“Hər işıq bir ocaq, bir ailə, ya bir insan taleyi...” Featured

 

 Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

Əzmkar, bacarıqlı və güclü müşahidə qabiliyyəti ilə fərqlənən xanımdır. Mehriban və istiqanlıdır. O, cəmiyyətdə hörmət qazanmaqdan və diqqət çəkməkdən zövq alır, xarici görünüşlərinə və geyimlərinə böyük əhəmiyyət verir. Onun həyatında dürüstlük, sədaqət və cəsarət önəmli yer tutur. Verdiyi sözə sonadək sadiq qalır və yalanı sevmir. Həyatına nizam-intizam gətirmək və ətrafdakı insanları təşkilatlandırmaq onun təbii qabiliyyətlərindəndir. Eyni zamanda, analitik təfəkkürə sahibdir...

 

Deyir ki:- “Dünyanın mən olan yerindən görünən mənzərədə şəhərin işıqları par-par yanır. Onları seyr etməyi sevirəm. Hər işıq bir ocaq, bir ailə, ya bir insan taleyi... Evlər kibrit qutuları, insanlar hər an alışa bilən kibritlər... Məncə, hər kibrit bir hisslə alışıb-yanır. Birində hüzn, birində ehtiras, o birində nifrət, başqasında sevgi parlayır... Dünyanın mən olan yerində göyün ulduzları yerə köçüb elə bil. Bu işıq selinə baxıb düşünürəm ki, bəlkə kimlərsə də elə indicə dünyanın mən olmayan yerindən beləcə dikilib kibritlərin işıltısına... Dünyanın mən olmayan yerindən mən də alışan kibrit misalı görünürəm...”

 

Heç vaxt mövcud şəraitə boyun əymir və çətinliklər qarşısında iradəli olmağı bacarır. O, hörmət etdiyi insanı dəyərli hədiyyələr və gözəl sözlərlə əzizləməkdən çəkinmir və insanlardan da eyni dərəcədə hörmət və sevgi gözləyir. Güclü xarakteri var, həyatında tarazlığı təmin etməyi xoşlayır. Milli dəyərlərə bağlı və romantik olması ilə ətrafdakıların rəğbətini qazanır...  

 

“Bilənlər bilir. Ölkənin mədəni həyatında hadisəyə çevrilmiş tamaşalara, film və tədbirlərə güzgü tutmağı sevirəm. Sosial şəbəkələrdə hamı gündəmi zəbt edən layihələrin və aparıcılarının adlarını hallandırır, bu verilişləri müzakirəyə qoyurlar. Amma önəmli bir nüans yaddan çıxır. Axı deyirlər, ən böyük reklam elə antireklamdır. Təbii ki, sağlam tənqid həmişə olmalıdır. Amma bununla yanaşı, tərif edə biləcəyimiz nümunələr də var. Bəzən məni fikir götürür ki, niyə peşəkar layihələri müzakirə etmirik? Niyə yaxşılardan danışmırıq? Axı, istər televiziya, istər də radio efirində bütün parametrləri ilə zövqümüzə xitab edəcək layihələr var...”- söyləyir.

 

Xarizması və özünə inamı ilə seçilir. O, həm fiziki, həm də mənəvi cəhətdən qeyri-adi bir insandır. Diqqət çəkməyi, təriflənməyi və geyimlərə pul xərcləməyi çox sevir. Gözəl geyinməyi və özünə baxmağı sevən bu xanım, hər zaman diqqət mərkəzində olur. Onun zövqü yüksəkdir, bu da hər zaman təriflə qarşılanır...

 

Deyir ki:- “Feysbuka bir neçə aydır ki, qayıtmışam. İl yarım burada yox idim. Və kimsə deyəndə ki, niyə qayıtmırsan, deyirdim, ehtiyac yoxdur. Amma indi öz-özümdən soruşuram, burada olmağım mənə nə qatır? Sonra içimdən bir səs dillənir ki, şeir... Ən yorğun, bitkin, əhvalsız məqamlarda, ya sevincli, qanadlı günlərdə burada qarşıma çıxan şeirləri səsli-səsli oxuyuram, qəribə bir rahatlıq çökür ruhuma. Deyərdim ki, sözlərə tökülməyəcək qədər özəl hisslərdir bunlar...”

 

Güclü müşahidəçidir və ətrafında baş verən heç bir olay onun diqqətindən yayınmır. İnadkar və sabit fikirlidir. O, fikirlərindən asanlıqla vaz keçmir və mülayimliyi ilə sərtliyini balanslı şəkildə qoruyur. Qaydalar qoymağı və liderlik etməyi sevir, amma bu, onu sərt göstərmir. Əksinə, hər vəziyyətdə bir həll yolu tapmağı bacaran, soyuqqanlı və ağıllı insandır. Bu xanım, öz sərhədlərini dəqiq şəkildə cızır və ətrafındakı insanlarla münasibətlərini buna uyğun tənzimləyir. “Qanadlarım var ruhumda”- bunu da, o deyib...

 

Nə isə, bu dəfəki söhbətimin qəhrəmanı İctimai televiziyada böyük redaktor işləyən Günül Mehridir. O, həm də “Sarmaşıq” hekayələr kitabının müəllifidir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib.

Bu gün - iyulun 19-u Günel xanımın növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, yaradıcılıq uğurları arzulayırıq. Yeni yaşı mübarək olsun!

 

 

“Ədəbiyyat və incəsənət”

(19.07.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.