokratik ideyaları yaşayırdı. Qəzet nəinki Azərbaycan, o cümlədən Rusiyada yaşayan müsəlmanların zehnində və qəlbində özünə möhkəm yer eləmişdi. Əlimərdan bəy Topçubaşov haqlı olaraq yazırdı: “Əkinçi”! Bu sözü ürək döyüntüsüz və həyəcansız dilə gətirmək çətindir. Bu sözdə hər bir azərbaycanlı... üçün nə qədər müqəddəslik var... “Əkinçi”... müstəqil Azərbaycan üçün, onun dili,xalq mahnıları, poeziyası, tarixi üçün gözəl emblemdir. “Əkinçi” bütün Azərbaycan xalqının təsviri və ona tərif  verilməsidir, onun enerjisinin, onun azad əməyə məhəbbətinin, onun ideya və ideallarının təzahürüdür!”

Bəli, “Əkinçi” milli mətbuatımızın mayakına çevrildi. Xalqımızın milli oyanışında, milli birliyin möhkəmlənməsində böyük əhəmiyyət daşıdı, içtimai fikrin canlanmasına təkan verdi.Şair S.Rüstəmxanlının dediyi kimi “Biz mətbuat tariximizdən danışanda “Əkinçi”yə istinad edirik. Bu, demokratik qəzetdir və bu günkü tələblər səviyyəsindən baxanda yüksək bir mətbuat səhifəsidir”.

Onun yandırdığı məşəl sonralar yenidən parlayaraq şölələndi. Sonrakı illərdə “Əkinçi”nin başladığı işi davam və inkişaf etdirən, onun ənənələrini yaşadan mətbuat orqanları meydana çıxdı. Bu mənada M.Ə.Rəsulzadə 1952-ci ildə “Azərbaycan” jurnalında haqlı olaraq yazırdı ki, Zərdabi əkdiyi toxumun səmərəsini görən əkinçi kimi vəfat etdi.

 

Haqlı olaraq “Əkinçi”nin nəşrə başladığı gün milli mətbuatımızın “doğum günü” sayılır.  Bu gün 22 iyulda onun növbəti doğum günü- Milli Mətbuat və Jurnalistika Günü qeyd ediləcəkdir. Özü də yubiley ili – 150!

Gününüz mübarək, hörmətli mətbuat işçiləri. Sizlərə “Əkinçi” dəyanəti, Zərdabi əzmi və qətiyyəti arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2025)

 

                                                                              

 

 

 

Çərşənbə axşamı, 22 İyul 2025 09:29

“Bizimçün son duracaq” - Hafiz Hacıxalılın şeirləri

“Ədəbiyyat və incəsənət” portalının LİRİKA SAATInda bu gün sizlərə Hafiz Hacıxalılın şeirlərini təqdim edir.                                                            

 

***

 

Bu qış da gedəcək, yaz ağacların

Qönçə dodağında dönəcək geri.

Yağışın altında qalacaq hər gün

Bizim sön görüşün xatirə yeri.

 

Bizim sın görüşün xatirə yeri

Ağlayar, kiriməz yetim uşaqtək.

Deyinər söyüdün salxım telləri,

Bir də o sevənlər haçan gələcək?

 

Bir də o sevənlər haçan gələcək?

Dünyanı başına götürər bu səs.

O cavan gedənlər qoca gələcək,

Birdən yox olanlar dönəcəkmi bəs?

 

Birdən yox olanlar nağıla döndü,

Düşdülər dodaqdan-dodağa belə.

Sapanddan atılan daşlar misalı,

İnsan da düşürmüş uzağa belə.

 

İnsan da düşürmüş uzağa belə,

Yad ola bilirmiş ürək də, can da.

Qovuşdur, İlahi, vaxt varsa hələ

Köhnə sevgiləri təzə ünvanda.

 

 

***

 

Mənim bir dostum var qələm adında,

Sevincim, nisgilim, naləm adında.

Əlimi çörəyə yetirən odur,

Uzağı yaxına gətirən odur.

Mənim ürəyimin əkizi qələm,

Mənim kişi üzüm, ərk üzüm qələm.

Qürurun, mənliyin tək üzü qələm,

Düşməni tanıdıb, dostu sevdirib,

Əlimdə qabardı, alnımda tərdi.

Bilib, ürəyimin dilini bilib,

Susdusa, qayadan, daşdan betərdi.

Çevrəmiz boyunca bu Yer üzünü

Gəzib dolanmadıq sərgərdan, səfil.

Onun mürəkkəbi, mənimsə ömrüm

Bitəcək nə vaxtsa, hardasa qəfil.

Bir şeir, bir nəğmə, lap ikicə söz

Yadigar qalacaq, bəsimdir, bəsim.

Qoşulub güllərə şeir deyəcək,

Özümdən sonra da qələm nəfəsim.

 

 

***

 

Köklənər dəlisov yaz havasına,

Bu qəmli mahnının notu payızdır.

Payızdır ruhumun vətən tərəfi,

Ağacı, yarpağı, otu payızdır.

 

Yoruldum düşməkdən bərkə-boşa mən,

Bir də çətin çıxam bu yoxuşa mən.

Getmək istəyirəm üzü qışa mən,

Ürəyim deyir ki, otur, payızdır.

 

Başımı xoş sözlə qatan ömrümün,

Ölümlə göz-gözə yatan ömrümün.

İlləri dördnala çapan ömrümün,

Qamçısı payızdır, atı payızdır.

 

 

***

 

Bizimçün son duracaq,

Uyuduğun məzarlıq.

Sən getdiyin yol isə

Uzun, dibsiz, qaranlıq.

 

Sən gedəndə anladıq:

Gedənlər geri dönmür.

Ora burdan yaxşıdır?

Gedənin biri dönmür.

 

Şəkillər buz parçası,

Donuruq bu istidə.

Sən orda darıxırsan,

Biz də yerin üstündə.

 

Kimi ovudar denən,

Bu qəbir daşı, kimi?

Ana sözü tökülür

Göydən göz yaşı kimi.

 

 

***

 

Salamat qal, Şuşa!

Suyunu, havanı halal elə.

İki gün qoynunda qaldığım yuvanı halal elə.

Daşı güllə yarası almış Şuşam,

30 il xəyala dalmış, xaraba qalmış Şuşam.

Həsrətinə ip keçirib boğazından asan,

Taleyini özü yazan.

Ümidi 30 ildən sonra göyərən

Bu gün də itirdiklərinə göynəyən.

Sevinci bol görməyən,

Kədəri dastan Şuşam.

Özünə yas çadırı qurulan oğullar

Çıxardılar səni yasdan, Şuşam!

 

 

***

 

Günəş şəkli şək, oğlum,

Çünki onun həsrətini çoxları çəkir.

 

 

***

 

Mən ölsəm, bir söz də düşər dilindən,

Mən ölsəm, kimaxı tutar əlindən.

Mən ölsəm, küsərsən aya, günəşə,

Mən ölsəm, düşərsən oda, atəşə.

Mən ölsəm, üç nöqtə, sonunu sən yaz,

Yaz ki, bu qış ölmə, qalsın gələn yaz.

 

“Ədəbiyyat və incəsənət”

(18.07.2025)

 

 

Çərşənbə axşamı, 22 İyul 2025 09:03

Onların əməyi gərək yaddan çıxmasın

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Təqvimin 22 iyul gününə doğum günü təsadüf edən şəxslərin siyahısı ilə tanış olanda bu ad diqqətimi çəkdi: Dilarə Əliyeva. Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru.

 

Əlbəttə ki, mədəniyyət sahəsində aktyorlar, rejissorlar, bəstəkarlar, müğənnilər, rəssamlar, şair və yazıçılar... – diqqət mərkəzində olan əsas fiqurlardır. Amma bu sahəni çəkib irəli aparan təşkilatçılar, koordinatorlar, iri və xırda məmurlar həmişə kölgədə qalır, adları çəkilmir. Amma biz, gəlin onlardan birinin – Dilarə xanımın timsalında bu sferadakı kontingenti də gündəmə gətirək.

Dilarə Əliyeva 1954-cü ildə Bakı şəhərində anadan olub. Asəf Zeynallı adına Musiqi kollecində fortepiano şöbəsində təhsil alıb. Azərbaycan Dövlət Konservatoriyasını iki fakültə — xor dirijorluq və orqan üzrə bitirib.

1973-cü ildən – 7 nömrəli musiqi məktəbi pedaqoji fəaliyyətə başlayıb. 15 nömrəli musiqi məktəbində çalışıb. Lenin adına Azərbaycan Pedaqoji universitetində müəllim kimi fəaliyyət göstərib. 1994–2012-ci illərdə – Bülbül adına orta ixtisas musiqi məktəbində xor-dirijorluq şöbəsində müəllim işləyib 1997-ci ildə – "Qız qalası" xorunun yaradaraq bədii rəhbəri olub.

2000-ci ildən isə "Qız qalası" xoru Azərbaycan Dövlət Xor Kapellasının tərkibində fəaliyyətini davam etdirərək "Uşaq xoru" adlanır. O, Dövlət Uşaq Filarmoniyasına direktor vəzifəsinə təyin olunub (bu günə qədər direktor vəzifəsində çalışır).

 2017-ci ildən Azərbaycan Milli Konservatoriyasında tələbə xorunun rəhbəri-müəllim kimi fəaliyyət göstərib.

O, Əməkdar İncəsənət Xadimi adına və 4 dəfə Prezident təqaüdünə layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2025)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Sevər Şəhabidir.

 

Sevər Şəhabi

Təbriz

 

 

MƏNƏ XƏBƏR GƏTİR

 

Məndən öncə ölsən əgər,

Ölülərə salam yetir.

Qırx günəcən gəl yuxuma,

Ordan mənə xəbər gətir.

 

Soraqlaş gör oralarda -

Neçə saat çalışırlar?

O dünyanın insanları,

Hansı dildə danışırlar?

 

Asılaraq gələnlərin -

Boğazları yaradırmı?

İşkəncədən ölənlərin -

Dəriləri qaradırmı?

 

Afrikanın zənciləri -

Kimlərə "Bəli" deyirlər?

Onların ağ ərbabları,

Nə içirlər, nə yeyirlər?

 

O dünyanın terminalı,

Necə yerbəyer olunur?

Cənnətin ağ biletləri,

Neçəyə al-ver olunur?

 

Sanki mənim bu istəyim,

İstəmədən üzdü səni.

Səndən öncə ölsəm əgər,

Qırx günəcən gözlə məni.

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2025)

 

Çərşənbə axşamı, 22 İyul 2025 08:02

“Şəbəkə”dən “Cavid ömrü”nədək

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Haqqında danışacağım aktrisanı mən “Cavid ömrü” filmindən tanımışam, ifasını bəyənmişəm. Azərbaycanın əməkdar artisti Həcər Ağayevadan danışıram. Bu 22 iyul günündə 39 yaşını qeyd edən aktrisa 1986-cı ildə anadan olub. Orta təhsil aldığı Azərbaycan Dövlət incəsənət Gimnaziyasinin xoreoqrafiya şöbəsini və   S.Vurğun adına Dövlət Rus Dram Teatrının nəzdində aktyorluq studiyasını bitirib.

 

2004-2009 illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr rejissoru fakültəsində təhsil alıb.

2004-cü ildənS.VurğunadınaRusDramteatrınınaktrisasıdır. Rus Dram Teatrına gedən tamaşaçılar onun ifalarını xüsusən bəyənirlər, böyük izləyici ordusu vardır.

Akademik Milli Dram Teatrında, ÜNS Teatrında, Teatr Xadimləri İttifaqının nəzdində Gənc Aktyorların laboratoriyasında tamaşalarda çıxış edib.

Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına və Prezident Mükafatına layiq görülüb.

 

Filmoqrafiya

 

- Bir dəfə Qafqazda

- Cavid ömrü

- Tanrıverdinin nağılı

- Laplandiyalı qonaq

- Sonuncu dərviş

- Aramızda qalsın

- Vəkil hanı?

- Şəbəkə

- Sirr

- Həyat, sən nə qəribəsən.

- 2 ömür

- Həddən artıq uyğunluq.

 

Allah xeyirli ömür nəsib etsin!

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2025)

Çərşənbə axşamı, 22 İyul 2025 11:01

Yunus peyğəmbərdən sonra üçüncü Yunus...

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

“- Qədeş, nə yaxşı şlyapan var?

- Yeri ala, sən yaxşı adam deyilsən.

- Hə, ürəyini yemə, iki manatını verəcəm də...

- Yekə oğlansan ala, mən pul adı çəkdim? İstəyirsən iki manat da verim. İş pulda deyil e, iş “vinimatelni” olmaqdadır. Adamlar gərək bir-birinə “vinimatelni” olsunlar. Sən mənə “vinimatelni” olarsan, mən də sənə...

- Davud, bir şeyi başa düşə bilmirəm, bu danışıq nəyə lazımdır?

- Ala, sən mənim dostumsan? Hə! Harda işləyirsən- ət kombinatında. Bir dəfə də olsun gəlib demisən ki- Davud, sənə kolbasa, sosiska gətirmişəm, al, vur bədənə...”

 

Söhbətimə nahaq yerə məşhur “Uşaqlığın son gecəsi” filmindəki Davudla Muradın dialoqundan başlamadım. Çünki bu dəfə sizə Davudun sözü olmasın, “vinimatelni” adamlardan birindən söhbət açmaq istəyirəm. Amma söhbətimə onun xarakter xüsusiyyətlərindən başlayacam: Ağıllı, ahəngdar, praktik, cəlbedici, təşəbbüskeş, səmimi, fədakar, qənaətcil, sosial insandır. Yüksək sosial uyğunlaşma qabiliyyətinə malikdir və cəmiyyətin bütün səviyyələrinə uyğunlaşır. Uğurlu adamdır, yenilməz gücə sahib olmaq arzusundadır. Necə deyərlər, həyatda öz istəklərinin fərqində olan və həmişə daha yaxşı olmağı hədəfləyən birisidir. Və adətən qarşısına qoyduğu məqsədlərə çatır. İş həyatındakı fədakarlığı, ağıllı və ayıq rəftarı, bir çox insandan daha bacarıqlı olması onu məqsədlərinə asanlıqla çatdırır...

 

Müsahibələrindən birində deyir ki: - “Məndə qeyri-adi bacarıq var, amma bunu açıqlasam hamı üstümə tökülər. Tarixi roman yazılarkən bədii təxəyyülə çox cüzi yer ayrılır. Birincisi, əsərin yazılma məqsədi olmalıdır. İlk olaraq bunu aydınlaşdırmaq lazımdır. Niyə görə bu tarixi mövzuya müraciət olunur? İkincisi, xronoloji ardıcıllığın gözlənilməsidir. Şəxsiyyətə, dövrün hadisələrinə münaqişələrə, mübarizələrə müraciət olunarkən xronoloji ardıcıllıq o qədər mükəmməl olmalıdır ki, tarixin təhrif olunmasına tənqidçilər heç bir arqument tapa bilməsinlər. Əksinə, desinlər ki, hətta bizim bilmədiyimiz faktlar da əsərdə xronoloji ardıcıllıqla göstərilib. Əgər bunlar olmayacaqsa, tarixi roman yazmağa dəyməz...”

 

Hər şeydə lider olmağı xoşlayır və ətrafındakıları idarə etməyi bacarır. Həm zehni, həm də fiziki olaraq daim axtarışdadır. Yeni şeylər öyrənməyə və özünü təkmilləşdirməyə çalışır. Çox iti ağıllıdır. Səyahət etməyi sevir və gördüyü hər yeri və obyekti əzbərləyir. Sevdiyi insanlarla vaxt keçirməkdən və onları xoşbəxt edəcək kiçik sürprizlər etməkdən xoşlanır. Onun danışa biləcəyi və qarşı tərəfin dinləyəcəyi çoxlu xatirələri var. Sadiq, ünsiyyətcil, bacarıqlı və cazibədar şəxsdir. Heç vaxt tək qalmaq istəmir və həmişə izdihamlı yerlərdə olmağı üstün tutur. Ağayana davranışı ilə insanların könlünü fəth edə bilir...

 

“Romanın məqsədi, məramı, ideyası öz yerində. Digər cəhət də odur ki, romanı müəllif hansı dildə yazır. Mən xarici dilləri nəzərdə tutmuram. Burda ədəbi-bədii dildən söhbət gedir. Bir var ki, dil çox çətin olur, bir-iki səhifə oxuyursan sonra oxumaq istəmirsən. Amma bir də görürsən ki, dil o qədər şirin olur ki, oxuduqca səni özünə çəkir və istəyirsən ki, axıracan oxuyub qurtarasan. Bu amil də əsasdır. Elə yazıçılar var ki, kifayət qədər sanballı yazır, ancaq dili ağır olduğu üçün cəmiyyət tərəfindən qəbul olunmur. Çox zaman mənə müraciət edirlər ki, orta əsrlər dövründən yazdığım romanda niyə o dövrün sözlükləri yoxdur? Mən o dövrün sözlərindən heç birini işlətmirəm. Mənə bunu deyəndə bildirirəm ki, olmaz! Soruşurlar niyə? Deyirəm ki, mən XV əsrin insanları üçün yazmıram ki!  Mən müasir insanlar üçün başa düşülən dildə yazıram. XV əsrin sözlüklərini yazsam gərək onun açıqlamasını da verəm. Açıqlamanı da verəndə, oxucularda yoruculuq yaradır. Müasir variantda niyə verilməsin ki?! Mənim bildiyimə görə, bəzi yazıçılar öz əsərlərinin ikinci nəşrində qaranlıq sözlərdən imtina edərək, onları yeni variantları ilə əvəzləyirlər.  Mən də hiss edirəm ki, getdiyim yol daha oxunaqlıdır.”- söyləyir.

 

Soyuqqanlı münasibəti onun əslində bir müddət alışıb-yanan duyğularını gizlətdiyini göstərir. Yeyib içməyi, mədəni əylənməyi xoşlayır. Əgər qayğı göstərdiyi insanlardan gözlənilməz bir zərbə alırsa, çox yorulur. İncə yumor hissinə malik və mərhəməti ilə seçilən dost tipidir. Hər bir mövzuda danışmağı bacarır. Münasibətlərində sadiq və etibarlıdır. Bir sözlə, şən və gözəl sosial rəftarı ilə dostları arasında həmişə seçilir və bəyənilir. Sufizmin vurğunudur, xarakterində bir şamanlıq var...

 

Deyir ki:- “Sufizmin kökü şamanlıqdan gəlir. Orda Tanrı qəbulu var və bu çox normal bir şeydir. “Əmir Teymur” və “Şah arvadı və cadugər” romanlarını yazanda şaman rəqslərini öyrənmək üçün Yakutiyaya getmişdim. Bu çox normal bir şeydir. Mən Tyan-şana Tanrı dağına da gedirəm. Bunu internetdən də öyrənə bilərdim. Bir də var ki, reallığı, həqiqəti öz gözlərinlə canlı-canlı görürsən. Məhz bu zaman ordan aldığın enerjini ürəyində, başında gəzdirə bilirsən. Bu zaman daha effektli əsər yazmaq olar. Sevgimiz sufizmə, şamanizmə çox böyükdür. Bunlar birbaşa Tanrının verdiyi elmlərdi ki, hər kəsdə olmur...”

 

Evində yaratdığı rahatlıq və geniş mühit onun üçün hər şeydən önəmlidir. O, məişət xarakteri ilə diqqət çəkir və ailəyə önəm verir. Fərqli əşyalarla maraqlandığı üçün evində antik əşyalarla yanaşı, heyrətamiz dərəcədə dəbdəbəli və bahalı əşyalara da rast gələ bilərsiniz. Özünü təkmilləşdirməyi və hər zaman bir addım irəli getməyi hədəfləyir. Ona rəqib olmaq mümkün deyil. Fəal və aktiv insandır. İlk baxışdan çox ciddi görünə bilər, lakin onun qürurlu görünüşünün altında sürprizlərlə dolu bir xəzinə və tez düşünən zəka yatır...

 

Haqqında danışdığım yazıçı, jurnalist Yunus Oğuz 1960-cı ilin iyul ayının 22-də Şirvan şəhərində anadan olub. 1977-ci ildə orta məktəbi bitirdikdən sonra bir il Şirvan DRES-də fəhlə işləyib. Daha sonra Bakı şəhəri 6 nömrəli texniki peşə məktəbində təhsil alib. Ardınca iki il əsgəri xidmətdə olub. Üç ilə yaxın Şirvan şəhər pambıq təmizləmə zavodunda mülku müdafiə qərargahının rəisi vəzifəsində çalısıb. Həmin müddətdə ictimai əsaslarla zavodun komsomol təşkilat katibi secilib. 1983-cü ildə Rostov Dövlət Universitetinə daxil olub və 1988-ci ildə RDU-nun fəlsəfə fakültəsini bitirərək filosof ixtisasina yiyələnib. Ali təhsilini bitirdikdən sonra təyinatla AMEA-nın Fəlsəfə və hüquq institutuna göndərilib və burada bir müddət kiçik elmi işçi vəzifəsində işləyib. 1988-ci ildə Milli Azadlıq hərəkatına qoşularaq, hərəkatın aktiv üzvlərindən biri olub. 1990-cı ilin yanvarında akademiyanın bir qrup gənc alimi ilə birlikdə Xalq Azadliq Partiyasının (XAP) yaradıb və onun sədri seçilib. 1992-ci ildə AXC sədrinin müavini təyin olunub. 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin müşaviri təyin edilib. 1994-cü ildə Azərbaycan Xalq Cəbhəsini tərk edərək, Azərbaycan Bütövlüyü Uğrunda Cəmiyyəti və eyni adlı partiyanı təsis edib və partiyanın sədri olub. 1997-ci ildə onun təşəbbüsü ilə ABUP və XAP birləşərək, Xalq Azadlıq Partiyası yaradılıb və sədrlik ona həvalə edilib. 1998-ci ildə isə XAP bölünəndə Yunus Oğuz və tərəfdarları partiyanın Vəhdət Partiyasına birləşdiyini elan ediblər və orada sədrinin birinci müavini seçilib. Çox keçmədən bu partiya da bölünüb və Yunus Oğuzun rəhbərliyi altında Milli Vəhdət Partiyası yaradıldığı elan edilib. Nəhayət, 2023-cü ildə Milli Vəhdət Partiyası da fəaliyyətini dayandırıb. Bütün bunlardan əlavə o, xeyli müddətdir ki, həm də jurnalistika ilə məşğul olur. Fəlsəfə və hüquq institutunda kiçik elmi işçi işləməklə yanaşı, 1989-cu ildən 1991-ci ilədək "Azad söz" qəzetinin, həmçinin "Xüsusi bulleten"lərin qeyri-leqal nəşrinə rəhbərlik edib. 1991-1992-ci illərdə "Ordu" qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 1995-ci ildən bu günə qədər "Olaylar" İnformasiya agentliyinin baş direktoru və eyni adlı qəzetin baş redaktoru vəzifəsində çalışır. “Tərəqqi” medallı “Əməkdar mədəniyyət işçisi”-dir...

 

Bəli, tarixi roman yazmaq asan məsələ deyil. Bunun üçün yazıçıdan üç keyfiyyət tələb olunur- dərin zəka, ciddi araşdırma qabiliyyəti, düzgün dəyərləndirmə bacarığı. Qalanı rəngdir. Həmkarları keçmişdən yazıb, bu günə təqdim edir. Onun əsərləri isə gələcəkdə daha çox oxunacaq, daha çox tanınacaq. Doğrudur, söylədikləri, yazdıqları Quran ayəsi olmasa da, haqqı arxasıyca çəkən kəlmələrdir. Düşünür və düşündürməyi də bacarır- müdrik adamdır və bu millətin qənimət övladlarından biridir. Adında mistika var, bu sehr onu əbədi yaşadacaq- Yunus peyğəmbərdən və Yunus İmrədən sonra yadda qalacaq üçüncü Yunus olacaq. "Oğuz" kəlməsi isə fərqlənməsi üçündür...

 

Bu gün – Milli Mətbuat Günündə - iyulun 22-də Yunus Oğuzun 65 yaşı tamam olur. Ona möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2025)

 

 

Bu iyul günlərində şahidlik etdiyimiz III Şuşa Qlobal Media Forumu dövlətimizin tarixi nailiyyəti, dünyaya mesajı və ədalətin təntənəsi idi. Azərbaycan bu forumla  öz haqq səsini, ədalət simasını bir daha dünyaya nümayiş etdirdi.

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilova müraciət edərək, ondan başa çatan forum barədə fikirlərini alıb.

Cəlil Xəlilov söyləyib:

 

“III Şuşa Qlobal Media Forumu bir çox baxımdan böyük tarixi və siyasi əhəmiyyətə malikdir. Həmin Forum hər şeydən öncə dövlətimizin, onun başçısının timsalında ədalətin təntənəsi, haqqın yenilməzliyinin isbatıdır. Prezident İlham Əliyevin Forum çərçivəsində ən müxtəlif məsələlərlə bağlı jurnalistlərin suallarına verdiyi cavablar Azərbaycanın yalnız milli maraqlarının deyil, həm də beynəlxalq hüququn, əzilən, işğala məruz qalan bütün xalqların yanında yer aldığını, dövlətimizin hər zaman haqqa, ədalətə sadiqliyini qoruyub saxladığını bir daha sübut etdi. Təkcə bir faktı qeyd edək ki, dövlətimizin başçısı Ukrayna xalqına işğalla barışmamağı, öz azadlığı, haqqı uğrunda mübarizəni sona qədər davam etdirməyi tövsiyə etdi, fikirlərini əsaslandırmaq üçün Azərbaycan xalqının keçdiyi yolu, Vətən müharibəsini xatırlatdı. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan 30 ilə yaxın müddətdə erməni işğalına məruz qalsa da, heç bir böyük dövlət, beynəlxalq təşkilat ona praktiki olaraq yardım etmədi. Lakin bütün bunlar Azərbaycanı ruhdan salmadı, əksinə, xalq öz mübarizəsini davam etdirdi. Nəticədə, erməni faşizmini darmadağın edərək ərazi bütövlüyünü təmin etdi. Bu baxımdan, Prezident İlham Əliyev Ukrayna xalqına da ruhdan düşməməyi və işğala qarşı mübarizəni davam etdirməyi tövsiyə etdi”.

 

Polkovnik dövlətimizin başçısının AZAL-ın təyyarəsi ilə bağlı ortaya qoyduğu mövqeyin də mühüm mətləblərdən xəbər verdiyini vurğulayıb:

“Prezident İlham Əliyev Forumda Rusiya səmasında vurulan AZAL-ın təyyarəsi ilə bağlı da dövlətimizin gözləntisini aydın şəkildə ortaya qoydu. Prezident qeyd etdi ki, təyyarə vurulub və onun qəza enişi etməsinə səbəb də məhz bu olub. Bu səbəbdən də dövlətimizin başçısı Rusiyanı baş verənləri etiraf etməyə, günahkarları cəzalandırmağa səslədi. Habelə bildirdi ki, Rusiya öz günahını etiraf etməklə yanaşı, zərər çəkən bütün tərəflərə kompensasiya ödəməlidir. Prezident İlham Əliyev onu da bildirdi ki, Azərbaycan artıq baş verənlərlə bağlı beynəlxalq instansiyalara müraciət etməyə hazırlaşır və sona qədər öz mübarizəsini davam etdirəcək. Prezidentimizin AZAL-ın təyyarəsi ilə bağlı sərgilədiyi bu mövqe Azərbaycanın maraqlarını necə böyük qətiyyətlə qoruduğunu, milli maraqlarımıza necə dərindən sadiqlik göstərdiyini sübut edir. Bu fakt bir daha sübut edir ki, Azərbaycan dövləti, onun Prezidenti xalqımızın maraqlarını qorumaq üçün dünyanın ən güclü dövlətləri ilə də mübarizə aparmaqdan, öz mövqeyini cəsarətlə ortaya qoymaqdan çəkinmir və bundan sonra da çəkinməyəcək”.

 

Prezident İlham Əliyevin Azərbaycan jurnalistlərinin əməyini yüksək qiymətləndirdiyinə diqqət çəkən təşkilat sədri milli mətbuatın bundan sonra da dezinformasiyalara qarşı mübarizədə aktiv rol oynayacağına inamını ifadə edib: “Prezident İlham Əliyev Forumdakı çıxışında medianın önəminə diqqət çəkməklə yanaşı, Azərbaycan mediasının, jurnalistlərin əməyini də yüksək qiymətləndirdi. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan həqiqətlərinin dünyada təbliğində, dezinformasiyaların qarşısının alınmasında Azərbaycan mediası yaxından iştirak edib və böyük uğurlar əldə edib. Mediamızın lazım gələndə həm də hücum strategiyası sərgilədiyini bildirən Prezident bundan sonra da beynəlxalq ictimai rəyin düzgün informasiya ilə təminində jurnalistlərin üzərinə böyük öhdəliklər düşdüyünü vurğuladı. Onu da qeyd edək ki, Azərbaycan mediasının dövlət maraqlarımızın müdafiəsində rolu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən də yüksək qiymətləndirildi. Hesab edirəm ki, bu, mediamıza, jurnalistlərimizə, onların əməyinə göstərilən böyük ehtiramdır. İstər Vətən müharibəsi, istərsə də postmüharibə dönəmində Prezident İlham Əliyevin mediaya verdiyi müsahibələr də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayıb və bu gün də oynamaqdadır. Prezidentin köməkçisi Hikmət Hacıyevin də media ilə əməkdaşlığı, verdiyi müsahibə və açıqlamalar dövlətimizlə bağlı həqiqətlərin beynəlxalq miqyasda yayılmasında əhəmiyyətli rol oynayır. Xarici media nümayəndələrinin və diplomatların işğaldan azad olunmuş ərazilərə mütəmadi təşkil edilən səfərləri də imkan verir ki, onlar erməni faşizminin vəhşilikləri ilə yanaşı, dövlətimizin bu ərazilərdə apardığı böyük quruculuq işlərini bilavasitə müşahidə etsinlər. İnanıram ki, Azərbaycan mediası bundan sonra da dövlətimizin maraqlarını qətiyyətlə qorumaqda davam edəcək, dövlətimizin, Prezident İlham Əliyevin etimadını əzmlə doğruldacaq”.

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2025)

 

“Ədəbiyyat və incəsənət” portalı yazıçı, publisist, ictimai xadim, Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvinin dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyova həsr etdiyi “Bir millətin ruhunu nota danışdıran adam” essesini təqdim edir.

 

Onu anlamaq üçün notları deyil, susqunluqları dinləmək lazımdır. Hər bir səssizlikdə onun xalqı var idi, hər sükutda torpaq, hər pauzada vətən nəfəsi gizlənmişdi. Azərbaycanın ruhunu dünya səhnələrinə çıxarmaq, yalnız sənət deyil, həm də mənəvi bir inqilab idi.

Bir insanın ruhu xalqın yaddaşına çevriləndə o daha insan deyil - o artıq simvoldur, dillərin çata bilmədiyi bir rəmz. Onun musiqisi notlarla deyil, millətin sızısı ilə yazılırdı. Muğamın sinəsində doğulan bir xalq, onu konservatoriyanın divarları ilə tanıdı, amma o divarlar xalqın deyil, xalq onun içindən keçdi.

 

Dünyanın sivil səhnələrində səslənən hər ariya, onun xəyalındakı Azərbaycan obrazının portretindən bir boya idi. Hər orkestrdə Qarabağın bir çiçəyi, Şuşanın bir dumanı, Xəzərin bir ləpəsi vardı. Təkcə musiqini deyil, kimliyimizi və zamanla azalan yaddaşımızı da nota çevirdi. Hər səhnəyə çıxan əsəri ilə o, Azərbaycanın unudulmazlığını sübut edirdi.

Milli musiqi onun üçün yalnız səslərin və ya janrların məcmusu deyildi. Milli musiqi - xalqın həyatına bükülmüş duadır. Üzeyir bəyin nəzərində musiqi - səssizlərin fəryadı, yazılmamış tarixlərin poetik yaddaşı idi.

Əgər bir xalq öz ruhunu tanımaq istəyirsə, öz musiqisini dinləməlidir. O, musiqi ilə xalq arasında unudulmaz bir körpü tikdi. O körpüdən keçənlər torpağı daha fərqli duydu, dildə daha dərin danışdı, dövlətə daha məsuliyyətlə yanaşdı. Çünki o, musiqini dilin, torpağın, dövlətin, ailənin və şəhidin varisi kimi görürdü.

Azərbaycan onun musiqisində yalnız coğrafiya deyildi. Azərbaycan, bir ritm idi, bir nəfəs idi, bir ana laylası idi. O laylanın içində xalqın keçmişi, ağrısı, müqaviməti və azadlıq əzmi səslənirdi.

Onun operaları dinləniləndə insanlar ağlamırdı - torpaq ağlayırdı. Torpağın illərlə səssiz qaldığı hər bir dərd o əsərlərdə dillənirdi. Hər bir qəhrəman - bir şəhidin ruhu, hər bir ariya - bir ananın fəryadı idi.

"Arşın mal alan", sadəcə, bir komediya deyildi - bu xalqın bazar fəlsəfəsinin, iqtisadi münasibətlərinin, insan sevgisinin və milli qürurunun musiqili konstitusiyası idi. Orada danışanlar yalnız aktyorlar deyildi - orada bir dövr danışırdı, bir xalq özünü tanıtdırmaq istəyirdi.

Musiqidə təvazökarlıqla üsyanı birləşdirən Üzeyir bəyin içində daim bir əxlaq dərsi vardı. Hər simfoniyasında xalqın etikası, xalqın duruşu, xalqın ağrısı və xalqın sükutu yer alırdı.

Xalq çalğı alətlərini simfonik orkestrə daxil etməklə o, öz folklorunu dünyəvi dillə danışdırdı. Bu, sadəcə texniki bir uğur deyildi - bu, mədəni müqavimətin ən yüksək səviyyəsiydi.

O bilirdi ki, muğamı notla öyrətmək olmaz. Muğam xalqın gözü kimi, ruhu kimi, çörəyi kimi öyrədilməlidir. Ona görə də tədrisə musiqidən əvvəl mənəviyyatı gətirdi. Hər müəllimə yalnız çalğı yox, ruhun dinamikasını öyrətdi.

Tələbələri ilə davranışı bir müəllimin deyil, bir atanın münasibətini əks etdirirdi. Onun pedaqoji üsulu informasiya yox, ilham üzərində qurulmuşdu. Onun hər dərsi bir məktəb deyildi - bir vətən dərsi idi.

Ona görə də bu gün bir sinif otağında bir skripka çalınırsa, bir tələbə nota baxırsa, əslində Azərbaycan musiqi dövlətçiliyi ayaqdadır. Çünki Üzeyir bəy musiqiyə dövlətin əbədi dili kimi baxırdı.

Əsərlərində yalnız tar və kaman deyil, tarix və zaman da çalırdı. O, sazın simlərində öz nəslinin qanını, xalqının göz yaşını, anaların sükutunu əks etdirirdi. Musiqi onun əlində millətin müqəddəs kitabına çevrilmişdi.

O dövrlərin ən ağrılı zamanı - milli kimlik axtarışının, azadlıq arzularının, əzilmiş xatirələrin zamanında musiqi ilə xalqın içindəki əzəməti oyatdı. O, heç zaman əsgər olmadı, amma onun musiqisi bir ordunun ruhunu formalaşdırdı.

Bir şəxsiyyətin dünyaya çıxması üçün xarici təbliğat yox, daxili böyüklük lazımdır. O, öz böyüklüyünü öz səsinin içində tapdı və həmin səsi dünyaya Azərbaycan adı ilə təqdim etdi. Əsərləri ilə dünya musiqi tarixinə yeni bir "azərbaycançılıq tərzi" gətirdi.

İnancı sənətə, sənəti xalqına, xalqı musiqisinə bağladı. Onun varlığı bir ideologiya idi - maarifləndirmə ideologiyası. Bu maarifçilik siyasi deyildi - ruhani idi. O ruhaniyyət hələ də xalqın içində yaşayır.

Dünya dəyişdi, dövrlər dəyişdi, nəsillər dəyişdi. Amma Üzeyir bəyin yazdığı səs dəyişmədi. Həmin səs hələ də himnimizdə çalınır, bayrağımızla ucalır, şəhidin tabutuna sarılır.

İndi onun heykəlinə baxanda biz bir insana yox, bir zamanın yığcam formasına baxırıq. O zaman bizim üçün tarix deyil, həm də gələcəkdir. Çünki o, gələcəyi keçmişin içindən musiqi ilə yaratdı.

Əsərləri ilə cəmiyyətin məfkurəsini, estetik zövqünü, musiqi savadını formalaşdırdı. Bu gün xalqın bir bayramı, bir matəmi, bir nikahı varsa, orada onun musiqisi var. Deməli, xalq onunla hələ də nəfəs alır.

O, heç bir milləti alçaltmadı, amma öz millətini daim ucaltdı. Onun vətənpərvərliyi bir pafos yox, bir əxlaq kodeksi idi. Musiqidə vətəni sevməyi öyrətdi, amma heç vaxt bunu səs-küylə etmədi. Onun səsi hündür yox, dərin idi.

Ona görə də bu gün onun adı çəkilməsə belə, onun ruhu danışır. Danışan hər bir sazda, hər bir müəllimdə, hər bir tələbədə, hər bir azərbaycançının qəlbində danışır.

Əgər bir xalqın musiqisi varsa, deməli, onun yaşamaq haqqı var. O, bu haqqı bizə bəxş etdi. Bizi bir millət kimi musiqidə əbədiləşdirdi.

Ondan sonra gələnlər Üzeyir bəyin izindən getmədi - onun qoyduğu izlərdə böyüdülər. Çünki o, təkcə musiqi qoymadı - həm də xalqın ruhuna doğru bir yol açdı.

Mən - Adəm İsmayıl Bakuvi - hələ uşaq ikən, Fəxri Xiyabanda Üzeyir bəyin məzarına gedəndə, orada bir daş görmürdüm, bir qəbir yox, sükuta bürünmüş, musiqiyə çevrilmiş bir ruh görürdüm. Orada yazılmış ad sadəcə bir ad deyildi - o ad bir xalqın musiqidəki doğumu idi. O məzarın üstündəki hər güldə bir not, hər daşda bir muğam eşidirdim. Hər dəfə baş çəkəndə sanki ruhum bir neçə addım da irəli gedirdi.

İllər keçdi. Tələbəlik dövründə - həyatla, düşüncəylə, mədəniyyətlə daha dərindən tanış olduqca - bir gün İncəsənət Muzeyinin həyətində, sükutun içində donmuş bir heykəllə üz-üzə gəldim. Bu, adi bir heykəl deyildi. Bu, güllələnmiş, əzilmiş, sürgün edilmiş bir yaddaş idi. Üzeyir Hacıbəyovun əzəmətli heykəli orada, qırıq-qırıq bir vəziyyətdə, soyuq baxışlarla üzümə baxırdı. Ürəyim ağrıdı.

Sanki onun üzündəki hər bir cızıq bir xalqın əzabını danışırdı. O heykəl təkcə daşdan deyildi - onu erməni barbarlığı parçalasa da, ruhunu öldürə bilməmişdi. O heykəldə təkcə sənət yox, Azərbaycanın mədəni taleyi, ruhunun əzabkeş tarixi yatırdı.

Sonra öyrəndim: erməni vandalizmi bu heykəli oğurlayıb metalloma satmaq istəyərkən, ümummilli lider Heydər Əliyev bu millətin yaddaşını, heysiyyətini ayağa qaldıraraq, böyük diplomatik güc, böyük şəxsi təşəbbüs və vəsaitlə, bu müqəddəs əmanəti Gürcüstandan Azərbaycana qaytarmışdı.

Bu - sadəcə bir heykəlin gətirilməsi deyildi.

Bu, milli yaddaşın ölümdən xilas olunması idi. Bu, xatirənin dirilməsi, dəyərlərin qorunması, sükutun danışmağa başlaması idi. Heykəl bir daha öyrətdi ki, mədəniyyətin simvolu heç vaxt daşda bitmir - daşın içindəki ruh yaşayanda xalq yaşayır.

Və illər sonra...

2023-cü ildə Şuşaya ayaq basanda, o müqəddəs torpağa qayıdanda, yenidən o heykəli orada - doğulduğu torpaqda, doğma dağların qoynunda - ucada, işıqlı və məğrur görərkən, gözlərimə hakim ola bilmədim.

Mən o heykələ baxmadım - sanki o, mənə baxdı.

Mən eşitdim:

"Qayıtdım... Xalqımla bir yerdəyəm."

O an mən anladım: biz təkcə torpağı azad etmədik - ruhları da azad etdik.

O heykəl azad olunmuş Şuşanın mərkəzində təkcə bir abidə deyildi - bir millətin öz ruhunu geri qaytardığı anın canlı sübutu idi, mən o anda başa düşdüm ki, bu qayıdış təkcə bir tarix deyil, bir ruhun dirilişidir. Mədəniyyətin, musiqinin, düşüncənin, ruhun əbədi varlığının dirilişi.

Bu möcüzə İlham Əliyev kimi bir liderin iradəsi ilə reallaşdı. O, sadəcə şəhəri azad etmədi - dəyərləri, yaddaşı, şəxsiyyətləri də azadlığa çıxardı.

Üzeyir bəyin heykəli Şuşada ucalanda - xalq da ucaldı.

Prezident İlham Əliyev o gün dövlətçiliyin musiqiylə yenidən yazıldığını, hər bir notun azadlıqla, ruhla və milli şüurla ahəng təşkil etdiyini göstərdi.

O gündən sonra mən o heykələ sadəcə bir sənət nümunəsi kimi baxmadım.

O mənim üçün - bir xalqın musiqidə yenidən doğulduğu məqam, bütün təhqirləri aşaraq öz heysiyyətini bərpa etmiş bir mədəniyyətin heykəli idi.

Sanki heykəlin öz dili vardı, deyirdi:

"Mən daha tək deyiləm. Mən xalqımla birgəyəm. Və bu torpaqda ruhum yaşayır - çünki bu torpaq artıq azaddır."

 

Mən musiqinin heykəlini qəlbində daşıyan bir millət övladı oldum, Şuşada keçirilən Vaqif Poeziya günləri zamanı, məhz Üzeyir bəyin heykəlinin qarşısında duraraq qələmə almışdım hisslərimi. Həmin günlərin təəssüratı ilə  bir ovuc Şuşa torpağını götürüb, Bakıya - Fəxri Xiyabanda uyuyan dahi bəstəkarın məzarının ətrafına səpələmişdim. Bu, ruhani bir bağ, musiqiyə çevrilmiş torpağın torpağa qovuşması idi. 

Sağ ol, Dahi Üzeyir Bəy! Fəxrimiz!!!

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2025)

 

 

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Əməkdar mədəniyyət işçisi, yazıçı, jurnalist, tarixi romanların müəllifi Yunus Oğuzun həyat və yaradıcılığından bəhs edən “Yunus Oğuz “Cığırı” 65” adlı elektron məlumat bazası və “Yunus Oğuz - tarixi romanların müasir ustası mövqeyində" adlı virtual kitab sərgisi hazırlanaraq istifadəçilərə təqdim edilib.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, elektron məlumat bazası kitabxananın rəsmi saytında https://ryl.az/melumat-bazalari/Yunus_Oguz_el_melumat_bazasi/index.htmlyerləşdirilib.

 

Elektron məlumat bazasında Yunus Oğuzun həyat və fəaliyyətinin əsas tarixləri, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, rəsmi sənədlər, layiq görüldüyü mükafatlarla yanaşı, akademik Nizami Cəfərovun “Şuşanın Zəfər Dastanı - Cığır”, “Tarix yalnız arxada qalmır, həm də öndən gəlir...”, filologiya elmləri doktoru Vaqif Yusiflinin “Tarixi romançılıqda Yunus Oğuz yolu” və filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi Elnarə Qaragözovanın “Tariximizin şanlı səhifələri Yunus Oğuzun qələmində” kimi məqalələrin tam mətni təqdim edilir.

 

Elektron bazada yazıçının redaktoru, məsləhətçisi, ön söz müəllifi olduğu kitabların, esse, məqalə, felyeton və müsahibələrinin, eləcə də onun haqqında qələmə alınan kitabların, dövri mətbuat nümunələrinin siyahıları yer alır. Yunus Oğuzun 65 illik yubileyi ilə əlaqədar hazırlanan məlumat bazasında “Yunus Oğuzun sözlərində görkəmli şəxsiyyətlər”, “Dövri mətbuatda çap olunan romanlarından parçalar”, “Yunus Oğuz yaradıcılığı dünya kıtabxanalarında”, “Foto və videoqalereya” kimi bölmələr də təqdim edilir. Bununla yanaşı elekton bazada kitabxana əməkdaşlarının hazırladığı “'Yunus Oğuz - tarixi romanların müasir ustası mövqeyində" adlı virtual kitab sərgisi də yer alır.

 

Materialda tarixçi alim imzası seçilən Yunus Oğuzun "Siyasi hakimiyyətin idarəetmə prinsipləri" adlı  ilk kitabının 1994-cü ildə çap edildiyi, onun  "Qədim Anadolu və Azərbaycan türkləri", "Qarabağ-nəzarətsiz zona", "Türkün tarixinə yeni bir baxış", "Türkün gizli tarixi" əsərlərinin müəllifi olması diqqətə çatdırılır.

 

Virtual kitab sərgisində yazıçı-publisist, türkoloq – alim Yunus Oğuzun müəllifi olduğu və klassik tarixi romanın mükəmməl nümunələri hesab edilən “Nadir şah”, “Təhmasib şah”, “Atabəy Eldeniz”, “Səfəvi Şeyxi”, 2016-cı ilin aprel döyüşlərinə həsr edilmiş ilk roman - “Ovçu”, “Əmir Teymur”, “Çingiz Xan”, “Cığır” romanları haqqında geniş məlumat verilir. Bu əsərlərin Azərbaycanın qədim köklərə əsaslanan tarixinin araşdırılması, təbliğ edilməsi, milli türk genefondunun, mənəvi dəyərlərin qorunub saxlanması sahəsində oynadığı mühüm tarixi əhəmiyyətdən bəhs edilir. 

 

“Yunus Oğuz - tarixi romanların müasir ustası mövqeyində" adlı virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/yunus-oguz yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2025)

25 -dən səhifə 2345

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.