CAT STEVENS – dünyanı öz hitləri ilə heyran qoyan, sonradan da Yusif İslama çevrilən ulduz Featured

 İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Indi bir insan barədə danışacağam. Kəşməkeşli bir həyat, inanılmaz gərdişlər, milyonlarla pərəstişkarlar, şöhrət və triumf zirvəsindən könüllü imtina, dinini dəyişmək, xeyriyyəçilik…

 

Cat Stevens (Steven Demeter Georges) 21 iyul 1948-ci ildə Londonda anadan olub. Onun atası əslən Yunanıstandan olan pravoslav xristian Stavros Georges idi.

Bu doğum günüdə onun barəsində danışmaq şəxsən mənimçün çox xoşdur, əminəm ki, sizlərə də onun barəsində xumaq xoş olacaq.

 

Cat Stevens uşaqlıqdan musiqi istedadını daim nümayiş etdirib. 12 yaşında yazdığı ilk mahnı Darling, No olub. Lakin müəllifin fikrincə, bu, uğursuz alınıb. Növbəti kompozisiya Mighty Peace isə artıq daha dolğun, aydın və ifadəli olub.

Cat öz bəstələrini The Springfields qrupunun keçmiş üzvü, prodüser Mike Hirst-ə qulaq asmaq üçün verib. Onları sadəcə nəzakətlə qəbul etsə də, prodüser dinlədikdən sonra müğənninin istedadına həqiqətən təəccüblənib.

Hirst müəllifə "təşviqat" üçün studiya ilə müqavilə bağlamağa kömək edib və tezliklə hit-paradların və radioların zirvəsində olan I Love My Dog kompozisiyası işıq üzü görüb. Müğənni daha sonra belə xatırlayır: "Özümü radioda ilk dəfə eşitdiyim an həyatımdakı ən gözəl an idi".

Növbəti əsas hitlər I'm Gonna Get Me a Gun və Mat the Wand Son (1967) sinqlları olub. StevenS həmişə yollarda, qastrollarda, solo və ya Jimi Hendrix və Engelbert Humperdinck kimi dünya ifaçıları ilə çıxış edib.

Həddindən artıq təzyiq və çılğın həyat tempi StevensİN sağlamlığına mənfi təsir göstərib. Adi öskürək kəskin mərhələyə keçib və müğənni xəstəxanaya göndərilib. Orada ona vərəm diaqnozu qoyulub. Orada sənətçi paranoyyaya uğrayıb. Sənətçi ölümün astanasında olduğuna inanıb və həkimləri və yaxınlarını bunu ondan gizlətdikləri üçün ittiham edib.

 

Qəribədir ki, bu xəstəliklər Catı işinin istiqamətini dəyişməyə sövq edib. İndi o, daha çox mənəvi həyat və fəaliyyəti haqqında düşünməyə başlayıb. Sənətkarın həyatı fəlsəfi ədəbiyyat, düşüncələr və yeni lirika ilə dolu olub. Beləliklə, The Wind kompozisiyası çıxıb.

İfaçı dünya dinlərini öyrənməklə maraqlanıb, meditasiya ilə məşğul olub, bu da klinikada bir çox mahnıların yazılmasına kömək edib. Tea for the Tillerman albomunun buraxılmasından sonra Cat Stevens bütün dünyada şöhrət və populyarlıq qazanıb.

Cat Stevens Malibuda çimərkən batmağa başlayıb və Allaha üz tutub, onu xilas etməyə çağırıb, yalnız onun üçün çalışacağını vəd edib. Və xilas olub. Astrologiya, Tarot kartları, numerologiya və s. öyrənməyə başlayıb.

Qüdsdən qayıdan qardaşı Devid ona bir Quran tərcüməsi hədiyyə edib. Quranı oxuyan Cat heyrətlənib və Qüdsə üz tutub. Onun ağlına belə gəlməzdi ki, müsəlmanlar tək bir Allaha ibadət edirlər. Uzun saçlı və cins geyinmiş gənci məsciddə görən Qüds müsəlmanları ondan kim olduğunu soruşublar. Cat qeyri-ixtiyari olaraq: "Mən müsəlmanam" deyib. Onun kim olduğunu bilən müsəlmanlar həyəcanlanıblar.

1977-ci ildə Cat Quranı diqqətlə oxuduqdan sonra cümə günlərinin birində Londondakı Nyu Ricent məscidinə gedib və kəlmeyi-şəhadət gətirərək İslamı qəbul edib. O, bir il sonra adını dəyişərək Yusif İslam olub. O, Quranın "Yusif" surəsindən çox təsirləndiyi üçün bu adı götürüb. "Mən bu surəni oxuyarkən ağlamağa başladım. Dərk etdim ki, bu bəşər sözü ola bilməz, bu Allahın sözüdür" – deyə Yusif müsahibələrinin birində qeyd edib.

Sonuncu dəfə Londonun məşhur Uembli stadionunda xeyriyyə məqsədi ilə konsert verib. Gözlənilmədən şou-biznesi tərk etdiyini bildirib.

İslamı qəbul edən Yusif əməkdaşlıq etdiyi səs-yazma studiyasına müraciət edərək, bir daha onun albomlarının buraxılmamasını istəyib. Ancaq rədd cavabı alan Yusif bütün sərvətini İslam yolunda xeyriyyəçilik və təhsil işlərinə sərf etmək qərarına gəlib.

Öz musiqi alətlərini hərraca çıxaxaraq satan Yusif əldə edilən vəsaiti xeyriyyə tədbirlərinə sərf edib.

"Small Kindness" (Kiçik Xeyirxahlıq) adlı xeyriyyə təşkilatı yaradan Y. İslam 1981-ci ildə Londonun Kilbern rayonunda ilk ibtidai islam məktəbi "İslamiyyə"ni açmağa müvəffəq olub. 1985-1993-cü illərdə "Muslim Aid" təşkilatına rəhbərlik edib. Xeyriyyə tədbirləri çərçivəsində o, Afrika ölkələrində, İndoneziyada və İraqda aclıqdan əziyyət çəkən insanlara kömək edib.

 

Yuqoslaviyada törədilən müsəlman soyqırımı onu dərindən kədərləndirib. Buna görə də o, müharibə nəticəsində zərər çəkmiş Bosniya müsəlmanlarına yardımla bağlı layihə hazırlayıb. 1995-ci ildə "Sonuncu peyğəmbərin həyatı" adlı musiqi albomu hazırlayan Yusif İslam albomdakı mahnılarla Qərb dünyasına İslamı çatdırıb. 1997-ci ildə o, canlı olaraq və musiqinin müşayiəti olmadan Sarayevoda 10 min nəfərin qarşısında çıxış edib. Bundan bir müddət sonra o, Bosniya müsəlmanlarına həsr olunan "Mənim gurultulu toplarım yoxdur" adlı musiqi albomunu buraxıb.

2005-ci ildə "Hind okeanı" adlı musiqi albomu hazırlayıb. Albom 2004-cü il sunamisindən bəhs edir. Albomun satışından əldə edilən vəsaiti isə o, "Small Kindness" təşkilatının xətti ilə sunamidən zərər çəkən Banda Ase rayonundakı yetim uşaqlara yardım üçün göndərib.

O, İslam dünyasında tanınan şəxsiyyətlərdəndir. Hal-hazırda o, özünün açdığı dörd islam məktəbini idarə edir. Maraqlıdır ki, Yusif İslamın xahişini nəzərə alan Böyük Britaniya hökuməti onun açdığı islam məktəblərindən birini maliyyə dəstəyi ayırıb.

 

Cat Stevensi xatırlayan Yusif İslam "Mən keçmişə qayıtmaq istəməzdim" – deyə bildirib.

2009-cu ildə o, məşhur “The Day the World Gets Round” kompozisiyasının yeni versiyasını yazıb. Bütün gəlirlər Qəzza zolağının əhalisinə yardım fondlarına yönəldilib.

 

Albomları

 

Cat Stevens adı altında

Matthew & Son (1966)

New Masters (1967)

Mona Bone Jakon (1970)

Tea for the Tillerman (1970)

Teaser and the Firecat (1971)

Catch Bull at Four (1972)

Foreigner (1973)

Buddha and the Chocolate Box (1974)

Saturnight (Live in Tokyo) (1974)

Numbers (1975)

Izitso (1977)

Back to Earth (1978)

Majikat (2005)

Gold (2005 derleme)

 

Yusuf İslam adı ilə

 

The Life of the Last Prophet (1995)

I Have No Cannons that Roar (1998)

Prayers of the Last Prophet (1999)

A is for Allah (2000)

I Look I See (2003)

An Other Cup (2006)

Roadsinger (2009)

Tell 'Em I'm Gone (2014)

 

Bax budur İslam dininin gücü. Dünyanın ən titullu xristianını özünə çəkə bilirsə, dinindən döndərirsə, demək dinlərin də ən kamili məhz odur.

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.