Bursada şeir, sənət bayramı - TƏƏSSÜRAT Featured

 

Təranə Turan Rəhimli,

filologiya elmləri doktoru, dosent. “Ədəbiyyat və incəsənət” üçün

 

(Bursada beynəlxalq ədəbiyyat festivalı təəssüratlarım)

 

"Müharibə dayanmır, sənət də dayanmayacaq. Müharibə dayansa belə, sənət dayanmamalıdır, daha yaxşı dünya, daha yaxşı gələcək və daha yaxşı insanlıq üçün..." deyir Prof.Dr. Hasan Erkek. Bu düşüncədən yola çıxaraq 27-30 İyun tarixində Bursada gerçəkləşən ədəbiyyat festivalı - Uluslarası Yazarlık Yaz Buluşması “Hər şeyə rəğmən sənət yaratmağa və paylaşmağa davam edirik” deviziilə öz işinə başladı.

 

9 ölkədən 80 şair, yazıçı, tərcüməçi və alimlə möhtəşəm bir ədəbiyyat bayramının gerçəkləşməsi üçün Prof.Dr. Hasan Erkek və festivalın təşkilat komitəsi üzvləri böyük əmək sərf etmişdilər. Seden Soyer Çandarın aparıcılığı, Özgü Şeker, Muhsine Arda, Sara Zellou Kavderin  tərcüməçiliyi ilə gerçəkləşən festival açılışında Böyükşəhər, Osmanqazi, Nilufər bələdiyyələrinin nümayəndələri, BUYAZ Dərnəyinin idarə heyətinin sədri Bülent Elitok, Pupa Sənət Mərkəzi təmsilçisi Mehmet Çandar, Bursa Sanat TV təmsilçisi Zeki Baştürk, SultanSu təmsilçisi Mümtaz Demiray çıxış edərək iştirakçıları salamlamışlar. "Nehir" musiqi qrupunun ifaçıları Elvan Özsel, Özgür Akbaba, Uğur İstanbulluoğlu, Vahap Önen rəngarəng mahnılarla tədbiri rövnəqləndirmiş, türk musiqi sənəti örnəklərinin mükəmməl ifası ilə dinləyicilərin rəğbətini qazanmışlar.

Dramatist/Avropa Yazıçılıq Akademiyası və Pupa İncəsənət Mərkəzinin rəhbərliyi ilə gerçəkləşən unikal beynəlxalq festivalda Türkiyə,  Azərbaycan, İtaliya,  Fransa, İspaniya, Şimali Makedoniya, Kosovo, Şimali Kipr Türk Cümhuriyyəti  və Bolqarıstan  yazıçıları bir araya gəldmişlər. Bu mötəbər ədəbiyyat  tədbirində Azərbaycandan  tanınmış şair və ədəbiyyatşünas,  filologiya elmləri doktoru, dosent Təranə Turan Rəhimli iştirak etmişdir.

Festivala  müxtəlif xalqların beynəlxalq mühitdə və Türkiyədə tanınan imzaları -  Prof.Dr. Bruno Cany (Fransa),  Prof.Dr. Jeton Kelmendi  (Kosova),  Dos.Dr. Təranə Turan Rəhimli  (Azərbaycan), Klaudia Piççinno (İtaliya), Qabriela Guintana, (İspaniya), Shaip Emerllahu (Şimali Makedoniya), Kadriye Cesur (Bolqarıstan), Leyla Derya Ulubatlı (Şimali Kior Türk Cümhuriyyəti), Prof.Dr. Mehmet Hakkı Suçin, Gülşah Banda, Elçin Sevgi Suçin, Özkan Alkan, Oktay Özdemir, Hülya Demirkıran, Barış Aybar Demir, Ayşe Yürük, İsmail Afacan Sezai Yılmaz, Kazım Güclü, Oğuz Han  Ayaz, Bahar Özyörük (Türkiyə) və başqaları  qatılmışlar.

 Ölkəmizi  təmsilən dəvət aldığı festivalın həm bədii , həm elmi hissəsində çıxış edən Təranə Turan  Rəhimli bir çox yenilikləri baxımından  bu festivalın digərlərindən fərqləndiyini vurğulamışdır.  Yazarlıq və tərcüməçilik panelində öz sənət təcrübələrini paylaşan, eləcə də üç gün davam edən poeziya gecələrində  şeirlərini oxuyan şair  festival  haqqında yüksək təəssüratlarını bölüşmüşdür. Fil.e.d., dos. Təranə Turan Rəhimli bildirmişdir ki,  Parisdə şair, yazıçı və araşdırmaçı Prof.Dr. Hasan Erkek tərəfindən ,yaradılıb fəaliyyət göstərən Dramatist/Avropa Yazarlıq Akademiyası və   Pupa İncəsənət Mərkəzinin rəhbərliyi , möhtəşəm yaradıcı qrupunun əməkləri sayəsində ərsəyə gələn, Bursa Böyükşəhər, Osmanqazi, Nilufer Bələdiyyələrinin dəstəyi ilə gerçəkləşən möhtəşəm ədəbiyyat festivalı - Bursa Uluslarası Yazarlık Yaz Buluşması  yüksək elmi səviyyəli ədəbiyyat  panelləri, şeir gecələri ilə yadda qalııb. O, qeyd edib: "Dünyanın çeşidli ölkələrindən gəlib Bursada ədəbiyyat işığında birləşən sənət və elm adamları bir daha sənətin gücünü tanıdı, dünyada baş verən müharibələrə,  siyasi xaosa rəğmən mədəniyyətə xidmət edən insanların öz ruh yüksəkliyini, sabahlara inamını itirmədiyini gördük.  Bu möhtəşəmliyin iştirakçısı və şahidi olmaq imkanı üçün başda  Prof.Dr.Hasan Erkek olmaqla, təşkilat komitəsinə, bütün işçi qrupuna minnətdarıq.

Festivalın əvvəlindən sonuna qədər Pupa Sənət Mərkəzinin bir-birindən istedadlı gəncləri səhnə məharətləri ilə bizi heyran etdi. Talip Aydemir, Aleyna Baştürk, Alperen Ulaş Günşen, Aydın Şeker, Ahmet Can Şentürk,  Badə Candar, Kerimhan Altıparmak, Karam Kavder, Esra Yavuz, Mustafa Onur Hacıarifoğlu, Zeynep Randa, Tümer Fırat Örkmez, Gülsüm Yonkuç Hatay, Fulya Çoğan Altıparmak, Furkan Turna və  Halil Küreşin adlarını xüsusi qeyd etmək istəyirəm. BUYAZ Dərnəyinin üzvü olan yazıçı və şairlərdən Muhsine Arda, Şaban Akbaba, Süreyya Akçay, Elif Akpınar, Mesut Akça, Sultan Aşkın, Nihal Aksoy, Süreyya  Şişmanlar Aydınhan, Mücahit Aygören, Esra Dökmen, Duran Er, Yusuf Ferhat, Gülsüm Işıldar, Necip Kahraman, Sakine Kızılırmak, Elif Burcu Özkan, Hüsmen Solmaz, Mükerrem Şehitoğlu hekayə və şeirləri ilə festivala xüsusi rəng qatdılar.

Eyni zamanda bu festival mənimçün ikiqat sənət bayramı oldu. İtaliyada birinci yeri qazandığım nüfuzlu beynəlxalq müsabiqənin - "Mugello -2025"-in medal və mükafatını almaq üçün 14 iyunda İtaliyada gerçəkləşən ödül törəninə dəvət alsam da, gedə bilməmişdim. Təltiflərim müsabiqədə yer tutan "Şairlər" adlı  şeirimin tərcüməçisi, görkəmli şair, professor Klaudia Piççinnoya təqdim olunmuşdu. Bursa Uluslararası Yazarlık Yaz Buluşmasına qatılan Klaudia Piççinno medal və mükafatı festivalın ikinci günü mənə təqdim etdi. Bu sevinci şeirlərimin italyancaya gözəl  tərcüməçisi, bütün dünyada tanınan görkəmli  italyan şairi, uzun illərin əziz dostu Klaudia Piççinno və festival dostlarımla  birgə yaşadıq.  Bu mükafat sayəsində İtaliyanın Taranto şəhərindəki  festivaldan  9 ildən sonra Klaudia ilə yenidən görüşdük, sənət yolunda bir çox ortaq uğurlara imza atdığımız qələmdaşımla daha bir möhtəşəm festival unudulmaz xatirəyə çevrildi.

Bursa Uluslararası Yazarlık Yaz Buluşmasının şəhər gəzintisi proqramı da hamımızın ürəyincə oldu. Böyük qızım Şəfiqə Uludağ Universitetinin məzunu olduğu üçün çoxdan mənə doğmalaşan bu tarixi şəhərin doyulmaz gözəlliklərini təkrar görmüş oldum. Festival iştirakçıları ilə Topxana  Parkında, Osmanlı İmperiyasının unudulmaz ismi,  artıq bütün dünyanın  "Quruluş Osman" seriallndan  tanıdığı Osman Qazinin     özündən sonra hakimiyyətə gələn oğlu  Orhan Qazinin türbələrini ziyarət etdik.  8 ildir ki, Bursaya hər gəlişimdə mütləq  bu  yeri ziyarət etməyi özümə bir Türk borcu hesab edirəm. Bu dəfə isə festival dostları, 9 ölkənin yazıçıları ilə birgə Türkiyə tarixinin əzəmətli bir səhifəsini vərəqləmiş olduq.  Quran və Əlyazmalar Muzeyi, II. Murad  Sultan Türbələri  Kulliyəsi  ziyarətində də  İtaliya,  Fransa, İspaniya, Kosova, Makedoniya, Bolqarıstan, Azərbaycan şair və alimləri bir arada idi. Quran və Əlyazmalar Muzeyində "Kitabi Dədə Qorqud"un Bursa nüsxəsindən və qədim daş kitabədən ayrılmaq belə  istəmirdim, lakin gəzinti davam edirdi. Kulliyədə ən çox bizi duyğulandıran isə xəbis əllərin qətlə yetirdiyi məsum şahzadə Mustafanın türbəsini ziyarət oldu. Şahzadə Mustafa, onun anası -  Sultan Süleymanın  xoşbəxtliyi yarımçıq qalan, saraydan sürgün edilən  qaragünlü Mahidevran xatunu,  Şahzadə Mustafanın az yaşlı  oğlu.... Ağır intriqalarla qiymətli insanların həyatının söndürüldüyü mürəkkəb bir dövrün acıları gözlərimiz önündə canlandı.

Bursa Uluslarası Yazarlık Yaz Buluşmasının üçüncü günü - 29 iyun  yazıçılar, tərcüməçilər və nəşriyyatların  bir araya gəldiyi panellərlə, hekayə qiraəti, şeir gecəsi , konsertlər,  teatr tamaşaları ilə birlikdə  zəngin bir gün oldu .Prof.Dr. Hasan Erkek hocanın ədəbiyyatın inkişafında hər üç sahənin əhəmiyyətli dərəcədə əlaqəli  olduğunu düşünərək festivalın proqramında bərabər səviyyədə əks etdirməsi təqdirəlayiq idi. Pupa Sənət Mərkəzində Səbahəddin Əlinin hekayələti əsasında səhnəıəşdirilən "Lal" teatr  tamaşası, eləcə də yazıçı və aktyor Oğuz Xan Ayazın səhnə əsəri  "Gasp İng" janrı, üslubu, oyun texnikası, rejissor işi baxımından yenilikləriylə unudulmazdı.

Dramatist/Avropa Yazıçılıq Akademiyası və Pupa İncəsənət Mərkəzinin rəhbərliyi ilə Bursada keçirilən unikal beynəlxalq festival mədəniyyət dünyası üçün unudulmaz təəssüratlarla yadda qaldı. Köhnə dostlarla görüşdük, yeni dostluqlar qazandıq, "Şeir, sənət dünyanı sülhə gətirsin" diləyi ilə ayrıldıq... yenidən görüşmək üçün..."

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.