Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Bu il Azərbaycanın Respublikasının Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilidir. Bu münasibətlə 17 iyul 2025-ci il tarixində Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda elmi konfrans və şairin əsərlərinin təbliği məqsədilə təşkil olunmuş xüsusi təqdimat mərasimi keçirildi.
Tədbir Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə baş tutdu.
Tədbirin əsas məqamlarından biri, Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Azərbaycan, və Türk dillərində nəşr edilmiş “Özümüzü kəsən qılınc” kitabının təqdimatı oldu. Nəşr, Bəxtiyar Vahabzadənin həm ədəbi ustalığını, həm də türk dünyasına ünvanlanmış fəlsəfi və milli çağırışlarını ictimaiyyətə xatırladan ismarıca çevrildi.
Yubiley mərasimində spikerlər qismində: Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, əməkdar incəsənət xadimi, professor, yazıçı-dramaturq Əli Əmirli; Nümayəndə heyəti qismində: Atatürk mərkəzinin direktoru Nizami Cəfərov (Azərbaycan), Beynəlxalq “Alaş” mükafatı laueatı Kadırbek Kunıpiyaulı (Qazaxıstan), şair-tərcüməçi Adnan Özer (Türkiyə), filologiya elmləri doktoru, professor Adhambek Alimbekov (Özbəksitan), eyni zamanda Macarıstan, Moldova və Belarusdan olan qonaqlar iştirak edərək, məruzələrini təqdim etdilər.
Konfransa Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın çıxışı ilə başlanğıc verildi. A.Raimkulova “Bəxtiyar Vahabzadə yaradıcılığında türk dünyasının birliyi” mövzusunda çıxış edərək, şairin poetik dilində öz əksini tapan ümumtürk ideallarının gənclər tərəfindən mütaliə edilməsinin əhəmiyyətini vurğuladı. B.Vahabzadənin yaradıcılığının yalnız Azərbaycan üçün deyil, bütün türk dünyası üçün ortaq ədəbi və mənəvi sərvət olduğunu bəyan edən Fondun prezidenti, belə nəşrlərin türk xalqları arasında mədəni-mənəvi əlaqələri möhkəmləndirdiyini ifadə etdi.
Məruzələrini təqdim edən çıxışçılar Böyük Şairin türk poeziyada yaratdığı körpülər, ana dili və milli-mənəvi kimlik kimi məsələlər ətrafında dəyərli fikirlər səsləndirdilər.
Konfrans çərçivəsində incəsənət və ədəbiyyat xadimləri, media nümayəndələri, gənc yazarlar, eləcə də ictimaiyyət nümayəndələrinin fəal iştirakı müşahidə olundu. Tədbirin, yalnız bir şairin yubileyinə deyil, ümumilikdə türk ədəbi mühitindəki ortaq dəyərlərin paylaşılmasına və qarşılıqlı elmi-ədəbi dialoqun qurulmasına xidmət etdiyi aşkardır.
“Ədəbiyyat və incəsənət”
(19.07.2025)