Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Maraqlı söhbətlərdə bu dəfə mövzumuz şahmat olacaq, ölkəmizdə bu müdriklik rəmzi sayılan intellektul idman növünə maraq da böyükdür.
Bir dəfə şahmat üzrə 12-ci dünya çempionu Anatoli Karpov Misirdə olarkən, yerli bazarı gəzməyə çıxır. O, papirus satılan bir dükanında dayanır (Papirus eramızdan 3000 il əvvəl Misirdə yazı materialı kimi istifadə olunurdu və onun hazırlanması üçün su-bataqlıq bitkisi olan papirus topalağından (lat. Cyperus papyrus) istifadə edilirdi).
Çempion dostları üçün hədiyyələr seçmək istəyirdi və bunu üçün Qədim Misirin ekzotik cazibəsini qoruyub saxlayan rəngli suvenirlər, orijinal artefaktlar tapmağa çalışırdı.
Acgöz və hiyləgər satıcı, sadə rus turistini dərhal tanıyaraq, canfəşanlıqla və israrla ona qədim bir papirus almağı təklif etməyə başlayır. O, Karpovu əmin edir ki, bu çox - çox uzun illər əvvəl, demək olar ki, II Ramses və ya hətta Tutanxamon dövründə istehsal edilmiş əsl papirusdur. Satıcı bütün tanrılara and içir ki, onun unikal sənədi orijinal materialdan və ənənəvi qədim Misir üsulu ilə hazırlanıb. Bunun üçün o, sinəsini döyür, əllərini göyə qaldırır və eyni zamanda qiyməti də yavaş-yavaş endirməyi də unutmayır. Reklam çıxışının sonunda isə o, təkəbbürlə: “Bu, əla papirusdur!”- deyir.
Əslində, "əla" adlandırılan bu papirus satılmağa başlamazdan əvvəl dükana bitişik otaqda hazırlanırdı və xammal kimi çürümüş banan qabığından istifadə edilirdi. Belə papiruslar isə bir aydan sonra alıcının əlində sözün əsl mənasında dağılırdı.
Satıcının satdığı malı belə gözəl reklam etməsinə baxmayaraq, Karpov hələ də onu almağa tərəddüd edirdi.
Bunu hiss edən satıcı son çarəyə əl atmaq qərarına gəlir. O Karpova yaxşı dostlarından birinin, həm də rus turistinin bu yaxınlarda ondan çoxlu papirus aldığını, onların həqiqiliyinə əmin olduğunu və sonra ona təşəkkür dolu bir kağız verdiyini söyləyir!
O vaxta qədər artıq pulqabını çıxarmış Karpov, buna baxmayaraq kağızdakı yazını oxumağa qərar verir. Satıcı inamla ona bir kağızı uzadır. Kağızda üzərində isə rus dilində aydın bir şəkildə yazılmışdı:
"Ondan heç nə almayın! O, fırıldaqçıdır!"
“Ədəbiyyat və incəsənət”
(22.07.2025)