“Konstitusiya və Suverenlik İli 2025” adlı elektron baza istifadəçilərə təqdim edilib

 

 

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu və Vətən Müharibəsində qələbəmizin 5-ci ildönümü münasibətilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” kimi qeyd edilir. Bununla əlaqədar olaraq Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Konstitusiya və Suverenlik İli 2025” adlı elektron məlumat bazası hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, bazada “Rəsmi sənədlər”, “Azərbaycan Xalq Cümhuriyyəti”, “Müstəqillik Bəyannaməsi” kimi keçidlərlə yanaşı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin “Konstitusiya və suverenlik: Heydər Əliyev siyasi irsinin təməl sütunları”, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Azərbaycanda demokratik inkişafın tarixi təntənəsi”, professor  Ziyafət Əsgərovun “Azərbaycan konstitusion və suveren dövlətdir”,  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq kafedrasının müdiri, professor İsaxan Vəliyevin “Milli kimlik vicdan azadlığı kontekstində” kimi məqalələrin tam mətni də yer alır.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan elektron bazada Ulu Öndər Heydər Əliyevin 1995-1996-cı illərdə konstitusiya layihəsinin müzakirəsi zamanı səsləndirdiyi tarixi çıxışların tam mətni,  “Konstitusiya və suverenlik anlayışları və hüquqi əsasları” və “Vətən Müharibəsi və ərazi bütövlüyümüzün təmin olunması” başlığı altında dəyərli məlumatlar,  2025-ci ildə Konstitusiya və suverenlik ili çərçivəsində keçirilən tədbirlərin xronologiyası və məzmunu da təqdim edilir.

Elektron bazada Konstitusiya və Suverenlik İlinə dair Azərbaycan və rus dillərdə nəşr edilən kitabların, dövri mətbuat nümunələrinin, dissertasiya və avtoreferatların siyahıları yer alır. Bazada “Virtual sərgi” və “Videoqalereya” bölmələri də mövcuddur.

“Konstitusiya və Suverenlik İli 2025” adlı elektron məlumat bazası kitabxananın  rəsmi saytında yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.